2. Heyvanı kəsməzdən əvvəl qabağına su qoymaq. 3. Heyvanın az əziyyət çəkəcəyi şəkildə hərəkət etmək, məsələn, bıçağı yaxşı itiləmək və heyvanın boynunu tez kəsmək.
Heyvanın kəsilməsində məkruh olan şeylər Məsələ 2558: Bə`zi rəvayətlərdə heyvan kəsilərkən bir neçə şey məkruh sayılmışdır: 1. Canı çıxmazdan əvvəl heyvanın dərisini soymaq. 2. Heyvanı öz cinsindən olan başqa bir heyvanın gözü qabağında kəsmək.
Heyvanı gecə və ya cümə günü zöhrdən əvvəl kəsmək, amma ehtiyac olduğu halda, məkruhluğu yoxdur.
4. İnsanın özü böyütdüyü heyvanı kəsməsi.
SİLAH İLƏ OV ETMƏNİN HÖKMLƏRİ Məsələ 2559: Əgər əti halal olan vəhşi heyvanı silah ilə ovlasalar və o ölsə, beş şərt ilə halal və bədəni pak olar. 1. Ov silahı bıçaq və qılınc kimi kəsici olsun, ya nizə və ox kimi iti olsun ki, heyvanın bədənini parçalasın. İkinci halda, əgər silahın süngüsü olmasa, halal olmasının şərti budur ki, heyvanın bədənini yaralasın, ya parçalasın. Əgər süngüsü olsa, yaralamasa da belə, onu öldürməsi kifayətdir. Əgər tələ, ağac və ya daş və bu kimi vasitə ilə bir heyvanı ovlasalar və o, ölsə, pak olmaz və onu yemək də haramdır. Həmçinin, vacib ehtiyata əsasən, silah olmayan iti bir şeylə, məsələn, böyük iynə, kabab şişi və bu kimi şeylə heyvanı ovlasalar, hökm eynidir. Əgər bir heyvanı tüfəng ilə ovlasalar, belə ki, onun gülləsi heyvanın bədəninə daxil olaraq onu parçalayarsa, pak və halaldır, istər güllə iti olsun, istər olmasın. Güllənin də dəmirdən olması lazım deyil. Amma əgər güllə heyvanın bədəninə daxil olmasa və təzyiq nəticəsində heyvanı öldürsə, ya onun istiliyi ilə heyvanın bədənini yandırsa və yandırmaq nəticəsində heyvan ölsə, onun pak və halal olması işkallıdır. 2. Ov edən şəxs gərək müsəlman, ya yaxşı və pisi başa düşən müsəlman uşağı olsun. Əgər əhli-kitab olmayan kafir, ya kafir hökmündə olan (nəvasib kimi) şəxs bir heyvanı ovlasa, o ov halal deyil. Hətta əgər kitab əhli olan kafir bir heyvan ovlasa və Allahın adını çəksə də, vacib ehtiyata əsasən o heyvan halal olmur. 3. Silahı, heyvan ovlamaq üçün işlətsin. Əgər bir yeri nişan alıb, təsadüfən bir heyvanı öldürsə, o heyvan pak deyil və ətini yemək də haramdır. Amma əgər bir heyvanı tuşlayıb atsa və başqasına dəyib öldürsə, halal olur. 4. Silahı işlədən vaxt Allahın adını çəksin, belə ki, hədəfə dəyməzdən əvvəl Allahın adını çəksə, kifayət edər. Amma əgər bilə-bilə Allahın adını çəkməsə, ov halal olmaz, lakin yaddan çıxarsa, eybi yoxdur. 5. Heyvana, öldükdən sonra yetişməli və ya diri olarsa da, başını kəsəcək qədər vaxt olmamalıdır. Əgər başını kəsəcək qədər vaxtı olduğu halda, heyvanın başını kəsməsə və heyvan ölərsə, o heyvan haramdır. Məsələ 2560: Əgər iki nəfər bir heyvan ovlasalar, onlardan biri yuxarıda deyilən şərtlərə əməl etsə, amma o biri əməl etməsə, məsələn, ikisindən biri Allahın adını çəksə, o biri isə bilə-bilə Allahın adını çəkməsə, o heyvan halal deyil. Məsələ 2561: Əgər bir heyvan məsələn ox ilə vurduqdan sonra suya düşsə və insan nizə və suya düşməklə heyvanın can verdiyini bilsə, halal deyil. Hətta əgər can verməsinin təkcə oxdan olmasını bilməsə, halal olmaz. Məsələ 2562: Əgər qəsbi it və ya qəsbi silahla bir heyvanı ovlasa, ov halaldır və öz malıdır, amma günah etməyi bir tərəfə, gərək silah, ya itin ücrətini sahibinə versin. Məsələ 2563: Əgər qılınc kimi ovçuluq aləti ilə heyvanın qol və ayağı kimi üzvlərindən birisini ayırarsa, o üzv haram olar. Amma əgər 2559-cu məsələdə deyilən şərtlərə uyğun olaraq o heyvanın başını kəsərlərsə, onun bədəninin yerdə qalanı halal olur. Əgər ovçuluq aləti keçən şərtlərə uyğun olaraq heyvanın bədəninin boyun və başını bir tərəfə salsa və insan heyvanın can verəndən sonra çatarsa, hər iki hissə halal olur. Heyvanın canlı olduğu halda başını kəsəcək qədər fürsət olmadığı təqdirdə də hökm eynidir. Amma əgər heyvanın başını kəsə biləcək qədər fürsət olub, heyvanın bir müddət canlı qalması mümkün olarsa, baş və boyunun üzərində olmayan hissə haramdır, baş və boyun üzərində olan hissə isə şəriətdə göstərilən tə`limata uyğun olaraq kəsilərsə halal, əks təqdirdə o da haramdır. Məsələ 2564: Əgər ağac, daş, ya onunla ov etmək səhih olmayan başqa şeylə bir heyvanı iki yerə bölsələr, üstündə baş və boynu olmayan tərəf haramdır. Baş və boynu olan tərəf isə əgər diri olsa və bir qədər diri qalmağı mümkün olsa, şəriətdə müəyyən olunmuş qayda ilə onun başını kəssələr, halal olar. Əgər belə olmasa, o hissəsi də haram olar. Məsələ 2565: Əgər bir heyvanı ovlasalar, ya başını kəssələr və ondan diri bala çıxsa, belə ki, o balanın başını şəriətdə müəyyən olunmuş qayda ilə kəssələr halaldır, əgər belə olmasa, haramdır. Məsələ 2566: Əgər bir heyvanı ovlasalar, ya başını kəssələr və onun qarnından ölü bala çıxarsalar, əgər o bala o heyvanı öldürməzdən əvvəl ölməmiş olsa və həmçinin o heyvanın qarnından gec çıxarma səbəbindən də ölməyibsə, belə ki, balanın xilqəti tamamlanmış olub, bədəninin tük və ya yunu çıxıbsa, pak və halaldır.
OV İTİ İLƏ OV ETMƏK Məsələ 2567: Əgər ov iti əti halal olan vəhşi bir heyvanı ovlasa, o heyvanın pak və halal olmasının altı şərti vardır: 1. İt elə tərbiyə olunsun ki, onu nə vaxt ovu tutmaq üçün göndərsələr getsin və nə vaxt getməyinin qarşısını alsalar, dayansın. Amma ova yaxınlışdığı və onu gördüyü zaman qarşısını almaqla dayanmazsa, zərəri yoxdur. Həmçinin sahibi gələnədək ovdan yeməyi adət etmişsə eybi yoxdur. Ovun qanını yeməyi adət etmiş olsa da, eybi yoxdur. Amma vacib ehtiyata əsasən sahibi ovu ondan almaq istədiyi vaxt mane olmamasının onda adət olması şərtdir. 2. Sahibi onu göndərsin, əgər özü ovun dalınca getsə və bir heyvanı ovlasa, o heyvanı yemək haramdır. Hətta əgər it özü ovun dalınca getsə və sonradan sahibi səslənsə ki, iti daha tez ova çatdırsın, sahibinin səsi ilə tələssə də vacib ehtiyata əsasən, o ovu yeməkdən çəkinsinlər. 3. İti göndərən şəxs, silahla ovlama bəhsində deyildiyi kimi gərək müsəlman olsun. 4. Şikarçı iti göndərən vaxt ya it heyvana çatmazdan qabaq Allahın adını çəksin. Əgər bilə-bilə Allahın adını çəkməsə, ov haramdır. Amma əgər yaddan çıxarsa, eybi yoxdur. 5. Ov, itin dişindən yaralanaraq ölsün; əgər it ovu boğsa, ya ov qaçmaqdan, ya qorxudan ölsə, halal deyil. 6. İti göndərən şəxs, ora yetişən vaxt heyvan ölmüş olsun, ya əgər diridirsə, baş kəsməyə vaxt olmasın (amma ova yetişməkdə gecikmək qeyri-normal cəhətindən olmasın). Amma əgər heyvanın başını kəsə biləcək qədər vaxtın olduğu halda yetişsə və heyvan ölənə qədər başını kəsməsə, halal deyildir. Məsələ 2568: İti göndərən şəxs, ora yetişən zaman heyvanın başını kəsə bilərsə, belə ki, bıçağı çıxartmaq kimi hazırlıq görəndə vaxt keçsə və o heyvan ölsə, halaldır. Amma əgər heyvanı kəsmək üçün yanında bir şey olmasa və heyvan ölsə, vacib ehtiyata əsasən, halal olmaz. Əlbəttə bu halda heyvanı buraxsa və it onu öldürsə, halal olar. Məsələ 2569: Əgər bir neçə iti göndərsə və birlikdə bir heyvanı ovlasalar, belə ki, onların hamısında 2567-ci məsələdə deyilmiş şərtlər olsa, ov halaldır, əgər onların birində o şərtlər olmayıbsa, ov haramdır. Məsələ 2570: Əgər iti bir heyvanı ovlamaq üçün göndərsə və it başqa heyvanı ovlasa, o ov halal və pakdır. Həmçinin əgər o heyvanı başqa bir heyvan ilə birlikdə ovlasa, onların hər ikisi halal və pak olar. Məsələ 2571: Əgər neçə nəfər birlikdə iti göndərsələr və onlardan biri bilə-bilə Allahın adını çəkməsə, o ov haramdır. Həmçinin əgər göndərdikləri itlərdən biri 2567-ci məsələdə deyildiyi kimi tərbiyə olunmasa, o ov haram olar. Məsələ 2623: Əgər şahin, ya ov itindən başqa bir heyvan bir heyvanı ovlasa, o ov halal deyil. Amma ovlanan heyvana canlı olduğu halda yetişərlərsə və onu İslami qaydalara görə kəsərlərsə, halaldır.
BALIQ VƏ ÇƏYİRTKƏ OVU Məsələ 2573: Əgər əsl yaradılışında pulcuqu olan balıq, sonradan hər hansı bir səbəbə görə pulcuqu tökülmüş olsa da, sudan diri tutub, sudan kənarda can verərsə, pak və onu yemək halaldır. Belə ki, suda ölsə pak, amma onu yemək haramdır. Hərçənd zəhər kimi bir vasitə ilə ölmüş olsa belə. Amma əgər balıqçının torunda suda ölərsə, bu halda onu yemək halaldır. Pulcuqsuz balığı sudan diri tutsalar da və sudan kənarda can versə də, haramdır. Məsələ 2574: Əgər balıq sudan kənara düşsə, ya dalğa onu kənara atsa, ya su çəkilsə və balıq quruda qalsa, belə ki, ölməmişdən qabaq bir kəs onu əl ilə ya başqa bir şey ilə tutsa, can verəndən sonra halal olar. Əgər tutmazdan əvvəl ölsə, haramdır. Məsələ 2575: Balıq tutan adamın müsəlman olmağı və tutan zaman Allahın adını çəkməsi lazım deyil. Amma gərək müsəlman, onun sudan diri tutulduğunu və ya suyun içində balıqçının torunda öldüyünü görsün, ya da başqa bir yolla buna xatircəm olsun. Məsələ 2576: Sudan diri, ya ölü tutulması mə`lum olmayan balıq müsəlmanın əlində olsa və onda halal olmasını göstərən bir təsərrüf etsə, məsələn yemək, ya satmaq kimi, halaldır. Əgər kafirin əlində olsa, diri tutduğunu desə də, haramdır. Amma əgər insanın, onun sudan diri tutulduğuna və ya suda balıqçı torunda öldüyünə xatircəmliyi olarsa, halaldır. Məsələ 2577: Canlı balığı yemək halaldır. Məsələ 2578: Əgər diri balığı qızartsalar, ya sudan kənarda can verməmişdən qabaq öldürsələr, onu yemək caizdir. Məsələ 2579: Əgər balığı sudan kənarda iki yerə bölsələr və onun bir hissəsi diri halda suya düşsə, sudan kənarda qalmış hissəni yemək caizdir. Məsələ 2580: Əgər çəyirtkəni əl ilə, ya başqa bir şey ilə diri tutsalar, can verəndən sonra halaldır. Onu tutan şəxsin müsəlman olması və tutan vaxt Allahın adını çəkməsi lazım deyil. Amma əgər ölü çəyirtkə kafirin əlində olsa, onun diri ya ölü tutulması mə`lum olmasa, «diri tutmuşam» – deməsinə baxmayaraq, haramdır. Məsələ 2581: Qanad çıxarmamış və uça bilməyən çəyirtkəni yemək haramdır.
YEMƏK VƏ İÇMƏYİN HÖKMLƏRİ Məsələ 2582: Şahin, kərkəs, qırğı və qartal kimi yırtıcı və caynaqlı olan hər quşun əti haramdır. Vacib ehtiyata əsasən bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun da əti halaldır. Buna əsasən quşların əti halal olanlarını haram olanlardan onların uçma tərzinə baxmaqla ayırmaq mümkündür. Amma əgər bir quşun uçma tərzi mə`lum olmasa, əgər onun çinədanı, ya mə`də və ya ayağının arxasında buynuzu varsa, halaldır. Əgər bunlardan heç biri onda olmazsa, haramdır. Amma deyilənlərdən başqa – toyuq, göyərçin, sərçə, hətta dəvə quşu və tovuz quşu kimi digər quşların hamısı halaldır. Amma hüdhüd və qaranquş kimi bə`zi quşları öldürmək məkruhdur. Yarasa kimi, uçduqları halda qanadları olmayan heyvanların əti isə haramdır. Həmçinin vacib ehtiyata əsasən, arı, milçək və digər uçan həşəratlar da eyni hökmü daşıyır. Məsələ 2583: Ruhu olan bir şeyi, canlı bir heyvandan qopararlarsa, məsələn, quyruq və ya bir parça əti canlı bir qoyundan ayırarlarsa, nəcis və haramdır. Məsələ 2584: Əti halal olan heyvanların bədəninin bə`zi üzvləri haramdır: 1. Qan. 2. Fəzlə (nəcis). 3. Erkəklik yeri. 4. Dişilik yeri. 5. Balalıq. 6. Düşul adlanan vəz 7. Donbalan adlanan toxum (yumurta). 8. Noxud əndazəsində beynində olan şey. 9. Bel sümüyünün içində olan haram beyin. 10. Vacib ehtiyata əsasən, bel sümüyünün iki tərəfində olan piy. 11. Öd kisəsi. 12. Dalaq. 13. Sidik kisəsi. 14. Gözün hədəqəsi (bəbəyi). Bunların hamısı quş olmayan, əti halal heyvanlarda, haram olan hissələrdir. Quşlara gəlincə isə onların qan və ğaiti işkalsız haramdır. Amma bu ikisindən başqa, yuxarıda deyilən şeylərdən birisi onlarda olarsa, onun haram olması vacib ehtiyata əsasəndir. Həmçinin, vacib ehtiyata əsasən, balığın qan və fəzləsi, çəyirtkənin fəzləsi də eyni hökmü daşıyır. Bunlardan başqası onlarda haram deyil. Məsələ 2585: Əti haram olan heyvanın sidiyini içmək haramdır. Əti halal olan heyvanların sidiyi də hətta lazım ehtiyata əsasən, dəvənin də sidiyi eyni hökmü daşıyır. Amma müalicə üçün, dəvə, inək və qoyunun sidiyini içməyin eybi yoxdur. Məsələ 2586: Palçığı yemək haramdır. Lazım ehtiyata əsasən, torpaq və qum da, eyni hökmü daşıyır. Müalicə üçün, çarəsiz qaldığı halda Dağıstan, Erməni və başqa gilini yeməyin, işkalı yoxdur. Şəfa tapmaq üçün Həzrət Seyyidüş-şühədanın (ə.s.) türbətindən orta ölçülü noxud qədər yemək caizdir və əgər onu müqəddəs qəbrin özündən və ya ətrafından götürməsələr, hərçənd «Hüseyn (ə) türbəti» adlana bilsə də, vacib ehtiyata görə gərək bir miqdar suda və bu kimi şeydə həll etsinlər ki, aradan getsin. Sonra o suyu içsinlər. Həmçinin türbətin imam Hüseyn (ə)-ın qəbrindən olmasına xatircəm olmasalar, bu barədə bir dəlil də olmasa, bu ehtiyata riayət etmək lazımdır. Məsələ 2587: Burun suyu və ağıza gəlmiş sinə bəlğəmini udmaq haram deyil və həmçinin dişləri təmizləyərkən onun dibindən çıxan yeməyi udmağın eybi yoxdur. Məsələ 2588: Ölümə səbəb olan, ya insana mühüm bir zərəri olan şeyi yemək haramdır. Məsələ 2589: At, qatır və ulaq ətini yemək məkruhdur. Əgər bir şəxs onlarla yaxınlıq etsə, əti haram olar və yaxınlıqdan sonrakı südü və nəsilləri də vacib ehtiyata əsasən haram olar. Onların sidik və peyini də nəcis olar, gərək onları şəhərdən çıxartsınlar və başqa yerdə satsınlar; yaxınlıq edən əgər onun sahibi deyilsə, lazımdır ki, onun qiymətini sahibinə versin. Satılmasından əldə edilən pul da yaxınlıq edən üçündür. Əgər əti adətən istifadə olunan heyvan ilə (məsələn; dəvə inək və qoyun) yaxınlıq etsə, onların sidik və peyini nəcis olar. Onların ətini yemək də haramdır. Vacib ehtiyata əsasən, onların südünü içmək və yaxınlıqdan sonra onlardan törəyən nəsil də, eyni hökmü daşıyır. Gərək dərhal o heyvanı öldürsünlər və yandırsınlar, onunla yaxınlıq edən şəxs, əgər onun sahibi deyilsə, pulunu sahibinə versin. Məsələ 2590: Əgər çəpiş donuzdan, ət və sümüyü qüvvət alan miqdarda süd əmərsə, onun özü, nəsli və südü haram olar. Amma əgər bundan az miqdarda süd əmərsə, vacib ehtiyata əsasən istibra edilməlidir və bundan sonra halal olur. Onun istibrası isə yeddi gün pak süd əmməsi ilə olur, əgər süd əmməyə ehtiyacı yoxdursa, yeddi gün ot yeməlidir. Vacib ehtiyata əsasən südəmən buzov, quzu və digər əti halal heyvanların balaları da, eyni hökmü daşıyır. Nəcis yeyən heyvanın da ətini yemək haramdır. Belə ki, istibra edilərlərsə, halal olar. Bunların da istibrasının necəliyi 219-cu məsələdə bəyan olub. Məsələ 2591: Şərab içmək haramdır və bə`zi hədislərdə böyük günahlardan hesab edilib. Həzrət İmam Sadiqdən (ə.s.) rəvayət olunmuşdur ki, «Şərab pisliklərin kökü və günahların mənşəyidir. Şərab içən şəxs, öz əqlini əldən verir və o zaman Allahı tanımır, heç günahdan çəkinmir, heç kəsin ehtiramını saxlamır, yaxın qohumlarının haqqına əməl etmir, aşkar çirkinliklərdən üz döndərmir. Əgər bir qurtum içsə, Allah, mələklər, peyğəmbərlər və mö`minlər ona lə`nət edirlər. Əgər sərxoş olana qədər içərsə, iman və Allah tanımaq ruhu ondan uzaqlaşar, onun yerinə nöqsanlı xəbis ruh qərarlaşar. Qırx günə kimi onun namazı qəbul olmur. Məsələ 2592: Şərab içilən süfrədən bir şey yemək haramdır. Vacib ehtiyata əsasən şərab içilən süfrədə oturmaq haramdır. Məsələ 2593: Hər müsəlmana vacibdir ki, əgər öz canı təhlükədə olmasa, aclıqdan və ya susuzluqdan ölmək ərəfəsində olan başqa bir müsəlmana su və çörək verib, ölümdən nicat versin. Həmçinin o şəxs müsəlman olmasa da, amma qətli vacib olmayan bir insandırsa, hökm eynidir.
YEMƏK YEMƏYİN ƏDƏBLƏRİ Məsələ 2594: Yemək yeyərkən bir neçə şey müstəhəbbdir: 1. Yeməkdən qabaq hər iki əli yumaq. 2. Yeməkdən sonra əlini yuyub dəsmal ilə qurulamaq. 3. Süfrə sahibi yeməyə hamıdan əvvəl başlasın və hamıdan sonra qurtarsın. Yeməkdən əvvəl süfrə sahibi öz əlini yusun, sonra onun sağ tərəfində oturan adamdan başlayıb, onun sol tərəfində oturan adama qədər tərtib ilə əllərini yusunlar. Yeməkdən sonra süfrə sahibinin sol tərəfində oturandan başlayıb süfrə sahibinə qədər əllərini yusunlar. 4. Yeməyə başlayanda «Bismillah» desin. Amma əgər süfrədə bir neçə cür yemək olsa, onların hər birini yeməyə başlayanda «Bismillah» desin. 5. Yeməyi sağ əli ilə yemək. 6. Üç barmaq, ya çox barmaqla yemək yemək; İki barmaqla yemək yeməsin. 7. Əgər neçə nəfər süfrə başında otursalar, hər kəs öz qabağındakı yeməkdən yesin. 8. Tikəni kiçik götürsün. 9. Süfrə başında çox otursun və yeməyi uzatsın. 10. Yeməyi yaxşı çeynəsin. 11. Yeməkdən sonra Allaha həmd etsin. 12. Barmaqlarını yalasın. 13. Yeməkdən sonra dişlərini təmizləsin, amma reyhan çubuğu, qamış, nar çubuğu və xurma ağacının yarpağı ilə təmizləməsin. 14. Süfrənin kənarına tökülən şeyi yığıb yesin. Amma əgər biyabanda yemək yeyirsə, müstəhəbbdir ki, yerə tökülənləri quşlar və heyvanlar üçün saxlasın. 15. Günün əvvəlində və gecənin əvvəlində yemək yesin, gecənin ortasında və günün ortasında yemək yeməsin. 16. Yeməkdən sonra arxası üstə uzansın və sağ ayağını sol ayağının üstünə qoysun. 17. Yeməyin əvvəlində və axırında duz yesin. 18. Meyvəni yeməmişdən qabaq su ilə yusun.
YEMƏK YEYƏRKƏN MƏKRUH OLAN ŞEYLƏR Məsələ 2595: Yemək yeyərkən bir neçə şey məkruhdur: 1. Tox olduğu halda yemək yemək. 2. Çox yemək; Hədislərdə Allahın hər şeydən çox, dolu qarından acığı gəldiyi nəql olunmuşdur. 3. Yemək yeyərkən başqalarının üzünə baxmaq. 4. Çox isti xörək yemək. 5. İçdiyi, ya yediyi bir şeyi üfürmək. 6. Süfrəyə çörək qoyduqdan sonra başqa bir şeyi gözləmək. 7. Çörəyi bıçaqla kəsmək. 8. Çörəyi xörək qabının altına qoymaq. 9. Sümüyə yapışmış əti onda heç nə qalmayacağı şəkildə təmizləmək. 10. Qabıqlı yeyilən meyvənin qabığını soymaq. 11. Meyvəni yarımçıq yeyib tullamaq.
SU İÇMƏYİN QAYDALARI Məsələ 2596: Su içməyin bir neçə qaydası vardır: 1. Suyu sovurub içmək. 2. Gündüz ayaqüstü su içmək. 3. Suyu içməmişdən qabaq «Bismillah», sonra isə «Əlhəmdu lillah» demək. 4. Üç nəfəsə su içmək. 5. Suya meyli olanda su içmək. 6. Su içəndən sonra İmam Hüseyn (ə.s.) və onun əhli-beytini yad etmək və onun qatillərinə lə`nət göndərmək.
Su içərkən bəyənilməyən şeylər Məsələ 2648: Çox su içmək, yağlı xörəkdən sonra və gecə ayaq üstə içmək bəyənilməz hesab edilmişdir. Suyu sol əli ilə, həmçinin qabın sınıq yerindən və onun dəstəsi olan yerindən içmək bəyənilməz hesab olunub.
NƏZİR VƏ ƏHD HÖKMLƏRİ Məsələ 2598: Nəzir, insanın Allah üçün, xeyir bir iş etməyi, ya da edilməməsi daha yaxşı olan bir işi tərk etməyi özünə vacib etməsinə deyilir. Məsələ 2599: Nəzirdə əqd oxunmalıdır. Amma onun ərəb dilində oxunması lazım deyildir. Məsələn; «Xəstəm yaxşı olsa, Allah rizası üçün bir fəqirə 10 manat pul verəcəyəm» – deyərsə, nəziri səhihdir. Əgər «Allah üçün bu işi görməyi nəzir edirəm»-desə, vacib ehtiyata görə əməl etməlidir. Amma əgər Allahın adını çəkməsə, təkcə «nəzir etdim» desə, yaxud Allah övliyalarından birinin adını çəkərsə, nəzir səhih deyildir. Əgər nəzir səhih olsa və mükəlləf öz nəzrinə qəsdən əməl etməsə, günah etmiş olur və kəffarə verməlidir. Nəzrə əməl etməməyin kəffarəsi sonradan deyiləcəyi kimi, and ilə müxalifət etməyin kəffarəsi kimidir. Məsələ 2600: Nəzir edən, gərək həddi-büluğa çatmış və ağıllı olsun, özü qəsd və ixtiyarla nəzir etməlidir. Buna görə də, icbari və ya əsəbilik vasitəsilə, qeyri-ixtiyari və qəsdsiz nəzir edərsə, səhih deyildir. Məsələ 2601: Malını boş yerə xərcləyən səfeh bir şəxs, əgər fəqirə bir şey verməyi nəzir edərsə, səhih deyildir. Həmçinin müfəlləs olmuş bir şəxs, məsələn, istifadə edilməsi qadağan olunduğu mallarından bir şeyi fəqirə verməyi nəzir edərsə, səhih deyildir. Məsələ 2602: Ərinin əvvəldən icazə vermədiyi, yaxud sonradan icazəsi olmadan, qadının ərinin ondan ləzzət alma haqqına zidd olan hallarda, nəzir etməsi səhih deyildir. Hətta əgər izdivacdan əvvəl nəzir etmiş olsa, hökm eynidir. Qadının öz malından nəzir etməsi, ərindən icazəsi olmadan məhəlli işkaldır. Deməli, ehtiyata riayət olunmalıdır. Amma həcc, zəkat, sədəqə, ata-anaya ehsan etmək və sileyi-ərham istisnadır. Məsələ 2603: Əgər qadın ərinin icazəsilə nəzir edibsə, əri onun nəzirini poza bilməz və onu nəzrə əməl etməsinin qarşısını ala bilməz. Məsələ 2604: Övladın nəzrində atasının icazəsi şərt deyil. Amma əgər, ata ya anası onu nəzr etdiyi əməldən çəkindirsə, onların nəhy etməsi mehribanlıq, ürəyiyananlıq üzündən olsa və övladın müxalifət etməsi onların əzab-əziyyətə düşməsinə səbəb olacaqsa, nəzir batil olur. Məsələ 2605: İnsan, ancaq özü üçün əməl etməsi mümkün olan bir işi nəzir edə bilər. Buna görə də, əgər Kərbəlaya piyada gedə bilməyən şəxs, Kərbəlaya piyada getməyi nəzir edərsə, onun nəzri səhih deyildir. Əgər nəzir etdiyi vaxt qadir olsa, amma əgər sonradan aciz olsa, onun nəzri batil olur, onun üzərinə heç bir şey vacib olmaz. Amma nəzr etdiyi şey oruc tutmaq olarsa və onu tutmağa qadir olmasa vacib ehtiyat odur ki, ya bir fəqirə 750 qram yemək sədəqə versin, ya da başqa bir kəsə 1,5 kq versin ki, onun əvəzinə oruc tutsun. Məsələ 2606: Əgər haram və ya məkruh bir işi etməyi, ya da vacib və ya müstəhəbb bir işi tərk etməyi nəzir edərsə, onun nəziri səhih deyildir. Məsələ 2607: Əgər mübah bir işi etməyi və ya tərk etməyi nəzir edərsə, əgər o işi etmək və etməmək şər`ən hər cəhətdən bərabər olsa, onun nəziri səhih deyildir. Amma əgər onu etmək bir cəhətdən şər`ən daha yaxşı olsa və insan da həmin cəhətdən nəzir edərsə, məsələn, ibadətdə daha güclü olmaq üçün bir yemək yeməyi nəzir edərsə, nəziri səhihdir. Həmçinin onu tərk etmək bir cəhətdən şər`ən daha yaxşı olarsa, insan da həmin cəhətdən onu tərk etməyi nəzir edərsə, məsələn, siqaret tüstüsünün zərərli olduğu və şər`i vəzifəsini ən gözəl şəkildə yerinə yetirməyə mane olduğu üçün siqaret çəkməməyi nəzir edərsə, nəziri səhihdir. Amma əgər sonradan siqareti tərk etməyi ona zərərli olarsa, nəzir batil olur. Məsələ 2608: Öz vacib namazını, namazın savabını öz-özlüyündə artırmayan bir yerdə, məsələn, bir otaqda qılmağı nəzir edərsə, əgər orada namaz qılmaq bir cəhətdən şər`ən daha yaxşıdırsa, məsələn, tənha olmaq vasitəsilə insan hüzuriqəlb taparsa, o da bu cəhətdən nəzir edibsə, nəzir səhihdir. Məsələ 2609: Əgər bir işi görməyi nəzir edərsə, gərək onu nəzir etdiyi şəkildə etsin. Buna görə də əgər ayın birinci günü sədəqə verməyi və ya oruc tutmağı, ya da ayın əvvəlinin namazını qılmağı nəzir edərsə, bunları o gündən bir gün əvvəl və ya sonra edərsə, kifayət deyildir. Həmçinin «xəstəm sağalarsa, sədəqə verəcəyəm» – deyə nəzir edibsə, xəstəsi sağalmazdan əvvəl sədəqəni verərsə, kifayət etməz. Məsələ 2610: Oruc tutmağı nəzir etsə, amma vaxtını və miqdarını müəyyən etməsə, bir gün oruc tutsa kifayətdir. Əgər namaz qılmağı nəzir etsə, lakin miqdar və xüsusiyyətlərini müəyyən etməsə, iki rük`ət namaz, ya vitr namazını qılsa, kifayətdir. Əgər sədəqə verməyi nəzir etsə, amma onun növ və miqdarını müəyyən etməsə, «sədəqə verdi» – deyiləcək miqdarda bir şey verərsə, nəzirinə əməl etmiş olar. Əgər Allah üçün hər hansı bir işi yerinə yetirməyi nəzir edərsə, bir namaz qılıb və ya bir oruc tutub, ya da bir sədəqə verərsə, nəzirini yerinə yetirmiş olar. Məsələ 2611: Müəyyən bir gündə oruc tutmağı nəzir edərsə, gərək o günü oruc tutsun. Qəsdən o günü oruc tutmasa, gərək onun qəzasını tutmaqdan əlavə, kəffarəsini də versin. Amma o günü ixtiyarlı halda səfərə çıxa bilər və oruc tutmaya bilər. Səfərdə olsa, iqamət qəsdi edib, oruc tutması lazım deyildir. Əgər səfərə çıxmaq səbəbindən, ya xəstəlik və ya heyz kimi digər üzr səbəbindən o günü oruc tutmasa, lazımdır ki, o gününün qəzasını tutsun, amma kəffarəsi yoxdur.