M fəLSƏFƏ, onun meydana gəlməsi, predmeti, elmlər sistemində yeri


Elmi idrak: onun forma və metodları



Yüklə 276,46 Kb.
səhifə44/59
tarix02.01.2022
ölçüsü276,46 Kb.
#35688
1   ...   40   41   42   43   44   45   46   47   ...   59
C fakepathmuhazir' felsefe'2021

Elmi idrak: onun forma və metodları

Dünyanın dərk edilməsi prosesi özünün ən yüksək ifadəsini elmdə tapır. Elm-insan fəaliyyətinin tarixən qərarlaşmış, gerçəkliyin dərk olumnasına və onun praktiki dəyişdirilməsinə yönəldilmiş formasıdır.

Elm mənəvi istehsal sahəsidir. Buraya daxildir: məqsədə-müvafiq seçilmiş və sistemləşdirilmiş faktlar, məntiqi cəhətdən əsaslandırılmış nəzəriyyələr, fundamental qanunlar, prinsiplər, elmi tedqiqatın metod və üsulları.

Bütövlükdə elmə üç baxımdan yanaşmaq olar: elm eyni zamanda həm bilik sistemi, həm mə'nəvi istehsal, həm də bunların əsasında həyata keçirilən praktiki fəaliyyətdir.

Elmin predmeti nə tədqiq olunur, metodu isə necə tədqiq olunur sualına cavab verir. Gerçəkliyin və ictimai praktikanın keyfiyyət müxtəlifliyi insan təfəkkürünün çoxplanlı xarakterini və elmi idrakın müxtəlif sahələrini muəyyən edir. Elm təkcə insan şüurundan kənarda mövcud olan predmet və hadisələri, hərəkət və qarşılıqlı təsirin müxtəlif tiplərini və formalarını deyil, həmçinin onların şüurdakı inikasını, insanı, onun zəngin və təkrarolunmaz mənəvi dünyasını da ehtiva edir.

İnsan idrakının əsas formalarından olan elm bir sıra sosial funksiyalara malikdir. Sabit və dəyişilməz qalmayan bu funksiyalar elmin özü kimi tarixən müvafiq təkamülə uğrayaraq inkişaf etmişlər. Müasir elmin üç sosial funksiyası xüsusi qeyd edilməlidir:

a) elmin mədəni-dünyagörüşü funksiyası;

b) elmin bilavasitə məhsuldar qüvvə olmasından irəli gələn funksiyası;

v) elmin sosial qüvvə olmasından irəli gələn funksiyası.

Elmin mədəni-dünyagörüşü funksiyası göstərir ki, empirik və nəzəri biliklər sistemi olmaq etibarilə elm bir tərəfdən mədəniyyətin, digər tərəfdən isə dünyagörüşünün tərkib hissəsinə çevrilərək ictimai şüur formaları içərisində xüsusi status qazanmışdır.

Hazırda elmin bilavasitə məhsuldar qüvvəyə çevrilməsilə əlaqədar olaraq qazandığı funksiya da onun başlıca xüsusiyyətlərindəndir. Elmin bu funksiyası sosial həyatın və insan fəaliyyətinin bütün sahələrində aydın nəzərə çarpan müasir elmi-texniki tərəqqinin miqyas və tempi ilə bağlıdır. İstehsalın genişlənməsi və ictimailəşməsilə əlaqədar olaraq istehsal prosesində elmin rolu artmış, praktiki olaraq hər şey, hər bir proses elmin predmetinə çevrilmişdir.

Müasir elmi-texniki tərəqqi dövründə elm özünün üçüncü funksiyasını kəsb edərək böyük sosial qüvvəyə çevrlimişdir. Bu funksiyası ilə elm əslində sosial inkişaf prosesinə qoşulmuşdur.

Elmi idrakın strukturu mürəkkəb olub müxtəlif elementlərdən təşkil olunmuşdur. Buraya yuxarıda qeyd etdiyimiz anlayış, mühakintə, əqli nəticə ilə yanaşı, məntiqi idrakın fakt, problem, məsələ, ideya, prinsip, qanun, model, fərziyyə, hipotez, nəzəriyyə kimi daha mürəkkəb səciyyə daşıyan formaları da daxildir.

Elmi idrakın mühüm formalarından biri problemdir. Elmi tədqiqat bir-birini əvəz edən problemlər silsiləsi, problem isə elmi biliyin forması, köhnə bilikdən yeni biliyə keçid formasıdır. Elmdə problemlər, adətən, köhnə biliyin kifayət etmədiyi, yeni biliyin isə hələ tam formalaşmadığı vaxtlarda meydana çıxır.

Buna görə də problem elmi idrakın inkişafının zəruri momenti, biliksizlikdən biliyə keçid mərhələsidir.

Elmi idrakın problemlə bağlı mühüm formalarından biri ideyadır. İdeya öz mə'nasına görə məntiqi təfəkkürün anlayış formasına daha yaxındır. Lakin bu yaxınlıq heç də onların eyniliyi demək deyildir. İdeyanın anlayışdan əsas fərqi bundadır ki, hər bir ideya anlayış olduğu halda, heç də hər cür anlayış ideya deyildir. Anlayış və ideyanın fərqi nisbidir. Anlayış yalnız o halda ideyaya çevrilir ki, onun əsasında yeni biliklər sintez olunmuş olsun. Məsələn, darvinizmdə "təbii seçmə", klassik elektrodinamikada "eleklromaqnit sahəsi" anlayışları təbii-elmi anlayışlar olmaqla yanaşı həm də bu nəzəriyyələrin əsasını təşkil edən fundamental ideyalardır. Nəzəri biliyin məzmunu mahiyyəti əks etdirən ideyalarda ifadə olunduğundan hər bir ideya məntiqi cəhətdən biliklərin sistemləşdirilməsi və nəzəriyyənin qurulması prosesini xarakterizə edir. İdeya nəzəriyyənin elementi, onun əsası, nəzəriyyə isə artıq inkişaf edib formalaşmış ideyadır. Məsələn, atom ideyasını Demokrit 2400 il bundan əvvəl irəli sürsə də, bu ideya müxtəlif fiziki və kimyəvi hadisələri izah edən nəzəriyyəyə yalnız XIX əsrdə, tamamilə inkişaf etdikdən sonra çevrilmişdir. Nəzəriyyənin ideyadan əsas fərqi bundadır ki, nəzəriyyə yalnız ideyanı deyil, həm də ondan törəyən bütün anlayışlar sistemini ehtiva edir. İdeyanın nəzəriyyənin strukturuna daxil olan anlayışlardan fərqinə gəldikdə qeyd etməliyik ki, ideya nəzəriyyənin əsasını təşkil edən ən mühüm qanunauyğunluğu, nəzəriyyənin anlayışları isə bu qanunauyğunluğun yalnız ayrı-ayrı tərəflərini əks etdirirlər.

İdeya yalnız anlayışla deyil, habelə biliyin digər forması olan prinsiplə də əlaqədardır. İdeya və prinsipin bu əlaqəsi özünü bunda göstərir ki, prinsip ideyanın abstrakt ifadəsidir.

Gerçəkliyin müxtəlif sahələrində tə'sir göstərən qanunların kəşf və formulə edilməsi elmi idrakın formalarından olan hipotezlərin yaradılmasında mühüm rol oynayır. Hipotez hər hansı bir hadisənin səbəbini izah edən, lakin səhihliyi hazırkı zamanda hələ sübut edilməmiş elmi fərziyyədir. Hipotez idrak prosesində faktlardan qanunlara keçid forması olub, nəzəriyyənin meydana gəlməsində və qərarlaşmasında mühüm rol oynayır.

Müasir fizikada hipotezin mahiyyəti haqqında iki baxış, iki nöqteyi-nəzər mövcuddur. Bu baxışlardan birinə görə hipotez elmi nəzəriyyənin xüsusi növü, digərinə görə isə ehtimallı müddəa-fərziyyədir.

Hipotezin qərarlaşması və inkişafı mürəkkəb və çoxpilləli proses olub, öz inkişafında üç mərhələdən keçir:

1) faktiki materialın toplanması və bunun əsasında müəyyən ehtimallı müddəanın - fərziyyənin irəli sürülməsi;

2) Ehtimallı müddəadan deduktiv üsulla müxtəlif nəticələrin çıxarılması və onların təcrübi taktlarla tutuşdurulması;

3) Hipotezin təsdiqi və təkzibi ilə nəticələnən praktiki yoxlanılması. Hipotezin yoxlanılması zamanı onun gerçəkliyə adekvatlığı təsdiq olunduqda o daha da dəqiqləşdirilərək nəzəriyyəyə çevrilir. Məsələn, Lui de Broylun söylədiyi zərrəciklərin dalğa xassəsinə malik olması fərziyyəsi amerikan fiziklərindən K. Devisson və P. Cermer tərəfindən 1927-ci ildə eksperimental təsdiq olunduqdan sonra daha da dəqiqləşdirilərək elmi nəzəriyyəyə çevrilmişdir.

Elmi idrakın ən yüksək forması nəzəriyyədir. Nəzəriyyə -gerçəkliyin müəyyən sahəsinə aid olan hadisələri təsvir və izah etməklə bu sahədə təzahür edən bilik sistemidir. Tədqiqatın empirik səviyyəsində qazanılımş biliklər nəzəriyyədə ümumi ideyalar əsasında vahid sistemə salınaraq onun abstraksiyaları, ideallaşdırmaları və digər prinsipləri əsasında daha da dəqiqləşdirilir. Xarici amil isə nəzəriyyə ilə təcrübə arasındakı ziddiyyətdir. Hər iki amil nəzəriyyənin inkişafının səbəbidir.

Odur ki, yalnız tədqiqatın nəticələri deyil, habelə ona aparan yollar da, elmi idrakda istifadə olunan metodlar da həqiqi olmalıdır.

Elmi idrak metodu anlayışı və onların bölgüsü.

Metod yunan sözü olub ("melodos") hərfi mənası yol, tədqiqat, şərh üsulu mə'nasına uyğun gəlir. Metod məqsədə çatmaq - gerçəkliyin dərk olunmasına və onun praktiki dəyişdirilməsinə nail olmaq üçün istifadə olunan üsullar ilə insanların nəzəri və praktiki fəaliyyətini tənzimləyən müəyyən prinsiplərin məcmusudur.

Müasir elm zəngin idrak metodlarına malikdir. Müasir elmdə metodlarm ümumilik dərəcəsinə görə təsnifatı xüsusilə geniş yayılmışdır. Bu baxımdan metodları şərti olaraq üç böyük qrupa bölürlər:

Gerçəkliyin ancaq müəyyən hadisələrinin tədqiqinə yarayan və bir qayda olaraq yalnız bir elmin hüdudlarında tətbiq olunan xüsusi metodlar. Məsələn, riyaziyyatda riyazi induksiya, biologiyada hibridləşdirmə, kosmoqoniyada radioaktiv parçalanma metodu, fizikada spektral analiz, ədəbiyyatda realizm və s. xüsusi metodlardır.

Elmi idrakın bir sıra elmlərdə, hətta bəzən bütün elmlərdə tətbiq olunan ümumi metodları. Bu metodlar konkret idrak prosesinin bütün mərhələlərində deyil, onun idrak obyektinin ancaq müəyyən tərəflərini, xassələrini açan xüsusi mərhələlərində tətbiq olunurlar. Analiz və sintez, induksiya və deduksiya, eksperiment, abstraktlaşdırma, ideallaşdırma və s. elmi idrakın ümumi metodlarıdır.

3) Gerçəkliyin bütün sahələrində, idrak prosesinin bütün mərhələlərində tətbiq olunan ən ümumi elmi idrak metodu dialektikadır. Dialektlk metod universal metod olsa da, elmi idrakın gedişinə və nəticələrinə onun təsiri ancaq xüsusi və ümumi metodlar vasitəsilə həyata keçirilir.

Elmi idrakm ümumi metodlarının da təsnifatı mühüın əhəmiyyət kəsb edən fəlsəfi məsələlərdəndir. Biliyin öz aralarında qarşılıqlı əlaqələnən empirik və nəzari səviyyələrinə uyğun olaraq elmi idrakın ümumi metodlarını üç qrupa ayırmaq olar:

biliyin yalnız empirik səviyyəsində tətbiq olunan empirik tədqiqat metodları: müşahidə, müqayisə, ölçmə, eksperiment;

biliyin yalnız nəzəri səviyyəsində tətbiq olunan nəzəri tədqiqat metodları: ideallaşdırma, formallaşdırma, aksiomatik metod, abstraktdan konkretə yüksəlmə metodu;

biliyin həm empirik, həm də nəzəri səviyyəsində tətbiq olunan empirik-nəzəri tədqiqat metodları: analiz və sintez, induksiya və deduksiya, modelləşdirmə, tarixi və məntiqi, abstraktlaşdırma və s.

Elmi idrakın empirik metodları.

Müşahidə elmi tədqiqatın başlanğıc nöqləsi olub, elmi idrakın müxtəlif sahələrində, o cümlədən təbiətşünaslıqda geniş tətbiq olunur. Müşahidə obyektin məqsədli və müntəzəm qavranılması prosesidir. İzlədiyi məqsəd və daşıdığı vəzifədən asılı olaraq müşahidələr elmi və qeyri-elmi olur. Hərbi işdə, cinayətin təhqiqində, gündəlik həyatda istifadə olunan qeyri-elmi müşahidədən fərqli olaraq elmi müşahidə müəyyən elmi məsələni, problemi həll etmək məqsədilə aparılır. Elmi müşahidələr əsasında irəli sürülən müəyyən fərziyyələr və ideyalar son nəticədə qanunların kəşfinə gətirib çıxarır. Məsələn, Tixo-Bragenin planetlərin hərəkəti üzərində apardığı elmi müşahidələr, yuxarıda qeyd etdiyimiz kimi, Kepler qanunlarının kəşfi üçün empirik əsas olmuşdur.

Elmi idrakın empirik metodlarından biri də müqayisədir. Müqayisə gerçəkliyin müəyyən sahəsinə daxil olan cisim və hadisələrin oxşar və fərqli cəhətlərini müəyyən etməyə imkan verən idraki üsuldur. Müqayisə nəticəsində iki və ya daha çox obyektin ümumi cəhətləri müəyyən edilir ki, bu da qanunların açılması yolunda çox mühüm addımdır.

Elmi idrakın məhsuldar metodu olması üçün müqayisə iki əsas tələbə cavab verməlidir. Əvvəla, o hər cür obyektlər arasında deyil, ancaq obyektiv ümumiliyə malik olan obyekllər arasında aparılmalıdır. İkincisi, müqayisə obyektlərin hər cür əlamətləri üzrə deyil, ancaq mühüm və əhəmiyyətli əlamətləri üzrə aparılmalıdır.

Elmi idrakın müqayisə ilə sıx bağlı olan digər metodu ölçmə adlanır. Bu melod tarixən onun əsasını təşkil edən müqayisə əməliyyatından irəli gəlsə də, o, müqayisəyə nisbətən idrakın daha universal və güclü metodudur. Əsası Qaliley və Nyuton tərəfindən qoyulmuş müasir eksperimental təbiətşünaslıq məhz ölçmə metodu sayəsində meydana gəlib inkişaf etmişdir.

Ölçmə etalon və ya ölçü vahidi vasitəsilə hər hansı bir kəmiyyətin (məsələn, sür'ət, tə'cil, çəki, uzunluq, vaxt və s.) ədədi qiymətinin təyin edilməsi əməliyyatıdır. Ölçmə vasitəsilə kəmiyyətin ədədi qiyməti tapılaraq müəyyən ölçü vahidləri - kiloqram, nyuton, metr, coul, veber və s. ilə ifadə olunur. Ölçmə eyni keyfiyyəti ifadə edən kəmiyyətlərin ədədi müqayisəsidir. Məsələn, hər hansı cismin kütləsini ölçərkən əslində biz iki kütləni - cismin və etalonun kütləsini müqayisə edirik.

Elmi tədqiqatın tarixən qədim və geniş yayılmış metodlarından biri də eksperimentdir. Eksperiment latın sözü olub sınaq, təcrübə, sübut mənasını verir. Eksperiment həmişə müşahidə ilə bağlı olur. Lakin müşahidədən fərqli olaraq eksperimentdə insan hadisələri yalnız seyr etməklə kifayətlənməyib, həm də onların gedişinə fəal müdaxilə edərək onları elə bir süni vəziyyətə gətirir ki, bu vəziyyətdə onların xassələrini öyrənmək təbii haldakına nisbətən daha asan olur.

Eksperimentin təbiəti mürəkkəbdir. Eksperiment bir növ praktiki abstraksiya olub, yalnız praktika ilə deyil, həm də nəzəri təfəkkürlə bağlıdır. Eksperimentin nəzəriyyə ilə əlaqəsi öz ifadəsini fikri eksperimentdə tapır.

Maddi eksperimentdə cismin özündən istifadə edən tədqiqatçı fikri eksperimentdə onun obrazından, ideal modellərdən istifadə edir. Fikri eksperiment maddi eksperimentlə nəzəriyyə arasında aralıq mövqe tutur, burada maddi eksperimentin gücü ilə məntiqin gücü birləşir.

Daşıdığı məqsəddən, tədqiqat predmetindən, istifadə olunan texnikanın xarakterindən asılı olaraq eksperimentləri tədqiqat, yoxlama və nümayiş eksperimentlərinə ayırırlar.

Elmi idrakın empirik-nəzəri metodları.

İnsanın əqli fəaliyyətinin universal metodlarından biri də abstraktlaşdırmadır. Abstraktlaşdırma metodunun mahiyyəti cisimlərin qeyri-mühüm xassə, münasibət və əlaqələrindən fikrən sərfnəzər edilməsindən, bu cisimlərin tədqiqatçını maraqlandıran bir və ya bir neçə mühüm əlamətinin seçilib götürülməsindən ibarətdir.

Elmi idrakın empirik-nəzəri metodları içərisində analiz və sintez xüsusi yer tutur.

Analiz öz məzmunu etibarilə hər hansı tamı, yaxud mürəkkəb hadisəni fikrən öz tərkib hissələrinə, elementlərinə, ayırmaq və onlardan bəzilərini seçib götürmək üçün istifadə olunan üsul və qanunauyğunluqların məcmusudur. Sintez isə cismin ayrı-ayrı hissə və elementlərini fikrən bir tam halında birləşdirməyə imkan verən üsul və qanunauyğıraluqların məcmusudur. Sintez prosesində tamı təşkil edən hissələrin hər birinin yeri və rolu dəqiq müəyyən edilir.

Əgər analiz prosesində konkretdən abstrakta, təkcədən ümumiyə, mürəkkəbdən sadəyə keçilirsə, sintezin gedişində proses abstraktdan konkretə, ümumidən təkcəyə, sadədən mürəkkəbə doğru cərəyan edir.

Analiz və sintezin qarşılıqlı əlaqəsinin konkret təzahürü özünü aşağıdakı cəhətlərdə göstərir:

Əvvəla, analiz və sintez bir-birini qarşılıqlı surətdə şərtləndirirlər. Bu o deməkdir ki, analizin həyata keçirilməsi üçün cisim özünün tam halında, bütün tərəf və əlaqələrinin sintezi halında təsəvvür olunmalıdır.

İkincisi, analiz və sintez sadəcə olaraq bir-birini tələb etmir, konkret idrak prosesində həm də bir-birini müşayiət edirlər. Məsələn, materialların elektrik və istilik xassələrini öyrənərkən bir tərəfdən onların ayrı-ayrı xassələri seçilib götürülür, digər tərəfdən bu xassələr müvafiq anlayışlarla (istilikkeçirmə, sıxlıq, bərklik, müqavimət və s.) təsbit olunur.

Üçüncü, bir tərəfdən isə seçilmiş xassələrə görə bu materiallar qruplaşdırılaraq naqillərə, yarımkeçiricilərə və dielektriklərə bölünürlər. Beləliklə, analiz və sintez elmi idrakda əksliklərin ayrılmaz vəhdəti kimi çıxış edirlər.

İdrak prosesində faktlardan onların nəzəri sintezinə keçid empirik-nəzəri tədqiqat metodlarından olan induksiya və deduksiya vasitəsilə baş verir.

İnduksiya elə bir idrak metodudur ki, onun vasitəsilə fikir nisbətən az ümumi müddəalardan daha çox ümumi müddəalara doğru hərəkət edir, Bu mə'nada induksiya xüsusidən ümumiyə aparan əqli nəticə üsuludur.

İnduktiv yolla əldə edilmiş əqli tıəticədə fikrin transformasiyası xüsusidən ümumiyə doğru istiqamətlənmişdir.

İnduksiyaya əks olan elmi idrak metodu deduksiyadır. Deduksiya ümumi faktlardan xüsusiyə aparan əqli nəticə üsuludur.

İnduksiya və deduksiya elmi idrakın əkslikləridir.

Elmi tədqiqatın empirik-nəzəri metodlarından biri də modelləşdirmədir.

Modelləşdirmə elə bir elmi üsuldur ki, onun vasitəsilə bir prosesi öyrənməklə tədqiqi bilavasitə çətin olan digər bir anoloji prosesin xarakteri haqqında mülahizə yürüdülür. Coğrafi və topoqrafık xəritələr, qlobus, molekulların kimyəvi tərkibini və strukturunu əksetdirən düsturlar modelə misal ola bilər.

İdrak prosesinin təhlili göstərir ki, insanın idraki fəaliyyətinin səmərəsi iki yolla artırıla bilər: birincisi, idrak prosesində istifadə olunan təbii imkanları qüvvətləndirmək yolu ilə, ikincisi, idrak obyektini ona nisbətən müəyyən üstünlüyə malik olan digər obyektlə əvəz etmək yolu ilə. Birinci yola yeni cihaz və qurğuların yaradılması, ikinci yola isə modellərdən istifadə olunması uyğun gəlir.

Model idrak obyektini əvəz edən və onun haqqında əlavə informasiya mənbəyi rolunu oynayan maddi və ya ideal sistemdir. İdrak prosesində, müasir elmi idrakın müxtəlif sahələrində müxtəlif tipli modellərdən istifadə olunur. Hazırlanmasında istifadə olunan materialın növündən asılı olaraq modelləri maddi (və ya fiziki) və ideal (və ya xəyali) modellərə ayırırlar.

Maddi modellərə ağac, metal, şüşə, plastik kütlə və digər maddi cisimlərdə təcəssüm tapan modellər daxildir. Məsələn, qlobus Yer kürəsinin modelidir. Maddi modellər vasitəsilə tədqiqat obyektinin strukturunu, xarakterini, mahiyyətini öyrənmək olur.

İdeal modellər isə aşağıdakı növlərə bölünür:

əyani-surətli modellər (məsələn, atomun Rezerford və Bor modeli, müxtəlif sxemlər və s.);

işarə modelləri (məsələn, kimyəvi simvollarla ifadə olunan kimyəvi modellər - məsələn, benzol molekulunun modeli və s.)

İşarə modelləri riyaziyyatda və məntiqdə geniş yayılmışdır. İşarə modelləri idrak obyektinin əlaqə, münasibət və funksiyalarını işarə etməyə imkan verir.

Modellər idrak prosesində iki qnoseoloji funksiyanı yerinə yetirirlər:

model informasiya mənbəyidir;

model biliyi fiksə etmək vasitəsidir.

Elmi idrakın nəzəri metodları.

Elmi idrakın istifadə etdiyi fikri proseslər içərisində ideallaşdırma xüsusi yer tutur. Nəzəri tədqiqatın səmərəli üsullarından olan ideallaşdırma abstraktlaşdirma əməiiyyatı ilə üzvi surətdə bağlıdır. İdeallaşdırma prosesində varlıq "sadələşdirilir", "yoxsullaşdırılır", belə ki, baxılan halda predmetə xas olan az əhəmiyyətli və ya əhəmiyyətsiz parametrlər, əlamətlər ixtisar edilib nəzərə alınmır. Bu proses fikri elementlərin, ideallaşdırılmış, nəzəri obyektlərin yaradılması ilə bağlıdır. Ümumiyyətlə, elmi idrakda gerçəklikdə mövcud olmayan, əməli həyata keçirilə bilməyən "ideal" obyektlərdən geniş istifadə olunur. "Maddi nöqtə" "ideal qaz", "sıxılmayan maye", "mütləq bərk cisim", "nöqtəvi yük", "nöqtə", "düz xətt", "müstəvi", "üçbucaq" və b. anlayışlar fizika və riyaziyyatda istifadə olunan ideal obyektlərdir. Gerçəklikdə bu cür obyektlər olmasa da, onların fikrən quraşdırılması mühüm idraki əhəmiyyət kəsb edir. Bu qəbildən olan obyektlərin quraşdırılması prosesi ideallaşdırma adlanır.

İdeal obyektlərin fikrən quraşdırılması prosesi hökmən şüurun abstraktlaşdırma fəaliyyətini tələb edir. Mosələn, "mütləq bərk cisim" ideal obyektini yaradarkən biz real cisimlərin kənar qüvvələrin tə'sirilə deformasiyaetmə qabiliyyətindən sərfnəzər etmiş oluruq.

İdeallaşdırma haqqında yuxarıda deyilənlərdən aydın olur ki, ideal obyektlərin quraşdırılması prosesində biz hökmən aşağıdakı məqsədlərə nail olmalıyıq:

real obyektləri onlara məxsus bə'zi xassələrdən sərfnəzər etməliyik,

bu obyektlərə fikrən qeyri-real, praktiki reallaşa bilməyən hipotetik xassələr isnad etməliyik.

İdrakda ideallaşdırmadan yalnız o hallarda istifadə olunur ki, idrak obyekti kifayət qədər mürəkkəb olsun. Bu metod əsasında xəyalən yaradılan ideal obyektlər mürəkkəb proseslərə ilk yanaşma olub, bu sonuncuların obyektiv qanunauy-ğunluqlarının təxmini olsa da, əks etdirilməsi yolunda atılmış çox səmərəli bir addımdır.


M. 8. TEXNİKA FƏLSƏFİ DÜŞÜNCƏLƏRİN OBYEKTİ KİMİ


Texnika çox mühüm sosial törəmə və fenomendir. Müdriklərdən biri – Ernest Kann demişdir ki, bəşəriyyətin tarixini ciddi araşdırsaq, deyərdim ki, bu tarix son nəticədə daha yaxşı alətlərin kəşfi tarixidir. “Texnika” anlayışı ilk dövrlərdə Yunanıstanda sənət, ustalıq, bacarıq mənasında işlənilmişdir. Sonralar bu anlayış çox genişlənmiş və daha dərin, hərtərəfli əhəmiyyəti olan anlayışa çevrilmişdir. Artıq biz indi texnika dedikdə, maddi istehsal prosesini həyata keçirməyi və cəmiyyətin mənəvi, məişət və digər qeyri-istehsal tələbatlarını ödəmək üçün insanların yaratdığı vasitələri nəzərdə tuturuq.

Hər bir fəaliyyət, xüsusilə də maddi fəaliyyət gözlənilən nəticəyə nail olmaq üçün müəyyən vasitə və üsullara əsaslanmalıdır. Bu vasitə və üsullar sırasında mühüm yer texnikaya və texnologiyaya məxsusdur.

“Texnika” anlayışı yunan dilində “techne” sözündən götürülmüşdür, mənası bacarıq, ustalıq deməkdir. Texnikada mənəvi-ruhi və maddi vəhdətdə çıxış edir, onların bir-birinə qarşılıqlı nüfuz etməsi və birinin digərinə çevrilməsi məhz texnikada xüsusi proses kimi baş verir. Texnika bir tərəfdən, insanın özünün maddi və digər fəaliyyətinin vasitələri sistemidir, digər tərəfdən, istənilən fəaliyyət növündə onun bacarıq və vərdişlərinin müəyyən bir cəmidir. Texnikanın müxtəlif növlərinə müvafiq zəruri bilik, mənəvi-ruhi və istehsal vərdişləri xas olmalıdır. Texnikanın bu ikili təbiəti ona insan zəkasının, onun yaradıcı istehsalının və biliyinin təcəssümü kimi baxmağa imkan verir.

Texnikanın yaranması və inkişafının mühüm şərtlərindən birini texnologiya təşkil edir. Texnologiya texniki-istehsal funksiyaları həyata keçirməklə çox mühüm sosial-tarixi funksiyanı həyata keçirərək, insanların ətraf aləmə düşünülmüş fəal münasibətini əks etdirir. Texnologiyada insanların öz zəruri tələbatlarını təmin etmək üçün təbiətə və onda gedən proseslərə münasibətlərində texniki-istehsal və ictimai-sosial amilləri vəhdətdə ifadə olunur.

Texnologiya həmçinin təbiət qanunları haqqında biliklərdir, bu biliklərin maddi-praktiki fəaliyyətdə tətbiq edilməsidir. Texnologiya arzu olunan nəticəni əldə etmək üçün insanın texnika ilə birləşdirilməsidir.

Qədim dövrlərdən texnologiyanın, eləcə də texnikanın inkişafı elmi biliklərin səviyyəsindən asılı olmuşdur. Texnologiyalarda təbii proseslərin süni təkrar yaradılması insanın mənəvi-ruhi səyinin güclənməsini və təbiətşünaslığın inkişafını təmin etdi. Müasir lazer, nüvə. Elektron texnologiyaları təbiətin sirlərinə daha dərindən nüfuz etmək və onlardan istifadə etmək üçün materiallar və prinsiplər yaratmaqla əlaqədardır. Bunlar isə sözsüz ki, fundamental elmlərin inkişafı sayəsində mümkündür. İnsan fəaliyyətinin müxtəlif növlərinin texnoloji təkmilləşdirilməsi istehsalın və bütövlükdə cəmiyyətin inkişafının çox güclü stimuludur. Bəşəriyyətin sivilizasiyaya doğru inkişafı ictimai həyat töhfələrinin bir-birini əvəz etməsi, istehsalın texnoloji üsullarının dəyişməsi, elmdə və texnikada inqilabi dəyişikliklərlə bilavasitə əlaqədar olmuşdur.

Texnikanın və texnologiyanın ictimai inkişaf prosesinə təsirinə müxtəlif münasibətlər mövcuddur. Məsələn, antropoloji və instrumental münasibətə görə texnika insan varlığının atributudur, onun yaradıcı fəaliyyətinin ifadə üsuludur. Bu baxışın nümayəndələrinin rəyincə (M.Şeler, A.Helen, C.Dyun), texnika və texnologiya insan fəaliyyətinin həyati əhəmiyyət kəsb edən məqsədəuyğun, məqsədyönlü vasitələrinin cəmidir.

Texnika və texnologiyanın texniki-rasional təhlilinin nümayəndələri (H.Başlyar, P.Dokasse, E.Aqassi, B.Rassel) onların hər ikisinin tam avtonom və müstəqil olduqlarını söyləmişlər, texnikanın və texnologiyanın tarixi inkişafın və sosial tərəqqinin yeganə mühüm səbəbi olması rəyində qalmışlar.

Antitexnisizmin müxtəlif cərəyanları, o cümlədən evolyusionistlər və irrasionistlər (C.Bernal, A.Berqson, A.Veber, N.Berdyayev, O.Şpenqler, K.Yaspers, E.Fromm) texnika və texnologiyanı insanın total özgələşməsinin, mədəniyyətin məhvinin, insan mövcudluğunun əsaslarının dağılmasının, hətta bəşəriyyətin deformasiyasının ilkin səbəbi hesab etmişlər.

Deməli, bir qrup mütəfəkkirlər, texnikanın və texnologiyanın movcud və gələcək problemlərin həllində rolunu mütləqləşdirir, digərləri isə bəşəriyyəti xilas etmək üçün geriyə - təbiətə, təbii həyat tərzinə qayıtmağı tövsiyə edirlər. Bunu da deyək ki, insan ilə texnika və texnologiya arasında qarşılıqlı təsirin əsasında təbii ilə (təbiət) insanın özü tərəfindən yaradılan ikinci təbiətin əlaqələndirilməsi durur.

Sosial tarixdə ikinci təbiət böyük əhəmiyyətə malikdir. Məhz o insanı təbiətdən, heyvanat aləmindən ayırır. Texnikanın və texnologiyanın özünün yaranması isə insanın mahiyyəti ilə bağlı olan qüvvənin, inkişaf prosesinin qavranılması ilə əlaqədar olmuşdur. Belə ki, texnika və texnologiyada insanın təbiətinə xas olan qabiliyyət və intellektual keyfiyyətlər cəmləşir. Onlarda təbiətin qanunauyğunluqları, həyata uyğunlaşma fəaliyyətinin təbii-bioloji qanunauyğunluqları və ətraf mühiti ağlabatan formada dəyişdirmək qanunauyğunluqları qarşılıqlı surətdə əlaqələndirilir. Təbii olanın bəşəriyə çevrilməsi də bundan ibarətdir.

Bununla belə, təbii olanla süni olan, insan ilə texnika arasında əlaqə çox ziddiyyətlidir. İnsanın texniki və texnoloji imkanlarını sonsuz artırmaq, onları ardıcıl olaraq mürəkkəbləşdirmək müasir bəşəriyyəti təbii olanla süni olan arasındakı nisbəti, müvazinəti pozmaq təhlükəsinə vardırmışdır. Bu isə bütün bəşəriyyətin məhvinə səbəb ola bilər.

Elmi-texniki inqilabın müasir ictimai inkişafa mənfi təsiri keçən əsrin 60-70-ci illərində “Roma klubunun” üzvlərinin diqqətini cəlb etmişdir. Onların fikrincə, texnoloji rasionallığın hökmranlığının artması, onun siyasi hakimiyyət formasına çevrilməsi, azadlığın itirilməsi, şəxsiyyətin özgələşməsi, ictimai münasibətlərin humanizmdən kənarlaşması, təbiətin məhvi bəşəriyyəti özünüməhvə doğru itələyir.

İstehsal və onun texniki-texnoloji təchizatı tarixi dövrləri və sivilizasiyaları fərqləndirməkdə mühüm meyardır. Texnka və texnologiyada tarixi müəyyənliyin mahiyyəti və dünya mədəniyyətinin inkişafında varislik məcmu halında ifadə olunur. Onların məzmunu insanların tələbatının zənginlik dərəcəsini və dəyişməsini əks etdirir. Bundan əlavə, cəmiyyətdə sosial əlaqələrin xüsusiyyəti, həyat tərzi, mənəvi-ruhi təkrar istehsalın dinamikası, təbiətə münasibətin üsulu, bütövlükdə gerçək həyatın prosesləri texnikanın və texnologiyanın məzmununun araşdırılması vasitəsilə öyrənilir.

Bəşəriyyətin inkişafı müxtəlif amillər əsasında baş verir. Lakin bütün hallarda tarixi inkişafda həlledici üstünlük istehsala məxsusdur. Elmi-texniki və texnoloji tərəqqi sosial tərəqqinin tərkib hissəsini təşkil edir. İnsanın mühitə fəal uyğunlaşması, onun məqsədəuyğun, məqsədyönlü fəaliyyəti, öz varlığını saxlamaq üçün şərait yaratması həyatın texniki-texnoloji sferasının yaradılmasının ilkin şərtləridir. Tarixi zaman daxilində texnikanın və ondan istifadə üsullarının dəyişməsi bəşəriyyətin sosial tərəqqisini əks etdirir. Texnika və texnologiya tarixində insanın keyfiyyətlərinin dəyişməsi, onun mənəvi-ruhi yaradıcı fəallığı öz əksini tapır. Keçmiş, indi və gələcək arasında əlaqə, başlıca olaraq, elm, texnika və texnologiya vasitəsilə yaranır.

Texnika və onun texnoloji təyinatının vəhdəti istehsalın texnoloji üsulu adlandırılır. Bu əlaqədə baş verən köklü dəyişikliklər tarixi zaman zərfində insan fəaliyyətinin forma və xarakterini müəyyən edir. Bu cəhətdən müxtəlif tarixi dövrləri fərqləndirmək olar. Məlumdur ki, texniki vasitələri təbiət materialından yaratmaqla onların cilalanması üsuluna görə tarixdə daş, tunc, dəmir dövrlərini bir-birindən fərqləndiririk.

Əmək predmetini və fəaliyyətin növünü dəyərləndirmək bizə texnoloji üsulların bir-birini əvəz etməsində epoxanı təşkil edən durumları fərqləndirmək imkanı verir. Məsələn, ibtidai icmada qida məhsullarının toplanılması, ov, maldarlıq, əkinçilik, sonralar sənətkarlıq, sənayeçilik, informasiya fəaliyyətləri.

Texniki vasitələrdən istifadə etməyin səviyyəsinə görə ictimai inkişafda sivilizasiyaları da fərqləndirmək mümkün olur. Vəhşilik və barbarlıqda sadə əl alətləri texnologiyasını; kosmogen sivilizasiyasında mürəkkəb alət texnologiyasını; texnogen sivilizasiyasında maşın texnologiyasını; antropogen sivilizasiyasında informasiya texnologiyasını misal göstərmək olar.


Yüklə 276,46 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin