Jan Pol Sartr Ürək bulantısı Roman



Yüklə 0,78 Mb.
səhifə5/11
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#2153
1   2   3   4   5   6   7   8   9   10   11
Altının yarısı

 

İşlər pisdir! İşlər lap zibil kimidir. Heç nəyə baxmayaraq yenə də ürəyim bulandı. Bu dəfə başqa cür- kafədə baş verdi. İndiyə qədər buvil kafesi mənim yeganə sığınacağım idi- orada həmişə adam və işıq çox olur amma indi onlar da qalmadı: əgər bu məni otağımda da tutsa heç bilməyəcəm harada gizlənim.



Getdim ki, sahibə ilə sevişim amma elə qapını təzəcə açmışdım ki, Madlena- ofisiant qışqırdı:

-          Sahibə yoxdur, şəhərə bazarlığa gedib.

Qarnımın aşağısında qəfil, xoşagəlməz bir şey hiss etdim- narahatlıqdan gələn uzun göynəmə.

Elə həmin dəqiqə hiss etdim ki, köynəyim döş gilələrimə sürtünür və birdən məni sanki halqaya saldılar, yavaş, rəngli karuselə düşdüm; güzgüdəki duman, tütün tüstüsündəki alov, onlarla birlikdə zalın dərinliyindəki parıldayan oturacaqlar fırlanırdı, mən başa düşə bilmirdim bu haradandır və niyə. Mən girəcəkdə donub qalmışdım, sonra nə isə yerlərini dəyişdi və tavandan kölgə sürüşdü, məni qabağa itələdi. Hər şey yayılırdı, mən bu gözqamaşdırıcı halqaya düşmüşdüm, hər tərəf eyni anda üstümə tökülürdü. Paltomu soyunmağa kömək etmək üçün yanımda duran  Madlena da yayılırdı,  saçlarını arxaya daramışdı və sırğa taxmışdı, onu tanımadım. Mən onun qulaqlarına tərəf qaçan, sonu görünməyən enli yanaqlarıma baxırdım. Yanaqlarında iki çöküş – çəhrayı ləkə görünürdü və mənə elə gəlirdi ki, onlar bu zəif bədəndə darıxmaqdan ölürlər. Yanaqları isə dayanmadan qulaqlarına qaçırdı, Madlena gülümsəyirdi.

-          Nə içəcəksiniz, müsyö Antuan?

Və birdən məni ürəkbulanması tutdu, stulu aşırdım, heç başa da düşmürdüm ki, haradayam; ətrafımda göyqurşağının bütün rəngləri yavaş-yavaş fırlanırdı, boğazımda qusmaq ilişmişdi. O vaxtdan ürəkbulanması məni buraxmır, mən onun hakimiyyəti altındayam.

Mən pulu ödədim, Madlena boşqabı apardı. Mənim stəkanım mizin mərmər səthində, köpüklü pivənin sarı işığında parıldayır. Altımdakı stul yerə möhkəm basılıb, yıxılmamaq üçün mən onun ayaqlarını yerə möhkəm sıxıram, soyuqdur. Sağ tərəfimdəki stolda kart oyunu gedir. İçəri girərkən mən oyunçulara baxmamışdım, sadəcə hiss etmişdim ki, stulların- stolun bir hissəsində, dərinlikdə hansısa isti kütlə tərpənir və bir neçə cüt əl görünüb yox olur. Sonra Madlena onlara kart, mahud süfrəni və taxta boşqabda jetonları gətirdi. Oyunçular üç deyil, beş deyil, bilmirəm onlara baxmağa cəsarətim çatmır. Məndə hansısa yay sınıb, mən ancaq gözlərimi tərpədə bilirəm, başımı yox. Başım yumşalıb, elə bil ki, rezinə dönüb, boynumun üstündə güclə dayanır, əgər tərpətsəm düşəcək. Arabir tövşüyən nəfəsləri eşidirəm və bəzən gözlərimin qırağı ilə parıldayan ağ tüklü qırmızı görürəm. Bu əldir. Sahibə bazarlığa gedəndə piştaxtanın arxasında onun kuzeni dayanır. Adı Adolfdur. Mən stulda oturandan ona baxmağa başlamışam, indi də baxmağa davam edirəm, çünki başımı tərpədə bilmirəm. O pencəksiz, köynəkdə və bənövşəyi aşırmadadır. Adolfun köynəyinin qolları dirsəyindən yuxarı çəkilib. Aşırmalar mavi köynəkdə demək olar ki, görünmür, onlar mavidə batıblar- amma bu yalançı intihardır, onlar özlərini unutdurmurlar, məni öz eşşək inadkarlıqları ilə qıcıqlandırırlar, elə bil ki onlar bənövşəyi olmağı qərara alıblar, yolda ilişiblər amma planlarından imtina etməyiblər.

Onlara demək istəyirəm ki: “ nəhayət qərarınızı verin, nəhayət bənövşəyi OLUN və bu bitsin”. Amma onlar nə o tərəfə nə bu tərəfə keçirlər, özlərinin tamamlanmamış cəhdlərində qalıblar. Bəzən mavilik onlarda üzür və onları tamamilə örtür- bir neçə an onları görmürəm. Amma bu sadəcə dalğadır, tezliklə mavilik yerini dəyişir və bənövşəyi rəngin möhkəm çalarları görünür, onlar genişlənirlər, yayılırlar və yenidən aşırma formasını alırlar.

Kuzen Adolfun gözləri yoxdur, köpmüş göz qapaqlarının altından güclə gözlərinin ağını görmək olar. Adolf yuxulu-yuxulu gülümsəyir, bəzən fınxırır, zingildəyir, yuxusunda nəsə görmüş it kimi ərinə-ərinə əllərini tərpədir.

Onun mavi çit köynəyi şokoladlı fonda sevinclə fərqlənir. Amma bu da ürəyimi bulandırır. Və ya daha doğrusu elə bunun özü ürəkbulantısıdır. Ürəkbulantısı məndə deyil, mən onu orada, o divarda, aşırmalarda, ətrafımdakı hər şeydə hiss edirəm. O bu kafe ilə bütünlük təşkil edir və mən onun içindəyəm.

Sağ tərəfdəki isti kütlə səs küy salır, əllər daha sürətlə hərəkət edir.

-          Bu da sənə kozır.

- Hansı kozır? –  uzun qara onurğa kartların üzərinə əyilir.

- Ha- ha-ha-ha.

-Nolub? Bu kozırdır, o da onun üstünə gedib.

–Bilmirəm, görmədim.

-           Yaxşı, deməli kozır qırmızı toxmaqdır.

Oxuyur “Kozır qırmızı toxmaq, kozır qırmızı toxmaqcıq”.

-          Bu nədir axı müsyö, bu nədir axı? Götürürəm!

Və yenə də sakitlik- hulqumumda şirintəhər dad var. İylər. Aşırmalar.

Kuzen qalxır, bir neçə addım atır, əllərini arxasında gizlədir, gülümsəyir, başını qaldırır, dabanıüstə arxaya dönür. Və elə bu vəziyyətdə yatır. Budur, o dayanıb, yellənir. Üzündən gülümsəmə keçmir, yanaqları əsir. İndi o yıxılacaq. O arxaya meyllənir, daha çox… daha çox… üzünü tavana qaldırıb, amma artıq yıxılmağa hazır olduğu məqamda yüngülcə piştaxtadan yapışır və tarazlığını düzəldir. Və hər şey yenidən başlayır. Mənlik bu qədər, ofisiantı çağırıram.

-          Madlena, xahiş edirəm, plastinka qoyun. Sevdiyim mahnını, siz bilirsiniz:” Some of these days”[i]

-          Bu dəqiqə, amma ola bilər ki, cənablar etiraz edələr. Onlar oynayanda musiqi mane olur. Gözləyin onlardan soruşum.

Özümə dəhşətli əziyyət verərək başımı çevirirəm. Onlar dörd nəfərdirlər. Madlena burnunda qara çərçivəli pensne olan qırmızısifət, yaşlı adama tərəf əyilir. Qoca kartları sinəsinə sıxaraq şüşə altından mənə baxır.

-          Buyurun müsyö.

Gülümsəyir. Onun dişləri çürükdür. Qırmızı əl ona deyil, qonşuluğundakı qara bığlı cavan adama aiddir. Bu bığlının böyük burun deşikləri var, elə böyük ki, bütün bir ailənin havasını çəkə bilərdi, deşiklər üzünün yarısını tutsa da o ağzından nəfəs alır və arabir yüngülcə tövşüyür. Bir də onlarla it başlı cavan oğlan oturub. Dördüncü oyunçunu görə bilmirəm. Kartlar mahudun üstünə dairəvi şəkildə düşür. Üzüklü əllər onları götürür və süfrəni dırnağı ilə cızır. Əllər mahudun üstündə ağ ləkələr kimi uzanıb, görünüşləri şişkin və tozludur. Stolun üstünə təzə kartlar verilir, əllər qabağa və geri çəkilir. Qəribə məşğuliyyətdir, bu nə oyuna, nə ayinə nə də heç bir əsəbi əsməcəyə oxşamır. Yəqin onlar bunu sadəcə vaxtı doldurmaq üçün edirlər. Amma vaxt çox genişdir, onu doldurmaq olmur. Ona nəyi buraxırsan yumşalır və dartılır. Elə bu büdrəyə-büdrəyə kartları götürən qırmızı əlin hərəkətlərini götürək, olduqca süstdür. Onu gərək söküb, içəridən düzəldəsən. Madlena qrammafonun qolunu fırladır. Kaş o yenə də çaşıb bir dəfə olduğu kimi “Cavalleria  Rusticana”- dan[ii] ariya qoymasın. Yox, hər şey düzdür, mən ilk taktlardan musiqini tanıyıram. Bu səsli oxunmalı köhnə Reqtaymdır. 1917-ci ildə La-Roşeli küçələrində amerikan əsgərlərinin onu necə fit çalaraq oxumalarını eşitmişdim. Melodiya müharibəyə qədərki dövrə aid olmalıdır. Amma səs yazısı sonraya aiddir. Amma yenə də bu buradakı kolleksiyada ən qədim-  Pate firmasına aid saffirli iynələr üçün valdır.

İndi oxuma başlayacaq- ən çox da mənim o xoşuma gəlir, o necə də dənizdəki qaya kimi önə əyilir. Nə qədər ki caz çalınır, melodiya yoxdur, sadəcə notlar, saysız kiçik təkanlardır. Onlar istirahət nədir bilmirlər, amansız qanunauyğunluq onları həyata çağırır, istismar edir, imkan vermir ki, arxaya baxıb özləri üçün yaşasınlar. Onlar qaçırlar, toqquşurlar, ötəri mənə kiçik zərbə vururlar və məhv olurlar. Mən onları saxlamaq istərdim amma bilirəm ki, əgər bu notlardan birini saxlasam əlimdə sadəcə kobud, zəif səs olacaq. Mən onların ölümü ilə razılaşmalıyam daha doğrusu arzulamalıyam. Başqa şiddətli, güclü hisslər demək olar ki, tanımıram. Qızınmağa başlayıram, özümü yaxşı hiss edirəm.

Burada hələ ki xüsusi heç nə yoxdur, sadəcə ürəkbulantısı dünyasında balaca xoşbəxtlikdir: o yapışqan bataqlığın, mavili aşırmaların və basılmış stulların olduğu zamanımızın içində yuva qurmuş yağlı ləkə kimi sürüşən geniş, yumşaq anlardan ibarətdir. Doğulmağa macal tapmamış artıq qocalıb, mənə elə gəlir ki, onu iyirmi ildir ki tanıyıram. Başqa xoşbəxtlik də var- haradasa içərilərdə musiqinin dar ərazisi – gümüşü lent var, o bizim zamanı rədd edərək, kiçik quru tikişaraları ilə saxlayaraq, sonluqda kəsişir; başqa zaman da var.

-          Müsyö Randyu qırmızı toxmaqla oynayır, tuzla gəl.

Səs sürüşdü və itdi. Gümüşü lenti heç nə kəsmir- nə açılan qapı, nə dizlərimi üşüdən soyuq havanın içəri girməsi, nə baytarın balaca qızı ilə gəlişi: musiqi bütün bu yayılan formaların içindən keçib, axmaqda davam edir. Qız elə təzəcə oturmuşdu ki, musiqinin təsirinə düşdü: dirçəldi, gözlərini geniş açdı və yumruğunu stolun üstündə sürüşdürərək qulaq asır.

Daha bir neçə dəqiqə və Zənci qadın oxuyur. Bu qaçılmaz bir şeydir, musiqi o qədər müəyyəndir ki: onun qarşısını heç nə ala bilməz, dünyanın dəli olduğu zamandan gələn heç nə; o özü bitəcək, qanunauyğunluğa uyaraq. Elə buna görə də mən bu gözəl səsi hər şeydən çox sevirəm; səslənməsinə görə yox, kədərinə görə yox, ona görə ki, onun yaranmasına qədər çoxlu-çoxlu notları hazırlayıblar, o notlar onun yaranması üçün ölüblər.

Yenə də narahatam: o qədər az şey lazımdır ki, val dayansın- yay sına bilər, kuzen Adolfun şıltaqlığı tuta bilər. Çox təsirlidir, bu möhkəm şey necə incədir. Heç nə onu saxlaya bilməz amma hər şey də məhv edə bilər. Budur sonuncu akord vurulur. Yaranan qısa sükutda bütün varlığımla hiss edirəm ki, nəsə baş verdi- NƏSƏ OLDU.

Sakitlik.

 

Some of these days,



You’ll miss me honey![iii]

 

Ürəkbulanması keçdi, bu baş verdi. Sakitlikdə səs çıxanda bədənim möhkəmləndi və ürəkbulanması keçdi. Bircə anlıq; Bu az qala əzab verirdi- ətrafı möhkəm və parıltılı etmək. Musiqinin axını isə genişləndi, qasırğa kimi böyüdü. O bütün zalı bizim miskin zamanımızın divarlarını sıxaraq özünün metal şəffaflığı ilə doldurdu. Mən musiqinin içindəyəm. Güzgülərdə alovlu şarlar fırlanır, onları tüstü halqası dövrəyə alır, onlar alovun sərt gülüşünü əks etdirərək gah fırlanırlar, gah dumanlanırlar. Mənim pivə stəkanım özünə gəldi, stolun üstündə möhkəmləndi: aydınlaşdı və lazımlı oldu. Onu götürmək, ağırlığını hiss etmək istəyirəm, əlimi uzadıram…



Aman allah! Hərəkətlərimdəki əsas dəyişiklik bu imiş.

 

Əlimin sıxılması sözlərlə fırlandı, zənci qadının səsi ilə birgə axdı; mənə elə gəldi ki, rəqs edirəm.



Adolfun üzü hələ də oradadır, şokoladlı divarla lap yaxın görünür. Əlim stəkanın ətrafına dolananda Adolfun başını gördüm- onda sonluğun qaçılmazlığı, aydınlığı var idi. Mən şüşə stəkanı sıxıram, Adolfa baxıram- mən xoşbəxtəm.

-          Mən belə gedəcəm!

Kiminsə səsi ümumi səs-küydən ayrıldı. Bu mənim qonşuluğumda oturan quru qocanın səsidir. Onun bənövşəyi yanaqları stulun qəhvəyi dərisindən kəskin seçilir. O stolun üstünə kartları vurur. Tuz kərpic.

Amma it başlı oğlan gülümsəyir. Qırmızsifət oyunçu stolun üstünə əyilib, tullanmağa hazır vəziyyətdə onu aşağıdan izləyir.

-          Mən isə bax belə.

Oğlanın ağ əli qaranlıqdan çıxıb, tələsmədən bir anlığa havada parıldayıb, kartı mahuda sıxaraq çalağan kimi aşağı istiqamətlənir.

Qırmızısifət gombul tullanır:

-          Lənət şeytana!Vurur!

Sıxılmış barmaqlardan toxmaq kralın silueti keçir, sonra kralı üzü aşağı qoyurlar və oyun davam edir. Yaraşıqlı kral uzaqlarda görünür, onun gəlişinə çoxlu kombinasiyalar, çoxlu itən jestlər hazırlanıb. Budur, o da öz növbəsində itir ki, yeni kombinasiyalara, yeni jestlərə,  gedişlərə, taleyin dönüklüyünə, hesabsız kiçik macəralara cavab olaraq həyat versin. Mən narahatam, mənim bədənim istirahətdəki yüksək dəqiqlik mexanizmi kimidir. Mən axı əsl macəra yaşadım. Dəqiqliyinə qədər yadımda deyil amma mən hadisələrin məcburi əlaqələrini izləyirəm. Mən dənizdə üzürdüm, arxamda çoxlu şəhərlər qalırdı, çayın axını ilə qalxırdım, cəngəllik meşələrinə dalırdım və bütün bunlarla yanaşı həmişə başqa şəhərə can atırdım. Mənim qadınlarım vardı, mən kişilərlə döyüşürdüm, amma val arxaya fırlana bilmədiyi kimi mən də heç vaxt geri qayıda bilmədim. Bütün bunlar məni hara gətirdi? Bu dəqiqəyə, bu stula, bu işıq qabarcığının uğuldayan musiqisinə.

 

And when you leave me[iv]



 

Mən, Romada Tibrin sahilində oturmağı xoşlayan mən, Barselonada axşamlar Ramblas bulvarında yüz dəfələrlə qabağa, geri gedən mən, Anqokor yaxınlığında Müqəddəs Qılınc hovuzunda Müqəddəs İlanlar məbədinə kökləri ilə dolanmış banyanı görən mən, burada oturmuşam, oyunçuların oynadığı eyni anda mövcudam, Zənci qadının necə oxumasını dinləyirəm, pəncərələrdən o tərəfdə isə cansız qaranlıq fırlanır.

 

Val dayandı. Və qaranlıq qərarsız, şit-şit gülərək içəri girdi. O görünmür amma buradadır, o lampaları dumanlandırdı; havada nə isə sıxıldı- bu odur. Soyuqdur. Oyunçulardan biri digərinə səpələnmiş kartları verir və o biri onları yığır. Kartlardan biri stolun üstündə qaldı. Onlar onu görmürlər yoxsa nə? Doqquz toxmaq. Axır ki, kimsə onu götürdü, it başlı oğlana ötürdü.



-          Aaa! Doqquz toxmaq!

Hə, artıq vaxtdır.

Bənövşəyi qoca karandaşın sonluğunu çeynəyərək kağız parçasının üstünə əyildi.

Madlena ona aydın, boş baxışlarla baxır. Oğlan əlində doqquz toxmağı fırladır. Aman allah!…

Mən çətinliklə ayağa qalxıram; baytarın kəlləsi üzərindəki güzgüdə, qarşımda qeyri insan üzü görünür.

Kinoya gedirəm.

Küçədə mənə yaxşıdır- havada şirintəhər dad yoxdur, vermutun kefli iyi yoxdur. Ay allah necə də soyuqdur!

Səkkizin yarısıdır, yemək istəmirəm, seans isə ancaq doqquzda başlayacaq, yaxşı indi nə edim? Tez-tez yerimək lazımdır ki, qızınım. Qərarsızam: arxamdan bulvar mərkəzi küçələrin bərbəzəkli alovlu naxışlarına, şəhərin mərkəzinə, “Pale Paramaunt”- a, “İmperialyu”ya, “Yaan” böyük mərkəzi univermağa aparır. Bütün bunlar məni o qədər də həvəsləndirmir: indi aperitiv vaxtıdır, mən isə bütün bu canlandırılmış əşyalardan, itlərdən, insanlardan, özbaşına hərəkət edən yumşaq kütlədən  boğaza yığılmışam.

Sola tərəf dönürəm, indi qaz fonarlarının cərgəsi ilə bitən dalana girəcəm- Nuar bulvarı ilə Qalvani prospektinə qədər gedəcəm. Dalanda buzlu külək əsir- orada ancaq daşlar və torpaqdır. Daşlar möhkəmdirlər və tərpənmirlər.

Əvvəlcə yolun darıxdırıcı hissəsini keçmək lazımdır: Sağ səkidə alov cizgili, tüstüləyən nəsnə görünür- bu köhnə voğzaldır. Onun varlığı La Redut bulvarından Cənnət küçəsinə qədər, Nuar bulvarının ilk yüz metrinə həyat verdi, burada onlarla fonar yanır, yan-yana dörd kafe var- “Dəmiryolçuların sığınacağı” və üç digər kafe gündüzlər solur, axşamlar körpünün üstünə işıqlı dördbucaqlılar uzadaraq yanır.

 

Mən artıq üçüncü dəfədir sarı işığa qərq oluram, görürəm ki, qalantereya (xəz) və bakaleya (yeyinti şeyləri) satılan “Rabaş” maqazinindən bir qoca qadın çıxır, yaylığını başına salır, tələsik harasa qaçır və son. Mən cənnət küçəsinin son fonarının altında, səkinin kənarında dayanmışam. Burada asfalt lenti sərt şəkildə qırılır. Küçənin o biri  tərəfində qaranlıq və palçıqdır. Cənnət küçəsini keçirəm. Sağ ayağımla suya batdım, corabım islandı.



Gəzinti başlandı.

Nuar bulvarının bu hissəsi əlçatmazdır. Buranın iqlimi çox sərtdir, torpaq isə həyatın köklərini atması və inkişaf etməsi üçün çox nankordur.

Soley qardaşlarının üç taxta-şalban zavodlarının ( Soley qardaşları Müqəddəs Dənizçi Çeçiliy kilsəsinin yüz min franklıq tağlarının tikintisini təchiz etmişdilər) bütün pəncərə və qapıları, səs-küyləri ilə doldurduqları qərbə- rahat Janna-Berta Kerua küçəsinə baxır. Viktor Nuar bulvarına onlar özlərinin hasarlanmış üç arxalarını göstərirlər. Zavodların binaları sol səki ilə dörd yüz metr uzanır, bircə dənə də pəncərə yoxdur, heç dam pəncərəsi də. Bu dəfə mən hər iki ayağımla çirkab kanalına girdim. Yolu keçirəm, küçənin o biri tərəfində yalnız qaz fonarı var, dünyanın sonundakı mayak kimi kələ-kötür, sınıq-salxaq hasarı işıqlandırır. Taxtalarda hələ də elan kağızlarının parçaları qalır. Ulduz şəklində kəsimiş yaşıl kağız parçasının üstündəki gözəl üz, nifrət ifadəsi verilərək dəyişdirilib, şəklin burnunun altından kimsə ucları yuxarı burulmuş bığ çəkib.

Digər parçada təbaşirlə yazılmış “sadəlövh” sözünün ağ hərfləri seçilir, oradan qırmızı damcılar axır- bəlkə də qandır. İstisna deyil ki, bu üz və bu söz bir elanın hissələri olublar. İndi elan hissələrə ayrılıb, əvvəlki mənası parçalanıb və parçalar arasındakı bağlantı itib, amma eybəcərləşdirilmiş ağız, qan damlası, ağ hərflər və “vh” sonluğu özündə hansısa yeni birlik yaradır, elə bil ki, hansısa boğulmaz, günah ehtiras bu sirli işarələrlə özünü ifadə etməyə çalışır. İşıqlanan taxta aralarından dəmir yolunun işıqları parıldayır. Hasarın yanından uzun divar uzanır. Hamar, qapısız, pəncərəsiz divar iki yüz metrdən sonra evə söykənir. Mən fonarın təsir dairəsini keçib, qaranlıq əraziyə düşdüm. Kölgəm qaranlıqda ayaqlarımın altında əriyir və mənə elə gəlir ki, buzlu suya dalıram. Uçurumun dərinliyində, qalın qaranlığın arasından tutqun çəhrayı ləkə parıldayır- bu Qalvani prospektidir.

Dönüb baxıram, arxada qaz fonarı, lap uzaqlarda işıqlı ərazinin kiçik hissələri- voğzal və dörd kafe. Arxamda və qarşımda insanlar pivəxanalarda içıb, kart oynayırlar. Burada hər şey qaradır. Bəzən haradansa uzaqlardan külək mənə yalnız, fasiləli səs gətirir. Ev səsləri, maşınların səsləri, qışqırıqlar, it hürüşməsi işıqlı küçələrdən ayrılmırlar, onlar istidə qalırlar. Amma bu səs qaranlığı keçib bura qədər çatır, o möhkəmdir, onda digər səslərə nisbətən daha az insanilik var. Mən dayandım ki, ona qulaq asım. Üşüyürəm, qulaqlarım ağrıyır, yəqin ki onlar qızarıblar. Amma mən artıq özümü hiss etmirəm, mən ətrafımdakı təmizlikdə udulmuşam; yeni heç nə yoxdur, külək fit çalır, dəqiq xətlər qaranlığa qaçır. Nuar Bulvarında, gəlib keçənlərlə işvələnən burjua küçələrinin ədəbsizliyi yoxdur. Heç kimin ağlına onu bəzəmək gəlməyib, o digərlərinin – Janna- Berta Keruanın, Qalvani prospektinin əksidir. Voğzal rayonunda buviliyalılar bəzən bulvara baş çəkirlər, sərnişinlərin xətrinə oranı təmizləyirlər. Amma bir az uzaqlaşan kimi onu taleyin qucağına atırlar və o kor kimi irəli, Qalvani prospektinə can atır. Bəzən yüksək sürət və səs küylə torpaq rəngli yük maşını onun üstünə gedir. Amma burada hətta heç kimi öldürmürlər, burada nə qatil nə də qurban var. Nuar bulvarı cansızdır. Mineral kimi. Üçbucaq kimi. Buvildə belə bulvarın olması nə böyük xoşbəxtlikdir. Adətən belələrinə ancaq paytaxtlarda rast gəlinir, Berlində Noykeln və ya Fridrixsxayna rayonlarında, Londonda Qrinviçin arxasında. Bu küləklərin əsdiyi uzun, çirkli, bir dənə də ağacın olmadığı səkili dəhlizdir. Onlar demək olar həmişə şəhər kənarlarında, adətən şəhərin başladığı qəribə rayonlarda yerləşirlər, yaxınlıqda ticarət stansiyaları, tramvay depoları, sallaqxana və qaz bankları var. Yağış yağdıqdan iki gün sonra islanmış şəhər isti günəş şüaları altında buxarlananda, bu küçələr bütün palçığını və gölməçələrini saxlayaraq hələ də soyuq qalır. Orada elə gölməçələr var ki, heç vaxt və ya ola bilər ildə bir dəfə- avqust qayında quruyur.

Ürək bulantısı orada, sarı işıqda qaldı. Mən xoşbəxtəm, bu soyuq necə təmizdir, bu gecə necə təmizdir, məgər mən özüm də bu buz havanın bir dalğası deyiləm? Qansız, limfasız, bədənsiz olmaq. Bu uzun kanalla uzaqdakı solğun ləkəyə doğru axmaq. Sadəcə soyuq olmaq.

Bu da insanlar. İki kölgə. Onlara burada nə lazım olub?

Alçaq boylu qadın kişinin köynəyinin qollarından tutub. Tez-tez, dağınıq danışır. Küləkdən sözləri seçə bilmirəm.

-          Səsini kəsəcəksən axır ki?- kişi hücuma keçir.

O danışmağa davam edir. Birdən kişi onu itələyir. Onlar çaşqınlıqla bir-birinə baxırlar, sonra kişi əllərini cibinə salıb, arxaya baxmadan gedir.

Kişi itdi. İndi məni qadından hansısa iki-üç metr ayırır. Birdən qadın küçəni əcaib,  möhkəm hönkürtü ilə dolduraraq ağlamağa başlayır.

-          Şarl, xahiş edirəm, eşidirsən nə deyirəm? Şarl qayıt, mən daha bacarmıram, mən bədbəxtəm!

Mən ona o qədər yaxınlaşıram ki, toxuna bilərəm. Bu… necə inanmaq olar, bu qızğın bədən, bu ağrıdan qızarmış üz? Və… mən dəsmalı, paltonu və sağ əldəki böyük qırmızı xalı tanıyıram. Bu odur, Lyusi, bizim xidmətçimiz. Mən ona köməyimi təklif etməyə çəkinirəm amma lazım olan anda kömək üçün yanında olmaqdan ötrü ona baxa-baxa ehtiyatla yanından keçirəm. Lyusi mənə baxır, amma deyəsən məni görmür, o əzabdan heç özünü də xatırlamır. Mən bir neçə addım atıram. Geri baxıram. Hə, bu odur, bu Lyusidir. Amma Lyusi özündə deyil, əsl üzünü açıb, özünü hesablamadığı əliaçıqlıqla əzablarına verib. Ona paxıllığım tutur. Budur o dayanıb, gərilib və əllərini elə açıb ki, elə bil ki onlarda müqəddəs yaraların yaranmasını gözləyir; o ağzını açdı, boğulur. Mənə elə gəlir ki, küçənin hər iki tərəfindəki divarlar böyüməyə başlayır, onlar yaxınlaşır və Lyusi quyunun dibindədir. Mən bir neçə saniyə gözləyirəm, qorxuram ki yıxılar, o belə qeyri-adi əzabı çəkmək üçün çox zəifdir. Amma o tərpənmir, ətrafındakı hər şey kimi daşa dönüb. Bir anlıq ağlıma gəlir ki, mən əvvəllər onu səhv tanımışam, birdən onun əsl təbiəti açıldı. Lyusi sakitcə inildəyir. Təəccüblü gözlərini geniş açaraq əllərini sinəsinə aparır. Yox, qadın əzabını özlüyündə çəkmir. Əzab ona xaricdən gəlib- bu bulvardan. Lyusini çiyinlərindən tutub işığa, insanlara, rahat çəhrayı küçələrə

aparmaq lazımdır, orada belə möhkəm əzab çəkmək olmaz və o yumşalacaq, əvvəlki mühakiməli görünüşü və əzabının həmişəki səviyyəsi qayıdacaq.

Mən arxamı Lyusiyə döndərirəm. Belə götürəndə o şanslıdır. Amma mən, artıq üç ildir ki, həddindən artıq sakitəm. Bu faciəli tənhalıqda mən ancaq bir azca faydasız təmizlikdən istifadə edə bilirəm. Və gedirəm.

 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin