Açar sözlər: sosial-iqtisadi inkişaf, aqrar islahatlar, ərzaq təhlükəsizliyi, ailə- ev təsərrüfatları, fərdi sahibkarlar, məhsul istehsalı, məhsuldarlıq.
Bazar iqtisadiyyatı şəraitində sosial-iqtisadi inkişafı təmin etmək üçün ölkə iqtisadiyyatında köklü dəyişikliklər edilmişdir. Aqrar islahatların aparılmasında əsas məqsəd müstəqillik əldə edən dövlətimizin öz milli iqtisadiyyatını inkişaf etdirmək, ölkənin ərzaq təhlükəsizliyini təmin etmək, yeni iqtisadi əlaqələrin qurulmasını və ölkə iqtisadiyyatına xarici investorların cəlb edilməsini sürətləndirməkdir. Eyni zamanda, ölkə əhalisinin yaşayış səviyyəsini və sosial infrastukturun qabaqcıl dövlətlərin əhalisinin yaşayış və infrastrukturlarının inkişaf səviyyəsinə çatdırmaqdan ibarətdir.
Araşdırmalar göstərir ki, sovet iqtisadiyyatının tənəzzülə və SSRİ-dövlətinin süquta uğraması planlı iqtisadiyyat dövründə mövcud olmuş iqtisadi əlaqələrin pozulmasını və müstəqillik qazanan dövlətlərin milli iqtisadiyyatının daha ağır duruma düşməsini sürətləndirmişdir. Keçmiş sovet dövlətlərindən fərqli olaraq Azərbaycan öz milli iqtisadiyyatını və dövlət təhlükəsizliyini təmin etmək məqsədi ilə ilkin olaraq iqtisadiyyatın tam liberallaşdırılmasına və köklü iqtisadi islahatların aparılmasına qərar vermişdir.
Qeyd edək ki, təbii ehtiyatlarla zəngin olan dövlətlər, inkişaf etmiş dövlətlərin və yüksək kapital ehtiyatlarına malik olan investorların daha çox maraq dairəsində olur. Eyni zamanda, təbii sərvətlərlə zəngin olan Azərbaycanın Böyük İpək Yolunda və strateji əhəmiyyətli ərazidə yerləşməsi daha cəlbedicidir. Bu amilləri nəzərə alan Azərbaycan dövləti riskli də olsa bir başa köklü islahatların aparılmasına rəvac vermişdir.
Araşdırmalar göstərir ki, aparılan islahatlar nəticəsində bazar iqtisadiyyatına keçid dövründən başlayaraq həyata keçirilən iqtisadi islahatlar öz müsbət nəticələrini verməyə başlamışdır. Neft sənayesi, kənd təsərrüfatı inkişafa doğru qədəm qoymuş, ölkənin büdcə gəlirləri artmağa başlamışdır.
Aqrar və struktur islahatların həyata keçirildiyi 1996-cı ildən 2013-cü ilə qədər olan statistik məlumatların təhlili göstərir ki, aqrar sahədə, o cümlədən kənd təsərrüfatında bəzi növ məhsulların istehsalı 50%-dən 2 dəfəyə qədər artmışdır. O cümlədən dənli bitkilərin istehsalı bir neçə dəfə artmışdır. Statistik məlumatların təhlili göstərir ki, taxıl istehsalının 2011-ci ildə əkin sahəsi 1991-ci ilə nisbətən 48,4%, məhsul istehsalı 82,6%, məhsuldarlıq isə 22,8% artmışdır. 2001-ci illə müqayisədə isə 2011-ci ildə taxılın əkin sahəsi 27,1%, məhsul istehsalı 21,9% artsa da məhsuldarlıq 4,2% azalmışdır.
Tədqiqat göstərir ki, həmin illər üzrə ərzaq məhsulları istehsalında əhəmiyyətli artım baş vermişdir. Belə ki, 1991-ci ilə nisbətən 2011-ci ildə taxıl istehsalı 1,82 dəfə, kartof istehsalı 5,2 dəfə, tərəvəz istehsalı 1,5 dəfə, bostan məhsulları istehsalı 7,7 dəfə, meyvə və giləmeyvə istehsalı 1,5 dəfə, dən üçün günəbaxan istehsalı isə 40,0 dəfə artmışdır. Bu dövrdə əmək tutumlu sahələrin əkin sahəsi isə kəskin azalmış və bunun müqabilində məhsul istehsalı bir neçə dəfə azalmışdır. Bu sahələr isə əsasən kənd əhalisinin məşğulluğunda xüsusi rol oynayan pambıq, tütün, üzüm və çay sahələridir.
DSK-nın məlumatlarının təhlili göstərir ki, 1996-2000 illərdə məhsul istehsalı sürətlə artsada 2001-ci ildən 2012-ci ilə qədər olan illərdə demək olar ki, istehsal stabil inkişaf etmişdir. Belə ki, 2011-ci ildə 2001-ci ilə nisbətən ümumi taxıl istehsalı 21,9%, o cümlədən buğda istehsalı 7,3%, kartof istehsalı 54,9%, tərəvəz istehsalı 32,6%, bostan məhsulları istehsalı 64,3% şəkər çuğunduru istehsalı 6,1 dəfə, günəbaxan istehsalı 3,8 dəfə, meyvə və giləmeyvə istehsalı 53,9%, üzüm istehsalı 2 dəfə çoxalmışdır. Qeyd edək ki, əkinə yararlı sahənin ən böyük hissəsi taxıl istehsalı üçün ayrılmışdır ki, bu da digər sahələrdən 7-132 dəfə çoxdur. Nəticədə məhsul istehsalı artsa da sahələrin məhsuldarlığı potensial məhsuldarlıqdan xeyli aşağı olmuşdur. Tədqiqat isə göstərir ki, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən taxıl, kartof, tərəvəz sahələrinin, həmçinin ətlik və südlük istiqamətli heyvandarlıq sahələrinin məhsuldarlığını 2-3 dəfə artırmaq mümkündür.
Bu isə öz növbəsində istehsal xərclərinin azalmasında, əkin sahələrindən səmərəli istifadə olunmasında, ərzaq təhlükəsizliyinin təmin edilməsində və rəqabətədavamlılığın artırılmasında xüsusi rol oynayır.
Kənd təsərrüfatı məhsulları istehsalında baş verən artım isə ekstensiv xarakter daşıyır ki, bu da iqtisadi baxımdan əlverişli deyildir. Belə ki, ekstensiv yolla istehsalın artımına nail olunsada, sahələrin və heyvanların məhsuldarlığı inkişaf etmiş və kənd təsərrüfatı məhsullarının əsas ixracatçıları olan dövlətlərdən bir neçə dəfə aşağı olduğundan daxili ərzaq bazarında rəqabətədavamlılığı qoruyub saxlamaq probleminin həlli də çətinləşir. Eyni zamanda, ölkəyə gətirilən məhsullar daxili bazarlarda yerli istehsal məhsulunun qiymətindən 10-15% ucuz realizə olunur.
Aqrar islahatların həyata keçirilməsi nəticəsində Respublikamızda müxtəlif növ təsərrüfat formaları yaradılmışdır. Bu təsərrüfatların strukturunda daha çox üstünlük təşkil edən fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarıdır.
Fərdi sahibkar təsərrüfatları Respublikamızda 2000-ci ildə 3248 ədəd, 2005-ci ildə 2681 ədəd, 2008-ci ildə 2613 ədəd, 2009-cu ildə 2571 ədəd, 2010-cu ildə 2618 ədəd və 2011-ci ildə 2593 ədəd olmuşdur. Təsərrüfatların sayı 2011-ci ildə 2000-ci ilə nisbətən 3,3% və 2010-cu ilə nisbətən isə 1% azalmışdır. Respublikamızda mövcud olan fərdi sahibkar təsərrüfatlarının 2011-ci ildə 1267 ədədi (48,9%) Aran iqtisadi rayonunda, 252 ədədi (9,7%) Abşeron iqtisadi rayonunda, 151 ədədi (5,8%) Naxçıvan MR-da yerləşir.
Fərdi sahibkar təsərrüfatlarının ümumi torpaq sahəsi 2000-ci ildə 62216 ha, 2005-ci ildə 23493 ha, 2008-ci ildə 25150 ha, 2009-cu ildə 27137 ha, 2010-cu ildə 47314 ha, 2011-ci ildə 43691 ha olmuşdur. Ümumi torpaq sahəsi 2011-ci ildə 2000-ci ilə nisbətən 29,8% azalmış, 2005-ci ilə nisbətən 85,9% artsada, 2010-cu ilə nisbətən 7,7% yenidən azalmışdır. 2011-ci ildə kənd təsərrüfatına yararlı torpaq sahəsi ümumi torpaq sahəsinin 95,2%-ni, əkinə yararlı torpaq sahəsi isə kənd təsərrüfatına yararlı torpaq sahəsinin 69,6%-ni təşkil etməklə 28919 hektar olmuşdur. Fərdi sahibkar təsərrüfatlarının kənd təsərrüfatına yararlı torpaq sahəsi Respublika üzrə kənd təsərrüfatına yararlı torpaq sahəsinin 0,9%-ni təşkil edir. Bir fərdi sahibkar təsərrüfatına düşən kənd təsərrüfatına yararlı torpaq sahəsı 2011-ci ildə 16,0 ha, əkin sahəsi 11,2 hektar təşkil etmişdir. Hesablamalar göstərir ki, 2000-ci ilə nisbətən 2011-ci ildə təsərrüfatlara düşən ümumi torpaq sahəsi 22% azalsa da kənd təsərrüfatına yararlı torpaq sahəsi 70,2%, əkin yeri 41,8% artmışdır. Bu göstəricilər 2005-ci ilə nisbətən 2011-ci ildə müvafiq olaraq 91,0%; 90,4% və 86,7% artmışdır. Lakin, 2010-cu ilə nisbətən fərdi sahibkar təsərrüfatına düşən ümumi torpaq sahəsi 7,2%; kənd təsərrüfatına yararlı torpaq sahəsi 8,6% və əkin yeri 13,2% azalmışdır.
Qeyd edək ki, təsərrüfatlarda baş verən dəyişikliklər onların fəaliyyətinin maliyyə nəticələri ilə birbaşa bağlıdır. Əldə edilən gəlirlər təsərrüfatda geniş təkrar istehsalı həyata keçirməyə və ailənin ehtiyaclarını tam ödəməyə kifayət etmədiyindən, kənd təsərrüfatına olan maraqlar və baxışlar da dəyişir. 2011-ci ildə mövcud olan fərdi sahibkar təsərrüfatları üzrə əldə edilən gəlir 2005-ci ildə 2854 min manat, 2008-ci ildə 5538 min manat, 2009-cu ildə 4924 min manat, 2010-cu ildə 8111 min manat və 2011-ci ildə 9814 min manat olmuşdur.
Fərdi sahibkar təsərrüfatlarında satışdan əldə edilən gəlirin 2005-ci ildə 61,7%-i (2893 min manat) bitkiçilikdə, 34,9%-i (1632 min manat) heyvandarlıqda, 2009-cu ildə müvafiq olaraq 58,3%-i (2216 min manat) bitkiçilikdə, 41,5%-i (1578 min manat) heyvandarlıqda, 2010-cu ildə 60%-i (3051 min manat) bitkiçilikdə, 39,8% (2021 min manat) heyvandarlıqda, 2011-ci ildə 70,7%-i (5180 min manat) bitkiçilikdə, 29%-i (2125 min manat) heyvandarlıqdan əldə edilmişdir. Bir təsərrüfata düşən mənfəət 2005-ci ilə 1064,5 manat, 2008-ci ildə 2119,3 manat, 2009-cu ildə 1915,2 manat, 2010-cu ildə 3092,2 manat və 2011-ci ildə 3785 manat olmuşdur. 2011-ci ildə bir təsərrüfara düşən mənfəət 2005-ci ilə nisbətən 3,5 dəfə, 2009-cu ilə nisbətən 97,6%, 2010-cu ilə nisbətən 22,2% çox olmuşdur.
Eyni zamanda bir ailə üzvünə düşən mənfəət 2005-ci ildə 248,7 manat, 2008-ci ildə 498,8 manat, 2009-cu ildə 434,3 manat, 2010-cu ildə 770 manat, 2011-ci ildə 918 manat olmuşdur. 2011-ci ildə bir ailə üzvünə düşən mənfəət 2005-ci illə müqayisədə 3,7 dəfə, 2009-cu illə müqayisədə 2,1 dəfə və 2010-cu illə müqayisədə 19,2% artmışdır.
Lakin, əldə edilən gəlirlər təsərrüfatın inkişafı üçün yetərli deyildir. Belə ki, kənd yerlərində yaşayan bir ailə üzvünün minimal tələbatlarını ödəmək üçün il ərzində 3600-4000 manat vəsait tələb olunur ki, bu da təsərrüfat fəaliyyətindən əldə edilən gəlirdən 4-5 dəfə yüksəkdir. Təsərrüfat fəaliyyətindən əldə edilən gəlirlər isə təsərrüfat fəaliyyəti ilində nəinki geniş təkrar istehsalı həyata keçirməyə heç ailənin yarımillik xərclərini ödəməyə kifayət etmir. Belə olan halda mülkiyyət formasından asılı olmayaraq təsərrüfatlar yüksək məhsuldarlıq haqqında düşünməyi deyil, öz ailə ehtiyaclarını ödəmək məqsədilə məhsul istehsalını həyata keçirməyə üstünlük verirlər.
Apardığımız sorğuların təhlili göstərir ki, təsərrüfatların belə fəaliyyət göstərməsinin əsas səbəbi onlara verilən dəstəyin subsidiyaların və ayrılan kreditlərin yetərli və dövlət dəstəyinin həyata keçmə mexanizminin düzgün olmamasıdır. Eyni zamanda təsərrüfatlarda həyata keçirilən istehsal fəaliyyətinin pərakəndə olması, onların ixsaslaşma səviyyəsinin sıfıra bərabər olması, regionlarda məhsullar üzrə istehsal bölgüsünün tətbiq edilməməsi, təsərrüfatların kiçik ölçülü olması və kənd əhalisinin məşğulluq səviyyəsinin aşağı olmasıdır.
Respublikamızda dənli bitkilərin əkin sahəsi 2000-ci ildə 648,2 min hektar, 2005-ci ildə 802,3 min hektar, 2008-ci ildə 897,0 min hektar, 2009-cu ildə 1125,5 min hektar, 2010-cu ildə 968,0 min hektar və 2011-ci ildə 967,3 min hektar olmuşdur. Dənli bitkilərin əkin sahəsinin 2000-ci ildə 92,4%-i (538,9 min hektar), 2005-ci ildə 96,2% (772,1 min hektar); 2008-ci ildə 96,1%-i (862,0 min hektar); 2009-cu ildə 92,0% (1125,5 min hektar); 2010-cu ildə 92,6%-i (896,9 min hektar), 2011-ci ildə 93,4% (903,8 min hektar) fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarında olmuşdur. Qeyd edək ki, aparılan müşahidə və tədqiqatlar göstərir ki, dənli bitkilərin əkin sahələrinin 3-5%-i fərdi sahibkar təsərrüfatlarının, 85-90% ailə-kəndli və ev təsərrüfatlarının payına düşür.
Fərdi sahibkar təsərrüfatlarında 1 sentner dənli bitkinin maya dəyəri 2008-ci ildə 11,19 manat, 2009-cu ildə 10,31 manat, 2010-cu ildə 17,46 manat, 2011-ci ildə 17,37 manat olmuşdur. 2011-ci ildə bir sentnerin maya dəyəri 2008-ci ilə nisbətən 55,2% artsada, 2010-cu ilə nisbətən 0,5% azaltmışdır. Bir sentnerin satış qiyməti 2008-ci ildə 24,13 manat, 2009-cu ildə 23,8 manat, 2010-cu ildə 17,37 manat, 2011-ci ildə 23,8 manat olmuşdur, 2011-ci ildə bir sentnerin satış qiyməti 2008-ci ilə nisbətən 1,4% azalmış 2010-cu illə müqayisədə isə 4,4% artmışdır. Bu göstəricilər iqtisadi rayonlar üzrə də müxtəlif olmuşdur. Aran iqtisadi rayonunda 2011-ci ildə 1 sentnerin maya dəyəri 2008-ci ilə nisbətən 32,6%, 2010-cu ilə nisbətən 16,7% artmışdır. Bir sentnerin satış qiyməti isə müvafiq olaraq 3,6% və 9,4% artmışdır. Qeyd edək ki, istehsal olunan məhsulun maya dəyəri və satış qiyməti arasındakı uyğunsuzluğ və məhsuldarlığın aşağı olması onların gəlirlərinə mənfi təsir edir.
Respublikada istehsal olunan dənli paxlaların 2000-ci ildə 94,9% (1462,0 min ton), 2005-ci ildə 97,2% (2068,1 min ton), 2008-ci ildə 26,5% (2411,8 min ton), 2009-cu ildə 93,2% (2786,0 min ton), 2010-cu ildə 93,6% (2000,5 min ton) 2011-ci ildə 94,0%-i (2310,7 min ton) fərdi sahibkar, ailə-kəndli və ev təsərrüfatlarında istehsal olunmuşdur.
Fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarında istehsal olunan dənli və dənli paxlalıların məhsuldarlığı Respublika üzrə məhsuldarlıqdan 2000-ci ildə 2,5%, 2005-ci ildə 1,1%, 2008-ci ildə 0,4%, 2009-cu ildə 1,1%, 2010-cu ildə 1,4% və 2011-ci ildə 0,8% çox olmuşdur.
Aparılan araşdırmalar göstərir ki, aqrar sahədə o cümlədən kənd təsərrüfatında istehsalın 2001-2012-ci illər üzrə stabil olaraq qalması, məhsuldarlığın isə potensial məhsuldarlıqdan 50%-dən 2-dəfəyə qədər aşağı olması bir sıra problemlərlə bağlıdır ki, bu problemlərin də əsasını ixtisaslaşmanın olmaması və təsərrüfatların kiçik ölçülü olması təşkil edir.
Qeyd edək ki, ixtisaslaşmaya iki istiqamətdən baxmaq tələb olunur. Birincisi-regional ixtisaslaşma, ikincisi-təsərrüfat daxili ixtisaslaşma. Qeyd olunan hər iki ixtisaslaşma üzrə ölkənin aqrar iqtisadiyyatının kifayət qədər istinad olunacaq təcrübəsi vardır. Belə ki, sovetlər birliyində Azərbaycanın kənd təsərrüfatı çox sahəli olaraq regionlar üzrə inkişaf etdirilmişdir. Yəni Gəncə-Qazax iqtisadi rayonu üzümçülük, kartofçuluq, heyvandarlıq və eyni zamanda şərabçılıq, süd emalı, ət tədarükü, meyvə-tərəvəz konservləşdirilməsi müəssisələri və s. Quba-Xaçmaz iqtisadi rayonu meyvəçilik, tərvəzçilik, heyvandarlıq və müxtəlif emal müəssisələri, Abşeron iqtisadi rayonunda və Bakı ətrafında heyvandarlıq, o cümlədən quşçuluq kompleksləri inkişaf etdirilmişdir. Digər iqtisadi rayonlarda da müxtəlif sahələr olan pambıqçılıq, tərəvəzçilik, çayçılıq, tütünçülük, heyvandarlıq və s. sahələr üzrə ixtisaslaşaraq inkişaf etdirilmişdir.
Bundan başqa, hər bir təsərrüfat öz daxili istehsalına görə də ixtisaslaşdırılmışdır. Belə ki, məsələn əvvəllər üzüm istehsalı ilə məşğul olan təsərrüfatların emal müəssisələri (şərabçılıq) təsərrüfatların balansında olmaqla sahələr inkişaf etdirilirdi. Tədqiqatlar göstərir ki, bu istiqamətdə yaranmış müəyyən problemlərin aradan qaldırılması üçün emal müəssisələrinə sərbəstlik verilməklə təsərrüfatlardan ayrılmışdır. Təsərrüfatlarda becərilən məhsullara uyğun olaraq onun heyvandarlıq sahəsi, o cümlədən quşçuluq və onların istiqaməti müəyyən edilərək inkişaf etdirilirdi. Yəni heyvanlarda südün yağlılığını, çəki artımını və s. artırmaq üçün üzüm və meyvə sıxılmasından alınan cecə, pambıqdan alınan çiyid, ərzaqlıq üçün istifadə ölçülərinə uyğun gəlməyən kartof məhsulu istifadə olunurdu. Bundan başqa təsərrüfatlarda yonca, silos və yaşıl yem üçün qarğıdalı və otlaq sahələrinin inkişafı da diqqət mərkəzində olurdu.
Statistik məlumatların təhlili göstərir ki, Respublikanın ayrı-ayrı regionlarında becərilən dənli və dənli paxlalıların əkin sahəsi Respublika üzrə cəmi əkin sahəsinin 2000-ci ildə 62,2%-ni, 2005-ci ildə 60,4%-ni, 2008-ci ildə 59,8%-ni, 2009-cu ildə 66,0%-ni, 2010-cu ildə 61,7%-ni və 2011-ci ildə 60,1%-ni təşkil etmişdir.
Qeyd edək ki, Aran iqtisadi rayonunda becərilən dənli və dənli paxlalıların əkin sahəsi daha çox xüsusi çəkiyə malikdir. Belə ki, Aran iqtisadi rayonunda becərilən dənli və dənli paxlalıların əkin sahəsi Respublika üzrə becərilən dənli və dənli paxlalıların əkin sahəsinin 2000-ci ildə 36,9%-ni, 2005-ci ildə 34,3%-ni, 2008-ci ildə 33,7%-ni, 2009-cu ildə 33,9%-ni, 2010-cu ildə 31,4%-ni və 2011-ci ildə 32,8%-ni təşkil etmişdir. İkinci yerdə Şəki-Zaqatala iqtisadi rayonu gəlir ki, bu da elə həmin illər üzrə müvafiq olaraq 14,8%, 15,8%, 16,03%, 15,8%, 16,2% və 15,9% təşkil edir.
Araşdırmalar göstərir ki, Aran iqtisadi rayonunda cəmi əkin sahəsi 2000-ci ildə 470270 ha, 2005-ci ildə 592145 ha, 2008-ci ildə 645544 ha, 2009-cu ildə 705738 ha, 2010-cu ildə 652339 ha və 2011-ci ildə 684938 ha təşkil etmişdir ki, bu da Respublika üzrə cəmi əkin sahəsinin qeyd olunan illər üzrə müvafiq olaraq 45,2%-ni, 44,6%-ni, 43,0%-ni, 41,4%-ni, 41,2%-ni və 42,6%-ni təşkil edir. Aran iqtisadi rayonunda becərilən əsas bitkilərin əkin sahələrinin struktur quruluşu cədvəl №1- də verilmişdir.
Dostları ilə paylaş: |