Məşşai fəlsəfəsi
«Məşşai» sözü yeriyən deməkdir. Bu söz Aristotelin davamçılarını özündə cəm etmiş «Peripatetik» (yunanca: perepateo – gəzişirəm, yeriyirəm) məktəbindən götürülmüşdür. Bunu Aristotelin Likey xiyabanlarında gəzişərək fəlsəfi mühazirələr söyləməsi ilə izah edirlər. Məşşai fəlsəfi cərəyanının önündə şərqin görkəmli filosofu İbn Sina (980-1037) durur. İbn Sina Əl-Farabidən (870-950) sonra Aristotel nəzəriyyələrinə varis çıxan ən böyük filosof sayılır. Onun sistemləşdirdiyi Məşşai fəlsəfəsinin əsas xüsusiyyəti həqiqətin kəşf olunmasında yalnız əqli yollara istinad etməsindən ibarətdir. Məşşai filosofları hesab edirlər ki, həqiqətin kəşf olunması üçün əqli sübutlar kifayət edir. Bunun üçün həqiqət axtaranın əməli mərhələlər keçməsi, ruhunu paklaşdırması zəruri deyildir. Məşşai fəlsəfəsi İslam dünyası üçün mütləq bir fəlsəfə sistemləşdirə bilməsə də, müsəlmanlar arasında uzun əsrlər boyu hakim fəlsəfi nəzəriyyə olmuş və geniş yayılmışdır. Bu fəlsəfənin Bəhmənyar ibn Mərzban (993-1066), Nəsirəddin Tusi (1201-1274), İbn Bacə (1095-1138) kimi görkəmli nümayəndələri olmuşdur.
Dostları ilə paylaş: |