BIOS (Basic Input/Output System – baza giriş /çıxış sistemi) proqram olub daimi yaddaş qurğusunda (ROM) saxlanılır və fərdi kompüterin resurslarının diaqnostikasını təmin edərək, fərdi kompüteri işə saldıqda əməliyyat sisteminin yüklənən hissəsini əməli yaddaşa çağırır.
Sistem bloku üzərində yerləşən qurğuları ana plataya qoşmaq üçün interfeyslərdən isifadə edirlər. İnterfeyslərə misal olaraq ATA (IDE), Serial SATA, SCSI göstərmək olar. Xarici qurğuları qoşmaq üçün isə paralel (LPT), ardıcıl (COM, USB) interfeyslərdən istifadə olunur.
Xarici yaddaş qurğusu kimi fərdi kompüterlərdə əsasən maqnit disk qurğusundan istifadə olunur. Maqnit disk qurğusunun əsasən iki tipi mövcuddur: yumşaq maqnit disk qurğusu - diskovod (məlumat daşıyıcısı - disketlər) və sərt maqnit disk qurğusu – vençester (məlumat daşıyıcısı – maqnit disklər).
Sərt maqnit disk qurğusunun işləmə sürəti və məlumat tutumu yumşaq maqnit disk qurğusundan dəfələrlə çoxdur. Yumşaq maqnit disk qurğularının məlumat daşıyıcısının həcmi 1,44 Mbayt olur. Bu cür məlumat daşıyıcılarını bir yerdən başqa yerə rahatlıqla aparmaq olur. Sərt maqnit disk qurğularını (vinçester) ana plataya qoşmaq üçün IDE, Serial ATA, SCSI interfeyslərindən istifadə olunur. Məlumat tutumu 100 Gbaytlarla ölçülür. Sərt maqnit disk qurğusu məlumatı yadda saxlamaq imkanlarına görə enerji mənbəyindən asılı deyil. Ona görə də əməliyyat sistemi, tətbiqi proqramları və istifadəçinin digər proqramlarını sərt maqnit disk qurğusunda yadda saxlanır.
Son illərdə optik məlumat daşıyıcılarına informasiyanı yazıb-oxuyan CD-RW, DVD-RW xarici yaddaş qurğularından geniş istifadə olunur. Optik məlumat daşıcıyılarına (CD, DVD) məlumatın yazılması – oxunması lazer şüasının köməyi ilə həyata keçirilir. CD-RW qurğularında istifadə olunan CD – disklərdə audio məlumatlar rəqəm formasında saxlanılır. Məlumat tutumu 650 Mbaytdır (74 dəqiqəlik audio məlumat). DVD (Digital Video Disk) – rəqəmli video-disk məlumat daşıyıcısı xarici görünüşünə görə CD–disklərə oxşayır. Məlumat tutumu 4,7 17,4 Gbayt-dır. Əsasən bu disklərdə videofilmlər yerləşdirilir.
Hal-hazırda fərdi kompüterlərdə məlumat daşıyıcıları kimi Flash yaddaş qurğularından geniş istifadə olunur. Bu qurğular böyük inteqral sxemlər (BİS) üzərində yığılır və ölçüləri çox kiçikdir, bu da məlumatın bir yerdən başqa yerə rahatlıqla aparılmasına imkan verir. Məlumat tutumu 2, 4, 8 Gbayt-a qədər olur.
Giriş – çıxış qurğularının koməyi ilə kompüterlər ətraf mühitlə əlaqədə olur. Giriş qurğularına misal olaraq: klaviaturanı, mouse (sıçanı), skaneri, qrafiki planşeti (digitizer), web-kameranı və s. göstərmək olar.
Mouse (sıçan) - kompüterə məlumat daxil edən giriş qurğusudur. Yerdəyişdirmə vericilərdən (datçiklərdən) və klavişlərdən ibarət olub əl ilə idarə edilən qurğudur. ”Mouse” hərəkət etdirilməklə kursorun displey üzərində hərəkəti təmin edilir. Son dövrlərdə optik və radio siqnallar vasitəsi ilə işləyən mouse-dan geniş istifadə olunur.
Mikrofon- səsin elektrik siqnalına çevrilməsini təmin edən giriş qurğusudur. Mikrofonun köməyi ilə audio məlumat kompüterə daxil edilir.
Web-kamera – video informasiyanı (görüntüləri) kompüterə daxil edən giriş qurğusudur.
Dostları ilə paylaş: |