“Naşa qazeta”: Cənab Rəhimov, təqdimat mərasiminin keçirilməsindən razı qaldınızmı?
– Bəli. Bu, Avropa Oyunlarının birinci təqdimatı deyil və mənə belə gəlir ki, ilk növbədə Heydər Əliyev
Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı, eyni zamanda 2015-ci il Avropa Oyunlarının Təşkilat
Komitəsinin rəhbəri olan Mehriban Əliyeva tərəfindən seçilmiş format çox düzgün formatdır. Bu, bilavasitə
Oyunların təqdimatını və bu il iyunun 12-dən 28-dək Bakıda baş verəcək bütün hadisələri kompleks şəkildə
nəzərdən keçirməyə imkan verir və bütövlükdə ölkənin təqdim edilməsi üçün əla şans yaradır. Burada nə qədər
gözəl kitabların sərgiləndiyini, milli yeməklər hazırlandığını özünüz gördünüz. Ola bilsin ki, bu, idmanla
maraqlanan insanların Azərbaycana gəlmək, ölkəmizlə, onun tarixi, mədəniyyəti və ənənələri ilə tanış olmaq
arzusunu daha da gücləndirəcəkdir. Biz Davosda təqdimatı təşkil etməklə iqtisadiyyat sahələrinin buradakı
nümayəndələrinin diqqətini cəlb etməyə çalışmışıq. Kannda keçirilən təqdimat əsasən mədəniyyət xadimləri
üçün, Berlində və İstanbulda keçirilən təqdimatlar isə siyasətçilər üçün nəzərdə tutulmuşdu. Bir sözlə, hər bir
mərhələ qarşıdakı Oyunlar barədə informasiyanın maksimum yayılması üçün çox vacibdir.
– Qarşınızda ikiqat çağırış var: birinci Avropa Oyunlarının və ümumiyyətlə Bakıda ilk dəfə belə geniş
miqyaslı idman tədbirinin keçirilməsi. Sizin üçün uğur meyarı nə olacaq?
– Ölkədə idman məsələləri və idman siyasəti ilə məşğul olan bir insan kimi, mənim üçün ən vacibi Birinci
Avropa Oyunlarının dünya paytaxtlarında, ilk növbədə Avropa ölkələrində işıqlandırılması; avropalı idmançılar
üçün belə bir mühüm idman hadisəsi təcrübəsini əldə etmək imkanı yaratmaq və əlbəttə, bizim atletlərə bu
yarışlarda iştirak etmək, azarkeşlərimizə isə yarışları izləmək imkanı verməkdir. Əgər tribunalar tamaşaçı ilə
dolu olsa və oyunlardan sonra bizim bütün idman seksiyalarının qarşısında öz uşaqlarının idmanla məşğul
olmasını qərara almış valideynlərdən ibarət növbələr yaransa, özümü xoşbəxt sanaram. Bax bu, əsl qələbə
olacaq!
– Siz özünüz idmanla məşğul olmusunuz və ya məşğul olursunuz?
– Əlbəttə, mən həndbol üzrə Azərbaycan yığmasının üzvü olmuşam. İndi isə, bu yaşımda hər səhər 42
kilometrlik marafon distansiyası qaçmaq vacib deyil, sadəcə bədən tərbiyəsi ilə məşğul olmaq, gəzmək, üzmək,
bir sözlə, hərəkətdə olmaq lazımdır!
“Xalq qəzeti”.-2015.-25 yanvar.-N 18.-S.2.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
179
“Bakı 2015″in Ulduz Elçilərindən dəstək
Nəzakət
Bakı 2015 Avropa Oyunlarının Ulduz Elçiləri və Avroviziya-2011 Mahnı Müsabiqəsinin qalibləri Eldar
Qasımov və Nigar Camal Mərasimlərdə çıxış edəcək iştirakçıların bazar günü keçirilmiş dinləmələrinə qonaq
qismində qatılıblar. Əməliyyat Komitəsindən sia-ya verilən xəbərə görə, duet oxuyan cütlük Bakı 2015 Avropa
Oyunlarının Açılış və Bağlanış Mərasimlərində rol almağı gözləyən iştirakçılar qarşısında həvəsləndirici qısa
çıxış edib və iri beynəlxalq yarışlarda uğurla çıxış etmək üçün fədakarlıq və hazırlığın əhəmiyyətini
vurğulayıblar.
Avroviziya mahnı müsabiqəsinin qalibi Nigar Camal deyib: “Öz ölkəni böyük beynəlxalq yarışlarda təmsil
etmək inanılmaz hissdir və bir çox Azərbaycanlı gəncin Bakı 2015 Avropa Oyunlarında bu cür imkan əldə
etmələri mənim üçün çox xoşdur. Bir Ulduz Elçi olaraq Mərasim iştirakçıları proqramı kimi bir sıra təşəbbüslər
vasitəsilə çox sayda insanı Bakı 2015 Avropa Oyunlarına cəlb etmək və ölkəmizin tarixinə yeni səhifənin
yazılmasında iştirak etmək mənim vəzifəmdir”.
Açılış və Bağlanış Mərasimlərini hazırlayan Five Currents şirkətinin baş prodüseri Tom Bisinyano deyib:
“Biz Azərbaycan haqqında bir arzu yaratmaq istəyirik və bu arzunun reallaşması üçün sizin köməyinizə
ehtiyacımız var. Bizə qoşulun və mən sizə həqiqətən də unudulmaz bir təcrübə qazanacağınıza söz verirəm”.
Bakı 2015 Avropa Oyunları Mərasimlərinin iştirakçısı Xumar Quluzadə deyib: “Mənim dinləməm gözəl
keçdi və dinləmədə iştirak edən hər kəs çox səmimi və gülərüz idi. Artıq böyük bir ailənin bir hissəsinə
çevrildiyimi hiss edirəm və Bakı 2015 Avropa Oyunlarının Mərasim iştirakçısı olmaq üçün məşqlərə başlamağı
səbirsizliklə gözləyirəm.”
Məlumat üçün nəzərinizə çatdıraq ki, Bakı 2015 Avropa Oyunlarının Açılış Mərasimində təşkilatçı şəhərin
müasir Avropada oynadığı rolu əks etdirən ənənəvi Azərbaycan mədəniyyəti qeyd olunacaq, eyni zamanda,
Oyunlarda yarışacaq idmançılar təntənəli şəkildə salamlanacaq.
Qeyd edək ki, Bakı 2015 Avropa Oyunlarının Mərasimlər komandası cümə günü, 12 iyun tarixində
Azərbaycanı yeni tikilmiş Milli Stadionda təmsil etmək həvəsinə, enerjisinə və arzusuna malik olan 16 yaş və
16 yaşdan yuxarı könüllü iştirakçıları işə cəlb edəcək.
“Səs”.-2015.-27 yanvar.-№ 15.-S.7.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
180
“Bakı-2015” idman tarixində yeni maraqlı səhifə olacaq
Prezident İlham Əliyev: Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox
əhəmiyyətli məsələ olub
Mübariz Abdullayev
Bu bir danılmaz həqiqətdir ki, Azərbaycan qısa müstəqillik tarixində özünü beynəlxalq birliyə hər cəhətdən
layiqli töhfələr verən, regional və qlobal miqyasda gedən proseslərə müsbət təsir göstərən bir ölkə kimi tanıdıb.
2015-ci ilin yayında Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunları isə respublikamızın bütün dünyada həm də
yüksək səviyyəli idman ölkəsi kimi təqdim olunmasında mühüm rol oynayacaq.
Bu məqamda bildirmək yerinə düşər ki, yanvarın 22-də Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə
Davosda “Bakı-2015” I Avropa Oyunlarının təqdimatı keçirilib. Dünyanın ən yüksək səviyyəli iqtisadi forumu
ərəfəsində Sürix və Davos şəhərlərinin müxtəlif yerlərində Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı
reklam lövhələri yerləşdirilib. Beləliklə də, Davos Forumunun iştirakçıları Azərbaycanın idman ənənələri, eləcə
də, ölkəmizin, xalqımızın zəngin maddi-mədəni dəyərləri barədə məlumat əldə ediblər. İsveçrənin ictimai-siyasi
dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələrinin, həmçinin, Davos İqtisadi Forumunun
təmsilçilərinin qatıldıqları təqdimat mərasimində Azərbaycanın ev sahibliyi edəcəyi I Avropa Oyunlarının
Avropanın idman tarixində yeni səhifə açacağı, beynəlxalq miqyasda idman hərəkatına, xalqlar və ölkələr
arasında əməkdaşlığa sanballı töhfələr verəcəyi xüsusi vurğulanıb.
Xatırladaq ki, I Avropa Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin
dekabrında Avropa Olimpiya Komitəsinin Baş Məclisində qəbul edilib. Avropanın idman-olimpiya ailəsi
Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib. Bakıda keçiriləcək yarışlarda Avropa Olimpiya
Komitəsinə üzv olan bütün ölkələrin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa
əsasən, Bakıda keçiriləcək yarışlara 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox atlet qatılacaq. Tədbirin
işıqlandırılması üçün paytaxtımıza 2000 jurnalistin gəlişi gözlənilir. Təşkilatçılar, həmçinin, bəyan ediblər ki,
“Bakı-2015” oyunlarından 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya
platforması qismində istifadə ediləcək. Belə ki, I Avropa Oyunları çərçivəsində keçiriləcək yarışlardan 16-sı
olimpiya idman növüdür. Bura velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü tennis, taekvando,
triatlon və digər idman növləri daxildir.
Göründüyü kimi, cari ilin yayında Bakının ev sahibliyi edəcəyi I Avropa Oyunlarının miqyası və nüfuzu
kifayət qədər böyükdür. Avropanın və bütün dünyanın idman tarixində həmişəlik qalacaq I Avropa Oyunlarının
ölkəmizdə keçirilməsinə qərar verilməsi isə heç də təsadüfi deyildir. Davosda baş tutan “Bakı-2015”in təqdimat
mərasimində də vurğulandığı kimi, ölkəmizin reallıqları belə bir mühüm qərarın verilməsində əsas olub.
Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsində ölkəmizin idman ənənələri,
idmançılarımızın nailiyyətləri mühüm rol oynayıb
Məlum olduğu kimi, ölkəmizdə idmanın inkişafına göstərilən davamlı dövlət qayğısı sayəsində
idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurların sayı əhəmiyyətli dərəcədə artıb. Respublikamızın
Olimpiya Oyunlarında hər dəfə daha böyük müvəffəqiyyətlə çıxış etməsi bunun təsdiqidir. Əgər Azərbaycan
müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi medal qazanmışdısa,
son London Olimpiadasında təmsilçilərimizin qazandıqları medalların sayı 10-a çatıb və respublikamız
medalların sayına görə Avropa ölkələri arasında 15-ci yerdə qərarlaşıb. Azərbaycan idmançıları daha bir böyük
uğuru 2014-cü ildə Çində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanıblar. Dünyanın 200-ə
yaxın ölkəsinin iştirakı ilə keçirilən bu olimpiadada Azərbaycan komandası 10-cu pillədə qərarlaşıb ki, bu da
respublikamızı təmsil edən gənc idmançıların tarixi nailiyyətləridir.
Bütün bunlar, heç şübhəsiz ki, beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. I Avropa
Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsinə qərar verilməsi bunu bir daha təsdiqləyir. Təsadüfi deyil
ki, Prezident İlham Əliyev Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimindəki çıxışında I Avropa
Oyunlarının Bakıda keçirilməsinə qərar verilməsində Azərbaycanın özünü idman ölkəsi kimi tanıtmasının,
atletlərimizin beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərlə bağlı olduğunu bildirib: “Fikrimcə, bu Oyunların
Bakıda keçirilməsi haqqında qəbul edilmiş qərarın bir səbəbi də atletlərimizin nailiyyətləri ilə bağlıdır.
Azərbaycan müstəqillik illəri ərzində özünü həm də idman ənənələri ilə seçilən ölkə kimi tanıdıb”.
Azərbaycanın sürətli inkişafı ölkəmizin qlobal miqyasda nüfuzunun artması ilə nəticələnib
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
181
Məlumdur ki, hazırda qlobal miqyasda təzadlı və bir çox hallarda arzuolunmaz proseslər baş verir. Bir neçə
il bundan əvvəl başlayan qlobal maliyyə-iqtisadi böhranı ayrı-ayrı ölkələrdə ciddi fəsadlarla nəticələnib-istehsal
aşağı düşüb, çoxlu sayda iş yerləri ixtisar edilib, sosial əhəmiyyət daşıyan layihələr təxirə salınıb. Bütün
bunların ardından dünya yeni qlobal risklərlə üz-üzə dayanıb. Birjalarda neftin qiymətinin kəskin şəkildə aşağı
düşməsi, həmçinin, dünyanın hegemon güclərinin geostrateji maraqlarının toqquşması üzündən müasir dünya
düzəninə yaranan təhdidlər ayrı-ayrı ölkələri ciddi sınaq qarşısında qoyub. Belə bir şəraitdə ölkəmiz qlobal
risklərə yüksək dayanıqlılıq nümayiş etdirir və kataklizmlərdən yan keçməyi bacarır. Hazırda müstəqil
Azərbaycan bütün dünyada sabitlik və inkişaf adası kimi səciyyələnir. Ölkə iqtisadiyyatının potensialının ilbəil
artması, həmçinin, müsbət makroiqtisadi göstəricilər respublikamızın hərtərəfli dinamik inkişafını təsdiqləyir.
Ümumi daxili məhsulun artım dinamikası hər bir ölkənin iqtisadiyyatının dayanıqlılığını şərtləndirən əsas
amillərdəndir. Bu mənada Azərbaycanda ümumi daxili məhsulun ilbəil artması məmnunluq doğurur. Belə ki,
son 11 ildə ölkəmizdə ÜDM istehsalında 3 dəfədən çox artıma nail olunub. Prezident İlham Əliyevin
vurğuladığı kimi, heç bir başqa ölkədə iqtisadiyyat bu qədər artmayıb.
Ölkəmizin maliyyə durumu kifayət qədər qənaətbəxşdir. Ölkənin strateji valyuta ehtiyatları 54 milyard
dolları ötüb ki, bu da Azərbaycan kimi ölkə üçün olduqca yaxşı göstəricidir. Təkcə belə bir faktı vurğulamaq
kifayətdir ki, respublikamızın strateji valyuta ehtiyatları ümumi daxili məhsulun 70 faizinə bərabərdir. Ölkənin
xarici borclanması ümumi daxili məhsula nisbətdə cəmi 8 faiz təşkil edir. Son 11 ildə Azərbaycan
iqtisadiyyatına 160 milyard dollar həcmində investisiyalar yönəldilib. Ötən il ölkə iqtisadiyyatına müxtəlif
mənbələrdən yönəldilən investisiyaların həcmi 27 milyard dollara çatıb. Diqqəti çəkən əsas məqam isə
investisiyaların strukturunda daxili sərmayələrin həcminin artaraq 16 milyard dollara çatmasıdır. Eyni zamanda,
iqtisadi potensialın artması nəticəsində Azərbaycanın güclü sərmayə ixracı imkanları yaranıb və respublikamız
investisiya idxal edən ölkədən digər dövlətlərdə müxtəlif sahələrə sərmayələr yönəldən bir ölkəyə çevrilib.
Düşünülmüş məqsədyönlü siyasət sayəsində dinamik inkişafın təmin olunması paralel surətdə ölkədə
inflyasiyanın aşağı səviyyədə saxlanılmasını təmin edib. Qısa müddətdə respublikamızda işsizliyin və
yoxsulluğun səviyyəsi çox aşağı səviyyəyə - 5 faizə düşüb.
Dünya ölkələrinin qlobal risklərdən əziyyət çəkdiyi bir vaxtda Azərbaycanın iqtisadi artım dinamikasını
qoruyub saxlaması ölkəmizin mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etmək imkanlarını da artırır. Prezident
İlham Əliyev Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimindəki çıxışında I Avropa Oyunlarının cari ilin
yayında Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsinə təsir göstərən səbəblərdən birinin də məhz
Azərbaycanın sürətli inkişafı ilə bağlı olduğunu bildirib: “Digər səbəb Azərbaycanın sürətli inkişafı ilə bağlıdır.
Müstəqillik illəri, xüsusən də son on il ərzində iqtisadiyyatımız üç dəfədən çox artıb. Davos Dünya İqtisadi
Forumu qlobal rəqabətlilik reytinqinə görə Azərbaycanı 38-ci yerdə qərarlaşdırır. İqtisadi inkişaf və müasir
infrastruktur Oyunların Bakıda keçirilməsi barədə qərarın qəbulunda rol oynadı”.
Son illərdə Azərbaycanda idman infrastrukturu əhəmiyyətli dərəcədə yenilənib
Son illərdə Azərbaycanın mənzərəsini səciyyələndirən əsas məqamlardan biri də, şübhəsiz ki, ölkəmizdə
müasir idman infrastrukturunun yaradılması ilə bağlıdır. Prezident İlham Əliyev Davosda təşkil olunan “Bakı-
2015”in təqdimat mərasimindəki çıxışında son illərdə ölkəmizdə idman infrastrukturunun yenilənməsini də
xüsusi vurğulayıb: “Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox
əhəmiyyətli məsələ olub”.
Vurğulamaq yerinə düşər ki, ölkəmizin idmançıları və idman təsərrüfatı məhz1997-ci ildə Milli Olimpiya
Komitəsinin (MOK) rəhbərliyinin dəyişməsindən sonra MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz
böyük hamilərini tapdılar. Həmin vaxtdan etibarən MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda
idman təsərrüfatının yenilənməsinə, o cümlədən də, bu sahədə müasir infrastruktur qurulmasına start verilib.
Ölkənin idman təsərrüfatının yenilənməsi ilə bağlı iki istiqamət müəyyənləşdirilmişdi. Bunlardan biri mövcud
idman qurğularının müasir dünya standartları səviyyəsində yenidən qurulması, digəri isə yeni idman
obyektlərinin inşa edilməsi idi. 1997-ci ildən bəri hər iki istiqamətdə böyük həcmli layihələr reallaşdırılıb.
Respublikamızda idman infrastrukturunun yenilənməsi ilə bağlı reallaşdırılan layihələr içərisində dövlət
başçısının müvafiq Sərəncamına əsasən Tofiq Bəhrəmov adına Respublika Stadionunun maddi-texniki
bazasının möhkəmləndirilməsini xüsusi qeyd etmək lazımdır. Yenidənqurma işlərindən sonra Respublika
Stadionu beynəlxalq standartlara cavab verən müasir arenaya çevrilib.
Bu qəbildən olan yenidənqurma işləri digər idman qurğularında da uğurla həyata keçirilib. Hazırda Heydər
Əliyev adına İdman-Konsert Kompleksində, Bakı İdman Sarayında və digər idman qurğularında da bu qəbildən
olan böyük həcmli işlər uğurla davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
182
Eyni zamanda, son illərdə ölkəmizdə ən müasir dünya standartları səviyyəsində inşa edilən idman arenaları
istifadəyə verilib. Bu sırada “Bakı”, “Azal”, “Qəbələ” futbol klublarının yeni təlim-məşq bazalarını, “Xəzər-
Lənkəran” komandası üçün inşa edilən stadionu və digərlərini misal göstərmək mümkündür. Bakıda yelkən
idmanı üçün nəzərdə tutulan Yaxt-klub, Stend Atıcılığı Mərkəzi, “Musado” Taekvondo evi, Otüstü xokkey
kompleksi, “ABU-Arena” həndbol mərkəzi yeni tikilən idman obyektləri sırasındadır. Ötən ilin birinci yarısında
Bakıda möhtəşəm Milli Gimnastika Arenası istifadəyə verilib. Müstəqillik illərində ölkəmizdə ən müasir
standartlar səviyyəsində 50-dən artıq idman-olimpiya kompleksləri tikilib istifadəyə verilib ki, onların da böyük
əksəriyyəti bölgələrin payına düşür.
Yüksək səviyyəli infrastrukturun yaradılması respublikamızın mötəbər beynəlxalq yarışlara ev sahibliyi
etməsinə imkan verir. Cari ilin yayında Bakıda keçiriləcək I Avropa Oyunları bunun daha bir təsdiqinə
çevriləcək.
Əlamətdar haldır ki, Azərbaycanda idmana böyük önəm verildiyi Davosda keçirilən “Bakı-2015”in təqdimat
mərasimində də vurğulanıb. Belə ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışında bu
məqama toxunaraq deyib: “İdman Azərbaycan cəmiyyətində xüsusi yer tutur. “Bakı-2015” idman tarixində yeni
maraqlı səhifə olacaq”.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışında həmçinin, birinci Avropa Oyunlarının
təqviminin Azərbaycanın bacarıqlı yerli kadrlarının gücü ilə təşkil ediləcəyini bildirib və “Bakı-2015”
Azərbaycanın yeni nəsil idman mütəxəssislərini formalaşdırmağa yardım edir. Bundan əlavə, Oyunlar
Azərbaycan üçün gözəl sosial vasitə olacaq. Ölkə əhalisinin üçdə iki hissəsinin yaşı 35-dən aşağıdır və bu cür
böyük təbəqə idmanın təşviq etdiyi amallar və cəmiyyət haqqında məlumatlar alacaq. Şübhə etmirəm ki, “Bakı-
2015” Oyunları Azərbaycanın parlaq idman gələcəyinə aparan yoldur” - deyə əlavə edib.
Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli və
çoxkonfessiyalı, çoxmədəniyyətli ölkədir
Kimsəyə sirr deyil ki, bu gün dünyada sivilizasiyalar və konfensiyalararası təhdidlər də böyük narahatlıq
doğurur. Beynəlxalq miqyasda irqçilik, insanlar arasında milli, dini mənsubiyyətinə görə fərq qoymaq meyilləri
artıb. Lakin respublikamızda bu sahədəki durum tamamilə fərqlənir. Yəni, Azərbaycan dünyanın elə nadir
məkanlarındandır ki, burada sivilizasiyalararası dialoqa sanballı töhfələr verilir, multikulturalizm, dini və milli
müxtəliflik ölkənin ən üstün dəyərlərindən biri kimi təbliğ olunur. Bakının mədəniyyətlərarası dialoq və
beynəlxalq humanitar forumlara ev sahibliyi etməsi bunu bir daha təsdiqləyir. Azərbaycan cəmiyyətini
fərqləndirən ən üstün keyfiyyətlərdən biri də odur ki, ölkədə tolerantlıq, müxtəlif dinlərə və mədəniyyətlərə
dözümlü yanaşma bir növ həyat normasına çevrilib. Burada müxtəlif etiqadlara və mədəniyyətlərə məxsus
xalqlar çiyin-çiyinə yaşayaraq ümumi inkişafa töhfə verirlər. Hazırda əksər Avropa təsisatlarının üzvü olan
Azərbaycan, eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatının da üzvüdür. Dünyanın 2 yüzdən artıq ölkəsini əhatə
edən Avropa və Asiya təşkilatlarının üzvü olmaq Azərbaycanın sivilizasiyalararası əlaqələrin
gücləndirilməsində əhəmiyyətini daha da artırır.
Yeri gəlmişkən, Prezident İlham Əliyev Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimində
Azərbaycanın beynəlxalq miqyasda xalqlar və dövlətlər arasında etimadın, qarşılıqlı inamın artmasına töhfə
vermək əzmini bir daha nəzərə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan bütün dinlərin
nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı çoxmillətli və çoxkonfessiyalı, çoxmədəniyyətli
ölkədir: “Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli məsələ
olub. Fəxr edirik ki, 2015-ci il Avropa Oyunlarından sonra 2016-cı ildə biz Dünya Şahmat Olimpiadasını
keçirəcəyik və eyni zamanda, ilk dəfə olaraq, “Formula - 1” yarışmaları regionumuza gələcək. Bu yarış şəhər
daxilində baş tutacaq. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu oyunlar müsəlman
dünyasını bir araya gətirir. Bunun çox rəmzi mənası var. İki il ərzində Bakı Avropa Oyunlarını və İslam
Oyunlarını qəbul edəcək. Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində
yaşadığı çoxmillətli və çoxkonfessiyalı, çoxmədəniyyətli ölkədir. Bu yaxınlarda Azərbaycanda Beynəlxalq
Multikulturalizm Mərkəzinin yaradılması haqqında qəbul edilmiş qərarın tarixi əsasları var. Bu, dövlət
siyasətimizin real təzahürüdür”.
Bakıda olduqca gözəl ilk Avropa Oyunları keçiriləcək
Beləliklə, respublikamız I Avropa Oyunlarını son illərdə ev sahibliyi etdiyi çoxlu sayda mötəbər beynəlxalq
tədbirlərdə olduğu kimi, yeni yüksək standartlar çərçivəsində, Olimpiya Oyunları səviyyəsində keçirmək və
bununla da Avropa idman ailəsinin ölkəmizə göstərdiyi etimadı lazımınca doğrultmaq əzmi nümayiş etdirir.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
183
Hazırda Azərbaycanda I Avropa Oyunlarına hazırlığın son mərhələsi çərçivəsində işlər sürətlə davam
etdirilir. I Avropa Oyunlarının keçiriləcəyi arenaların bir çoxu artıq yarışlara tam hazırdır. Digər idman
qurğularında, o cümlədən də, Olimpiya Stadionunun, Su İdman Sarayının, Atıcılıq Mərkəzinin tikintisi cədvəl
üzrə davam etdirilir.
Prezident İlham Əliyev Davosda keçirilən təqdimat mərasimində I Avropa Oyunlarına hazırlıq işlərinin
yüksək səviyyədə aparılmasında beynəlxalq komandanın birgə çalışdığını da diqqətə çatdırıb: “İki il yarım təbii
ki, çox məhdud vaxt çərçivəsidir. Lakin Avropa Olimpiya Komitəsinin böyük dəstəyi ilə Təşkilat Komitəsi
olaraq ürəkdən çalışırıq. Biz güclü tərəfdaşlıq qurmuşuq və bu gün Oyunları mümkün qədər ən yüksək
səviyyədə təşkil etmək məqsədilə 40-dan artıq ölkənin nümayəndələrinin çalışdığı beynəlxalq komandamız
var”.
Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimində çıxış edən Avropa Olimpiya Komitəsinin prezidenti
Patrik Hikki də Azərbaycanın I Avropa Oyunlarına böyük əzmlə hazırlaşdığını vurğulayıb: “Bakıda olduqca
gözəl ilk Avropa Oyunları keçiriləcək. Azərbaycan qədim tarixə malik, yüksək templə inkişaf edən, zəngin təbii
sərvətləri olan, onları lazımi şəkildə idarə edən ölkədir. Azərbaycan cəmi 23 il ərzində görünməmiş tərəqqi əldə
edib. Avropa Olimpiya ailəsinin bir hissəsi olmaq bu inkişafın sürətləndirilməsinə zəmin yaradıb. Zati-aliləri
Prezident İlham Əliyevin mövqeyi və uzaqgörənliyi, xüsusən də Onun Azərbaycan Milli Olimpiya Komitəsinin
rəhbəri kimi oynadığı rol sayəsində dünyanın bu guşəsində inkişaf təmin edilib”.
Təqdirəlayiq haldır ki, Avropa Olimpiya Komitəsinin prezidenti Azərbaycanı təqdimat mərasiminin
iştirakçılarına ölkəmizin dövlət başçısından gətirdiyi sitatla təqdim edib: “Siz 2015-ci ildə Azərbaycanda
Avropa Oyunlarını, 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını seyr edə bilərsiniz. Bunlar iki il ərzində bir
ölkədə, bir şəhərdə keçiriləcək. Bu, Azərbaycanın bugünkü reallığını əks etdirir”.
Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki təqdimat mərasimindəki çıxışında, həmçinin, Bakının
I Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcəyinə əminliyini də diqqətə çatdırıb. Onun qeyd etdiyi
kimi, həqiqətən də, Bakı tarixdə yalnız I Avropa Oyunlarının keçirildiyi məkan kimi qalmayacaq, həm də
gələcək Avropa Oyunları üçün bir model rolunu oynayacaq. Bakıda keçiriləcək I Avropa Oyunlarını Avropa
üçün dörd ildən sonra növbəti oyunlara bələdçi hadisə və Avropa Oyunları konsepsiyasının ən gözəl nümunəsi
kimi səciyyələndirən Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki vurğulayıb: “2019-cu ildəki Avropa
Oyunlarının keçirilməsi ilə bağlı qərar bu ilin may ayına qədər elan olunacaq. Seçilmiş şəhər “Bakı-2015”
Təşkilat Komitəsi ilə əhatəli şəkildə təcrübə mübadiləsi aparacaq. Bu, çox dəyərlidir, çünki Bakıda ən yaxşı
praktiki modellər hazırlanıb. Adətən Olimpiya Oyunlarının keçirilməsi məqsədilə şəhərə yeddi il müddət verilir.
“Bakı-2015” yarışması üçün cəmi 30 ay vaxt verildi. Zati-aliləri, cənab Prezidentin mövqeyi Azərbaycan və
Avropa Olimpiya Komitəsi üçün tarixin yazılmasında misilsizdir. Şübhə etmirəm ki, ilk Avropa Oyunları
yaddaqalan tədbir olacaq”.
Dostları ilə paylaş: |