2.Dialektlərdə saitlərin ahəngi Sözdə uyğun səslərin bir-birini izləməsinə ahəng qanunu deyilir. Azərbaycan dili üçün ahəng qanunu çox xarakterikdir. Azərbaycan dilində ahəng qanununun üç növü olduğu müəyyənləşdirilmişdir:
Saitlərin ahəngi.
Samitlərin ahəngi.
Saitlərdə samitlərin ahəngi.
Şivələrdə ahəng qanunu ədəbi dilə nisbətən bir o qədər də möhkəm deyildir. Ayrı-ayrı şivələrdə ahəng qanununa eyni dərəcədə riayət olunmur. Saitlər ahənginin saxlanması və pozulması baxımından baxımından şivələr üç qrupa bölünür:
1.Ahəng qanununa ciddi riayət olunan şivələr
2.Ahəng qanununun tez-tez pozulduğu şivələr
3.Ahəng qanunu bəzi hallarda pozulan şivələr
1 - Bu qrupa Qazax, Qarabağ və Gəncə şivələri daxildir. Qazax və Qarabağ şivələrində dodaq ahəngi də ədəbi dilimizə nisbətən inkişaf etmişdir. Ədəbi dildə damaq ahənginə əsasən iki variantda işlənən şəkilçilərin Qazax və Qarabağ şivələrində dodaq variantları da özünü göstərir: otlayırdı (ədəbi dil) – otdordu (Qazax) – otduyurdu (Qarabağ). Ədəbi dildə ahəng qanununa tabe olmayaraq, sözün əvvəlində i səsi işləndiyi halda, Qazax, Gəncə və Qarabağın bəzi şivələrində ı səsi ilə işlənir: ışıx, ılxı, ıldırım.
2 - Buraya Quba, Bakı, Şəki, Zaqatala, Qax, Ordubad, Culfa, Lənkəran və Təbriz şivələri aiddir. Bu şivələr də ahəng qanunu həm söz köklərində, həm də şəkilçilərdə pozulur. İncə saitli sözlərə qalın saitli şəkilçilər qoşulur: gidax, gəlmax, günnux, dedıx və s. Bakı şivəsində əksər hallarda qalın saitli sözlərə incə saitli şəkiləilər əlavə olunur: alaceg, almeg, almani və s.
3 - Bu qrupa Şamaxı, Naxçıvan və Muğan şivələri daxildir. Ahəng qanununun pozulma məqamları:
Söz köklərində: qeymağ, qeytan, quzi, meyva, töyux, söyux və s.
İsmin yönlük halında: aniyə, qapiyə, çuxuyə və s.
İsmin təsirlik halında: bobani, almani, ocaği və s.
Mənsubiyyət kateqoriyasında: coravim, coravin, coravi və s.
Sıra saylarında: altiminci, qırxınci, onunci və s.
Məslərlərdə: almeg, yazmeg, getmax və s.
İndiki zamanda: alerex, oxiyir və s.
Şivələrlə dodaq ahəngi damaq ahəngi ilə müqayisədə zəifdir. Lakin qərb şivələrində, xüsusilə Qazax şivəsində açıq dodaq saitlərinin ardıcıllığı gözlənilir. Bu hadisəyə daha çox sözün iki hecasında riayət olunur. Qazax şivəsində açıq dodaq saitlərinin ardıcıllığı iki şəkildə təzahür edir:
1) Açıq dodaq saitlərinin ardıcıllığı: olmor, yoxlo:r, ötö:r, köçmör və s.
2) Açıq və qapalı dodaq saitlərin ardıcıllığı: quror, düşör, tutordu.
Bakı şivəsində bəzən açıq dodaq saitlərinin ardıcıllığına rast gəlinir: bobon öydödü? Dodaq ahənginin pozulma məqamları:
u səsindən sonra ı səsinin gəlməsi: burın, qurı, qumlığ
ü səsindən sonra i səsinin gəlməsi: tüsdi, tüki, tülki və s.
o səsindən sonra ı səsinin gəlməsi: boyın, oğlım, qolım.
ö səsindən sonra i səsinin gəlməsi: gördi, özi, sözdi və s.
Şivələrdə damaq ahəngi qüvvətlidir. Lakin bəzi şivələrdə damaq ahənginin pozulması halları da mövcuddur:
a və ı səslərindən sonra u səsinin gəlməsi: bığdanun, alduz
a və ı səslərindən sonra o səsinin gəlməsi: aton, anon
ə və i səslərindən sonra ü səsinin gəlməsi: əlün, gəlsün
ə və i səslərindən sonra ö səsinin gəlməsi: nənön, dədön
e səsindən sonra ü və ö səslərinin gəlməsi: belün, yerün, getsöz.