İstehsalçı və ya tacir (tapşıran) ilə sənətkarlıq şəklində müstəqil fəaliyyətlə məşğul olan şəxs (konsessioner) arasında elə bir ümumi razılaşmadır (birtipli müqavilədir) ki, onun əsasında konsessioner aşağıdakıları öhdəsinə götürür: -tapşırandan müəyyən malları (kontrakt mallarını) vaxtaşırı satın almaq; -bu malları öz adından və öz hesabına başqasına satmaq; -bu zaman kontrakt mallarını müəyyən ərazilərdə və (və ya) müəyyən müştərilərə (müqavilə ərazisi və müqavilə müştəriləri) satmaq. Onların barəsində tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir, konsessioner isə tapşıranın mallarının onun nəzarəti altında satışına qarantiya verməlidir.
Kommersiya konsessiyası (françayzinq) müqaviləsi ondan ibarətdir ki, bir sahibkar (hüquqa malik olan) özünün firma vasitələrindən: firma adından və kommersiya işarələrindən, əmtəə nişanından, xidmət nişanından, müəyyən mükafatla digər sahibkara (istifadəçiyə) sahibkarlıq fəaliyyətində istifadə etmək hüququnu, qorunan kommersiya informasiyasını (nou-hau) verir, həmçinin məsləhət verməyi və biznesin təşkilində yardım edilməsini öhdəsinə götürür.
Kommersiya konsessiyasının mənası – hüquqa malik olanın işgüzar adından və kommersiya təcrübəsindən istifadə etməklə istifadəçimüəssisənin mənfəətini artırmaq üçün ona əlverişli şərait yaradılmasından ibarətdir.
Kommersiya konsessiyası müqaviləsinin iştirakçıları kimi kommersiya təşkilatları (hüquqi şəxslər), həmçinin hüquqi şəxs olmayan fiziki şəxslər çıxış edə bilərlər.
Kommersiya konsessiyası müqaviləsi aşağıdakı əsas növlərdə ola bilər:
- istehsalat – malların istehsalının inkişaf etdirilməsi və onların yeni bazarlara yeridilməsi üçün;
- satış – istehsalçının nəzarətində olan geniş şaxələnmiş satış şəbəkəsinin yaradılması üçün;
- ticarət – hüquqi cəhətdən müstəqil olan firma mağazalarının açılması üçün;
- xidmət sahəsində - hüquqi cəhətdən müstəqil olan mehmanxana, restoran, emalatxana şəbəkələrinin açılması üçün.
Kommersiya konsessiyası müqaviləsi yazılı formada bağlanılır və müqavilə üzrə tərəflərin öhdəlikləri aşağıdakı qaydada bölüşdürülür:
a) hüquqa malik olan:
- istifadəçiyə kommersiya və texniki sənədləri verir, lazımi informasiya ilə onu təchiz edir və konsessiya müqaviləsi ilə nəzərdə tutulan məsələlər üzrə məsləhətlər verir;
- istifadəçiyə müvafiq lisenziyalar verir;
- daimi olaraq istifadəçiyə yardım göstərir, o cümlədən, heyətin öyrədilməsi məsələlərində;
- digər şəxslərə oxşar konsessiyaları vermək hüququna malik olmur;
- istifadəçi tərəfindən istehsal olunan məhsulun və xidmətin keyfiyyətinə nəzarət edir.
b) istifadəçi:
- hüquqa malik olanın firma adından, kommersiya işarələrindən, əmtəə və xidmət nişanından istifadə edir, bunun barəsində alıcılara məlumat verir;
- konsessiya müqaviləsi ilə nəzərdə tutulan məsələlər üzrə hüquqa malik olanın təlimatlarına və göstərişlərinə əməl edir;
- buraxılan məhsulun və göstərilən xidmətlərin müqavilə ilə nəzərdə tutulan keyfiyyətini təmin edir;
- hüquqa malik olanla ticarət sahələrinin xarici və daxili tərtibatını və onların yerini razılaşdırır;
- hüquqa malik olanla rəqabət aparmamağı və onun rəqiblərindən konsessiya müqaviləsindəki hüquqlara oxşar olan hüquqları almamağı öz öhdəsinə götürür;
- hüquqa malik olandan aldığı məxfi informasiyanı açıqlamamağa söz verir.
İstifadəçi malın və xidmətin satış qiymətini müstəqil olaraq müəyyən etmək hüququna malikdir; o, hər hansı bir yolla alıcıların dairəsini məhdudlaşdırmaq hüququna malik deyildir.
Kommersiya konsessiyası hüquqa malik olan və istifadəçi qarşısında geniş perspektiv imkanlar açır.
Hüquqa malik olan-müəssisə kommersiya fəaliyyətinin genişləndirilməsinə vəsait əldə edir, bütün dünya üzrə çoxsaylı bölmələr yaratmaq, onları qeydiyyatdan keçirmək, satış üçün yer almaq, işçi heyətini yığmaq zəruriyyəti azad olur. Eyni zamanda hüquqa malik olan istifadəçi-müəssisələr üzərində lazımi nəzarəti əldə edir. Bazar qısa müddət ərzində keyfiyyətli mal və xidmət alır.
İstifadəçi-müəssisə, hüquqi şəxs olaraq qalmaqla, tanınmış firmanın hazır nüfuzunu (imicini), onun alıcılarını və müştərilərini, rəqabət mübarizəsində güclü silah əldə edir. Bütün bunlar dövriyyəsinin tezləşməsinə, investisiyaların özünü doğrultmasına, sahibkarlıq riskinin aşağı salınmasına gətirib çıxarır. Françayzinqin xırda sahibkarlıqda xüsusi olaraq yayılması bununla izah olunur.
Kommersiya konsessiyası neqativ nəticələrə də gətirib çıxarır. Onlardan ən əsası – konsessiya istifadəçisi tərəfindən istehsal olunmuş, firma nişanına görə prototipdən fərqlənməyən, lakin bir qayda olaraq, aşağı keyfiyyətdə olan malların bazarda peyda olmasıdır. Bu isə hüquqa malik müəssisəyə olan inamı azaldır, onun bazarını dağıdır, rəqiblərə əlavə üstünlüklər verir.