Dünya Xəbər Agentlikləri Konqresi Şurasının (NACO) Bakıda keçirilən iclasının və Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) 95 illik yubiley mərasimində iştirak etmək üçün
Azərbaycana gələn qonaqlar martın 2-də Bakı Olimpiya Stadionunda və Atletlər kəndində olublar.
Sportinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionuna gələn qonaqlara tikintisi başa çatmaqda olan bu
müasir idman obyekti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, stadionun tikintisinə 2011-ci il iyunun 6-da başlanılıb. Təməlqoyma mərasimində Azərbaycan
Prezidenti İlham Əliyev, FİFA və UEFA prezidentləri Yozef Blatter və Mişel Platini iştirak ediblər. İlk Avropa
Oyunlarının açılış və bağlanış mərasimləri məhz bu arenada təşkil olunacaq. Avropa Oyunlarının proqramına
daxil olan atletika yarışları məhz bu stadionda keçiriləcək.
Qeyd olunub ki, müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilən Bakı Olimpiya Stadionu bu tipli
idman qurğuları sırasında özünəməxsus yer tutur. Beynəlxalq standartlara tam cavab verən stadionda müxtəlif
funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur yaradılıb. Təxminən 50 hektar ərazini əhatə edən stadion
6 mərtəbədən ibarətdir. Əsas və köməkçi stadionlardan ibarət olacaq arenada VVIP, VİP, CIP, media, habelə əlil
tamaşaçı bölmələri nəzərdə tutulub. Stadionun sahəsinə 4, tribunalara isə 26 qapıdan giriş var. Olimpiya
normativlərinə əsasən ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib. Stadionun ətrafında ümumilikdə 82
min kvadratmetrlik yaşıllıq sahəsi salınır. Arenanın layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional
baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir.
Sonra qonaqlar Atletlər kəndinə gəliblər.
Məlumat verilib ki, Atletlər kəndi yeni tikilən 8-13 mərtəbəli 13 binadan ibarətdir. Hər binanın birinci
mərtəbəsində ümumi istirahət mərkəzi yaradılıb. Burada Avropa Oyunlarının yayımlandığı televiziya
kanallarının izləmək və internetə çıxış olacaq.
Bildirilib ki, iyunun 12-dən 28-dək Azərbaycanın ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının
proqramına 20 idman növü daxil edilib. On yeddi gün ərzində Avropadan 6 mindən çox idmançı yarışların
mükafatları uğrunda mübarizə aparacaq. İdmanın 12 növü üzrə 2016-cı ildə keçiriləcək Rio-de-Janeyroda təşkil
olunacaq Yay Olimpiya Oyunları üçün təsnifat imkanları yaradılacaq. Avropa Oyunlarının keçirilməsi Bakı
şəhərinə Avropa Olimpiya Komitəsi tərəfindən 2012-ci ilin dekabrında həvalə olunub.
Sonda “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsi tərəfindən qonaqlara xatirə hədiyyələri
təqdim edilib.
“Azərbaycan”.-2015.-3 mart.-N 49.-S.4.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
238
Azərbaycanda dünya və Avropa çempionatları ən yüksək səviyyədə keçirilir
Prezident İlham Əliyev: “Bütün bölgələrdə müasir Olimpiya mərkəzləri, Bakıda ən möhtəşəm Olimpiya
idman qurğuları tikilir və idman dövlət siyasətində çox mühüm yer tutur”
Məlum olduğu kimi, Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandamız İranda keçirilən yarışda
dünya kubokunun sahibi olub. Bu münasibətlə fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev yunan-Roma güləşi üzrə İranda keçirilən dünya kuboku yarışlarında qalib gəlmiş milli komandamızın
üzvlərini qəbul edib. Görüşdə çıxış edən Milli Olimpiya Komitəsinin Prezidenti, dövlət başçısı İlham Əliyev bir
daha diqqətə çatdırdı ki, Azərbaycanda idman sahəsinə göstərilən diqqət öz nəticələrini verməkdədir:
“Azərbaycan idman dövlətidir.
Bütün mötəbər beynəlxalq idman qurumları, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi,
dünya idman federasiyaları bunu qeyd edirlər ki, Azərbaycan idman sahəsində çox böyük uğurlara imza
atmışdır və bu, həqiqətən də belədir. Çünki baxın, Olimpiya Oyunlarında, dünya miqyasında Azərbaycan 30-cu
yerdədir, yeniyetmələrin Olimpiya Oyunlarında 200 ölkə arasında Azərbaycan 10-cu yerdədir. Azərbaycanda
dünya və Avropa çempionatları ən yüksək səviyyədə keçirilir və bütün qonaqlar bunu qeyd edirlər. Bizim
idmançılarımız hər il medalların sayına görə liderlik göstərirlər, həm Olimpiya, həm qeyri-Olimpiya idman
növləri üzrə medalların sayı ildən-ilə artır.
Azərbaycanda idman infrastrukturu yaradılır. Əgər bu infrastruktur yaradılmasaydı, çox güman ki, bu uğurlar
da mümkün olmazdı. Bütün bölgələrdə müasir Olimpiya mərkəzləri, Bakıda ən möhtəşəm Olimpiya idman
qurğuları tikilir və idman dövlət siyasətində çox mühüm yer tutur. Müxtəlif proqramlar qəbul edilmişdir və
idmanın inkişafı dövlət siyasətidir. Bu yaxınlarda Bakıda keçirilmiş Avropa Olimpiya Komitəsinin Baş
Assambleyasında da səslənən fikirlər, Azərbaycanda görülən işlər mənim sözlərimi təsdiqləyir”.
Göründüyü kimi, Azərbaycan idmanı müstəqillik illərində böyük inkişaf yolu keçib, perspektivli yeniyetmə
və gənc idmançıların aşkar edilməsi üçün ölkəmizdə əlverişli şərait yaradılıb. Müstəqil ölkə kimi Atlanta
Olimpiya Oyunlarında 1, Sidneydə 3, Afinada 5, Pekində 7 medal qazanan ölkəmizin təmsilçiləri Londonda 10
medal qazanmaqla rekorda imza atıblar. Artıq ölkəmiz bir sıra beynəlxalq yarışa yüksək səviyyədə ev sahibliyi
edib və bundan sonra da edəcək. Son on il ərzində Azərbaycanda 300-ə yaxın beynəlxalq səviyyəli idman
tədbiri yüksək səviyyədə keçirilib. Hətta Bakıda şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının və 2016-cı il
Dünya Şahmat Olimpiadasının Azərbaycanda keçirilməsi ilə bağlı müqavilə də imzalanıb. Sözsüz ki,
Azərbaycanda vurğulanan beynəlxalq idman tədbirlərilə yanaşı, sözügedən I Avropa Oyunları da keçiriləcək.
Əlbəttə ki, qitədə ilk dəfə olaraq, keçiriləcək Avropa Oyunlarının vaxtı yaxınlaşdıqca, həyəcan da artır, diqqət
də. Çünki 2015-ci il iyunun 12-dən 28-nə qədər keçiriləcək və qitə üçün çox maraqlı, cəlbedici, proqressiv yeni
multi-idman yarışları olan heç vaxt görünməmiş ilk Avropa Oyunlarında ümumilikdə 19 idman növü olacaq: 16
Olimpiya idman növü və üç qeyri-Olimpiya idman növü. 17 yarış günü ərzində 6000-dən çox idmançının öz
xalqlarını təmsil edəcəyi gözlənilir. İdman növlərinin doqquzu isə 2016-cı ildə keçiriləcək Rio De Janeyro Yay
Olimpiadası üçün kvalifikasiya imkanları yaradacaq. Sözügedən idman növlərinin sırasına kamandan ox atma,
atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon
daxildir.
Beləliklə də, I Avropa Oyunlarının bu qədər zəngin və yüksək maraq çərçivəsində təşkil edilməsi xarici
idmançıların və bu sahədə peşəkarlığı ilə fərqlənən ekspertlərin də rəyinə görə, bir daha Azərbaycanın güclü
idman ölkəsi kimi qəbul edilməsinə dəlalət edir. Təbiidir ki, Azərbaycanda idmanın inkişafı istiqamətində
dövlət tərəfindən həyata keçirilən siyasət bu sahədə böyük uğurların əldə edilməsi ilə nəticələnir. Bu uğur
özünü dünya miqyaslı yarışlarda əldə edilən qələbələrdə, ölkəmizdə keçirilən nüfuzlu idman yarışlarında,
Azərbaycanda müasir idman infrastrukturunun yaradılmasında və idmanın ətrafında böyük gənclik ordusunun
cəmləşməsində göstərir. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və dövlət başçısı İlham Əliyevin uğurla
davam etdirdiyi idman siyasəti Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq
federasiyaların seçim edərkən məhz ölkəmizə üstünlük verməsini təmin edib.
Məlumat üçün bildirək ki, 2012-ci il dekabrın 8-də Romada Avropa Olimpiya Komitəsinin 41-ci Baş
Assambleyasında 2015-ci ildə I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərar qəbul edilib.
Avropa Olimpiya Komitəsinin üzvü olan 49 milli olimpiya komitəsindən 48-nin iştirakı ilə keçirilmiş gizli
səsvermədə 38 ölkə lehinə, 8 ölkə əleyhinə, 2 ölkə bitərəf olmaqla I Avropa Oyunlarının Bakıda keçirilməsi
təsdiqlənib. Qeyd edək ki, Olimpiya Oyunları elə Avropa qitəsində yaranıb və sonradan da Avropa qitəsində
bərpa edilib. Amma bu günə qədər Avropa Oyunları keçirilməyib. Məhz ilk oyunların da Bakıda keçirilməsi
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
239
əlbəttə ki, böyük nailiyyətdir və bu, dövlətimizin böyük uğurumuzdur. Əlbəttə ki, bu tarixi qərarın qəbul
edilməsində ilk növbədə ölkəmizin beynəlxalq nüfuzu həlledici rol oynayıb. Çünki son illər ərzində Azərbaycan
dünya miqyasında özünü dinamik inkişaf edən müasir güclü ölkə kimi təqdim edə bilib. Baxmayaraq ki,
Azərbaycan cəmi 23 ildir müstəqil dövlət kimi yaşayır, lakin bu gün Azərbaycan dünya miqyasında çox etibarlı
tərəfdaş və dost kimi tanınır.
Təbii olaraq, I Olimpiya Oyunlarının Bakıda keçirilməsi əhali tərəfindən çox yüksək səviyyədə dəstəklənir.
Aydındır ki, Azərbaycan iki dəfə öz namizədliyini Yay Olimpiya Oyunlarının keçirilməsi üçün verib. Məhz o
zaman rəy sorğuları nəticəsində müəyyən edilib ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının Bakıda
keçirilməsini dəstəkləyir. Bununla yanaşı, şəhər infrastrukturunun müasirləşməsi və Azərbaycanın mötəbər
beynəlxalq tədbirlərin keçirilməsi üzrə mükəmməl təcrübəyə sahib olması da bu tarixi qərarın verilməsinə səbəb
olub. Yəni ölkəmiz hər dəfə öz təşkilatçılıq qabiliyyətini göstərməklə bir növ yeni standartlar tətbiq edib. Bu,
artıq Azərbaycan standartlarıdır. Çünki istənilən beynəlxalq tədbir Azərbaycanda, Bakıda yüksək səviyyədə
keçirilir və əminlik var ki, Avropa Oyunları da yüksək səviyyədə keçiriləcək.
I Avropa Oyunlarının Bakıda keçirilməsi ölkəmiz üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün
tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu
mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə
uğurla ev sahibliyi edə biləcək. Bu qərarın qəbul edilməsi respublikamızda çoxsaylı idman yarışlarının, Avropa
və dünya çempionatlarının yüksək səviyyədə keçirilməsinə, idmançılarımızın beynəlxalq yarışlarda əldə
etdikləri nailiyyətlərə, ümumilikdə Azərbaycanda idman sahəsində görülmüş işlərə beynəlxalq və Avropa
Olimpiya Komitəsi tərəfindən verilən yüksək qiymətdir.
Xatırladaq ki, Azərbaycan dövləti hər zaman olduğu kimi bu dəfə də üzərinə götürdüyü məsuliyyətin
ağırlığını dərk edərək, dərhal hazırlıq işlərinə start verdi. Belə ki, 2013-cü il yanvarın 17-də Prezident İlham
Əliyevin Sərəncamı ilə Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün Təşkilat Komitəsi yaradılıb və
onun Sədri Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevadır.
I Avropa Oyunlarının rəsmi açılış və bağlanış mərasimlərinin təşkili ilə bağlı dünyanın bu sahədə böyük
təcrübəyə malik aparıcı şirkətləri ilə danışıqlar aparılıb, Avropa Oyunları tarixinə ilk atributlar kimi daxil olacaq
I Avropa Oyunlarının loqotip və şüarının müəyyən edilməsi, simvolun seçilməsi və himnin bəstələnməsi
istiqamətində işlər görülüb. Artıq I Avropa Oyunlarının loqotipi də müəyyənləşdirilib. Qaydalara uyğun olaraq
Avropa Oyunlarında qalib idmançılara təqdim olunan medallar ev sahibi olan ölkənin Milli Olimpiya Komitəsi
tərəfindən hazırlanır və Avropa Olimpiya Komitəsi ilə razılaşdırılır. Oyunlarda iştirak edəcək idmançıların
yerləşdirilməsi məqsədilə Atletlər Kəndi yaradılıb. Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri Media
Kəndində yerləşdiriləcəklər. Bu ərazidə yaradılacaq mərkəzdə və “Baku Crystal Hall”dakı Media Mərkəzində
onlara tələb olunan şərait yaradılıb. Bundan başqa, idman yarışlarının baş tutacağı məkanların bəziləri tam
istifadəyə verilib, digərlərində isə işlər yekunlaşmaq üzrədir.
Oyunların keçiriləcəyi müddətdə - 2015-ci ilin iyun-iyul aylarında Bakıya gələcək qonaqların - idmançıların,
rəsmi nümayəndə heyətlərinin, turistlərin yerləşdirilməsi üçün Bakı və Abşeronda mövcud olan otellərin sayı və
tutumu dəqiqləşdirilib. Seçim imkanını artırmaq üçün şəhərə yaxın istirahət düşərgələri və yeni inşa olunan otel
komplekslərindən də istifadə olunacaq. Vacib sahələrdən biri yarışlar zamanı idmançıların və məşqçilərin, eyni
zamanda qonaqların qidalanması, tibbi xidmət və nəqliyyat məsələləridir. Atletlər kəndində xüsusi poliklinika
və yeməkxana yaradılır. Eyni zamanda, yarış yerlərində xüsusi qonaqlar üçün VİP salonlar, yarışda iştirak edən
idmançıların qidalanması və tamaşaçılar üçün iaşə obyektləri şəbəkəsi formalaşdırılır. Həmçinin, Atletlər
Kəndində idmançılar, məşqçilər və yardımçı heyət üçün nəzərdə tutulan yaşayış, inzibati, rəsmi və təsərrüfat
təyinatlı otaqlar və sahələr müvafiq mebel, avadanlıq və ləvazimatla təchiz edilir. Eyni zamanda, Atlet
Kəndində yerləşəcək bütün kateqoriya qonaqlar üçün müvafiq infrastruktur o cümlədən trenajor zalları, hovuz,
xidmət sahələri, bank, foto, kimyəvi təmizləmə, bərbərxana, poçt məntəqəsi, internet klub, kafe, asudə vaxtın
keçirilməsi üçün yer və s. yaradılır.
Yarış günlərində şəhərin nəqliyyat sisteminin təkmilləşdirilməsi ilə yanaşı, idmançıların, rəsmi nümayəndə
heyətlərinin, jurnalistlərin və digər qonaqların şəhərdə, Atletlər Kəndi-idman obyektləri marşrutu ilə maneəsiz
və fasiləsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir. Bununla yanaşı, əsas tədbir və
oyunların keçiriləcəyi Bakı Olimpiya Stadionuna gedən yolların, bağlantıların tikintisi üzrə Ziya Bünyadov
prospekti yenidən qurulub.
2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları ərəfəsində və dövründə daxili sabitliyin, ölkəmizə gələcək
nümayəndə heyətlərinin və bütün qonaqların təhlükəsizliyinin təmin olunması da yüksək səviyyədə həyata
keçiriləcək. Bu baxımdan, hüquq qaydasına nəzarətin fasiləsiz həyata keçirilməsində əhəmiyyətli rolu olan
“Təhlükəsiz Şəhər” sisteminin videomüşahidə vasitələrinin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işlər
həyata keçirilib.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
240
Paytaxtda videomüşahidə vasitəsi istismara verilib, o cümlədən, “Üztanıma” funksiyasına malik kameralar
alınıb. Bundan əlavə, “Eurovision-2012” Mahnı Müsabiqəsi ərəfəsində Azərbaycan Respublikası Prezidentinin
Ehtiyat Fondundan ayrılmış vəsait hesabına yol-patrul avtomobilləri, əl metal detektorları və digər xüsusi
vasitələr alınıb, bütün yol-patrul avtomobilləri bort kompyuterlərlə təchiz olunub. Birinci Avropa Oyunları ilə
əlaqədar təminat tədbirləri çərçivəsində əlavə olaraq post-patrul xidməti avtomobillərində də bort kompyuterlər
quraşdırılır, piyada naryadlar üçün planşet kompyuterlər, radiostansiyalar və metal axtaran detektorlar alınır.
Asayişin təmini tədbirlərində iştirak edəcək bayır xidməti əməkdaşlarının professional və fiziki hazırlığı
artırılır, habelə ingilis dili kurslarına cəlb olunması sahəsində tədbirlər də davam etdirilir. Bununla bərabər,
strateji əhəmiyyətli mühüm obyektlərdə mühafizə-rejim tədbirləri, ölkədə akkreditə olunmuş diplomatik
nümayəndəliklərin qorunması gücləndiriləcək, insanların sıx toplaşdığı, o cümlədən istirahət və gəzinti
yerlərində hüquq qaydasının təmin olunmasına cəlb ediləcək qüvvələrin sıxlığı dislokasiya üzrə artırılacaq.
Yarışlar keçirilən ərazidə və qonaqların yerləşəcəyi mehmanxanaların ətrafında nəzarət-buraxılış işinin
təşkili, habelə nəqliyyatın normal hərəkətinin təmin edilməsi, xarici ölkələrin nümayəndə heyətlərinin müşayiəti
üçün lazımi sayda yol-patrul naryadlarının ayrılması, bütövlükdə isə bu mühüm beynəlxalq tədbirə polisin və
Daxili Qoşunların 20 mindən çox əməkdaşının və hərbi qulluqçusunun cəlb edilməsi nəzərdə tutulub.
Bir sözlə, Prezident İlham Əliyevin sözlərilə desək, Azərbaycan bu oyunları ən yüksək səviyyədə keçirəcək.
Çünki Azərbaycanda qoyulan standartlar bundan sonra Avropa Oyunları üçün bir standart kimi qəbul ediləcək.
Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarına ev sahibliyi etmək missiyasının Bakının
üzərinə qoyulması dövlətimiz üçün böyük önəm daşıyır. Avropa Oyunlarının keçirilməsində əldə edəcəyimiz
təcrübə gələcəkdə digər mühüm yarışlara ev sahibliyi etməyimizə şərait yaradacaq. Ən əsası isə Yay Olimpiya
Oyunlarına təşkilatçılıq etmək şanslarımız artacaq.
“İki sahil”.-2015.-4 mart.-№ 41.-S.3.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
241
Romada “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı keçirilib:
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib
(4 mart 2015-ci il)
Roma, 5 mart, AZƏRTAC
Martın 4-də Roma şəhərində “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimat mərasimi keçirilib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Avropa Oyunlarının Təşkilat
Komitəsinin sədri Mehriban Əliyeva mərasimdə iştirak edib.
Heydər Əliyev Fondunun və Azərbaycanın İtaliyadakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirə
bu ölkənin ictimai-siyasi, mədəni dairələrinin, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri və digər
nüfuzlu qonaqlar qatılıblar.
Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva İtaliyanın Müasir İncəsənət üzrə Milli
Qalereyasına gəldilər.
Əvvəlcə Azərbaycan heykəltəraşlarının əl işlərindən ibarət sərgi ilə tanışlıq oldu. “Bakı-2015” ilk Avropa
Oyunlarına həsr olunan bürünc heykəllərdən ibarət sərgi maraqla qarşılandı. “Biz birlikdə” adlanan bu sərgidə
20-dən çox heykəltəraşımızın idmanın müxtəlif növlərini təsvir edən əsərləri nümayiş olunurdu. Sərginin
özünəməxsus cəhəti buradakı əsərlərin hər birinin müxtəlif cərəyanları nümayiş etdirməklə ilk Avropa
Oyunlarının həyəcanını sənətin dili ilə tamaşaçılara dolğun çatdırmasından ibarət idi.
Qonaqlara Heydər Əliyev Fondunun Azərbaycan haqqında müxtəlif nəşrləri, o cümlədən birinci Avropa
Oyunlarına həsr olunmuş bukletləri təqdim edildi. Ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi barədə
nəşrlər, disklər və digər əyani vəsaitlər maraqla qarşılandı.
Sonra “Bakı-2015”-in təqdimat mərasimi oldu. Tədbirin aparıcısı “Bakı-2015” ilk Avropa Oyunları
haqqında ətraflı məlumat verdi. Bildirildi ki, bu Oyunların qədim tarixə, zəngin mədəniyyətə və adət-ənənələrə,
yüksək tolerantlıq mühitinə və qonaqpərvərliyə malik Azərbaycanda keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva
mərasimdə çıxış etdi.
Birinci xanım Mehriban Əliyevanın çıxışı
(4 mart 2015-ci il)
- Xanımlar və cənablar.
Əziz qonaqlar, hörmətli dostlar.
Qədim və gözəl Roma şəhərinə yenidən qayıtmaq və bu axşam sizinlə birlikdə olmaq mənim üçün çox
xoşdur. Mən sizin hər birinizi səmimi qəlbdən salamlayıram və Azərbaycana göstərdiyiniz xoş münasibətə,
diqqət və marağa görə dərin minnətdarlığımı bildirirəm.
İlk Avropa Oyunlarının təqdimat mərasiminin Roma şəhərində keçirilməsi bizim üçün xüsusi əhəmiyyət
daşıyır. Çünki 2012-ci ilin dekabr ayında məhz bu şəhərdə Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında
bu Oyunların Azərbaycanın paytaxtında - Bakıda keçirilməsi haqqında qərar qəbul olunmuşdur. Mən çox şadam
ki, bu axşam Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və “Bakı-2015” Koordinasiya Komitəsinin
sədri Spiros Kapralos bizimlədir. Mən demək istəyirəm ki, Oyunlara hazırlıq zamanı biz hər zaman sizin
dəstəyinizi, köməyinizi hiss etmişik. Mən sizə və Avropa Olimpiya Komitəsinin bütün üzvlərinə təşəkkürümü
bildirirəm.
Hörmətli qonaqlar, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra İtaliya dövləti ilə əməkdaşlıq qurub
və onu uğurla inkişaf etdirir. Bu əməkdaşlıq bir çox sahələri əhatə edir, o cümlədən siyasi, iqtisadi, humanitar
sahələri. Parlamentlərarası dostluq qrupları, hökumətlərarası komissiyalar fəaliyyət göstərir. İtaliya bu gün
Azərbaycanın ən böyük tərəfdaşlarından biridir. İtaliyanın böyük şirkətləri Azərbaycanda fəaliyyət göstərir.
Ötən il təməli qoyulan “Cənub” qaz dəhlizi layihəsinin icrası ilə Azərbaycan qazı yaxın gələcəkdə Avropaya, o
cümlədən İtaliyaya nəql ediləcək. Bu, həm Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi yeni töhfə
olacaq, eyni zamanda, İtaliya-Azərbaycan əməkdaşlığını yeni səviyyəyə qaldıracaq.
Humanitar sahədə əməkdaşlığımız çox uğurla inkişaf edir və Romanın məşhur “Villa Borghese” parkında
dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin ucaldılması Azərbaycan xalqı tərəfindən çox yüksək
qiymətləndirilib. Azərbaycanın qədim tarixini və mədəniyyətini İtaliyada tanıdan tədbirlər, Azərbaycanın
mədəniyyət günləri, sərgilər, konsertlər təkcə Romada deyil, İtaliyanın digər şəhərlərində də keçirilir. Heydər
Əliyev Fondunun dəstəyi ilə Romanın Kapitolini Muzeyinin “Filosoflar zalı”nda təmir aparılır. Azərbaycan
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
242
dövləti İtaliyanın, Romanın çoxsaylı tarixi abidələrinin qorunmasına da öz töhfəsini verib və bu barədə ötən il
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Roma şəhər meriyası arasında saziş imzalanıb. Əminəm ki,
idman sahəsində də əməkdaşlıq çox möhkəmdir və qarşıdan gələn ilk Avropa Oyunları bu əməkdaşlığı daha da
gücləndirməyə yeni imkanlar yaradacaq.
Əziz dostlar, baxmayaraq ki, Olimpiya Hərəkatı Avropada doğulub və sonradan bərpa olunub, bu vaxta
qədər Avropa Oyunları keçirilməyib. Belə bir Oyunları ilk dəfə təşkil etmək, qəbul etmək və keçirmək, əlbəttə,
ölkəmiz üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Əlbəttə, bu qərarı qəbul edərkən Avropa
Olimpiya Komitəsi bir çox faktlara əsaslanırdı: Azərbaycanda idmana dövlət tərəfindən göstərilən dəstək,
idmançılarımızın uğurları, mövcud idman infrastrukturu və əlbəttə, ölkənin ümumi inkişafı. Azərbaycanda
idmana, Olimpiya Hərəkatına dəstək dövlət siyasətinin prioritetlərindən biridir. Son 10 ildə ölkəmizdə 50-dən
çox müasir Olimpiya mərkəzi inşa olunub. Biz müstəqil ölkə kimi Olimpiya Oyunlarında 1996-cı ildən iştirak
edirik və oyunlardan-oyunlara atletlərimizin uğurları artmaqdadır. Son Yay Olimpiya Oyunlarında
Azərbaycanın yığma komandası ikisi qızıl olmaqla 10 medal qazanaraq Avropa ölkələri arasında 15-ci yeri,
ümumi iştirakçılar arasında isə 30-cu yeri tutmuşdur. Ötən il Çində keçirilən Yeniyetmələrin Olimpiya
Oyunlarında bizim gənc atletlərimiz beşi qızıl olmaqla 12 medal qazanaraq 200-ə yaxın iştirakçı arasında 10-cu
yeri tutmuşdur.
Əziz dostlar, biz yaxşı anlayırıq ki, ilk Oyunlar, onların təşkili gələcək Oyunların standartlarını,
səviyyəsini təmin edəcək. Baxmayaraq ki, hazırlıq üçün bizim cəmi iki il yarım vaxtımız olub, Azərbaycan bu
oyunları ən yüksək səviyyədə, Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindədir. Bunun üçün bütün
lazımi tədbirlər həyata keçirilir, Təşkilat Komitəsi çalışır. Biz beynəlxalq idman qurumları, Avropa Olimpiya
Komitəsi ilə sıx əlaqədə çalışırıq. Ümidvaram ki, ilk Avropa Oyunları Azərbaycanın paytaxtı Bakıda ədalət,
sağlam rəqabət, dostluq və həmrəylik şəraitində keçəcək və ölkələri, xalqları, insanları bir araya gətirərək
möhtəşəm idman bayramına çevriləcək.
Əziz dostlar, sonda bir daha sizin gözəl şəhərinizdə olmağımdan məmnunluğumu bildirmək,
qonaqpərvərliyinizə görə sizə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Fürsətdən istifadə edərək, sizi bu il
ilk Avropa Oyunlarını seyr etmək üçün ölkəmizə - Azərbaycana dəvət edirəm.
Sizə xoş axşam arzulayıram. Çox sağ olun.
X X X
Daha sonra mərasim iştirakçıları “Bakı-2015”ə həsr olunmuş filmə baxdılar. Filmdə ilk Avropa
Oyunlarına hazırlıq işləri, paytaxtımızda yarışlarla bağlı həyata keçirilən mühüm layihələr əksini tapıb.
Tədbirdə çıxış edən İtaliyanın təhsil naziri xanım Stefaniya Ciannini Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın yalnız idmanın deyil, digər sahələrin inkişafına da verdiyi töhfələrdən danışdı. Bakıya
səfərini xatırladan S.Ciannini bu tədbirin Romada keçirilməsini yüksək səviyyəli Azərbaycan-İtaliya
əlaqələrinin göstəricisi kimi dəyərləndirdi. Diqqətə çatdırıldı ki, ilk Avropa Oyunlarının uğurla keçirilməsinə
İtaliya da öz töhfəsini verəcək. Nazir bu mötəbər idman tədbirinə hazırlığın sürətlə aparılmasını yüksək
qiymətləndirdi.
Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin Direktorlar
Şurasının üzvü və İrlandiyanın Olimpiya Şurasının prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunlarına
həsr olunmuş növbəti tədbirdə iştirakından məmnunluğunu ifadə etdi. Bildirdi ki, Azərbaycanın birinci xanımı
Mehriban Əliyevanın rəhbərliyi ilə Təşkilat Komitəsinin yarışlara böyük diqqətlə yanaşması və ciddi
hazırlaşması təqdirəlayiqdir. Bu amil ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında AOK tərəfindən
qəbul edilmiş qərarın nə dərəcədə düzgün olduğunu göstərir.
“İlk Avropa Oyunları hər kəsə - idmançılara, federasiyalara, Milli Olimpiya komitələrinə və bütünlükdə
Avropa gənclərinə faydalı olacaq”, – deyən P.Hikki vurğuladı ki, Azərbaycanın tezliklə ev sahibliyi edəcəyi bu
mötəbər idman tədbiri bütün dünya gənclərini ruhlandıracaq.
İtaliya Milli Olimpiya Komitəsinin (İMOK) prezidenti Covanni Malaqo “Bakı-2015” ilk Avropa
Oyunlarının 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan
yaratması baxımından önəmini qeyd etdi. O diqqətə çatdırdı ki, belə yarışların təşkili Avropa qitəsində idmanın
tərəqqisi üçün yeni perspektivlər açır.
İMOK-un prezidenti dedi ki, Azərbaycan bu cür möhtəşəm bir tədbirə ev sahibliyi etmək öhdəliyini
uğurla yerinə yetirir. “Əminəm ki, bu ölkə öz qonaqpərvərliyi ilə avropalı idmansevərlərin diqqətini cəlb etməyi
bacaracaq. Azərbaycanda Avropa Oyunlarına hazırlıq işlərinin sürətlə və yüksək səviyyədə aparılması bu
ölkənin yarışa ciddi yanaşdığını və Avropa idman dünyasına hörmətini nümayiş etdirir. “Bakı-2015” ilk Avropa
Oyunları önəmli bir idman tədbiri kimi uzun müddət yaddaşlarda qalacaq”, – deyə C.Malaqo bildirdi.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
─────────────────────────────────────────────────────────────
243
Roma şəhərinin meri İqnatsio Marino ölkələrimiz arasında mədəniyyət, idman və digər sahələrdə
əlaqələrin inkişafından danışdı. O dedi ki, müvafiq istiqamətlərdə imzalanmış sənədlər əməkdaşlığımızın
genişlənməsinə töhfə verməkdədir. Mer ilk Avropa Oyunlarının yüksək səviyyədə keçiriləcəyinə əminliyini
ifadə etdi.
Daha sonra AOK-un prezidenti Patrik Hikki “Bakı-2015” ilk Avropa Oyunlarının başlanmasına 100 gün
qalması münasibətilə Azərbaycanın birinci xanımına xatirə hədiyyəsi təqdim etdi.
Xatırladaq ki, cari il iyunun 12-dən 28-dək keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6000-dən artıq
atlet idmanın 20 növündə mübarizə aparacaq. Yarışlar Bakıda 21 idman obyektində keçiriləcək.
Dostları ilə paylaş: |