Jan Pol Sartr Ürək bulantısı Roman



Yüklə 0,78 Mb.
səhifə9/11
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#2153
1   2   3   4   5   6   7   8   9   10   11
Bazar günü.

 

Səhər yadımdan çıxmışdı ki, bu gün bazar günüdür. Çıxdım və həmişəki kimi küçədə addımladım. Özümlə “Yevgeniya Qrande” əsərini götürmüşdüm. Sonra birdən şəhər parkının darvazaları ilə toqquşanda hiss etdim ki, nəsə mənə işarə edir. Park insansız və lüt idi. Bəs… bunu necə izah etmək olar? Onun qeyri- adi görünüşü vardı, mənə gülümsəyirdi. Bir anlıq darvazaya söykənib dayandım,və birdən başa düşdüm, bu gün bazar günüdür. O ağaclarda, gölməçələrdə güclə hiss ediləcək təbəssüm kimi idi. Bunu təsvir etmək qeyri mümkündür, cəld demək lazım idi: “Bu şəhər parkıdır, qışdır, bazar günü səhərdir”. Mən darvazanı buraxdım, burjua evlərinə, küçələrinə tərəf döndüm və sakitcə dedim: “Bu gün bazar günüdür”.



Bu gün bazar günüdür: dokların arxasında, dənizin sahilində, ticarət stasiyalarının ətrafında, şəhərin bütün ətrafındakı  anqarlar[ii] boşdur, maşınlar qaranlıqda donublar. Hər bir evdə, pəncərə qarşısında kişilər üzlərini qırxırlar; başlarını geriyə atıb, gah güzgüyə, gah soyuq səmaya baxırlar ki, havanın necə olacağını müəyyən etsinlər. Bordellər qapılarını ilk ziyarətçilərə- kənddən gələnlərə və əsgərlərə açırlar. Kilsələrdə şam işıqlarında kişilər diz çökmüş qadınların qarşısında şərab içirlər. Şəhər kənarlarında, sonsuz zavod divarları arasından uzun, qara zəncirlər yürüşlərini başladılar, onlar yavaş-yavaş şəhərin mərkəzinə axırlar. Onlarla görüşə hazırlaşaraq küçələr qiyam günlərində olan vəziyyətlərini aldılar: Turnebrid küçəsindəki maqazinlərdən başqa bütün küçələrdəki maqazinlər dəmir qapaqlarını endirdilər. Tezliklə qara cərgələr özünü ölülüyə vurmuş küçələri sakit-sakit dolduracaq; əvvəlcə Turvil dəmiryolçuuları və onların arvadları gəlirlər, sonra Sen-Simforen sabun zavodunda işləyənlər, sonra şəhər kənarından – Jukstebuvildən olan kiçik burjua, Pino əyirmə zavodunun işçiləri, Sen- Maksans kvartalından olan fəhlələr, ən sonuncu saat on bir tramvayı ilə Tyeraşa əhalisi gələcəklər. Tezliklə bağlı maqazinlər və qapalı qapılar arxasında bazar günü kütləsi doğulacaq.

Saatlar onun yarısını vurur və mən yola düşürəm: bazar günü bu saatlarda Buvildə çox maraqlı hadisələr görmək olar, sadəcə dindarlar bayram xidmətindən sonra dağılışan vaxt orada olmaq lazımdır. Jozefina Sulari küçəsi boşdur, buradan zirzəmi iyi gəlir. Amma hər bazar olduğu kimi onu möhkəm gurultu- axının səs-küyü doldurur. Prezident Şamar küçəsinə dönürəm, buradakı bütün evlər dörd mərtəbəlidir, uzun, ağ pənrəcə taxtaları var. Bu notariuslar küçəsi bazar gününə xas səs-küylə uğuldayır. Jille keçidində uğultu artır, mən bu uğultunu tanıyıram, bu kütlənin uğultusudur. Birdən sol tərəfimdən işıq və səs elə bil ki partlayır. Çatmışam- bu da Turnebrid küçəsi, mənə ancaq özümkimilərin izdihamına qarışmaq qalır və mən görürəm ki, ədəbli şəhərlilər şlyapalarını çıxararaq necə bir-birinə baş əyirlər. Altmış il əvvəl heç kim Turnebrid küçəsinin qəribə taleyini görə bilməzdi, indiki buvillilər onu Balaca Prado adlandırırdılar. Mən 1847-ci ildə şəhərin planını görmüşdüm, orada bu küçənin adı yox idi. Həmin vaxtlar burada yəqin ki, ortasından çirkab suyu axan, qaranlıq, iylənmiş keçid var idi və çirkab gölməçəsində balıq başları, daxili orqanları üzürdü. Amma 1873-cü ilin sonunda Milli şura qərara aldı ki, ictimai xeyirxahlıq Monmartr təpəsinin üstündəki kilsənin bərpasını tələb edir. Bir neçə ay keçəndən sonra Buvil icra hakiminin arvadının gözünə görünür ki, onun himayədarı, Müqəddəs Çeçiliya onu məzəmmət edir:  yəni düzdür ki, seçilmiş cəmiyyətin adamları hər bazar messanı[iii]dükançılarla birlikdə dinləmək üçün Sen-re və ya Sen-Klodenin palçığına batsınlar? Məgər Milli şura nümunə göstərmədi? Allahın Xeyirxahlığı nəticəsində Buvil iqtisadi çiçəklənməyə çatıb. Məgər Yaradana Buvildə məbəd tikməklə təşəkkür etmək lazım deyil?



İcra hakiminin arvadının bu görüntüsünə xoş yanaşırlar: bələdiyyə şurası tarixi iclasına yığışır və yepiskop ianələrin yığılmasına rəhbərlik etməyə razılıq verir. Bircə yeri seçmək qalırdı. Kommersantların və gəmi sahiblərinin möhtərəm ailələri heab edirdilər ki, kilsəni onların yaşadığı Yaşıl Təpənin üstündə tikmək lazımdır ki, “Müqəddəs Çeçiliya Buvili onların üzərindən qalxaraq İsanın məbədi Sakre-Ker Parisi qoruduğu kimi qorusun”. Amma Dəniz Bulvarında yeni yaranmış, o vaxt o qədər də çox olmayan amma hədsiz zəngin olan yeni cənablar inad edirdilər: onlar o şərtlə nə qədər lazımdır pul verərlər ki, kilsə Marinyan meydanında tikilsin, guya kilsəyə pul verirdilər ki, ondan istifadə etsinlər, əslində onlarda sıçrama görən təkəbbürlü burjuaziyaya güclərini göstərmək istəyirdilər. Yepiskop kompromis təklif etdi: kilsə Yaşıl Təpə və Dəniz Bulvarı arasında, Balıq Bazarı meydanında tikildi, buranı Dənizli Çeçiliya meydanı adlandırdılar. 1887-ci ildə bitən çirkin qərara 14 milyondan çox pul qoyuldu. Geniş amma çirkli və pis söhbətlərlə məşhur Turnebrid küçəsini tamamilə təmir etmək lazım gəldi, onun sahiblərini Müqəddəs Çeçiliya meydanının arxasındakı küçələrə sıxışdırdılar, Balaca Prado isə xüsusilə bazar günləri səhərlər adlı-sanlı və yaxşı geyimli şəhərlilərin görüş yeri oldu. Elitanın gəzdiyi yollarda bir-birinin ardınca bahalı maqazinlər açıldı. Onlar nə Müqəddəs həftənin bazar ertəsi günləri, nə bayram axşamları nə də bazar günləri günortaya qədər bağlanmır. Julyenin kolbasaçısı ilə yanaşı, özünün məşhur isti piroqları, möhtəşəm, mavi kremləri və şirin bənövşələri ilə bəzədilmiş konusformalı ptifurları (balaca pirojna, peçenje) ilə Fulon şirniyyat evi açıldı.Kitab alverçisi Dyupatinin vitrinlərində “Plon”-un texnikaya aid “Gəmi tikintisinin nəzəriyyəsi” və ya “Yelkənlər haqqında traktat” kimi yeni nəşrlərini, Buvilin böyük, şəkilli tarixi kitablarını, o cümlədən bər-bəzəkli nəşrlər- mavi, dəri cildli “Keniqsmark” və Pol Dumerin açıq-qəhvəyi, çəhrayı çiçəklərlə bəzədilmiş cildli “Oğullarımın kitabı” əsərlərini görmək olar. Qislenin “Modalar atelyesi, paris modelləri”- nin yanında Pyejuanın çiçək maqazini, onun yanında Pakenin antikvariat dükanı yerləşir. Bərbər Qüstav yanında xidmət edən dörd manikürçü ilə yeni tikilmiş, sarı rəngli evin ikinci mərtəbəsini tutur. Hələ iki il qabaq Mulen- Jemo və Turnebrid küçələrinin tinində, küncdə utanmaz bir qız “Tyu-pyu-ne” dezinseksiya maddəsini reklam edirdi. Dükanın yüz yaşı var idi və hələ Müqəddəs Çeçiliya meydanında treska (şimal dənizlərində yaşayan balıq) satılan vaxtlarda məşhurlaşmışdı. Onun vitrinlərini gec-gec yuyurdular, çox əziyyət çəkmədən tərləmiş və tozlu şüşələrin ardından kamzolların odlu işığında siçan, siçovul şəklinə düşən çoxsaylı balaca mumvari fiqurlar görmək olardı. Gəmiricilər kəndirlərlə sürüşərək gəmilərdən quruya çıxırdılar, amma torpağa düşən kimi qısa, ağ amma çirkdən qaralmış paltarlı balaca kəndli qız “Tyu-pyu-ne” çiləyərək onları qaçmağa məcbur edirdi. Bu dükan mənim çox xoşuma gəlirdi, onun görünüşü ədəbsiz və tərs idi, iki addımlığında yerləşən bahalı fransız kilsəsinə abırsız-abırsız parazit və çirkin hüquqlarını xatırladırdı. Farmaçevtik otların qoca ticarətçisi keçən il öldü, onun bacısı oğlu evi satdı. Bir neçə daş arakəsməni keçəndən sonra balaca mühazirə zalı “Bonbonerka”- nı görmək olar. Keçən il Anri Bordo orada alpinizm haqqında söhbətlər aparırdı.

Turnebrid küçəsində tələsmək lazım deyil- hörmətli ailələr kiçik addımlarla yeriyir. Bəzən irəlidə gedən cərgəyə soxulmaq olur, bu o deməkdir ki hansısa ailə bütün üzvləri ilə birgə Fulona və ya Pyejuaya girib. Başqa vaxtlar isə yerində addımlamağa məcbursan, eyni sırada gedən iki ailə bir-birini görüb, indi uzun-uzadı əllərini sıxırlar. Mən kiçik addımlara keçirəm. Hər iki cığırdan bir baş hündürəm, çoxlu şlyapalar, şlyapalar dənizi görürəm. Şlyapaların çox hissəsi qara və bərkdir. Bəzən onlardan biri əl uzunluğunda uçaraq yumşaq, parıldayan keçəli açır, bir neçə dəqiqədən sonra yenidən yerinə düşür. Turnebrid küçəsində on altı nömrəli fasadın altına, şlpaya atelyesinin sahibi, köynəklər üzrə mütəxəssis Yurben simvol olaraq böyük, qırmızı arxiyepiskop şlyapası asıb,o havada uçur və qızılı tükləri yerin iki metrliyində sallanır.

Dayanacaq: elə bu tüklərin yanında qrup yarandı. Qonşum əllərini aşağı salıb, səbrlə gözləyir. Bu çini fiqur kimi ağ, balaca qocadır- deyəsən Ticarət palatasının sədri Kofyedir. Bəxtimə bax, hamı ondan qorxur, çünki o çox danışmır. Yaşıl Təpənin üstündə, pəncərələri həmişə taybatay açıq olan kərpic evdə yaşayır. Budur, axır ki bitdi, qrup ayrılır və yürüş davam edir. Yeni qrup yarandı, amma bu o qədər də böyük yer tutmur, yaranan kimi Qislenin vitrini tərəfə çəkildi. Qrup heç dayanmadı da, sadəcə kənara çəkildi, biz altı nəfərin yanından keçirik, onlar bir-birinin əllərini sıxırlar: “Salam müsyö, salam, necəsiniz, şlyapanızı geyinin, müsyö, soyuq olar;təşəkkür edirəm madam, bu gün həqiqətən soyuqdur. Əzizim icazə ver sənə həkim Lefransuanı təqdim edim, ah həkim, sizinlə tanış olmağıma çox şadam, ərim elə ancaq onu yaxşı sağaltmış həkim Lefransua haqqında danışır, başınızı örtün həkim, soyuq olacaq; eybi yox, həkim özünü tez sağaldar. Elə deyil madam, həkimlər özlərini daha pis sağaldırlar; həkim əla musiqiçidir. Aman allah həkim mən bilmirdim. Skripka çalırsız? Həkim nadir istedadlı adamlardandır”. Qoca yəqin ki yanımdadır- şübhəsiz Kofye. Qruppadakı qadınlardan biri, qarayanız qadın həkimə gülümsəməkdə davam edərək Kofyeni gözləri ilə yeyir. Yəqin o fikirləşir: “ Budur, müsyö Kofye, Ticarət Palatasının sədri, onun yanında necə qorxmamaq olar, ondan soyuq küləklər əsir”. Amma müsyö Kofye ona fikir vermədi; onlar Dəniz Bulvarı sakinləridir, onun ətrafındakı insanlardan deyillər. Bazar günləri Turnebrid küçəsinə uçan şlyapalara baxmaq üçün gəzməyə çıxandan bəri Bulvar sakinlərini Təpə sakinlərindən ayırmağı öyrənmişəm. Əgər kimsə iynəli palto, yumşaq şlyapa, ağappaq köynək geyinibsə, hər hərəkətində ah çəkirsə- şübhə yoxdur, bunlar Dəniz Bulvarı sakinləridir. Yaşıl Təpə sakinləri elə bil ki, qeyri-müəyyən zəiflikləri, çirkinlikləri ilə seçilirlər. Onların çiyinləri balacadır, əzgin sifətlərində təkəbbürlü ifadə var. Bax elə bu uşağın əlindən tutmuş gombul- mərcə girməyə hazıram ki, o Təpədəndir: üzü bozdur, qalstuku kəndir kimidir. Gombul bizə yaxınlaşır, diqqətlə müsyö Kofyeyə baxır. Amma onunla görüşməyə bir dəqiqə qalmış dönüb, uşaqla ata kimi zarafatla danışır. O bir neçə addım da atır, oğlunun gözlərindən gözünü çəkməyib əyilir, – mehriban atadır- sonra birdən yüngülcə biz tərəfə dönüb, balaca qocaya cəld baxış atır və əllərini yumurlayıb, geniş və qısa salamlaşma işarəsi edir. Çaşqın oğlan şlyapasını çıxartmır- bu işləri böyüklər öz aralarında həll edirlər.

Bas-de-Vyey küçəsinin tinnində bizim dəstəmiz günorta ibadətindən çıxan insanların dəstəsi ilə rastlaşır. Ona yaxın adam burulğana qapılıb, bir-biri ilə toqquşuqlar, salamlaşırlar, amma burada şlyapalar çox cəld uçuşur və dəqiqliyinə qədər hər şeyə baxa bilmirəm; bu yağlı və solğun kütlənin içindən Müqəddəs Çeçiliya kilsəsinin nəhəng, eybəcər forması ucalır: tünd səma fonunda ağlıq; bu parlayan divarların himayəsində o daxilində gecə qaranlığından bir damla saxlayır. Cərgəni bir az pozaraq az-maz irəliləyirik. Müsyö Kofyeni arxama sıxışdırdılar. Sol tərəfimə mavi paltarlı bir qadın yapışıb. Qadın kilsədən qayıdır. O gün işığından qamaşmış gözlərini tez-tez qırpır. Ondan qabaqda gedən cılız boyunlu cənab onun əridir.

Qarşı səkidə arvadının əlindən tutub gedən cənab onun qulağına nəsə dedi və gülümsədi. Qadın həmin dəqiqə jelesifətli üzünə bütün ifadələri yığıb, kor-koranə bir neçə addım atır. Əlamətlər bəllidir- indi onlar kiminləsə salamlaşacaqlar. Dəqiq, bir neçə andan sonra cənab əlini yuxarı aparır. Barmaqları şlyapaya çatanda bir neçə anlıq yavaşıyıb, kənarlardan yapışır. Qadının baş örtüyünə toxunmamaq üçün ehtiyatla şlyapasını qaldırıb, başını aşağı əyəndə arvadı yüngülsə hoppanıb, üzündə gənc təbəssüm yaradır. Kiminsə kölgəsi baş əyərək onların yanından keçir, amma əkizlərin təbəssümündə hansısa maqnetik güc var, və bir neçə saniyə daha təbəssüm onların dodaqlarında qalır. Cənab və qadın mənimlə rastlaşanda üzlərinin ifadəsi yenidən hissiz olur, baxmayaraq ki dodaqlarının kənarında hələ də şən canlılıq qalır. Bu da son: kütlə sakitləşir, salamlaşmalar azalır, maqazinlərin vitrinləri daha o qədər də gözəl deyil- mən Turnebrid küçəsinin sonuna çatdım. Bəlkə o biri tərəfə keçib geri qayıdım? Yox, məndən bu qədər, mən artıq kifayət qədər çəhrayı keçəllərə, mənasız, ədəbli, silinmiş üzlərə baxdım. Marinyan meydanına gedəcəm. Mən ehtiyatla cərgədən çıxıram və birdən yanımda mübahisəsiz yaxşı təbəqəyə aid qara şlyapalı baş peyda olur. Bu mavi paltarlı qadının əridir. Aha! Möhtəşəm uzun dolixokefal (uzunsov başlı adam) kəlləsi, qısa, sərt saçlar, möhtəşəm amerikan çal saqqalı. Amma əsasən təbəssümü gözəldir, əla, nəzakətli təbəssüm. Cənabın burnunun üstündə pensne var.

-          Bu bizim fabrikimizin yeni layihəçisidir- o arvadına tərəf dönərək deyir- başa düşmürəm o burada nə gəzir. Yaxşı oğlandır, çox qorxaqdır, xoşuma gəlir.

Julyenin kolbasa mağazasının qabağında gənc layihəçi indicə papağını başına qoyub, utandığından tamam qızarıb, gözlər küt-küt baxır və şirin vəcdin bütün əlamətlərini göstərir. Şübhə yoxdur, bu bazar o ilk dəfə Turnebrid küçəsi ilə gəzməyə cəsarət edib. Görkəmindən bilinir ki, ilk fürsətdə bura qaçıb.Əllərini kürəyinə qoyub, utancaq ifadə ilə vitrinə tərəf döndü, korkoranə möhtəşəm jelenin içində, cəfəri qarniri ilə bəzədilmiş dörd sosiskaya baxır.

Kolbasaçıdan bir qadın çıxıb, onun əlindən tutur. Bu onun arvadıdır: dərisi kələ-kötür olsa da çox cavandır. Nə qədər Turnebrid küçəsində gəzsə də heç kim onu xanım kimi görməyəcək. Gözlərindəki parıltı, məntiqli və məlumatlı görünüşü həmişə kim olduğunu bildirəcək. Əsl xanımlar heç vaxt nəyin nə olduğunu bilmirlər, onlar gözəl mənasızlığı sevirlər, onların gözləri şüşəbəndlərdə çiçəkləyən gözəl və sadə çiçəklər kimidir.

Saat tamam olur, mən “Vezeliz” pivəxanasına girirəm. Qocalar adəti üzrə oradadırlar. İkisi artıq yeməyə başlayıblar. Dördü aperetiv içərək, oyun oynayırlar. Digərləri onlara xidmət edilməsini gözləyərək, ayaq üstə dayanıb oyunu izləyirlər. Onların ən uzunu, çal saqqallısı birja dəllalıdır. İkincisi hərbi-dəniz idarəsindən istefaya çıxmış müfəttişdir. Onlar iyirmi yaşlılar kimi yeyib-içirlər. Bazar günləri turş kələm sifariş edirlər. Geç gələnlər artıq yeyənləri haylayırlar.

-          Salam! Həmişəki kimi bazar günü kələminə sadiqsiniz?

Oturub, rahat nəfəs alırlar:

-          Marietta, balam, bir stəkan köpüksüz pivə və turş kələm.

Bu Marietta zirək arvaddır. Kafenin lap dərinliyindəki stollardan birində oturmuşdum ki, vermut süzdüyü qırmızı kişi birdən möhkəm öskürməyə başladı.

-          Tam doldur,- dayanmadan öskürərək deyir.

Elə burada Marietta əsəbiləşdi- o ki, hələ süzüb qurtarmamışdı.

-          Mən hələ süzürəm. Mən nəsə dedim məgər? Lap qız kimisiz, hələ əllənməmiş özündən çıxır.

Digərləri gülürlər.

-          Bir-sıfır!

Birja dəllalı stola yaxınlaşıb, Mariettanın çiyinlərini qucaqlayır.

-          Bu gün bazar günüdür, Marietta. Axşam dostunla kinoya gedəcəksən?

-          Heç də yox! Bu gün Antuanettanın növbəsidir. Mən onun əvəzinə işləyirəm- bu da sənə kinoya getmək!

Dəllal üzü qırxılmış, görünüşündən bədbəxtlik yağan qocayla üzbəüz oturdu. Üzü qırxıq qoca o dəqiqə nəsə danışmağa başladı. Dəllal onu dinləmir, üzünə müxtəlif ifadələr verib, saqqalını dartışdırır. Onlar ümumiyyətlə heç vaxt bir-birini dinləmirlər. Yanımda oturan dəstəni tanıyıram, onlar yaxınlıqda yaşayan kiçik ticarətçilərdir, bazar günləri qulluqçularının istirahət günləridir. Onlar da bura gəlib, hər dəfə eyni stolda otururlar. Kişi əla hazırlanmış, çəhrayı ət əzməsi yeyir. Diqqətlə yaxından ətə baxır, arabir iyləyir. Arvadı boşqabında eşələnir. Dolğun, qırxyaşlı sarışın qadındır, yanaqları qırmızı, tüklə örtülüdür. Atlas köynəyinin altından möhkəm, yaraşıqlı döşləri dik durub. Kişi kimi hər nahar bir butulka bordo içir.

“Yevgeniya Qrande”-ni oxuyuram. Ona görə yox ki, bu mənə böyük zövq verir, sadəcə nə iləsə məşğul olmaq lazımdır. Kitabı bəxtəbəxt açıram- ana qızı ilə Yevgeniyada yeni doğulmuş sevgidən danışır.

“Yevgeniya onun əlini öpdü.

-          Siz necə də mehribansınız, anam, əzizim!

Bu sözlərdən ananın  illərdir əzabdan solmuş üzü işıldayır.

-          O sənin xoşuna gəlir?, Yevgeniya soruşur.

Xanım Qrande təbəssümü ilə cavab verir; bir neçə dəqiqəlik sükutdan sonra sakitcə deyir:

-          Yəni sən onu artıq sevirsən? Bu yaxşı olmazdı.

-          Yaxşı deyil? – Yevgeniya etiraz edir. Niyə? O sənin xoşuna gəlir, Nanetenin xoşuna gəlir, niyə mənim xoşuma gəlməsin? Gəl, anacan onun üçün səhər yeməyi süfrəsi açaq.

O öz işini atdı, anası da işini atıb ona dedi:

-          Sən ağlını itirmisən!

Amma o qızının dəliliyini bölüşmək istəyirdi ki, onu təmizə çıxarsın.

Yevgeniya Nanetanı çağırdı:

-          Nə lazımdır, xanım?

-          Naneta, günortaya qədər səndə qaymaq olacaq?

-          Yaxşı, günortaya qədər olacaq- yaşlı qulluqçu cavab verdi.

-          Amma hələlik ona tünd kofe ver. Eşitmişəm cənab de Qrassen deyir ki, Parisdə çox tünd kofe dəmləyirlər. Kofeni çox tök.

-          Bəs haradan götürüm?

-          Al.

-          Bəs birdən sahiblə rastlaşsam?

-          Görməz, çölə gedib.”

Mənim gəlişimlə qonşular susublar, amma birdən ərin səsi məni oxumaqdan ayırır.

-          Eşidirsən, sən gördün?- ər gülümsəyərək soruşur.

Qadın fikirlərdən ayrılıb, diksinərək ona baxır. O yeməyinə, içməyinə davam edir, sonra eyni hiyləgərliklə gülür:

-          Ha ha ha!

Sakitlik. Qadın yenidən fikirləşir.

-          Sən nə dedin? – birdən diksinərək o soruşur.

-          Süzannanı deyirəm, dünən.

-          Həəə,- qadın deyir- O Viktorgilə getdi.

-          Bəs mən sənə nə deyirdim?

Qadın hirslə  boşqabını itələyir.

-          Dadsızdır.

Boşqabın kənarında tüpürülmüş boz ət tikəsi var. Əri davam edir:

-          Bu arvad…

O qeyri-müəyyən gülümsəyərək dayanır. Bizimlə üzbəüz birja dəllalı yüngülcə hıqqanaraq Mariettanın əlini tumarlayır.

Kiçik fasilədən sonra:

-          Mən ki sənə demişdim.

-          Nə demişdin?

-          Viktor barədə, demişdim ki, o Viktorla gedəcək. Noldu?- birdən o çaşqın soruşur- xoşuna gəlmir?

-          Dadsızdır.

-          Hə, indi heç nə əvvəlki kimi deyil- bərkdən deyir. – Ekarın vaxtındakı kimi deyil. Bilmirsən indi Ekar haradadır?

-          O ki, Domremdədir, elə deyil?

-          Düzdür, düzdür. Bəs sənə kim deyib?

-          Sən özün bazar günü dedin ki…

O kağız süfrənin üstünə dağılmış çörək qırıntılarını ağzına aparır. Sonra ovcu ilə stolun üstündəki kağızı hamarlayıb, tərəddüdlə deyir:

-          Məncə sən səhv edirsən. Syuzanna elə deyil…

-          Ola bilər, balacam, ola bilər- fikirli-fikirli ər cavab verir. O baxışları ilə Mariettanı axtarıb, işarə ilə çağırır- bura istidir.

Marietta stolun küncünə söykənir.

-          Doğurdan, bura çox istidir- qadın şikayətlənir- adam lap boğula bilər, ət isə dadsız idi, sahibə deyəcəm, əvvəlki kimi deyil. Xahiş edirəm Marietta nəfəsliyi aç.

Kişinin üzündə yenə də hiyləgər ifadə var.

-          Qulaq as, onun gözlərinə fikir verdin necədir?

-          Nə vaxt, pişiyim?

Kişi səbirsizcə qıcıqlandırır:

-          Nə vaxt pişiyim? Həmişəki sənsən də! Cümə axşamı yağışdan sonra.

-          Sən dünəni nəzərdə tutursan? Başa düşdüm.

 

O gülür, gözlərini bir nöqtəyə zilləyib, sürətlə bir az da təzyiqlə danışır:



-          Qızmış kömürün üstünə işəyən pişik kimi…

Hazırcavablıq o qədər xoşuna gəlir ki, deyəsən hansı mövzuda hazırcavablıq etdiyini də unuduz. Arvadı öz növbəsində sadəlövhcəsinə şənlənir:

- Ha ha ha! Ay səni kələkbaz!

O ərinin çiyninə şappıldadır.

- Ay səni bic! Ay səni….

- Qızmış kömürün üstünə işəyən pişik kimi- əminliklə yenidən təkrarlayır.

Amma arvadı daha gülmür:

-          Yaxşı da, ciddi deyirəm, məncə boş danışırsan – o ciddi qızdır.

O arvadına tərəf əyilir və uzun-uzadı qulağına nəsə pıçıldayır. Bir anlıq arvadı ona ağzı açıq, bir anda partlayıb güləcək adamlar kimi gərgin və şən baxır, sonra birdən geri çəkilir, dırnaqlarını ərinin əlinə sıxıb deyir:

-          Ola bilməz, ola bilməz!

-          Qulaq as, əzizim- təmkinlə və məntiqli danışır- O deyibsə..Niyə boş yerə desin ki…

-          Axı yox ey, yox.

-          İndi əgər deyibsə, qulaq as, təsəvvür elə…

Arvadı birdən gülür.

-          Mən güldüm, çünki Reneni yada saldım.

-          Əlbəttə.

Əri də gülür. O çoxmənalı pıçıltı ilə davam edir:

-          Deməli, o çərşənbə axşamı hiss edib.

-          Yox, cümə axşamı.

-          Yox, çərşənbə axşamı, çünki…

O havada ellips şəkilli nəsə çəkir.

Uzun sükut. Əri çörək tikəsini sousa batırır. Marietta boşqabları dəyişib, onlara tort dilimləri gətirib. İndi mən də tort dilimi yeyəcəm. Birdən qadın düşüncəli şəkildə, sözləri dartaraq, bir az ittiham edici gülüşlə də olsa qürurla deyir:

-          Bilirsən sən lap!…

Onun tonunda o qədər hiss var ki, kişi həyacanlanıb, yağlı əlləri ilə onun boynunu sığallayır.

-          Şarl, bəsdir, sən məni ehtiraslandırırsan, pişik- gülümsəyərək bütün ağzı ilə pıçıldayır.

Yenidən dayandığım yerdən oxumağa çalışıram:

-          “Bəs haradan götürüm?

-          Al.

-          Bəs birdən sahiblə rastlaşsam?”

Amma yenidən qadının səsini eşidirəm.

-          Ay, Martaya danışsam gülməkdən öləcək.

Qonşularım susdular.

Tortdan sonra Marietta onlara gavalı gətirib, indi qadın nazla gavalı tumunu çay qaşığına elə tüpürür ki, elə bil yumurtlayır. Əri tavana zillənib, stolun kənarlarında barmaqları ilə marş çalır. Deyəsən, adi vəziyyətlərində onlar susurlar, söhbətcillik onlarda nadir hallarda qızdırma tutması kimi baş verir.

 

“- Bəs haradan götürüm?



-          Al”.

Kitabı bağlayıram, gedim gəzim.

“Vezeliz” pivəxanasından çıxanda saat üç idi: ağırlaşmış bədənimin bütün əzalarında günün ikinci yarısının düşməsini hiss edirdim. Mənim yox, onların günü- günün o ikinci yarısı ki, yüz min buvilli xəbərləşərək yaşayır. Bax elə indi, uzun və zəngin bazar naharından sonra onlar stolun arxasından qalxırlar- onlar üçün artıq nəsə ölüb. Bazar səhərinin qayğısız gəncliyi artıq keçmişdə qaldı. İndi cücəni və tortu həzm etmək, sonra isə camaat içinə çıxmaq üçün geyinmək lazımdır.

Açıq havada “Eldorado” kinoteatrının zəngləri çalındı. Günorta vaxtı bu zəng adi bazar zəngidir. Yaşıl divarın yanında azı yüz nəfər növbəyə dayanıb. Onlar acgözlüklə şirin alaqaranlıq vaxtını, dincələcəkləri və azad olacaqları vaxtı gözləyirlər, o vaxtı gözləyirlər ki, ekran suyun altındakı ağ çınqıl kimi parıldayaraq onların əvəzinə danışıb, onların əvəzinə arzulayacaq. Boş arzudur, onlarda nəsə sıxıcılıq var, onlar sevimli bazar günlərinin pozulmasından çox qorxurlar.

Tezliklə, hər bazar olduğu kimi, onlar narahat olacaqlar: kino onlara axmaq görünəcək, qonşu qəlyan çəkib, ayaqlarının altına tüpürəcək, Lüsyen bu dəfə kefində olmayacaq, gözəl sözlər deməyəcək, özü də məhz bu gün, axır ki kinoya gəldikləri vaxt ilik əsəbləri tutacaq. Çox tezliklə, hər bazar olduğu kimi qaranlıq zalda kiçik əsəb tutmalarının səsləri eşidiləcək.

Mən sakit küçə Bressanla gedirəm.

Günəş buludları qovmuşdu, mülayim gün idi. “Dalğa” villasından sahibin ailəsi çıxdı. Qızları səki ilə gedərək, əlcəklərini dartırdı. Ona haradasa otuz yaş vermək olardı. Ana aşağı pillələrdə dayanıb, bütün sinəsi ilə havanı udaraq, inamla irəliyə baxırdı. Ata geniş kürəyini mənə tərəf çevirdi. Qıfıla tərəf əyilərək o qapını açarla bağladı. İndi onların gəlişinə qədər ev boş və qaranlıq olacaq. İndi bağlı və boşalmış qonşu evlərdə mebel və parket döşəmələr səs salır. Getməmişdən əvvəl sahibə yemək otağındakı buxarını söndürüb. Ata iki qadına çatdı və ailə sakitcə yoluna davam etdi. Görəsən hara getdilər? Bazar günləri buvillilər ya böyük şəhər məzarlığına gedirlər ya da qohumlarına baş çəkirlər, bütün bu məsuliyyətdən azad olanlar isə sahildə gəzişirlər. Mən azad idim- sonu sahilə çıxan Bressan küçəsi ilə addımlamağa davam etdim. Səma solğun-mavi idi: bəzi yerlərdə tüstüvari, bəzi yerlərdə lələkvari buludlar vardı, bəzən günəş qaçan kiçik buludu gizlədirdi.

Uzaqdan bəndi çəpərləyən ağ sement hasarı görürəm, hasarın taxtalarındakı deşiklərdən dəniz parıldayırdı. Ailə yuxarısı Yaşıl Təpəyə aparan İler xəzinədarı küçəsinə tərəf sağa döndü. Üçlüyün yavaş-yavaş hündürlüyə qalxmasına baxırdım, asfaltın parıldayan fonunda üç qara nöqtə görünürdü. Sola dönüb, dəniz sahilində gəzən kütləyə qoşuldum.

Bu dəfəki kütlə səhərkinə nisbətən daha fərqlidir. Elə bil ki, artıq bütün bu insanlar nahara qədər qürurlandıqları qüsursuz sosial ierarxiya qaydalarına riayət etməkdən beziblər. İndi məmurlar və kommersantlar yan-yana gedirdilər, onlarla yanaşı gedən hətta arabir onlarla toqquşan və itələyən çirkin görünüşlü kiçik qulluqçuların olması ilə barışıblar. Kütlənin isti çoxluğunda aristokratlıq, seçilmiş cəmiyyətə və professional qruplara məxsusluq hissi ərimişdi. Sadəcə insanlar qalmışdılar və onlar daha haranısa təmsil etmirdilər. Uzaqda görürən işıq zolağı hələ çəkilməmiş dənizdir. Bəzi dayaz yerlər suyun səviyyəsinə çatmadan dənizin işıqlı səthində deşik kimi görünürlər.

 

Qumun üstündə, ağaran daş qayaların yanında balıqçı qayıqları dayanıb, aralarından su sıçrayan qayalar bəndə necə gəldi atılıb ki, onu dalğalardan qorusun. Xarici limanın girişində, səmada, solğun günəşdə dəniz dibi qazan maşının kölgəsi görünür. Hər axşam gecəyə qədər ulayıb, nərildəyir. Bazar günləri isə işçilər torpaqda gəzməyə çıxırlar, maşının yanında yalnız qarovulçu qalır və o sakitləşir.

Günəş işıqlı və şəffaf idi- ağ şərab kimi. İşığı insan bədəninə güclə çatırdı, onu həcmdən və kölgədən məhrum edirdi, əllər və üzlər solğun-qızılı ləkələrlə örtülürdü. Elə bil ki, bütün bu paltolu insanlar torpağın üzərində bir neçə santimetrlikdə üzürdülər. Arabir külək üstümüzə su damcıları sıçradırdı, kölgələr və üzlər sönüb, təbaşir rəngini alırdı. Bazar günü idi; bənd və şəhərkənarı yaylaqlar arasından izdiham Transatlantik şirkətinin otelleri arxasında minlərlə kiçik çaylar buraxaraq xırda dalğalarla axırdı. Nə qədər uşaq var!Arabada uşaqlar, əllərindən tutulmuş uşaqlar, onların əllərindən tuturlar və ya onlar ikili, üçlü valideynlərindən qabaqda ciddi-ciddi addımlayırlar. Hələ bir neçə saat qabaq, bazar günü səhəri hələ gənc olanda bu üzlərdə az qala qalibiyyət ifadəsi görürdüm. İndi günəşin işıqlandırdığı bu üzlər yumşalmış sakitlik və özünə məxsus məqsədyönlülük ifadə edirdi. Hərəkətlər minimuma endirilib- uzaqdan hələ də qalxan şlyapalar görünür, amma bu hərəkətlərdə səhərki genişlik və şən vəcd duyulmurdu. Başlarını qaldırıb, özlərini paltolarını havalandıran və sinələrindən itələyən küləyə təslim edib, hamısı yüngülcə arxaya itələnərək yeriyirdilər. Bəzən qısa, o dəqiqə susan gülüş və ya anaların “Janno, Janno nə edirsən!” qışqırıqları eşidilirdi. Sonra sakitlik. Yüngül tütünün yumşaq iyi gəlirdi, onu kiçik məmurlar çəkirdilər. “Salambo”, “Ayşa” bazar günü siqaretləridir. Bəzi daha rahat üzlərdə elə bil ki, qüssə uçuşu hiss edirdim, amma yox, bu insanlar nə kədərli nə şən idilər, onlar sadəcə dincəlirdilər. Onların geniş açılmış, donuq gözləri laqeyd şəkildə dənizi və səmanı əks etdirirdi. Tezliklə onlar evlərinə dağılışacaqlar, ailə əhatəsində nahar stolu ətrafında çaylarını içəcəklər. İndi onlar özlərini daha az xərcləmək istəyirlər, hərəkətlərinə, sözlərinə, fikirlərinə qənaət edib, axınla üzürlər. Onların ixtiyarında qırışları, gözlərinin altındakı boşalmış dərini, həftəlik işin ağır nəticələrini silmək üçün bircə günləri var. Sadəcə bir gün. Onlar dəqiqələrin barmaqlarının aralarından sürüşdüyünü hiss edirdilər. Görəsən sabah hər şeyi yenidən başlamaq üçün gəncliklərini yığmağa macal tapacaqlar? Bütün sinələri ilə nəfəs alırdılar, axı dəniz havası gümrahlandırır, nəfəsləri yatmış insanlardakı kimi dərin və müntəzəmdir, yeganə bu əlamət onların yaşadıqlarına işarə edir. Mən xəlvət yeriyirdim, möhkəm və sağlam bədənimlə dincələn faciəli izdihamın arasında nə edəcəyimi bilmirdim. İndi dəniz aspid rəngi aldı, sakit-sakit qabarma başladı. Gecələr qabarma güclənəcək. Bu gecə bənd Nuar Bulvarından daha boş olacaq. Solda və qarşıda farvater[iv] boyunca qırmızı işıq yanacaq. Günəş yavaş-yavaş dənizin arxasında itdi. Yolda o normand yay evinin pəncərələrini qızartdı. Parıltısından gözləri qamaşan qadın yorğun-yorğun əlini gözlərinə aparıb,başını buladı.

-          Qastın, gözlərim kor olur- qətiyyətsiz gülüşlə dedi.

-          Eybi yoxdur! Yaxşı günəşdir- əri cavab verdi. – Qızdırmır, amma yenə də xoşdur.

-          Elə bilirdim görünəcək, – o dənizə tərəf dönüb davam etdi.

-          Boş yerə ümid etmə, – əri cavab verdi- Günəş mane olur.

Onlar deyəsən Keyboy adası haqqında danışırdılar, onun cənub sonluğu dəniz dibi qazanla xarici liman arasında görünməli idi. İşıq yumşaldı. Bu qeyri-müəyyən saatda külək nəsə xəbər verirdi. Bazar gününün artıq keçmişi var. Villalar və boz hasar yeni xatirələrdir. Üzlər bir-birinin ardınca bayram görünüşlərini itirib, demək olar yumşaq ifadə alırdılar.

Gənc hamilə qadın solğun, kobud üzlü gəncin əlindən tutub.

-          Bax, bax oradadır- dedi.

-          Nə var orada?

-          Bax, qağayılardır.

O çiyinlərini çəkdi, heç bir qağayı yox idi. Səma üfüqdə yüngülcə qırmızılanıb, təmizlənmişdi.

-          Mən onları eşitdim. Qulaq as da, onlar qışqırırlar.

-          Sadəcə nəsə cırıldadı- o cavab verdi.

Qaz fənərinin işığı düşdü. Mənə elə gəldi ki, fonar yandıran gəldi. Uşaqlar onun gəlişini güdürlər, bu evə dönüş siqnalıdır. Amma bu sadəcə günəşin sonuncu işığı imiş. Səma hələ işıqlı idi, amma yerdə alatoranlıq baş qaldırmışdı. Kütlə seyrəlirdi, dənizin uğultusu daha aydın eşidilirdi. Hasardan iki əli ilə yapışmış, dodaqları tünd boyalı gənc qadın mavi üzünü səmaya qaldırdı. Bir anlıq düşündüm: yoxsa insanları sevirəm. Amma nəticədə bu onların bazar günləridir, mənimki deyil.

Bütün mayaklardan birinci Kaybot adasındakı mayak yandı; yanımda dayanmış oğlan həyacanla pıçıldadı: “Ay! Mayak!”.

Və ürəyimə böyük macəra hissi damdı.

Sola dönürəm və Yelkənlər küçəsi ilə Balaca Pradoya qayıdıram. Vitrinlərin dəmir qapaqları aşağı salınıb. Turnebrid küçəsi işıqlandırılıb, amma adamsızdır, o özünün az müddətli şöhrətini itirdi, bu saatda o digər qonşu küçələrdən heç nə ilə fərqlənmir. Kifayət qədır güclü külək qalxdı. Arxiyepiskopun şlyapasının necə uğuldadığını eşidirəm.

Mən təkəm, buvillilərin əksəriyyəti evlərinə gedib, radio dinləyərək axşam qəzetlərini oxuyurlar. Bitmiş bazar günü damaqlarında kül dadı saxlayıb, fikirləri artıq bazar ertəsinə köklənib. Amma mənim üçün nə bazar ertələri, nə bazar günləri var, mənim üçün sadəcə qaydasız şəkildə itələşən günlər var, sonra birdən bu günki kimi coşqunluq olur.

Heç nə dəyişməyib, amma hər şey elə bil ki, başqa cür mövcuddur. Bunu izah edə bilmirəm, bu Ürəkbulantısıdır, amma əks formada, elə bil ki, mən macəra yaşamağa başlayıram, onda özümdən soruşuram ki, niyə elə fikirdəsən, sonra başa düşürəm məsələ nədədir: sadəcə MƏN ÖZÜMÜ HİSS EDİRƏM VƏ HİSS EDİRƏM Kİ, MƏN BURADAYAM; Qaranlığı yaran mənəm və mən eynən roman qəhrəmanı kimi xoşbəxtəm.

Nə isə baş verməlidir, Bas-de-Vyey küçəsində məni nəsə gözləyir; bax orada, o sakit küçənin tinində mənim həyatım başlayacaq. Və mən qarşısıalınmaz şəkildə irəliləyirəm. Küçənin tinində ağ sütuna oxşar nəsə görünür. Uzaqdan qara görünürdü, indi hər addımda daha çox ağarır. Bu az-maz işıldayan qaranlıq gövdədə nəsə qeyri-adilik var, tamam ağ və parlaq olanda yanında dayanıram, elə buradaca mənim macəram başlayacaq. Bu ağ, qaranlıqdan çıxan mayak o qədər yaxındadır ki, mən az qala qorxuram, az qalmışdım geri qayıdam. Amma cadunu pozmaq olmaz. Qabağa gedirəm, əlimi uzadıb, sütuna toxunuram. Budur, bu da Bas-de-Vyey küçəsi, pəncərələrində işıq yanan Müqəddəs Çeçiliya kilsəsinin kölgəsində gizlənir. Şlyapanın uğultusu gəlir. Bilmirəm, ya dünya həqiqətən sıxlaşdı ya da mən səs və formalarla pozulmaz vahiddə birləşdim, hətta təsəvvür edə bilmirəm ki, ətrafımda olanlar olduqları yox, başqa nəsə ola bilərlər. Dayanıram, gözləyirəm, ürəyimin döyüntüsünə qulaq asıram; insansız meydanı nəzərdən keçirirəm. Heç nə görmürəm. Kifayət qədər güclü külək qalxdı. Səhv etmişəm, Bas-de-Vyey küçəsi sadəcə yolumda bir dayanacaqdır: O məni Dyukoton meydanının dərinliyində gözləyir. Tələsmədən yoluma davam edirəm. Mənə elə gəlir ki, xoşbəxtliyin ən yüksək nöqtəsinə çatmışam.

Marseldə, Şanxayda, Meknesdə nələr etmirdim ki, belə tam hisslərə çatım. Bu gün isə, heç nə gözləmədiyim halda, boş bazar günündən sonra evə dönərkən o lap yaxındadır.

İrəliləyirəm. Külək sirenaların səsini gətirir. Tamam təkəm, şəhərə girmiş döyüşçü kimi addımlayıram. Bu dəqiqə dənizlərin üzərindən üzən gəmilərin nəğməsi səslənir; Avropanın bütün şəhərlərində atəşlər yandırılır;kommunistlər və millətçilər Berlin küçələrində atəş edirlər; işsizlər Nyu Yorkda veyllənirlər; qadınlar bərk isidilmiş otaqlarda tualet stollarının arxasında kirpiklərini rəngləyirlər. Mən isə, burada, insansız küçədəyəm, Noykelndə pəncərədən atılan hər bir atəş, daşınan yaralıların hər bir hıçqırığı, kosmetikalarına əyilmiş qadınların hər kiçik və dəqiq hərəkətləri mənim addımlarımda və ürəyimin hər döyüntüsündə əks-səda verir.

Jille keçidinə çatanda nə edəcəyimi bilmirəm. Məgər məni keçidin dərinliklərində gözləmirlər? Axı Dyukoton meydanında, Turnebrid küçəsinin sonunda dünyaya gəlmək üçün mənə ehtiyacı olan nələrsə var. Özümü itirmişəm, hər bir hərəkətim məni məhdudlaşdırır. Bilmirəm məndən nə gözləyirlər. Seçmək lazımdır: Jille keçidini qurban verirəm, hələ də bilmirəm o mənim üçün nə saxlamışdı. Dyukoton meydanı boşdur. Yəni səhv etmişəm? Məncə belə əziyyəti həzm edə bilməyəcəm. Yəni mənimlə heç nə baş verməyəcək? “Mabli” kafesinin işıldayan vitrininə yaxınlaşıram. Dalana dirənmişəm, bilmirəm ora girməyimə dəyərmi, böyük, tərləmiş şüşədən içəri baxıram. Zal doludur. Hava siqaret tüstüsündən, nəm paltarların buxarından maviləşib. Kassir qadın piştaxtanın arxasında oturub. Mən onu tanıyıram, o kürəndir, qarnında hansısa xəstəlik daşıyır, bəzən dağılan bədənlərdən çıxan bənövşə qoxusuna bənzər təbəssümlə qadın, paltarlarının altında yavaş-yavaş çürüyür. Məni üşütmə tutur: bu odur, o məni gözləyirdi. O həmişə burada, piştaxta arxasından donuq bədənini dikəldib oturur, o gülümsədi. Kafenin dərinliklərindən nəsə bu günkü bazarın dağınıq anlarına qayıdır və onları məna verərək birləşdirir: mən bu günü ancaq ona görə yaşamışam ki, sonda bura gəlib, alnımı bu şüşəyə söykəyib bu portyerlərin[v] tünd qırmızı fonunda çiçəkləyən arıq üzə baxım. Hər şey dondu, mənim həyatım dondu: bu böyük şüşə, su kimi ağır, mavi hava, bu su dərinliyindəki yağlı, ağ bitki və mən- biz hansısa dəyişməz və bitmiş vəhdət təşkil edirik, mən xoşbəxtəm.

Yenidən La Redut bulvarına çatanda artıq acı ümidsizlikdən başqa  heç nə hiss etmirdim. Düşünürdüm: deyəsən dünyada heç nəyə macəra hissini hiss etmək qədər dəyər vermirəm.  Amma o kefinə düşəndə gəlir və tez də gedir, o gedəndən sonra mən dibimə qədər məhv oluram! Yəni o ona görə belə qısa, istehzalı ziyarətlər edir ki, mənə həyatımı boşa xərclədiyimi sübut etsin?”.

Arxamda isə, şəhərdə, onun düz, fonarların soyuq işığı ilə işıqlandırılmış küçələrində böyük sosial hadisə can verirdi- bazar günü sona çatırdı.

 



[i] Mavi səma

[ii] Təyyarələrin, dirijablların saxlanması üçün xüsusi bina

[iii] katolik ibadətlərindən birinin adı və bu ibadət zamanı çalınan musiqi

[iv] Dənizdə gəmi keçə bilən yer

[v] Qapı və ya pəncərə pərdəsi

 

Bazar ertəsi


Dünən bu axmaq, pafoslu ifadəni necə yazmışam bilmirəm: “Tamam təkəm, şəhərə girmiş döyüşçü kimi addımlayıram.”

Gurultulu cümlələr qurmağa ehtiyacım yoxdur. Yazıram ki, bəzi şeylərə aydınlıq gətirim. Ədəbiyyatşünaslıqdan ehtiyat etmək lazımdır. Qələmin ucuna gələn hər sözü seçmədən yazmaq lazımdır.

Düzünü desəm, dünən özümü çox uca hiss etməyim iyrənc görünür. İyirmi yaşım olanda içib, iddia etmişdim ki, Dekart növündən insanam. Çox yaxşı bilirdim ki lovğalanıram, amma fikrimdə qalmaqda davam edirdim, bu mənim xoşuma gəlirdi. O biri gün hər şey o qədər iyrənc gəlmişdi ki, elə bil qusmağın içində oyanmışdım. Mən içkili olanda qusa bilmirəm, qussam daha yaxşı olardı. Dünən özümə kefliyəm deyə haqq qazandıra da bilmirəm. Sadəcə axmaq kimi ruhlanmışdım. Gərək su kimi şəfffaf, kənar fikirlərlə təmizlənim.

Macəra hissi, sözsüz ki, hadisələrdən asılı deyil- sübut ortadadır. Bu sadəcə anların yanaşı düzülməsinin daha bir formasıdır. Məncə hər şey bax belə baş verir: birdən hiss etməyə başlayırsan ki, zaman keçir, bir an özü ilə digərini aparır, ikinci üçüncünü, üçüncü dördüncünü və s. , hər an itir və onları saxlamağa çalışmaq mənasızdır. Onda anların bu xüsusiyyətini bu anların daxilində baş verən hadisəyə köçürürsən, formaya aid hər şeyi məzmuna daşıyırsan. Ümumiyyətlə, məşhur zamanın axması mövzusunda çox danışırlar, amma onu görmürlər. Tutaq ki, bir qadına baxırsan, başa düşürsən ki, o qocalır, amma onun necə qocaldığını görmürsən. Amma bəzən sənə elə gəlir ki, onun necə qocaldığını görürsən,hiss edirsən, özün də onunla birlikdə qocalırsan, bax bu macəra hissidir.

Yaddaşım məni aldatmırsa, buna zamanın geriyə axmaması deyirlər. Macəra hissi də əslində elə zamanın geriyə axmaması hissidir. Yaxşı, bəs onda niyə bu həmişə başımıza gəlmir? Bəlkə, zaman heç də həmişə irəli axmır? Bəzən elə anlar olur elə bilirsən ki, istədiyin hər şeyi edə bilərsən: irəliyə qaça bilərsən, geri qayıda bilərsən-fərqi yoxdur, bəzən isə iplər dolaşır, bax bu anları itirmək olmaz, çünki hər şeyi yenidən başlamaq artıq mümkün olmur.

Anni zamanın içində olan hər şeyi çıxara bilirdi. O vaxt o Cibutidə mən isə Adendə yaşayanda, onunla bir günlük görüşə gedirdim, ayrılmağımıza altmış dəqiqə qalana qədər ustalıqla aramızda yeni- yeni anlaşılmazlıqlar yaradırdı; altmış dəqiqə saniyələrin bir-birinin ardınca necə getdiyini hiss etmək üçün lazım olan qədər vaxtdır. Belə dəhşətli axşamlardan birini yaxşı xatırlayıram. Gecə yarısı geri qayıtmalı idim. Biz açıq havada kinoya getdik, hər ikimiz ümidsiz vəziyyətə qədər dalaşdıq. Amma oyunu o aparırdı. Saat on birdə, hansısa uzun film başlayanda əlimdən tutub sakitcə öz əlllərinin arasında saxladı. O qədər kəskin xoşbəxtlik hissinə tutuldum ki, on bir olduğunu başa düşmək üçün saata baxmağa ehtiyac qalmadı. Həmin andan dəqiqələrin necə keçdiyini hiss etməyə başladıq. Həmin vaxt üç aylıq ayrılacaqdıq. Birdən ekranda hansısa çox işıqlı şəkil açıldı, qaranlıq parçalandı və gördüm ki, Anni ağlayır. Sonra gecə yarısı o ehtirasla əlimi sıxdı və buraxdı; qalxdım və ona bir kəlmə də demədən çıxıb getdim. Lap yaxşı etdim.

 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin