Açar sözlər: aqrobiznes, aqrar-sənaye kompleksi, aqrar siyasət, idarəetmə mexanizmi, dövlət tənzimlənməsi.
Müasir dövrdə aqrobiznesin, xüsusilə kiçik aqrobiznesin inkişafının dövlət tərəfindən tənzimlənməsi önəmli məsələdir. Aqrobiznesə dövlətin maliyyə dəstəyinin alətləri bu gün xüsusi aktuallıq kəsb edir və kəskin problem xarakteri daşıyır. Bu normativ-hüquqi bazanın təkmil olmaması, dövlətin iqtisadi siyasətinin iri təsərrüfat subyektlərinin maraqlarının təmin edilməsinə yönəldilməsi, vergi dərəcələrinin yüksək səviyyəsi, pul vəsaitlərinin çatışmaması, büdcə dəstəyi və kreditləşmə formalarının səmərəsizliyi, aqrar sahədə sahibkarlığa dövlət dəstəyi vəsaitlərinin bölüşdürülməsinin əsaslandırılmış mexanizmlərinin olmaması, kiçik və iri aqrar sahibkarlığın inteqrasiyası və koordinasiyasının inkişafına kifayət qədər hədəflənməməsi, sahibkarlıq subyektlərinə xidmət üçün bazar infrastrukturunun praktiki olmaması, kənd yerlərində bələdiyyələrin kifayət qədər inkişaf etməməsi ilə şərtlənir.
Aqrar sahəyə diqqət müxtəlif ölkələrin iqtisadiyyatı üçün səciyyəvi olan ümumi tələb kimi çıxış edir. İqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələr aqrar siyasətə vacib və prioritet məsələ kimi rəsmi baxırlar. Təcrübə təsdiq edir ki, ASK-ya dövlət tənzimləməsi və iqtisadi dəstək olmadan aqrar sahəni inkişaf etdirmək qeyri-mümkündür. Kənd təsərrüfatının bərpası prosesində həmişə dövlət mərkəzi və koordinasiya rolu oynamışdır.
Kənd təsərrüfatı istehsalı kapital tutumlu və enerjitutumlu olduğuna görə investorlar və sahibkarlar üçün az cəlbedicidir. ASK-nın dayanaqlı inkişafının dövlət tənzimlənməsi və dəstəyi bazar iqtisadiyyatının obyektiv zəruriyyətinə çevrilmişdir. Dövlətin aqrar siyasəti ölkənin ərzaq təhlükəsizliyinə, kənd və şəhər əhalisinin həyat tərzinin və sosial infrastrukturunun yaxşılaşmasına səbəb olan dayanaqlı və rəqabət qabiliyyətli aqrar sənaye istehsalının inkişafına yönəldilməlidir.
Aqrar sahənin spesifikliyi dövlət tənzimlənməsinin əsas istiqamətlərini də müəyyənləşdirir. Buraya iri kompleks iqtisadi və sosial proqramların həyata keçirilməsində proteksionizmi, kənd təsərrüfatının inkişafına dövlətin büdcə dəstəyini, qiymətlərə ciddi nəzarət etməklə xüsusi maliyyə-kredit alətlərindən istifadəni aid etmək olar.
Bazar münasibətlərinin müasir inkişafı şəraitində aqrar sferaya dövlət himayəsinin göstərilməsi də daxil olmaqla aqrar bazarın dövlət tənzimlənməsinə baxışlar müxrəlifdir. Bu baxışlar başlıca olaraq aşağıdakı aspektlər üzrə qruplaşdırılır:
-
xarici ticarət üzrə əsaslar;
-
aqrar əmtəə istehsalçılarının və ümumilikdə aqrar sferanın gəlirlərinin formalaşması ilə bağlı əsaslar;
-
kəndin inkişafı ilə bağlı əsaslar [1, səh.285].
ASK-da yaranmış problemlərin yaxşı düşünülmüş, uzunmüddətli və sistemli həlli iqtisadiyyatın aqrar sektorunun inkişafının effektiv strategiyasının işlənib hazırlanmasını zəruri edir. Bu strategiyaya əsaslanan iqtisadi və sosial inkişaf digər amillərlə əlaqələndirildikdə aqrar-sənaye kompleksinə uğur gətirə bilər.
Azərbaycanın aqrar-sənaye kompleksinin inkişaf strategiyasının başlıca məqsədi ASK-nın əsas xalq təsərrüfatı funksiyasına əhalinin ərzaqla dayanaqlı təminatına nail olmaqdan ibarətdir. Bura ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, fizioloji normalara uyğun olaraq əhalinin əsas qida məhsullarına olan tələbatının ödənilməsi ilə bağlı məsələlərin həlli aiddir.
Azərbaycan Respublikası üçün ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin mərkəzi problemlərindən biridir, belə ki, ərzaqla etibarlı təmin olunmayan heç bir ölkə digər dövlətlərdən asılılığını aradan qaldıra bilməz. Ərzaq təhlükəsizliyinin vəziyyətini qiymətləndirmək üçün aşağıdakı təşkilediciləri nəzərə almaq gərəkdir: kənd təsərrüfatı istehsalının inkişaf səviyyəsi və davamlılığı; əhalinin qidalanması keyfiyyəti; yerli istehsalla ərzaq təminatının dərəcəsi; idxalın miqyası; ərzaq bazarının açıqlıq dərəcəsi; ərzaq ehtiyatının həcmi; kənd təsərrüfatının istehsal potensialı; qida məhsullarının keyfiyyəti; ərzaq təhlükəsizliyi tələblərinin qanunvericiliyə, normativ aktlara, dövlətin aqrar siyasətinə uyğun gəlməsi; ərzaq təhlükəsizliyinə qarşı təhlükələr.
Aqrar-sənaye kompleksinin digər mühüm məqsədi son məhsulun alınmasının bütün mərhələlərində istehsalın ekoloji cəhətdən təmizliyinin təmin edilməsi problemini həll etməkdən ibarətdir. Bu intensiv tipli yeni texnologiyalara və onlara uyğun texnika nəslinə keçməyi tələb edir. Həmçinin əhalinin alıcılıq qabiliyyətinin əhəmiyyətli yüksəlişi üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Bu problemin həlli istehsalın genişləndirilməsi ilə eyni zamanda getməlidir, lakin ekoloji təmizlik özünün ən çox inkişafına Azərbaycan gələcəyə baxış – 2020 -ci il strategiyası çərçivəsində nail ola bilər, hansı ki, o zaman ölkənin kifayət qədər ərzaq təminatı məsələsi həll ediləcək və inkişaf etmiş aqroərzaq bazarı formalaşacaqdır.
Aqrar-sənaye kompleksinin üçüncü məqsədli funksiyası kənd təsərrüfatı məhsullarının, xammalın və ərzağın ixracatçısı kimi Azərbaycanın aqrar sektorunun rolunu əhəmiyyətli dərəcədə artırmaqdır.
Ümumiyyətlə, aqrar-sənaye kompleksinin ümumi məqsədi gələcəkdə kənddə əsaslı sosial dəyişikliklərə nail olmaqdır, hansı ki, ölkə iqtisadiyyatının digər sahələrindən geri qalmayan və öz səviyyəsinə görə dünyanın inkişaf etmiş ölkələrinə yaxınlaşan sosial və mühəndis infrastrukturlarını və əlverişli əmək şəraitini yaratmağa imkan verəcəkdir. Bu məqsədə nail olmaq üçün dövlətin aqrar siyasətindən və ölkə iqtisadiyyatında mövcud sahələrarası münasibətlərdə əhəmiyyətli dəyişikliklərin aparılması tələb olunur.
Bu strategiyanın əsasını ASK-da elmi-texniki tərəqqi təşkil etməlidir, hansı ki, təkcə yeni əmək vasitələri və cisimləri, maşınlar və texnologiyalar ilə məhdudlaşmayacaqdır. O, həm insanın özünü daxil etməklə məhsuldar qüvvələri, həm də istehsal münasibətlərini, hər şeydən öncə təsərrüfatçılığın təşkilati forma və mexanizmlərini əhatə edəcəkdir. Elmi-texniki tərəqqi nailiyyətlərindən istifadə edilməsi nəticəsində Azərbaycanın aqrar-sənaye kompleksində əmək məhsuldarlığı, hazır məhsul vahidinə xammal sərfi və digər səmərəlilik göstəricilərində dünyanın inkişaf etmiş ölkələrindən mövcud gerilik tədricən aradan qaldırılmalıdır. Əmək məhsuldarlığının artırılması və son məhsulun bölüşdürülməsinin sahələrarası proporsiyasının dəyişdirilməsi əsasında kənd təsərrüfatı əməyinin gəlirlilik səviyyəsi yüksəldilməlidir.
Aqrar sahədə kiçik, orta və iri sahibkarlıq müəssisələrinin vahid bir iqtisadi sistemin tərkib hissələri kimi inteqrasiyası ölkə iqtisadiyyatının inkişafının əsas məsələlərindəndir. İşgüzar fəaliyyətin bu formalarının maraqlarının ümumiliyi inteqrasiyasının yaradılması üçün obyektiv zəmin formalaşdırır. Kiçik sahibkarlığın maraqları baxımından problemə yanaşsaq, iri müəssisələrin onların əsas alıcıları kimi çıxış etməsi kiçik biznesi iri sahibkarlığın inkişafında maraqlandırır. Digər tərəfin mənafeyi də bu əlaqələrin mövcudluğunu tələb edir.
Bu baxımdan kiçik, orta və iri biznes arasında əməkdaşlığın təşkilati formalarının müəyyənləşdirilməsi və bu əlaqələrin real olaraq yaradılması aktual məsələlərdəndir. Lakin bu məsələnin qoyuluşunda kiçik müəssisələrin bilavasitə iri strukturlara çevrilməsi və inhisarçı meyillərin artması təhlükəsi nəzərə alınmalıdır. [2, səh.233].
Aqrar sektorda müasir təsərrüfatçılıq təcrübəsi göstərir ki, aqrar-sənaye kompleksinin dayanaqlı inkişafı kooperativ təşkilatları şəbəkəsini yaratmadan, aqrobiznesi inkişaf etdirmədən mümkün deyil. Belə ki, Azərbaycan Respublikasında torpaq sahəsi almış 870 min fərdi ailə təsərrüfatı və 35 minə yaxın sahibkarlıq təsərrüfatları mövcuddur, hansıların kı, kənd təsərrüfatı torpaqları, texnika və maddi-texniki resurslar ilə təminatı üzrə məhdudiyyəti vardır ki, bu da məhsul təchizatında maliyyə imkanlarını çətinləşdirir. Qloballaşma şəraitində regionlararası əlaqələrin inkişafı əmtəə bazarında rəqabət mübarizəsinin güclənməsilə müşayiət olunur [3, səh.21].
Qeyd etmək lazımdır ki, aparılan genişmiqyaslı iqtisadi islahatlar və görülən məqsədyönlü tədbirlər nəticəsində son illər ölkənin aqrar sektorunda müsbət artım dinamikası müşayiət olunur. Kənd təsərrüfatı istehsalçılarının fəaliyyətinin iqtisadi şəraiti yaxşılaşmış, kənd təsərrüfatı müəssisələrinin gəlirləri (mənfəəti) çoxalmış və onların vaxtı keçmiş kreditor borcları azalmışdır.
Lakin aqrar-sənaye kompleksində, xüsusilə onun əsas sferası olan aqrar sektorda istehsalın artım tempi aşağı olaraq qalmaqdadır. ASK qeyri əlverişli investisiya situasiyası, əhalinin əsas hissəsinin ərzaq məhsullarına tələbinin aşağı ödəməqabiliyyəti, məhdud maliyyə resursları şəraitində fəaliyyət göstərir. Kənd təsərrüfatında əmək haqqının səviyyəsi iqtisadiyyatın digər sahələrindən xeyli geri qalır, kənd ərazisinin sosial infrastrukturu kifayət qədər inkişaf tapmamışdır.
ASK-da mövcud sosial-iqtisadi situasiya ölkənin ərzaq təhlükəsizliyinə bilavasitə təhlükə yaradır, aqrar-sənaye kompleksinin və aqroərzaq bazarının fəaliyyət göstərməsinin qanunvericilik bazasının təxirə salmadan təkmilləşdiril-məsi, yüksək səmərəli və rəqabət qabiliyyətli sahələrin formalaşdırılmasına yönəldilən strateji vəzifələrin reallaşdırılması, kənd təsərrüfatında investisiya iqliminin yaxşılaşdırılması, kənd yerlərində sosial problemlərin həlli üzrə tədbirlərin işlənib hazırlanması tələb olunur.
Böyük potensial imkanlara baxmayaraq ölkədə ərzaq təhlükəsizliyini təmin etmək üçün aqroməhsul istehsalının həcminə və rəqabətlilik səviyyəsinə nail olunmamışdır. Bunun nəticəsidir ki, əhalinin qida istehlak strukturunda idxal ərzaq məhsullarının xüsusi çəkisi 30-35%-ə çatır ki, ölkənin dayanaqlı ərzaq təhlükəsizliyini qorunub saxlanılması üçün riskli hədd hesab etmək olar.
Müasir bazar iqtisadiyyatı şəraitində ən vacib problem aqrar-sənaye kompleksinin tənzimlənməsinin təkmil sisteminin yaradılmasıdır. Burada kəndli təsərrüfatlarının sahibkarlıq fəaliyyətinin inkişafına və onların kiçik əmtəə istehsalçılarına çevrilməsinə səbəb olan kooperasiyanın inkişaf istiqamətlərinin və konkret formalarının seçilməsi mühüm əhəmiyyət kəsb edir. Aqrar sektorda aparılan iqtisadi islahatlar sayəsində kooperasiya təsərrüfat fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə kəndli təsərrüfatlarının üfüqi və şaquli kooperativ istehsal birliklərində birləşməsinin nəinki obyektiv zəruriyyəti, həm də real imkanı olacaqdır.
Dostları ilə paylaş: |