ZAKİRİN İNQİLAB ƏNDİŞƏSİ
Zakirin zamanı Azərbaycanda ticarətin inkişafına və dərəbəyliyin sarsmasına təsadüf edir. Çar Rusiyası sənayei proteqsionizm siyasəti sayəsində get-gedə yüksəlir, daxili bazar genişlənir və Azərbaycan kibi xüsusi sənayedən məhrum bir ölkə də yavaş-yavaş mərkəzin fabrika məmulatilə dolmağa başlayır. Artıq Hacı Qaralar yerli məmulat deyil, fabrika malları satmağa başlayırlar. Ticarət kapitalının artması dərəbəylik təşkilatına böyük zərbələr vurur. “Əsil” və “nəcib” bəyzadələr ticari kapitala boyun əyməyə məcbur olurlar. Heydər bəy kibi zadəgana mənsub bir şəxs toy eləməyə pul tapmayır və borc təmənnası ilə Hacı Qara kibi “alçaq” sinifə mənsub olan bir zatə müraciət eləyir.
Mirzə Fətəli “Hacı Qara”da bəyləri yoxsul və düşgün bir halda göstərir və səbəbini də onların çalışmamasında görür. Heydər bəyin quldurluğunu bilən naçalnik ona nəsihət edir: “Heydər bəy, – deyir, - rahat dur-otur, quldurluq etmə, yol kəsmə, oğurluğa getmə”. Heydər bəy cavabında: “Naçalnik, biz də bu əmrə raqib dəyilik, amma sizə lazımdır ki, bizim kimi nəcib kimsələrə bir çörək yolu göstərəsiniz”. Naçalnik Heydər bəyə çörək yolu göstərir, deyir: “Heydər bəy, cüt ək, bağ becər, alış-veriş elə”. Təbiidir ki, naçalnikin nəsihəti Heydər bəyin heysiyyətinə toxunur. Əmək kibi “alçaq” peşəni Binazor ermənilərinə və lənbəranlılara layiq görür.
Mirzə Fətəlinin heysiyyət deyə irəli sürdüyü məsələ qismən doğrudur: bəylər ata minib yol kəsməni, quldurluq eləməni sinfi şərəf ədd edirdilər. Lakin burada ən böyük amil bəylərin zəhmətə alışmadığından doğurdu. Zakir-Mirzə Fətəli dövründən əvvəl bəylər yaxşı yaşayırdılar,keyfləri yerində idi, çünki rəiyyət bəhrə verər və biyara gedərdi. Ənənəvi “ağa deyir, sür dərəyə – sür dərəyə” şüarı rəiyyət arasında qüvvətli idi. Bəyin hökmü hər yerdə keçirdi. Odur ki, maddi ehtiyac duyulmazdı. Halbuki Zakir – Mirzə Fətəli dövrü bəyləri[ni] düşgünlük və böhran içində görürük.
Təbii o zaman varlı bəylər də az deyildi, lakin bunların da böhran keçirdikləri ədəbiyyata sirayət etmiş[dir]. Zakir bu təşviş içində çarpınan varlı bəylərin nümayəndəsidir. Qocalığa dair yazdığı bir şerində Zakir maddi vəziyyətini böylə təsvir edir:
Zakirəm, türfə xiyabanilə bağım vardır,
Yatmağa-durmağa zəngin otağım vardır,
Nə qədər aş-plov yesə qonağım, vardır…
Zakir mühitin dəyişməsini duyaraq, özgə əməyi ilə toplanan bu zənginliyin baqi qalacağından şübhələnir. Cəfərqulu xan Nəvaya yazdığı məktubunda rəiyyətin “qudurğanlığından” şikayət eləyir:
O kəslər ki, tanımazdı evladın,
İndi famil ilən çağırdır adın.
Gördü ki, bilən yox ağzının dadın
Quyruğa tən edir …lı içəlat…
Zakir rəiyyəti kirli içalata və bəyləri quyruğa bənzədir. Qiymət və məzmun etibarilə quyruq içalatdan yüksək olan kibi, bəyləri də oylə yüksək görür.
Hər halda Zakir nə deyirsə-desin, nə kibi nəzəriyyə yürüdürsə-yürütsün, bəylərin vəziyyətlərinin sarsıldığı göz önündədir. Yenə eyni şerində Sarıcalı kəndinin xalqını eşşəyə, bəyləri ata bənzədir:
Sarıcalı adın gətirmə dilə,
Var imiş Xudadan, əlbəttə, belə,
Eşşək az qalıb çata mənzilə
Anı bundan sonra duta bilməz at…
Zakirin rəiyyət haqqında bu qədər kəskin ləfzlər qollandığının səbəbi aşkardır: fabrika məmulatının ucuzluğu, əl sənətlərini bazardan çıxarır, kəndli məhsulunu satıb tacir yanına yüyürür. İmdi əsli ağalıq zadəganda deyil, burjuaziyada toplanır. Zadəgan özü də burjuaziyaya möhtacdır: mal alır, çox zaman borclu qalır, borcunu belə vaxtında ödəyə bilməyir. Çünki rəiyyət əvvəlki faydanı verməyir. Bəyi saymazlığa başlamış[dır]. Bu dərd əsilzadə Zakiri incidir. Əvvəllər qorxusundan titrəyən kəndli imdi bəyin ağalığına inanmayır. Bu halı Zakir böyük bir kədərlə anladır:
Lağ-lağı deyildim belə, billah, keçən oqat
kəndin zənü mərdi,
Bir nəfsə əyər zərrəcə təqsir ola isbat,
yapraq tək əsərdi.
Hərgah desəydim, özünü get qayadan at,
filfor gedərdi.
Saymaz məni əknun Tükəz oğlu kimi bədzat,
çəkimmi bu dərdi?
Dünyada bu halilə dəxi mən nə qalayım,
yetməzmi bu zillət?
Zakirin zillətinin əsli səbəbi burada göstərdiyi saymamazlıq məsələsi deyil. Zakir iqtisadi vəziyyətinin pozulacağından təşvişə düşür:
Tökülüb çöllərə mülkü malimiz,
Günbəgündən yaman olur halimiz.
Maşallah, gecə-gündüz valimiz
Çalır partapyan, oynayır bilyart.
Zakirin ümidi valiyədir, vali də hərcmərcliyin önünü almaq əvəzində, keyfi ilə məşğuldur.
Nəvaya yazdığı şeri məktubda Zakir bir çox xan-bəy adı sadalayır və deyir ki, bunlar sağ olsaydılar, “nezlik ilə həll olurdu müşkülat”.
Zakirin talesizliyindən dağları dağıtmağa iqtidarları olan bu şəxslər artıq bərhəyat deyillər. Odur ki, kədərlə yazır:
Adəm gedib, ölkə qalıbdır xali,
Qorxuram pis gələ bu işin dali.
Hanı lələ Həsən, hanı Zülfəli?
Kişilər var idi ali dərəcat…
Bu “alidərəcat” adamlar Zakirə lazım idi: onların vasitəsilə, bəlkə də, baş qaldırmış “gədə”ləri susdurardı. Lakin bu mümkün idimi?
İddiayə düşüb hə yetən gədə
Börkünü dik qoyub, danışır hədə.
Hər gün təsadüf etdiyi bu hədələrdən başqa, o zaman Əfqanıstanda baş vermiş üsyan da, şübhəsiz ki, Zakirə fəna bir təsir bağışlamışdı. Bəlkə də, bütün əndişəsi o hadisədən sonra doğmuşdur. XIX əsrin birinci yarısında ingilis ordusu Kabulu və İran qoşunu da Heratı tutmuşdu. 1842-ci ildə əfqanlar üsyan edərək bütün ingilisləri qırdılar və işğal ordusundan yalnız bircə adam qaçıb, canını qurtara bildi. Zakir bu hadisəyə qarşı olan əlaqəsini aşağıdakı şerində bildirir:
İşlər çox yamandı, pənah Xudaya,
Görmədinmi, düşmən aldı araya,
Viran oldu Kabil, dağıldı Herat.
Böyləcə, üsyan ehtimalı qarşısında Zakiri əndişədə görürük. “Asayişi” təmin etməyə təyin olunan çar məmurları Zakirin iztirablarını təskin etməyə müstəid deyillər. Vali keyfə məşğul, murovlar rüşvətxor, bütün məmurlar şərab və kart düşgünü. Bürokratizm çar idarəsini süst və durğun bir hala gətirmişdi:
Ərzə verə bir adəmin pədəri,
Fərzəndinə olmaz zahir əsəri.
Yetmiş ildən sonra nəvvadələri
Məyər ondan tapa bir rahi-nicat.
Çar məmurlarından məyus olan Zakir ruhanilərə də ümid bağlaya bilməyir. Din[in] xüsusi əmlakı tanıyan, fəqirləri səbrə dəvət edən, zülm görənlərə axirətlə təsəlli verən bir qüvvə olduğunu Zakir gözəlcə bilirdi. Ruhanilər vəzifələrini bilərək din ehkamını xalq arasında nəşr etməli idilər. Halbuki Zakir bunu görməyir. Biləks, mollalar məzhəbbazlıq edərək, ixtişaşa səbəb olurlar. Rüşvət burada da əxlaqa hakimdir:
Hamı qavğaları bəhri-drəmi-əqmişədir
Hamı təqvaları şali-əməli-kirmani.
Böylə nümayəndələri olan bir dinin nə kimi təsiri olacağı bəli: etiqad və iman pozulmuş, ənənə yıxılmış, “gədə”lər artıq heç bir müqəddəsata baş əymək istəməyirlər.
Zakir bütün şiddətilə mollalara hücum edir:
Hərci-mərc eylədilər məzhəbi-isna əşəri,
Etdilər zirü-zəbər barəkəyi-imani.
Hər əlif-bey oxuyan adını ruhani qoyub,
Bilməz öz əbcədini, ruhə çəkər sohani.
Alimi, fazili, ustadi, müridi, mürşüd
Nə qədər görsən dövridə-sərgərdani…
Deməli, Zakir nə çar, nə də din məmurlarında nicat yolu görməyir. “Türfə xiyaban ilə bağ” və “zəngin otağı” ətrafında doğan əndişələrini yox etməyə bircə çarə bilir – o da din və millət ayrılığı olmadan bütün mülkədarların “yekzəban” olmasıdır:
Kişi dövlətinə pasiban gərək,
İşarə anlayan, söz qanan gərək,
Bu devridə adəm yekzəban gərək,
Ərməni, müsəlman, tərəkəmə, tat.
Dərin dindar, mötəqid şiə Zakirin ağzından çıxan bu beynəlxalq “yekzəbanlıq”da heyrət yeri yoxdur: zadəgan mənafei bunu tələb edir. Zakir eyni dindən olan “gədələr”ə hücum etməyirmi? Çar-mülkədar hökumətinə qarşı üsyan edən ləzgilər müsəlman deyildilərmi? Zakir silaha sarılıb, “müsəlman” ləzgilərlə müharibəyə getmədimi?..
Əsərlərini tədqiq edərkən, Zakir acı əndişəli bir zadəgan şairi sifətilə qarşımızdan keçib gedir.
Yusif Vəzir
YENİ BAŞLAYANLARA MƏSLƏHƏT
Dostları ilə paylaş: |