Açar sözlər: aqrar sahə, innovasiya fəallığı, amillər, sahibkarlıq, innovasiya mühiti.
İnnovasiyalı aqrar sahibkarlıq üçün əlverişli fəaliyyət mühitinin formalaşması, mənfəəti maksimumlaşdırmağa xidmət etməlidir. Bunun üçün sahibkara, ilk növbədə- kreativ yanaşmalar hesabına, intensivləşmə və kəskinləşən rəqabət şəraitində inkişafın daxili motivlərinə əsaslanaraq əhalinin istehlak və alıcılıq qabiliyyətinin xarakteristikalarına adekvat reaksiyanı təmin etməklə aqrar potensialı, maddi, əmək və maliyyə resurslarını səfərbər etməklə, iqtisadi fəallığın dəstəklənməsi xəttinin və proteksionizmin yaratdığı inkanları reallaşdırmaqla bazarda mövqe qazanmaq lazımdır.
Postsovet və qismən postsosialist məkanında sahibkarlığın təşəkkülü iqtisadi, institusional, sosial, struktur və bir sıra digər xarakterli maneələri işin gedişində aradan qaldırmalı olmuşdur. Başqa sözlə, haqqında danışılan iqtisadi məkanlarda sahibkarlıq mürəkkəb və ziddiyyətli inkişaf yolu keçmiş və keçməkdədir. Azərbaycanda da sahibkarlığın təşəkkülü bu baxımdan, xüsusilə müstəqilliyin ilk illərində istisna təşkil etməmiş, sonrakı illərdə sosial-iqtisadi həyatın bütün sahə və istiqamətlərində canlanma, dirçəliş və tərəqqi sahibkarlığın da inkişafına öz böyük müsbət təsirini göstərmişdir. Yeni əsrin başlanğıcı ölkədə sahibkarlığın inkişafı üçün genişmiqyaslı həlledici tədbirlərlə əlamətdar olmuşdur. Müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyev milli neft strategiyasının uğurlarının təməlini möhkəmləndirməklə yanaşı, qeyri-neft bölməsinə diqqətin artırılması zərurətini əsaslandırmış, dövlətin iqtisadi təhlükəsizliyi meyarlarını önə çəkərək investisiya mühitinin optimallaşdırılmasının, respublika iqtisadiyyatının tarazlı və şaxələndirilmiş inkişafının konseptual əsaslarını vermişdir.
Hələ 2002-ci ildə ümummilli lider xarici iş adamları ilə görüşü (14 may) zamanı onları qeyri-neft bölməsinə daha çox diqqət yetirməyə çağırırdı: “Açıq demək lazımdır ki, bizdə neft sektorundan kənarda biznesin istehsal sahəsi çox azdır. Xaricdən gələn şirkətlər bu sahəyə az sərmayə qoyublar, az fəaliyyət göstəriblər, bu sahəyə o qədər də böyük maraq göstərməyiblər. Həm də bizim yerli iş adamları daha çox ticarətlə, indi inşaatla, iaşə, xidmət və başqa sahələrlə məşğuldurlar. Ancaq istehsal müəssisələri yaratmaq, yerli istehsalı inkişaf etdirmək və bunun nəticəsində yeni iş yerləri açmaq indi bizim bazar iqtisadiyyatında, özəl sektorda əsas vəzifələrimizdir. Mən arzu edərdim ki, Azərbaycana maraq göstərən xarici şirkətlər indi qeyri-neft sektorunda daha çox istehsal sahəsi ilə məşğul olsunlar. Azərbaycanda bu barədə imkanlar çoxdur” [1, s., 276].
Azərbaycan iqtisadi artım tempinə görə dünyada, sosial-iqtisadi inkişaf səviyyəsinə görə regionda lider ölkəyə çevirmiş, Heydər Əliyev ideyalarının layiqli varisi və davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev daim iqtisadi təşəbbüskarlığın, yaradıcı təsərrüfatçılıq fəaliyyətinin himayədarı kimi çıxış etmiş, innovasiyalı inkişafa və innovasiyalı sahibkarlığa dəstək vermiş və verməkdədir. Dövlət strukturlarının “bir pəncərə” iş prinsipinə keçməsi, “asan xidmət” mərkəzlərinin əhatə arealının get-gedə genişlənməsi məhz ali dövlət rəhbərliyinin sahibkar faəliyyəti və onun innovativliyi üçün yaratdığı əlverişli institusional mühitin əlamətləridir.
Cavabdehlik, təşəbbüskarlıq və çeviklik kimi keyfiyyətləri özündə birləşdirməklə sahibkar innovasiya yönümlü fəaliyyətin zərurətini dərk edir. İnsanların tələbatına uyğun məhsullar istehsal etməyə və xidmətlər göstərməyə çalışmaqla sahibkarlıq subyekti istehsal amillərini bir araya gətirməyi bacarmalı, nəinki dəyişən situasiyalarda, hətta fors-major hallarda belə özünü təsdiqləməlidir. Kəskinləşən rəqabət şəraitində çeviklik, daha doğrusu dinamik dəyişən iqtisadi fəallıq mühitinə vaxtında və lazımi reaksiya vermək, operativ surətdə əsaslandırılmış qərar qəbul etmək qabiliyyəti innovativ düşüncə tərzinin mühüm komponentidir. Kollektiv səylərin səmərəliliyi və iqtisadi sərbəstliyin saxlanması, korporativ dəyərlərin önə çəkilməsi və fərdi özünəməxsusluğun qorunması kimi bir-birinə zidd meyillərin kəsişməsində baş verən qloballaşma prosesləri, ilk baxışda planetar problemlərin həllinə yönəlsə də, şəxsi, kollektiv və milli maraqların üzvi vəhdətini təmin edə bilmir. Digər tərəfdən bazarın bu və ya digər seqmentində mövqe qazanmağın və möhkəmlənməyin mövcud üsullarının məsrəfliliyi, eyni zamanda ənənəvi inkişaf imkanlarının tükəndiyi şəraitdə innovasiya fəallığı həyati əhəmiyyətli amilə çevrilir. Bununla belə, hər bir sahibkar bilir ki, alternativ yollar axtarışı, heç də az riskli və qısamüddətli proses deyildir.
İnnovasiyalı sahibkarın, artıq qeyd olunduğu kimi rəqabətin get-gedə kəskinləşdiyi daxili və xarici yeni məhsul çıxarmaq iddiası, özlüyündə sahibkarlıq subyektinin potensial yüksək rəqabət qabiliyyətinə əsaslanmalıdır. Sahibkar potensial rəqibini öyrənərkən sonuncunun, yəni rəqabət qabiliyyəti səviyyəsinin ümumiləşdirici indikativ göstərici olduğunu nəzərə alır. Təcrübədə innovasiyalar bazarında rəqabət qabiliyyəti nümayiş etdirən rəqibin, bir qayda olaraq məqbul maliyyə imkanlarına malik olduğunu söyləmək olar. Məsələ ondadır ki, alternativ ideyaların kommersiyalaşması, sözün həqiqi mənasında kompleks tədbirlərin həyata keçirilməsini tələb etdiyindən yeni məhsul istehsalı və xidmət göstərilməsi həm elmi-tədqiqatlara, həm də ənənəvi idarəetmə sisteminin təkmilləşdirilməsinə böyük vəsait və vaxt sərfini nəzərdə tutur.
İnnovasiyalı aqrar sahibkarlığın inkişafının konseptual məsələlərini araşdırarkən onun aqrar sahəyə xas olan cəhətlərinə diqqət yetirmək lazım gəlir. İlk növbədə, onu qeyd edək ki, aqrar sahədə sahibkar - formalaşmasında özünün əhəmiyyətli rol oynadığı start şəraiti üçün xarakterik olan riskli iqtisadi fəaliyyətlə məşğuldur. Belə olan təqdirdə sahibkar iqtisadi və digər xarakterli risklərin neytrallaşdırılması və ya minimumlaşdırılması üçün kreativ yaradıcı düşüncə tərzinə yiyələnməlidir. Əks halda onun dayanıqlı fəaliyyət perspektivləri, ciddi şəkildə məhdudlaşa bilər. Məsələ ondadır ki, ənənəvi sahibkarlıq mühitində idarə olunan obyektin seçilmiş məqsədə doğru hərəkəti təmin edilirsə, innovasiyalı sahibkarlıqda idarəetmə obyektinin dəyişdirilməsi nəzərdə tutulur.
“İnnovasiyanın məqsədi-idarəetmə obyektini dəyişməkdir, yeni elmi, texniki, iqtisadi və sosial effekt əldə etməkdir. İnnovasiya yeni və ya təkmilləşdirilmiş məhsul (xidmət), texnika, texnologiya, istehsalın və idarəetmənin təşkili şəklində təcəssüm etmiş və müxtəlif effektlər verən elmi biliklərin kommersiyalaşdırılması kimi qiymətləndirilir” [2, s.8].
Aqrar sahədə innovasiyalı sahibkarlığın formalaşması və inkişafının konseptual istiqamətləri müəyyənləşdirilərkən, ilk növbədə sistem əmələ gətirən aşağıdakı məqamlar nəzərə alınır: - sahibkar iqtisadi fəallığın lokomotivi, hipotetik baxımdan sahədə və ümumilikdə kənd yerlərində genişlənən və innovativ fəaliyyət imkanlarına adekvat reaksiya verməyə hazır olan subyektdir; sözün həqiqi mənasında mükəmməl iqtisadi-ekoloji normativ-hüquqi bazanın yaradılmasında maraqlı olan sahibkar, müvafiq işlək mexanizmin mövcudluğu şəraitində resursqoruyucu fəaliyyət istiqamətlərinə üstünlük verir; güclü daxili motivləşdirməyə malik sahibkarlıq məhsuldar əməyə güclü təsir stimullarını təmin edə və bu əsasda iqtisadiyyatın struktur dəyişikliklərinə rəvac verə bilər; sahibkarlıq qurumları bazarların müvafiq seqmentlərinin mənimsənilməsi baxımından öz imkanlarını reallaşdırmaq üçün məqsədli və mobil birliklər yaratmaqda sərbəstdirlər və i.a.
Aqrar sahədə sahibkarlar iqtisadiyyatın digər sahələrindəki sahibkarlardan fərqli mühitdə fəaliyyət göstərir və həmin fərqlər, əsasən innovasiya fəallığına müsbət təsir etmir. Buna səbəb, ümumiyyətlə sahibkarlığın qarşılaşdığı maneələrin aqrar fəaliyyət mühitində daha ciddi olmasıdır. Sahədə innovasiyalı sahibkarlığa qarşı duran stereotiplərin daha güclü olması, kənd təsərrüfatında fəaliyyət məkanı və həyat tərzi elementlərinin çulğaşmasının nəticəsidir. Kənddə innovasiya infrastrukturunun, əksər hallarda şəbəkə əmələ gətirməməsi, kənd təsərrüfatı istehsalının, xüsusilə bitkiçiliyin məkan pərakəndəliyi, kreditləşdirmə sistemində aqrar sahənin nəzərə alınmasındakı problemlər, informasiyanın natamamlığı, aqroemal sənayesində yeni məhsulun lisenziyalaşdırma, sertifikatlaşdırma və vergitutma prosedurunun mürəkkəbliyi, vergi mühitinin qeyri-sabitliyi və i.a. sahədə innovasiyalı fəaliyyəti, əhəmiyyətli dərəcədə ləngidən amillərdir.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və bir sıra nüfuzlu beynəlxalq təşkilatların ekspertlər qruplarının mövqeyi belədir ki, milli və qlobal miqyasda ərzaq təhlükəsizliyinin təminatında aparıcı rol elmə, innovasiyalı fəaliyyətə və innovasiyalı sahibkarlığa məxsusdur. Milli və qlobal miqyasda ərzaq təhlükəsizliyinin təminatında istehsal prosesində iştirak edən bütün komponentlərin yenilənməsi prioritet istiqamətdir. Təbii ki, bütün innovativ proseslərdə insan amili həlledici rola malikdir. Tədqiqatlar XXI əsrdə aqrar-ərzaq təsərrüfatında innovasiyalı sahibkarlığın biotexnologiyanın nailiyyətlərinin fəal tətbiqi ilə bağlı olacağını söyləməyə əsas verir. Bəşəriyyətin mövcudluğunun davamlılığında müxtəlif canlı orqanizmlərin köməyi ilə yeni maddələrin istehsalı ilə məşğul olan həmin texnologiyaların yaxın perspektivdə insanların keyfiyyətli və münasib qiymətlərlə optimal səviyyədə təminatında mühüm rol oynayacağı gözlənilir. Ümumilikdə ərzaq təsərrüfatında nanotexnologiyalardan istifadə imkanları genişlənir. Beynəlxalq ekspertlərin son məlumatlarına görə nanotexnologiyadan istifadə edilməklə artıq 80-dən çox adda ərzaq məhsulu istehsalı üzrə təcrübə qazanılmışdır. Tədqiqatlar göstərir ki, yaxın onilliklərdə dünya kənd təsərrüfatı məhsullarının ümumi həcminin yarıdan çoxunu transgen ərzaqlar təşkil edə bilər.
Bununla belə, ərzaq məhsullarının istehsalında təbii mənşəli xammaldan istifadə prioritet olaraq qalır. Ekoloji (üzvi) kənd təsərrüfatının və ümumilikdə dayanıqlı ekosistemlər elmi istiqamətinin predmeti olan bu istiqamət innovasiyalı sahibkarlığın prioritetləri qismində xüsüsi diqqətə layiqdir. Təsadüfi deyildir ki, son onilliklərdə ekoloji təmiz kənd təsərrüfatının prioritetlərinin müəyyənləşdirilməsi, üzvi kənd təsərrüfatının etik əsaslarının formalaşdırılması istiqamətində çoxsaylı ictimai birliklər formalaşmış, davamlı və genişlənən fəaliyyət göstərir. 1972-ci ildə Beynəlxalq Ekoloji Kənd Təsərrüfatı Hərəkatı Federasiyası (İFOAM) yaranmış və fəaliyyətinin miqyasını davamlı olaraq genişləndirməkdədir.
Bir sıra digər istiqamətlərlə yanaşı ekoloji (üzvi) kənd təsərrüfatının iqtisadi-etik əsaslarının (sağlamlıq, ekolojilik, ədalət və qayğı) hazırlanmasında da ciddi işlər görən İFOAM artıq “dünyada ekoloji hərəkatı koordinasiya edir. Bu istehlakçıya hesablanmış bir federasiyadır. Toplanmış biliklərin və informasiyanın mübadiləsindən başqa İFOAM həm də ayrı-ayrı beynəlxalq təşkilatlarda ekoloji hərəkatı təmsil edir. Məsələn, Federasiyanın Birləşmiş Millətlər Təşkilatında məsləhətçi statusu vardır. Federasiya böyük informasiya mübadiləsi imkanına malikdir” [3, s.90].
Ümumilikdə innovasiyalı sahibkarlığın, o cümlədən innovasiyalı aqrar sahibkarlığın ekosistemlərə münasibəti, heç də həmişə birmənalı deyildir. Bunun əsas səbəblərindən biri, iqtisadi fəaliyyətin təbiətə uyğunlaşdırılmasının əlavə məsrəflər tələb etməsidir. Üzvi kənd təsərrüfatında kimyəvi maddələrdən, demək olar ki, imtina edilməsi, məhsuldarlığı artıran digər texnogen vasitələrin tətbiqinin ciddi şəkildə məhdudlaşdırılması aqrar sahədə sahibkarlığın iqtisadi maraqlarına təsirsiz qalmır. Digər tərəfdən ekoloji təmiz məhsul istehsalının hər bir insan üçün həyati əhəmiyyətli olduğu da dərk edilir. Sahibkar və adi istehlakçı maraqlarının uzlaşdırılması, hazırda elmin qarşısında duran və konseptual xarakterli vəzifədir.
İnnovasiyalı sahibkarlıq bioloji müxtəlifliyin bərpası, intesiv inkişaf şəraitində torpaqdan ekoloji istifadə sisteminin tətbiqi, enerji resurslarından tullantısız istifadə, alternativ enerji mənbələrinin iqtisadi dövriyyəyə cəlb edilməsi kimi aktual istiqamətlərdə fəaliyyəti təşkil etməklə kənd təsərrüfatının çoxfuksiyalılığına xidmət edə bilər. İqtisadi məqsədəuyğunluq baxımından bir o qədər cəlbedici olmayan bu layihələrin icrası innovasiyalı sahibkarlıq fəaliyyətinin fəal stimullaşdırılması şəraitində reallaşa bilər.
Aqrar sahədə innovasiyalı sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasının konseptual istiqamətləri kimi, ilk növbədə kənd təsərrüfatında innovasiya fəallığına təsir edən amillərin idarə edilməsi, innovasiyalara məsrəflərin müəyyən hissəsinin dövlət büdcəsindən subsidiyalaşdırılması, sahibkarın elmi mərkəzlərlə əlaqələrinin təşviq edilməsi, resursqoruyucu, xüsusilə enerjiyə qanayət etməyə imkan verən texnoloji innovasiyalara gömrük, patent xidməti və digər istiqamətlərdə imtiyazların verilməsi, risklərin minimumlaşdırılması və bölüşdürülməsinin sahibkar nöqteyi-nəzərindən səmərəli mexanizminin yaradılması və i.a. qeyd olunmalıdır.
Sahibkarlıq, xüsusilə innovasiyalı sahibkarlıq aqrar sahə üçün səciyyəvi olan yüksək risk ehtimalı nəzərə almaqla həyata keçirilir. Bu prosesdə riskin əksər (maliyyə, kommersiya və s.) növləri ilə rastlaşmaq mümkündür. Odur ki, innovasiya fəaliyyətinin idarə olunması mahiyyət etibarı ilə risklərin idarə edilməsi məsələsinə gətirilə bilər fikri ilə, bəzi qeyd-şərtlərlə razılaşmaq olar. Doğrudan da, nəinki iqtisadi, sosial, institusional, ekoloji, texnoloji, həmçinin aqrobioloji, genetik və bir sıra bu kimi amillərin təsiri altında formalaşan innovasiyalı sahibkarlıq mühiti adekvat idarəetmə texnologiyalarının kompleks tətbiqini (innovasiya menecmentini) nəzərdə tutur.
Aqrar sahədə innovasiyalı sahibkarlığın maliyyə təminatı adekvat maliyyə-investisiya mexanizminin yaradılmasını tələb edir. Sahədə innovasiyaların investisiyalaşması ərzaq təhlükəsizliyinin təminatı, tarazlı regional inkişaf və elmi-texniki siyasətin prioritetlərinə əsaslanmalı, investorlar üçün innovasiya yönümlü imtiyazlı fəaliyyət rejimləri yaradılmalıdır. İnnovasiyaların investisiyalaşdırılmasının perspektivli forması olan innovasiya fondlarının yaradılması - mənbələrin müxtəlifliyi və çoxsaylı olmasını, risklərin bölgüsü və yenidən bölgüsünün adekvat mexanizminin fəaliyyət göstərməsini, dövlət və özəl bölmənin alyansını nəzərdə tutmalıdır. Aqrar sahədə innovasiyalı sahibkarlığın əlverişli investisiya mühiti gömrük-vergi stimullaşdırılmasını, haqsız rəqabətlə və inhisarçılıqla fəal mübarizəni, intellektual mülkiyyətin səmərəli qorunmasını, normativlərin və standartların hazırlanması prosesinin sadələşdirilməsini və s. nəzərdə tutur.
Aqrar sahədə innovasiyalı sahibkarlığın özünəməxsusluqları barədə deyilənlərə əlavə olaraq onu qeyd edək ki, istehsal innovativliyinin prioritetlərinin əsaslandırılması, milli innovasiya siyasətinin həyata keçirilməsinin elmi-nəzəri, metodoloji və digər aspektlərində müsbət addımlar adekvat informasiya sisteminin, dolğun və daim yenilənən verilənlər bazasının, ideyaların kommersiyalaşması prosesini əhatə edən informasiya xidmətinin yaradılması sayəsində mümkündür.
İnnovasiyalı sahibkarlıq strategiyası ən müasir təhlil metodlarının tətbiqi ilə hərtərəfli təhlilin nəticələrinə və proqnoz məlumatlarına əsaslanmalıdır. Həmin strategiyanın reallaşdırılması, inkişafın tempi və miqyasının xarakteristikası geniş faktiki məlumatların, mühasibat, idarəetmə və statistik uçot materiallarının, ümumiyyətlə sənəd dövriyyəsində iştirak edən bütün informasiya daşıyıcılarının işlənməsinə, həmçinin elmi - tədqiqat və təcrübə konstruktor işləmələrinin nəticələrinə xüsusi münasibət tələb edir. İnnovasiyalı aqrar sahibkarlığın strateji təhlilinin iki əsas istiqamətini, bazar (satış) və resurs yönümlü yanaşmaları fərqləndirmək lazımdır. Həmin yanaşmalar iqtisadi ədəbiyyatda kifayət qədər ətraflı şərh olunduğuna görə burada onların fərqləri və müqayisə olunan üstünlüklərindən deyil, innovasiyalı aqrar sahibkarlığın səmərəliliyinin yüksəldilməsi imkanlarını aşkar etmək və inkişaf meyillərini qiymətləndirmək baxımından strateji təhlilin bazar (satış) və resurs yönümlü yanaşmalarının birgə tətbiqinin zəruriliyinə diqqət çəkmək istəyirik.
Bazar meyarlarına əsasən aparılan strateji təhlilin resurs yönümlü yanaşmalarla tamamlanması struktur, maddi, maliyyə və əmək resursları ilə təminatı, xüsusilə məşğulluğun səviyyəsi və quruluşu kimi sistem əmələ gətirən amilləri, həmçinin sahibkarlığın institusional, sosial, psixoloji mühitini qiymətləndirmək imkanlarını birmənalı şəkildə genişləndirmiş olur. Məsələ ondadır ki, yalnız satış (bazar) meyarlarına əsasən aparılan strateji təhlil sadalanan məsələlərə tam aydınlıq gətirmir. Digər tərəfdən, müxtəlif resurslardan istifadə səmərəliliyini qiymətləndirməyə, kəskinləşən rəqabətin xammal bazasına qoyduğu tələblərə adekvatlığı və bu kimi bir sıra digər məsələlərə münasibət bildirməyə imkan verən resurs yönümlü strateji təhlil sahibkarın bazarda mövqe qazanmaq perspektivlərini aydınlaşdırmır. Bir sözlə, strateji təhlilin haqqında danışılan yanaşmalarının birgə istifadəsinin metodiki bazasının təkmilləşdirilməsi aqrar sahədə innovasiyalı aqrar sahibkarlığın tənzimlənməsinin aktual problemlərindən biridir.
Aqrar sahədə innovasiyalı sahibkarlığın səmərəliliyi ölkədə innovasiya fəaliyyəti göstərmək üçün yaradılmış, ixtisaslaşdırılmış subyektlərin, o cümlədən məhsul və proses innovasiyalarının reallaşdıran innovasiya mərkəzlərinin, aqroparkların, texnoloji parkların və inkubatorların və i.a. şəbəkə əmələ gətirmə qabiliyyətindən və yayılma arealından bilavasitə asılıdır. Belə ki, ixtisaslaşmış innovasiya fəaliyyət subyektləri aqrar-ərzaq təsərrüfatında innovasiya fəallığının texnoloji, təşkilati və informasiya təminatını möhkəmləndirməklə onun yüksəldilməsini təşviq edirlər.
Klasterial inkişaf aqrar-sənaye inteqrasiyasının və ixtisaslaşmanın müqayisəli üstünlüklərin reallaşdırılmasına yönəldilən, resurslardan və infrastruktur imkanlarından, o cümlədən müştərək loqistik sistemlərdən səmərəli istifadəyə, əmək ehtiyatlarının (kadr hazırlığının) yaxşılaşdırılması və birgə innovasiyalı istehsal fəaliyyəti kimi meyarlara əsaslanır. İnnovasiyaların bazar yönümünün onun davamlılığı üçün əsas şərtlərdən biri olduğunu nəzərə alaraq, aqrar-sənaye klasterlərinin sahibkarlığın təşviqindəki mühüm rolu xüsusi qeyd olunmalıdır. Digər tərəfdən müştərək istehsal-kommersiya fəaliyyəti intellektual inkişafın infrastruktur təminatına kifayət qədər konkret və perspektivə hesablanmış tələblər qoyur. Resursqoruma imkanlarının gerçəkləşdirilməsi, istehsal infrastrukturunun modernləşdirilməsi və yüksək texnologiyaların fəal tətbiqini nəzərdə tutan klaster təşəbbüsləri aqrar sahədə innovasiyalı sahibkarlığın inkişafı üçün əlverişli start şəraiti formalaşdırır. Həmin şərait resursların və hazır məhsulların hərəkətində yol verilən itkilərin minimumlaşdırılması baxımından əlverişli olmalıdır.
Aqrar sahibkarın innovativliyi və rəqabət qabiliyyəti ölkədə həyata keçirilən qiymət siyasəti birbaşa bağlıdır. İslahatların dərinləşdirilməsi şəraitində dövlətin kənd təsərrüfatının innovasiyalı inkişafının stimullaşdırılmasında qiymət siyasəti artan rola malikdir. Tədqiqatlar göstərir ki, məhz bu şəraitdə optimal təminatlı qiymət rejiminin tətbiqi innovasiyalı aqrar sahibkarlığın inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir edir. Unutmaq olmaz ki, sənaye və kənd təsərrüfatı məhsullarının mübadiləsində mövcud olan və kifayət qədər ciddi qeyri-ekvivalentlik aqrar sahibkarlığın rəqabətədavamlı və innovasiyalı fəaliyyətini əngəlləyir. Odur ki, kənd təsərrüfatında çalışan sahibkarların qiymət disparitet üzündən məruz qaldıqları zərəri minimumlaşdırmaq üçün dövlətin paritet qiymətləri dəstəkləmə siyasəti daha fəal surətdə həyata keçirilməlidir. Aqrar sahə üçün texnika və texnologiya idxalının innovasiyalı kənd təsərrüfatının inkişafının prioritetlərinə uzlaşdırmaq imkanları yenidən nəzərdən keçirməli və onları reallaşdırmaq yolları müəyyənləşdirməlidir.
Dostları ilə paylaş: |