Nitq normalarının tarixiliyi
Norma tarixi kateqoriyadır. Məsələn, XX əsrin 30-cu illərinə qədər Azərbaycan ədəbi dilinin fonetikasında sağır nun adlı bir səs var idi, əlifbada xüsusi hərflə göstərilirdi: (H). Bu səs XX əsrin 30-cu illərindən sonra fonetik normativliyini itirdi.
Yaxud bir neçə il bundan əvvəl ədəbi dildə fəal işlənən sosializm, kommunizm, kolxoz, sovxoz və s. kimi sözlər artıq fəal nitq prosesindən çıxmışdır.
Ədəbi dilə aid müəyyən istisnalar da mövcuddur:
öz dövrünü keçirmiş nitq vahidləri üslublarda «ilişib» qalır;
yeni nitq vahidləri bir müddət normativləşmir.
Azerbaycan edebi dilinin tesekkulu
Azərbaycan dili İran İslam Respublikasında yaşayan 30 milyondan artıq azərbaycanlının da ana dilidir. Rusiyada, ABŞ-da, Türkiyədə və Qərbi Avropa ölkələrində bir neçə milyon azərbaycanlı yaşayır. Bir neçə yüzilliklər ərzində müxtəlif ölkələrin sakinləri olmalarına baxmayaraq, bu gün də hansı ölkədə yaşamalarından asılı olmayaraq, azərbaycanlılar bir-birilərini sərbəst anlayırlar. Beləliklə, yer üzündə hazırda Azərbaycan dilində danışan 50 milyondan çox adam yaşayır.
Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və qaqauz dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri arealının cənub-qərb qrupunu təşkil edirlər.
Azərbaycan dili böyük inkişaf yolu keçmiş qədim ədəbi dillərdən biridir. "Kitabi-Dədə Qorqud" dastanlarının dili ədəbi dilimizin şifahi növü kimi qəbul edilərsə, hazırda xalqa ünsiyyət vasitəsi kimi xidmət edən dilin yaşı 1300 ildən çox sayıla bilər. Azərbaycan yazılı ədəbi dilinin tarixi isə hələlik əldə olan materiallara görə XIII əsrdən başlayır.
Azərbaycan ədəbi dili öz 800 ilə yaxın inkişafı müddətində iki böyük dövrü əhatə edir. Əski dövr adlandırılan birinci dövr XIII əsrdən XVIII, yeni adlandırıla bilən ikinci dövr isə XVIII əsrdən yaşadığımız günlərə qədər olan bir dövrü əhatə edir.
Birinci dövr Azərbaycan ədəbi dilinin xidmət göstərdiyi areal öz iriliyi ilə fəqlənir. Həmin dövrün Cəlayirlər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər kimi Azərbaycan dövlətlərinin saray və ordu dili olan bu dil bütün Ön Asiyada ədəbi dil kimi xidmət etmişdir. Bu dövr Azərbaycan ədəbi dili yeni dövr Azərbaycan dilindən öz dilxarici (ekstralinqvistik) xüsusiyyəti ilə yanaşı dildaxili (linqvistik) özümlükləri ilə də seçilir.
Hər iki dövrün ədəbi dili öz növbəsində müxtəlif mərhələləri əhatə edir.
Birinci dövr Azərbaycan dili öz inkişafında iki mərhələdən keçmişdir:
1) Ədəbi dilin təşəkkül mərhələsi (XIII-XIV əsrlər),
2) Klassik şeir dili mərhələsi (XV-XVII əsrlər).
İkinci dövr Azərbaycan dili isə üç mərhələni əhatə edir:
1) Ədəbi dilin xəlqiləşməsi mərhələsi (XVIII əsr),
2) Milli dilin yaranması və inkişafı mərhələsi (XIX-XX əsrin əvvəli),
3) Müasir mərhələ (XX-XXI əsrin əvvəli).
Yeni dövr. Azərbaycan dili böyük inkişaf yoluna özünün ikinci inkişaf mərhələsində (Milli ədəbi dilin təşəkkülü və inkişafı mərhələsində) çıxır. Bu dildə şeirlə yanaşı, nəsr və dram əsərləri yazılır, qəzet və jurnallar nəşr edilir, o bəzi rəsmi sənədlərdə, elmi tədqiqatlarda da işlənməyə başlayır. O dövrdə Azərbaycana gələn xaricilər, ruslar və almanlar da ona maraq göstərir, bəziləri bu dili öyrənməyə başlayır. Məsələn, rus şairləri Lermontov, Bestujev-Marlinski, alman şərqşünası Bodonştedt. Sonuncusu XIX əsr Azərbaycan şairi Mirzə Şəfidən Azərbaycan dilini öyrənir və onun şeirlərini almancaya tərcümə edərək Berlində ayrıca kitab şəklində nəşr etdirmişdir. Orta əsrlərdə əski Azərbaycan dilinə aid tərcümə lüğətləri və qrammatik tədqiqatlar aparılmış olsa da, Azərbaycan dilinə aid elmi əsərlər və dərsliklər XIX əsrdən etibarən yazılmağa başlayır. Mirzə Kazımbəyin rusca yazdığı "Türk-tatar dilinin ümumi qrammatikası" əsəri məşhurdur. M.Vəzirovun, L.Budaqovun, Q.Makarovun, N.Nərimanovun, M.L.Məmmədovun, S.M.Qəniyevin Azərbaycan dilinə aid dərslikləri də rus dilində yazılmışdır. L.Budaqovun ikicildlik lüğəti də ("Сравнительный словарь турецко-татарских языков") var. M.Əfşarın Azərbaycan dilinə aid "Fənni-sərfi-türki" ("Türk dilinin qrammatikası") adlı dəyərli əsəri isə azərbaycancadır.
Verbal ve qeyri-verbal kommunikasiya
Öz fikrini dəqiq çatdırmaq, ünsiyyət yaratmaq üçün müasir insan nitqdən istifadə edir. Belə kommunikasiya forması verbal (lat.”şifahi”) kommunikasiya adlanır və ənənəvi olaraq nitq kommunikasiyasının əsas forması sayılır. Ünsiyyətin bu növü bizim gündəlik danışığımız, dilimizidir. Mütəxəssislər qeyd edir ki, müasir insan gün ərzində təxminən 30 min söz tələffüz edir.
Dilin kəşfi ən böyük uğurdur. Lakin bununla belə tələffüz etdiyimiz sözlər hələ “tam” mənzərə yaratmır. Bir çox hallarda sözlərdən daha çox əl-qol, bədən hərəkəti, yəni qeyri-verbal kommunikasiya işarələrindən istifadə edir. Antropoloq Rey Bredvistelin tədqiqatları göstərir ki, ünsiyyət zamanı deyilənlərin 30-35%-i sözlə, 65-70%-i isə qeyri-verbal vasitələrin köməyi ilə çatdırılır.
ünsiyyət zamanı informasiya mübadiləsini həyata keçirmək üçün optiki-kinetik işarələr sistemi özünəməxsus yer tutur. Təsadüfi deyildir ki, beynəlxalq əlaqələrin inkişafı müxtəlif dillərə malik olan insanların ünsiyyətində, informasiya mübadiləsində çətinliklər yaradır. Bu cür çətinliyi aradan qaldırmaq üçün müxtəlif ölkələrdən olan insanların başa düşə biləcəyi simvollardan istifadə edilir. Bu məqsədlə o qədər də çətin olmayan görmə simvolları dünya miqyasında geniş yayılmışdır. Bu cür simvollara aeroportlarda, avtotraslarda daha çox rast gəlmək olur. Həmin simvolların köməyi ilə insanlar dayanacaqlar, yeməkxanalar, yanacaq və təmir yerləri və s. Barədə məlumat əldə edirlər. Optiki-kinetik işarələr sisteminin qeyri-verbal ünsiyyət vasitəsi kimi geniş yayılmış vasitələrdən üzün və bədənin ifadəli hərəkətlərini xüsusilə qeyd etmək lazım gəlir. Bunlardan diqqəti xüsusilə cəlb edəni üzün ifadəli hərəkətlərindən-mimikadan ibarətdir. Mimika (yunanca mimos, təqlid, sifətin dəyişilməsi deməkdir) sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş,göz,yanaq,dodaqlar və s. sifətin bu və ya digər dərəcədə lokal mimika sahələri hesab olunur. Sifətin həmin sahələrini müəyyən vəziyyətə gətirməklə ünsiyyətdə olduğumuz adama bu və ya digər cisim və hadisəyə nə kimi münasibət bəslədiyinizi çatdırırıq. Müxtəlif mədəniyyət və sosial inkişaf pilləsinə malik olan insanlar bunları müxtəlif şəkildə dərk edirlər. Məsələn, başımızı yuxarıdan aşağıya hərəkət etdirdikdə razılıq,təsdiq, yanlara hərəkət etdirdikdə narazılıq,inkar kimi başa düşülür,şərh olunur.
İnsanların müxtəlif birliyində,o cümlədən dərs zamanı qeyri-verbal ünsiyyət vasitəsi kimi müxtəlif intonasiyalardan, bir anlığa danışığı dayandırmaqdan, öskürməkdən və s. dən istifadə edilir. Məsələn, mühazirə zamanı tələbələrin müəyyən hərəkətlərinə narazılığını bildirmək üçün müəllimin səs tonunu yüksəltməsi, alçaltması, bir anlığa danışığını dayandırması, öskürməsi tələblərin sakitləşməsinə, müəllimin nə demək istədiyini başa düşmələrinə səbəb olur. İnsanın geyimi, paltarı da onu əhatə edənlərə onun əhvalı , hissləri , nə demək istəməsi, ədası barədə məlumat verir.
İnformasiya mübadiləsində qeyriverbal ünsiyyət vasitələrinin rolu əvəzsizdir. Gözlərin təması, isti və ya soyuq baxışlar ünsiyyət məqamında nələri demir? İnsanın şəxsi məkanında da elə bu istilik və ya soyuqluq çalarları bilavasitə bərq vurur. Əllərin rəqsinin ünsiyyət məqamında öz əlifbası var. Dilin kəşfi ən böyük uğurudur. Lakin, bununla belə, bizim tələffüz etdiyimiz sözlər hələ “tam” mənzərə yaratmır. Qeyri-verbal kommunikasiya bir çox hallarda bizə sözlərə nisbətən daha çox məlumat verir. Bu, necə deyərlər, iki tərəfli prosesdir: insanlar, bir tərəfdən, özünün gündəlik həyatında sifətin ifadəsi, səsin tonu, jestlər,poza və bədən hərəkətləri, təças və baxışlar kimi qeyri-verbal ünsiyyət vasitələrindən istifadə edirlər. Digər tərəfdən, başqa adamların qeyri-verbal davranışını elə onların ölçüləri ilə qiymətləndirirlər.
Azerbaycan dilinin resmi isguzar uslubunun xususiyyetleri
Rəsmi işgüzar üslub Azərbaycan ədəbi dilinin ən ənənəvi üslublarından biridir. Bu üslub qanuna, sənədləşmə işlərinə (o cümlədən işgüzar yazışmalara), hüquq münasibətləri sahəsinə xidmət edir. Obyektivliyə, ümumiləşdirməyə, təqdimatın məntiqi təşkilinə, semantik aydınlığa, birmənalılığa və əminliyə meyl göstərir. Rəsmi işgüzar üslub dövlətlə dövlət arasında, dövlətlə vətəndaşlar, vətəndaşlarla vətəndaş arasında rəsmi sənədli əlaqə vasitəsidir. Bu üslubun hər bir mətni bir sənəd xarakterinə malikdir. Buna görə rəsmi işgüzar üslub ciddi ifadə standartlarından istifadə edir. Bu üslubun bütün mətnləri resept xarakterlidir və bütün üslublardan ən mühafizəkarıdır. Digər üslublarda daim müşahidə olunan dil dəyişiklikləri burada çox yavaş və nadir hallarda baş verir. Bu üslub bir neçə alt üsluba bölünür:
• diplomatik işgüzar üslub;
• sənədli işgüzar üslub;
• gündəlik işgüzar üslub.
Diplomatik işgüzar üslub beynəlxalq müqavilələrdə, konvensiyalarda, bəyannamələrdə, memorandumlarda və etimadnamələrdə istifadə olunur. Bu alt üslub xüsusi beynəlxalq terminlərin istifadəsi ilə xarakterizə olunur.
Sənədli işgüzar alt üslub (və ya "qanunlar dili"nin alt üslubu) qanunların, mülki aktların, fərmanların, məcəllələrin, konstitusiyaların dilidir. Bu alt üslub dövlət və ictimai təşkilatların və vətəndaşların vəzifəli şəxs olaraq (rəsmi sənədlərində) fəaliyyətində istifadə olunur.
Gündəlik işgüzar üslub (və ya inzibati-kargüzarlıq, eləcə də ofis əsaslı) inzibati aktlarda, göstərişlərdə, əmrlərdə, müqavilələrdə – həm əmək, həm də kollektivdə, kargüzarlıq sənədlərində, təşkilatlar arasındakı işgüzar yazışmalarda və şəxsi yazışmalarda istifadə olunur. Bu alt üslubda sənədin tərtibi üçün tələblərin ciddiliyi əvvəlki alt üslublara nisbətən bir qədər yumşaqdır.
Rəsmi işgüzar üslubun əsas xüsusiyyətləri:
dəqiqliyi, təqdimat detalları;
təqdimatın standartlaşdırılması;
təqdimatın məcburi-tövsiyə xarakteri.
Rəsmi işgüzar üslub xidmət sahəsinin, ictimai həyatın, o cümlədən xarici əlaqələrin, ticarətin və xüsusi mülkiyyətin konsolidasiyasının ən vacib tərəfləri olduğuna görə digər yazılı üslublar arasında xüsusi bir yer tutur. Azərbaycan dilində rəsmi işgüzar üslubun formalaşmağa başlaması müxtəlif sazişlərin, aktların, müxtəlif müddəaların icrası və yazılı konsolidasiya (birləşmə, həmrəy olma və müştərək hərəkət etmə; vahid ideya və maraqlar uğrunda mübarizə aparan qüvvələrin ümumi məqsəd naminə birləşməsi) ehtiyacından qaynaqlanır. İşgüzar ünsiyyətin formalaşmış özünəməxsus "dili" özünəməxsus xüsusiyyətlərini özündə saxlayır, zaman keçdikcə çox yavaş-yavaş zamanla və həyat tərzinin dəyişməsindən yaranan müəyyən dəyişikliklərə məruz qalır.
Rəsmi işgüzar üslubda rəsmi və işgüzar sənədlər. Rəsmi işgüzar üslub rəsmi və işgüzar sənədlərin dil xüsusiyyətləridir. Ona görə də rəsmi və işgüzar sənədlərinin dil təzahürünə rəsmi işgüzar üslub deyilir. Bu üslubun əsas göstəricisi fikrin standart formalarla, yığcam verilməsidir. Standartlıq və yığcamlıq bu üslubun bir qədər quruluğunu göstərir. Rəsmi işgüzar üslubda artıq sözlər, obrazlı, poetik ifadələr işlədilmir, fərdi nitq ünsürlərindən uzaq qaçılır. Bu üslubun normallığı möhkəmdir. Ancaq lüğət tərkibi yığcam, sintaksisi məhduddur.
Tercumeyi hal, xasiyyetname, arayis haqqinda
Dostları ilə paylaş: |