Jan Pol Sartr Ürək bulantısı Roman



Yüklə 0,78 Mb.
səhifə4/11
tarix02.01.2022
ölçüsü0,78 Mb.
#2153
1   2   3   4   5   6   7   8   9   10   11
Cümə günü.

Saat üçdür. Saat üç – bu etməyə hazırlaşdığın hər şey üçün ya çox tezdir ya da çox gecdir. Günün qəribə vaxtıdır. Bu gün sadəcə dözülməzdir.

Soyuq günəş pəncərə şüşələrindəki tozu ağardıb. Səma solğun və ağımtıldır. Səhər çaylar donub.

Mən kalorifelin yanında oturub ərinə-ərinə yeməyi qarışdırıram. Əvvəldən bilirəm ki bu gün itib. Daha nə edə bilərəm ki, özü də artıq hava qaralır. Hər şeyin səbəbkarı günəşdir: o tikintinin üzərində dayanan çirkli, ağ dumanı qızartdı, qızılı, solğun rəngdə mənim otağıma girir, dörd tutqun, aldadıcı şuaları ilə stolumun üstünə uzanır.

Qəlyamın üzərində qızılı rəng yaxılıb, əvvəl əsrarəngiz bayramsayağılğı ilə diqqət cəlb edir, amma qəlyana diqqətlə baxanda rəng axır və ağac parçasından başqa heç nə qalmır, daha onda parıltılı ləkə yoxdur. Bu hər şeydə belədir, hər şeydə, hətta mənim əllərimdə də. Belə günəş olanda ən yaxşısı yatmaqdır. Amma bu gecə ölü kimi yatmışam, bir qram da yuxu yoxdur.

Dünənki səma o qədər xoşuma gəlmişdi ki-  gülməli və təsirli üz kimi sıxılaraq pəncərəmə yapışmış, yağışdan qaralmışdı. Amma indiki günəş elə özümüz qədər gülməli deyil. Sevdiyim hər şeyə- tikintinin narıncı dəmirinə, hasarın çürümüş taxtalarına, yuxusuz gecədən sonra qəfil qəbul edilmiş qərar, qaralamasız, bir nəfəslə yazılmış səhifələr kimi xəsis, aydın işıq düşür.

Viktor Nuar bulvarındakı dörd kafe bir-birinin yanında işıqlanır, gecələr onlar ancaq kafe deyillər, akvarium, gəmi, ulduzlardılar ya da böyük ağ göz yuvalarıdırlar- ikimənalı gözəlliklərini itiriblər.

 

Özünü tənqid üçün əla gündür: günəşin canlı hər şeyə sanki mərhəmətsiz məhkəməyə məruz qoyaraq atdığı soyuq şüalar gözlərimdən içimə dolur: mənim daxilim onu dəyərdən salan işıqla işıqlanır. Bilirəm, mənə on beş dəqiqə lazımdır ki, özümə qarşı iyrəncliyin ən yüksək həddinə çatım. Cəfəngiyyat! Bu mənə lazım deyil. Rolbonun Sankt- Peterburqda olması barədə bir az əvvəl yazdıqlarımı da oxumayacam. Əlimi sallayıb otururam ya da nəsə yazıram, əsnəyirəm və axşamın düşməsini gözləyirəm. Hava qaralanda ətrafdakı bütün əşyalar kimi bu donuqluqdan çıxacam.



Rolbon I Pavlın ölümündə rol oynayıb ya yox? Bu gün üçün bu sual əhəmiyyətlidir: inadım tutub, bunu araşdırıb, dəqiqləşdirməsəm ardını yaza bilməyəcəm.

Çerkova inansaq markiza qraf Paleni pulla almışdı. Sui qəsdçilərin əksəriyyəti çarı taxtdan salmaq və həbsə atmaq istəyirdilər ( deyəsək Aleksandr həqiqətən bu qərarın tərəfkeşi idi). Amma Palen çalışırdı ki, Pavlla birdəfəlik qurtarsın. Markiz Rolbona tapşırılmışdı ki, sui-qəsdçilərlə ayrı-ayrılıqda danışıb onları qətlə yönləndirsin.

“O onların hər biri ilə görüşürdü və qəribə ifadə ilə onların hər birinin oynayacağı səhnəni təsvir edirdi. Beləcə o suiqəsdçilərdə qətlə həvəs oyatdı və ya gücləndirdi”.

Amma mən Çerkova inanmıram. O aydın müşahidəçi deyil, yarımağıl falabaxan-sadist idi, həmişə hər şeyi şeytanpərəstliklə bağlayır. Mən markiz de Rolbon qətiyyən bu dramatik rolda təsvir edə bilmirəm. O özü qətl səhnəsini təsvir edirdi? Qətiyyən!Markiz soyuq adam idi, ona oynamaq xas deyildi, o təsvir etmiri təzyiq edirdi və təsirin bu rəngsiz, ifadəsiz forması ancaq onun xasiyyətində olan mühakimə qabiliyyətli intriqantlarda və siyasətçilərdə rəğbət oyada bilərdi.

Madam de Şarer yazırdı:” Ademar de Rolbon danışarkən təsvir etmirdi, jestlərdən istifadə etmirdi və intonasiyasını dəyişmirdi. O gözləri yarıqapalı elə danışırdı ki, bağlı kirpikləri arasından boz gözlərini güclə görmək olardı. Bir neçə il əvvəl nəhayət özümə etiraf etdim ki, o məni dözülməz dərəcədə darıxdırır. Onun danışdıqları abbat Mablinin yazdıqlarını xatırladır”.

Və bu insan mimikaları ilə qadir idi ki… Yaxşı, belə vəziyyətdə o necə qadınları cəlb edə bilirmiş? Üstəlik də Seqyur reallığa uyğun görünən çox əyləncəli hadisəni danışır:

“ 1787-ci ildə Mulenin yaxınlığındakı karvansarada Didronun yaxını, filosofların əsərləri ilə tərbiyə almış yaşlı adam ölür. Ətrafdakı dindarlar çox hirslənmişdilər, yaşlı adam dini ayinin yerinə yetirilməsini istəmirdi- o panteist idi. Bu vaxt yaxınlıqdan keçən, nə allaha nə də şeytana inanmayan markiz de Rolbon mulen kuresi (Fransada, Belçikada və bir sıra başqa ölkələrdə: katolik keşişi) ilə mərcə girir ki, ikicə saatda xəstəni xristian kilsəsinə qaytaracaq. Mərci qəbul etmiş kure uduzur, markiz gecə saat üçdə xəstənin yanına girir, səhər saat beşdə xəstə keşişə son etiraflarını edir və saat yeddidə ölür. “ Yəni siz mübahisədə o qədər güclüsünüz? Kure soruşur- siz bizim hamımızı çox təəccübləndirdiniz!”Markiz cavab verir- “Mən ümumiyyətlə mübahisə etmədim, mən sadəcə onu cəhənnəmlə qorxutdum”.

Bax belə, görəsən o doğurdan sui qəsddə fəal iştirakçı olub? Həmin axşam saat səkkizdə markizin dostlarından olan leytenant onu evinin qapısına qədər gətirir. Əgər Rolbon yenidən çıxmışdısa o Sankt-Peterburqun küçələrindən necə keçə bilmişdi ki həbs edilməmişdi? Yarımağıl Pavel əmr etmişdi ki, axşam saat doqquzdan sonra mamaça və həkimlərdən başqa yolda görürən hər kəs həbs edilsin. Yəni Rolbonun guya saraya getmək üçün mamaça cildinə girdiyi mənasız əfsanəyə inanaq? Belə baxanda Rolbon buna qadir idi. Belə ya da elə, sübut edilib ki, qətl gecəsi o evdə olmayıb. Hər şeydən bəlli olur ki, Aleksandr həqiqətən Rolbondan şübhələnirmiş, çünki tac qoyma mərasimindən sonra o hansısa mənasız tapşırıqla markizi Uşaq Şərqə göndərməyə tələsir.

Markiz de Rolbon məni hədsiz bezdirib. Qalxıram. Zəif işıqda hərəkət edirəm və onun əllərimdə, köynəyimin qollarında necə dəyişdiyini görürəm- onun necə iyrənc göründüyünü ifadə edə bilmirəm. Əsnəyirəm. Stolüstü işığı yandırıram- bəlkə onun işığı gün işığını boğdu. Yox, lampa sadəcə öz altlığı ətrafında zəif işıq saçır. Lampanı söndürüb, yenidən ayağa qalxıram. Divarda bəyaz deşik görünür- güzgü. Bu tələdir. Bilirəm ki, bu tələyə düşəcəm. Elə də oldu. Güzgüdə nəsə boz rəngli bir şey peyda oldu. Yaxınlaşıram, baxıram və artıq çəkilə bilmirəm. Bu əks mənim üzümdür. Belə zibil günlərdə mən tez-tez ona baxıram. Bu üzdə heç nə başa düşmürəm. Digər insanların üzlərində məna var. Mənimkində yoxdur. Mən hətta bilmirəm ki, o yaraşıqlıdır yoxsa eybəcər. Deyəsən eybəcərdir, çünki mənə belə deyiblər. Amma bu məni narahat etmir. Məğzinə varsaq üzə belə xüsusiyyətlərin verilməsi məni həmişə hirsləndirir, torpağın bir hissəsini və ya qayanın bir parçasını eybəcər və ya gözəl adlandırmaqla bunun heç bir fərqi yoxdur.

Ümumiyyətlə, bircə şey var ki, gözlərimi sevindirir: yanağımın olduğu cansız sahədən yuxarıda, alnımdan yuxarıda mənim kəlləm gözəl, kürən alovla parıldayır- mənim saçlarım. Bax onlara baxmaq xoşdur. Heç olmasa bunun müəyyən rəngi var və mən kürən olmamdan razıyam. Güzgüdə bu daha çox diqqət cəlb edir- saçlarım parıldayır. Mənim bəxtim gətirib, əgər alnımı qalın, gur saçlar bəzəsəydi- bəziləri belə saçlarla nə etməli olduqlarını, onları sarışınlara yoxsa şabılıdılara aid etməli olduqlarını bilmirlər- mənim üzüm donuq ləkə ilə örtülərdi və bundan iyrənərdim.

Baxışlarım yavaş-yavaş aşağı- alnıma, yanaqlarıma düşür, heç bir sabitlik yoxdur, hamısı qeyri-müəyyəndir. Əlbəttə ki, burun, göz və ağız birlikdədir, və bunlar hamısı mənalarını itiriblər, hətta insan ifadəsini itiriblər. Anna və Belin deyirdilər ki, mənim canlı fizianomiyam var- bəlkə mən ona sadəcə çox alışmışdım. Uşaqlıqda xalam Bijua mənə deyirdi: Güzgüyə çox baxsan meymun görərsən”- güzgüdə gördüyüm meymundan da aşağı dərəcədədi, bu canlı dünyanın kənarında bir şeydir, polip səviyyəsindədir (bağırsağıboşluqlular sinfindən olan dəniz heyvanı). İnkar etmirəm ki, bu da haradasa canlıdır, amma Anni bu canlılığı nəzərdə tutmurdu. Mən hansısa hərəkət görürəm, solğun, böyük bədənin necə titrədiyini görürəm. Belə yaxın məsafədən xüsusilə gözlərim iyrəncdir. Bir az şüşəvari, titrəyən, kor, qırmızı haşiyəli- eynən balıq pulu kimidirlər. Bütün ağırlığımla saxsı çərçivəyə söykənərək, üzümü ona yapışdırmadan yaxınlaşdırıram. Gözlərim, butnum, ağzım itir- insanlıqdan əsər-əlamət qalmır. Möhkəm şişmiş dodaqlarımın hər iki tərəfində qəhvəyi qırışlar, çatlar, qabarcıqlar. Yanaqlarım enli ətrafları yumşaq tüklə örtülüb, burun deşiklərimdən iki tük çıxıb: eynən dağlıq zonaların relyef xəritəsi kimi. Baxmayaraq ki bu şəffaf zona mənə tanışdır. Mən onu xırdalıqlarına qədər öyrənmirəm. Bütün bunlar məndə sadəcə “artıq tanış” hissi yaradır, məni daha çox axmaqlaşdırır və məni yavaş-yavaş yuxuya çəkir.

Mən silkələnmək istəyirəm- canlı, qəfil hiss mənə kömək edə bilərdi. Sol ovcumu yanağıma toxundurub dərimi dartıram- güzgüdə ifadə yaranır. Üzümün yarısı bir tərəfə gedir, ağzımın sol tərəfi əyilir, dişlərimi ağardaraq şişir: açılmış yarğanda ağ qabarcıqlar və çəhrayı, qanaxmalı ət görünür. Mən buna çalışmırdım- yenə də heç bir yenilik, möhkəmlik yoxdur, hər şey yumşaq, elastik və artıq tanışdır! Açıq gözlə yatıram və mənim üzüm güzgüdə böyüyür, böyüyür, bu günəş işığında üzən böyük, solğun parıltıdır.

Az qala tarazlığımı itirərək ayılıram. Stulun üstündə hələ də sərsəm vəziyyətdə oturmuşam. Yəni başqaları da üzlərini öyrənərkən belə əzab çəkirlər? Mənə elə gəlir ki, üzümü bədənimi hiss edən kimi hiss qəbul edirəm- hansısa istifadəsiz, orqanik hisslə. Bəs başqaları? Məsələn elə markiz de Rolbon? Yəni o da madam Janlisin dediyini güzgüdə görəndə yuxulayırdı: onun çiçək xəstəliyindən sonra yaranmış çopurlarla dolu təmiz, qırışlı üzündə markiz onu nə qədər gizlətməyə çalışsa da gözəgirən fırıldaqçı ifadəsi yazılmışdı. O saç düzümü ilə çox məşğul olurdu- madam Janlis əlavə edir- mən bir dəfə də onu pariksiz görmədim. Amma onun yanaqları qara çalarlı göyümtül rəngdə idi, çünki markizin sıx tüləri vardı və o üzünü özü qırxardı, bunu da yaxşı bacarmazdı. Onun Qrimm kimi pudralanmaq adəti vardı. Müsyö Danjevil deyərdi ki, ağla göyün bu qarışığı Rolbonu rokforla(qoyun pendiri)  oxşadır.”

Məncə markiz elə də maraqlı adam olmayıb. Amma madam Şarer onu başqa cür təsvir edirdi. Əgər səhv etmirəmsə madam Şarer onu daha çox rəngsiz adlandırırdı. Ola bilər, öz üzünü başa düşmək mümkün deyil. Bəlkə bu ona görədir ki mən təkəm? Başqa insanlarla ünsiyyətdə olan adamlar güzgüdə özünü dostlarının gözü ilə görməyə alışır. Mənim dostlarım yoxdur- bəlkə elə buna görə mənim bədənim belə açılır? Verməmək, almamaq- hə də, verməmək almamaq, insansız təbiət.

İşləməyə həvəsim yoxdur, əlim heç nəyə yatmır- gözləyəcəm hava qaralsın.


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin