İstehsalın inkişafı üçün hüquqi təminat yaradılıb. Belə bir şəraitdə ümummilli lider Heydər Əliyev 2-ci dəfə respublika rəhbərliyinə gəldikdən sonra iqtisadiyyatın böhrandan çıxarılması və inkişaf etdirilməsinin yeganə yolunun islahatlar olduğunu bildirdi. Onun rəhbərliyi və təşkilatçılığı ilə aqrar islahatın aparılması üçün hüquqi baza yaradılmış, 1995-ci ildə “Aqrar islahatının əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və 1996-cı ildə isə “Torpaq islahatı haqqında” qanunlar və digər normativ sənədlər qəbul edilmiş və ardıcıl olaraq həyata keçirilmişdir.
Aqrar islahatların birinci mərhələsində torpağın və əmlakın özəlləşdirilməsi başa çatdırılmışdır. Ölkəmizdə həyata keçirilən aqrar islahatı nəticəsində 867 minə yaxın ailə torpaq payı almış, mülkiyyətçilər yaranmışdır. Yaradılmış əlverişli şərait nəticəsində 842 minə qədər xırda (ailə-kəndli) təsərrüfatı, 36 dövlət təsərrüfatı (məhdud məsuliyyətli cəmiyyət), 79 kənd təsərrüfatı istehsal kooperativi, 2409 kənd təsərrüfatı müəssisəsi (birgə təsərrüfatlar), 2571 fərdi sahibkarlar (hüquqi şəxs yaradanlar) və 220 sair kənd təsərrüfatı müəssisəsi (elmi-tədqiqat, tədris, təcrübə və s.) təsərrüfat formaları yaradılmışdır. Hazırda ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 99,8%-i özəl təsərrüfatların payına düşür.
Aqrar islahatın dünya təcrübələrinə əsaslanaraq həyata keçirilməsi üçün beynəlxalq əlaqələr genişləndirilmiş, müasir texnika və texnologiyalar, yeni bilik və informasiyalar şəbəkəsi yaradılmış, sahibkarlığın inkişafına şərait yaxşılaşdırılmışdır.
Aqrar islahatların daha da dərinləşməsi və kənd təsərrüfatının inkişafı ilə əlaqədar digər sahələrdə olduğu kimi, aqrar sahədə də beynəlxalq təşkilatlarla və maliyyə qurumları ilə səmərəli əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu baxımdan Dünya Bankı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fond (İFAD), Alman Texniki Əməkdaşlıq Cəmiyyəti (GTZ), Türk İş Birliyi və Kalkınma Ajansı (TİKA), Misirin MDB ölkələri üzrə Texniki Əməkdaşlıq Fondu, İslam İnkişaf Bankı və s. nümunə kimi göstərmək olar. Bu beynəlxalq maliyyə qurum və təşkilatların dəstəyi ilə aqrar sahədə müxtəlif proqram və layihələr həyata keçirilmiş və hazırda onların bir neçəsi öz işlərini davam etdirir.
Aqrar sahənin dayanıqlı inkişafı üçün bu sahəyə dair Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi proqramı” 02 mart 2001-ci il tarixli, “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)” 11 fevral 2004-cü il tarixli, “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirləri haqqında” 23 oktyabr 2004-cü il tarixli, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” 23 yanvar 2007-ci il tarixli, “Kənd təsərrüfatı məhsulları istehsalçılarının toxum, gübrə və damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə” 21 avqust 2008-ci il tarixli, “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” 25 avqust 2008-ci il tarixli, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” 14 aprel 2009-cu il tarixli, “Azərbaycan Respublikasında “ Kənd təsərrüfatı işçiləri günü”nün təsis edilməsi haqqında” 09 oktyabr 2008-ci il tarixli sərəncam, fərman və digər sənədlər qəbul olunmuşdur. Dövlət Proqramlarında aqrar sahə üzrə nəzərdə tutulmuş tədbirlər əsas prioritet hesab edilir. Belə ki, ölkənin kənd təsərrüfatının əsasını iki sahə bitkiçilik və heyvandarlıq təşkil etməklə, hazırda prioritet sahə kimi bitkiçilikdə taxılçılığın, tərəvəzçiliyin, pambıqçılığın, üzümçülüyün, çayçılığın, meyvəçiliyin, heyvandarlıqda isə damazlıq təsərrüfatlarının yaradılmasına və genişləndirilməsinə, maldarlığın, qoyunçuluğun, quşçuluğun və arıçılığın inkişafına xüsusi diqqət verilir.
Dostları ilə paylaş: |