“Bakı-2015” Avropa Oyunlarının Uniforma və Akkreditasiya Mərkəzinin açılışı olub
Fevralın 5-də “Bakı-2015” Avropa Oyunlarının Uniforma və Akkreditasiya Mərkəzinin açılışı olub.
Mərasimdə gənclər və idman naziri Azad Rəhimov, “Bakı-2015” Avropa Oyunları Əməliyyat
Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq, həmçinin Bakıda səfərdə olan Avropa
Olimpiya Komitəsinin üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən gənclər və idman naziri, Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru
Azad Rəhimov “Bakı-2015”-ə hazırlıq işlərinin yüksək səviyyədə getdiyini bildirib. Nazir Avropa Oyunları
Əməliyyat Komitəsinin fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, Mərkəz yarışlara gələcək qonaqlar,
eyni zamanda, media nümayəndələrinin daha səmərəli fəaliyyətinə kömək göstərəcək. Nazir deyib ki, “Bakı-
2015”-in Nar Mobile tərəfindən dəstəklənən könüllülər proqramının uğurlu namizədləri Oyunlardan əvvəl yeni
binada qeydiyyatdan keçərək xüsusi dizayn edilmiş uniformalar əldə edəcəklər.
Avropa Olimpiya Komitəsi (AOK) Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralos deyib: “Avropa
Oyunlarının keçiriləcəyi idman obyektləri dünya səviyyəsində yaradılıb. Bunları görmək, Uniforma və
Akkreditasiyası Mərkəzinin açılışında iştirak etmək bizim üçün çox xoşdur”.
“Bakı-2015”-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, biz dünya standartlarına uyğun
Oyunlar keçirmək üçün səylə çalışırıq. AOK Əlaqələndirmə Komissiyasının Bakıya səfəri əldə etdiyimiz
nəticələri Avropa idman ictimaiyyəti ilə paylaşmaq üçün yaxşı imkandır. Əlaqələndirmə Komissiyasının
üzvlərini burada görmək və onları “Bakı-2015”-in obyektləri və marşrut şəbəkəsi ilə tanış etməkdən böyük
məmnunluq duydum.
Sonda Avropa Olimpiya Komitəsinin üzvləri və digər rəsmi qonaqlar yeni Uniforma və Akkreditasiya
Mərkəzi ilə tanış olublar.
“Xalq qəzeti”.-2015.-6 fevral.-N 28.-S.2.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
201
Bakı birinci Avropa Oyunlarına ev sahibliyi etməyə tam hazırdır
Avropa Oyunlarına hazırlıq plan üzrə gedir və idman infrastrukturunda olan irəliləyiş bizi çox
sevindirir. Bu barədə fevralın 6-da “Fairmont Baku” mehmanxanasında “Bakı-2015” birinci Avropa
Oyunları ilə bağlı keçirilən mətbuat konfransında Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti
Patrik Hikki məlumat verib.
Yüksək peşəkarlığa və qonaqpərvərliyə görə, “Bakı-2015”in Təşkilat Komitəsinə minnətdarlığını bildirən
Patrik Hikki qeyd edib ki, könüllülərin və texniki işçilərin uniformalarının təqdim olunması, idman
obyektlərində həyata keçirilən işlər, nəqliyyat sistemi sahəsində əldə edilən irəliləyişlər Avropa Oyunlarına
hazırlığın yüksək səviyyədə getdiyindən xəbər verir. Davosda “Bakı-2015”in təqdimatının təşkili və yarışlara
olan böyük maraq bu mötəbər idman tədbirinin təkcə Azərbaycan deyil, bütün Avropa üçün əhəmiyyətli
olmasının bariz nümunəsidir.
Avropa Oyunlarına hazırlığın yekun mərhələsinə qədəm qoyduğunu diqqətə çatdıran AOK-un prezidenti
bundan sonra komitə tərəfindən ölkəmizə kiçik qrupların səfər edəcəyini və görülən işlərlə yaxından tanış
olacaqlarını vurğulayıb. Qeyd edib ki, yaxın günlərdə 2019-cu ildə keçiriləcək ikinci Avropa Oyunlarına ev
sahibliyi edəcək şəhərin adı açıqlanacaq.
AOK-un Əlaqələndirmə Komissiyasının Bakıda keçirilən beşinci iclasında maraqlı müzakirələr aparıldığını
deyən komissiyanın sədri Spiros Kapralos Təşkilat Komitəsinin uğurlarından söhbət açıb. Diqqətə çatdırıb ki,
1400-dək peşəkarın birgə çalışdığı komanda böyük uğurlara imza atır: “İnşa olunan və yenidən qurulan idman
obyektlərində gördüklərimiz bizi yaxşı mənada təəccübləndirdi. Hazırda əsas diqqətimiz test yarışların təşkilinə
yönəlib”.
Spiros Kapralos deyib ki, “Bakı-2015” tarixdə ilk Avropa Oyunlarını keçirmək yolunda sürətlə irəliləyir.
Oyunlara sayılı günlər qalır və tikinti ilə bağlı bütün işlər zamanında başa çatdırılıb. Bütün bunlar Bakının
Avropa Oyunlarına vaxtında hazır olacağına əminlik yaradır.
Bakıda keçirilən beşinci iclasda dəyərli fikirlərin səsləndirildiyini vurğulayan Azərbaycanın gənclər və
idman naziri Azad Rəhimov “Bakı-2015” üçün rekord müddətdə görülən işlərdən danışıb.
Nazir deyib: “Bakı-2015” birinci Avropa Oyunlarının açılış mərasiminə dörd aydan bir az çox müddət qalır.
Hələ görüləcək çox iş var və yaratdığımız iş dinamikası bir saniyə belə dayanmayacaq. Ölkəmizdə idmana
göstərilən dövlət qayğısının bariz nümunəsidir ki, idmançılarımız beynəlxalq arenada uğurla çıxış edir,
respublikamız irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Avropa Oyunlarından sonra Azərbaycan
böyük bir irsə sahib olacaq ki, bu da növbəti uğurlara təkan verəcək.
“Bakı-2015” birinci Avropa Oyunlarının əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib ki, Avropa
Oyunlarının başlanmasına 126 gün qalır və biz hazırlıqların son mərhələsindəyik. AOK Koordinasiya
Komissiyası üzvlərinin Bakıya səfəri onları əldə etdiyimiz irəliləyişlərlə tanış etmək və nailiyyətlərimizi
nəzərdən keçirmək üçün əla fürsət oldu. “Bakı-2015” Azərbaycan və Avropa üçün tarixi hadisəyə çevriləcək və
bunun üçün biz öhdəliklərimizi bağlanış mərasimindən sonra axırıncı qonaq Bakını tərk edənədək davam
etdirmək niyyətindəyik.
Tədbirdə, həmçinin “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı videoçarx nümayiş olunub və
jurnalistlərin sualları cavablandırılıb.
AzərTAc
“Azərbaycan”.-2015.-7 fevral.-N 29.-S.6.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
202
Avropa Oyunlarının standartları Bakıda müəyyənləşəcək
Prezident İlham Əliyev: Biz Avropa Oyunlarını Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək
əzmindəyik. Bu Oyunlar bir Avropa bayramına çevrilməlidir
Mübariz Abdullayev
Azərbaycan birinci Avropa Oyunlarının həyəcanı ərəfəsindədir. Hazırda Azərbaycanın birinci xanımı,
UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın rəhbərlik etdiyi “Bakı-
2015” birinci Avropa Oyunları Təşkilat Komitəsi tərəfindən yarışların yüksək səviyyədə keçirilməsi üçün
intensiv hazırlıq işləri həyata keçirilir. Bu günlərdə Bakıda keçirilən Avropa Olimpiya Komitəsinin
Əlaqələndirmə Komissiyasının V iclasında qurumun prezidenti Patrik Hikki Avropa Oyunlarının yüksək
səviyyədə təşkil edilməsi məqsədilə güclü və peşəkarlardan ibarət komandanın çalışmasından məmnunluğunu
ifadə edib. İclasda vurğulandığı kimi, birinci Avropa Oyunlarına hazırlıq işləri qrafik üzrə davam etdirilir.
Yarışların keçiriləcəyi bir sıra məkanlar artıq hazırdır. Fevralın sonunadək bütün idman məkanlarının daimi
bazasının tikintisinin yekunlaşdırılması nəzərdə tutulub. Hazır olan idman qurğularında yayda birinci Avropa
Oyunlarında idmançıların yüksək səviyyədə çıxış etmələrinə imkan yaratmaq üçün sınaqlar keçirilir.
Ümumiyyətlə, rəsmi yarışlar başlayanadək müxtəlif idman obyektlərində 35 sınaq tədbiri və sınaq yarışmasının
keçirilməsi nəzərdə tutulub. Bundan başqa, ən yüksək dünya standartları səviyyəsində yaradılan atletlər kəndi də
birinci Avropa Oyunlarının iştirakçılarının istifadəsinə veriləcək. Atletlər kəndi 7300 çarpayısı olan 1000-dən
artıq mənzildən ibarətdir.
Göründüyü kimi, Azərbaycan tarixdə ilk dəfə keçirilən birinci Avropa Oyunlarına ən yüksək səviyyədə
hazırlaşır. Yeri gəlmişkən, ölkəmizin birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcəyi bu
yaxınlarda Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə Davosda keçirilən “Bakı-2015” ilk Avropa
Oyunlarının təqdimat mərasimində də xüsusi vurğulanıb. İsveçrənin ictimai-siyasi dairələrinin, beynəlxalq
idman ictimaiyyətinin nümayəndələrinin, həmçinin, Davos İqtisadi Forumunun təmsilçilərinin qatıldıqları
təqdimat mərasimində Bakıda keçiriləcək birinci Avropa Oyunlarının Avropanın idman tarixində yeni səhifə
açacağı, beynəlxalq miqyasda idman hərəkatına, xalqlar və ölkələr arasında əməkdaşlığa sanballı töhfələr
verəcəyi bildirilib.
Xatırladaq ki, birinci Avropa Oyunlarının 2015-ci ilin yayında Bakıda keçirilməsi barədə qərar 2012-ci ilin
dekabrında Avropa Olimpiya Komitəsinin Baş Məclisində qəbul edilib. Avropanın idman-olimpiya ailəsi
Bakının namizədliyini böyük səs çoxluğu ilə dəstəkləyib. Bakıda keçiriləcək yarışlarda Avropa Olimpiya
Komitəsinə üzv olan bütün ölkələrin iştirakı gözlənilir. Avropa Olimpiya Komitəsi ilə əldə olunmuş razılığa
əsasən, Bakıda keçiriləcək yarışlara 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox atlet qatılacaq. Təşkilatçılar
bəyan ediblər ki, “Bakı-2015” oyunlarından 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına
kvalifikasiya platforması qismində istifadə ediləcək. Belə ki, birinci Avropa Oyunları çərçivəsində keçiriləcək
yarışlardan 16-sı olimpiya idman növüdür. Buraya velosiped idman növü, güllə atıcılığı, üzgüçülük, stolüstü
tennis, taekvando, triatlon və digər idman növləri daxildir.
Bütün bunlar isə birinci Avropa Oyunlarının nüfuzuna və miqyasına dəlalət edir. Tarixdə ilk dəfə baş tutacaq
belə mötəbər yarışların ölkəmizin paytaxtında keçirilməsi isə heç də təsadüfi deyil. Bu, ilk növbədə,
Azərbaycanın dünya üçün nümunə ola biləcək reallıqları ilə bağlıdır.
Ölkəmizin malik olduğu dəyərlər bu gün Avropaya çox lazımdır
Hazırda dünyanın mənzərəsi bir sıra siyasi, iqtisadi narahatçılıqlarla səciyyələnsə də, Azərbaycan özünün
möhkəm daxili sabitliyə və dinamik sosial-iqtisadi tərəqqiyə rəvac verən inkişaf modeli ilə fərqlənir. Dünya
üçün bir çox problemlərlə keçən son 11 ildə ölkəmiz kənardan heç bir kömək olmadan, xarici borclanmasını
artırmadan öz iqtisadiyyatını 3 dəfədən çox genişləndirməyə, strateji valyuta ehtiyatlarını 50 milyard dollara
çatdırmağa müvəffəq olub. Belə dinamik iqtisadi inkişaf geniş məzmunlu sosial siyasətlə tamamlanır. Prezident
İlham Əliyev xalqımızın maraqlarına əsaslanan siyasət həyata keçirir, daim cəmiyyətin tələb və təklifləri ilə
səsləşən sosial təşəbbüslər irəli sürür və qısa müddətdə onların icrasına nail olur. Bu isə ölkədə vətəndaş
məmnunluğunu təmin edir, insanlarda ölkə rəhbərliyinə inamı artırır, cəmiyyətin monolitliyinə zəmin yaradır.
Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biri isə son 11 ildə ölkədə davamlı olaraq siyasi
islahatların həyata keçirilməsidir. Respublikamızda iqtisadi islahatlarla paralel surətdə siyasi islahatlara da ciddi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
203
önəm verilir. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına
və qarşıda duran vəzifələrə həsr olunan iclasında vurğuladığı kimi: “Çünki iqtisadi islahatları aparmaqla, eyni
zamanda, siyasi islahatlara da böyük önəm veririk. Bütün demokratik təsisatlar yaradılıb. Bütün azadlıqlar - söz
azadlığı, sərbəst toplaşmaq azadlığı, vicdan azadlığı, mətbuat azadlığı, internet azadlığı, din azadlığı təmin
edilib. Bu azadlıqlar nəinki təmin edilib, eyni zamanda, bu, bizim həyat tərzimizdir, bu, dövlət siyasətidir”.
Eyni zamanda, Azərbaycan cəmiyyəti yüksək tolerantlığı ilə fərqlənir. Ölkəmizdə milli-dini zəmində hər
hansı qarşıdurmaya, dözümsüzlük nümayiş etdirilməsinə zəmin yoxdur. Əksinə Azərbaycan cəmiyyəti başqa
mədəniyyətlərə açıq olmasını özünün üstün dəyəri kimi getdikcə daha da möhkəmləndirməyə çalışır. Xalqımız
milli-dini müxtəlifliyin ölkəmizi daha rəngarəng etməsi ilə qürur duyur. Azərbaycan dünyanın nadir
ölkələrindəndir ki, burada məscidlərlə yanaşı, sinaqoqlar, kilsələr də dövlət vəsaiti hesabına təmir olunur və
yaxud yeniləri yaradılır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin yuxarıda haqqında bəhs olunan iclasındakı
çıxışında Azərbaycan cəmiyyətinə xas olan dəyərlərin bu gün Avropa üçün vacib olduğunu bildirib: “Ölkəmizdə
mövcud olan ictimai-siyasi vəziyyət, multikulturalizm, dini-milli dözümlülük, dünyaya açıq olmağımız - bütün
bu amillər bu gün Avropa, dünya üçün lazımdır. Çünki əfsuslar olsun ki, real həyatda biz bir çox hallarda tam
başqa mənzərəni görürük - qanlı toqquşmalar, terrorizm, ədavət, ikili standartlar və s”.
Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət
sayəsində respublikamızın beynəlxalq miqyasda nüfuzunun artması, etibarlı tərəfdaş imicinin formalaşması,
ölkəmizin iqtisadi potensialının yüksəlməsi, cəmiyyətimizin monolitliyi Avropa idman ailəsinin birinci Avropa
Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar verməsində həlledici rol oynayıb. Təsadüfi deyil ki, Prezident
İlham Əliyev Nazirlər Kabinetinin iclasındakı çıxışında birinci Avropa Oyunlarının yalnız idman tədbiri
olmadığını nəzərə çatdıraraq deyib: “Ona görə, Avropa Oyunlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri
deyil. Hesab edirəm ki, bu tədbirdə iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla əlbəttə ki, tanış olacaqlar
və Azərbaycanın uğurlu inkişaf modelini görəcəklər”.
Prezident İlham Əliyev Davosda keçirilən “Bakı-2015”in təqdimat mərasimində Azərbaycanın beynəlxalq
miqyasda xalqlar və dövlətlər arasında etimadın, qarşılıqlı inamın artmasına töhfə vermək əzmini bir daha
nəzərə çatdırıb: “Son illər ərzində Azərbaycanda idman infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli
məsələ olub. Fəxr edirik ki, 2015-ci il Avropa Oyunlarından sonra 2016-cı ildə biz Dünya Şahmat
Olimpiadasını keçirəcəyik və eyni zamanda, ilk dəfə olaraq, “Formula - 1” yarışmaları regionumuza gələcək. Bu
yarış şəhər daxilində baş tutacaq. 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunlarını keçirəcəyik. Bu oyunlar
müsəlman dünyasını bir araya gətirir. Bunun çox rəmzi mənası var. İki il ərzində Bakı Avropa Oyunlarını və
İslam Oyunlarını qəbul edəcək. Azərbaycan bütün dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində
yaşadığı çoxmillətli və çoxkonfessiyalı, çoxmədəniyyətli ölkədir. Bu yaxınlarda Azərbaycanda Beynəlxalq
Multikulturalizm Mərkəzinin yaradılması haqqında qəbul edilmiş qərarın tarixi əsasları var. Bu, dövlət
siyasətimizin real təzahürüdür”.
Azərbaycan həm də yüksək idman ənənələrinə malik ölkədir
Davamlı dövlət qayğısı sayəsində Azərbaycan həm də idmanın yüksək səviyyədə inkişaf etdiyi, yeni idman
ənənələrinin yarandığı ölkəyə çevrilib. İdmançılarımız beynəlxalq səviyyəli yarışlarda getdikcə daha inamla
çıxış edirlər. Respublikamızın Olimpiya Oyunlarında hər dəfə daha böyük uğur qazanması bunun təsdiqidir.
Əgər Azərbaycan müstəqil ölkə kimi Atlanta Olimpiadasında bir, Sidneydə üç, Afinada beş, Pekində yeddi
medal qazanmışdısa, son London Olimpiadasında təmsilçilərimizin qazandıqları medalların sayı 10-a çatıb və
respublikamız medalların sayına görə Avropa ölkələri arasında 15-ci yerdə qərarlaşıb. Azərbaycan idmançıları
daha bir böyük uğuru 2014-cü ildə Çində keçirilən yeniyetmələrin Yay Olimpiya Oyunlarında qazanıblar.
Dünyanın 200-ə yaxın ölkəsinin iştirakı ilə keçirilən bu olimpiadada Azərbaycanın komandası 10-cu pillədə
qərarlaşıb ki, bu da respublikamızı təmsil edən gənc idmançıların tarixi nailiyyətləridir.
Bütün bunlar, Avropa idman ailəsinin tarixdə ilk dəfə təşkil olunan birinci Avropa Oyunlarının Bakıda
keçirilməsinə qərar verməsinə də öz təsirini göstərib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Davosda
keçirilən “Bakı-2015”in təqdimat mərasimindəki çıxışında birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə
qərar verilməsinin həm də Azərbaycanın özünü idman ölkəsi kimi tanıtması, atletlərimizin beynəlxalq yarışlarda
qazandıqları nailiyyətlərlə bağlı olduğunu bildirib: “Fikrimcə, bu Oyunların Bakıda keçirilməsi haqqında qəbul
edilmiş qərarın bir səbəbi də atletlərimizin nailiyyətləri ilə bağlıdır. Azərbaycan müstəqillik illəri ərzində özünü
həm də idman ənənələri ilə seçilən ölkə kimi tanıdıb”.
Son illərdə Azərbaycanın dünyada idman ölkəsi kimi tanınmasına, həmçinin, respublikamızda yaradılan
güclü idman infrastrukturu da böyük təsir göstərib. Prezident İlham Əliyevin Davosda təşkil olunan “Bakı-
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
204
2015”in təqdimat mərasimindəki çıxışında bildirdiyi kimi: “Son illər ərzində Azərbaycanda idman
infrastrukturunun inkişafı bizim üçün çox əhəmiyyətli məsələ olub”.
Ölkəmizin idmançıları 1997-ci ildə Milli Olimpiya Komitəsinin (MOK) rəhbərliyinin dəyişməsindən sonra
MOK-un yeni prezidenti İlham Əliyevin simasında öz böyük hamilərini tapdılar, desək, əsil həqiqəti ifadə etmiş
olarıq. Həmin vaxtdan etibarən MOK-un yeni rəhbərliyinin təşəbbüsü ilə respublikamızda idman təsərrüfatının
yenilənməsinə, o cümlədən də, bu sahədə müasir infrastruktur qurulmasına start verilib. Ölkənin idman
təsərrüfatının yenilənməsi ilə bağlı iki istiqamət müəyyənləşdirilmişdi. Bunlardan biri mövcud idman
qurğularının müasir dünya standartları səviyyəsində yenidən qurulması, digəri isə yeni idman obyektlərinin inşa
edilməsi idi. 1997-ci ildən bəri hər iki istiqamətdə böyük həcmli layihələr reallaşdırılıb. Respublikamızda idman
infrastrukturunun yenilənməsi ilə bağlı reallaşdırılan layihələr içərisində dövlət başçısının müvafiq Sərəncamına
əsasən Tofiq Bəhramov adına Respublika Stadionun maddi-texniki bazasının möhkəmləndirilməsini xüsusi
qeyd etmək lazımdır. Yenidənqurma işlərindən sonra Respublika Stadionu beynəlxalq standartlara cavab verən
müasir arenaya çevrilib.
Bu qəbildən olan yenidənqurma işləri digər idman qurğularında da uğurla həyata keçirilib. Hazırda Heydər
Əliyev adına İdman-Konsert Sarayında, Bakı İdman Sarayında böyük həcmli yenidənqurma işləri uğurla davam
etdirilir.
Son illərdə ölkəmizdə ən müasir dünya standartları səviyyəsində inşa edilən idman arenaları istifadəyə
verilib. Bu sırada “Bakı”, “Azal”, “Qəbələ” futbol klublarının yeni təlim-məşq bazalarını, “Xəzər-Lənkəran”
komandası üçün inşa edilən stadionu və digərlərini misal göstərmək mümkündür. Bakıda yelkən idmanı üçün
nəzərdə tutulan Yaxt-klub, Stend Atıcılığı Mərkəzi, “Musado” Taekvando evi, Otüstü xokkey kompleksi,
“ABU-Arena” həndbol mərkəzi yeni tikilən idman obyektləri sırasındadır. Ötən ilin birinci yarısında Bakıda
möhtəşəm Milli Gimnastika Arenası istifadəyə verilib. Müstəqillik illərində ölkəmizdə ən müasir standartlar
səviyyəsində 50-dən artıq idman-olimpiya kompleksləri tikilib istifadəyə verilib ki, onların da böyük əksəriyyəti
bölgələrin payına düşür.
Yüksək səviyyəli infrastrukturun yaradılması respublikamızın mötəbər beynəlxalq yarışlara ev sahibliyi
etməsinə imkan verir. Cari ilin yayında Bakıda keçiriləcək birinci Avropa Oyunları bunun daha bir təsdiqinə
çevriləcək.
Əlamətdar haldır ki, Azərbaycanda idmana böyük önəm verildiyi Davosda keçirilən “Bakı-2015”in təqdimat
mərasimində də vurğulanıb. Belə ki, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxışında bu
məqama toxunaraq deyib: “İdman Azərbaycan cəmiyyətində xüsusi yer tutur. “Bakı-2015” idman tarixində yeni
maraqlı səhifə olacaq”.
Bakıda keçiriləcək birinci Avropa Oyunlarına beynəlxalq miqyasda böyük maraq var
Avropanın idman ailəsi 2012-ci ilin dekabrında birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar
verdikdən sonra ölkəmiz bu yüksək etimadı layiqincə doğrultmaq üçün səylə çalışır. Əlamətdar haldır ki,
respublikamızda birinci Avropa Oyunlarının keçirilməsinə dövlət qurumları ilə yanaşı, ictimaiyyət tərəfindən də
böyük dəstək nümayiş etdirilir. İndiyədək 16 mindən artıq könüllü Bakıda keçiriləcək birinci Avropa
Oyunlarına öz dəstəyini ifadə edib. Yeri gəlmişkən, Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə
Komissiyasının bu günlərdə keçirilən V iclasında ölkəmizdə yarışlara göstərilən ictimai maraq da xüsusi
vurğulanıb. “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva təşkilat
komitəsində gənclərin çalışmasını birinci Avropa Oyunlarının ən dəyərli miraslarından biri kimi
səciyyələndirərək deyib: “Mən qürur duyuram ki, hazırda Bakı Avropa Oyunları Əməliyyat Komitəsində 950
gənc çalışır. Bu, Oyunların ən dəyərli miraslarından biridir və əminəm ki, bu, onların gələcək həyatı üçün böyük
təcrübə imkanıdır”.
Eyni zamanda, birinci Avropa Oyunlarına beynəlxalq maraq da kifayət qədər böyükdür. Məlumdur ki,
birinci Avropa Oyunlarının təşkil edilməsi ilə beynəlxalq komanda məşğuldur. “Bakı-2015” birinci Avropa
Oyunlarının Təşkilat Komitəsi 7 rəsmi tərəfdaşla çalışır. Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə
Komissiyasının bu günlərdə keçirilən V iclasında “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin
sədri Mehriban xanım Əliyeva yarışlara beynəlxalq marağın böyük olduğunu bildirib. Təşkilat Komitəsinin
sədrinin vurğuladığı kimi, birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi
işıqlandıracaq. İyunun 10-da beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən
artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə də, Oyunları Avropa, Asiya, Afrika,
Şimali və Cənubi Amerika və Avstraliyada izləyə biləcəklər.
Azərbaycan birinci Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmək əzmindədir
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
205
Dostları ilə paylaş: |