Qırıq qanad
Bir mələk yarandı nurdan, işıqdan. Bir mələk yarandı
ən gözəl hikmətdən. Bir mələk yarandı ən ali bir niyyətdən.
Mələk nur payını ala-ala nurlandı, böyüdü, qanadlanıb
pərvazlandı, göyün qatlarını gəzdi dolaşdı, özü kimilərindən
başqalarını görmədi. Bir gün Yaradana yaxın bir məqamda
bir qapı görüb ora girdi. Nə maraqlı yerdi bura! Bura dolu idi
ideyalarla, həqiqətlərlə! İlahi bir qüvvə ilə Vahid həqiqətin
bu zərrələri min bir çeşidə salınıb hara isə göndərilirdi. Ara-
sıra geri dönən həqiqətlər də olurdu. Vətən həsrətindən
alışıb-yanan bu həqiqətlər fərəhdən başqa həqiqətlərlə
qucaqlaşır, uçuşurdular.
– Hara gedir bu həqiqətlər?
– Aşağı, maddi dünyaya.
– Maddi dünyada nə var ki?
– İnsan.
– Nə səbəbə onlara göndərilir?
– Sən bilmirsənmi, Uca Yaradan hər şeyi onların
xidmətinə verib?
– Bəs bunlar niyə rənglənir, çeşidlənir?
– Bu rənglər, çeşidlər gözlər üçündür. Həqiqətlər hər
insana verilsə də, heç də hamısı onları dərk edib tanımır,
- 231 -
rənglər aldadır onları. Allah insanlara könül deyilən bir şey
də verib, onlar ancaq onunla baxanda bu rənglərin, çeşidlərin
altındakını görə bilirlər. Görəndə bura yolları açılır. Bura
qalxanda isə öz insanlıqlarının mənasını dərk edirlər.
– Bunlar nəyin həqiqətidir?
– Bilmirəm. Onu ancaq Allah, bir də Onun yerdəki
xəlifəsi – İnsan bilir.
Mələk bu uçuşan sonsuz həqiqətləri tanımaq istədi, bu
istəkdən qanadları nur saçdı:
– Mən də insan olmaq istəyirəm.
– Olmaz, Allah səni mələk yaradıb.
– Allah üçün imkansız bir şey yoxdur. O, bir şeyə «Ol»
desə, olar.
Dua o qədər səmimi edildi ki, Allah eşitdi və «Ol», –
dedi. Amma onun mələkliyi də əlindən alınmadı, kiçik şəffaf
qanadları, nurdan olan ürəyi yerində qaldı. Allah ona sadəcə
…ağıl verdi, bildiyi bütün adları ona da öyrətdi, bütün
mələkləri, yaradılmışları ona səcdə etdirdi. Göylərdə heç kim
bilmədi ki, bu, lütfdür, yoxsa sınaq.
Yerə enən mələyin gözləri əvvəlcə qamaşdı: burada nə
çox rəng vardı, hər şey nə gözəldi, ilahi. Bir anlıq əvvəl gör-
düklərini, eşitdiklərini – hər şeyi unutdu. Hər şeyi qucaq-
lamaq istədi, mənimdir deyə qışqırmaq keçdi ürəyindən…
Amma bu istək ürəyindəki nura toxunan kimi əriyib yox
oldu. Mələk hər şeyi xatırladı. Rənglərin altındakı işığı sezdi,
səs-küyün arasından harmoniyanı duydu… Ürəyinin nuru
daha da artdı, bu nurun işığında ta göylərdəki həmin qapını
gördü… Kimsə onu itələdi:
– Yolumu kəsmə.
-232 -
Yoldan ötən bir insan idi, işə tələsirdi, bir tikə çörək
qazanmağa. Çəkildi, ancaq indi də başqasının rahatlığını
pozdu. Ətrafa boylandı. İnsanlar qaynaşırdı. Hamı rənglərlə
əlləşirdi, amma onların altındakına fikir verən yox idi. İstədi
onlara gördüyü həqiqət aləmindən danışsın.
– Boş-boş dayanmaqdansa, bir işə yara, – deyə əlinə
bir bel verdilər.
«Mən güllər əkəcəm, insanlara həqiqətləri xatırladan
güllər. Mən ağaclar əkəcəm, malik olduqları hikməti
yadlarına salmaq üçün», – deyə sevincək düşündü.
– Burada bir quyu qaz, keçən olmasın, – əmr etdilər.
– Mən, mən…, – deyə kəkələdi. Kimsə ona əhəmiyyət
vermədi.
Qaza bilmədi, ürəyindəki nur qoymadı. Quyu qaza bil-
mədiyini görüb:
– Hə, sən alimsən, – deyib əlinə qələm verdilər.
«Mən gördüklərimi, eşitdiklərimi yazacam, hər kəsin
könül gözünü açacam», – deyə sevincək qələmi götürdü.
İlk hərfindəcə onu saxladılar:
– Sənin yazdığın bizə maraqlı deyil, insanlar üçün ak-
tual olan, cəmiyyətə xidmət edən şeylərdən yaz, – deyə əmr
etdilər.
– Mən fikirləşdim ki…
– Sən fikirləşmə, bu sənə çörək verməz, sənə nə əmr
edirlər, onu yaz.
Yazmaq istəmədi, amma… Mələk ac idi, susamışdı,
üşüyürdü… və yazdı. Nə dedilər onu yazdı. Nur dolu ürəyi
qana boyandı, şəffaf qanadları narahat-narahat xışıldaşdı. O,
hər şeydən yazırdı, amma bu yazdıqlarında əvvəllər görüb-
eşitdiklərinin heç izi-tozu da yox idi. Ürəyindəki nur
- 233 -
solğunlaşır, qolları daim məşğul olduğundan qanadları
sızıldaşırdı.
– Bir az qanadlarımı açmaq üçün uçsam nə olar?
– Sən dəlisən. Bu kimə lazımdır? Qanadların çox in-
cədir, günəş yandırar, – deyib qanadlarına qurğuşun
bağladılar.
Əvvəllər qurğuşunun ağırlığını hiss etmirdi. İçində və-
təninin həsrəti alışıb-yandıqca qanadları gərilir, ancaq heç
cür bu ağır qurğuşundan qurtula bilmirdi. Bir gün son
gücünü yığıb qanadlarını qaldırmaq istədi və …qurğuşunun
ağırlığından qanadları sındı, iki yanına düşdü.
İllər keçdi, mələk tanınmış bir alim oldu. Hamı onu
sevdi, hörmət etdi, onu həqiqi alim, insan adlandırdı. Bircə o
bilirdi ki, ora, yuxarı qalxmasa, o qapıdan girməsə insan
olmayacaq. Ancaq bilmirdi bu necə olur. Əllərini açıb
Allahdan kömək dilədi.
Göydən onun yardımına gəldilər:
– Niyə sındırdın qanadlarını?
– Uçmaq istəyirdim.
– Sən insan olduğunu niyə unutdun? İnsanlar mələklər
kimi uçmurlar, uçmaq istəyənlərin sənin kimi qanadlarına
qurğuşun bağlayırlar. İnsanlar fərqli uçurlar. Axı Allah sənə
bizə vermədiklərini verdi. Onlardan niyə istifadə etmədin?
– Bura fərqli bir yerdir. Orada yuxarıda hər şey gözəl-
dir, ucadır, burada hər şey toza-torpağa bulanıb. Burada
MƏN yoxdur, müdir və işçi var. Burada harmoniya yoxdur,
əmr və itaət var. Allahın əmri unudulub, insanlar əmr edir,
Allaha deyil, insanlara itaət edilir. Hamı kardır, kordur,
rənglərlə oynayırlar, həqiqətə baxan yoxdur.
-234 -
– Gözəl yerdə oturub gözəl qalmaq asandır. Bu toz-
torpaqdan o ucalığa yüksəlmək ancaq insanın hünəridir.
Mələyin ürəyi sızıldadı, torpağa bulaşmış sınıq qa-
nadları titrəşdi.
– Mən daha insan olmaq istəmirəm, yenə mələk olmaq
istəyirəm.
– Gecdir. Səndə ağıl deyilən ağır bir yük var. Ondan
düzgün istifadə etməyəndə sənin kimi qanadları sınır, nə
insan olur, nə mələk.
– Bəs mən neyləyim?
- Bilmirəm, bunu ancaq insanlar bilir.
Mələk sınmış qanadlarına, onu ayrı düşdüyü vətəninə
geri götürə biləcək yeganə vasitəsinə baxdıqca içindəki
ümidlərin telləri bir-bir sınırdı. Ürəyində bir nur zorla közər-
di: «Allah heç kəsə daşıya bildiyindən artıq yük vermir».
– Deməli, Allah mənə güc verib, mənim xəbərim
yoxdur… hanı, hardadır? – ətrafa boylandı.
– Mən burdayam – içindən zəif bir səs gəldi. Ürəyi idi,
ürəyinin içindəki könlünün səsi idi.
– Artıq gec deyilmi?
– Allah üçün zaman yoxdur. Bir şeyə «Ol» dedisə,
olar.
– Mən neyniyim?
– Qoy ürəyindəki nur ağlına qarışsın, ağlının dedikləri
bu nurla yoğrulsun, ağır yükün sənin zinətinə çevrilsin. Sən
insansan, mələk qanadlarına ehtiyacın yoxdur, könlün ağlına
elə bir qanad ola bilər ki, ona heç bir qurğuşun bağlanmaz.
Mələk ilk dəfə idi könlünün səsini eşidirdi və bu səs-
dən yenidən doğulurdu, …yeni qanadlarla, yeni arzularla və
…insan kimi.
- 235 -
Dostları ilə paylaş: |