İslam səFƏRLİ seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə9/10
tarix22.04.2017
ölçüsü2,79 Kb.
#15243
1   2   3   4   5   6   7   8   9   10

MƏNALI GÜLÜŞ
Sabit Rəhmana
Şirin gülüşlərlə gəl güldür bizi,
Çox duzlu-məzəli bir aləmin var.
Sabit! Cəfər kimi sev səhnəmizi,
Sənin öz nəfəsin, öz qələmin var.
"Toy"un səhnəmizə qədəm qoyalı,
Neçə Kərəmova toy tutub keçdin.
Səhnə üçün yazdıqca əli sayalı,
Gülüşü xoşladın, gülüşü seçdin.
Pərdələr açıldı, pərdələr endi,
Bizim "Nişanlı qız" gəzdi səhnədə.
Beşi pərt oldusa, yüzü sevindi,
Qələmin çoxunu əzdi səhnədə.
Uymadın şöhrətə, uymadın ada,
Dedin, səhnəmizə yazmaq gərəkdir.
Deyirlər, bu günlər təzə binada,
Dostun Əliqulu evlənəcəkdir?!
Nə deyim, çox gözəl ustadımızsan,
Dərdini dostlarla bölüşən oldun.
Boş-boş nitqlərlə ucalmaz insan,
Döşünə döymədin, döyüşən oldun.
"Xoşbəxtlər" yüz dəfə açdı pərdəni,
"Aydınlıq" aydınlıq gətirdi bizə.
Yürüşə səsləyir "Koroğlu" səni
Sənət müjdəsi ver ellərimizə.
Gah Mirzə Qərənfili, gah Mindillini,
Gah usta Segahı dilə salmısan.
Bəlkə daddığımız bu şirinliyi,
Baban Səbuhidən sən borc almısan?..

_____________Milli Kitabxana_____________
Gülüş şərbətindən içdikcə ellər,
O qaynar bulağın gözü sən oldun.
Çoxuna məzhəkə yazan deyirlər,
Bunun ən yaxşısı, düzü sən oldun.
MÖHSÜN SƏNANİYƏ
İthaf
Möhsün, bu xoş gündə demə qocaldım,
Ömrün səhnəmizə gətirib bahar.
Həqiqi sənətlə daim ucaldın,
Sənətkar qədrini bilər, sənətkar.
Qəlbini ellərə bağlamayanlar,
Yüz il vəz etsə də, el onu udmaz.
Səndə xalqımızın ər qeyrəti var,
Bu vətən torpağı səni unutmaz.
Çıxaraq sənətin söz vadisinə,
Bir çələng hörmüşəm güldən-çiçəkdən.
Bu yetmiş baharlı əziz günündə,
Ərməğan verirəm sənə ürəkdən.
Sənət çələngini gəzdir başında,
Kim buna xor baxsa qəlbi qaradır.
Qoy onlar bilsin ki, bizim dünyada,
Ən böyük məhəbbət sənətkaradır.
Sənətin ecazkar gözəlliyindən,
Qənirsiz gözəl də min ilham alır.
Həzin rübabını basıb bağrına
Sənətin eşqinə mahnılar çalır.
Nə xoşdur, xoş gündə nəğmələr demək,
Mən şeir bağında ötən bir quşam.
Möhsün, sənət adlı bir sərvsən ki,
Sənin bulağına gəlib qonmuşam.

_____________Milli Kitabxana_____________
Mən səni görürəm, görürəm yenə,
Böyük Səbuhinin söz sənətində.
Yaşıl alaçığa yaxınlaşırsan,
İgid Heyderbəyli öz surətində.
Mən səni görürəm beşinci ildə,
Qəhrəman Eyvazın timsalı kimi.
Mən səni görürəm Səməd Vurğunun
"Vaqif"də Eldar tək qartalı kimi.
Mən səni görürəm, görürəm, ey dost,
Uzaq sahillərdə Mixaylo kimi.
Qanlı yağılara divan tutursan,
Gözündə Abşeron, qəlbində Bakı.
Mən səni görürəm, ey şofer oğlan,
Təcili yardımı sürüb gəlirsən.
Hərdən Güliçkaya baxıb qıyğacı
Gah acı, gah şirin söhbət edirsən.
Mən səni görürəm, görürəm, Möhsün,
Yüzlərlə surətlər silsiləsində.
Demə qocalmışam - xoş keçir ömrün,
Bir sənət eşqi var sənin səsində.
Möhsün, dostlar kimi açıq ürəklə,
Səni təbrik edir, alqışlayıram.
Sənə bu şerimi güldəstə kimi,
Bu əziz günündə bağışlayıram.

_____________Milli Kitabxana_____________
YETMİŞ İL BİR SİNƏDƏ...
Qurban Pirimov 70 il bir tarda
çalmışdır
Yetmiş il bir sinədə,
Yurdumuza car oldun.
Sədəf tarlar içində,
Sən Qurbana yar oldun.
Soruşur el-elatın:
Hanı Çoban Bayatın?
Qoca tarzən susanda,
Simin siminə dəydi.
Haray saldı Qarabağ,
Kəpəz başını əydi.
Sarı simin həzindi,
Sahibini gəz indi...
Barmağının istisi,
Pərdələrdə qalıbdı.
Görən son dəfə səndə,
Hansı muğam çalıbdı?
Kaş tozunu siləydim,
Onu bircə biləydim.
İncə pərdə, zərif xal,
Həzin mizrab hardadı?
Həqiqətin, Bülbülün
Xoş səsi bu tardadı.
Susma, danış barı sən, -
Azərbaycan tarı, sən.

_____________Milli Kitabxana_____________
Qəm eləmə, qoca tar,
Bəmin, zilin cavandı.
Hansı tar şura gəlsə
Bil ki, sənin havandi.
Azərbaycan tarı, sən,
Qurbansız qaldı tarım...
BİZİM DƏ HƏYƏT VAR...
"Bizim həyət" şerinin müəllifi
Teymur Elçinə nəzirə
Ailədə biz üçdük,
Təzə binaya köçdük.
Bir həyət dolu uşaq,
Səslər çıxdı boğuşaq...
Həyət-baca qaynadı,
Oğul-uşaq oynadı.
Yıxıldı:"Vay!"- eşitdik,
Hərdən giley eşitdik.
- Oğlunun qulağın bur,
Qızın qızımı vurur.
Analar xeyli dindi,
Tənbeh atını mindi...
İllər baş alıb getdi,
Yenə həmin həyətdi.
Böyüyüb bir parası,
Gözümüzün qarası.

_____________Milli Kitabxana_____________
Artıq həyətə onlar,
Enməyə utanırlar.
Təzələri doğulub,
Həyət səsə qərq olub.
İndi onlar qışqırır,
Çər-çəpərləri qırır.
Giley gəlməyir yenə,
Əziz balamdan mənə.
Bax burda doğulan,
Oğlumun da oğlu var.
Gənc qızlar ana oldu,
Ana qaynana oldu.
Oğullar ata oldu,
Ata qaynata oldu.
Nəslimiz-əbədiyyət,
Yenə qaynayır həyat...
GÖYÇƏ GÜLÜ
Yenə gül əyyamı, bahar fəslidir,
Çiçəklər sayrışır, güllər öpüşür.
Təbiət insanı sanki məst edir,
Yarpağa şeh qonur, qəlbə od düşür...
Açır gözlərini sevdalı səhər,
Quşların xoş səsi qulağa gəlir.
Çiynində telli saz aşıq Ələsgər,
Enib kənd içindən bulağa gəlir.

_____________Milli Kitabxana_____________
Hamı ona baxır yollar boyunca,
Qıvrım çal papağı yenə qaşında.
Qızlar, ceyran qızlar əlində dolça,
Gülüşür, qaçışır çeşmə başında.
Gedir heyran-heyran cavan Ələsgər,
Odlu ürəyindən süzülür şeir.
(Bir az ayaq saxla, dayan, Ələsgər,
Qızlar şerini əzbərdən deyir?..)
"Durum dolanım başına,
Qaşı-gözü qara Ceyran.
Həsrətindən xəstə düşdüm,
Eylə dərdə çara, Ceyran".
Qızlar yenə bu gün xoş səhər çağı,
"Sarı tel" üstündə eləcə ötdü;
Açıldı aşığın qaşı-qabağı,
Elə bil çiynindən düşdü qəm yükü.
Gözələ baxmaqdan savab şey nə var?
Birdən sevdiyi qız gözünə dəydi.
Qızlar, arif qızlar tez yayındılar,
Ceyran yaşmaq tutub başını əydi.
Tək qovaq altında qoşa sevgili,
Dayandı bir qədər sanki lal kimi.
Əsdi Ceyran qızın dodağı, dili,
Əsdi ovçu görmüş bir maral kimi.
-
Ceyran!...
O, dinmədi.
- Ceyran, necəsən?
Gecələr sübhədək od tuturam mən.
Qırma Ələsgərin sınıq könlünü,
Mən sənə yazmışam "Göyçə gülünü".
Onu əzbər bilir bu doğma ellər, -
Deyib bu sözləri aşıq Ələsgər,

_____________Milli Kitabxana_____________
Bir telli sazına, bir qıza baxdı,
Qara qaş altından sıx kirpik çalan,
Yazıq Ələsgəri sevdaya salan,
O bir cüt ilahi ulduza baxdı...
Yanırdı ceyranın al yanaqları,
Bulağın gözütək qaynardı gözü.
O bülbül nəvalı gül dodaqları,
Söyləyə bilmirdi bir kəlmə sözü.
Ceyran dinməsə də irəli gəldi,
Üzünü söykədi sədəfli saza.
(Ah, o necə qəşəng, necə gözəldi,
Alqış, canlar alan bu sərvinaza).
Alqış, Ələsgərin məhəbbətinə,
Alqış, sözə alqış, ülfətə alqış!
Alqış, telli sazın şeriyyətinə, -
Bu incə, bu ülvi sənətə alqış!...
Onlar sarıldıqca sarmaşıq kimi,
Yarpaqlar astaca xışıldaşırdı.
Ələsgər ən odlu bir aşıq kimi,
Sazını çiynindən yana aşırdı.
Saz necə dilləndi gör sinəsində,
Güldü, telli sazın telləri güldü.
Aşıq Ələsgərin zəngüləsində,
Sanki Azərbaycan elləri güldü.
Əli teldə gəzdi, xəyalı eldə,
Eşqi də, ruhu da necə təzədi!
Hər yeni qoşmayla sevinir dil də
Sözlər sədəf kimi sazı bəzədi...
Dillən, a telli sazı, a sədəfli saz,
A mənim bağrımı şan-şan eyləyən.
Qəlbimi telinə tel bağla bir az,
Aşıq Ələsgəri vəsf edirəm mən.

_____________Milli Kitabxana_____________
Qoy başı çalmalı silsilə dağlar,
Ona səcdə qılıb, başını əysin.
Çiçəyi sayrışan yaşıl budaqlar,
Sazına söykənsin, telinə dəysin...
...Saz bəmə düşürdü bax yavaş-yavaş,
Ələsgər çevrilib Ceyrana baxdı.
Qızınsa gözündən iki damla yaş,
Süzülüb şeh kimi üzünə axdı.
Dağlara, daşlara dil verən insan,
Görün necə dilsiz, necə lal oldu?
Yaş töküb ağladı vəfalı Ceyran,
Gözlər dolmuş bulud, qaş hilal oldu.
Ceyran öz dərdini danışdı ona:
- Atam məni verir bir bəy oğluna!...
Bu söz ən dəhşətli ildırım kimi,
Eşqin heykəlini vurub uçurdu.
Ələ v sgər dağ kimi, sıldırım kimi,
Xəyala qorq olub, sükutla durdu.
Söz var ki, insana qol-qanad verər,
Onu qartal kimi göyə ucaldar.
Söz də var, səsində kaman inləyər.
Qəlbə dərd artırıb, ömür qocaldar.
Titrədi dağlardan ağır Ələsgər,
Taqətsiz qolları yanına düşdü.
Təzanə dəymədən qırıldı tellər,
Sazı da çiynindən yerə sürüşdü.
Qovaq dilə gəldi, çay dilə gəldi,
Qarağat kolları dedi astadan:
- Ələsgər hamıdan mərddi, gözəldi,
Ona vəfalı ol, əl çəkmə, Ceyran!...
Çeşmə gileyləndi, süzülüb axdı,
Bilmirəm çox dedi, yoxsa az dedi.

_____________Milli Kitabxana_____________
Durna qanadından lələk buraxdı;
- Dərdini ellərə oğlan, yaz! - dedi.
Ceyranın başından sürüşdü cuna,
Birdən sədəflini bağrına basdı.
Qırılmış simləri yığıb ovcuna,
Sazı Ələsgərin çiynindən asdı.
Ceyranım qorxurdu el tənəsindən
Üzünü bu dəmdə mahala tutdu:
"Ellər! Ələsgəri çox sevirəm mən".
Yox-yox, deməyin ki, Ceyran unutdu!...
"Mən onu sevirəm yaz günəşitək,
Lakin nə eyləyim, ata hökmüdür". ...
Bu ara dil açdı hər gül, hər çiçək:
"İnsana bir dəfə verilir ömür!"
"Doğrudur, bir dəfə ...
İnsafsız atam!
Bizim eşqimizi o qoydu nakam!"
Qəlbində iztirab, gözündə kədər,
Yalnız bu sözləri dedi Ələsgər:
- Məcnunam, gəzirəm Leyli çölünü,
Əlimdən aldılar "Göycə gülünü".
Qoy sazım ağlasın, sözüm ağlasın,
Hüsnünün aynası gözüm ağlasın...
Ələsgər Ceyrana elə baxdı ki,
Deyəsən bu görüş son görüş idi.
Odlu göz yaşı da elə axdı ki,
Çiçəklər üşüdü, güllər üşüdü.
Getdi "Göycə gülü", o gözəl pəri
Yağsız ürəyinin yağı töküldü.
"Bir gül bəsləyirdim yardan ötəri,
Xəzan vurdu, gül yarpağı töküldü...".

_____________Milli Kitabxana_____________
TƏBİƏTƏ, GÖZƏLLİYƏ, VƏTƏNƏ VURĞUNAM
XƏZƏRİM
Sinən bir ağ gümüşdü, gümüşdü,
Gözüm hüsnünə düşdü, nə düşdü.
Sahilində işıqlar qızıldı,
Yel dəydi, göy köynəyin sızıldı.
Suların çin-çin oldu, Xəzərim,
Ləpən göyərçin oldu, Xəzərim.
Demə, qoca Narginim qaladı,
Dəniz meşəsində o, taladı.
Mayakların qızarır nar kimi,
Sinən necə soyuqdur qar kimi.
Ağ dalğan ağ ayıdır, Xəzərim,
Hər ləpən qağayıdır, Xəzərim.
Urəyimdə söz yatır suyunca,
Dinlə məni, dinlə sən doyunca.
Sularına mirvari düz ki, sən,
Paytaxtımın hüsnünə güzgüsən.
Dodaqların duzludur, Xəzərim,
Göylərin ulduzudur, Xəzərim.
Söylə görüm, ay dəniz, ay dəniz,
Çimibmi göy sinəndə Ay, dəniz?
Ulduzlar xalınmıdır gecələr,
Dalğalar yalınmıdır gecələr?
Saf qoynuna düşübdür güzərim,
Xəzərim, ay Xəzərim, Xəzərim...

_____________Milli Kitabxana_____________
BİZİM DAĞLARDA
Ay ellər, min zinət gördüm,
Bizim dağlarda, dağlarda.
Bir səfalı ömür sürdüm,
Bizim dağlarda, dağlarda.
Yurdumun şah vüqarı var.
Daşkəsəni, Qoşqarı var.
Babaların ilqarı var,
Bizim dağlarda, dağlarda.
Gələr yayda qonaqları
Məskən edər yaylaqları.
Daşar Narzan bulaqları,
Bizim dağlarda, dağlarda.
Dan yerini oyatmışam,
Dağlar deyə yaratmışam.
Mən İslamam, boy atmışam,
Bizim dağlarda, dağlarda.
SƏMƏNİ
Havada sazaq var, havada şaxta,
Mənsə düşünürəm ilk bahar haqda.
Anamın qoyduğu bir göy səməni,
Bahardan yazmağa çağırır məni.
Baxıram, baxıram göy səməniyə,
Dönür nəzərimdə yaşıl zəmiyə.
Odur, dan sökülür, nur səpələnir,
Gözümdə zəmidir, hey ləpələnir...
Sevgilim toplayır əlvan gül-çiçək,
Çiçəkdən-çiçəyə qonur kəpənək.
Gülür kol dibindən bənövşə, nərgiz,
Baharla qol-qola yeriyirik biz.

_____________Milli Kitabxana_____________
Deyirəm, bizimlə gül, gəz, baharım!
Baxıb xumarlanır gülgəz baharım...
Bu vaxt sərt küləyin boz qanadları
Geniş pəncərəmə sovurur qarı –
Duyuram, xəyalmış aparan məni,
Qarşımda bir kağız, bir göy səməni...
İSTİSU
Dəlidağın ətəyində göz açan,
Kəlbəcərdə ləpir salıb, iz açan.
Min məclisdə söhbət açan, söz açan,
Ələsgərtək nüfuzlusan, İstisu.
Nə dadlısan, nə duzlusan, İstisu.
"Gəlin qaya", "Əsmər bulaq", göy çəmən,
Qız-gəlinin geyib gəzir göy kətan.
Sazlı-sözlü qonaq gəlir Göyçədən,
Sən ondan da avazlısan, İstisu,
Nə dadlısan, nə duzlusan, İstisu.
Çaxan şimşək buludunun gülüşü,
Tərtər çayın kəmərindir - gümüşü.
Tamaşadır min çadırlı dağ döşü,
Sən söhbətli, sən sazlısan, İstisu,
Nə dadlısan, nə duzlusan, İstisu.
ABŞERON
Bakı işıqlarla alışan kimi,
Parlayır döşündə bir nişan kimi.
Sahil qəndilləri kəhkəşan kimi,
Hüsnünü daima bəzər, Abşeron,
Mavi ətəyindir Xəzər, Abşeron!

_____________Milli Kitabxana_____________
Sulara sinə gər, minbir vüqarla,
Fəxr et, Bakı kimi gözəl diyarla.
Sabaha yürüş var, qalx iftixarla,
Yarış cərgəsinə düzül, Abşeron,
Ey qızıl ürəkli, qızıl Abşeron!...
BƏRDƏ
Baxıb cəlalına xəyala daldım,
Şeir rübabımı eşqinlə çaldım.
Hər xoş mənzərəndən bir ilham aldım,
Bahar xalısını sərəndə, Bərdə.
Sinən yağılardan min yara almış,
Nizami eşqinlə hey qələm çalmış.
Fateh İskəndəri kəməndə salmış,
Nüşabə zülfünü hörəndə, Bərdə.
Demirəm, duruşun bənzər ceyrana,
Doğma bir övladsan Azərbaycana.
İslamın xəyalı gəldi cövlana,
İlk dəfə hüsnünü görəndə, Bərdə.
MƏRƏZƏ
Yol üstündə gül kimi
Bitmisən ay Mərəzə.
Demə, nəzərimizdən
İtmisən, ay Mərəzə.
Sübh çağı, səhər erkən,
Maşmla keçəndə mən,
Bir torağay olub sən
Ötmüsən, ay Mərəzə.

_____________Milli Kitabxana_____________
Nə qəm yeyib, nə inlə,
Məni ürəklə dinlə.
Yol gedəndə mənimlə,
Getmisən, ay Mərəzə.
Nə deyim bu halına,
Aşiqəm cəlalına.
İslam tək vüsalına
Yetmisən, ay Mərəzə.
SURAXANI
Deməyin ki, şair gəldi,
Bu büsatı heç görmədi,
Suraxanı Abşeronun
Gözlərində bir sürmədir.
* * *
Boz qumsallı bu yerlərdə
Ağac, budaq olmasa da,
Buruqların sıx meşəsi
Şamlıqları salır yada.
* * *
Gecə-gündüz yorulmadan
Enib qalxır mancanaqlar.
Bu görünüş, bu mənzərə
Hər gecəni yoldan saxlar.
* * *
Yaraşıqlı ağ binalar,
Cərgə-cərgə düzüldükcə,
Suraxanı işığından
Min nur alır zülmət gecə.

_____________Milli Kitabxana_____________
* * *
Qara qızıl yer altından
Min illərdir axmadadır.
Sanmayın ki, babalarım
Yenə zülmət daxmadadır.
* * *
Yox, işıqlı bir sabaha
Gedir gözəl paytaxtımız.
Gülür sonsuz bir sevinclə,
Öz eşqimiz, öz bəxtimiz.
* * *
Atəşgahlar yeri bilib,
Hamı gəlmiş bu diyara.
Düşünürəm dərin-dərin,
Bu gün hara, o gün hara!
* * *
Ağır dəvə karvanları
Keçib susuz səhraları,
Ziyarətə axıb gəlmiş
Bu müqəddəs yerə sarı.
* * *
Hind elindən karvan-karvan,
Dəstə-dəstə, qatar-qatar,
Bu məbədə, atəşgaha
Axıb gəlmiş min bir zəvvar.
***
Suraxanı möcüzə tək,
Od paylamış gələnlərə.
Sanki burdan atəş alıb,
Öz yurduna dönmüş hərə.

_____________Milli Kitabxana_____________
* * *
Mənim ulu babalarım,
Tanrılarla oynamışdır.
Bu torpağın altındasa
Bakı nefti qaynamışdır.
* * *
Bəli, qızıl Bakı nefti,
Yer altından çıxdı üzə.
Abşeronum bu işıqdan
Şölə yaydı gözümüzə.
* * *
İndi uzaq Hindistandan
Bizə qonaq gəlir yenə.
Onları mərd Suraxanı
Vaqif edir öz sirrinə.
* * *
Nə əfsanə, nə ziyarət,
Cəzb etməyir əsla onu.
Bir hörmətlə salamlayır,
Hamı bizim od yurdunu.
* * *
Suraxanı, - neft bulağı,
Sürməlidir gözün sənin.
Hər diyarda, hər ölkədə
Gəzəcəkdir sözü sənin.
"AĞÇAY", "QARAÇAY"
İki çay süzülüb axır yanaşı,
Dalğalı bir nəhrin qolları kimi.
Uzaqdan bozarır çaylağın daşı,
Toz basmış qoşa dağ yolları kimi.

_____________Milli Kitabxana_____________
"Ağ çay" ağ köpüklü, ağ ləpəlidir,
Axır ağ çiçəklər səltənətinə.
"Qara çay" burulub qapqara gedir,
Rəngi də bənzəyir təbiətinə.
Bizim dünya görmüş babalar sənin,
"Qara çay" adına dedikcə qara,
Suyundan içməmiş obalar sənin,
Ahın duman olub qalxmış dağlara.
Qara rəng heç kəsə indi ar deyil,
Ax, süzül dağların yaşıl döşündən.
İndi sən gördüyün dövranlar deyil,
Şikayət eyləmə öz keçmişindən.
Səni döndərmişəm öz əllərimlə,
Tökül Niaqara şəlaləsi tək.
Bu gün yandırdığın nurlu çıraqlar,
Alışır Qubanın dağ laləsi tək.
İndi, ay "Qara çay", oynaq suların,
Neçə dağ kəndində işıq yandırır,
Qubada sevimli əkinçilərin,
Təzə mənzilini işıqlandırır.
"Qara çay", "Ağ çaya" şəfəq payla sən,
Oyan günəşlə sən, uyu ayla sən.
Qoy çıxıb Şah dağın zirvələrinə,
Şerimi ellərə deyim ürəkdən:
- İndi qərq olmusan işıqlara, çay,
"Qara çay", ay "Qara çay"!..
QUBANIN AĞ ALMASI
Qələmələr gümüşü,
Yollar isə dolayı.
Heç şey gözə dəyməyir.
Bağ-bağatdan savayı.

_____________Milli Kitabxana_____________
Ağaclar cərgə-cərgə.
Meyvəsi ulduz sanı.
Almaların şah ətri
Məst eləyir insanı.
Dodağıma toxunur
Çarpaz budaq alması.
Ürəyimdən səs gəlir:
Qubanın ağ alması!..
Qubada qızıl payız
Fəsillərin şahıdır.
Üfüqdən keçən bulud
Ulduzların ahıdır.
Çünki, səyyarələr də
Parıldamır bu qədər...
- Gözəl qız, fikrə getmə,
Səbəti al, alma dər.
Bil ki, bu almadadır.
Hər dərdin sağalması,
Əllərin tək ağarır.
Qubanın ağ alması.
Şair, baxma ağaca
Bir alma da qalmadı.
Yanağından boylanan
Ondan da şux almadı.
Qızıl ala rəngi var,
Ah, necə də qoşadır,
Qaşların da budaq tək
Çatılıb, baş-başadır.
Qız, "yox".. demək istədi.
Dedim: - Dinlə, qadası,
Zəhmətinin barıdır
Qubanın ağ alması!..

_____________Milli Kitabxana_____________
BİLGƏH BAĞLARI
"Varəncil" sovuşur, üzüm morlanır,
Qara tut tökülür, bağda xarlanır.
Xallı şamamalar tağında yanır.
Sevgilim, gəl dolan bircə, bağları,
Yolunu gözləyir Bilgəh bağları.
Günəş öz odunu çiləyir quma,
Meynələr üzünü söykəyir quma.
"Xəzri" salxımları bələyir quma,
Sevgilim, gəl dolan bircə, bağları,
Yolunu gözləyir Bilgəh bağları.
Qumu mirvaridi, şəfəqi zərdi,
Mehi "gilavardır", şehi Xəzərdir.
Yazı da, yayı da, inan, gözəldir,
Gəl gəzək əncirli cərgə bağları,
Yolunu gözləyir Bilgəh bağları.
ŞƏRUR DÜZLƏRİ
Arazüstə diyarımın,
"Şərur" adlı elindəyəm.
Arpa çayı axıb keçir,
Mən qayələr selindəyəm.
Naxçıvanın Şəruru var,
Şərurun öz qüruru var.
Yağılara gərdi sinə,
Hər qarışı keçilməzdi.
Əhsən dedi - Ağrı dağı,
Şərur düşmənləri əzdi.

_____________Milli Kitabxana_____________
Naxçıvanın Şəruru var,
Şərurun öz qüruru var.
Azərbaycan torpağının,
Bərəkətli guşəsisən.
Şərqin polad qapısında,
Azərimin gur səsisən.
Naxçıvanın Şəruru var,
Şərurun öz qüruru var.
MASALLI
Talış dağlarından meh əsir sərin,
Qayalar sıldırım, dərələr dərin.
Baxdıqca insanı alıb aparır
Əyri olayların, hamar düzlərin.
Sevdim yaz ayını, payız ayını,
Gördüm karvan-karvan düyü tayını.
Dola belimizə öz əllərinlə
Gümüş kəmər kimi "Viləş çayını".
Qoynunu dərəli, təpəli gördüm,
Qızıl sünbülünü ləpəli gördüm.
Əhdi, sədaqəti, dəyanəti mən
Ana torpağından öpəli gördüm.
Uzanıb getdikcə tər biçənəklər,
Otlayır quzular, atlar, inəklər.
Bir az yuxarıya düşür yolumuz
Bizə gəl-gəl deyir körpə tənəklər.
Tütünçü qız-gəlin səhərdən budur,
Vurhay yarpaq dərir, yarpaq qurudur.
Car çəkib kükrəyən kür kəhrizlərin
Elə bil dağların buzlu suyudur.

_____________Milli Kitabxana_____________
Seyri nəyə dəyər kiçik kol-kosun?
Min bir palıdın var, gövdəsi yosun.
Sənə həyat verən mərd oğulların,
Görüm palıd kimi əyilməz olsun!
Ovçu bərədədir, tazı gözləyir,
Ördəyi hürküdüb, qazı gözləyir.
Çöldə iynə-iynə çıxan taxıllar
Qardan yorğan örtüb, yazı gözləyir.
Qışına, yazına şeir yazıram,
Ürəyim qələmə deyir, yazıram!
İslamam, açılan səhərlərinə
Xeyir diləyirəm, xeyir yazıram.
DALĞALAR
Bir fırtına quşutək
Sizə dəydikcə külək;
Durna kimi süzərək,
Qaqqıldaşın, dalğalar,
Aşıb-daşın, dalğalar.
Siz qaynar həyatsınız,
Kükrəyən ağ atsınız.
Nəğməmə qanadsınız,
Sahili şən dalğalar,
Ey öpüşən dalğalar.
Ayın beli bükülür,
Ulduz suya tökülür.
Üfüqdə dan sökülür,
Yatın barı, dalğalar,
Ey mirvari dalğalar.
Sevgilim dənizdədir,
Ay yelkəni üzdədir.
Sular məndən gizlədir,
Axın, axın dalğalar,
Ona baxın, dalğalar.

_____________Milli Kitabxana_____________
Baş qaldırın dərindən,
Tutun şümşad əlindən.
Onun əsmər telindən
Öpün, duzlu dalğalar,
Mavi gözlü dalğalar.
Qoy bilsin o aybəniz,
Sinəmdədir o dəniz.
Sahilsiz qəlbimdə siz
Çalxalanın, dalğalar,
Dalğalanın, dalğalar!..
MEŞƏ YOLU
Meşə yolu, səhərdir...
Çətir tutmuş ağaclar.
Yol üstündə oxuyur,
Xallı-xallı turaclar.
Qırqovullar qızarır,
Cığalı xoruz kimi.
Şeh çilənmiş lalədir,
Titrəşir ulduz kimi.
Ağacdələn səslənir,
Qumru kola çağırır.
Bağrıqara böyürdən
Sənə baxıb bağırır...
Meşə yolu... bu yolun
Cığırları qolumdur.
Ay meşələr, meşələr,
Bu yol mənim yolumdur...
Ağac var ki, gövdəsi,
Yalçın qaya kimidir.
Titrəşən yarpaqları,
Min ürəyin simidir...

_____________Milli Kitabxana_____________
Meşə yolu... göy çəmən,
Çinarlar qatar-qatar.
Hər talada bir bulaq,
Hər kölgədə süfrə var.
Meşə yolu... deyirəm
Səndən bir də keçim mən.
"İsti su" aşıb-daşır,
Fincanı ver içim mən.
Yollarının qırağı,
Kəhrizdir, sərçeşmədir.
Burdan keçən gözəllər,
Qənirsizdir, seçmədir.
Meşe yolu... Gedirəm
Nur damlalar sürüşür.
Əsmə, ey səhər yeli,
Şeh çilənər, yar üşür.
Meşə yolu... Gedirəm,
Köksümə sığmır ürək.
Yollar, meşəli yollar,
Kaş sizdən bir də keçek...
Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin