İslam səFƏRLİ seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix22.04.2017
ölçüsü2,79 Kb.
#15243
1   2   3   4   5   6   7   8   9   10

QƏLB ŞAİRİ
Fizuliyə ithaf
1
Yarıb daş sinəli qərinələri,
Şerinlə ucaltdın özünə heykəl.
Keçdikcə ömrünün qaynar illəri,
Dünyaya bəxş etdin min incə qəzəl.
Qəlbinin hər teli kamana döndü,
Ahın ağ örpəkli dumana döndü.
Tutuşdun yanar bir eşq atəşinə,
Səməndər sayağı alışdı qəlbin.
Leylinin - Məcnunun təmiz eşqinə
Bir dastan yaratdı o şair təbin...
Bu sevda yolunun yorğunuyam mən,
Füzuli şerinin vurğunuyam mən!..
2
Gözəllər olduqca Məkkən-Mədinən,
Məhəbbət dil açdı hər sətirində.
Cananın zülfunü oxşadıqca sən,
Elə bil məst oldun gülün ətrində.
Qəlbindən bulaqlar axıb süzüldü,
Mirvari sözlərin çin-çin düzüldü.
Dilbər səhərlərin seyrinə daldın,
Ötdü sarı köynək şehli budaqda.
Meylini bir yeni qəzələ saldın,
O da nəğmə olub gəzdi dodaqda.
Səni arzuladı Odlar vətəni,
Lakin Şərq qəlbində gəzdirdi səni.

_____________Milli Kitabxana_____________
3
Sən qoca Bağdadın halına yandın,
Orda nəşədən çox dərd, bəla gördün,
Ədalət naminə ellər dolandın,
Xorasan addadın, Kərbəla gördün.
Nur olub süzüldün, su olub axdın,
Lakin oyanmadı o qara baxtın.
Sarbanı olduqca söz karvanının,
Yükün kədər oldu, yükün qəm oldu,
Şair! Öz dövrünün, öz dövranının
Niyə hər naləsi səndə cəm oldu?
Dünyanın sənin tək dərdlisi varmı,
Bir qəlbə bir elin dərdi sığarmı?..
4
Keçdin fırtınalı qərinələrdən,
Füzuli, oyatdı xəlqı əfqanın.
Yaşatdın, hifz etdin qüdrətinlə sən
Öz doğma dilini Azərbaycanın.
Deyirlər anan da ellər adından
Demiş: o ləhcənə, dilinə qurban!
Dörd yüz il keçsə də, şair, yaxşı bax,
Yenə də dilimin keşiyindəsən.
Demə ki, unudub məni bu torpaq,
Sən doğma elimin beşiyindəsən.
Sənə layla deyir göy ulduzları,
Bir də yurdumuzun ceyran qızları.
5
Füzuli! Güldükcə hər yeni səhər,
Min gözəl yetişir gözəlin kimi,
Elin yaratdığı təzə nəğmələr
Dillərdə dolaşır qəzəlin kimi.
Sən günlə çıxırsan, ayla batırsan,
Xalqınla bir durub, birgə yatırsan.
Hər il novruzgülü çıxanda qardan.
Sən də qədəm basıb bizə gəlirsən.

_____________Milli Kitabxana_____________
Güldəstə bağlayıb bu ilk bahardan,
Çəmənə çıxırsan, düzə gəlirsən.
Yetər, ay Füzuli, şəbi-hicranın,
Sən qəlb şairisən Azərbaycanın!..
ŞƏRQİN ŞÖHRƏTİ
Böyük ədib
Cəlil Məmmədquluzadəyə
I
Mirzə Cəlil! Mirzə Cəlil!
Doğuldunsa Nehrəmdə sən.
Yüz Nehrəmin dərdi keçdi
Vətəncanlı ürəyindən.
* * *
Baxdın Həsən əmilərə,
Min bir əmin düşdü yada.
Tutuşdun bir qəm oduna,
Min bir qəmin düşdü yada.
* * *
O suvaqlı daxmalarda
Duydun elin ahını sən.
Əllərinə qələm verib,
- Dərdimi yaz! - dedi Vətən.
* * *
Durdun iti qələminlə
Millətinin keşiyində.
Sabirlərin, Səhhətlərin
Səhhətinin keşiyində...

_____________Milli Kitabxana_____________
II
Mirzə Cəlil, Mirzə Cəlil!
Sadiq qaldın öz əhdinə.
Ürəyinin hər sözünü
Verdin "Molla Nəsrəddin"o.
* * *
Lakin o yox, sən diriltdin
Bütün canlı ölüləri.
Qalxdı qəflət yuxusundan,
Cəhalətli Şərq elləri...
* * *
Durdun iti qələminlə
Millətinin keşiyində.
Sabirlərin, Səhhətlərin
Səhhətinin keşiyində.
III
Mirzə Cəlil! Mirzə Cəlil!
Sən güldün də, ağladın da.
Qəmküsara güllə dəydi,
Dönüb qara bağladın da.
* * *
Sadə, şirin ləhcənlə sən,
Dilimizə şöhrət oldun.
Bu hikmətlər ölkəsinə,
Ən dərin bir hikmət oldun.
* * *
Sən də böyük ürəyinlə
Salamladın bu diyarı!
Sən bu gün də dayanmısan
Vətəninin keşiyində.
Sabirlərin, Səhhətlərin
Səhhətinin keşiyində.

_____________Milli Kitabxana_____________
SEVİB YAŞATDI
Turan Cavidə
Ona gec də olsa,
Sevinc verdilər.
O, dalğın dayandı, o sevinmədi.
Onu öz fövqündə duran gördülər,
O, göylər qızı tək
Yerə enmədi...
Ona bir şəfəqli
Müjdə verdilər.
Güneylər gülsə də, qüzeylər gülməz.
Ona dünya boyda xəbər dedilər,
Dedi: - Bilirdim ki,
Sənətkar ölməz!..
O, söz hikmətini
Sevib yaşatdı
Dalğın baxışının ifadəsində.
O, nə kirpik sıxıb, sinə boşaltdı...
Şairi ucaltdı iradəsində...
SABİRİM
Mayın son günüdür, doğulduğun gün,
Dağlar tül örpəkli, çiçəklər gülgün.
Ana torpağından qəm oldu sürgün,
Müəzzəm heykəlin güldü, Sabirim,
Bu gün nə sevimli gündü, Sabirim!
Qəflət yuxusundan bizi oyatdın,
Yanar göz yaşım sulara qatdın.
Elin qəm yükünü dəryaya atdın,
Çırpıldı sinənə dalğa, Sabirim,
Bənzədin qocaman dağa, Sabirim!

_____________Milli Kitabxana_____________
Əritdin qəlbini sən gilə-gilə,
Bərkdə arxa oldun Mirzə Cəlilə.
Daim qonaq oldun qəmə-nisgilə.
Dərdini çəkənməz dağlar, Sabirim,
Acı gülüşləri ağlar, Sabirim!
Sənətkar sınanar darda, çətində,
Min duyğu oyatdın məmləkətində.
Cəhalət gömüldü hər söhbətində,
Kül altda közərən közdün, Sabirim,
Əsrin tufanına dözdün, Sabirim!
Oyan! Torpağını bir seyr elə sən!
Səni ürəklərdə yaşadır Vətən.
Dünyalar durduqca boy verəcəksən,
Sən ey şerimizin nuru Sabirim,
Qocaman Sabirim, ulu Sabirim!
"1906-1956"
Səməd Vurğuna
İnsan dünyaya gəlir,
Təvəllüdü yazılır.
İnsan dünyadan gedir,
Baş daşında bir tirə,
İki rəqəm qazılır...
İnsan dunyaya gəlir,
İllərlə qələm çalır.
Zəkasına baş əyib,
Ulduzlar da alçalır.
İnsan dünyadan gedir.
Onun həyat yolundan
Kiçik bir tire qalır.
Ömrün uzun yolları!
Ötsə də üstünüzdən,
Siz ey kiçik tirelər!

_____________Milli Kitabxana_____________
Zamanın sərt ruzgarı;
Səyyarələr yağsa da
Göylərdən dolu kimi.
Böyüyən bir dühanın
Şərəfli yolu kimi.
Mərmərlərə həkk olan,
Siz ey kiçik tirelər!..
Mənalı insan ömrü,
Heç vaxt getməyir hədər.
HƏSRƏT NƏĞMƏSİ
Müşfig üçün
Naxçıvan nisgillər açarçısıdır,
Ona qonaq gələn ovudar qəmi.
Ancaq Arazımız el carçısıdır,
Naləsi tutubdur bütün aləmi.
Müşfıqim, üfüqdə gülümsəyir dan,
Tikanlı məftillər qubarlı yara.
Əlin çatmasa da qatar yolundan,
Bir salam göndərdin Sən Şəhriyara.
Yaralı şairin, sözlü ustadın,
Səsi həzin teldə, sarı simdədir.
Şair var, yurdunda qərq olub yadın,
Qəbri də özü tək tilsimlərdədir.
Yəqin ki, örtübdür qərib türbəni,
Yabanı çal-çayır, pəjmürdə yosun.
Deyirlər Cavidim çox sevib səni,
Mən niyə sevməyim, mən niyə susum?
Dərdini xalqıyla bölən şairin,
İlham zirvəsindən şəlalə daşar.
Sözünü deməmiş ölən şairin,
Sözü dildə gəzər, dodaqda yaşar.

_____________Milli Kitabxana_____________
Naxçıvan! Bax budur məmləkətimiz,
İstədik onunla bir görüşəsən.
Səni qəlbimizdə gətirmişik biz,
Arazla dərdini tən bölüşəsən...
Şairim, üfüqdən günəş kimi qalx!
Sənətkar susanda millət kar olar.
Təqsiri Arazın üstünə yıxsaq,
Araz bundan da çox zülmkar olar.
Bölünən xalqların müqəddəratı,
Dünya məclisində nəqarət olmuş.
Bəs niyə, bəs niyə azəri adı,
İkiyə bölünüb belə yad olmuş?..
Susma! Odlu şair, alovlu ürək,
Çılğın misraları ayağa qaldır.
Səni yıxa bilməz bir daha külək,
Qayada palıd ol, dəryada sal dur!
Sənətkar sınanar darda, çətində,
Şairlik heç kəsə gəlməsin asan.
Sən indi Əcəmi ziyarətində,
Şərqin əfsanəvi qapısındasan.
Tüklərim ürpəşdi, sanki üşüdüm,
Arazdan deyirəm, qəhərliyəm mən.
Mənim müdrik sözlü cavan Müşfiqim,
Nəqşi Cahanıma sən xoş gəlmisən!
CƏFƏRİM MƏNİM
Ustad sadiq qaldı öz ilqarına,
Milyonlar bir mizrab vurur tarına.
Sənin könül adlı söz diyarına,
Düşübdür yenə də güzarım mənim.

_____________Milli Kitabxana_____________
Əlimə ilk qələm aldığım günü
Hürkütdün gözlərdə yatan mürgünü.
Ucalt, göyə qaldır sənət mülkünü,
Cəfərim, Cabbarlım, zəfərim mənim.
Dəryadan dərinsən, göydən qəlbisən,
Bir zümrüd quşusan, uçuşunla sən.
Elxanı, Yaşarı, Almazı sevən,
Sevili sevdirən Cəfərim mənim.
ŞİRMAYI DİLLƏR
Bəstəkar Fikrət Əmirova
Ötün bülbül kimi şirmayı dillər,
İncə səsinizdə həyat eşqi var.
Elin ürəyindən yazır deyirlər,
Ürəyi ellərə bağlı bəstəkar.
Ötün, həzin dillər, səsinizdə mən
Eşidim suların zümzüməsini.
Arazı belinə dolayan Vətən,
Eşit sən oğlunun könül səsini.
Rübabi bir mahnı, lətif bir şeir
Ürəkdə yurd salıb, dodaqda yaşar.
Dibçək şitilləri tez solub gedər,
Torpaqdan göyərən torpaqda yaşar.
İncə muğamların qanadında biz,
Gəlin ümmanların üstündən uçaq.
Bizim el mahnımız, el təranəmiz,
Hələ çox yerlərdə qanad çalacaq.
Qulaq ver qəlbimdən gələn bu səsə,
Mənim əziz dostum, sanə sözüm var:
- Gözlər yaşarmasa, tük ürpəşməsə,
Nə sənət yaranar, nə də sənətkar.

_____________Milli Kitabxana_____________
Çal, ey bəstəkarım! Qoy barmaqların
Duyan könüllərin telində gəzsin.
Sənin sənət eşqin, sənət ilqarın,
Dünyanın yüzlərlə elində gəzsin.
SƏSLƏR ZİRVƏSİ
Bəstəkar Qara Qarayevə
Səs - zirvədir,
İncə bəstə cilalıdır.
Sözu varsa,
Kim yaratsa
Əsil sənət halalıdır.
Tər tökübdür,
Puçur-puçur,
Qram-qram,
Şirmayı dillər üstündə
Əziz Qaram!
Bəstələnmiş
Odlu qəlbi daim vurar,
"Yeddi gözəl",
Yeddi gəzər,
Yüz il yaşar, min il durar.
Muğam üstə
Yeni bəstə
Yaradana minnətdaram,
Əziz Qaram!
Bəstə nədir?
Musiqinin bir lələyi.
Qaramızın
Hər ulduzun
Sinəsində var ürəyi..
Qara
Səslər zirvəsidir,
Qüzeyndə dənər qaram.
Qırdın səslər buxovunu,
Əziz Qaram!

_____________Milli Kitabxana_____________
Şimşəklərin
Öz ahəngi, öz rəngi var,
Qədəm basın,
Qulaq asın
Gör qəlbində nə cəngi var!
"İldırımlı yollarla" keç!
Hamar yolla Yoxdur aram,
Əziz Qaram!
Sənin əsil sürətini
Çəkdi Tahir.
Tahir rənglər çalarıdır,
Çünki,
Mahir fırçalıdır.
Ancaq mənim
Nə abım var,
Nə çəhrayım,
Nə də qaram.
Sürətini
Söz üstündə yaradıram,
Əziz Qaram!
Qara vüsal,
Qara həsrət qovşağıdır,
Yağış onun
Bəstə şehi, qövsi-qüzeh qurşağıdır.
Gur Araza deyəndəki:
Sən kamança,
Mən də taram.
Azərbaycan nəğmə deyir:
Əziz Qaram!
Əziz Qaram!

_____________Milli Kitabxana_____________
DAĞ QARTALI
Xalq yazıçısı Süleyman Rəhimova
ithaf
Deyirlər, qocaman qartal uçanda,
Qayalar diz çökər, zirvələr sinər.
İlham vəcdə gəlib qanad açanda,
Sənət meydanında göstərər hünər.
O, öz diyarına, doğma yurduna,
Elə ki, fərəhlə çevrilib baxır;
Xalqın dərya təbi verilib ona,
Coşqun dağ selləri qəlbindən axır.
Elini-gününü sevən sənətkar,
Ucalır bir qartal qanadı kimi.
"Şamo"nu bağrıma basıram, dostlar,
Möhtərəm ədibin övladı kimi.
Yox, yox, titrəməyir qurşun qələmi,
Onun sinəsində min dastan yatır.
Elə bir insanın deyin, nə qəmi,
Sənəti ən canlı epopeyadır?!
Yarat, ey sənətin könül sirdaşı,
Doymaz yaratmaqdan sevdalı ürək.
Ey şair Vurğunun ədib qardaşı,
Ömrün uzun olsun arzularıntək!..
OXU, RƏŞİDİM, OXU
SSRİ Xalq artisti Rəşid Behbudova
Ata - dağ çayı,
Ana - göl.
Övlad - o göldə üzər.
Burada hər ləpə mavi,
Hər dalğa gümüşdən gözəl.

_____________Milli Kitabxana_____________
Valideynlər eyni,
Övladlar çeşid-çeşid...
Bir gün
Məcidin
Bir oğlu oldu.
Adını qoydular:
Rəşid!
Anan Firuzənin
Laylasını eşit,
Ay Rəşid!
Atan Məcidin
Gəraylısını eşit,
Ay Rəşid!
Qulağında
Zəngulə qalsın,
Ay Rəşid!
Qurban tarında çalsın,
Ay Rəşid!
Təbiəti gözlərində güldür.
Səsin bülbül,
Ürəyin güldür,
Ay Rəşid!
Oxu, əziz Rəşidim,
Sən oxu,
Mən eşidim,
Rəşidim!
Səsi bahar Rəşidim.
Rəşidim!
Sən oxu,
Mən eşidim.
Eşidim
Səsindəki rəvanlığı.
Ey Cabbar Qaryağdının,
Keçəçi Məmmədin,
Məçidin,
Bülbülün,

_____________Milli Kitabxana_____________
Xanın cavanlığı!
Ey bulaq qaynaqlı,
Çay axarlı müğənni –
Küləklər sənə nənni..
Meh - ətirli nəfəsin,
Oxu,
Qoy axsın səsin...
Ata yurdun Şuşada
Min zəngülə bərqərar.
Ürəklərdən süzülür
"Rahab", "Segah", "Şur", "Qatar".
Təsniflər əlvan-əlvan,
Muğamlar çeşid-çeşid,
Onlan birər-birər
Qəlbinə yaz, Ay Rəşid!..
Şərqilərin duruca,
Səsin boyundan uca.
Cənub göyləri kimi,
Baxışların apaydın.
Bu yurdun, bu torpağın
Uçan nəğmələrini
Bütün dünyaya yaydın...
* * *
"Arşın mal alan!" –
Bu səs, Üzeyirin
Qəlbindən qopan zaman,
Sənimi axtarırmış?
Danış, ay Rəşid, danış!
Sən şərqilərin
Uçuş meydanlarına
Qədəm qoydun ilk dəfə...
Görmədiyin yerlərə
Ekranda seyrə çıxdın.
Sənət ilahəsinin

_____________Milli Kitabxana_____________
Şumşad əlini sıxdın.
Öpüb bağrına basdı
Tar səni, qaval səni.
Yeddi möcüzədən biri
"Tac-mahal" səni.
Hindistan! –Əfsanəvi
Gözəlliklər diyarı.
Bombeyin, Kəlküttənin
Əsrarəngiz baharı
Qarşıladı
Çəmənli, şehli səni.
Uçurdu min fərəhlə
Qocaman Dehli səni.
Oxu, əziz Rəşidim!
Sən oxu,
Mən eşidim,
Rəşidim!
Dünay sahillərində
"Valslar kralı" Ştrausun
Doğma elində
Sən kükrədin, Sən axdın.
Sən axarlı səsinin
Cilovunu buraxdm.
Venesiya! -
Su üstə üzən şəhər.
Səni
Neft daşları qədər,
Mehriban
Bir bala kimi,
Su üstə üzən
Qala kimi
Qarşıladı.
Dodaqlardan düşmədi:

_____________Milli Kitabxana_____________
Azərbaycan,
Bakı,
Bir də Rəşidin adı!
...Leonardo da Vinçinin
Qədirbilən vətəni.
Florensiya -
O gözəllər yurdu
Bağrına basdı səni.
Ulduzlu göylər altında
Sən qaranquş oldun.
Hər nəğmən elə bil ki,
Lap yenidən doğuldu.
Doğuldu qol atmağa,
Doğuldu
Neçə milləti
Güldürüb,
Ağlatmağa!..
Adamı sıxır qürbət.
Neyləmək,
Muğamat – kədərdir,
Şirin şərqilər -
Şərbət.
O şərbət piyaləsi
Dəydikcə hər dodağa -
Canını
Verər ellər
Müğənniyə sadağa.
Oxu, əziz Rəşidim!
Sən oxu,
Mən eşidim.
Rəşidim!
Qahirə göylərindən
Qalxdı bulud rübəndi.
Səsin kimi ucaldı
Asuan bəndi.

_____________Milli Kitabxana_____________
Qədim ehramlar yurdu,
Saçlarım oxşadı
Şanə-şanə, ay Rəşid.
"Vidadi xəstədən
Bağdad elinə
Sən yetirdin
Bir nişanə", ay Rəşid!
Qarlı Fin torpağına
Odlu nəğməylə getdin.
Uzaq Şərqin
Tayqa meşələrində
Bir çinar kimi bitdin.
Moldav gözəllərinə
Güldən çələng toxudun.
Neçə eldə, neçə dildə
"Arşın mal alan" oxudun...
Oxudun şirin-şirin,
Kükrədin Dalğa-dalğa.
Səsinə can sadağa!
Oxu bir də, Rəşidim!
Sən oxu,
Mən eşidim,
Rəşidim!
NƏĞMƏKAR QIZ
Unudulmaz  müğənnimiz Şövkət
xanım Ələkbərovaya həsr edirəm
Ötən bulud, əsən külək, coşan dəniz, dinlə bir,
Həsrətini çəkdiyim qız şirin-şirin oxuyur.
Onun səsi yerin-göyün ürəyini dindirir.
Görəsən o oxuduqca nə düşünür, nə duyur?

_____________Milli Kitabxana_____________
Nəqarət
Pəncərəmdən aymı baxır, yoxsa o qız, görəsən?
Yoxsa onun nəfəsidir ləpələrə toxunan?
Sevdalı qız, gur səsinlə bir də oxu, bir də sən,
Yoxsa mənim saf eşqimdir bu nəğmədə oxunan?
Çox çıxmıram gül eyvana, duyuq düşər qonşular,
Sən susarsan, Ay gizlənər, bulud çökər qəlbimə.
Mən cavan bir sənətkaram, sənsə gözəl nəğməkar,
Bizim həyat nəğməmizdir oxuduğun bu nəğmə.
BEŞİK BAŞINDA
Bəstəkar Şəfiqə Axundovaya ithaf
edirəm
Xəzər sahilindən bir qədər kənar
Ətrafı yam-yaşıl bir aynabənd var.
Orda suyu şirin, sadəcə bir qız,
Piano önündə oturub yalqız,
Baxıb pəncərədən nə isə anır.
Qəlbində ən zərif bir hiss oyanır...
Ayrılıb bir anlıq düşüncələrdən
Şirmayı dillərə əl gəzdirərkən
Ürpəşir bədəni, yaşarır gözü...
Oxucum, belədir, senətkar özü.
Yeni bir ilhamla yaşayan zaman
Odlu bir hiss keçir onun canından.
Odur bax, o çalır... açılır bu dəm
Gözlərim önündə yeni bir aləm.
Bakı gecələri... nur səpir qəmər,
Gümüş rübəndinə bürünmüş şəhər.
Yaşıl bir eyvanda, beşik başında
Bir ana ömrünün cavan yaşında
Əziz körpəsinə dedikcə laylay,

_____________Milli Kitabxana_____________
Zərli tellərilə o sevdalı ay
Oxşayır körpəni bir ana kimi.
Layla od aşiqi-pərvanə kimi,
Dolaşıb beşiyin başında yenə,
Yayılır xəzərin dərinliyinə...
Ayrılıb bir anlıq düşüncələrdən
O bəstəkar qızı seyr edirəm mən –
O solğun görünür, gözləri dolğun,
Yuxusuz gecələr olsa da yorğun.
Lakin yaratdığı şirin nəğmələr
Ona müqəddəsdir gəncliyi qədər.
O yenə çalırdı... Sevindiyimdən,
Vurulub o qızın ruhuna qəlbən,
Dedim: - Dinlə məni, ey təbi rəvan!
Nədir yaratdığın bu gənc yaşında? –
Dedi: - Aylı gecə, yaşıl bir eyvan,
Bir ana laylası beşik başında.
TƏZƏ ÇİÇƏKLƏR
General Həzi Aslanovu əziz
xatirəsinə
Seyranım olduqca Dağüstü parkı,
Fikrimi cəlb edir dilsiz bir məzar.
Deyirəm, ey doğma vətən torpağı,
Sinəndə nə qədər oğul dərdi var...
Küləklər üstünə yarpaq sovurur,
Bəzən duman düşür bu tək məzara.
Bəzən qızmar günəş onu qovurur,
Bəzən də bu türbə qərq olur qara...
Nəmli köynəyini sıxır buludlar,
Keçir yaz günləri, payız xəzanı.
Soruşur təbiət, soruşur bahar:
- Ellər bahadırı mərd Həzi hanı?

_____________Milli Kitabxana_____________
Hanı adı dildə, qüdrəti eldə,
Şöhrəti aləmdə dolaşan Həzi?
Bu səsə qoşulub qanadlı yel də,
Dolaşır Qoşqarı, gəzir Kəpəzi...
Qəlbimdən səs gəlir, duyun, eşidin!
Yurdumun qoynunda o, əziz yatır.
Xəbəri dillərdə gəzən igidin,
Özü torpaq altda xəbərsiz yatır.
...Keçir gözlərimdən döyüş meydanı,
Ölüm qılınc çəkib, həyat dardadır.
O, tank alayının baş komandanı,
Yenə də birinci sıralardadır.
Baş-başa gəldikcə zirehli tanklar,
Ulduzlar titrəşir mərmi səsindən.
Həzi qabaqdadır, qabaqda, dostlar!
O tank hücumunu seyr edirəm mən.
Döyüşdə hər anın hökmü başqadır,
Bir polad sipəro çevrilir bədən,
Övladı bir vətən eşqi yaşadır,
Vətənsiz övlad yox, övladsız vətən.
Bir-bir azad olur kəndlər, şəhərlər,
Qalxır barıt iyi, səngiyir ara.
Qəlbə dərd artıran acı bir xəbər,
Yayılır bir anda bizim dağlara:
-
Həzi öz canını...
Yox, yox, yalandır!
O, yenə şığıyır düşmən üstünə.
Qəhrəman ölərmi, o qəhrəmandır,
Eşqi ürəklərdə yaşayır yenə.
Ölməmiş, yaşayır o, əslində də,
Ona mahnı deyir sərin küləklər.
İlin yaz fəslində, qış fəslində də,
Üstündə sayrışır təzə çiçəklər...

_____________Milli Kitabxana_____________
HEYKƏL
Heykəltəraş Cəlal Qaryağdıya
ithaf edirəm.
Paytaxtım üstündə bir zirvə qalxdı,
Zirvədə Nəriman baxışları var.
O müdrik insanın ucalıq taxtı,
Həmişə, hər zaman yüksəkdə durar.
Böyük sənətkarın mahir əlləri,
İncəlik, zəriflik naxışlarıdır.
Bəlkə Nərimanın dalğın nəzəri,
Bizim Qoca Şərqin baxışlarıdır.
Deməyin, Nəriman getdi dünyadan,
O, Şərqə ən böyük havadar oldu.
Onun heykəlini göyə ucaldan,
Sehrkar barmaqlı Qaryağdı oldu.
ƏSRİN SON GÜNÜNƏ
BƏRABƏR GEDƏK
Şair dostum Mir Mehdi
Seyidzadəyə
Bizə deyirlər ki, gözəl dostdular.
Şairim, onlara bircə sözüm var:
- Dünya belə olub əzəldən bəri,
Təmiz ürəklilər daim dost olar!..
Şair var, desə də gözəl şeirlər,
Onu insan kimi sevmir bu ellər.
Lakin əziz dostum, hər yerdə sənə,
Həm insan, həm də ki, şair deyirlər...
Şerin töküldükcə min bir varağa,
Bütün gənc nəslimiz qalxır ayağa.
Demə, qocalmışam bu xoş günümdə,
Saçların gümüşdür Ağa, ay Ağa!

_____________Milli Kitabxana_____________
"Ayaz"ın düşmənlə durmuş üz-üzə,
"Nərgiz"in Nərgizlər yetirib bizə.
Mənim Dilşad qızım, sevimli balam
Oxşamaq istəyir igid Nərgizə...
Yazdığın hər incə, hər gözəl şeir,
Neçə kənddən deyir, şəhərdən deyir.
Bütün gül balalar verib səs-səsə
Sənin hər şerini əzbərdən deyir.
İlham vəcdə gələr, söz qanad çalar,
Ömrünü sənətə verən ucalar.
Qoy deyim, bu söz də bir məqsəd olsun:
- Gəncləşər gənclərlə gəzən qocalar!..
Çarpdıqca sevinclə sinəmdə ürək,
Qoy şerim başına səpsin gül-çiçək.
Mir Mehdi, qolunu keçir qoluma,
Əsrin son gününə bərabər gedək.
MƏNİM TEATRIM
Mənim teatrım!
Xoş nəfəsinlə,
Oxşa ruhumuzu bahar yeli tək.
Qəlbə qida verən incə səsinlə,
Aç bizə qoynunu gülümsəyərək.
Gəlinə bənzəyir duruşun sənin,
Qoy qəlbin ellərlə düz ilqar olsun.
Sənət yürüşüdür yürüşün sənin,
Sənə bu yürüşdə uğurlar olsun.
Duyduqca yadıma gör nələr düşür;
Qoynunda birləşir dünya sənəti.
Çexov Şekspirlə gəlib görüşür,
Cavid salamlayır Nazim Hikməti.

_____________Milli Kitabxana_____________
Mənim teatrım!
Təmiz eşqimi,
Sənə bağlamışam, mənə gərəksən.
Abbas Mirzə kimi, Ülvilər kimi,
Odlu sənətkarlar yetirəcəksən!
Naxışlı tağların hörmə-hörmədi,
Axışıb baxacaq paytaxtım sənə.
Nə Cəfər, nə Vurğun səni görmədi,
Onların gözüylə qoy baxım sənə.
Cəfər yoxdusa da, onun "Almaz"ı,
Qoy öz əlləriylə açsın pərdəni.
Ağsaçlı Vurğunun sənət dünyası,
Sevdalar qoynunda gəzdirsin səni.
Sənə bağlamışam odlu könlümü,
Görüm bu gülzarın heç vaxt solmasın.
Elə ki, zəng oldu, işıq söndümü,
Bircə stulun da qoy boş olmasın.
Mənim teatrım!
Qoy səhnəmizdə,
Əsrin övladları izini görsün.
Buruqlar önündə, məhsullu düzdə,
Özünü axtarıb, özünü görsün.
Mənim teatrım!
Səsimi dinlə:
Yeni qəhrəmanlar gətir meydana,
Bu ilk gəlişinlə, xoş qədəminlə
Sənət müjdəsi ver Azərbaycana!

_____________Milli Kitabxana_____________
Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin