M. 4. ORTA ƏSRLƏR VƏ İNTİBAH DÖVR FƏLSƏFƏSİ
4.1. Orta əsrlər Qərbi Avropa fəlsəfəsi
4.2. Avropada intibah dövrünün fəlsəfəsi
4.1.Orta əsrlər Qərbi Avropa fəlsəfəsi.
Orta əsrlərdə fəlsəfi fikir feodalizm quruluşuna əsaslanırdı. Bu dövr V-XV əsrləri əhatə edir. Orta əsrlər Avropa fəlsəfəsini teosentrik fəlsəfə kimi ifadə etmək olar. Bu fəlsəfədə dünyagörüşü dini etiqada əsaslanmışdır. Həmin fəlsəfədə mərkəzi yeri – Allah ideyası tutur.
Orta Əsrlərdə Qərbi Avropa həyatında dini dünyagörüşü hökmranlıq edirdi. Bu dövrdə fəlsəfə ilahiyyatın xidmətçisinə çevrilmişdir. Qərb ölkələrinin feodal dövlətlərində kilsə dövlətin maddi və mə"nəvi dayağı hesab edilirdi. Bu dövrdə kilsə ehkamları hər cür təfəkkürün çıxış nöqtəsini və əsasını təşkil edirdi. Hüquqşünaslıq, təbiətşünaslıq, fəlsəfə - bütün bu elmlərin məzmunu kilsə tə"limləri ilə uyğunlaşdırılırdı.
Orta Əsrlərin əsas fəlsəfi tə"limi sxolastika idi. Sxolastik fəlsəfənin nümayəndələri dini dünyagörüşünün nəzəri əsasını yaradırdılar.
Qərbi Avropa fəlsəfəsinin bərqərar olması Filon Aleksandriyski və Avreliy Avqustinin adı ilə bağlıdır.
Avreliy Avqustin (354– 430) orta əsr fəlsəfəsinin görkəmli nəzəriyyəçisi, teoloq və filosof olmuşdur. O, qeyd edirdi ki, Allah ali varlıqdır, dünya qaydalarını şərtləndirən əbədi və dəyişməz ideyaların mənbəyidir. Allah zərurətə görə deyil, öz iradəsinə görə dünyanı heç nədən yaratmışdır.
Yaradılma haqqında ehkam ağırlıq mərkəzini təbii başlanğıcdan fövqəltəbii başlanğıca keçirir. Antik dövrün allahları təbiətlə qohum idilər, xristian allahı isə təbiətin fövqündə dururdu. Ona görə də həmin allaha transendent allah deyirdilər (Transendent – təcrübədə olan, axirətə aid edilən, fövqəltəbii, fövqəlhissi məna kəsb edir).
Avqustin təlimində dünya haqqında təlim ikinci reallıq haqqında təlim kimi verilmişdir. Onun təlimində antik dualizm (əql və materiya) rədd edilir, əvəzində monizm əsas mövqeyə çıxır. Monizm prinsipinə görə, yalnız mütləq başlanğıc– allah vardır, qalanları isə ikincidir, allahın yaratdığıdır. Allah və onun yaratdığı dünya iki reallıqdır. Onlar mütləq şəkildə ontoloji olaraq bir– birindən ayrılırlar. Allah həqiqi varlıqdır, o əbədidir, dəyişməzdir, heç nədən asılı deyildir, hər şeyin mənbəyidir.
Orta əsrlər fəlsəfəsi aşağıdakı mərhələlərə ayrılır:
Xristianlıq fəlsəfəsinin birinci mərhələsi II-VII əsrləri "patristika" adlanan dövrü əhatə edirdi (patristika - lat. patria sözündən olub, ata deməkdir, kilsə ataları tərəfindən yazılmış ədəbiyyatın ümumi adıdır).
Birinci mərhələdə xristianlıq ehkamlarının əsası qoyulmuş, vahid və güclü kilsələr yaradılmışdır.
İkinci sxolastika mərhələsi-VIII-XV əsrləri əhatə edir. Bu mərhələdə xristianlığın ehkamları və fəlsəfəsi işlənib hazırlanmışdır.
Erkən sxolastikanı İoann Skot Eriugen, Anselm Kenterberiyski, İoann Rosselin və Pyer Abelyar təmsil etmişlər. Bu sxolastiklər Platonun, xüsusilə də Aristotelin ideyalarından istifadə edərək onları öz məqsədlərinə uyğunlaşdırırdılar. Bu fəlsəfənin vəzifəsi e"tiqadın e"lan etdiyi kəlamların həqiqət olduğunu sübut etmək üçün səmərəli yollar axtarmaqdan ibarət idi. Bu zaman fəlsəfə ilahiyyatın kənizi rolunu oynayırdı. Çünki kilsə Qərbin feodal dövlətlərinin maddi və mə"nəvi həyatında həlledici rol oynayırdı. Ona görə də əgər biz qədim yunan filosoflarının ən"ənələrindən çıxış etmiş olsaq, sxolastiklərin tədqiqatlarını yalnız şərti olaraq fəlsəfi biliklər kimi xarakterizə edə bilərik.
Orta əsrlərin Qərb sxolostikasında ən görkəmli yerlərdən birini Foma Akvinski (1225– 1274) tutur. O, sxolastikanın sistemləşdiricisi, tomizmin banisi hesab olunur. Onun fəlsəfəsinin əsas müddəalarını nəzərdən keçirək:
Hər şeydən əvvəl, Foma Arsitotel məntiqinin köməyi ilə xristian teologiyasının başlıca prinsiplərini əsaslandırılmışdır. Bu zaman Aristotel təlimi elə dəyişdirilmişdir ki, bu təlim yaradılma ehkamları və İusus Xristosun allah–insan olması doğmaları ilə ziddiyyətə girməsin, Ali başlanğıc allah olan– varlığın özüdür. «Bütpərəstlər əleyhinə külliyyat» da o göstərirdi ki, ali ilahi mütləq sayılan İusus Xristos bir tərəfdən insan obrazındadır, maddidir, digər tərəfindən Allaha məxsus keyfiyyətlərə malikdir. O, ilahi (ideal) və insanın (maddi, materiya) vəhdəti simvoludur.
Beləliklə, Foma Akvinskiyə görə, ali həqiqət – allahın özüdür, İlahi həqiqətdir. Bilik tam şəkildə insan əqlinə xasdır, lakin o məhduddur. Ona görə də insan əqlin dərk edə biləcəyi həqiqəti qəbul etməlidir. Etiqadın və əqlin münasibəti belədir ki, burada üstünlük etiqada verilməlidir. Onun fikrincə, fəlsəfə ilahi həqiqətin dərk edilməsi ilə məşğul olandır. Daha dəqiq desək, teologiyadır.
Foma Akvinskinin tomizm adlanan təlimi katolikliyin ideoloji dayağı və nəzəri silahı olmuşdur.
XV əsrdə fəlsəfədə yeni meyllər meydana gəldi, tənqidi təhlil genişlənməyə başladı, bunların nəticəsində isə təbiət və cəmiyyət hadisələrinə olan ən"ənəvi münasibət dəyişdi.
Sxolastikanın daxilində də tənqidi meyllər getdikcə güclənirdi, Foma Akvinski fəlsəfəsinə də münasibət dəyişmişdi. Sxolastika fəlsəfəsində ciddi mübahisələr, tənqidi meyllərin artması, birinci növbədə, İoann Duns Skot tə"liminin meydana gəlməsi ilə əlaqədar idi.
Qərbi Avropa sxolastikasında iki əsas fəlsəfi cərəyan fəaliyyət göstərirdi. Onun biri nominalizm (İoann Rosselin, Duns Skot, Uilyam Okkam), digəri isə realizm (Anselm Kenterberiyski, Foma Akvinski) adlanırdı.
Realizmin nümayəndələri deyirdilər: ümumi anlayışlar xüsusi anlayışlardan asılı olmayaraq mövcud olan real varlıqlardır. Nominalistlər isə (lat. nomina - ad deməkdir) ümumi anlayışların sadəcə olaraq adlardan, reallıqda mövcud olmayan şeylərdən ibarət olduğunu iddia edirdilər. Belə ki, ümumi anlayışlar xüsusi anlayışlar vasitəsi ilə mövcuddurlar.
Orta Əsrlər fəlsəfəsi nöqsanlarına və məhdud cəhətlərinə baxmayaraq, fəlsəfi fikir tarixində müəyyən rol oynamışdır.
Dostları ilə paylaş: |