Issn №2078 6042 azərbaycan respublikasi кənd тəSƏRRÜfati naziRLİYİ аqrar elm məRKƏZİ



Yüklə 476,68 Kb.
səhifə87/93
tarix25.12.2016
ölçüsü476,68 Kb.
#3185
1   ...   83   84   85   86   87   88   89   90   ...   93
Acar sözlər: utopik sosializm, yoldaşlıq cəmiyyəti, kooperativ mülkiyyət, kooperativ hərəkat, kooperativ cəmiyyət, kooperativ sosializm, kommuna, artel, kolxoz, sovxoz, kollektiv təsərrüfat, yardımcı təsərrüfat, kooperasiya, beynəlxalq kooperasiya hərəkatı, fermer təsərrüfatı, səhmdar cəmiyyəti, kəndli kooperasiyası, kooperativ icmalar.
İctimai iqtisadi quruluşundan asılı olmayaraq bütün cəmiyyətlərdə iqtisadiyyatın inkişafı və adamların həyat səviyyəsi ilk növbədə kənd təsərrüfatının inkişafi ilə, bu sahədə təsərrüfatın təşkili və idarə olunmasının mütərəqqi forma və metodlarının tətbiqi və istehsalın səmərəliliyinin yüksəldilməsi ilə sıx surətdə bağlıdır. Kənd təsərrüfatının inkişafı həm də ona görə vacibdir ki, istehlak fondunun dörddə üç hissəsi bilavasitə və ya dolayısı ilə kənd təsərrüfatı mənşəli mallardan ibarətdir. Kənd təsərrüfatı sahələrində istehsal edilən məhsulun 60%-ə qədəri ilkin emal müəssisələrinə, yüngül və yeyinti sənaye sahələrinə xammal formasında daxil olur. Nəzərə alaq ki, bu prosesdə həm də həmin məhsulların bir hissəsi müxtəlif səbəblərdən itkiyə məruz qalır və bu da ümumi səmərəliliyə mənfi təsir göstərir. Ona görə də istehsal olunmuş məhsulların son istehlakçıya vaxtında və itkisiz çatdırılması xüsusilə vacibdir. Bu işlə məşğul olanların istehsalçılarla qarşılıqlı əlaqələrinin lazımi səviyyədə qurulması, emal müəssisələrinin yaradılması və onların lazımi avadanlıqlarla kifayət qədər təmin olunması, kənd təsərrüfatı məhsullarının saxlanılması üçün anbarların, eskalatorların, buzxanaların geniş şəbəkəsinin yaradılması mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar XX əsrin əvvəllərinə qədər geniş miqyas almasa da ayrı-ayrı əməliyyatların kollektiv surətdə həyata keçirilməsinə dair kifayət qədər praktiki təcrübələr mövcud olmuşdur.
K.Marksın və F.Engelsin siyasi-iqtisadi tədqiqatlarını yüksək qiymətləndirən və eyni zamanda onların müsbət mənada ilk tənqidçisi olan (3, s.89) M.İ.Tuqan-Baranovski özünün XIX əsrin axırları və XX əsrin əvvələrində çap etdirdiyi bir çox siyasi –iqtisadi əsərləri ilə, eləcə də 1909-cu ildə çap olunan və geniş oxucu kütləsi tərəfindən həvəslə alınan “Siyasi iqtisadın əsasları” kitabı ilə rus iqtisadçılarının 60-70-ci illərdəki qaynar tədqiqatlarının estafetini qəbul etmiş və onu davam etdirmişdir. Həyatının son illərində nəzəri iqtisad sahəsində akademik adına layiq görülən Kiyev Universitetinin “Hüquq” fakültəsinin dekanı, mərkəzi kooperativ Komitəsinin və Ukrayna iqtisadçıları elmi cəmiyyətinin sədri olan Tuqan -Baranovski tarixi inkişafda kooperasiya hərəkatına böyük əhəmiyyət vermiş və bu istiqamətdə həm nəzəri, həm də praktiki fəaliyyətini genişləndirmişdir. O, XVI əsrin tanınmış ingilis dövlət xadimi və yazıcısı, utopik sosializmin banilərindən biri olan Tomas Mordan sonrakı dövrdə yaşayan utopik sosialistlərin bu məsələyə dair nəzəri və praktiki ideyalarından başlamış XX əsrin ikinci on illiyinə qədər olan dövrdə əmək artellərinə və ev tikmə kooperativlərinə qədər kooperasiya hərəkatını diqqətlə nəzərdən keçirmiş, öz tədqiqatlarını ilk növbədə kooperasiyanın vətəni olan İngiltərə, eləcə də Fransa, Almaniya, İtaliya kimi qabaqcıl kapitalist dövlətlərinin materialları ilə zənginləşdirmişdir. Rusiya kooperasiyasının tarixinin bu baxımdan araşdırılmasında da Tuqan-Baranovskinin xidməti diqqətəlayiqdir. İlk baxışda “Yoldaşlıq cəmiyyəti” kimi mövcud olan kooperasiyalar haqqında əvvəlcə İngiltərədə, sonra Almaniya və Rusiya kimi dövlətlərdə qəbul edilən qanunlar da kooperasiya hərəkatının geniş vüsət alması ilə əlaqədar olmuşdur.

Kooperasiyanın ilkin ibtidai müddəaları kapitalizmin artıq formalaşdığı XVIII əsrdə utopik sosialistlər tərəfindən işlənib hazırlanmışdır. XIX əsrin əvvəllərində utopik sosializmin Sen-Simon, Şarl Fure, Robert Ouen kimi görkəmli nümayəndələri cəmiyyətdə mövcud olan iki sinfin-tənbəl mülkiyyətçilərlə zəhmətkeş istehsalçıların gec-tez öz yerlərini dəyişəcəklərini, yəni ictimai quruluşun dəyişəcəyini, kooperativ formada idarə olunan ahəngdarlıq quruluşuna çevriləcəyini iddia edirdilər. İngilis sosialisti Robert Ouen bu məsələlərdə daha ardıcıl və ciddi mövqe tutmuşdur. O deyirdi ki, haqqa, ədalətə nail olmaq üçün cəmiyyət əsaslı surətdə yeniləşməlidir. Hətta o, əsərlərinin birinin adını da “İnsan cəmiyyətini “dəlilər evindən” ağıllı bir cəmiyyətə çevirməyə cəhd” adlandırmışdır. (4, s.60) Bu cəmiyyət isə təkcə Robert Ouen üçün deyil, bütün xalq üçün lazım idi. Amma heç kimə sirr deyil ki, xalqın ictimai mənafeyi üçün çalışanlar, qiymətli ideyalar irəli sürənlər əksər hallarda ağılsız adlandırılmış, onlara dəli damğası vurulmuş, onlar sıxışdırılmış və ələ salınmışlar. Robert Ouen və onun həmkarlarının ümumxalq mənafeyi güdən fikirləri varlı təbəqələr içərisində müəyyən həyacan doğurduğundan burjua məddahları onları səfeh, ağılsız, bəzən də dəli adlandırırdılar. İstehza və zarafatla hər şeyi həqiqətdə olduğundan da yüksək fantastik formada təqdim edən, dahi ideyalar sahibi Şarl Fure isə onlara cavab olaraq yaşadıqları cəmiyyətin fırıldaq cəmiyyət olduğunu deməklə yanaşı Furye Beranjenin 1830-cu ildə yazdığı “Yeni təsərrüfat və Sosiyetar dünya” adlı kitabından iltibas gətirdiyi aşağıdakı sözlərlə təsvir edilmiş dəlilərdən olduqlarını bildirmışdir.

Haqqa, ədalətə, cənablar əgər

Yol tapa bilmirsə zavallı bəşər,

İnsana bir şirin yuxu gətirən

Həmin o müqəddəs dəliyə əhsən!

Utopik sosialistlər öz fikirlərini çox radikal formada şərh edirdilər. Onlar iddia edirdilər ki, cəmiyyətdə xüsusi mülkiyyəti ləğv etmədən haqqı-ədaləti bərpa etmək, qeyri-bərabərliyi aradan qaldırmaq mümkün deyildir. Bu halda hökümətə də, dövlətə də heç bir ehtiyac qalmayacaqdır. Kooperativ birliklər cəmiyyət həyatının bütün sahələrini nizama salacaqdır. Bu fikir Sensimon və Şarl Furedə də əsas yer tutmuşdur. Onlar həmişə dövlətin və zorakılığın əleyhinə olmuşlar. İngilis utopik sosialisti Robert Ouen hətta gələcək kommunizm cəmiyyətinin icmalarını, istehsalçı və istehlakçı kooperativlər formasında təsəvvür edirdi. F.Engels utopik sosializmin xidmətlərini yüksək qiymətləndirərək yazırdı: “Bizim elmi şəkildə indi sübut etməkdə olduğumuz saysız-hesabsız qədər həqiqətin bu üç mütəfəkkirin çiynində durduğunu heç zaman yaddan çıxarmayacağıq. (1, s.643). V.İ.Lenin isə yazırdı ki, “Böyük utopistlər gerçək inkişafın getdiyi tərəfə baxırdılar, onlar bu inkişafı doğurdan da qabaqlayırdılar. (2, səh. 241). Robert Ouen yaradıcılığına vurğun olan Tuqan Baranovski isə onu kooperativ hərəkatının mənəvi atası kimi qələmə almış (4, s.56) və onun elmi ideyalarını daha da inkişaf etdirmişdir.

Kollektiv hərəkat, birgə fəaliyyət bəşər cəmiyyətinin hələ ilkin inkişaf mərhələlərində insanların zəruri tələbatına çevrilsə də və onlar bundan çox bəhrələnsələr də, hüquqi cəhətdən əsaslandırılan və mütəşəkkil fəaliyyət göstərən kooperativ cəmiyyətlərin yaradılması yalnız XVII-XVIII əsrlərdə kapitalist istehsal üsulunun formalaşması və sürətli inkişafı ilə əlaqədar tarixi zəruriyyətə çevrilmişdir. Artıq 1905-ci ildə Avropada 50 minə yaxın istehsal, istehlak, təchizat, satış, kredit, tikinti və s. təyinatlı kooperativ cəmiyyətlərin fəaliyyət göstərməsi onun kiminsə ideya məhsulu olmadığını, ictimai iqtisadi tələbatdan irəli gəldiyini bir daha sübut edir.

Kooperasiya hərəkatının bütün tərəflərini, onun nəzəri və praktiki məsələlərini özündə əks etdirən və Tuqan-Baranovskinin 1919-cu ildə çap olunan “Kooperasiyanın sosial əsasları” adlı kitabı ilə tanışlıq və onun 1918-1919-cu illərdə təkrar nəşr olunması onu da deməyə əsas verir ki, XX-ci əsrə qədər kooperasiya hərəkatının geniş yayıldığı heç bir ölkədə kooperasiyanın keçdiyi yolun nəzəri və praktiki məsələlərini Tuqan-Baranovski kimi işıqlandırmağı bacaran ikinci bir iqtisadçı olmamışdır. Bu problemin nəzəri əsaslarını deyil, onun ayrı-ayrı tərəflərinin praktiki təzahür formalarına müxtəlif elm nümayəndələri də toxunmuşlar. XIX əsrin axırlarında yaşamış Amerika publisisti A.Qarvud özünün “Dirçələn torpaq” əsərində (Timilyazevin tərcüməsi) İngiltərənin XVIII əsrdə manufaktura şəhəri olan Rocaldda toxucuları ağır vəziyyətdən çıxarmaq üçün 27 nəfərin birləşərək kooperativ birliyinin əsasını qoyduqlarını və onların xeyli varlandıqlarını göstərir. Bir çox ailənin bircə odeyalı olduğu, yaşamaq və ya ölmək uğrunda mübarizə apardıqları bir dövrdə yaradılmış adicə bir kooperativ birliyinin ilkin pul gəlirinin 140 dollardan 1500 dollara çatdığı dəlil gətirilir. Kooperasiyaların insanları aclıq və dilənçilikdən səliqəli evlərə, mədəniyyətə, sərvətə gətirib çatdırdığı qeyd edilir. Onun ardınca kooperasiya yaratmaq ideyası İngiltərənin sərhəddindən kənara çıxaraq bütün ölkələrə yayılmağa başlayır. Beynəlxalq kooperativ hərəkatının 1913-cü il statistikasına görə bütün dünya ölkələrində (Rusiyadan başqa) 16714 min. nəfəri özündə birləşdirən 109887 kooperativ fəaliyyət göstərmişdir. (4, s.450). ABŞ-da kooperasiya hərəkatı – ilk əkinçilik kooperativinin yaradılması və inkişafı kənd təsərrüfatı istehsalının artımı və səmərəliliyinin yüksəldilməsi üçün böyük təkan olmuşdur. Kooperasiya hərəkatına Rusiyada Qərbi Avropa ölkələrinə nisbətən çox gec başlansa da XX əsrin əvvəllərində kooperativlərin və onların üzvlərinin sayına görə Rusiya artıq dünyada birinci yeri tutmuşdur. Belə ki, əgər 1 yanvar 1901-ci ilə Rusiyada kooperativlərin sayı 1625 vahid idisə, onların sayı 1 yanvar 1917-ci ilə artıq 47187 vahidə çatmışdır. Tuqan Baranovskinin hesablamalarına görə bu kooperativlərdə 84 mln. nəfərə qədər adam, yəni Rusiya əhalisinin yarısı çalışırdı. (4, s. 22). Bu prosesin təsiri altında XX əsrin əvvəllərində Rusiyanın milli ucqarı olan Azərbaycan kənd təsərrüfatında da tədriclə kredit kooperativləri, kənd təsərrüfatı məhsullarının istehsalı və satışı, eləcə də təchizat kooperativləri yaranmağa başlamışdır.

Ümumiyyətlə, kooperativ hərəkatının məşhur tədqiqatçısı Tuqan- Baranovskinin apardığı elmi araşdırmalar sübut edir ki, ictimai-iqtisadi və siyasi quruluşundan asılı olmayaraq kooperasiya müxtəlif formalarda bütün cəmiyyətlərdə mövcud olan ümumi iqtisadi kateqoriyadır. Eyni zamanda kooperasiya sosial-iqtisadi təbiəti etibarı ilə sinfi xarakter daşısa da, kapitalizm şəraitində o kapitalistlərlə mübarizədə zəhmətkeş sinfin ictimai təşkilatı kimi cıxış edir. Burada kooperativ üzvləri öz şəxsi mənafeyini qorumaq vərdişi əldə etməklə bərabər, lazım gəldikdə cəmiyyətin mənafeyi naminə ondan imtina etməyə də hazır olan yeni insan kimi tərbiyə olunurlar. Kooperasiya tamamilə bir-birinə əks olan kapitalizm və sosializm ideyalarının hibridləşdirilmiş məhsulu olduğu üçün onların vəzifəsi, məqsədi də bir-birinə əks olan xudbinlik və eqoistliyi öz mənafeyini unudub başqasının qayğısını çəkmək və başqasına təmənnasız yardım göstərmək bacarığı ilə özünəməxsus qaydada əlaqələndirməkdən ibarətdir. Ümumiyyətlə, kooperasiya sərf olunan kapital üçün daha çox fayda əldə etmək məqsədi ilə deyil, təsərrüfatın ictimai qaydada təşkili nəticəsində özlərinin istehlak tələbatını ödəmək üçün xərclərin səviyyəsini aşağı salmaq və əmək gəlirlərini artırmaq məqsədilə ayrı-ayrı fərdi istehsalçıların könüllü surətdə birləşdiyi istehsal müəssisəsidir. Kapitalizm şəraitində kənd təsərrüfatı istehsal kooperativləri kəndli təsərrüfatının mahiyyətini dəyişdirmir, onları kapitaldan asılı vəziyyətə salmır. Onlar həmişə müstəqil istehsal özəyi istehsal, satış, təchizat, kredit məsələlərində, eləcə də qiymətlərdə iri təsərrüfatlara nisbətən daha əlverişli imkanlara malik olurlar. Bütün hallarda kənd təsərrüfatı kooperativləri kəndli sinfinin mənafeyinə xidmət etmiş, geniş təkrar istehsalın inkişafına və onun səmərəliliyinin artırılmasına səbəb olmuşdur. Bütün bunlarla yanaşı xırda əmtəə istehsalı şəraitində təbəqələşmə prosesinin baş verdiyini nəzərdən qaçırmayan Tuqan Baranovski “kooperativ sosializm” ideyalarının gec-tez reallaşacağına əsaslanaraq kapitalizm şəraitində kooperativlərin yalnız kiçik istehsalçılar üçün sərfəli olduğunu iddia edənlərlə Avstriya iqtisadçısı Qers və b. kooperativ birliklərdən əsasən kapitalistlərin fayda götürdüyünü iddia edənlər (V.İ.Lenin və b.) arasında aralıq mövqe tutmuşdur. Onun kooperativ hərəkatının tarixi inkişaf yolundakı nəzəri və praktiki ümümiləşdirmələri sonralar “Kooperasiya haqqında” Lenin planının əsasını təşkil etmişdir.



XX əsrin əvvəllərində başqa müttəfiq respublikalar kimi özünün bir sıra sənaye və kənd təsərrüfatı məhsulları ilə Şərqdə tanınmış ölkələrdən biri olan Azərbaycan da könüllü olaraq SSRİ adlı siyasi, iqtisadi və hərbi birliyə daxil olmuş və həmin respublikalarla birlikdə qısa bir dövr ərzində çox çətin və şərəfli, eyni zamanda əsrlərə bərabər tarixi bir yol keçmişdir. Geridə qalmış aqrar bir ölkədə sosialistcəsinə sənayeləşdirmə, kollektivləşdirmə və mədəni inqilab kimi çox mühüm əhəmiyyətə malik olan problemlər həll olunmuşdur. Çox qısa bir dövr ərzində SSRİ siyasi, iqtisadi və hərbi cəhətdən dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilmiş, sovet xalqının həyat səviyyəsinin yüksəldilməsi sosial bərabərliyin və sosial ədalətin bərqərar edilməsi yolunda uğurlu addımlar atılmış, bir sıra əsas makro-iqtisadi göstəricilərin artım tempinə görə qabaqcıl kapitalist dövlətlərini geridə qoymuşdur. Xüsusilə, kənd təsərrüfatının inkişafında əsaslı dönüş baş vermişdir. Kənd təsərrüfatı feodal torundan və bu torda dolaşmaqda olan kapitalist münasibətlərindən azad olmuş, “kooperativ sosializm” nəzəriyyəsi reallaşmağa başlamışdır. İlk dəfə olaraq kəndli öz əkib becərdiyi torpaqların sahibinə çevrilmişdir. Ona görə ki, Oktyabr inqilabından dərhal sonra torpaqların milliləşdirilməsi barədə dekret verilmiş və torpaqlar fəhlə-kəndli dövlətinin şəxsində ümumxalq mülkiyyətinə çevrilmişdir.

Azad rəqabət kapitalizminin yüksək sürətlə inkişaf etdiyi dövrlərdə torpaqların alınıb-satılması, xüsusi mülkiyyətə keçirilməsi adi hal almışdır. Oktyabr inqilabı ərəfəsində Çar Rusiyasında kəndli təsərrüfatlarının 65%-i yoxsul təsərrüfat, 20%-i ortabab və 15%-i qolçomaq təsərrüfatı idi. Bu dövrdə Azərbaycanda 325,6 min kəndli təsərrüfatı mövcud olmuşdur. Bunların 54,4%-i bir hektara qədər torpağı olan kəndli təsərrüfatları, 34,4%-i 1-4 hektar torpaq sahəsi olan ortabab təsərrüfatları, 8,6%-i isə 4 hektardan çox torpaq sahəsi olan varlı və yaxud qolçomaq təsərrüfatları idi. Oktyabr inqilabından sonra torpaqlar milliləşdirilərək ümumxalq dövlət mülkiyyətinə çevrilsə də, onların bir hissəsi kəndlilərin daimi istifadəsinə verilmiş, kəndlilərin xeyrinə daha bir sıra digər tədbirlər də həyata keçirilmişdir. 1923-cü ilin məlumatlarına görə Azərbaycanda torpaqların 80%-i kəndlilərin sərəncamında idi. 1927-ci ildən etibarən ölkədə kollektivləşmə hərəkatına başlandı. Artıq 1928-1929-cu illərdə yoxsulların sayı 1917-ci ildəki 65%-dən 35%-ə endi, ortababların sayı 15% -dən 60%-ə qalxdı, qolçomaq təsərrüfatlarının sayı isə 15%-dən 4-5%-ə endi. Kollektiv təsərrüfatların ilkin formaları kimi torpağı birgə becərmə şirkətləri, kommunalar, kənd təsərrüfatı artelləri meydana gəldi. Kənd təsərrüfatı arteli kəndlilərin əsas istehsal vasitələrinin ictimailəşdirilməsi və onların kollektiv əməyi əsasında qurulan kollektiv təsərrüfat forması oldu. Kənd təsərrüfatı artelinin nizamnaməsində ayrı-ayrı zonalarda kəndli təsərrüfatlarında saxlanılacaq mal-qaranın sayı müəyyənləşdirilmiş, həyətyanı təsərrüfat sahələrindən başqa, yardımçı təsərrüfat qurmaq üçün regionlarda torpaq sahəsi nəzərə alınmaqla 0,25-0,50, hətta bir hektara qədər əlavə torpaq sahəsi də kəndlilərin daimi istifadəsinə verilmişdir. Kollektiv təsərrüfatların ilk formaları yaradılarkən kəndlilər öz istehsal vasitələri və əməyi ilə oraya daxil olmuşlar. Ümumxalq dövlət mülkiyyəti elan edilən torpaqların bir hissəsində isə dövlət sahibkarlığı formasında dövlət vəsaitləri hesabına dövlət kənd təsərrüfatı müəssisələri yaradılmışdır. Yəni, milliləşdirilən və ümümxalq dövlət mülkiyyəti elan edilən torpaqlarda həm kollektiv, həm də dövlət sahibkarlıq formaları meydana gəlmişdi. Bəşər cəmiyyətinin bir çox mütəffəkirlərinin arzuları da ilk dəfə olaraq sosializm cəmiyyətində reallaşmağa başlamış, torpaq üzərində ümumxalq, dövlət mülkiyyəti yaradılmış və onların alınıb-satılmasına yol verilməmişdir. Ondan səmərəsiz istifadə də yolverilməz sayılmışdır. Dağınıq xırda kəndli təsərrüfatları ölkədə yüksək sürətlə həyata keçirilən sənayeləşdirmənin və mədəni inqilabın müasir tələblərinə cavab vermədiyi üçün XX əsrin 20-ci illərinin axırlarında ilk kollektiv təsərrüfat formaları olan torpağın birgə becərilməsi şirkətləri, kommunalar, artellər və başqaları daha iri təsərrüfatlarda birləşərək kolxoz və kooperativ təsərrüfatlarına çevrildi. Elmin və texnikanin tətbiqi üçün daha əlverişli şərait yarandı. Kənd təsərrüfatının sosialistcəsinə yenidən qurulması sahəsində böyük nailiyyətlər əldə edildi. Azərbaycan SSR-də kollektiv təsərrüfatların sayı 1931-ci ildəki 55304 vahiddən 1934-cü ildə 123208 vahidə qədər artmışdır. Kolxozların əkin sahəsi 1931-ci ildəki 290410 hektardan 1934-cü ildə 626940 hektara çatmışdır. Sovxozların sayı isə 1931-ci ildəki 68 vahiddən artaraq 1934-cü ildə 120 vahid olmuşdur. Əmtəəlik heyvandarlıq fermalarında iri buynuzlu mal-qaranın sayı 1931-ci ildəki 39,7 min başdan 1934-cü ildə 66,8 min başa, xırda buynuzlu mal-qaranın sayı isə müvafiq olaraq 87,3 min başdan 205,3 min başa çatmışdır. MTS-lərin sayı 1931-ci ildəki 2 traktoru olan 143-dən 1934-cü ildə 140 traktoru olan 2089-a çatmışdır. Azərbaycanda kolxozların və kolxozçuların gəlirləri bu illər ərzində o dərəcədə artmışdır ki, onlar artıq varlı təsərrüfatlardan və varlı kəndlilərdən heç də geri qalmırdılar. Belə ki, kolxozların gəlirləri 3 dəfəyə yaxın, kolxozçuların ictimai və şəxsi yardımçı təsərrüfatlardan əldə etdikləri gəlirlər isə 1932-1937-ci illər ərzində 2,5 dəfə artmışdır.

Sovet dövlətinin qurucusu V.İ.Lenin 1919-cu ildə kənd təsərrüfatının sürətli inkişafında və kənd zəhmətkeşlərinin həyat səviyyəsinin yaxşılaşdırılmasında texniki vasitələrdən istifadə olunmasından, əl əməyinin mexanikləşdirilməsindən danışarkən demişdir ki, əgər biz sabah kəndə 100 min traktor verə bilsəydik, onda orta kəndli deyərdi ki, ”mən kommunaya”, yəni kommunizmə tərəfdaram. Bu, o vaxt xoş bir arzu kimi səslənirdi. Lakin Leninin həmin arzusu çox qısa bir vaxt ərzində reallaşdı. Artıq 1929-1930-cu illərdən başlayaraq kolxoz quruluşunun maddi-texniki bazasını möhkəmləndirmək və ona xidmət göstərmək üçün ölkədə istehsal edilən kənd təsərrüfatı maşınları hesabına bölgələrdə maşın-traktor stansiyaları yaradıldı və onlar daima yeni-yeni kənd təsərrüfatı maşınları ilə təchiz edildi. 1926-cı ildə kənd təsərrüfatı öz məhsulunun ümumi həcmi cəhətdən 1913-cü il səviyyəsini ötüb keçdi. 1929-cu ildə kolxoz və sovxozlar 400 mln pud taxıl istehsal etməklə qolçomaqları sıxışdırmağa başladı. Kənd təsərrüfatının kollektivləşdirilməsi bəzi nöqsanları ilə birlikdə əsasən başa çatdırıldı. Kollektivləşmə nəticəsində xırda, dağınıq, geridə qalmış fərdi təsərrüfatlar qabaqcıl maşın texnikası ilə silahlanan iri təsərrüfatlara çevrildi. Böyük Vətən Müharibəsi dövründə əsaslı dağıntılara məruz qalan kənd təsərrüfatı SSRİ-nin 50 illik yubileyi ərəfəsində 37,1 min kolxoz, 12,2 min soxvoz və 0,04 mln. fərdi həyətyanı təsərrüfatla təmsil olunmuşdur. Ölkənin kənd təsərrüfatında mövcud olan 8 min MTS-də 1 mln 47 min traktor, 321 min taxılyığan kombayn və çoxlu digər kənd təsərrüfatı maşınları var idi (7,s. 117). Yəni, yalnız traktorların sayı Leninin arzusunda olduğu saydan 10 dəfə çox olmuşdur.



Sovetlər İttifaqı çərçivəsində bütövlükdə Azərbaycanın, o cümlədən Azərbaycan kəndinin siması da əsaslı surətdə dəyişildi. Respublikada 8641,5 min hektara bərabər olan ümumi torpaq sahəsinin 4 mln hektarı kənd təsərrüfatı üçün yararlı torpaqlara çevrilmişdir ki, onun da 32%-i əkinə yararlı torpaqlar idi. Bu torpaqlarda 992 kolxoz və 400 sovxoz fəaliyyət göstərirdi. Həmin kolxoz və sovxozlarda isə 44,2 min traktor, 4,1 min ədəd taxılyığan kombayn və çoxsaylı müxtəlif kənd təsərrüfatı maşınları işləyirdi. (8, s.122). Bu təsərrüfatların 1671,4 min baş iri buynuzlu, 4,7 min baş isə xırda buynuzlu mal-qarası var idi. Kənd təsərrüfatı məhsulunun həcmi 50 ildə 3,3 dəfə artmışdır. Kənd təsərrüfatı məhsullarını ilkin emaldan keçirən 200-dən çox müəssisə fəaliyyət göstərirdi. Bu dövr ərzində kənddə savadsızlıq tamamilə ləğv edilmiş, işsizlik aradan qaldırılmış, təsərrüfatlar bacarıqlı kadrlarla və müasir texniki vasitələrlə təmin edilmiş, kolxoz və sovxozlar yüksək dərəcədə ixtisaslaşdırılmış təsərrüfat sahələrinə çevrilmişdir. Sosializm quruculuğu illərində dövlətin yaxından köməyi və qayğısı sayəsində kənd təsərrüfatının maddi texniki bazası xeyli möhkəmlənsə də, kollektiv təsərrüfatların təşkili və idarə olunması təkmilləşdirilsə də 70-ci illərə qədər aqrar-sənaye kompleksinin operativ fəaliyyət göstərməsinə tam nail olunmadığına görə bu sahədə bir sıra nöqsanlar və çatışmamazlıqlar qalmaqda davam edirdi. Bu nöqsan və çatışmamazlıqların bir hissəsi kollektiv təsərrüfatların yaradıldığı dövrdə duşünülmədən atılmış addımlarla bağlı olsa da, bir hissəsi bu kollektiv təsərrüfatların təşkilatı və idarə etmə formalarının tez-tez dəyişdirilməsi, yəni təsərrüfatların birləşdirilməsi, bir-birindən ayrılması, kolxozların sovxozlara çevrilməsi və s. ilə, bəzən də rəhbər vəzifələrə mütəxəssislərin düzgün seçilib yerləşdirilməməsi ilə əlaqədar olmuşdur. Bəzi hallarda kollektivin nizamnaməsini pozaraq kənardan kiminsə gətirilərək hər hansı bir kollektivə rəhbər seçilməsi də müsbət nəticələr vermirdi. Şübhəsiz ki, bu təsadüflərdən sərf-nəzər etsək Sovet təsərrüfat rəhbərləri içərisində elə bacarıqlı təşkilatçılar da yetişmişlər ki, onlar həmişə hörmətlə yad olunurlar. Bu baxımdan ulu öndərimiz H.Əliyevin və onun 70-80-ci illərdə respublikada öz ətrafına topladığı və xalq təsərrüfatının inkişafında xidməti olan bir çox dövlət, partiya və təsərrüfat rəhbərlərinin, hazırda İsmayıllı rayonundakı İvanovka kolxozuna uzun illər rəhbərlik edən Nikitin kimilərinin əməyi yüksək qiymətləndirilməlidir. Məhz onlar 70-80-ci illərdə Azərbaycan zəhmətkeşlərini yüksək göstəricilər əldə etməyə səfərbərliyə almaqla sənayenin, kənd təsərrüfatının, tikintinin, elmin, mədəniyyətin, incəsənətin coşğun inkişafını təmin etmiş, əsas sosial-iqtisadi göstəricilərinə görə Azərbaycan bir neçə dəfə ardıcıl olaraq Ümumittifaq Sosializm Yarışının qalibi olmuş və Sovetlər İttifaqinin dövlət və ictimai təşkilatlarının Keçici Qırmızı Bayrağına layiq görülmüşdür. 1986-cı ildə Qırmızı Bayraq daimi saxlanılmaq üçün Azərbaycan Respublikasına verilmişdir.

70-80–ci illərdə Azərbaycanın Aqrar Sənaye Kompleksi sistemi artıq formalaşmış və operativ fəaliyyət göstərməyə başlamışdır. Bu illər ərzində kənd təsərrüfatı məhsulunun ümumi həcmi 2 dəfədən çox artmışdır. 1985-ci ildə respublikamızda olan 8641,5 min hektar ümumi torpaq sahəsinin 6675,8 min hektarı kənd təsərrüfatı müəssisə və təşkilatlarının istifadəsində olmuşdur. Ondan 2629,4 min hektarı 901,9 mln. manatlıq ümumi məhsul istehsal edən 608 kolxozun, 3817,3 min hektarı isə 1071,5 mln manatlıq ümumi məhsul istehsal edən 808 sovxozun sərəncamında olmuşdur. Kolxoz təsərrüfatlarında iri buynuzlu mal-qaranın sayı 435,9 min baş, xırda buynuzlu mal-qaranın sayı 1440,9 min baş olmuşdur. Sovxoz təsərrüfatlarında isə həmin rəqəmlər müvafiq olaraq 450,1 və 1741,1 min baş olmuşdur. Kolxozların kənd təsərrüfatı təyinatlı əsas istehsal fondlarının dəyəri 1290,7 mln manat, sovxozlarda isə 2192,2 mln manat təşkil etmişdir. Kolxoz tarlalarında 15,4 min ədəd traktor, 2,3 min ədəd taxılyığan kombayn, sovxoz tarlalarında isə 17,7 min ədəd traktor və 1,9 min ədəd taxılyığan kombayn fəaliyyət göstərirdi. Bunlardan əlavə kolxoz və sovxoz təsərrüfatlarına 100 minlərlə digər kənd təsərrüfatı maşın və mexanizmləri xidmət göstərirdi. Bitkiçilikdə hər il 100 min tonlarla təbii və üzvü kübrələrdən istifadə olunurdu. Kolxozların xalis gəliri (mənfəəti) 338,4 mln manat, rentabellik səviyyəsi 33,6%, sovxozların mənfəəti isə 421,6 mln manat, rentabellik səviyyəsi 27,4% olmuşdur. Aqrar-sənaye kompleksi sistemində kolxoz və sovxozlardan başqa 157 təsərrüfatlararası müəssisə və təşkilatlar (tikinti təşkilatlarından başqa), 592 yeyinti sənaye müəssisələri, 115 ət və süd sənaye müəssisələri, kənd təsərrüfatı xammalının emalı üzrə bir neçə yüngül sənaye müəssisəsi, traktorların və digər kənd təsərrüfatı maşınlarının təmiri üzrə 495 müəssisə, 100 təsərrüfatlararası tikinti təşkilatları və s. fəaliyyət göstərirdi. Bütövlükdə 1985-ci ildə güclü maddi–texniki bazası olan Respublika Aqrar Sənaye Kompleksi sistemində Azərbaycan əhalisinin 4350 min nəfəri və yaxud 66%-ə qədəri çalışmış və əhalinin kənd təsərrüfatı məhsulları ilə, yüngül və yeyinti-sənaye müəssisələrinin isə xammalla təmin edilməsində əzmkarlıq göstərmişlər. (9,s.80-89). Sovet xalqlarının mehriban ailəsi olan SSRİ-də 70-80-ci illərdə orta illik taxıl istehsalı 200 mln tona bərabər olmuşdur ki, bu da “Ümumi Bazar” ölkələrində birlikdə istehsal edilən taxılın həcmindən xeyli çoxdur. Bütövlükdə adambaşına ərzaq məhsulları istehsalına görə də SSRİ onlardan qabaqda idi. Qidanın ümumi kaloriliyinə görə də SSRİ qabaqcıl kapitalist dövlətlərini ötub keçmişdir. Bütün bunlar ictimai mülkiyyətin bir forması olan kollektiv mülkiyyətin - kolxoz-kooperativ mülkiyyətinin mövcudluğu ilə, kollektiv təsərrüfatların üstünlükləri ilə sıx surətdə əlaqədardır.

Yuxarıda qeyd olunanlardan bir daha aydın görünür ki, digər ölkələrdə olduğu kimi SSRİ-də, o cümlədən Azərbaycanda kooperativlər, kollektiv təsərrüfatlar, yəni kolxoz-kooperativ təsərrüfatları, eləcə də, sovxoz təsərrüfatları iqtisadi inkişafın tələbatından doğan zəruri ictimai iqtisadi proseslərin nəticəsi olaraq meydana gəlmiş və öz bəhrəsini vermişdir. Belə olduğu halda sosialist istehsal münasibətlərinin bazar münasibətlərinə transformasiyası dövründə aqrar sahədə artıq formalaşmış olan dövlət və kollektiv təsərrüfatlarda sabitləşən mütərəqqi aqrar münasibətlərinin saxta demokratiya pərdəsi altında pozulmasına, sovxoz və kolxoz torpaqlarının adambaşına bölüşdürülərək xüsusi mülkiyyətə verilməsinə, əmlakın isə bu əmlakda payı olanlar arasında bölüşdürülməsi yolu ilə güclü maddi-texniki bazaya malik olan aqrar sənaye kompleksinin dağıdılmasına nə ad vermək olar? Bunun düşünülmüş addım olduğunu və yaxud bu addımın elmi cəhətdən əsaslandırılıb əsaslandırılmadığını demək çətin olsa da, klassiklərdən, marksistlərdən və onların müasir tənqidçilərindən bizim öyrəndiyimiz budur ki, kooperasiya, kollektiv fəaliyyət heç də kiminsə ideya məhsulu deyil, əsrlər boyu təbii tarixi proseslərin, torpaqdan səmərəli istifadənin, kənd təsərrüfatının inkişafının məhsuludur. Ayrı-ayrı məhsul növlərinin istehsalı sahəsində fərdi kəndli təsərrüfatları nə qədər səmərəlidirsə, kütləvi istehlak üçün lazım olan məhsullar istehsalında da kollektiv kəndli təsərrüfatları bir o qədər səmərəlidir. (6, s.26).

Bizə belə gəlir ki, XX əsrin ikinci yarısından başlayaraq aqrar problemlərlə qarşılaşan bir sıra ölkələrdə fərdi təsərrüfatların, kəndli (fermer) təsərrüfatlarının iri istehsal kooperativlərində birləşdirilməsinə və onun stimullaşdırılmasına xüsusi diqqət yetirildiyi halda, XX əsrin sonlarında bizim respublikamızda bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq Respublika Aqrar Sənaye Kompleksinin əsas istehsal özəyi olan kollektiv təsərrüfatlarının dağıdılması hamıda təəssüf doğurur. Ona görə də hazırda öz əmək nailiyyətləri ilə tanınan və kollektiv təsərrüfatların əyani nümunəsi olan “İvanovka” təsərrüfatından başqa 80-ci illərin sonuna Respublikamızda mövcud olan 608 kolxoz-kooperativ və 808 sovxoz müəssisəsini, eləcə də yüzlərlə təsərrüfatlararası müəssisə və təşkilatları, minlərlə xidmət sahələrini sosializmin məhsulu hesab edərək dağıtmaq elmi cəhətdən əsaslandırılmayan addım kimi qiymətləndirilməlidir. K.Marksa istinadən Ukrayna iqtisadçıları da, kapitalizm cəmiyyətində mövcud olan və kapitalist formasında inkişaf edən hər şeyi kapitalizmin məhsulu hesab edərək dağıdanları ciddi tənqid etmişlər. (5, s.7).



80-ci illərin ikinci yarısında aqrar sahədə yeni təsərrüfat formalarının və bazar iqtisadi alətlərinin fəaliyyətə başladığı dövrdə aqrar sənaye kompleksinin qarşılaşdığı müəyyən problemləri bölgü münasibətlərini təkmiləşdirmək yolu ilə aradan qaldırmaq və 90-cı illərin əvvəllərində Respublika Aqrar Sənaye kompleksinin işini bazar münasibətlərinə uyğun yenidən qurmaq istiqamətində biz Respublika Aqrar Sənaye Komitəsinə öz təklif və tövsiyyələrimizi bildirmişdik. Ümumxalq mülkiyyəti olan torpaqların bir hissəsində yaradılan sovxozların dövlət kənd təsərrüfatı müəssisələri olduğunu nəzərə alaraq transformasiya zamanı həmin təsərrüfatlarda dövriyyədən kənarda qalan torpaq sahələrini xüsusi mülkiyyətə verdikdən sonra geniş ixtisaslaşdırılmış təsərrüfat sahələrini dövlət mulkiyyətində saxlayıb, dövlət sahibkarlıq formasında istifadə etmək məsləhət görülmüşdür. Yəni, onları icarəyə verməklə, icarə formasında həm kifayət qədər kənd təsərrüfatı məhsulları istehsalına nail olmaq, həm kənddə məşğulluğu qoruyub saxlamaq, həm də icarə haqqı formasında büdcəyə kifayət qədər vəsait daxil olmasını təmin etmək olardı. Nəticə etibarı ilə bazar münasibətlərinə uyğunlaşdırılan sovxozların maddi-texniki bazası olduğu kimi qalardı. Və yaxud bu təsərrüfatların bir hissəsini lazım gəldikdə səhmlərin 51%-i dövlətin əlində saxlanılmaqla səhmdar cəmiyyətinə çevirmək olardı. Kolxozlara gəldikdə isə, bunlar kolxozçuların qoyduqları pay hesabına formalaşan və öz gəlirlərinin bir hissəsi hesabına inkişaf edən və möhkəmlənən hazır kollektiv təsərrüfatlar, yəni bazar münasibətlərinə tamamilə uyğun gələn təsərrüfatlar olduğundan onları dağıtmağa ehtiyac yox idi. Apardığımız araşdırmalar nəticəsində müəyyən edilmişdir ki, dağlıq rayonlarda geniş torpaq sahələri olmadığından, xüsusilə dağlıq ərazilərdə mövcud olan torpaqlarda kəndlilər, bağçılıq, bostançılıq, tərəvəzçilik, arıçılıq, baramaçılıq və s. kimi məhsullar istehsalını həyata keçirdiklərinə görə bu sahələrdə iri kollektiv təsərrüfatların yaradılması lap əvvəldən səhv addım olmuşdur. Dağlıq rayonlarda bu məhsulları istehsal etmək üçün kollektiv təsərrüfatlara deyil, fərdi ailə və kəndli (fermer) təsərrüfatlarına daha çox ehtiyac vardır. Ona görə də dağlıq rayonlardakı kollektiv təsərrüfatların torpaqlarını ümumxalq mülkiyyətində saxlamaqla yardımçı təsərrüfatlar, fermer təsərrüfatları yaratmaq üçün daimi olaraq kəndlilərin istifadəsinə vermək məsləhət görülmüşdür. Dağətəyi və aran rayonlardakı geniş torpaq sahələrində fəaliyyət göstərən kolxoz və kooperativlərin dövriyyədən kənarda qalan torpaq sahələrini kəndli (fermer) təsərrüfatları yaratmaq üçün daimi olaraq kəndlilərin istifadəsinə verdikdən sonra kolxoz-kooperativ təsərrüfatlarını kooperativ üzvlərinin razılığı ilə ya olduğu kimi saxlamaq, ya da onları briqadalar, manqalar formasında bir qədər kiçik istehsal kooperativlərinə çevirmək daha yaxşı olardı. Eyni zamanda aqrar sahədə olan maşın-traktor parkları və emal müəssələri səhmlərin 51%-i dövlətin sərəncamında saxlanılmaqla səhmdar cəmiyyətinə çevrilsəydi güclü maddi-texniki bazası olan Respublika Aqrar Sənaye Kompleksi də dağılmazdı.

Müstəqillik yoluna qədəm qoyduqdan sonra bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq aqrar sahədə xüsusi təsərrüfat formalarının, özəl təsərrüfatların yaradılması məqsədilə həyata keçirilən aqrar islahatlar nəticəsində sovxoz və kolxoz-kooperativ təsərrüfatlarını dağıtdığımız vaxdan 20 il keçdikdən sonra respublika rəhbərliyi və müvafiq təşkilatlar dünya aqrar təcrübəsində mövcud olan fərdi kəndli və kəndli (fermer) təsərrüfatlarının iri istehsal kooperativlərində birləşməsinin əhəmiyyətini nəzərə alaraq, yenidən kənd təsərrüfatında istehsal kooperativləri, iri kollektiv təsərrüfatlar yaratmaq təşəbbüsü ilə çıxış edirlər. Bu təşəbbüs təbii ki, alqışlanmalıdır. Lakin qeyd etməliyik ki, mürəkkəb təsərrüfat əlaqələrinin mövcud olduğu aqrar sahədə atılması zəruri olan bu addım problemin həllinin görünən tərəfidir. Problemin görünməyən tərəfləri isə daha qorxuludur. Ona görə də iqtisadi islahatları davam etdirmək, aqrar sahə ilə məşğul olan bir sıra dövlətlərdə olduğu kimi xalqın sərvəti olan torpaq üzərində ümumxalq dövlət mülkiyyətini yenidən bərpa etmək və onu uzun müddətə icarəyə və istifadəyə verməklə dövlət müdaxiləsi və dövlətin iqtisadi alətləri vasitəsi ilə özəl təsərrüfatların fəaliyyətini nəzarətdə saxlamaqla aqrar sahəni düşdüyü vəziyyətdən çıxarmaq, respublikada aqrar bazarı formalaşdırmaq və ərzaq təhlükəsizliyini təmin etmək olar. Bu isə o deməkdir ki, Respublikanın kənd təsərrüfatı məhsullarına olan tələbatının 80%-dən çoxu ölkə daxilində istehsal olunmalıdır. Bu işin öhdəsindən nə ailə kəndli təsərrüfatları, nə də hazırda kənd təsərrüfatı məhsulunun 0,5%-ni verən kəndli (fermer), yaxud fərdi təsərrüfatlar və 1,2%-ni verən kiçik müəssisələr deyil, özəl kollektiv təsərrüfatlar - kənd təsərrüfatı istehsal kooperativləri və səhmdar cəmiyyətləri gələ bilərlər. Çünki ixtisaslaşdırılmış iri kollektiv təsərrüfatlar fərdi və xırda kəndli (fermer) təsərrüfatlarına nisbətən hər cəhətdən çox böyük üstünlüklərə malikdir. Bu üstünlüklərdən bəhrələnmək üçün ilk növbədə uzun illərdən bəri Respublika kənd təsərrüfatının inkişafına mane olan əsas problem həll olunmalıdır. Xaricdən bu və ya digər kənd təsərrüfatı və ərzaq məhsullarının gətirilməsi və satılması sahəsində öz inhisarını bərqərar edənlərin fəaliyyət istiqaməti Respublika kənd təsərrüfatının inkişafına yönəldilməli, dövlətin iqtisadi alətləri vasitəsilə onların kənd təsərrüfatına qoyduqları kapital üçün normal mənfəət əldə etməsinə şərait yaradılmalıdır. Kənd təsərrüfatında bir-biri ilə əlaqədar olan istehsal sahələrində iri ixtisaslaşdırılmış özəl təsərrüfatlar yaradılmalıdır. Bu məqsədlə xarici investorların və kənd təsərrüfatı məhsulları istehsalı sahəsində tanınmış mütəxəssislərin gücündən də istifadə olunmalıdır. Nəhayət, uçot təkcə sosializm cəmiyyətinin inkişafı üçün deyil, bütün cəmiyyətlərin inkişafı üçün vacibdir. Ona görə də aqrar sahədə operativ uçot və hesabatların dəqiqləşdirilməsinə xüsusi diqqət yetirilməli, statistik uçotun obyektivliyi təmin edilməlidir. Əks halda tərtib olunan perspektiv inkişaf proqramlarının reallığından söhbət gedə bilməz.

Yüklə 476,68 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin