İSTEHLAKÇILARIN HÜQUQLARININ MÜDAFİƏSİ
Maddə 17. Ticarət və başqa xidmət növləri haqqında qaydalar
Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.
Ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-terminallar quraşdırılmalıdır.
POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə POS-terminalların mərhələlərlə tətbiqi qaydası və cədvəli müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Bu maddənin ikinci hissəsində nəzərdə tutulan POS-terminalların quraşdırılmaması Qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.[12]
Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti [13]
18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir:
18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən yeyinti məhsullarının və dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini;
18.0.2. malların (xidmətlərin, işlərin) bəzi növlərinin istehsalına, idxalına və satışına xüsusi razılıq (lisenziya) verilməsini;
18.0.3. məcburi sertifikatlaşdırılmalı olan malların (xidmətlərin, işlərin) müəyyənləşdirilməsi və onlara uyğunluq sertifikatının və (və ya) uyğunluq nişanlarının verilməsini;
18.0.4. dərman vasitələrinin satışı, tibbi xidmətlərin göstərilməsi ilə məşğul olan şəxslərin müvafiq tibbi təhsilinin olmasına nəzarəti;
18.0.5. malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını;
18.0.6. həcmi müvafiq qaydada müəyyənləşdirilərək, təsdiq olunmuş maddi və mənəvi zərərin satıcı tərəfindən (istehsalçı, idxalçı, reklamçı) alıcıya (istehlakçıya) ödənilməsini;
18.0.7. insanların sağlamlığı, ətraf mühit üçün təhlükəli olan malların (xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qadağan olunmasını;
18.0.8. istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı, ictimai birliklərin fəaliyyəti üçün müvafiq şəraitin yaradılmasını.
Maddə 19. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi [14]
19.1. Malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət formasında həyata keçirilir.
19.2. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı:
19.2.1. istehsal, idxal edilən və (və ya) satılan malların (xidmətlərin, işlərin) müvafiq standartların və texniki şərtlərin tələblərinə uyğunluğunu müəyyənləşdirir, onlara uyğunluq sertifikatları və (və ya) uyğunluq nişanları verir;
19.2.2. məcburi sertifikatlaşdırılması tələb olunan malların (xidmətlərin,
işlərin) siyahısını müəyyənləşdirir və onların sertifikatı olmadan satışının (icrasının) qarşısını alır və ticarət dövriyyəsindən çıxarır;
19.2.3. müvafiq standartların, texniki şərtlərin tələblərinə cavab verməyən, insanların həyat və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan malların (xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qarşısını alır;
19.2.4. mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş malların ticarət dövriyyəsindən çıxarılmamasına, onların satılmasına yol vermiş şəxslərin müvafiq qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması üzrə tədbirlər görür;
19.2.5. istehsalı, idxalı və satışı qadağan olunmuş mallar (xidmətlər, işlər) barədə əhaliyə vaxtında məlumat vermək məqsədilə kütləvi informasiya vasitələrində məlumatlar dərc edir və yayır;
19.2.6. satılan xammalın, materialların, hazır məhsulların müvafiq keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğunun götürülmüş nümunələr əsasında ekspertizasını (sınağını) keçirir və onun nəticələrindən asılı olaraq müvafiq tədbirlər görür. Həmin nümunələrin dəyəri və ekspertizanın (sınağın) keçirilməsi xərcləri yoxlanılan təsərrüfat subyekti tərəfindən ödənilir və onun istehsal-təsərrüfat xərclərinə aid edilir;[15]
19.2.7. ərzaq məhsullarının və dərman vasitələrinin, insanların sağlamlığı və ətraf mühit üçün təhlükə yarada bilən malların qablaşdırılarkən sanitar-gigiyena və toksikologiya, möhkəmlik baxımından təhlükəsiz materiallardan istifadə olunmasına nəzarət edir;
19.2.8. patentləşdirilmiş dərman vasitələrinin, insanların sağlamlığı və ətraf mühit üçün təhlükə yarada bilən malların təhlükəsiz istifadə qaydaları barədə xəbərdarlıq olmadan satışının qarşısını alır;
19.2.9. saxtalaşdırılmış malların ticarət dövriyyəsindən çıxarılmasını, bu malların istehsalı və satışı ilə məşğul olan şəxslərin müvafiq qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsini təmin edir;
19.2.10. malların (xidmətlərin, işlərin) müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi, yaxud istehsalçı tərəfindən tövsiyə olunan qiymətlərlə satılmasına nəzarət edir;
19.2.11. qiymətli metalların, qiymətli daşların və onlardan hazırlanmış zərgərlik məmulatlarının müvafiq qanunvericiliklə müəyyən olunmuş satış qaydalarına riayət olunmasına nəzarət edir;
19.2.12. satıcılar tərəfindən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə müvafiq tədbirlər görür;
19.2.13. malların (xidmətlərin, işlərin) istehsalı, ixracı, idxalı və satışı ilə məşğul olan şəxslərdən onların keyfiyyəti, qiyməti, satış şərtləri barədə məlumatlar alır;
19.2.14. satılan malların (xidmətlərin, işlərin) keyfiyyətinin yüksəldilməsi, nomenklaturunun və çeşidinin genişləndirilməsi barədə təkliflər hazırlayır və müvafiq icra hakimiyyəti orqanlarına təqdim edir.
Maddə 20. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə yerli icra hakimiyyəti orqanlarının vəzifələri
Yerli icra hakimiyyəti orqanları istehlakçıların hüquqlarının müdafiəsi üzrə müvafiq orqanları yarada bilərlər. İcra hakimiyyəti orqanlarının istehlakçıların hüquqlarının müdafiəsi üzrə müvafiq orqanları:
istehlakçıların şikayətlərinə baxır, onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsi üzrə müvafiq məsləhət verir;
istehlakçıların hüquqlarını məhdudlaşdıran şərtləri aşkarlamaq məqsədilə satıcılarla (istehsalçılarla, icraçılarla) istehlakçılar arasında bağlanan müqavilələri təhlil edir;
istehlakçıların həyatına, sağlamlığına, yaxud əmlakına dəyən ziyan haqqında məlumat toplayır və onu aidiyyəti üzrə səlahiyyətli orqanlara göndərir;
istehlakçıların mallarda (işlərdə, xidmətlərdə) nöqsanlar, yaxud təhlükəli mallar (işlər, xidmətlər) aşkar etdikləri hallarda bunlar barədə də malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq dövlət icra hakimiyyəti orqanlarına xəbər verir;
istehlakçıların hüquqlarının müdafiəsi məqsədilə öz təşəbbüsü və ya istehlakçının (istehlakçılar ittifaqının) müraciəti əsasında məhkəmə qarşısında iddia qaldıra bilər.
Maddə 21. İstehlakçıların hüquqlarının pozulmasına görə məsuliyyət [16]
Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.
Maddə 22. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının qərarlarına, onların vəzifəli şəxslərinin, həmçinin bu şəxslərin hərəkətlərinə dair şikayətlərə baxılması
İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının qərarlarına, onların vəzifəli şəxslərinin, həmçinin bu şəxslərin hərəkətlərinə qarşı şikayətlərə qanunvericiliklə müəyyən olunmuş qaydada baxılır.
İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarının yerinə yetirilməsi, həmçinin bu şəxslərin hərəkətlərinin icrası şikayətin verilməsi ilə dayandırılmır.
Maddə 23. İstehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının hüquq-mühafizə orqanları ilə əlaqəsi
Hüquq-mühafizə orqanlarının işçiləri istehlakçıların hüquqlarının müdafiəsini həyata keçirən dövlət icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə öz vəzifələrinin yerinə yetirilməsində köməklik göstərir və bu işlərin görülməsində onlara maneçilik törədən vətəndaşların qanunsuz hərəkətlərinin qarşısını alırlar.
Maddə 24. Azərbaycan Respublikasında istehlakçıların hüquqlarını müdafiə edən dövlət icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin hüquqi müdafiəsi
İstehlakçıların hüquqlarını müdafiə edən dövlət orqanlarının vəzifəli şəxslərinin və mütəxəssislərinin hüquqları Azərbaycan Respublikasının müvafiq qanunvericilik aktları əsasında təmin edilir.
Onların vəzifələrinin yerinə yetirilməsinə mane olmaq və ya hər hansı şəkildə təsir göstərmək, habelə işlərinə müdaxilə etmək qadağandır.
Belə hərəkətlərə yol verən orqanlar, vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada məsuliyyət daşıyırlar.
Maddə 25. (Çıxarılıb) [17]
Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi
İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir.
İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.
IV f ə s i l
Dostları ilə paylaş: |