İslam fəlsəfəsi
Orta əsrlərdə Şərq ölkələrində müsəlman fəlsəfəsi geniş inkişaf etmişdir. Müxtəlif xalqların nümayəndələri ərəbdilli müsəlman fəlsəfəsinin yaradılması və yayılması işində yaxından iştirak etmişdir. Şərq ölkələrində dünyagörüşü problemlərinin həllinin dünyəvi variantı «fəlsəfə» adı almışdı. Bu isə çox hallarda bilavasitə yunan fəlsəfəsinin təsiri altında formalaşırdı. VIII əsrdən başlayaraq Yaxın və Orta Şərq ölkələrində tərcüməçilik hərakatı güclənməyə başladı. Nəticədə müsəlman dünyası antik fəlsəfə və mədəniyyətlə yaxından tanış oldu. Yaxın və Orta Şərq, Orta Asiya və Azərbaycan alimləri Aristotel, Platon və platonçuluqla tanış olaraq yeni– yeni əsərlər yaratdılar.
Ərəbdilli müsəlman filosoflarının təlimlərinin əsasında dünyanın əbədiliyi prinsipi, heç nədən yaranmanın qeyri– mümkünlüyü ideyası dururdu. Bu prinsip– emanasiya prinsipi ilk dəfə ərəbdilli müsəlman regionunda «Şərqin Aristoteli» əl– Fərabi (870– 950) tərəfindən inkişaf etdirilmişdir. Əl– Fərabiyə görə, Allah– zəruri mahiyyət– hər cür axının ilkin mənbəyidir. Oradan meydana gələn bütün varlıqlarda olduğu kimi, onun substansiyası da belədir. Əl– Fərabi emanasiya prinsipinin teoloji kreatsionizmin əksinə olaraq istifadə etmişdir. Emanasiya nəzəriyyəsinin plotinçi variantı Fərabi tərəfindən aristotelizm ruhunda təzədən işlənmişdir. Materiyanı «hiss aşkarlıq» kimi ruhun zəiflik səbəbi hesab edən və buna görə də onu insan idrakına layiq bilməyən Plotindən fərqli olaraq Fərabiyə görə, «ilk materiya» səma altında bütün substansiyaların potensiyası hesab olunur ki, burada da forma materiyanın sayəsində mövcud olur, materiya isə forma üçün substrat hesab olunur.
Fərabinin ardınca emanasiya prinsipindən digər orta əsr ərəbdilli filosofu İbn Ruşd (1126– 1198) ontoloji mövqeləri əsaslandırmaq üçün istifadə etmişdir. Bütövlükdə bu mövqeyi naturalist monizm kimi səciyyələndirmək olar. Rasional biliyin həqiqiliyinə inam və əqlin qeyri– məhdud imkanları İbn Ruşdun baxışlarında özünün geniş əksini tapa bilmişdir. O, insanları ağlına və qabiliyyətinə görə üç kateqoriyaya bölürdü: «Şərhə qadir olmayan» geniş publika; dialektik şərhə qadir olan dialektiklər və ən nəhayət, müdrik apodeytiklər. Həqiqi baxışlar və publikaya təklif olunan baxışlar ideyası (bu çox vaxt ikili həqiqət nəzəriyyəsi adlanır) həqiqi bilikləri aşkar etməyə xidmət edir. Həqiqi baxışları aşkar etmək qabiliyyəti filosoflara, alimlərə aid edilirdi. Bu üsul fəlsəfə avtonomiyasını təmin etmək üsulu, onu teologiyanın tənqidindən qorumaq üsulu, dinin diktatına tabe olmaqdan qurtarmaq üsulu olmuşdur. İbn Ruşd böyük ərəb peripatetiklərinin nəslindən onların sonuncusudur. İbn Ruşdun fikrincə, materiya əbədidir və deməli, əbədi olan hər şey heç vaxt yaradıla bilməz. Bu isə bütün müsəlman və orta əsr teologiyasına qarşı ən güclü protest hesab edilə bilər. Dini ehkamları qara camaat üçün zəruri hesab edən İbn Ruşd kainatın milyonlarla intellektdən əmələ gələn vahid ruh tərəfindən idarə olunduğunu iddia etmişdir. Onun «İkili həqiqət haqqında» məşhur əsəri orta əsr Avropasında geniş şöhrət qazanmışdır.
Orta əsrlərin ən böyük filosof və alimlərindən biri Əbu Reyhan Biruni (973– 1048) olmuşdur. Ensiklopedist mütəfəkkir öz dövrünün bütün elmləri sahəsində kəşflər etmişdir. 150– yə qədər əsərin müəllifi idi. Astronomiya, geodeziya, riyaziyyat, coğrafiya, mineralogiya, fizika, farmakologiya, fəlsəfə, tarix, etnoqrafiya, ədəbiyyatşünaslıq və s. aid əsərləri uzun illər alimlərin stolüstü kitabları olmuşdur. Ptolemeyin geosentrik sistemini müdafiə etsə də riyazi mövqedən helisentrizmin mümkünlüyünü etiraf etmişdir. O, ilk dəfə tarixi prosesin tsiklliyi ideyasını irəli sürmüşdür. «Hindistan tarixi», «Qədim xalqların xronologiyası», «Ötən nəsillərin yadigarları» əsərləri indi də öz əhəmiyyətini saxlamaqdadır. Allahın varlığını qəbul etsə də, hər yerdə materialist kimi çıxış etmişdir. Biruni varlığın əsasında materiyanın durduğunu və onun müxtəlif formalarda kainatın hər yerində təzahür etdiyini göstərmişdir.
«Fəlsəfə» elminin orta əsrlərdəki nümayəndələri praktikaya əsaslanan «rasional elmləri» dini biliklərlə əlaqədar olan «ənənəvi elmlərə» qarşı qoyurdular. Onların əksəriyyəti eyni zamanda təbiətşünas idilər. Məsələn, Avropada Avitsenna adı ilə məşhur olanİbn Sina(980– 1037) yaradıcılığı fəlsəfə ilə yanaşı riyaziyyat, astronomiya, botanika, geologiya, təbabət və s. sahələri də əhatə edirdi. Şərq aristotelizmin ən məşhur nümayəndələrindən biri olan İbn Sina 450– yə qədər əsər yazmışdır. Öz fəlsəfi ideyalarını ömrünün sonunda yazdığı (sufiliyin, xüsusilə işraqiliyin təsiri açıq hiss olunan) əsərində əks etdirmişdir.
İbn Sinanın fəlsəfəsi şərq aristotelizmin metafizika, qnoseologiya və məntiq sahəsindəki ənənələrini davam etdirmişdir. Burada neoplatonizmin ontoloji konsepsiyası mühüm yer tutur. İbn Sina dünyanın zamanda yaranışını inkar edir. Onu ilk səbəbin– allahın zaman xarici emanasiyası kimi izah edir. Kainatın hökmdarı zərurətdir. Bu zərurətin maddi ifadəsi olan varlıq və kainat əbədi və dəyişməzdir. Təbiət və onun hadisələri səbəblər zənciri ilə bir– birinə bağlıdır və bir– birlərindən doğur. İdrak və ağıl isə təbiətin tacıdır və heç bir materiya ilə bağlı olmayıb ölməzdir (bütün bunlar isə neoplatoniklərin fikirləri ilə səslənirdi). Ərəbdilli müsəlman filosofları İbn Ruşd, İbn Xaldun, əl– Qəzali İbn Sinanı ateizmdə, dinlə fəlsəfəni qarışdırmaqda tənqid edirdilər. İbn Sina böyük alim olmuşdur. Onun tibbə dair «Qanun kitabı» yüz illərlə dünya alimlərinin stolüstü kitabı olmuşdur.
Orta əsrlərin müsəlman filosofları içərisində özünəməxsus yer tutan teoloq və filosoflardan biri dəəl– Qəzalidir (1058– 1111). Mənşəyinə görə iranlı olan əl– Qəzali əsasən ərəbcə yazmışdır. Bağdadda müsəlman hüququ müəllimi olmuşdur. Fəlsəfə ilə məşğul olan Qəzali belə bir nəticəyə gəlmişdir ki, irrasional anlayış olan etiqadla rasional prinsiplərin məhsulu kimi fəlsəfə bir yerə sığmır. Bu isə onda dərin psixoloji böhrana (1095) gətirib çıxarmışdır. Professor (müdərris) vəzifəsindən imtina edən əl– Qəzali 11 il qələndər (gəzərgi) dərviş, sonra isə asketik həyat tərzi keçirmişdir. Onun fikrincə, allahın rasional dərki qeyri– mümkündür (allah ali həqiqətdir). Lakin Qəzali ətraf mühitin qanunauyğunluqları haqqında bilik verən rasional elmləri inkar etmirdi. Əl– Qəzali ona məlum olan fəlsəfi sistemləri, o cümlədən Şərq aristotelizmini tənqid etmişdir. Qəzaliyə görə, allahın dərki yalnız estetik həyacanlar vasitəsilə mümkündür. Burada estetik həyacanlar daxili təcrübə rolunda (hər bir fərddə) çıxış edir. Əl– Qəzalinin mistik teizminə qarşı İbn Ruşd çıxış etmişdir. Qəzalinin sistemi monoteist sufizmin fəlsəfi– teoloji formulə edilməsidir ki, burada da o, həmin təlimi ortodoksal islamla birləşdirmişdir. O, maddi aləmin əbədiliyi və qanunauyğun inkişafı ideyasına qarşı çıxmışdır. Dünya allahın iradəsi sayəsində mövcud olub, zaman və məkanda mövcuddur.
Qəzalinin ideyaları orta əsr müsəlman fəlsəfəsinin, eləcə də yəhudi fəlsəfəsinin inkişafına böyük təsir göstərmişdir. O, «Filosofların məqsədləri», «Filosofların təkzibi», «Dini elmlərin dirçəlməsi» və s. əsərlərin müəllifi kimi məşhur olmuşdur.
Orta əsr ərəbdilli müsəlman filosofları içərisində İbn Xaldun (1332– 1406) mühüm yer tutur. Fəlsəfədə o, İbn Ruşdun davamçısı və şərhçisi olmuşdur. Həqiqətin rasional və obyektiv xarakterini müdafiə etmişdir. Onun sosial fəlsəfəsi xüsusilə siyasi həyatın və dövlətin əmələ gəlməsi və inkişafı nəzəriyyəsidir. Böyük alimin fikrincə, insanlar əvvəlcə vəhşi həyat tərzi keçirir, tədricən təbiətdən ayrılaraq sosial kollektiv şəklində yaşayırlar. Dövr keçdikcə əkinçilik və maldarlıqla, sonra isə sənətkarlıq, ticarətlə məşğul olur, elm və incəsənəti yaradırlar. İstehsal məhsulu artdıqca maddi həyat zənginləşir, sivilizasiya formalaşır. Bəzi xalqlarda vəhşilikdən sivilizasiyaya keçid istilaçılıq yolu ilə baş verir. Nümunə kimi ərəb istilasını misal göstərən alim cəmiyyətin primitiv səviyyədən mədəniyyətə keçidini bərabərliyin qeyri– bərabərliyə keçməsi ilə əlaqələndirir. O, dövlətin əmələ gəlməsi və inkişaf mərhələləri haqqında maraqlı fikirlər söyləyir. Ümumiyyətlə, İbn Xaldun fəlsəfi fikir tarixində ilk dəfə olaraq dövlətlə onun iqtisadiyyatı arasında əlaqənin elmi şərhini verə bilmişdir. Ümumiyyətlə, orta əsrlərin Yaxın və Orta Şərq filosoflarının yaradıcılığı təkcə müsəlman dünyasının deyil, eyni zamanda xristian Qərbinin mənəvi mədəniyyətinin inkişafına böyük təsir göstərmişdir. Ərəbdilli peripatetiklərin əsərlərinin latın dilinə tərcüməsi Avropada antik ənənəni təzədən dirçəltdi. F.Engels «Təbiətin dialektikası» əsərində yazırdı: «Təbiətin müasir tədqiqi,– qədim insanların naturfəlsəfə sahəsindəki dahiyanə ehtimallarına və ərəblərin olduqca mühüm, lakin qeyri– müntəzəm və əksəriyyətlə bir nəticə vermədən itib getmiş kəşflərinə əks olaraq müntəzəm və mükəmməl bir elmi inkişafa gətirib çıxaran bu yeganə tədqiq də böyük tarixin başlanğıcına imkan» vermişdir. Bu, bir daha sübut edir ki, müsəlman fəlsəfəsi qərb dünyasına misilsiz xidmət göstərmişdir.
a) Ə.Bəhmənyar, E.Miyanəji, Ş.Sührəvərdi, S.Urməvi, Nəsirəddin Tusi, Nizami Gəncəvi
Ərəbdilli müsəlman fəlsəfəsinin inkifında Azərbaycan alimləri də yaxında iştirak etmişdir. Onların içərisində Əbülhəsən Bəhmənyar (993– 1066) özünəməxsus yer tutur. Məşhur İbn Sinanın şagirdi olan Bəhmənyar Aristotelin şərhçiləri içərisində güclüsüdür. Şərq peripatetizminin ən böyük nümayəndəsi olan Bəhmənyar «Təhsil», «Gözəllik», «Səadəət», «Musiqi kitabı» «Metafizikanın mövzusu», «Mövcudatının mərtəbələri» və s. əsərlərini yazmışdır.
Bəhmənyara görə, hər şeyin səbəbi və nəticəsi var, bədən əqlin sayəsində mövcud olur. Mövcudat zəruri və mümkün olandır. Hərəkət zamana görə deyil, zaman hərəkətə görə müəyyən olunur. Bəhmənyarın varlıq təlimi hərtərəfli işlənmiş təlimdir. Bəhmənyarın məntiqə dair yazdığı əsərləri indi də öz əhəmiyyətini saxlamaqdadır. O, idrakı– hissi və məntiqi olaraq iki hissəyə bölmüşdür. İdrakın mənbəyi də ikidir: hissi təcrübə və əqli təfəkkür. Bəhmənyar materiya, forma, cisim, zaman, hərəkət və s. kimi fəlsəfi kateqoriyaları qarşılıqlı əlaqədə götürüb tədqiq etmişdir. cisim üç ölçülü (uzunluğu, hündürlüyü və eni olan) substansiya kimi müəyyən olunur. Materiya və formadan yaranması səbəbinə görə cisim mürəkkəb substansiya adlanır. Materiya və formanın qarşılıqlı əlaqəsi, onların bir– birindən ayrılmaması Bəhmənyar tərəfindən əsaslandırılmışdır. Peripatetik filosof, Aristotelin və İbn Sinanın mövqelərindən çıxış edən Bəhmənyar hərəkəti potensialdan aktuala keçid kimi səciyyələndirmişdir. Filosofa görə cisim, onun hərəkəti və zaman bir– birindən ayrılmazdır. Biri digərini şərtləndirir.
İdrak nəzəriyyəsində idrak prosesində hissi və rasional momentlərin mövcudluğu qəbul olunur.
Ümumiyyətlə, Bəhmənyarın təlimi sonrakı alimlər nəslinin yetişməsində mühüm rol oynamışdır.
Təşəkkürlər üçün faigkhidirov@gmail.com ünvanına yaza bilərsiniz. Şəxsən özüm hazırlamışam. Vaxtı ilə bu sərbəst işləri bütun qurup üçün çıxartdırmışdım! Hamı da 5 balını oturduğu yerdə almışdı!
Uğurlar!
(ADPU-nun tələbəsi X.Faiq)
Dostları ilə paylaş: |