İslam səFƏRLİ seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə2/10
tarix22.04.2017
ölçüsü2,79 Kb.
#15243
1   2   3   4   5   6   7   8   9   10

SƏHƏR
Baxıb sübhün gül üzünə,
Durub çıxdım mil düzünə.
Gördüm çöllər nemətlidir.
- Var ol! - dedim şən Vətənə.
Yurdum dedi: - Bu təntənə
Övladımın qüdrətidir.
Günəş zərli çələng hördü.
Şair könlüm onu gördü,
Qalxdı bir söz desin ona,
Günəş bu vaxt gülə-gülə
Cavab verdi şadlıq ilə:
- Bu töhfəmdir el oğluna!..
Gəzdim vətən gülzarını,
Öpüb gülün rüxsarını,
Dedim: - Sənə vurulmuşam.
Gül dedi ki: - Şair oğlan,
Sənə bu şeh damlasından
Birpiyalə doldurmuşam!..
Hara baxdım, əmək coşdu,
Fərəhlənib ürək coşdu.
Dedim: - Alqış el adına!
Gümüş donlu, gen tarlalar
Dedi: - Ölməz eşqimiz var,
Azərbaycan övladına!..

_____________Milli Kitabxana_____________
QAYĞI
Üzümü söykəyib öpdüm torpağı,
mənə şoran yerdə
bənövşə verdi.
Gur bir kəhriz atıb, suvardım bağı,
qolunu çətir tək
üstümə gərdi.
Təzə kanal çəkdim Muğan düzünə,
şəklimi əks etdi
ayna suyunda.
Nur verdim nişanlı gəncin gözünə,
Toybəyi seçildim
Onun toyunda.
Səhər sürüləri düzə hayladım,
Yaşıl biçənəklər
Üzümə güldü.
Torpağa can verib, qida payladım,
Ovcuma min dürlü
Bəhər töküldü.
Əməkçi qızların şəninə yazdım,
Heç kəs bilmədi ki,
Yazan kim oldu.
Axşam həmin kəndin içində azdım,
O qızlar ən yaxın
Bələdçim oldu.
Fəzalar dolaşıb Ayı fəth etdim,
O, qızıl gerbimi
Döşündən asdı...
Nakam bir ananın evinə getdim,
Məni oğul kimi
Bağrına basdı.
Ey torpaq üstündə ömür sürən kəs,
Qulaq as qəlbimdən
Gələn bu səsə:
Həyatda heç kimsə sənə can deməz,
Səndən zərrə qədər
Qayğı görməsə!

_____________Milli Kitabxana_____________
ZİRVƏ YOLU
Tapdalama yolları,
Yollarda az iz qalar.
Təzə cığır aç barı,
El üçün əziz qalar.
Dərələrə enincə,
Sal qayada dur uca...
Danış incə, din incə,
Su kimi ax - duruca.
Hərə açıb bir cığır,
Hərə bir ahəngdədir.
Qızlar çöldən gül yığır,
Hərəsi bir rəngdədir.
Başqa bir yola uysan,
Sıldırımdan aşarsan.
Özün özünü duysan,
Sevgi kimi yaşarsan.
Lazım qəlsə, çəkinmə,
Tikanlıqla yeri sən,
Təzə sözlü olarsan
Öz izinlə yerisən.
Bir cığır açsın hərə,
Şaxlıdır şerin qolu.
İnsanı zirvələrə
Qaldırır zirvə yolu...
ÇİÇƏK TƏRANƏSİ
Verib qaranquşa xoş gülüşünü,
Yazın nəfəsini torpaqdan soruş.
Bahar bayramının ilk gəlişini,
Çiçəkdən xəbər al,

_____________Milli Kitabxana_____________
Yarpaqdan soruş.
İncə qədəm basıb, çıx yaşıl döşə,
Bahara bəxş elə əhdi, ilqarı.
Dəlib quzey qarı sısqa bənövşə,
Boynunu bükəndə
Görəydin barı.
Görəydin gədikdən sular daşanda,
Uçrumdan buz qopub çaya düşəndə.
Ağ durna dalğalar qaqqıldaşanda
Əks səda verib,
Dağ gülüşəndə.
Dalıb təbiətin şeriyyətinə,
Bir mahnı deyəydin bahar eşqinə.
Bahar təzə sözlü şairə bənzər,
Onun hər lövhədə bir incisi var.
Yazı saf qoynuna alanda Xəzər,
Zümrüd paltarını Geyir dalğalar.
Baxıb nur çələngli şəhərə sanki,
Qəbimdən süzülən nəğməni yaydım:
- Bakının aypara sahilindəki
Məcnun söyüdlərə tel darayaydım.
Yamaca tül kimi səpiləndə çən,
Sinəmə cəkmişəm dağ nanəsini.
Ayna bulaqlardan eşitmişəm mən,
Əlvan çiçəklərin Təranəsini...
"Şehdərən" çiçəyi sırğa taxanda,
Bərq vurub öyünür o, bütün yayı.
"İstisu", oxuyur sənin yaxanda
Buxağı mixəkli
Dağ torağayı.
Var ol, döşü güllü, zirvəsi qarlı,
Mənim ana yurdum, doğma məkanım.
Ətəyi bəhərli, başı vüqarlı,
Ürəyi baharlı
Azərbaycanım!..

_____________Milli Kitabxana_____________
HECA VƏZNLİYƏM MƏN...
Musiqi kimi incə,
Zərif bir bəstədir söz.
Nə vəzndə - hecada,
Nə də sərbəstdədir söz,
Layla sevən körpətək
Qulağı səsdədir söz.
Azərbaycan şeritək
Qoca vəznliyəm mən;
Minbir bulaq axarlı
Heca vəznliyəm mən!
Vaqifin, Ələsgərin,
Hər sözü el malıdır.
Füzuli, Sabir kimi
Vurğun da qalmalıdır!
Vəznim qarlı dağımdır
-Gümüşdən çalmalıdır.
Azərbaycan şeritək
Qoca vəznliyəm mən;
Minbir bulaq axarlı...
Heca vəznliyəm mən!
Xalqa mehriban olan,
Hər obaya yovuşan.
Sözü dumanlı deyən
Bir çən olub sovuşar.
Eli sevən sənətkar
Eldən-elə qovuşar.
Azərbaycan şeritək
Qoca vəznliyəm mən.
Minbir bulaq axarlı
Heca vəznliyəm mən!
Xəzərimin dalğası
Holayhdır, cəngidir,
Şerim Azərbaycanın

_____________Milli Kitabxana_____________
Dilinin ahəngidir.
Zəif şeir əsrimin
Sürətini ləngidir.
Azərbaycan şeritək
Qoca vəznliyəm mən.
Minbir bulaq axarlı
Heca vəznliyəm mən!
Süni gəzib dolansan
Evdə də, kənarda da.
Bu el-oba oxşadar
Səni gəlməyə, yada.
Vətən üçün, xalq üçün
Söz qalacaq dünyada.
Azərbaycan şeritək
Qoca vəznliyəm mən.
Minbir bulaq axarlı
Heca vəznliyəm mən!
Yüz illərdir yaşayır
Qurbani, Yanıq Kərəm.
Bu yollarda əzəldən
Mən də yanar ülkərəm.
Dil bilməyən şairi
Mən yeddi qat bükərəm.
Azərbaycan şeritək
Qoca vəznliyəm mən;
Min bir bulaq axarlı
Heca vəznliyəm mən!
ƏBƏDİ BEŞİK
Babamızın
kölgəli
çətri bu torpaqdadır,
Qəbri bu torpaqdadır.

_____________Milli Kitabxana_____________
Nənəmizin
gül kimi
Ətri bu torpaqdadır.
Qəbri bu torpaqdadır.
El qədrini bilənin,
Qədri bu torpaqdadır,
Qəbri bu torpaqdadır.
Mən də qızü şahinəm,
Aranhyam, dağhyam!
Ulu əcdadım kimi
Torpağıma bağlıyam.
O, olum beşiyimdir,
O, ölüm beşiyimdir!...
QƏDİM ŞƏHƏRİM
Yenə yolum düşdü Gəncəbasara,
Meh əsdi, güllərin dodağı qaçdı.
Bu yer söz mülkünü alıb hasara,
"Xəmsə"ni, qürurla önümdə açdı.
Göy kaşı gümbəzlər, boz minarələr,
Kərpici xınah qalın divarlar,
Hər saray ölməyən canlı bir əsər
Burda Məhsətinin söz incisi var.
İncəlik həmişə incədə qalır,
Tarix də qocalıb Gəncədə qalır.
* * *
Baxıram, aranlı-yaylaqlı şəhər
Gah düzə çağırır, gah dağa məni.
Qəlbimdə çırpınan bu döyüntülər
Elə bil səsləyir uçmağa məni.
Qoşqara qalxımmı, dəli Qoşqara,
Yolum "Xaçbulağa" düşsünmü bir də?

_____________Milli Kitabxana_____________
Mən sadiq şairəm əhdə, ilqara,
Gəzirəm Ələsgər gəzdiyi yerdə.
Gözüm min qızılı qönçədə qalır,
İlhamım yurd salıb Gəncədə qalır.
Hacıkənd yolları burum-burumdur,
Hər dolay başında bir ocaq yanır.
Meşələr çətrimdir, dağ qürurumdur,
Burda qanad çalıb xəyal dayanır.
Ellər tunc zirvəyə qartal deyibdir,
Bu yerin Kəpəz tək bir qartalı var.
Bir şair Göygölə maral deyibdir,
İndi Göygölümün öz maralı var.
Bu eşq qocaya da, gəncə də qalır,
Gözəllik çəlongi Gəncədə qahr...
* * *
Şəhərə qayıtdım çoxaldı dərdim,
Min işıq karvanı qəlbimə axdı.
Bakım olmasaydı, qalxıb deyərdim:
- Gəncədir yurdumun qədim paytaxtı!
Məni qınamasın sevimli dostlar,
Şairəm, şerimin söz meydanıdır.
Bu yerdə Əcəmi naxışları var,
Bura göy çinarlar xiyabanıdır,
Çünki sənət evi Gəncədə qalır.
Nizami Gəncəvi Gəncədə qalır.
BAYRAM TÖHFƏSİ
Nəcib, düşüncəli bir bəstəkar qız,
Piano önündə oturmuş yalqız.
Şirmayı dillərdə gəzdirdikcə əl,
Bir mahnı yaradır incə, şən, gözəl.
Bax bu da xoş günə - bayram gününə,

_____________Milli Kitabxana_____________
Qurbanı olduğum vətən mülkünə
Bayram töhfəsidir,
Sevinc səsidir.
Başqa bir aynabənd otaqda da bax,
Bir şair oturmuş fikrə dalaraq.
Onun qələmindən süzülür inci,
O ağ vərəqlərə düzülür inci.
O duyub düşünür, sevinib gülür,
Sanki gözlərindən sevda tökülür,
Bax bu da xoş günə - bayram gününə,
Qurbanı olduğum vətən mülkünə
Bayram töhfəsidir, Sevinc səsidir.
O yanda, Boz Dağın ətəklərində,
Uca bir qayanın sərin yerində
Mahir bir mühəndis kəşf edir yenə,
Torpağın ən bakir sirrlərini,
Bizə şəfa verən bayram şəninə
Qurtarır fərəhlə öz əsərini...
Bax bu da xoş günə - bayram gününə,
Qurbanı olduğum vətən mülkünə
Bayram töhfəsidir,
Sevinc səsidir!..
Şubay buruqlara qüvvət, can verən
Bir buruq ustası odur səhərdən
Yerin qatlarından çəkir qara qan.
Bir azdan parlayıb yenə qızıl dan,
Qəlbləri oxşayan minbir rəng görüb,
Qızıl şəfəqlərdən bir çələng hörüb.
Qoyur mərd başına qəhrəmanların,
İdraklı, hünərli bu insanların.
Bax bu da xoş günə - bayram gününə,
Qurbanı olduğum vətən mülkünə
Bayram töhfəsidir,
Sevinc səsidir.
Ey könül, bu həyat, bu nurlu sabah

_____________Milli Kitabxana_____________
Sənə də bəxş etmiş ilham sazını,
Tərənnüm eylə sən coşub bir daha
Qoy ellər dinləsin xoş avazını!
Bax bu da xoş günə - bayram gününə,
Qurbanı olduğum vətən mülkünə
Bayram töhfəsidir,
Sevinc səsidir.
ÜÇÜNCÜ HƏRB
İSTƏMİRİK!
1
İlkin cahan vuruşunda,
Yağılara olub qənim,
Atam mənim
Hərbə getdi.
Suvarilər yürüşündə
Şərqə getdi,
Qərbə getdi...
Nə qəbrini, ünvanını,
Nə öldüyü yeri bilidim.
Ürəyimdə qənı karvanı,
Kəsik gülüb,
Ağır dindim...
Sonbeşikdim, ilk çağaydım,
Bir tupurca qağayıydım,
Anam tutub ər yasını,
Belə dedi laylasını:
- Qəm oduna tutulmuşuq
Biz poladıq, Biz dəmirik!
Birincidən sovuşmuşuq,
İkinci
Hərb
İstəmirik!
İstəmirik!

_____________Milli Kitabxana_____________
II
İllər keçdi...
Oğul oldum,
Atam kimi yaşa doldum.
Qulağında
Sərkərdəmin hər öyüdü,
Məğrur nəslim mərd böyüdü.
Topdağıtmaz bir səngərdim,
Faşistlərə sinə gərdim,
Şığıdım mərd suvaritək...
Yavan arpa çörəyitək
Mən qovrulub sacda qaldım.
Tox da qaldım,
Aç da qaldım.
Qılınc çəkib çətinliyə,
Anam qara bağlamadı,
Özüm gördüm, ağlamadı.
Dedi: - oğul,
Yenə qəmə tutuşmuşuq,
Biz poladıq,
Biz dəmirik.
İkincidən sovuşmuşuq,
Üçüncü
Hərb
İstəmirik!
İstəmirik!
III
Saclarımda gümüş tozu...
Masam üstə,
İki hərbdə yazı-pozu...
O günlərdən
Ürəklərdə xal qalıbdır.
Gözümüzdə, -
Həsrət adlı yol qalıbdır –
O yol gedib oğullarla...
Bir də görən o yollarla
Dönəcəkmi Novruz dayı,

_____________Milli Kitabxana_____________
Qohum,
Qardaş,
Əmi,
Dayı?...
Ürəyimə olub qənim,
Həsrət məni didə bilər.
Əsgər yaşlı oğlum mənim,
Gedə bilər!.. Gedə bilər!..
Nişanlı qız,
Durub yalqız
Eşitməsin top səsini.
Qoy analar,
Qoy atalar,
Yaysın qəzəb nəğməsini:
- Birincidə
Ağır həyat sürmüşük biz.
- İkincidə
Min bir dəhşət görmüşük biz.
Biz palıdıq,
İndi daha tunc olmuşuq,
Biz poladıq
Üçüncü
Hərb
İstəmirik!..
İstəmirik!
TANIŞ GÖZLƏR
Şəhəri aramla gəzirəm yenə,
Qəlbimdə heyatın zövqü, nəşəsi.
Dünyada hər yerdən xoş gəlir mənə
Bu Şərqin qapısı, Şərqin guşəsi.
Baxıram gözlərə, tanış gozlərə,
Dönüb zənd salıram azı yüz kərə.
Birisi xəyala daldırır məni,
Anıb düşünürəm uzaq cəbhəni.

_____________Milli Kitabxana_____________
Hərdən fişəng yanır, dinir avtomat,
Dayanmış üz-üzə ölümlə həyat.
Alıb şəhidlərin intiqamını,
Yarırıq düşmənin istehkamını.
Çatıb son mənzilə, görüşürük biz.
Sevincdən yaşarır kipriklərimiz.
Yaddan çıxmışdısa indi o düzlər,
Düzlər o düzlərdir, gözlər o gözlər...
Baxıram gözlərə, tanış gözlərə,
Söz qoşum onlara azı yüz kərə.
O gözlər göl kimi durudur yenə,
O gözlər gözümün nurudur yenə.
O gözlər açılsa, güllər naz satar,
O gözlər yumulsa, kainat yatar.
O gözlər ömrümün gülən yazıdır,
O gözlər eşqimin ilk aynasıdır.
Bir vaxt bu aynada özümü gördüm,
O gözlər içində gözümü gördüm.
***
Gəlib salam verib görüşür, hərə,
Baxıram gözlərə, tanış gözlərə.
Birində yamyaşıl tarlalar gülür,
Meyvəli baxçalar əlvan görünür.
Birində göylərə qalxır binalar,
Üz-üzə, göz-gözə baxır binalar,
Birinə elə bil bulaqlar dolur,
Ləpəsiz, dalğasız mavi göl olur.
Birində dil açıb gülür körpələr,
Birisi ulduzdur, birisi ülkər.
Bütün bu gözlərdə həyat var deyə,
Məftun kəsilirəm hər gözəlliyə.
Bu vaxt ürəyimdən gəlir bir xəbər:
- Bəsdir, ey şairim, susma bu qədər!
Hər nə var qəlbində danış gözlərə,
Bu tanış gözlərə, tanış gözlərə!

_____________Milli Kitabxana_____________
RÜBABIYAM ÜLVİYYƏTİN
Könlümün tərlanı qalxmış cövlana,
Çıxmışam qoynunda yenə seyrana.
Eşqin cansızı da gətirir cana,
Sevda beşiyində bəslədin məni,
Ey odlar Vətəni, odlar Vətəni!
* * *
Əsir xəfif-xəfif səhər mehləri,
Atır rübəndini qızıl dan yeri,
Sən yar gülşənisən, mən eşq şairi,
Şirin laylalarla gəl oxşa məni,
Ey odlar Vətəni, odlar Vətəni!
* * *
Tərlan səhərlərdə doğulmuşam mən,
Nəcib məhəbbətdən yoğrulmuşam mən,
Cilvəli tovuzam, azad quşam mən,
Uçurt, ərşə qaldır şahin tək məni,
Ey odlar Vətəni, odlar Vətəni!
* * *
Vurğunu olmuşam səmimiyyətin,
Zərif rübabiyam pak ülviyyətin,
Sən ey qadir ana, bu xoş niyyətin
Qurub yaratmağa çağırın məni,
Ey odlar Vətəni, odlar Vətəni!
* * *
Çəkdim keşiyini firtınalarda,
Fəlakət önündə, ölümdə, darda
Döndüm pak qoynuna bir ilk baharda,
Eşit, candan artıq sevirəm səni,
Ey odlar Vətəni, odlar Vətəni!

_____________Milli Kitabxana_____________
MƏNİM_ADİ_GÜNLƏRİM_KİM_Kİ,_ÜRƏYİNƏ_ARXALANMASA'>MƏNİM ADİ GÜNLƏRİM
KİM Kİ,
ÜRƏYİNƏ ARXALANMASA
Zərli albomunu açıb təbiət,
Göstərir ecazkar lövhələrini.
Bu zaman hiss edib bir yeni qüvvət,
Açaraq könlümün can dəftərini.
Dalıram xilqətin dilbər seyrinə,
Lakin yurdumuzun gözəlliyinə
Çatmayır şerimin rəngi, boyası.
Deyirəm: - Çətindir şeir dünyası.
Tərk et mənliyimi, ey ilham pərim.
Gəzmə şeir - sənət gülzarında sən.
Boş yerə axmasın qoy alın tərim,
Başqa bir yol seçim bu dünyada mən.
Ürəyim dil açıb deyir: - Qulaq as!
Sən mənə bağlısan, gəl batma yasa.
Bil ki, o adamdan sənətkar olmaz,
Əgər ürəyinə arxalanmasa.
MƏNİM
ADİ GÜNLƏRİM
Siz ey adi günlərim,
Tərk etdikcə məni siz,
Ötənlərə baxıram,
Axıram, hey axıram.
Mavi gözlər bir dəniz.
Deyirəm ləpələrin

_____________Milli Kitabxana_____________
Zərif yelpinci olam.
Bələkə tutqun bir qəlbin
Adi sevinci olam.
Bunsuz söylə, kiməm mən?
Hökmü yüngül, vəzni yox,
Adi bir hakiməm mən.
Mənim adi günlərim.
Ey təzadlı günlərim.
Ey adsız, Ey qanadsız,
Ey qanadlı günlərim.
Dalğadan baş qaldırır,
Qaya ucalmaq üçün.
Süni ucalmaq hissi
Mənə heç yaraşmayır.
Zirvələr baş qaldırır,
Aya ucalmaq üçün.
Yöndəmsiz ucalandan
Xalqıma kar aşmayır.
Mənim adi günlərim,
Sizə qurban kəsim mən.
Siz kişi günlərsiniz,
Üstünüzdə əsim mən.
Əsim mən yarpaq kimi,
Tökülüm mərdanə mən.
Dostların ürəyində
Qoy olum durdanə mən.
Siz bəzən hafizəmdə,
Qarışıq günlərsiniz.
Bəzən şıltaq, rəhmli,
Barışıq günlərsiniz.
Mənim adi günlərim,
Ey şəfəqli günlərim.
Bir-birinə bənzəməz,
Siz ey fərqli günlərim,

_____________Milli Kitabxana_____________
Siz sükutun,
Mən sözün
Ayrıcında üşürəm.
Söz xəmirim yoğrulmasa,
El saçından üşürəm.
Gür işıqda sönərəm.
Bir zülmətə dönərəm,
Yox olaram, itərəm...
Düşmənlərim gülməsin,
Məni aciz bilməsin,
Yenə də baş qaldırıb
Torpağımda bitərəm...
Açaram çiçək kimi,
Vuraram ürək kimi.
Sükutla yoxdur aram,
Döyünərəm, susmaram.
Mənim adi günlərim,
Um-küsülü,
Bükülü,
Ey açılı günlərim.
Ey dadlı,
Ey nabatlı,
Ey acılı günlərim.
Siz asta getsəniz də,
Omrümdən düşürsünüz.
Gəlin can otağıma,
Yel dəyər üşürsünüz.
Elə günlər olub ki,
Hamıdan seçilmişəm,
Elə vaxtlar olub ki,
Sizi boş keçirmişəm,
Utanmışam əqrəblər
On ikiyə çatanda.
Qızarmışam, ilhamım
Gül yastıqda yatanda...

_____________Milli Kitabxana_____________
Mənim adi günlərim.
Dili bütöv günlərim.
Həlim,
Qaba,
Mehriban,
Hərdən köntöy günlərim.
Ey toylu,
Yaslı,
Qəmli,
Üzəgülər, sitəmli,
Qeyri-adi günlərim;
Siz mənə əzizsiniz.
Ey təzadlı günlərim,
Mənim adi günlərim...
SƏNİ
Durna qatarıdır, uçan arzular,
Sevdalı qəlbimdə bir nisgilim var.
- Duyardım saçının ətrini ey yar,
Min gülzar içindən seçərdim səni.
Aşiqəm məhəbbət təranəsinə,
Qulaq as könlümün incə səsinə.
- Əgər süzülsəydin eşq badəsinə,
Şirin şərbət kimi içərdim səni.
Gündüzlər günəşdim, gecələr aydım,
Ulduzlu göylərə nəğməmi yaydım.
Vüsal çəmənində alaq olsaydın,
Hicran orağıyla biçərdim səni.

_____________Milli Kitabxana_____________
SƏNSİZ
Sol döşüm üstündə yatdım bu gecə,
Ürəyim dil açıb, dedi gizlicə:
- Mən səni yaşadıb, mən səni duydum,
Mən sənin yolunda ömrümü qoydum.
Dedim: - Dinlə könül, mən də bir siməm,
Dostluğa mətinəm, sevgiyə yaram.
Sənsiz bu dünyada, heçəm, heç kiməm,
Ürəkdən yaradan bir sənətkaram.
SƏNSƏN
Göydə qövsi-qüzehim,
Yerdə gül üstdə şehim - sənsən!
Masam üstdə işığım,
Evimdə yaraşığım - sənsən!
Pəncərəmdə küləyim,
Ürəyimdə ürəyim - sənsən!
Dərmanım-davam mənim,
Ən təmiz havam mənim - sənsən!
Dəryada nadir incim,
Həyatda ilk sevincim - sənsən!

_____________Milli Kitabxana_____________
PƏRİŞAN OLDUĞUM ANLAR
Buludlarda aypara var,
Ürəyimdə həzin kədər.
Ey vəfasız, ömrüm boyu
Sarsılmazdım mən bu qədər.
Açılmaram, yanıb sollam
Baharda solduğum anlar.
Qırılmış bir kaman ollam,
Pərişan olduğum anlar.
Barışmağa yoxdur güman,
Ey sevgilim sənsiz nəyəm?
Məni niyə sarsıdırsan,
Sarsıntılar içindəyəm.
Söylə, xoş rəftarın hanı,
Bəd roftarın çaldı məni.
Yaz eşqimin buz boranı,
Tufanlara saldı məni.
OLAYDIM
Ömür keçir, gün keçir,
Saçlarına düşür dən.
O mərmər pillələrlə,
Gəlib qalxıram hərdən.
Sizi görüb ömrümün,
Beş ilini anıram.
Mən yenə də özümü,
Bir tələbə sanıram...
Deyirəm, gün gələydi,
(sözlərimə inanın!)
siz hücum etdiyiniz,

_____________Milli Kitabxana_____________
elm adlanan qalanın
açarçısı olaydım!
Arzular qatar-qatar,
Karvan-karvan düzülər.
Ömür hana ipidir –
Qayım dartma, süzülər...
Beş il də çatar başa,
On il də, on beş il də...
Adın gəzir nəğmətək
Neçə obada, eldə.
Qıvırcıq saçlarına
Gümüşü tozlar qonar,
Qızlara bəslədiyin
Duyğuların da donar.
Lakin çıxmaz ürəkdən
Doğma el məhəbbəti.
Bir də ki, şöhrətimiz,
Şirin dil məhəbbəti...
Odur ki, mən deyirəm.
Dünyada öz elimin,
Bir də ana dilimin
İlk carçısı olaydım!
QURBAN OLUM MƏN
Dünyanın ən gözəl günüdür bu gün,
Çəmənlər laləli, çiçəklər gülgün.
Qoy çalıb-çağırsın neçə toy-düyün,
Qara gözlərinə heyran olum mən,
Doğulduğun günə qurban olum mən.
Sən nə lətafətli, sən nə incəsən?
Qol-qanad olmusan hər sevincə sən.
Göy göldən dərilmiş qızıl qönçəsən,
Bir gülsən, qoy sənə güldan olum mən,
Doğulduğun günə qurban olum mən.

_____________Milli Kitabxana_____________
Ömürlük sənindir eşqim, sevgilim,
Səninlə gülzara dönür hər ilim.
Sən tazə-tər yaşa, solma, ey gülüm,
Qoy sənin yerinə xəzan olum mən,
Doğulduğun günə qurban olum mən...
PAYIZ   GƏLDİ
Payız gəldi, soldu yarpaq
Səni gözlər o bağça-bağ!
Səbrim yoxdur, qaragöz gəl,
Düşdü xəzəl, nigar tez gəl.
Sənsiz bağrım qana dönər,
Baharım xəzanə dönər.
Çəmən üstə qırov düşür,
Ürəyimə alov düşür.
Qovruluram, yanıram mən,
Təkcə səni anıram mən.
Sənsiz bağrım qana dönər,
Baharım xəzanə dönər.
BAHAR ÜMİDLİ NAZIN
Sevgilim, qulaq as bir,
Həyat sevəni sevir.
Mənə də ilham verir
Sənin sükutlu nazın.
Qəlbimə axsan əgər,
Kirpiyim nur çiləyər.
Eşqimi inciləyər
Bahar ümidli nazın...

_____________Milli Kitabxana_____________
Həsrətlə yananda mən,
Uçub getdin göyünən.
Güldü ağ tül geyinən
Durna buludlu nazın.
İNTİZAR
Şiş dağların arxasında
Günəş batır, sevgilim.
Göy budaqlar arasında,
Quşlar yatır, sevgilim.
Yuxum qaçmış, kirpiklərim
Qovuşmayır gecələr.
Demə səni vurğun qəlbim,
Soruşmayır gecələr.
Ulduzların sanı qədər,
Səni yada salıram.
Evinizin qabağında
Sübhə kimi qalıram.
Səhər mehi pəncərənə
Qanad çalan anda mən,
Camalına ilk pərvanə,
Oluram cahanda mən.
Qara gözlüm, şər qarışır,
Axşam düşür, gəl barı,
Vüsalla çiçək açsın,
Eşqimizin baharı.

_____________Milli Kitabxana_____________
BAXIŞLAR
Baxış var ki, can yandırır,
Odu, atəşi andırır.
Baxış var ki, nə soyuqdur,
Zərrəcə də həyat yoxdur.
Baxış var ki, əfsunu var,
Dərdi, qəmi unutdurar.
Baxış var ki, yadda qalır,
Süzgün baxış canlar alar.
Baxış var ki şəfəq kimi
İsindirir hər iqlimi.
Baxış var ki, qupqurudur,
Dərd artırır, can qurudur.
Baxış var ki, baxış var ki,
Vurğunudur bütün Bakı.
Kəşfedilməz aləmsiniz,
Ay baxışlar!... Ay baxışlar!..
Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin