14.3. İnsanda sosial və bioloji cəhətlərin vəhdəti
İnsan fiziki və mə'nəvi, təbii və sosial, irsən keçən və həyatda əldə edilənləri bir vəhdət halında özündə birləşdirən canlı varlıqdır. İnsan hər şeydən əvvəl bioloji varlıqdır. Uşaq dünyaya gələrkən insan vücudunun spesifik quruluşunu, beyin strukturunu, genetik məlumat ehtiyatını irsən toplayır. Təbii istedad əlamətləri uşağın ancaq yaşlılarla ünsiyyət prosesində, sosial həyat tərzi şəraitində yaranır və inkişaf edir. İnsanın hərəkətləri, onun düşüncələri və həyat tərzi yaşadığı ictimai-siyasi şəraitdən, onu təmsil edən sosial qrupun xüsusiyyət-lərindən və bir sıra digər amillərdən asılıdır. İnsanın mənəvi həyatı, davranış tərzi qabaqcadan proqramlaşdırılmır. Həyata qədəm qoyarkən insan əvvəlki nəsillərin fəaliyyətinin təcəssümü olan hadisə və proseslərlə qarşılaşır. Fəaliyyətin tarixən yaranmış sosial formaları insanın fərdi təşəkkülünün başlıca şərtidir. XIX əsrin II yarısından etibarən insanın bioloji təkamülün məhsulu olması ideyası geniş yayılmağa başladı. Bu vaxtdan etibarən insanı yüksək təşəkküllü heyvanlardan fərqləndirən cəhətlərin müəyyən edilməsi qarşıya çıxmışdır. İnsanın sosial və bioloji mahiyyətinin araşdırılması onun heyvandan fərqli cəhətlərini öyrənməyə imkan verir.
Heyvan kimi insanın da instinktləri var, lakin heyvanlardan fərqli olaraq onun anadangəlmə davranışları instinktlərlə müəyyən olunmur.
"Anadangəlmə proqram" ifadəsi insana tətbiq olunduqda tamamilə başqa mə'na kəsb edir. Heyvanların instinkti davranışını müəyyən edən "genetik proqram" onların daxilindəki molekullardan, insanların hərəkət və davranışlarını tənzimləyən bu proqram isə onların dilində cəmlənmişdir. Artıq bir çox alimlər belə qənaətə gəlmişlər ki, insanın uşaq yaşlarından etibarən yaşlı nəsildən qəbul etdiyi dil onun davranışım tənzimləyən başlıca amildir. İnsanı heyvandan fərqləndirən ən mühüm əlamət də məhz bu dil mədəniyyətidir. Buradan belə bir nəticə çıxarmaq olar ki, heyvan ona ana bətnində verilmiş "genetik proqramla" doğulduğu halda, insan belə bir proqramı sonradan, həm də əsasən, dil vasitəsilə qazanır.
Əgər cəmiyyətə sadəcə olaraq öz aralarında qarşılıqlı təsirdə olan fərdlərin məcmusu kimi baxılarsa, onda sözsüz ki, "Heyvan cəmiyyətindən" də danışmaq lazım gələr. Halbuki heyvan birlikləri heç də cəmiyyət olmayıb "təbii instinktləri" "sosial instinktlərindən " çox-çox yüksəkdə duran sürüdü. Yalnız insanlar cəmiyyət yaratmağa qadirdirlər. İnsanların birliyi orqanizmlərin funksional ümumiliyi üzərində deyil, mədəniyyət normalarının vəhdəti üzərində yüksəlir. Mədəniyyətin olmadığı yerdə cəmiyyət də ola bilməz. Buradan isə aydın olur ki, mədəniyyət insan cəmiyyətini istənilən heyvan birliklərindən fərqləndirən başlıca amildir. Lakin öz-özlüyündə mədəniyyət insan cəmiyyətinin yaranmasını, mövcud olmasını izah edə bilməz. Mədəniyyət insanların qarşılıqlı əlaqəsinin, yaratdıqları maddi və mənəvi sərvətlərin nəsildə-nəslə verilməsi formasıdır.
İnsanı heyvandan həm şüuruna, həm nitqinə, həm də başqa əlamətlərinə görə fərqləndirmək olar. İnsanlar heyvanlardan başlıca olaraq özləri üçün zəruri olan həyat vasitələri istehsal etməklə fərqlənirlər. İnsanların sosial-mədəni birləşməsi olan cəmiyyət yalnız istehsal olan yerdə mövcud olur. İstehsal insanı yalnız heyvandan fərqləndirən əlamət deyil, həmçinin onun mayasını təşkil edən cəhətdir. İnsanda bioloji və sosial cəhətlər dialektik vəhdətdə mövcuddurlar.
İnsan cəmiyyətdə yaşayır, o burada digər adamlarla müxtəlif sosial əlaqələrlə - iqtisadi, ideoloji və siyasi münasibətlərlə bağlanır. Buna görə də insan yalnız bioloji amillərin deyil, həm də sosial amillərin daşıyıcısı rolunu oynayır. Deməli, insan eyni zamanda həm təbiətlə, həm də cəmiyyətlə təmasdadır. Bu qarşılıqlı münasibət prosesində insan həm təbiətin, həm də cəmiyyətin təsiri altında formalaşır.
Təbiətin insanda yaratdığı tərəflərin məcmusu onun bioloji cəhətini, cəmiyyətin, yəni ictimai münasibətlər sisteminin formalaşdırdığı keyfiyyətlərin məcmusu isə sosial cəhətini təşkil edir.
İnsan orqanizmi öz anatomik quruluşuna və fizioloji funksiyalarına görə ali heyvanlarla bir sıra ümumi cəhətlərə malik olsa da, insanda əmək fəaliyyəti ilə şərtlənən bə'zi yeni cəhətlər də vardır. Bu cəhətdən insanın heyvanla müqayisədə üstünlüyü ondan ibarətdir ki, onun bütün həyatı və fəaliyyəti özünün şüur və iradəsi altındadır. O, yalnız özünün deyil, həm də başqalarının həyati tələbatlarını ödəmək üçün maddi nemətlər istehsal edir. Buna görə də insanın istehsal elədiyi şeylər ictimai mahiyyət kəsb edir.
İnsanı nadir varlığa çevirən cəhət bir də odur ki, o öz zəngin təcrübəsini şüurlu surətdə gələcək nəsillərə vermək qabiliyyətinə malikdir.
Bütün bu deyilənlər göstərir ki, insan öz şəxsində həm bioloji, həm də sosial cəhətləri bir vəhdət halında birləşdirir. Lakin o, başlıca olaraq sosial varlıqdır, öz insanlıq mahiyyətini yalnız cəmiyyətdə, başqa insanlarla ünsiyyətdə kəsb edir.
Dostları ilə paylaş: |