Birinji mərhələ 1920-1950 - ci illəri əhatə edir və bu dövr iqtisadi fikir tarixində «fraqmentarizasiya» (hissələrə ayırma) dövrü kimi səciyyələndirilir. Belə ki, material resurslarının idarə edilməsi və ümumi məsrəflərin azaldılmasının inteqrativ aləti hesab olunan logistika, logistik ideya biznes sahəsinin diqqət mərkəzindən əsaslı surətdə kənarda idi və biznes fəaliyyətinin normal təşkili üçün ona o qədər də ehtiyac, tələbat hiss olunmurdu. Daha doğrusu, təsərrüfat subyektləri üçün iqtisadi, xüsusilə də material resurslarının idarə edilməsi və xərclərin azaldılması ilə bağlı olan problem məsələlər o qədər də aktuallıq kəsb etmirdi. Lakin nəzərə almaq lazımdır ki, bu dövrdə əksər logistik funksiyalar xüsusilə də məhsulların istehsalı, nəql edilməsi və anbarlaşdırılmasına çəkilən məsrəflərin azaldılması mühüm əhəmiyyətə malik idi. Ümumi iqtisadi şərait, texnika və texnologiyanın inkişaf səviyyəsinin yüksək olmaması, menecment fəaliyyətinin hərtərəfli tətbiq sahəsi tapmaması logistik fenomenin meydana gəlməsinə və cəmiyyət miqyasında tam formalaşmasına imkan vermirdi.
Bütün çatışmazlıqlara baxmayaraq baxılan dövrün ən mühüm keyfiyyət üstünlüyü ondan ibarətdir ki, məhz bu dövr ərzində ilk rüşeymləri əmələ gələn logistik konsepsiyaların gələcəkdə tətbiqi üçün ilkin şərtlər müəyyənləşdi. Belə şərtlərə xüsusi olaraq aşağıdakılar:
məhsulların bölüşdürülməsi sistemində ehtiyatların və nəqliyyat xərclərinin səviyyəsinin yüksəlməsi;
nəqliyyat tariflərinin artması;
marketinq konsepsiyasının meydana çıxması və tez tətbiq edilməsi;
hərbi logistikanın nəzəri və praktiki inkişafı aid edilir.
Bu dövr ərzində marketinqin tərkib hissəsi kimi məhsulların fiziki bölüşdürülməsinin iqtisadi təbiətinin müəyyənləşdirilməsi, məhsulların satışının təşkili və satış prosesinin səmərəliliyinin yüksəldilməsi sahəsində xüsusi rol oynayan marketinq üzrə bir sıra fundamental tədqiqat işləri yerinə yetirildi. Dünya iqtisadiyyatında tədricən satıcı bazarından alıcı bazarına keçidin nəticəsi hesab olunan marketinq konsepsiyalarının getdikcə daha çox tətbiq sahəsi tapması müxtəlif fəaliyyət sahələrində, xüsusilə isə biznes sferasında logistikanın meydana çıxmasına təsir göstərən əsas amilə çevrildi.
Nəzərdən keçirilən dövr hər şeydən əvvəl ABŞ-da hərbi logistikanın aktiv inkişafı ilə səciyyələnir. Xüsusi ilə 1950 - ci illərin əvvəllərində ABŞ-da hərbi logistikanın nəzəri əsasları formalaşdı. İkinji mərhələ 1950-ci illərin ortalarından 1970-ci ilə qədər olan müddəti əhatə edir. Mütəxəssislər bu dövrü logistikanın yaranması (konseptualizasiya) dövrü kimi təsnif edirlər. İkinci dövr logistikanın nəzəri və praktiki nöqteyi-nəzərdən tez inkişafı ilə səciyyələnir. Bu dövr ərzində logistika təfəkkür tərzi kimi mövcud olmuş və praktiki baxımdan məhsulların bölüşdürülməsinin tam olmasa da (hissə-hissə) optimallaşdırılması ilə xarakterizə edilir (ABŞ-da bu faza məhsulların «fiziki bölüşdürülməsi» adlanır). Qeyd olunan dövr ərzində məhsulların fiziki bölüşdürülməsinə ehtiyacın yaranması marketinq fəlsəfəsinin meydana gəlməsi nəticəsində alıcı bazarının əsaslı keyfiyyət dəyişikliklərinə məruz qalması ilə əlaqələndirilir, izah edilirdi. Bu zaman məhsulgöndərmələr üzrə servis xidmətinin təşkili bazar strategiyasının işlənib hazırlanması və seçilməsində həlledici əhəmiyyət kəsb edirdi.
Ötən əsrin 50-ci illərinin sonlarından etibarən sərt və ciddi rəqabətin təsiri nəticəsində özlərinin bazar mənfəəti və onun artırılması mənbələrindən təcrid olunan istehsalçı firmalar əsas diqqətlərini hazır məhsulların keyfiyyətinin yüksəldilməsi probleminə, daha doğrusu, bölüşdürmə sferasında həyata keçirilən işlərin yaxşılaşdırılmasına yönəltdilər. Lakin təsərrüfat mexanizminə uyğun gələn material və informasiya axınlarını təmin edən infrastruktur bazalarının tələb olunan səviyyədə inkişaf etməməsi logistikanın geniş və hərtərəfli miqyasda tətbiqinə imkan vermirdi. Bu baxımdan təsərrüfat rəhbərləri özlərinin praktiki fəaliyyətlərində kifayət qədər vacib və eyni zamanda xüsusi: anbar kompleksləri və operativ nəqliyyat şəbəkələri, məlumatlar bankı və informasiya şəbəkələri, təkrar istehsal prosesinin ayrı-ayrı fazalarında material axınlarının idarə edilməsi metodlarının inkişafı kimi problemlərin həllinə daha çox maraq göstərir və bunları mütəmadi olaraq diqqət mərkəzində saxlayırdılar.
Bütün bu qeyd edilənlərlə yanaşı bir sıra obyektiv iqtisadi və texnoloji amillərin mövcudluğu bu dövr ərzində logistikanın inkişafının daha da sürətlənməsinə səbəb olmuşdur. Belə amillərə:
Qeyd olunan bu amillər praktiki olaraq 1960 - cı illərdə həm ABŞ-da, həm də Qərbi Avropa dövlətlərinin iqtisadiyyatında təzahür etmişdir. Bazarda əsasən istehlakçılara diqqətin gücləndirilməsi (xüsusilə servis xidmətinin xüsusi çəkisinin artırılması) və eyni tələbatı ödəyən müxtəlif nomenklaturalı məhsulların (rəqib əmtəələrin) əmələ gəlməsi kimi ənənə formalaşırdı. Oliqopolist bazar strukturlarının tez formalaşması biznesin təşkilini həyata keçirən ali menecerləri tələb və təklifi əlaqələndirmək, istehlakçılara yaxşı xidmət göstərmək üçün yeni yollar axtarmağa məcbur edirdi. 1960-cı illərin sonlarından etibarən isə qərb ölkələrində menecmentin inteqrativ aləti kimi yeni konsepsiya «biznes-logistik konsepsiya» formalaşmağa başladı. Bu konsepsiyanı mahiyyətinə görə aşağıdakı kimi ifadə etmək olar: «Logistika-məhsulların hərəkəti və konkret yerdə və təyin edilmiş vaxtda bu məhsullar üzrə tələb və təklifin əlaqələndirilməsinə imkan verən bütün fəaliyyət növlərinin menecmentidir».
1970-ci illərin əvvəllərində biznes-logistikanın fundamental prinsipi formalaşdı və bir sıra qərb firmaları onları özlərinin praktik fəaliyyətlərində müvəffəqiyyətlə tətbiq etməyə başladılar. Lakin bununla yanaşı mənfəətin yüksəldilməsinə maraqlı olan əksər firmalar üçün çəkilən məsrəflərə nəzarət və onların azaldılmasına logistik yanaşma hələ ki, həyati tələbata çevrilməmişdi. Eyni zamanda logistik ideyaların, konsepsiyaların və əlaqələndirmə funksiyalarının tətbiq edilməsi sahəsində göstərilən cəhdlər bir sıra qərb ölkələrinə məxsus firmaların orta və hətta ali menecer təbəqələri tərəfindən heç də birmənalı qarşılanmırdı.