İstiqaməti bildirən metaforalar məkanda olan qarşılaşdırmaları göstərir: yuxarı – aşağı, ön tərəf – arxa tərəf. Məsələn, xoşbəxtlik konsepti yuxarı yönələn istiqaməti göstərir: göyün yeddinci qatında olmaq, sevincindən uçmaq, sevincindən hoppanmaq; bunun əksinə qəm-qüssə isə aşağı yönələn istiqaməti göstərir: ruhdan düşmək, qaş-qabağı yerlə getmək və s. İstiqamət bildirən metaforalar qeyri-ixtiyari deyil, bizim ətraf aləmlə qarşılıqlı əlaqəmizdən yaranan təcrübədən irəli gəlir. Məsələn, insanın halı pis olanda başını aşağı salır, çiyinlərini sallayır; əksinə halı yaxşı olanda başını dik tutur və s.
Ontoloji metaforalar ən geniş yayılmış növdür. Bunlara misal olaraq mücərrəd mahiyyəti, konkret mahiyyəti dərk etmək, izah etmək hadisələrini göstərə bilərik:
İnflyasiya – mücərrəd anlayışdır; Yaşayış səviyyəmizi aşağı salır; inflyasiya artsa biz sağ qalmarıq; inflyasiya iqtisadiyyata ziyan vurur və s.
Görüş dairəsi – ora yerləşə biləcək qab kimi başa düşülür. Məsələn, görüş dairəmdə saxlayıram; Görüş dairəsində gəmi göründü və s.
Ontoloji metaforalara aiddir: cansız hadisə və əşyaları, mücərrəd anlayışları canlandırmaq, şəxsləndirmək; insanın hərəkətlərini, keyfiyyətlərini bildirən terminlə izah etmək. Məsələn, həyat məni aldatdı; dərd çəkmək; qorxu insanı bürüyür; qorxu ilə mübarizə eləmək; inflyasiya bizim gəlirlərimizi yeyir; onun dini ona fransız şərabları içməyə qadağan edir.
Struktur metaforalar. İstiqaməti bildirən və ontoloji metaforalarla müqayisədə struktur metaforalar sfera-hədəf haqqında daha çox məlumat verir. Eyni anlayış müxtəlif struktur metaforalarla izah oluna bilər. Yəni, biz sfera-hədəfə bir neçə sfera-mənbə aid edə bilərik:
Zaman-vaxt puldur; zaman məhdud vəsaitdir (məqsədlərə çatmaq üçün məhdud vəsaitdir); zaman itirilə biləcək və ya qorunub saxlana biləcək bir dəyərdir. Yəni, pul məhdud vəsaitdir; məhdud vəsaitdirsə həmişə dəyərlidir. Lakin digər metaforaların şərhində belə əlaqələri izləmək olmur. Məsələn,
Zaman-vaxt tərpənməyən, insana tərəf hərəkət edən bir obyekt kimi başa düşülür: bir vaxt gələcək ki; bir gün olacaq ki; vaxt tez uçur. Və ya əksinə, vaxt bir tərpənməyən yoldur ki, insan onun üzərində gələcəyə doğru gedir; bir ilin sonuna yaxınlaşırıq; yeni ilə qədəm qoyuruq və s.
Burada ziddiyyətlər hiss olunmur. Məsələn, real həyatda vaxt pul deyil, çünki puldan fərqli olaraq zamanı geri qaytarmaq olmur; insanın sizə sərf etdiyi zamanı onun özünə qaytarmaq mümkün deyil, qarşılıqlı olaraq həmin insana ona sərf etdiyi qədər zaman sərf etmək olar, amma bu həmin zaman olmayacaq; “zaman bankları” mövcud deyil.
Beləliklə, hər bir konseptual metafora bu və ya digər anlayışın bəzi tərəflərini üzə çıxarır: mübahisə müharibədir, müharibə siyasətdir, mübahisə siyasətdir.