Münasibət deyərkən cəmiyyətin hissələri, elementləri arasındakı müəyyən əlaqə, qarşılıqlı asılılıq başa düşülür. Münasibət – bir növ görünməz möhkəmləndirici materialdır, o adamları və cəmiyyəti birləşdirir, onları bütöv monolitə çevirir. Adamlar arasındakı möhkəm, daimi, təkrarlanan, münasibət qarşılıqlı fəaliyyət tədricən cəmiyyətdə sabit qrupların, institutların yaranmasına gətirib çıxarır, onlar da öz növbəsində öz aralarında bu və ya digər qarşılıqlı münasibəti görürlər. Sosial münasibətin zənginliyi və rəngarəngliyi inkişaf etmiş demokratik cəmiyyətin əlamətidir və ya əksinə, onların eyni cür olması, inkişaf etməməsi bu və ya digər cəmiyyətin totalitar – qeyri-demokratik xarakterini göstərir.
“Struktura” anlayışı cəmiyyətin sivil səviyyəsini, onda olan möhkəm əlaqə, münasibətlər sistemini əks etdirir, eyni zamanda onların əsasında yaranan, cəmiyyətin bütövlüyünü təmin edən, müxtəlif daxili və xarici təsirlər vaxtı onun xassələrini qoruyan- sosial qrupların və institutların məcmusunu əks etdirir. Beləliklə, strukturaya tarixən formalaşan cəmiyyətin quruluş forması, daxili nizama salma, onun müxtəlif hissələrinin razılaşması kimi tərif vermək olar.
İctimai həyatı təhlil edərkən tez-tez “subyekt” və “obyekt” kimi cüt anlayışlardan istifadə olunur. Onlar mənaca əks olsalar da bir-biri ilə sıx bağlıdırlar. Subyekt deyərkən sosial fəlsəfə fəallığın daşıyıcısı kimi çıxış edən, passiv hadisə kimi özünü göstərən obyektə istiqamətlənən fəallığı nümayiş etdirən insan və ya qrup başa düşülür. Obyekt kimi həm şeylər, həm də adamlar çıxış edə bilər. Lakin istənilən halda obyekt deyərkən həmin an subyektin fəallığının istiqamətləndiyi dərk olunan və ya predmet-praktiki hadisələr başa düşülür.
Nəhayət, sosial fəlsəfədə ümumiləşdirici anlayış: sosial struktur anlayışı sosial orqanizmin bütövlüyünü təşkil edən sosial subyektlərin (bu və ya digər obyektlərə münasibətdə) əlaqə və münasibətlərinin bütün məcmusunu əhatə edir.
Müasir fəlsəfənin sosial orqanizmi təsvir etmək üçün istifadə etdiyi sadaladığımız əsas kateqoriyalar göstərir ki, sosial sistem əsaslı şəkildə təbii sistemdən fərqlənir. Bu fərqlər aşağıdakılardır:
1) cəmiyyəti təşkil edən elementlərin sistemaltılar, səviyyələr, eyni zamanda onların funksiyalarının, əlaqə və qarşılıqlı münasibətlərinin çoxluğu:
2) sosial elementlərin müxtəlif keyfiyyətliliyi, müxtəlifliyi-onların arasında rəngarəng maddiliklə yanaşı həm də müxtəlif çalarlı ideal, mənəvi hadisələr də vardır. Ona görə də, cəmiyyətin tədqiqində həm humanitar, həm də təbiət elmlərinin istifadə etdiyi kompleks yanaşma daha məhsuldardır.
3) sosial sistemin əsas elementinin nadirliyi-insandır, o geniş yaradıcılıq imkanlarına, öz davranış formalarını sərbəst seçmək bacarığına malikdir, bu da cəmiyyətin inkişafında qeyri-müəyyənliyi, müxtəlifliyi yaradır. Bu fikrin əsaslandırılması müasir fəlsəfənin əsas mövzularından biridir.
Fəlsəfi fikrin ictimai həyatın xüsusi mürəkkəbliyini və rəngarəngliyini açması ilə tədqiqatçıların bütün bu rəngarəngliyi bir əsasa, ümumi bayraq altında ümumiləşdirməyə cəhdləri də güclənir. Həm də filosoflar bu cəhdlərində digər elmlərin nümayəndələrinin arxasınca getmişlər - onların hər biri öz sahələrində bu və ya digər “ilkin kərpicləri” aşkar etmişlər: fizika - elementar hissəciklər, kimya -atomlar, biologiya - canlı hüceyrələr, psixologiya – qıcıqlandırıcı hadisələr və s.
Dostları ilə paylaş: |