M fəLSƏFƏ, onun predmeti və cəmiyyət həyatında yeri Fəlsəfə və dünyagörüşü. Dünyagörüşünün mahiyyəti və formaları



Yüklə 0,71 Mb.
səhifə20/184
tarix12.04.2022
ölçüsü0,71 Mb.
#55241
1   ...   16   17   18   19   20   21   22   23   ...   184
muhazire FELSEFEyeni (1)

KLASSİK ALMAN FƏLSƏFƏSİ vaxt etibarı ilə «kapitalizm erasının» ən azı 75 ilini əhatə edir. Onun banisi olan Kantın fəaliyyəti Böyük fransız inqilabının hazırlanması və həyata keçməsi, burjua inqilabının ən yüksək nöqtəyə çatdığı dövrə təsadüf edir. Klassik alman fəlsəfəsinin son görkəmli nümayəndəsi Feyerbax 1848-1851-ci illər Avropa inqilabının müasiri olmuşdur, bu vaxt proletariat müstəqil siyasi qüvvə kimi tarixi səhnəyə çıxmışdır. 75 illik klassik alman fəlsəfəsi -75 illik Avropa burjuaziyasının və proletariatının təkamülü dövrüdür. Bu dövrdə siyasi hakimiyyətə çatan burjuaziyanın inqilabçılığı sönür, müstəqil siyasi qüvvə olan proletariatın isə inqilabçılığı yüksəlir.

«Keniqsberq müdriki» adlanan İ.Kantın həyatı ilk baxışdan parlaq hadisələrlə zəngin olmamışdır, lakin yaradıcı fəlsəfi həyatı dərin və məzmunlu olmuşdur. Kantın ideyalarının formalaşmasını ənənəvi olaraq iki dövrə bölürlər: «tənqidəqədərki» və «tənqidi» dövr. Onlar arasındakı sərhəd 80-ci illərin əvvəllərinə, «Təmiz əqlin tənqidi» (1781) adlı əsərinin çap olunduğu dövrə təsadüf edir. Sonrakı əsərlərinin adında da «tənqid» sözü olduğundan bu dövrü «tənqidi» dövr adlandırmaq qəbul olunmuşdur. Uşaqlıqdan sağlamlığındakı zəifliyə baxmayaraq ciddi intizam və asketik həyat tərzi hesabına uzun ömür yaşamış Kantın həyatı ilə bağlı maraqlı məqamları qeyd etmək lazımdır.

Kantın «tənqidəqədərki» fəlsəfi təkamül dövrü təbii-elmi xarakterili güclü işlərlə qeyd olunur. 1755-ci ildə filosof «Ən ümumi təbii-tarix və göy nəzəriyyəsi» adlı əsərini tamamlayır. Burada yalnız təbiət qüvvələrinin təsiri altında hər hansı tozlandırılmış (dağınıq) materiyadan Günəş sisteminin (eyni zamanda bütün Kainatın) yaranması haqqında o dövr üçün cəsarətli hesab olunan kosmoqonik fərziyyə qısa və dürüst ifadə edilir. Nyutonun fizikasına əsaslanaraq Kant materiyanın şaraoxşar (yumru) kütlə halında yığılması imkanını güman edir, bu da qravitasiyanın təsiri altında fırlanmağa, qızmağa başlayır, materiyanın nüvəsini və həlqəsini yaradır və s. Bu əsərdə filosof dünyanın yaradılması ideyasından uzaqlaşır (hətta Nyuton belə ilahi «ilk təkan» ideyasından yan keçə bilməmişdir) və dünyanın yaranmasının təkamül modelini düzəltməyə cəhd etmişdir. (Doğrudur çox mənasız bir səbəbdən bu əsər müasirlərinə ciddi təsir etməmişdir: kitabı nəşr edən müflisləşmiş və onun bütün tirajı anbarda qalmışdır.)

Kantın təlimində Allahın varlığının sübutunun tənqidi xüsusi yer tutur. Kant dini tənqid etmir, Allahın yoxluğunu sübut etmir və ümumiyyətlə dini neqativ hadisə kimi qəbul etməmişdir. O, göstərir ki, Allahın mövcudluğunu sübut etməyin ənənəvi orta əsrlər meyli əsassızdır. Allahın mövcudluğunu sübut və inkar etmək olmaz, ona yalnız inanmaq olar və lazımdır. Allaha inam əxlaqi baxımdan vacibdir, mədəni adam öz davranışına görə mükafatlanacağını, əxlaqsızlar isə cəzalanacaqlarına inanmalıdırlar.

Yeniləşdirilmiş fəlsəfənin vəzifəsi və eyni zamanda onun əsas strukturunu reformator olduqca sadə suallar şəklində qısa və dürüst ifadə edir:

– «Mən nəyi bilməliyəm?» (suala «Təmiz əqlin tənqidi» əsərində cavab verilir).

– «Mən nə etməliyəm?» («Praktiki əqlin tənqidi» -Kantın etikası).

– «Mən nəyə ümid edə bilərəm?» («Yalnız əql çər­çivəsində din»).

Bütün bu əsərlərdə Kant başlıca tələblərdən çıxış edir – hər bir fəlsəfi tədqiqatda tənqidə və ya insanın dərketmə qabiliyyətinin və biliyin özünün əhatə edə biləcəyi həddin tənqidi tədqiqinə əsaslanmaq lazımdır.

Qeyd etmək lazımdır ki, Kantın əldə etdiyi ən parlaq nailiyyət onun təliminin ilk iki bölməsindədir. Əgər Kantın qnoseologiyasının başlanğıc problemini və onun həlli üsullarını xeyli sadələşdirsək onun şərhi belə olar.

Kantı şöhrətləndirən fəlsəfənin digər sahəsi – etika, əxlaq haqqında təlim olmuşdur. Alman mütəfəkkirinin fikrincə, əgər etika elm kimi mümkündürsə, onda onun nəticələri (əxlaq normaları) ən ümumi və zəruri xarakter daşımalıdır. Lakin təcrübədə buna nail olmaq olmaz, deməli, əxlaqın tələbləri qeyri-təcrübi mənşəyə malikdir – onlar apriordur. Əgər apriordursa, deməli absolyutdur: əgər, məsələn, «aldatma» – onda heç kəsi, heç vaxt və heç bir şəraitdə. Bu əql tərəfindən verilən əxlaq qanunudur. Lakin insan iradəsi yalnız əqlə əsaslanmır, ona həm də empirik vəziyyət: xeyir, fayda, qorxu və s. – «təzyiq edir». Ona görə də əxlaq qanunu zəruri olaraq qəti imperativ norma kəsb edir – insanı mümkün məqsəd və vəziyyəti nəzərə almadan öz-özlüyündə yaxşı olan hərəkətə, davranışa sövq edən məcburi buyruq, hökmdür.

İ.Kant yeni Avropa mədəniyyətinin əsas xüsusiyyətlərinin inkişafına və onun təsdiq olunmasına öz töhvəsini vermişdir. Şəxsiyyətin muxtariyyatı haqqında Kant təlimi Qərb mədəniyyəti tarixində silinməz iz qoymuşdur. Öz fəlsəfəsini transendental adlandıran Kant bu müdrik və gözəl səslənən ifadəyə böyük əhəmiyyət verirdi. Hiss, düşüncə, əql deyil inamın predmeti olan şeylər haqqında danışmağa üstünlük verən filosof elm və elmi fəlsəfə çərçivəsindən kənardakı inama üstünlük verirdi. İnam olduqca şəxsi xarakterlidir, şəxsiyyətdə olan «müqəddəslərdən ən müqəddəsidir». Hər kəsin başqalarından fərqli inamı var. Vaxt məhdudluğunu nəzərə alaraq Kantın transendental təlimini ətraflı təhlil etmək üçün əlavə məşğələ təyin etmək daha məqsədəuyğundur.


Qnoseologiyada Kant tərəfindən “kopernikcəsinə çev­rilişin” həyəta keçirilməsindən alman klassik idealizminin digər nümayəndəsi olan İohann Qotlib Fixte istifadə etmiş və müəyyən mənada onu inkişaf etdirmişdir.

Fixtenin fəlsəfəsi «tənqidi»dir, onun çıxış nöqtəsi şüur, subyektdir. Buna görə də elmin başlanğıc vəziyyəti şüurun mahiyyətini əks etdirməlidir, özü də aydın və empirik aləmə istinad etmədən əks etdirməlidir, yəni şüuru elə bil «daxildən», onun özündən müəyyənləşdirməlidir. Fixteyə görə şüurun bu cür müəy­yənləşdirilməsi nə isə ən düzgün və ən aydın olan özünü düşünmədir. «Mən Mənəm» – elmi təlimin başlanğıc əsasıdır; burada şüur elə belə verilir, şüur «özü-özünədir». Özünü düşünmə aktında subyekt (kim fəaliyyət göstərirsə) və obyekt (fəaliyyətin məhsulu) tam uyğun gəlir, yəni Fixtenin sözləri ilə desək, «onda subyektiv və obyektiv bir yerə qarışmışdır»

Fixtenin fəlsəfəsinin «başlanğıcı», məşhur «Mən Mənəm» –sadəcə olaraq, hər hansı məntiqi arqumentlər hesabına razılaşdığımız, fikir, mülahizə deyildir. Ondan başlanan elm onu sübut etməlidir, ümumiyyətlə heç sübut edə də bilməz, çünki «Mən Varam»ı güman etməklə biz yalnız kiminsə fikrini, mülahizəsini təkrar etmirik, həm də başlıca olaraq onu öz ruhumuzla yaratmaqla özümüz onun əsasını tapırıq. Öz şüurunun aktı olan öz «Mən»ini dərk et, bu «Mən»i yarat – fəlsəfə insana müraciət edir, ilk növbədə onun azadlığına və yaradıcılıq iradəsinə müraciət edir. «Mən»in öz-özünə eyniləşdirilməsi insanın iradə azadlığının birinci aktıdır, onun şüurunun, fəaliyyətinin, necə deyərlər, birinci məhsuludur. Ona görə də Fixtedə o elmin ilk əsasıdır.

Hər cür biliyin əsas şəraiti haqqında bu cür elm, Fixteyə görə fəlsəfədir.

Gənc yaşlarından (24 yaş) Yen universitetinin professoru olmuş Fridrix Vilhelm Yozef Şellinq alman idealizmini obyektiv tərzdə yenidən qurmuş Kant və Fixtenin nailiyyətlərinə məftun olan fəlsəfi aləmi yenidən özü-özünə inkişaf edən və insanın özünü yaradan, insandan asılı olmayan reallığa diqqət yetirməyə məcbur etdi. Bununla belə Şellinqin obyektivizmi adi insani deyil, necə deyərlər hansısa Kainat, kosmik ölçüdə olan obyektivizm idi. Filosof makro yox, meqa aləm kateqoriyalarla düşünürdü. Əgər, məsələn, Şellinqdə idrak haqqında söhbət gedirsə, onda mikroskop və ya teloskopla gedən hər hansı adi tədqiqat üsulunu «fikirdə tutmaq» lazım deyil, burada söhbət özünün dünyanın əsası və mahiyyəti kimi başa düşülməsinə cəhd edən Kainat qüvvələrinin bu cür kosmik fəaliyyətindən gedir. İdrak sadəcə olaraq insanın subyektiv qabiliyyəti kimi yox, dünyanın quruluşuna əvvəlcədən qoyulmuş, bütövlükdə dünyanı təşkil edən obyektiv kimi çıxış edir.

Şellinqin naturfəlsəfəsi özünü aydın göstərən dialektik prinsiplərə əsaslanır. Baxmayaraq ki, o Hegeldə olduğu kimi sistemli vəhdət halında, «cilalanmamış», axıra çatdırılmamışdır, lakin inkişaf edən təbiətə tətbiq olunmuşdur, biz bunu nə Hegeldə, nə də Fixtedə tapa bilmirik. Ancaq bütövlükdə Fixte və Şellinqin ideyalarının varisliyi görünür.

Şellinq fəlsəfəsinin əsasında bəzi absolyutların – obyekt və subyektin, təbiət və ruhun, universial ideal varlığın eyniyyətinin –qəbul olunması dayanır (yalnız obyektivliyin üstünlük təşkil etməsi ilə Fixtenin «mütləq Mən»inə çox oxşayır). Həm də bu ideal varlığın hərəkəti olduqca şüursuz xarakter daşıyır. Ona görə də Şellinqdə təbiətin inkişafı da şüursuz proses kimi şərh olunur, onun əsasını Kainat əqli, «dünya ruhu» təşkil edir.

XIX əsrin birinci yarısında alman idealizminin zirvəsi haqlı olaraq Georq Vilhelm Fridrix Hegelin yaradıcılığı hesab olunur.

Hegelin fəlsəfi baxışlarının əsasını aşağıdakı şəkildə vermək olar. Bütün dünya – hansısa dünya əqlinin, ruhunun imkanlarının genişlənməsi və reallaşmasının möhtəşəm, əzəmətli tarixi prosesidir. Dünya Ruhu tamamilə obyektiv, şəxsiz, ideal başlanğıcdır, inkişafın əsası və subyektidir, bütövlükdə dünyanın yaradıcısıdır. Bu şəxssiz ideal başlanğıcın yaradıcı fəaliyyətinin ümumi sxemi Hegeldə Mütləq İdeya adını daşıyır. Yer üzündə mövcud olan hər şey – yalnız onun fəallığının nəticəsi, yekunu, solğun, zəif inikasıdır.

Alman mütəfəkkirinin yaradıcılığını anlamaq üçün əsas kimi onun ilkin yazdığı «Ruhun fenomenologiyası» əsərini hesab etmək qəbul olunmuşdur. Bu kitabın məzmununu idrak tarixini özünəməxsus bir şəkildə anlamaq təşkil edir. Lakin tarix deyərkən sözün adət etdiyimiz mənası yox, Hegel mənası, yəni idrakın məntiqi inkişafının – onun ən aşağı formasından – hissi gerçəklikdən mümkün son həddə qədər – «mütləq biliyə» inkişafının hər hansı sxemi nəzərdə tutulur. Unutmayaq ki, Hegelə görə, insanın şüuru dünya ruhunun təzahürü və ya təcəssümüdür. Lakin ilk anlar o (şüur) bunu güman etmir, ona görə də şeyə özünə yad olan cismanilik kimi, yəni şüura əks olan nə isə xarici, kənar predmet kimi baxır.

Fəlsəfənin inkişafında Hegelin hədiyyəsinin ümumi «çəkisi»ilk növbədə dialektik metodun işləyib hazırlaması ilə müəyyən olunur. Burada dialektika deyərkən inkişaf nəzə­riyyəsini başa düşmək tələb olunur, onun əsasında əksliklərin vəhdəti və mübarizəsi, yəni ziddiyyətin əmələ gəlməsi və həlli dayanır. Ziddiyyət bir-birini inkar edən və eyni zamanda bir-birini tələb edən əksliklərin vəhdətidir. Bu bir-birini inkarda yaranan gərginlik, münaqişə istənilən şeyin hərəkət və inkişafının mənbəyinə xidmət edir. Həm də inkişaf sərbəst, özbaşına yox, müəyyən qaydaya əsasən həyata keçir: fikir (tezis), onun inkarı (antitezis), inkarın inkarı (sintez, ziddiyyətin aradan qaldırılması). «Aradan qaldırılma» termini burada o məna verir ki, predmetin inkişafının ilk iki mərhələsi aradan qaldırılıb, aşılıb, tərk edilib, lakin eyni zamanda həm də qorunur, yenidən əmələ gəlir, yeni, yüksək keyfiyyətdə birləşir. Bu müxtəlif fəlsəfi sistemlərin qarşılıqlı münasibətinin Hegel şərhinə də aiddir: bu fəlsəfi sistemlər bir-birini əvəz edir, yeni kəşflər yetişdirir, bunlar da zaman keçdikcə itmir, bir sistemdən digərinə, həm də hər dəfə yeni keyfiyyətdə, keçir (yəni dünyanın ümumi mənzərəsində bu və ya digər bilik fraqmentlərinin yeri və əhəmiyyəti dəyişir).

Dünyanın ilkin əsasını təşkil edən (Hegelin ehtimalına görə) mütləq ideya da triadaya – tezis, antitezis və sintezə tabe olmalıdır. Əvvəlcə o təmiz məntiqi mahiyyət formasında («Məntiq elmi»), sonra varlığın başqa forması və ya təbiət formasında («Təbiətin fəlsəfəsi») və nəhayət ruhun müxtəlif formalarında –hüquq, əxlaq, incəsənət, din və s. («Ruhun fəlsəfəsi») çıxış edir.

Hegelin tarixi konsepsiyasının mühüm xarakteristikası – tarixin inkişafında xalqın fəallığı və hətta yaradıcı rolunun yüksək qiymətləndirilməsindən ibarətdir. Ən müxtəlif arzular (eqoistik və alturistlik, xırda və böyük və s.) maraqlar, affektlərlə əsaslandırılmış insan fəaliyyəti ruhun özünə lazım olan nəticələri əldə etmək üçün yeganə «silah və vasitədir». Həm də nəticə çox vaxt fəaliyyət göstərən adamın gözlədiyindən də çox yüksək olur. Hegel qeyd edir ki, ümumidünya tarixində adamların fəaliyyəti sayəsində onların cəhd etdiyi və nail olduqlarından bilavasitə bildikləri və isdədiklərindən xeyli fərqli nəticələr alınır.

Hegeldə tarixin mənasının əsasını təşkil edən azadlıq şüu­runun tərəqqisini heç vaxt təmiz subyektiv, yəni «fikirlərin», konkret adamların təfəkkürünün dəyişməsi kimi başa düşmək lazım deyildir. Real olmaq üçün ideya obyektivləşməlidir, nə isə xarici olana tökülməlidir. Azadlığın bu cür obyektivləşməsi Hegeldə ailə, vətəndaş cəmiyyəti, dövlət olur.

Hegel fəlsəfəni mütləq ruhun inkişafının yüksək pilləsi hesab edir, axı məhz onda ruh özünə tam uyğun olan anlayış formasında təqdim olunur. Ona görə də fəlsəfə təfəkkür haqqında özünəməxsus təfəkkürdür, kerçəkliyin inkişafının ümumi yekunudur, dünya haqqında ən əhəmiyyətli bilkdir. Hegelə görə fəlsəfə «fikirdə qamarlanma (dərk edilmə) dövrüdür» və ona görə də heç bir fəlsəfə öz dövründən qabağa gedə bilmir. Hegel şüurlu şəkildə gələcəklə bağlı proqnoz qurmaqdan imtina edir – o fəlsəfəni elmlikdən mərhum etmək istəmir, çünki, onun inamına görə yalnız keçmişə müraciət etmə, yəni həyata keçmiş inkişafın tədqiqi idrakın həqiqi elmi üsuludur. Onun üçün artıq formalaşmış, müəyyənləşmiş, bütün öz imkanlarını açmış olanlar başa düşüləndir. Məlumdur ki, müdriklik adətən gənclik vaxtından əziz olmur. Minerva bayquşları toran düşəndə (qaşqaralan vaxt) öz uçuşlarına başlayırlar.

Alman filosofu, antropoloji materializmin variantlarından birinin yaradıcısı, gəncliyində Hegelin tələbəsi və qızğın tərəfdarı, sonralar onun barışmaz tənqidçisi, xüsusilə Hegelin dinə olan baxışlarının tənqidçisi, XIX əsrdə Almaniyada klassik tipli filosofluq etmək ənənəsini davam etdirən Lüdviq Feyerbax klassik alman fəlsəfəsinin axırıncı nümayəndəsi olmuş, mütləq ruh haqqında hər cür ideyalardan imtina etmiş, insanı mədəniyyətin yeganə yaradıcısı elan etmişdir.

Qeyd etmək lazımdır ki, 30-cu illər Almaniyası üçün Feyerbaxın fəlsəfi kredosu (əqidəsi) ənənəvi deyildir: o öz böyük sələflərinin (Fixte, Şellinq, Hegel) idealizmini kəskin və qəti şəkildə rədd etmiş və özünü materialist və ateist elan etmişdir. İdealizmin praktiki olaraq şəriksiz hökmranlığı və dini ənənələrə xüsusi hörmətin olduğu ümumi fəlsəfi zəmində bu cür kəskin dönüş diqqəti cəlb etməyə bilməzdir. Feyerbax çox cəsarətli və vaxtında yaşamış filosof oldu. Çətin başa düşülən, çox yer tutan, olduqca mürəkkəb, hətta sadəcə olaraq anlaşılmaz olan Fixte və Hegel konstruksiyasından sonra Feyerbaxın fikirləri sadə və aydın idi. O, sağlam düşüncəyə qayıdışı, dumanlı mücərrədliyin buludların üzərində olan yüksəklikdə canlı və günahlı həyata enməsi kimi təqdim olundu. Bütün klassik alman fəlsəfəsində olduğu kimi Feyerbaxın yaradıcılığında da başlıca insan dəyəri kimi azadlıq mövzusu açıq səslənir. İnsanın mahiyyəti, onun özgəninkiləşdirilməsinin dəf edilməsi, ictimai həyatın ağıllı quruluşu problemi insanı onun yolunda çıxan hər cür xurafat və mövhumatdan, – o cümlədən fəlsəfi – azad etmək naminə öz həllini tapmalıdır.

Feyerbax insanı «azad etməyi» öz dahi müəllimi Hegelin fəlsəfi sistemini kəskin tənqid etməkdən başlayır. İlk növbədə o Hegelin məhbəsə salınmış «mütləq ruh» kateqoriyasını azadlığa buraxmaq istəyir; sən demə bu real insandan ayrı salınmış və ilahiləşdirilmiş adi insan şüurudur.

Feyerbaxın dəlilləri sadə və inamlıdır. Fəlsəfə təmiz əql aləmində qaldıqca həqiqətə çata bilməyəcəkdir. O, dünya, materiya, həyat yaratmağa qadir deyildir. O hətta özündən (hörümçəyin özünə hörümçək toru düzətməsi kimi) öz ideyalarının bütün zənginliyini yarada bilməz. Yalnız real aləmə, təbiətə müraciət etməklə fəlsəfə həqiqi biliklər əldə etməyə ümid edə bilər. Bütün fəlsəfi sirlər tamamilə təbii, maddi şeylərdə gizlənir. Ona görə də təfəkkürün dar çər­çivəsinə qapanmaqla onun kateqoriyaları və mühakimələrindən real aləmi çıxarmaq yox, əksinə canlı həyatı, təbiəti bizim təfəkkürün ilkin mənbəyi kimi öyrənmək lazımdır.

Dini fenomeni izah etmək üçün Feyerbax alman fəlsəfəsində geniş şöhrət qazanmış «öz­gə­nin­kiləş­dirilmə» anlayışından istifadə etmişdir. Axı din insanı özgəninkiləşdirmədən və ya daha dəqiq, ən adi insani xassələri təbiətə keçirmədən başqa bir şey deyildir. Elə buna görə də təbiət ilahiləşdirilir, dini fantaziyanın gücünə insana xas olan qabiliyyət kəsb edilir. Son nəticədə Allah – mücərrəd, hər cür pis, çirkin, təsadüfi, məhdud xüsusiyyətlərdən təmizlənmiş, absolyuta yüksəldilmiş, ağla gəlməyən dərəcədə yetkin olan insandır. Feyerbaxın fikrinə görə, dində insan dərk etmir ki, o mahiyyətcə özü-özünü ilahiləşdirir. İnsan sanki ikiləşir, özünün bütün müsbət keyfiyyətlərini göyə verir, onları obyektivləşdirir və nə isə xüsusi, daha güclü və qüdrətli varlıq kimi ona səcdə edir. Beləliklə, insan özünün uydurduğu daha bir personajdan asılı vəziyyətə düşür. İnsanın yaratdığı obyektlərin nə isə ona qarşı çevrilməsi, onlar üzərində hökmranlıq etməsinin özü elə özgəninkiləşdirilməsi adlanır.

Feyerbaxın fəlsəfəsini adətən antropoloji (yunanca: antropos – insan, loqos – söz, anlayış, təlim) materializm kimi qiymətləndirirlər. Bu mütəfəkkirin yeni fəlsəfə yaratmaq iddiası ilə bağlıdır; bu fəlsəfənin mərkəzində insan dayanmalıdır. Feyerbax izah edir ki, «yeni fəlsəfə insanı, həm də insanın bazisi kimi təbiəti fəlsəfənin yeganə, universal, xarici predmetinə çevirir, nəticə etibarilə antropologiyaya ...universal elmə çevirir».

Amma çox vaxt olduğu kimi, Feyerbaxın baxışlarının, necə deyərlər, «pozitiv» hissəsi «tənqidi»dən xeyli zəif alınmışdır. O, öz tənqid edən müəllimlərinin başlıca ta­pıntılarını – dialektikanı və tarixiliyi – qəbul edə bilməmiş və ya qəbul etmək istəməmişdir. Ona görə də ictimai münasibətlərin (onlardan ən əsas kimi psixoloji və fizioloji münasibətlər qəbul olunur) şərhində onun konsepsiyası tarixə ziddiliyi (məsələn, Feyerbaxda insanın mahiyyəti bütün zamanlarda daimidir, həm də onun təmiz bioloji tərəfləri götürülür), təbiiliyi, qnoseologiyada isə seyrçiliyi ilə (sanki idrakın subyektinin fəal rolunun aydınlaşdırılmasında Kant və Fixtenin nailiyyətləri olmamışdır) və s. səhvə yol verir.




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   184




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin