Iv mövzu. Avstraliya və Okeaniya xalqları Plan : Bölgənin ümumi etnoqrafik səciyyəsi. Avstraliya və Tasmaniya xalqları



Yüklə 107,5 Kb.
tarix02.06.2023
ölçüsü107,5 Kb.
#122099
M-4


IV Mövzu.
Avstraliya və Okeaniya xalqları
P l a n :
1.Bölgənin ümumi etnoqrafik səciyyəsi.
2.Avstraliya və Tasmaniya xalqları.
3.Okeaniya xalqları
4. Polineziya və Meloneziya xalqları
Ə d ə b i y y a t :
1. Quliyeva N. Etnoqrafiya və Etnologiya. B.2009
2.H.Həvilov Dünya xalqlarının etnoqrafiyası B.1999
Avstraliya materikinin yerli sakinləri yuxarıda deyildiri kimi 40 min il bundan əvvəl orada məskunlaşmışdır. Avstraliya bütün materiklər içərisində ən kiçiyidir.Onun uzunluğu qərbdən şərqə 4100 km, şimaldan cənuba isə 3200 km-dir.Onun sahəsi adalarla birlikdə 7 milyon 704 min kv. Km-dir. Avstraliyaya məxsus Tasmaniya adasını materikdən 224 km enində olan Bass boğazı ayırır. Avstraliyanın XVII əsrin əvvəllərindən məlum olmasına baxmayaraq, XVIII əsrin axırlarına qədər materikə avropalıların ayağı dəyişməmişdi. XVIII əsrin axırlarından başlayaraq, xüsusilə İngiltərədə sənaye çevrilişindən, habelə onun Şimali Amerikada olan müstəmləkələrinin itirilməsindən sonra Avstraliya başlıca müstəmləkə obyektinə çevrilmişdi. 1788-ci ildə Avstraliyada ilk ingilis yaşayış məntəqəsinin əsası qoyuldu. Materikin şərq sahilində Cekson limanı(indiki Sidney şəhəri)inşa edildi. Burada onların ilk məskənləri məhbuslar üçün salınan yaşayış məntəqələri idi. 1868-ci ilədək buraya 155 minədək adam sürgün edilmişdi. Əvvəllər Avstraliyada azad əhali cüzi miqdarda idi. 1850-ci ildə orada qızıl yataqları aşkar edildikdən sonra buraya ağ adamların axını güclənmişdi. Kapitalist müəssisələri və fermer təsərrüfatının güclənməsi ilə əlaqədar olaraq Avstraliyada əhalinin sayı sürətlə artırdı. Hazırda Avstraliya əhalisinin ümumi sayı 15,5 milyon nəfərdir. Əhalinin böyük əksəriyyətini XIX əsrdə buraya köçmüş anqlo-saks mənşəli əhalinin (ingilislər-53%, irlandlar-24% və şotlandlar-13%)nəsilləri təşkil edir. Metislərlə birlikdə aborigenlərin sayı 145 min nəfərdir. Əhalinin qalan hissəsi almanlar, hollandlar, italyanlar, yunanlar, çinlilər, yaponlar və b. ibarətdir. Avropalıların gəlişi dövründə aborigenlərin ümumi sayı 300 mindən çox idi.Onlar, hər birində 500 nəfərdən çox adam olan 600 linqvistik qrupa ayrılırdılar. İngilislərin yerli əhali ilə münasibətləri ilk günlərdən gərginləşməyə başlamışdı. Yerlilərə qarşı açıq terrorun təşkil olunmasında 1837-ci ildə Viktoriya müstəmləkəsində yaradılan” yerli polis”dəstələrinin rolu böyük idi. Bu dəstənin üzvləri ingilislərə satılan və aldadılan aborigenlərdən ibarət idi. Bununla belə” ağ polis”öz qəddarlığı və vəhşiliyi ilə heç də “ qara polis”dən geri qalmırdı. Hazırda Avstraliyada yerli əhalinin əksəriyyəti rezervasiya adlanan əhaliddə yaşayış məntəqələrində məskunlaşdırılmışdır. Onlar demək olar ki,yüksək mədəniyyətə yaxın buraxılmırlar.
Əgər materikdə məskunlaşan əhali, təbii şəraitin yaşayış üçün əlverişli olmadığı ərazilər müstəsna olmaqla, demək olar ki, Avstraliyanın bütün hissələrinə yayılmışdısa, Hazırda aborigenlər başlıca olaraq ölkənin şimal, qərb və mərkəzi rayonlarında məskunlaşmışlar. Avropalılarla tanışlıq dövründə Avstraliya yerliləri, etnoqrafiya elminə bəlli olan xalqlar arasında dünyanın ən geridə qalmış xalqları sırasına daxil idi. Onlar öz mədəni inkişaf səviyyələrinə görə ən aşağı pillədə dayanırdılar. Bütün bunlara görədir ki, yer kürəsinin digər geridə qalmış qəbilələrinə nisbətən Avstraliya aborigenləri etnoqrafik baxımdan daha yaxşı öyrənilmişdir. Lakin bütün ərazi eyni səviyyədə öyrənilməmişdir. Belə ki, şimalda və materikin qərbində yaşayan qəbilələr zəif tədqiq olunmuşdur. Cənub-şərqdə ən yaxşı öyrənilmiş qəbilələrə misal olaraq kurnai və kamilaroi, mərkəzdə- diyeri, arabana və aranda qəbilələrini göstərmək olar. Avstraliya yerlilərinin etnoqrafik baxımdan öyrənilməsi işinə başlıca olaraq XIX əsrdən girişmişlər. Avstraliya yerlilərinə küllü miqdarda ədəbiyyat həsr olunmuşdur. Təkcə 1963-cü ildə C.Qrinveyin Londonda nəşr olunan biblioqrafiyasında, ilkin məlumatlardan tutmuş 1959-cu ilə qədər bu sahəyə aid olan ədəbiyyatın ümumi siyahısında 10 min rəqəm göstərilmişdir. Hazırda onların sayı iki dəfəyə qədər artmışdır. Burjua tarixşünaslığında aborigenlərin ciddi surətdə öyrənilməsi işinə hələ XIX əsrin ilk onilliklərindən başlanılmışdır. Avstraliya və Tasmaniya xalqlarının etnogenezi probleminin öyrənilməsi məsələsinin ilk qaranquşlarından biri ilk rus Antarktika ekspedisiyasının(1820) iştirakçısı olmuş İvan Simonov idi. Sonralar bu məsələ dünyanın bir çox ölkələrinin alimlərini maraqlandırmışdır. Mütərəqqi burjua alimlərindən E.Eyr, C.Qrey və b. əsərlərində XIX əsrin 40-cı illərində Avstraliya aborigenlərinin həyat tərzi tam dolğunluqla təsvir edilmişdir ki, bu baxımdan bunlar klassik əsərlər sayıla bilər.Həmin əsrin 80-90-cı illərində Avstraliya aborigenlərinin etnoqrafiyasına dair çoxlu tədqiqat işləri nəşr edilmişdir. Bu dövrün obyektiv vicdanlı tədqiqatçılarında L.Fayson və A.Hauit kamilaroi və kurnai qəbilələrini, U.Spenser və F. Villen Avstraliyanın mərkəzi hissəsində yaşayan qəbilələri(arunta, aranda, arabana, diyeri və s.)öyrənmişlər. Bir çox mürtəce ruhlu alimlər müstəmləkəçilərin yerli əhaliyə münasibətində onların qeyri humanist addımlarına haqq qazandırmağa, aborigenləri vəhşi, barbar, mədəniyyətsiz tayfalar adlandırmaqla, onların ölümə məhkumluğuna hüquqi don geydirməyə çalışırdılar. Bu cür alimlər yerli əhalini alçaq irq, ağlı inkişaf cəhətdən geridə qalan irq kimi qələmə verərək müstəmləkəçilərin vəhşiliyinə bəraət qazandırmağa meyl göstərirdilər. Həqiqətdə isə avstraliyalılar çox nəcib, humanist xasiyyətli mərd, namuslu, cəsur və əməksevər insanlardır. Müasir mütərəqqi, liberal və materialst dünya görüşlü burjua tədqiqatçılarının əksəriyyəti bu barədə öz əsərlərində dəfələrlə məlumat vermişlər. Avstraliyalıların nəcibliyinin və humanistliyinin şahidi olmuş missioner Y.Çeslinq belə bir əhvalat nəql edir:”Bir dəfə uzun axtarışdan sonra, bir qrup hərbçi, şimali Avstraliyada yaşayan yulenqor qəbiləsinin, üzvü olan iki nəfəri tutub həbsə aparırıdılar. Onlar coşğun sel axınından keçərkən, mühafizəçilərin atları tələf olmuş, özləri isə suda boğulmaq təhlükəsinə məruz qalmışdılar. Yulenqorlar sağ-salamar sahilə çıxdıqda, öz keçikçilərinin təhlükədə qaldığını görüb, suya baş vuraraq onları xilas edilər. Bu hadisə haqqında çox danışır, guya aborigenlərin xarakterinə uyğun olmayan, keyfiyyətcə yeni bir rəftar qaydası kimi onu tərifləyirdilər.Çox keçmədi ki, yerli əhali arasında doğulmuş və boya-başa çatmış dəstə rəisini məzəmmət etməyə başladılar ki, o, yerlilərin bu cür nəcib hərəkətin layiqincə qiymətləndirilməmişdir.Buna cavab olaraq rəis demişdi:”Bu səs-küy nəyə lazımdı? Onlar həmişə belə olmuşlar”. Missionerlərin təsdiq etdikləri kimi hətta onların uşaqları da təhsil sistemində ağlardan geri qalmırlar. Antropoliji cəhətdən avstraliyalılar avstralo-zənci böyük irqinə daxil olan kiçik avstraliya irqini təmsil edir. Bu irqin tünd qəhvəyi rəngli dəriləri, qara dalğavari saçları, qalın saqqal və bığları, enli burunları, qalın dodaqları vardır. Onların orta ölçülü boy hündürlüyü, uzunsov başları var və sifətləri pronqatik əlamətlidir: başqa sözlə desək, üst çənə sümüyü, alt çənəyə nisbətən bir qədər irəliyə çıxmış vəziyyətdədir. Avstraliya dilləri də rəngarəngdir. Onların dilləri məlum dil ailələrinin heç biri ilə qohumluq təşkil etmir. 1788-ci ildə avstraliyalılar təxminən 500 dildə danışırdılar. Bu dillərin hər birində danışanların sayı isə 600 nəfərə qədər idi. Hər bir aborigen qonşularına məxsus 2-3 dildə danışa bilirdi. Hazırda Avstraliya yerlilərinin dillərinin bir çoxu assimilyasiyaya uöradığından, onlar xeyli dərəcədə azalmış, təxminən 200-ə enmişdir. Bunlar da öz növbəsində 20-dən çox dil qrupuna ayrılır. Bunlardan ən böyüyü Pamanyunqa qrupudur ki. O da bütün Avstraliya dillərinin üçdə iki hissəsindən çoxunu özündə birləşdirir. Bəzi tədqiqatçılar Avstraliya dillərinin dravid, papuas və Odlu torpaq adaları sakinlərinin dilləri ilə geneoloji əlaqəsini müəyyənləşdirməyə təşəbbüs göstərsələrdə, bu bir nəticə verməmişdir. Bu dillərin hamı tərəfindən qəbul edilmiş ümumi təsnifatı yoxdur. Çox vaxt onları bir-birinə o qədər yazın olmayan iki budağa: cənub və şimal budaqlarına ayırırlar. Cənubi avstraliya budağına daxil olan dillər bir-birinə yaxındır. Şimali Avstraliya dilləri isə geneoloji baxımdan bir-birindən xeyli uzaqdır. Ona görə də bəzi alimlər bu dilləri hətta bir budaqda birləşdirməyin əleyhinə çıxırlar.
Avstraliyadillərinin əksəriyyəti morfoloji təsnifata uyğun olaraq aqlyutinativ tipə aid edilə bilər;belə ki, onların söz ehtiyatı çoxdur və aydın məna ifadə edir. Avstraliya dilləri mücərrəd anlayışlardan xeyli uzaq olsa da, onların konkret təbiət əşyalarının ən xırda hissəciklərini və bütün fərqləndirici hərəkətləri dəqiq ifadə edə bililər. Məsələn, ən geridə qalmış aranda qəbiləsinin dilində 10 minə qədər söz vardır. Sinfi cəmiyyətlərin dilindən fərqli olaraq Avstraliya dillərində miqdar sayını ifadə edən anlayışlar çox azdır. Məsələn, aranda qəbiləsinin dilində yalnız “bir”və”iki”rəqəmi mövcuddur. Bununla belə Avstraliya dilləri bəzi cəhətlərinə görə hətta Avropa dillərindən də üstündür. Belə ki, diyeri qəbiləsinin dilində qohumluq dərəcələrini əks etdirən 26-ya qədər anlayışı vardır.Avstraliyalılar arasında danışıq dilini tamamlayan hərəkət dili geniş yayılmışdır. Müəyyən bir şəraitdə, məsələn ov zamanı, uzaq məsafədən danışarkən, bu və ya digər sözün və ya anlayışın mənasını dəqiqləşdirərkən, ünsiyyət zamanı bu cür hərəkət dilindən geniş istifadə olunur. U. Çeslinqin verdiyi məlumata görə şimali Avstraliyada yaşayan yulenqorlar tonqalın ətrafında saatlarla oturaraq, lal adamlar kimi heç bir söz işlətmədən əl hərəkətləri ilə danışırdılar. Aranda qəbilə üzvləri 450-ə qədər hərəkət işarəsindən istifadə edirdi. Avstraliya yerlilərinin təsərrüfatı mənimsəyici təsərrüfat sahələri idi. Onlar maldarlığın və əkinçiliyin nə olduğunu bilməyən ovçuluq, yığıcılıq qismən balıqçılıq təsərrüfatı ilə məşğul olurdular. Əsas dolanacaq mənbəyi ovçuluq idi. Təsərrüfatın bu sahəsində yalnız kişilər çalışırdılar. Qadınlar və uşaqlar ov zamanı kişilərə yardımçı kömək göstərir, yeməli yabanı bitkilər toplayırdılar. Onlar ov zamanı tələ qurmaq, tor düzəltmək, quyu qazmaq üsullarına əl atmaqdan daha çox ovu qovub tutmağa daha çox üstünlük verirdilər. Lakin dəvəquşuya bənzər emunu və ya kenqurunu qovaraq tutmaq, üzən balığı nizəyə keçirmək, havada uçan quşu vurmaq o qədər də asan iş deyildi. Odur ki. Avstraliya ovçuları cəldlik, çeviklik, həssaslıq, diqqətlilik və bu kimi ovçulara xas olan keyfiyyətlərə yiyələnmişdilər.
Başlıca ov obyektləri kenquru və digər kisəli heyvanlar, habelə quşlar idi. Çox cəld və zirək heyvan olan kenqurunu bəzən kollektivin köməyi ilə mühasirəyə alır və yazudda təkbətək bir ox uçuşu məsafəsində pusquda duraraq, onu vura bilirdilər. Kenqurunun ətini yeyir, mədəsindən kisə düzəldir, dərisindən isə özlərinə paltar tikirdilər. Belə paltarlar heyvanın damarlarından düzəldilən iplə tikilirdi. Ov zamanı bəzən kişilərə yarım vəhşi, iri və güclü, hürməyən it cinsi dinqo kömək edirdi. Avstraliyalılar çox cəld və çevik idilər. Onlar hündür, hamar evkalipt ağaclarına dırmanır və budaqlardakı yuvalardan quş qumurtaları toplayır və yaxud ağacda yaşayan xırda heyvanları tuturdular.Balığı müxtəlif üsulla:əllə, tilovla, qırmaqla, səbətlə tutur;çox vaxt nizə ilə vurub öldürürdülər. Bəzən suyu narkotik maddələrlə zəhərləyir və bunun nəticəsində huşunu itirərək suyun üzünə çıxmış balıqları tuturdular. Quşları adətən bumeranqın köməyi ilə ovlayırdılar. Ovçuluq əməliyyatı heç və həmişə uğurlu olmadığından, qadınların yığıcılıq təsərrüfatı ən mühüm qida mənbəyindən biri sayılırdı. Onlar hər cür bitki növündən bu və ya başqa dəəcədə istifadə edirdilər. Ölkənin qərb və mərkəzi əyalətlərində ov heyvanları az olduğundan qadınların yığıcılıq peşəsi əhəmiyyətli rol oynayırdı. Rus tədqiqatçılarından A.N. Maksimovun fikrincə yalnız Avstraliyanın şimal-şərq hissəsində yaşayan qəbilələr qida üçün 229 bitki növünü və 93 molyuska tipini toplayırdılar. Qadınlar ilan, qurbağa, tısbağa, siçan və müxtəlif həşərat növü toplayırdı. Yem üçün qida axtararkən oğlanlar kişilərə, qızlar isə qadınlara qoşulurdular. Buradan göründüyü kimi Avstraliya qəbilələri arasında cinsə görə əmək bölgüsü mövcud idi. Avstraliyalılar əti və balığı heç vaxt çiy halda yemirdilər. Onlar yeməyi suda bişirmirdilər. Onu ocaqda, közün üstündə və ya qızmaq daşın üstündə bişirirdilər. Bəzən öldürülmüş heyvanın qarnını yarıb, onun içalatını çıxarır, odda qızardırdılar. Beləliklə, ət həm çöldən, həm də içəridən bişirdi.Çox vaxt heyvanın dərisini də soymurdular. Bəzən quyu qazıb, təndir sayağı onun içərisində od qalayırdılar. Quyu yaxşı qızdıqda ovun bütöv ətini gözün üstünə qoyurdular. Onun içində də qızmış daş doldururdular. Sonra ətin üstünü yaşıl yarpaqlarla ötüb quyunu torpaqlayırdılar. Bir-iki saatdan sonra, artıq bişmiş əti çıxarıb yeyirdilər. Balığı bişirmək üçün , onu bütöv şəkildə ağac qabığına büküb və gözün altına basdırırdılar. Ov quşunun əvvəlcə tükünü yolub təmizləyir və odda qızardırdılar. Çox vaxt onun içalatıbı çıxarıb ayrıca bişirirdilər. Ən geniş yayılmış üsul ondan ibarət idi ki, quşun bütün bədənini palçıqlayıb gözün içinə basdırırdılar. Bu yolla bişirilmiş quşun üzərindəki kül təbəqəsini təmizlədikdə onun əti qızardılmış və həm də tükdən təmizlənmiş olurdu. Yuxarıda deyildiyi kimi materikin qərb və mərkəzi hissələrindəki çöl və yarımsəhra rayonlarının faunası olduqca yoxsuldur. Odur ki, burada qida bitkiləri toplanmasına və qadın əməyinə daha çox üstünlük verilirdi. Ovçuluq yardımcı təsərrüfat sayılırdı. Missioner S. Gessonun verdiyi məlumata görə diyeri qəbilələrinin yeməkləri başlıca olaraq bitki məhsullarından ibarət idi.Çünki burada kenquru və emu kimi ov heyvanları və quşları yox idi. Avstraliyanın Kvislend bölgəsində fevral-may aylarında toplanılan yams əsas qida bitkisi idi. Yams sayağı kökümeyvəlilər avstraliyalıların qida öynəsində başlıca yer tutuduğundan, bəzi tədqiqatçılar aborigenləri”yabanı bitki kökü qazanlar”adlandırırdılar. Avstraliyanin şimal-şərqində, Kvislend rayonunda çoxlu miqdarda bunya adlanan yabanı qoz növləri bitirdi. Bunya öz xarici görkəminə görə iynəyarpaqlı ağacların qozasına bənzəyirdi. Lakin o həcm etibarilə xeyli böyük olurdu. Onun uzunluğu 20-40 sm, ağırlığı bir kq-a çatırdı. Onun yetişməsi dövründə ətraf qəbilələr də oraya gəlib onunla qidalanır, habelə ehtiyat üçün də qığıb aparırıdılar. Müşahidəçilərin fikrincə Avstraliyada elə bir bitki və elə bir heyvan növü yox idi ki, aborigenləri bunlardan qida məqsədilə istifadə etməsinlər.
Yığıcılıq məhsullarını ya çiy halda , ya da bişmiş vəziyyətdə qəbul edirdilər. Quş və tısbağa yumurtalarını heç vaxt çiy halda yeməzdilər. Onları közdə bişirirdilər. Bir çox meyvə və giləmeyvələri, yabanı bitki növlərini çiy halda yeyirdilər. Nardu, Munyeru və s. dənli bitki məhsullarını əl daşında döyüb, un halına salır, xəmir düzəldib, fətir bişirirdilər. Bəzən bu və ya digər bitkinin kökündəki acı tamı kənar etmək üçün onun üzərində xeyli əməliyyat aparırdılar. Məsələn, yamsın acı tamını dəf etmək məqsədilə onu yuyub təmizləyir, sonra dörd saat müddətində qızmaq daşın üstündə bişirir və onu kisəyə qoyub su doldurulmuş təknənin içərisinə salırlar. Kisənin üstündən yamsı sürtüb, cod lifi və qabığı qalıncayadək iş prosesini davam etdirirdilər. Yamsın suya qarışan sürtülmüş kütləsi, yarım saatdan sonra suyun dibinə çökür. Daha sonra onun suyunu boşaldıb yeni su əlavə edirlər. Bu əməliyyat 7-8 dəfə təkrar olunur. Axərda yamsın nişastaya bənzər kütləsini su ilə birlikdə qumluqda qazılmış quyuya tökürlər. Su süzülüb çəkildikdən sonra quyuda artıq acısı yuyulub çıxarılmış yamsın yeməli kütləsi qalır. Avstraliyalıların maddi mədəniyyəti yoxsul olduğuna görə əmək alətləri və məişət əşyalarının da əksəriyyəti daşdan, ağacdan, sümükdən düzəldilirdi. Avstraliya materikində metal filizləri az olmasada, avropalıların gəlişinə qədər, yerlilər metalla tanış deyildilər onlar dulus məmulatları düzəltməyi də bacarmırdılar. Tasmaniyalıların antropoloji tipi, müşahidəçilərin məlumatına görə avstraliyalılardan kəskin surətdə fərqlənirdi. Onlar orta boydan bir qədər kiçik boya malik olmaqla, dəriləri tünd palıdı rəngli idi; çox qıvrım saçları vardı; buyunları enli, başları mezokefal və proqnatik quruluşlu idi. Anropoloqların əksəriyyəti belə qənaətə gəlmişlər ki. Öz xüsusiyyətlərinə görə tasmaniyalılar avstraliyalılardan daha çox melaneziya irqi tipinə uyğun gəlirlər. Tasmaniyalıların adada məskunlaşması barədə iki fərziyyə vardır. Birinci fərziyyə görə əvvəlcə onlar Melaneziyadan Avstraliyaya keçmişdilər və bir qədər sonra avstraliyalıların təzyiqi altında Tasmaniyaya sıxışdırılmışdır. S.P. Tolstovun irəli sürdüyü ikinci fərziyyəyə görə, adanın sakinləri cənubi Melaneziyadan, daha doğrusu,Yeni Kaledoniyadan gəlmişlər. Avstraliyalılar və tasmaniyalılar tarixən eyni mənşəli olduqlarına görə, onların dillərində də çox uyğunluq nəzərə çarpırdı. Etnoqrafiya elminə məlli olan xalqlar içərisində tasmaniyalılar dünyanın ən geridə qalmış qəbilələri idi. Onlar həyat səhnəsindən tez silindiyindən, tasmaniyalıların maddi və mənəvi mədəniyyəti, ictimai quruluşu zəif öyrənilmişdir. Onların daş əmək alətləri yonulmamış və cilalanmamış adi daş əmək alətləri idi. Bunlar paleolit tipli alətlər idi.Tasmaniyalılara sümük emalı da məlum deyildi. Balıqqulağından da təbii şəkildə, su qabı kimi istifadə edirdilər Tasmaniyalıların başlıca silahları və ovçuluq alətləri nizələr və dəyənəklər idi. Onların nizələri 2-4 m uzunluğunda olan ucu sivri şəkildə yonulmuş ağaclardan ibarət idi. Belə nizələri 40 m məsafəyə ata bilirdilər. Adanın şimalında dişli nizələrdən də istifadə olunurdu, onlar bəzən nizələrin ucunu zəhərləyirdilər. Avstraliyalılara tanış olan nizə atan alət, bumeranq və qalxanı tasmaniyalılar tanımırdılar. Onların əhliləşdirilmiş itləri də yox idi. Tasmaniyalılar adətən mağaralarda, ağac koğuşlarında yaşayırdılar. Bəzi hallarda aöac və çubuqlardan, onların budaq və yarpaqlarından sferik və ya konusvari formada komalar da tikirdilər. Onların nəqliyyat vasitələri də çox primitiv idi. Tasmaniyalılar evkalipt ağacı qabıqlarından qayıq da düzəldirdilər. Onlar ilin soyuq vaxtlarında kenquru dərisindən bürüncək geyir və önlük bağlayırdılar. Çox vaxt onlar çılpaq gəzirdilər. Ovlanmış heyvanların ətini tonqalda bişirir və közdə qızardırdılar. Odu sürtmə yolu ilə əldə edir və əksər hallarda onu qoruyub saxlamağa çalışırdılar ki, sönməsin.Tasmaniyalılar məstedici içki də hazırlayırdılar. Bu məqsədlə Evkalipt ağacının şirəsini toplayıb qıcqırdır və conra ona azacıq su qatıb içirdilər. Tasmaniya yerliləri kenquru və suiti ovlayır, yığıcılıqla məşğul olurdular, onlar heç vaxt balıqçılıq peşəsinə yiyələnməmişdilər. Ümumiyyətlə balıq ətini yemir, ovdan iyrənirdilər, odur ki, tasmaniyalıların heç bir balıqçılıq alətləri müşahidə edilməmiş
dir. Qadınlar dənizdə üzərək molyuska, suiti və başqa heyvanlar ovlayırdılar. Tasmaniyalıların ictimai quruluşu barədə demək olar ki, heç bir məlumat verilməmişdir. Belə güman edirlər ki, onlar hər birinin özünə məxsus ləhcəsi olan 20 qəbilədən ibarət idilər. Qəbilələr öz növbəsində 15-20 nəfərlik nəsillərə bölünürdü. Hər qrupun öz fəaliyyət dairəsi, öz müstəqil ərazisi vardı. Onlarda oturaqlıq müşahidə olunurdu. Tasmaniyalılar öz nəsli daxilində nigah əlaqələrinə girmirdilər. Adətən qonşu klandan-nəsillərdən olan qadınları qaçırtma yolu ilə əldə edirdilər. Başqa sözlə onlarda ekzoqamiya mövcud idi. Qohumluq ana xətti üzrə hesablanırdı. Qrup nigahının qalıqları şəraitində ikili nigah hökm sürürdü. Dul qadın üzərində bütün kişilərin nigah hüququ vardı. Tədqiqatçıların əksəriyyətinin məlumatına görə tasmaniyalılarda əsl mənada qəbilə başçısı yox idi.Onların da çox məhdud səlahiyyətləri vardı. Tasmaniyalıların ictimai quruluşlarına nisbətən dini inamları barədə daha az məlumat vardır. Məlumatçıların hamısı, onların heç bir dinə etiqad etmədiklərini göstərir və yalnız “Namma”gecə ruhlarından qorxduqlarını bildirirdilər.Pater Şmidt onlarda monoteizm nişanələrinin olduğunu göstərirdi. Halbuki tasmaniyalılar bə dinsiz olmamışdılar, nə də onlarda təkallahlılığın nişanəsi olmamışdı. Onlara yalnız dinin ilkin formaları bəlli idi. Əgər Avstraliyanın hər tərəfindən ictimai-iqtisadi inkişafın səviyyəsi təxminən eyni səviyyədə idisə, əksinə Okeaniya əyalətlərində mədəni inkişafın səviyyəsi olduqca müxtəlif idi. Burada əhalinin dili və antropoloji xüsusiyyətlərində də kəskin fərqləndirici əlamətlər nəzərə çarpırdı.
Okeaniya xalqları antropoloji baxından yekcins deyil və hələ də müxtəlif – antropoloji tiplər arasında qarşılıqlı münasibətlər aydınlaşdırılmamışdır. Adi irqi təsnifata uyğun olaraq qeyd etmək lazımdır ki. Okeaniyanın cənub-qərbində Melaneziyada qıvrım saçlı, qara dərili zənci irqi üstünlük təşkil edir. Bu irqin özü də yekcins deyil və aydın şəkildə üç tipə ayrılır; meloneziya, papuas və nəhayət, kiçik boylu piqmey irqi. Digər tərəfdən Polineziya və Mikroneziya vilayətlərinin sakinləri tamamilə başqa bir irqi tipə mənsubdur. Onların dərilərinin rəngi bir qədər açıq-qəhvəyi, saçları isə dalğavari quruluşdadır. Diqqətlə yoxlandıqda bu irqin də vahidliyinə şübhə yaranır.Hətta Polineziya daxilində onun bir neçə variantına rast gəlmək mümkündür. Bu baxımdan Mikroneziyada vəziyyət daha mürəkkəbdir.Qərbi Mikroneziyada Cənubi Asiya monqoloid irqi qarışığı ilə yanaşı, zənci xüsusiyyətli irqi tiplər də müşahidə olunur. Adətən antropoloji təsnifata görə polineziya və mikroneziyalılar Monqoloid irqinin cənub budağına daxil edilirlər.
Okeaniya xalqlarının dilləri, onların antropoloji bölgüsü ilə üst-üstə düşmür. Linqvistik baxımdan Okeaniya iki qeyri-bərabər hissəyə ayrılır ki. Bunların da sərhədləri irqi sərhədlərlə uyğun gəlmir. Bütün Polineziya əhalisinin dilləri, o cümlədən Mikroneziya və Melaneziyanın böyük bir hissəsində yaşayan xalqların dilləri malay-polineziya dil ailəsinə mənsubdur. Bu dil ailəsi hətta qərb doğru istiqamətlənərək İndoneziyanı da əhatə edir. Bu dillərdə danışanlar müxtəlif irqi xüsusiyyətlərə malikdirlər. Hahuas dillərinin yayılma ərazisi xeyli məhduddur. Bu qrupun dilləri başlıca olaraq Melaneziyanın qərb hissəsini-əsasən Yeni Qvineyanı əhatə edir. Bu dillərdə danışanlar müxtəlif irqi xüsusiyyətlərə malikdirlər. Papuas dillərinin yayılma ərazisi xeyli məhduddur. Bu qrupun dilləri başlıca olaraq Melaneziyanın qərb hissəsini-əsasən Yeni Qvineyanı əhatə edir. Papuas dillərində danışan qəbilələr irqi nöqteyi-nəzərədən Melaneziyalılara o qədər yaxındılar ki, antropoloji əlamətlərinə görə onları fərqləndirmək o qədər də asan deyil. Melaneziya əhalisinin dilləri əsasən iki qrupa : papuas və melaneziya dillərinə ayrılır. Papuaslar başlıca olaraq Yeni Qvineyada yaşayırlar. Bu ada öz böyüklüyünə görə Qrenlandiyadan sonra dünyada ikinci yeri tutur. Adanın sahəsi 785 min km²-dir. Onun uzunluğu 2400 km, eni 700 km-dir. Ada tropik qurşaqda yerləşdiyindən onun iqlimi mülayimdir. Gecələr soyuq keçir, hərarət bəzən 0-dək aşağı düşür. İldə 300 günə qədər yağış yağır. Bitki örtüyü zəngindir. Evkalipt, palma və çörək ağacının müxtəlif növlərinə rast gəlinir. Heyvanat aləmindən : məməlilərə,sürünənlərdən:tısbağa, ilan, kərtənkələyə daha çox rast gəlinir. Adada 200-ə qədər quş növü də vardır. Yeni Qvineya adası 1526-cı ildə Portuqaliya dənizçisi Georq de Menezes tərəfindən kəşf edilmişdir. Papuaslar Afrika Qvineyasında yaşayan yerli əhaliyə bənzədiyinə görə 1545-ci ildə Yeni Qvineya adlandırılmışdır. Ada inzibati cəhətcə hazırda iki hissəyə ayrılır: şərqdə müstəqil dövlət kimi Papuas Yeni Qvineya(1975),qərbdə İndoneziyaya məxsus İrian-Çaya. Adada yaşayan əhalinin 90%-ni papuas dillərində danışanlatr təşkil edir. “ Papuas”sözü malay dilində “ qıvrım saçlı”deməkdir. Papuasların sayı 4 mln. 605 min nəfərdir. Onların xeyli hissəsi Melaneziyanın digər adalarında məskunlaşmışdır. Papuasiyada 750-yə qədər etnos yaşayır. Bunların 572-ci papuas etnosudur. Bunların dili avstroneziya dillərinə daxil deyildir. Ən böyük papuas etnoslarına misal olaraq enqa(220 min), çimbu(180 min), xaqen(160 min), kamano(130 min), xuli(105 min), kanauku, anqal(90 min), vaxqi(70 min) və s. göstərmək olar. Bunlar 12 böyük dil qrupunda birləşirlər. Ən böyük papuas dilləri qrupu Trans Yeni Qvineya qrupudur. Papuasların 85%-ə qədəri bu dillərdə danışır. Kinci qrup Sepik-Ramu qrupudur ki,bu dillərdə papuasların 8%-i danışır: əhalinin qalan 7% pariueli qrupuna aiddir.
Yeni Qvineyada papuaslardan başqa avstroneziya dillərində danışan etnoslar da var. Adətən onları melaneziyalılar adlandırırlar. Onlar adanın sahil rayonlarında Martkxem çayı hövzəsində məskunlaşmışdır. Bunlar 200-dən çox dildə danışır. Saylarına görə(200 min) də papuaslardan çox geridə qalırlar. XIX əsrin 80-ci illərin əvvəllərində N.N. Mikluxo-Maklay Papuasiyada olarkən, onlar artıq toxa əkinçiliyi ilə məşğul olurdular. Onların əsas bitkiləri: taro, yams, banan, şəkər qamışı, hind qozu, saqo palması, çörək ağacı və s.idi. Onlar möhkəm qurulmuş ağac evlər inşa edir, saxsı qablar hazırlayır, ox və kaman düzəldirdilər. Hazırda papuaslar avropalılardan mənimsənilən paxla, batat(kartof) və kofe ağacı becərirlər. Ev heyvanlarından papuaslar ən çox donuz, toyuq və it saxlayırdılar. Əkinçiliklə yanaşı, papauslar ovçuluqla da məşğul olurdular. Balığçılıq zəif inkişaf etmişdir. Əmək alətlərini əksəriyyəti ağacdan, daşdan, sümükdən, balıq qulağından hazırlanırdı. Hazırda papuasların əksəriyyəti kəndlərdə yaşayır. Hər bir papuas kəndində 100-150 nəfərdən çox adam olmur. Kəndlər müxtəlif saylı komalardan təşkil olunmuşdur. Hər bir koma qrupuna 40-50 nəfər yaşayır. Bu cüt koma qruplarının ətrafına ucu şiş payalardan çəpər çəkirdilər. Bəzən bir kənd dirəklər üzərində qurulmuş vahid bir evdən ibarət olurdu ki. Burada 50 nəfərə qədər adam yaşayırdı. Adanın şimal şərq sahillərində əhalinin sayı 300 nəfərdən çox olan böyük kəndlərə də rast gəlinir.Evlərin divarı bambukdan və ya ağac qabığndan, bəzən də kobud yonulmuş taxta parçalarından düzəldilirdi. Yaşayış məntəqəsəininmərkəzi hissəsində kişi evi yerləşirdi. Evlər adətən konusvari və ya dörd künclü 2 taylı formada tikilirdi. Yağış suyu keçirməməsi üçün dam örtüyü çox hündür düzəldilirdi. Papuas kişilərinin geyimləri tapadan hazırlanmış bel sarğısından ibarət idi. Onu bir neçə dəfə belə dolayır və bir ucunu qıçların arasında buraxırdılar. Qadın geyimi isə bitki liflərindən və otdan düzəldilən tumanlardan ibarət idi. Papuas cəmiyyətində ən çox kişilər özlərini bəzəyirdilər. Bu cür bəzəklərə misal olaraq bilərziklər, boyunbağılar, sırğalar, burun bəzəkləri və s. göstərmək olar. Onlar bədənlərini döydürür və rəngləyirdilər.Papuaslar Avropa libaslarının təsirinə az məruz qalıblar. Az da olsa onlar artıq öz tumanlarını fabrik mallarından tikirlər. Yeməklər əksər hallarda bitki mənşəli yeməklərdir. Ətdən(donuz, toyuq, it, bəzən də pişik əti) az istifadə olunur. Yeməyi adətən torpaq sobalarda(təndir), közdə və tonqalda bişirirdilər. Küldən duz kimi istifadə edirdilər. Papuasların ictimai quruluşu zəif öyrənilmişdir. Müstəmləkəçilərin gəlişinə qədər papuas icmalarını”lululay”adlanan starşinalar idarə edirdilər. Qəbilə starşinasının elə bir imtiyaz hüququ yox idi.O da qəbilə üzvləri ilə bərabər işləyirdi. O, başqa qəbilə üzvlərindən yalnız onunla fərqlənirdi ki, adətən onun bir neçə arvadı olurdu. Bir qayda olaraq öz fiziki qüvvəsinə görə, cəldliyinə, bacarığına, qəbilə adət-ənənəsinə yaxşı bələd olduğuna görə fərqlənənlər starşina seçilirdilər. Hazırda starşina dövlət məvacibi almaqla yanaşı icmadan toplanan verginin 10%-nə də sahid olur.
Papuaslarda nəsil ata xətti üzrə hesablanırdı. Bir neçə nəsil birləşib ittifaq təşkil edirdilər. Bu, qəbilədən daha çox fratriyanı xatırladırdı. Əsas ictimai-iqtisadi hüceyrə nəsli icma sayılırdı. Nəsli icmanın əsas əlaməti onda idi ki, icma üzvlərinin çoxu yalnız bir nəslə mənsub idi. Patrilokal əsasda icmaya daxil olmuş qadınlar icmadan kənarda hesab olunurdular. Papuaslarda nadir hallarda, geterogen icmalara da rast gəlinirdi. Burada təsərrüfat icmanın ayrı-ayrı hissələri tərəfindən, başqa sözlə böyük ailələr tərəfindən idarə olunurdu. Geterogen icma nəsli icmadan fərqli olaraq, bir nəslin üzvlərindən deyil, bir-biri ilə qohum olan bir neçə nəslin üzvlərindən təşkil olunurdu. Papuaslarda icmanın üçüncü bir forması da müşahidə olunurdu ki, bu icma qonşuluq icması idi. Qonşuluq icması avropalıların və indoneziyalıların təsiri nəticəsində təşəkkül tapmışdı.
Yeni Qvineyada ailənin iki forması vardı: ikili ailə və böyük ailə.
Papuaslar arasında ən geniş yayılan dini inamlar totemizm və magiya idi.
Papuasiyadan geridə qalsa da, Melaneziyanın da etnik tərkibi olduqca mürəkkəbdir. Burada 200 qədər etnos yaşayır. Bunların böyük çoxluğunu avstoneziya dilləri(600 min), az bir qismini papuas dilləri(70 min)təşkil edir. Antropoloji baxımdan yerli əhali Avstraliya irqinə daxil olan kiçik melaneziya irqinə mənsubdur. Bunların 4 antropoloji tipi vardır: papuas, neqritos, melaneziya və yeni kaledoniya tipləri. Melaneziya dillərinin papuaslarla heç bir qohumluğu yoxdur. Onlar ən çox polineziya və mikponeziya dillərinə qohum olmaqla malay-polineziya dil ailəsinə daxildir. Melaneziyalıların ümumi sayı 1,245 min nəfərdir. Melaneziya adalarının əhalisi başdan-başa əkinçiliklə məşğul olurlar. Burada elə bir məskunlaşmış torpaq sahəsi tapılmaz ki, əkinçilik mədəniyyəti yüksək səviyyədə aparılmasın.Fransız səyyahları xəbər verirlər ki, Yeni Kaledoniyada yaşayan aborigenlərin dirrik-tərəvəzçilik mədəniyyəti Fransanın özündən də yüksəkdir. Melaneziya əkinçiliyi tropik əkinçilik mədəniyyəti xarakteri daşyır. Bunlar əsasən kökümeyvəlilər fəsiləsinə aid olan bitkilərdir. Belə bitkilərə misal olaraq yams, taro, habelə batat, şəkər qamışı, meyvəli ağaclardan hin qozu, saqo palması, banan və çörək ağacını göstərmək olar. Əgər taro sulu və bataqlıq yerlərdə bitirdisə, yams quru yerlərdə yetişirdi. Hər adanın özünə məxsus bitkisi vardır. Məsələn, Yeni Kaledoniyada çörək ağacına rast gəlinmir. Bütün bunlar hamısı mədəni bitkilərdir və onlara yabanı şəkildə təsadüf olunmur. Bəzi tədqiqatçılar Melaneziyada çörək ağacının 60 növünü, yamsın 80 növünü, bananın 70 növünü qeydə almışlar. Sakit okeanda çox geniş yayılmış adaların bir qismində polineziyalılar məskunlaşmışdır. Onlar öz antropoloji əlamətlərinə, dillərinə və hətta mədəni xüsusiyyətlərinə görə bir-birinə çox yaxındırlar. Onların 170-173 sm boyu. Tünd qaraşın dəriləri,enli dalğavari saçları vardır. Bədənləri az tüklüdür, enli burunları vardır. Sifətləri girdə və azacıq proqnatik əlamətlidir. Bir çox tədqiqatçıların fikrincə polineziyalılar öz antropoloji xüsusiyyətlərinə görə monqoloid və avstroloid irqləri arasında əlaqələndirici tip kimi səciyyələndirilir.
Polineziya dilləri yuxarıda deyildiyi kimi malay-polineziya dil ailəsinə mənsubdur. Polineziya adalarının Sakit okeanda çox geniş ərazilərdə yerləşməsinə baxmayaraq yerli əhalinin dilləri bir-birinə o dərəcədə yaxındır ki,hətta bəzi dilçilər onları vahid bir dilin ayrı-ayrı ləhcələri kimi qiymətləndirir.Taitililərin havaylıların və maorilərin dilləri arasındakı fərq, alman və holland dilləri arasındakə fərqdən qat-qat azdır. Polineziyada yüzə qədər dil və dialekt vardır. Bu dillərdə danışanların ümumi sayı 1 milyon 60 min nəfərdir. Polineziya dillərində danəşan 14 etnos Melaneziya və Mikroneziyada məskunlaşmışdır. Polineziyalıların ən böyük etnoslarından maoriləri(290 min), samoaları(255 min), tonqalılar(110 min), havaylılar(160 min) və taitiləri(98 min) göstərmək olar.
Mikroneziyaya mənsub olan 2140-dan çox adamın yalnız 96 insanlar tərəfindən məskunlaşmışdılar. Mikroneziya etnoslarının ümumi sayı 190 min nəfərdir. Mikroneziyalılar malay-polineziya dil ailəsinə mənsub dildə danışırlar. Etnoqrafik baxımdan Mikroneziya 2 hissəyə-Qərbi və Şərqi Mikroneziyaya ayrılır. Şərqi Mikroneziyada daş olmadığına görə əmək alətlərinin əksəriyyəti balıq qulağından hazırlanırdı. Əksinə qərbi Mikroneziyada geniş çeşidli daş əmək alətləri işlədilirdi. Əgər Şərqi Mikroneziyada Polineziya mədəniyyətinin təsiri hiss olunurdusa, Qərbi Mikroneziyada İndoneziya mədəniyyətinin təsiri hiss olunurdu. Bu baxımdan karolin adaları aralıq mövqeyində dayanırdı. Marian adalarında son dövr İndoneziya mədəniyyətinin nişanələrini çəltik becərilməsində, Palau və Yan adalarında dulusçuluqda, Palau adasında ox atan boruların mövcudluğunda görmək olar. Şərqi Mikroneziya mədəniyyəti bu mənada öz əvvəlki ənənəvi xüsusiyyətlərini nisbətən saxlamışdır. XVII əsrdə ispan müstəmləkəçiləri Marian adalarında yaşayan çamorro qəbilələri ilə üzləşəndə onların sayı 50 min nəfərdən çox idi. Çox keçmədi ki onların hamısı məhv edildi. Çamorroların əsas məşğuliyyəti əkinçilik idi. Onların, əkinçilik aləti kimi”Tanum”adlanan ağac payaları, “akoa”adlı daş toxaları vardı. Marian sakinləri çəltikliklə yanaşı yams, çörək ağacı, banan becərir, habelə qida məqsədilə balıq və tısbağa tutur, quş ovlayırdılar. Magellanın yol yoldaşlarından biri olan Piqafetta qeyd edirdi ki, burada qadınlar çöl işləri ilə məşğul olmurlar, onlar bütün vaxtlarını evdə keçirir, palma yarpaqlarından həsir və zənbil toxuyur və başqa təsərrüfat-məişət əşyaları hazırlayırdılar.Onlar habelə uşaqlara baxır, yemək hazırlayır, gildən qab-qacaqlar düzəldirdilər. Kişilər torla balıq tutur, yaşayış evləri və qayıqlar inşa edirdilər. Onların ox və kamanları, qılınc və qalxanları da yox idi. Çamorrolar nizələrdən geniş bir surətdə istifadə edirdilər. Belə nizələrin ucları insan sümüyündən düzəldilirdi. Sapand döyüş silahı kimi tətbiq olunurdu. Dəniz ovuna adətən yelkənli qoşa qayıqlarda çıxırdılar. Geyimləri demək olar ki, yox dərəcəsində idi. Geyimləri demək olar ki, yox dərəcəsində idi. Yağış zamanı, habelə bayram şənliklərində pandanus yarpaqlarından tikilmiş bürüncəklərdən istifadə olunurdu. Əksər hallarda önlüklü kəmər bağlayırdılar. Qərbi Mikroneziyada yaşayanların hamsı dişlərini qara rəngə boyayırdılar Çamorrolar”sonqsonq”adlanan kəndlərdə yaşayırdılar. Yaşayış evləri dirəklər üzərində və ya daş bünövrələr üzərində qurulurdu. Okeaniyanın digər vilayətlərinə nisbətən Mikroneziyada ictimai münasibətlər bir qədər zəif öyrənilmişdir. Missionerlərin əksəriyyətinin müşahidələrinə görə burada intensiv olaraq ibtidai icma münasibətləri dağılır və əmlak bərabərsizliyi yaranırdı.





Yüklə 107,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin