K. Bünyadzadə



Yüklə 1,76 Mb.
Pdf görüntüsü
səhifə71/79
tarix19.07.2022
ölçüsü1,76 Mb.
#62818
1   ...   67   68   69   70   71   72   73   74   ...   79
Gəncliyin fəlsəfəsi

 
 
Bir çiçəyin nağılı 
Müdriklərdən biri deyib ki, «Bir çiçək bir aləmdi». Bu 
çiçəyin də bir dünyası, bir tarixi var.
Allah yaratdıqlarının hamısı gözəldir! O, bir çiçəyə 
məxsus ola bilən bütün keyfiyyətlərə malik idi: məsum, 
ecazkar, incə, zərif, rənglərində gözəl bir harmoniya, tam 
açılanda belə sirli-sehirli, min bir ləçəkli, hər ləçəyində min 
bir yaraşıq. Bu çiçək yaranmasına necə sevinirdi, sevənlərin 
əlində oxşandıqca necə nazlanırdı! Bəs necə! Sevən sevənə 
ilk olaraq onu bağışlayırdı, sevgi rəngində idi axı – 
qıpqırmızı, eşq dolu, sevgi ilə döyünən ürək kimi. 
Qərənfiləm mən, 


-222 -
Gözəl güləm mən, 
Yaşıl yarpaqlı, 
Bir sünbüləm mən. 
Bir gün göy guruldadı, şimşək çaxdı. Lap nağıllardakı 
kimi göy yerlə qovuşdu… hər yer qara boyandı. Çiçək öz 
kiçik dünyasından nə qədər boylansa da qaradan başqa rəng 
görmədi. Sanki bütün rənglər silinmişdi yer üzündən. Sonra 
kimsə onu götürüb qapqara asfaltın üzərindəki qıpqırmızı 
qanın üzərinə qoydu, onu dörd tərəfə düzdü, onunla bütün 
küçələri bəzədi. Hər yer qərənfilləşdi… Çiçək anlayırdı ki, 
bu, kimə isə yenə də sevgi payıdır. Amma onu da anlayırdı 
ki, bu bəzəmə adi bəzəmə deyil… O yenə sevgi rəmzi idi, 
…amma bura kədər, göz yaşı da qarışmışdı. Çiçək qürur 
duydu ki, xalq öz qara günündə öz sevdiklərini yenə onunla 
son mənzilə yola salır. Başqa heç bir çiçəyə yox, məhz ona 
üz tutur. Bir vaxtlar o, sevənlərlə sevirdi, indi də onu 
dərdlərinə şərik olmağa, ağlamağa çağırırdılar, «ağla, 
qərənfil, ağla» deyirdilər, onun sınıq, boynu bükük, gözü 
yaşlı, qara yarpaqlı rəsmlərini çəkirdilər, ona bayatılar 
qoşurdular… 
Zaman ən yaxşı əlacdır, – deyirlər. Bir nəğmədə deyil-
diyi kimi: «Dünya köhnə dünyadır, sevgiləri təzədir». Yenə 
sevənlər yarandı. Yenə gənclər sevib-sevildi, bir-birinə 
çiçəklər bağışladı. Xalq qara günlərin qaralığından çıxırdı 
yavaş-yavaş, …ancaq nədənsə çiçəyin qara ləçəyini açmaq 
istəyən yox idi. Artıq sevənlər onu bir-birlərinə ba-
ğışlamırdılar, onu yalnız kədərli günlərdə xatırlayırdılar, 
onun al rəngini yalnız qan rəngi ilə müqayisə edirdilər, onu 
bir xoş gündə, saatda görəndə təəccüblənirdilər, tez giz-


- 223 -
lədirdilər. Kimlərinsə ona ürəyi yanıb ona fərqli rənglər 
verdi: ağ, bənövşəyi, daha nə bilim nə rəng. Ancaq yenə əllər 
ona doğru qorxa-qorxa, titrəyə-titrəyə uzandı. Yenə də onu 
göz yaşlarına şərik olmağa çağırdılar. Sevginin yolları 
bağlanmışdı onun üzünə. Sanki o, elə bu kədərlə, göz yaşı ilə 
qoşa doğulubmuş. İçindən bağırıb hər kəsin yadına salmaq 
istədi ki, axı onun da sevən bir qəlbi var, o, matəm çiçəyi 
deyil, o, daha ağlamaq istəmir, o, əvvəlki rəngli günlərinin 
qayıtmasını istəyir! Ancaq onu eşidən bir kimsə görmədi – 
onun satış yerlərini belə qəbirstanlıqların girişlərində 
yerləşdirdilər.
Beləcə çiçəyin çiçəkli günləri bitdi. O, qayğılı, hər kə-
sin dərdinə qalan bir …ürəyə çevrildi, içindən qara qanlar 
axan, öz dərdinə şərik tapmayan bir ürəyə.
Çiçəyin yadına o qara günlərin ani bir mənzərəsi düş-
dü. Kiminsə kiçik barmaqları onu qara asfaltın üzərindən 
götürüb bir şəkil albomunun vərəqləri arasında gizlətmişdi. 
Uşaqlıq şəkilləri idi. Albomun vərəqləri bir də açılmadı… və 
o, qaranlıqda qaldı. O vaxtlar çiçək bir şey anlamamışdı. İndi 
anlayırdı. O qurumuş çiçək zamanı dayandırmışdı, ya da bir 
nöqtə qoymuşdu… uşaqlığa, sevgiyə, rəngli dünyaya.
«Bir çiçək bir aləm imiş». Gözəl deyib Əbu Turxan. 
Amma maraqlıdır, öz qəmli tarixini qana-qana yaşayan çi-
çəkdə çiçəyə məxsus keyfiyyətlər qalırmı? Ya da bu keyfiy-
yətləri solmuş çiçəyə yenə çiçək deyilirmi?


-224 -

Yüklə 1,76 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin