M. Fuad Köprülü Azəri Bakı


I Təhmasib dövründə Təbriz valiliyində olan Yusif



Yüklə 0,59 Mb.
səhifə5/7
tarix31.01.2017
ölçüsü0,59 Mb.
#6975
1   2   3   4   5   6   7

I Təhmasib dövründə Təbriz valiliyində olan Yusif adlı və təxəllüslü bir Azəri şairinin türkcə «Divan» (Universitet ki­tabxanası, Xalis Əfəndi, yazm. № 90; Muxyi-i Gülşəninin «Kafiya» risaləsində) tərtib etmiş olduğunu da bilirik ki, bunun Sam Mirzənin bəhs etdiyi Yusif adlı iki şairdən biri olduğu ehtimal olunur. «Aləm ara-i Abbasi»nin (II, 652) müəllifi Şah Mə­həmməd Xüdabəndə dövründə məşhur siyasi xadimlər­dən Müsəyyəb xanın yazdığı türkcə bir şe‘ri yayıldığı kimi, 1020-ci il hadisəsi zamanı Əsədabad məlikzadələrindən olub kəncliyində idarəetmə işlərində yaxından iştirak etmiş olan və Kurçılar vəziri olarkən vəfat etmiş və cənazəsi Məşhədə apa­rı­lan Məlik bəyin də farsca və türkcə şe'rləri olduğunu qeyd edir.

Bu əsrin sonlarında yaşayan və Füzulinin oğlu Fəzl­inin qızılbaşlar əleyhinə yazdığı şe‘rə cavab yazan Təkəlü qəbiləsinə mənsub Şahiyini də unutmamaq lazımdır (Bax: Danişməndani Azərbaycan, s. 300). Xoy və Səlmasın qazisi olan Sədullahın oğlu, sonradan bu vəzifəni tutan qazi Abdullah Xoyi (ölm. 991, Səbzzvar) farsca və türkcə şe‘rləri ilə şöhrət qazanmışdır. Onun bir müddət Səfəvi divanında türkcə katiblik etdiyi də mə‘lumdur (eyni əsər, s. 266, «Gülüstan-i hunar»dan götürülmüşdür). Osmanlı ordusunun Təbrizi işğalı zamanı Gilan hökmdarı Əhməd xanın yanına gedən lakin, umduğu hörmət və izzəti görməyərək gilanlılara həcv yazan Raqib təxəllüslü təbrizli Kəlbəli (ölm. 1002=1593/1594) də farsca və türkcə yazdığı şe‘rləri ilə şöhrət qazanmışdı (eyni əsər, s. 157, 315). Gilanda iki əsr yarıma qədər hakimiyyətdə olan «Kərkiya» sülaləsinə mən­sub olan bu Əhməd xan Səfəvilər ilə etdiyi uzunmüddətli mübarizələrdən sonra Osmanlıya mühacirətə getməyə məc­bur olmuş və bir müddət Osmanlı-Səfəvi münasibətlərinin pozulmasına səbəb olmuşdur. O, şe‘r və musiqi ilə yaxından maraqlandığından yalnız farsca deyil, Azəri ləhcəsi ilə türkcə şe‘rlər də yazmışdır (Sadəddin Nüzhət, Türk şairləri, I, s. 284. Bu yazıda Əhməd xanın siyasi həyatı haqqında Xəlil Əd­həmin TTEM, № 88-dəki məqaləsinə müraciət edilmişdisə də, İran mənbələrindən heç istifadə edilməyərək yazılan bu məqalə tamamlanmağa və düzəldilməyə möhtacdır). «Həft iqlim»də türkcə bir rübaisi qeydə alınan bir neçə dildə şe‘r söylədiyi bildirilən Yaqub Ərdəbili də bu əsrdə fəaliyyət gös­tərmişdi. Hindistanda Baburlar dövründə Xan-ı Xanan tə­xəllüslü Rəhim xanın yanında olan şairlərdən həmədanlı Siyani də bu əsr şairlərindəndir (Mə‘əsir-i Rəhimi, 1391, III). Mə‘lumat vermə xüsusiyyətinə görə çox zəif olan bu xülasə də göstərir ki, Azəri ədəbiyyatı, xüsusilə, nəzm sahəsində güclü bir inkişaf yolu tutaraq müasir İran şe‘rinin təkamülü ilə ahəngdar olaraq onu qüvvətli nüfuzu altında bir tərəfdən Nə­simi, Füzuli Nəvai kimi Azəri və Cığatay şairlərinin, digər tərəfdən də Osmanlı ədəbiyyatının tə‘sirləri altında olduqca zəngin məhsullar vermişdir.



XVII-XVIII əsrlərdə bu təkamülün daha geniş bir halda inkişaf etdiyini görürük. İrandakı müxtəlif dilləri və ləhcələri (Mə‘əsir-i Rəhimi, II, s. 592: Gilani, mazandarani, şirvani, gür­cü, qumuq, çərkəz və türkmən) incəsənətin bir çox növ­lərini bilən (eyni əsər, 1689, III) I Şah Abbasın son zaman­ların­da şöhrət qazanan Məsihi «Dam-udanə, Zənbür-ü əsəl», «Vərqa və Gülşən» adlı üç məsnəvi yazmışdır. 1038-ci ildə tamamlanan və I Şah Səfiyə ittihaf olunan bu əsərin bir nüsxəsi Britiş Muzeyindədir (Ricu, s. 209). Bə‘zi məc­muə­lərdə məşhur Şeyx Səfi Ərdəbiliyə istinad edilən bə‘zi türk­cə qəzəllərin (Seyid Əhməd Kəsrəvi, Azəri ya zəban-i basi­tan-ı Azərbaycan, s. 24) aşağıda da adı çəkilən bu əsr şairlə­rindən Şahqulu bəyə aid olduğu söylənə bilir (bu dəyərli şair haqqında bax: Maarif və mədəniyyət məcmuəsi, Bakı, 1925, № 1 (21), s. 32). Əcəm və türk ədəbiyyatları və xüsusilə Hindistandakı İran şairləri üzərində çox güclü tə‘siri olan və Şibli Numani kimi bə‘zi mütəxəssislər tərəfindən üslubunun və fikirlərinin yeniliyi baxımından qəzəl tərzində İran şe‘rlə­rinin son böyük ustadı sayılan təbrizli Şə‘ibin 17 türkcə qəzəli və farsca-türkcə müləmmələri vardır. Bu əsrdən başlayaraq bir çox Azeri və Osmanlı şairləri tərəfindən onlara müxtəlif nəzirələr yazılmışdır. 1081-ci ildə İsfahanda ölən bu şair sağlığında da Hindistan, İran və Türkiyədə də böyük şöhrət qazanmış və II Şah Abbasın sarayında «məlik əl-şüara» adı­nı da almışdır (Bax: Danişməndani Azərbaycan, s. 217-226; E.Browne, Persian literature in modern times, Cambridge, 1924, s. 265-277). 1642-1677-ci illər arasında səltənət sürən və İsfahanda tikdirdiyi bir çox abidələrdən başqa, himayə etdiyi şair və alimlərin ona itihaf etdikləri əsərlərlə fikir və sə­nət həyatını canlandıran bu hökmdar Sani təxəllüsü ilə yaz­dığı türkcə və farsca şe‘rləri ilə də tanınmışdır (Bax: Təzkirəyi Tahiri Nəsrabadi, nəşr. Vahid Dəstgərdi, s. 10). Bu dövr şairləri arasında Urmiya Əfşarlarından olub bu gün də Tərzi adını daşıyan kənddə anadan olmuş Tərzi xüsusilə diqqətə­layiqdir. Son illərdə çap olunan kiçik «Divan»ı sayəsində (Divan-i Tərzi Əfşar, nəşr edən: Təməddün Rizaiyyə) əsərləri haqqında aydın bir fikir yürütmək kifayətdir. Tərzi farsca və Azəri ləhcəsi ilə yazdığı mənzumələrdən başqa, çoxlu sayda türkcə sözlər işlədərək onları fars dilinin qrammatikasına görə dəyişərək bir çox şe‘rlər yazmışdır. O, icad etdiyi bu yeni və qəribə tərzdən başqa, duyduğu qüruru ifadə etməkdən də çəkinməmişdir. II Abbasın Səfinin türk dilində danışılan saraylarında çox vaxt qoşa gedən və xüsusilə Şah Səfi tə­rəfindən təşviq edildiyi anlaşılan bu uydurma ədəbi dil Molla Fəvki kimi bə‘zi müasirləri tərəfindən də təqlid edilmək istənilmişdisə də, klassik fars dili qarşısında çox dayana bilməmişdir (Tahir-i Nəsrəbadi, Tərzinin onu təqlid etdiyini söyləməkdədir; Bax: Təzkirə, s. 408). Ancaq, bu tərz şe‘rlər, əsasən, əyləncə və zarafat məqsədi ilə yazılan şe‘rlərdir ki, bunlara əski ədəbiyyat istilahında «tərzik» adı verilir. Səfəvilər dövründə çox yayılan bu tərziliklə yazılmış əsərlərdə müləm­mə üsulundan daha çox istifadə edildiyi görünür. Səfəvi hökmdarı I Hüseyn (1694-1722) dövrünün “məlik əl-şüara”sı olan Mihri Ərəb ərəb, fars, türk sözlərini ərəb qrammatika­sı­na görə işlədərək bir çox qəzəllər yazmışdır (Bu şair haq­qında bax: Hidayət, Məcmuə əl füsəha). Həcv və zarafata çox meyilli olan Tərzinin həqiqətən Azəri türkcəsi ilə yazdığı şe‘rlər bu ədəbiyyatın gözəl məhsullarından biri sayıla bilir (Bu şair haqqında bax: İranşəhr, № 12; Ayanda, № 8/9; Məcəllə-i ərmağan, XIII məcmuələrindəki məqalələr). Yenə bu əsrdə Azərbaycanın tanınmış şairlərində olub Şə‘ibin də hörmətini qazanmış Dəruni (Danişməndani Azərbaycan, s. 146) əslən təbrizlidir. Onun türk soylu ailəsi I Şah Abbas döv­ründə İsfahana gələrək orada yerləşmişdir. Bir türk ailə­sinə mənsub olan və XVII əsrin sonu XVIII əsrin əvvəllərində «Divan»ı və müxtəlif məsnəviləri ilə İran və Hindistanda bö­yük bir şöhrət qazanaraq adətən Şə‘ibə xələf sayılan və ara-sıra türkcə qəzəllər yazan Tə‘sir təxəllüslü Mirzə Mövsünü (eyni əsər, s. 77-81), 1078-ci ildə Bəndərabbasın valisi olan Rzaqulu xanı (Təzkirə-i Nəsrəbadi, s. 31), farsca şe‘rləri ilə tanınmış olmaqla bərabər, türkcə mənzumələr də yazan Mirzə Cəlal Şəhristanini (eyni əsər, s. 33) və Təbriz şeyxülislamı Mirzə Saleh Təbrizini (eyni əsər, s. 103) də göstərə bilərik. II Səfi, yə‘ni Şah Məhəmməd Səfəvi dövrü (1077-1105) adamlarından olub, Avcı elinə mənsub olan, zəka və qabiliyyətinə görə bir çox işlər həvalə edilən Məlik bəy Avcının 63 qəzəldən ibarət kiçik bir «Divan»ı Berlin kitabxanasının fars dilində yazılmış əlyazmalar arasında «Gan­cina» adlı bir məcmuədə mövcuddur (bax: W.Perdsch, Katal. D pers. Hss. Berlin, № 209; bu kiçik «Divan» Əhməd Cəfəroğlu tərəfindən təshihsiz bir şəkildə nəşr olunmuşdur; bax: Azərbaycan Yurd Bilgisi, İstanbul, 1933, Sayı 13, 14, 15). Bu dəyərli şair üzərində bir tərəfdən Füzulinin, bir tərəf­dən də Şə'ibin tə‘sirləri açıqdan-açığa görünür. Yenə bu əsr­də şöhrət qazanan Qövsü Təbrizinin türkcə şe‘rləri də ədəbi qiymət baxımından diqqətəlayiqdir (Rieu, c. 209; Universtet kitabxanası, Ulduz türkcə əlyaz., sayı 44; Danişməndani Azər­baycanın müəllifi 6000 beytlik farsca və türkcə bir «Di­van» nüsxəsinin onda olduğunu yazır. Salman Mümtaz tə­rəfin­dən 1925-ci ildə Bakıda nəşr etdirilən «Divan-i Qövsi» natamamdır. «Danişməndani Azərbaycan»ın müəllifi bu Qöv­si ilə «Tuxfa-i Sami»də bəhs olünan eyni təxəllüslü bir şairi bir-birinə qarışdırmışdır). Qəsidə, qəzəl və rübailərində Füzu­li Sə‘ib tə‘siri görünən və gözəl bir parçasını Çələbizadə Aşimin təzmin etməsinə XVIII əsr Osmanlı şairləri tərəfindən də məchul olmadığı anlaşılan Qövsi Mirzə Tahir Vahidin bağbanı təsvirində bir tərcibənd yazmışdır. Biz bunun sayə­sində onun dövrünü açıqca anlaya bilirik. Çünki Mirzə Tahir Vahid Təbrizi II Şah Abbası səlnaməçisi və 1101-ci ildə II Səfinin vəziri sifətilə dövrünün şöhrətli və nüfuzlu bir şəxsi­dir. Atası Məhəmməd Təkiəddin xan II Şah Abbasın sədr-ə‘zəmi olub, 1055-ci ildə oğlunu səlnaməçi təyin etdirmişdir. 1120-ci ildə vəfat etmiş Vahidin yazmış olduğu tarixi əsərin­dən və farsca-türkcə divanından başqa, çox məşhur olan bir münşəatı da vardır. Bu münşəat 1826-cı ildə Kəlküttədə və 1844-cü ildə Luknovda nəşr olunmuşdur (təfsilatı üçün bax: Rien). Bu əsrə aid bir məcmuədə Mavhub, Nazim, Baba Fiqani, Nəbi, Sihhət, Məvci, Ləşkəri, Amin, Mehrəli Təb­rizi, Nüsrət, Məczub, Visali, Zayiri, Şəfiqulubəy, Qövsü təxəllüslü bir neçə Azəri şairlərinin şe‘rləri mövcuddur. Bun­ların XVII əsrə mənsub olduğunu bildiyimiz son iki şairin əsərləri ilə bir yerə toplanmış olmasına görə adları çəkilən digər şairlərin də bu əsrə mənsub olduğunu təxmini olaraq qeyd edə bilərik. Bunlardan Şeyxəlislam Təbrizi təxəllüsünü də götürmüş olan Məvcinin 26 qəzəli onun ədəbi əhəmiyyət və qiymətini açıqca göstərməkdədir (Halis Əfəndi kitabxa­na­sındakı bir məcmuədə). Leninqradda Asiya Muzeyində sax­lanılan əlyazmalar arasında olan bir məcmuədə (Sayı 311) Məvci, Miri bəy Avarə bəy adlı üç Azəri şairinin mən­zu­mə­lərinə təsadüf etmişdim. Bu Məvcinin bizim bəhs etdiyimiz şair olduğu və digər ikisi də yenə bu əsrə mənsub olduğu təxmin edilə bilər. «Danişməndani Azərbaycan»da heç bir məxəz və tarixi göstərilməyərək sadəcə türkcə iki beyti veri­lən Məvci (Əhər şəhərinin şeyxülislamı) da bizim bəhs etdiyi­miz şair olması mümkündür. Bu əsrdə Hindistanda türk saraylarında yaşayan İran şairləri arasında da türkcəsi ilə şe‘r yazanlara təsadüf olunur. Baharlu oylağına mənsub olub Şah Əkbər dövründə böyük bir nüfuz qazanan, farsca və cığa­tay­ca şe‘rləri ilə də məşhur olan Bayram xanın nəvəsi Şahpə­sənd məiyyətində olan və onun ölümünə türkcə bir rübai söyləyən Kəlbəli bəy Baharlu (bax: Mə‘əsiri Rəhimi, II, s. 653) bunlardandır. Yenə bu əsrdə müxtəlif səbəblərlə Türki­yə­yə gələn şirazlı Aiqa İtri, gilanlı Halimi, isfahanlı Yaki­na, Tə‘ib kimi bir neçə Azəri şairləri haqqında Osmanlı mən­bə­lərində mə‘lumat vardır. Övliya Çələbi (Səyahətnamə, II, 253) Təbrizdə 78 şair olduğunu söyləmişdir. O, bunlardan bə‘zilərinin adlarını qeyd etdiyi kimi Diyarbəkrdə xalq dili ilə, yə‘ni Azəri ləhcəsi ilə qoşmalar yazan və IV Muradın ləhcəsi ilə qoşmalar yazan və IV Muradın rəğbətini qazanan Qəh­vəçizadədən bəhs edir (eyni əsər, II, s. 50).

XVIII əsrin birinci yarısında yetişib fəaliyyət göstərmiş Azəri şairlərindən bir neçəsi haqqında da müəyyən mə‘lu­mata malikik. 1094-cü ildə İsfahanda anadan olmuş Mirzə Məhəmməd Münşi Təbrizi yalnız şe‘r və ədəbi elmlərə deyil, eyni zamanda riyaziyyat, astronomiya və musiqi kimi elm sahələrinə də malik idi. O, türk, ərəb, fars, əfqan, hind dillərini və əski yazıları da oxuya bilirdi. Tərtibçiliklə məşğul olduğundan Münşi təxəllüsünü almışdı. Əlimizdəki mənbələr türkcə şe‘r yazdığından bəhs etmirsə də, dövrün ümumi təmayülünə görə, hər halda şe‘rlərində ara-sıra Azəri dilini də işlətdiyi təxmin olunur («Danişməndani Azərbaycan», s. 362). Nə‘şə təxəllüsü ilə yazdığı farsca və türkcə şe‘rləri 2000 beytlik kiçik bir «Divan»ı təşkil edən təbrizli Mirzə Əbdülrəz­zaq («Danişməndani Azərbaycan»dakı Əbdülbaqi adlanması səhvdir) Şə‘ib tə‘siri altında qalmış bir şairdir. O, Qaraqoyun­lu hökmdarı Cahanşahın nəvələrindən olub, riyaziyyatı və siyasəti dərin bildiyindən Mazandaranda maliyyə işlərində çalışmışdı. Mirzə Əbdülrəzzaq Nadir şah dövründə Təbrizdə böyük bir şöhrət qazanmış və 1158-ci ildə orada vəfat etmişdir (Lütfəli bəy Azər, Atəşkədə, tab. İran, 1277, müa­sirlər hissəsi; tab. Bombey, 1290, s. 430; Sübhi Gülşən, tab. Hind. 1295, s. 517; Salman Mümtaz, Füqara Füyuzatı, məcm., I, Bakı, 1920). 1134-cü ildə Səfəvi səfiri kimi İstan­bu­la gələrək hörmətlə qəbul edilən Murtazaqulu xanın da Na­mi təxəllüsü ilə türkcə gözəl şe‘rlər yazdığını onu çox bəyə­nən Osmanlı şairlərinin yazdıqlarında aydın şəkildə görürük (Bax: Fuad Köprülü, Azəri ədəbiyyatına aid tədqiqatlar, Bakı, 1926, s. 46-56). 1140-cı və ya 1150-ci ildə ölən Nəşat Şirva­ni də bu dövrün şairlərindəndir. (Salman Mümtaz, Nəşat-i Şirvani divanı, Bakı, 1925).


IV. Əfşarlar, zəndlər və qacarlar dövrü:

XVIII-XIX əsrlər.
Səfəvilərin süqutundan sonra Azəri türkcəsi Əfşar hətta türk olmayan Zənd xanədanları dövründə saray və ordu dili olmaqda davam etdisə də, Azəri ədəbiyyatının inkişaf sür‘əti azaldı.Bu dövrlərdə yalnız türk dilinə aid aparılmış tədqiqatlar genişləndi. Nadir şahın katibi və səlnaməçisi Astarabadlı Mir­zə Məhəmməd Mehdi xanın «Sanqlax» adlı böyük türkcə-farsca lüğəti bu dövrdə türkcənin əhəmiyyətini göstərən əsərdir. Bunun «Məbani L-Luqa» adlı iki hissəsi müxtəlif ədəbi türk ləhcələri (cığatay, azəri və osmanlı) haqqında müqayisəli mə‘lumata malik bir qrammatikadır (Denisoi Ross tərəfindn 1910-cu ildə «Biblioteca Indica» külliyyatında nəşr olunmuşdur). Buradan anlaşılır ki, Səfəvilər dövründə olduğu kimi, İranlı şərq məmləkətlərində Cığatay ədəbiyyatının və Nəvainin, qərb tərəflərində də Osmanlı ədəbiyyatının nüfuzu, Səfəvilər dövründə olduğu kimi bu dövrdə də davam etməkdədir. Müəllif türkmən və özbək ləhcələrinin bir-birindən fərqli olmaqla bərabər eyni kökdən gəldiklərini, Osmanlı və Cığatay ləhcələri arasındakı bə‘zi bənzəyişlərin səbəblərini, Cığatay dilinə müqabil rus və İran türkcələrinin (yə‘ni Osmanlı və Azəri ləhcələrinin) eyni qrammatik xüsusiyyətlərini gös­tərdiklərini anlatmaqla filoloci müşahidə qabiliyyətinə malik olduğunu isbat etməkdədir. İran ədəbiyyatında olduğu qədər, türk filologiyası tarixində də unudulmayacaq bir sima olan Meh­di xanın rəsmi Tiflis muzeyindəki bir «Cihanquşa-i Na­diri» nüsxəsindədir (Bax: Məcələyi mihr, Tehran, II, Sayı 7, s. 748). H.Massenin yalnız tarixçi olaraq bəhs etdiyi Mehdi xanın türk dili üzərindəki bu çalışmaları son illərdə A.N.Sa­moy­loviçin diqqətini də cəlb etmişdir (Mirzə Mehdi xan, XVIII əsr İran türkoloqu, Bakı, 1927). Bu dövr Azəri şair­lərindən 1170-ci ildə Təbriz ətrafında Dahharkan (xalq ara­sında Tufarqan) qəsəbəsində vəfat etmiş və əhli beytə aid müxəmməs şəklində yazdığı mərsiyyələri ilə şöhrət qazanmış Nizaməddin Məhəmməd Dahharkani; 1175-ci ildə Marağa şeyxülislamı olan zaman vəfat edən və İşraq təxəllüsü ilə yazdığı farsca şe‘rləri ilə «Riyaz əl-fütuh» adlı məsnəvisindən başqa, türkcə şe‘rləri, məsnəviləri və mərsiyələri ilə də məşhur olan Seyid Fəttah Marağayi; Ta‘ib təxəllüsü ilə türkcə və farsca şe‘rlər, xüsusilə də türkcə mərsiyyələr yazan və 1201-ci ildə vəfat edən Xoylu Hacı Xudaverdini göstərə bilərik (Bax: Riyazayi əl-cənnət, Universitet kitabxanası, fars dilində olan əlyazmalar arasında). Müəllif bu ilk iki şairin türk­cə mərsiyyələrinin böyük bir ədəbi qiymətə malik olduğunu qeyd etməkdədir. Bu dövrdə Nadir şahın ordusunda topçuluq etdiyindən Topçu təxəllüsü ilə şe‘rlər yazan bir şair (Daniş­məndani Azərbaycan, s. 87), Zülali, Ağa Məsih Şirvani (ölm. 1180), Müştaq təxəllüslü Məhəmməd Hüseyn xan (ölm. 1194) da bu dövrdə şöhrət qazanmışlar (Bu son iki şairin bə‘zi şe‘rləri Salman Mümtaz tərəfindən Bakıda nəşr olunmuşdur). Həmçinin Nadir şah ən şöhrətli türk şairi Səfəvilərin son dövründə yetişmiş olduğunu söylədiyimiz Nəş'əyi Təbrizidir.

Nadir şah 1153-1155-ci illərdə Nəcəfdəki məşhur künbəzi tə‘mir etdirdiyi zaman Nəş‘əyi Təbrizi buna türkcə tə‘riflər söyləmişdi (Nadir dövründə Mərvi Şahcan vəziri olan Məhəmməd Kazımın tək nüsxəsi Leninqradda Asiya muzeyi kitabxanasında olan «Nadirnamə»sində bu mənzumələrə təsadüf olunur). Bu dövr türk şairləri haqqındakı xülasəmizi tamamlamaq üçün «Atəşkədə» adlı şairlər təzkirəsi və farsca şe‘rləri ilə İran ədəbiyyatında mühüm bir yer tutmuş olan Azər təxəllüslü Lütfəli bəyi də unutmamaq lazımdır. Beqdili qəbiləsinə mənsub olub 1123 (1711)-ci ildə İstanbulda anadan olmuş və 1781-ci ildə vəfat etmiş Lütfəli bəyin Azəri ləhcəsi ilə də şe‘rlər yazmış olduğu indiyə qədər heç bir mənbədə təsbit edilməmişdir. Mən Tehranda İranın gənc və qiymətli tədqiqatçılarından Sə‘id Nəfisinin kitabxanasındakı bir məcmuədə bu tanınmış ədibin türkcə yazmış olduğu şe‘r­lərinə təsadüf etdim. Əsasən XVI-XIX əsrlərdə İranda türk nəslindən yetişmiş olan şairlərin mənbələrdə aydın göstəril­mə­sə də, mütləq türkcə şe‘rlər yazdıqları haqqında yalnız məntiqi bir nəticə çıxarmaq deyil, bir çox misallara da istinad edən qənaətim bununla təkrar qüvvətlənmiş oldu. Hər halda Əfşarlar Zəndilər dövrü daha doğrusu Səfəvilərin son süqut dövründən başlayaraq XVIII əsrin sonuna qədər keçən zaman İran ədəbiyyatı üçün də durğunluq dövrüdür. Təzkirələrdə adları qeyd olunan yüzlərlə İran şairləri arasında Xətif İsfahanidən (ölm. 1198) başqa qüvvətli bir şair gözə çarpmadığı kimi, Azəri şairləri arasında da dini şe‘rlər yazan bir neçə şairdən başqa, mühüm bir şəxsiyyət görünməmək­dədir. XVIII əsrin son on illərində hərbi və siyasi müvəffəqiy­yətlərlə mövqeyini saxlayan Qacar sülaləsi dövründə – XIX əsrdə ədəbi bir inkişaf baş verdi. Fətəli şahdan başlayaraq bu sülaləyə mənsub bir neçə hökmdarın və şahzadələrin ədəbiyyat və elmlə məşğul olduqlarını, alim və şairləri himayə etdiklərini, böyük tarixi və ədəbi əsərlər meydana gətirdiklərini bilirik. Avropa mədəniyyəti ilə istər birbaşa, istər də Osmanlı imperiyası və Rusiya vasitəsi ilə əlaqə, Tehran və Təbriz kimi böyük şəhərlərdə daşbasması mətbəəçiliyinin qurulması, rəs­mi məcmuələr və illiklər çıxması bu fəaliyyəti gücləndirirdi. Hə­lə XVIII əsrin sonlarında Səfəvilər dövründə hakim olan hind üslubu dediyimiz tərzin artıq tənəzzülə uğraması xü­susilə İstanbuldakı bir neçə şairləri sənətdə bir yenilik həyata keçirmək üçün monqol istilasından əvvəlki böyük sənətkarları, yə‘ni Səlcuqlar və Qəznəlilər zamanının şe‘rlərini təqlid etməyə başlamışdılar. XX əsrdə bu cərəyanın qüvvətləndiyini görürük. Nə‘şat İsfahani (ölm. 1244), Sə‘ba (ölm. 1238), Vüsal Şirazi (ölm. 1262), Süruş (ölm. 1285), nəsrdə də bö­yük şöhrət qazanmış olan Ka‘im Məqam (ölm. 1251) və xüsusilə bu əsrin ən böyük şairi sayılan şirazlı Ka‘ani (ölm. 1270) bu yeni cərəyanın nümayəndələridir. Həmçinin bu yeniliyin daha çox üslubla məhdudlaşdığını ideoloci baxımdan əski həyat görüşünün, əski mövzuların, əski formaların XIX əsrin sonlarına hətta XX əsrə qədər davam etdiyini söyləyə bilərik. Qəsidə və qəzəllər, məsnəvilər, müsəmmənlər, həcv və lətifə tərzində yazılmış əsərlər Əlinin imamların haq­qında olan böyük həcmli məsnəvilər, məhərrəmlikdə və tə­ziyyə məclislərində, yə‘ni şiə ayinlərində oxunacaq mərsiyə­lər kimi Ka‘aninin rəqibi olub nəsrdə «farisi-i bəsit» adını verdiyi sadə dil ilə bir neçə nümunələr yazan məşhur şair Yağma İran və türk xalq şe‘rlərinin formalarına bənzəyən bir neçə yeni nəzm formaları icad etmişdilər. Bu adları yuxarıda qeyd olunmuş şairlər məhərrəmlikdə oxunmaq üçün növhələr yaratmışdılar ki, XIX əsr Azəri şairləri də mərsiyələrində bu formaları təqlid etmişdilər.

Qacarlar dövründə İran ədəbiyyatının təkamülü haqqın­dakı bu ümumi qeydlərdən sonra bu dövrdə türkcənin və Azəri ədəbiyyatının inkişafını izah etməyə çalışaq. Qacar sülaləsi əsrlərdən bəri İranda yerləşmiş və mühüm rollar oy­namış böyük bir türk tayfasına mənsub olmaq e‘tibarilə saraylarında və orduda türk dili birinci yer tuturdu. Tarixi mənbələrdə Qacar ordusunda farsca bilməyən türklərdən bəhs edildiyi kimi (Bax: Farsnamə-i Nasiri, II, 289) bu dövrə aid bir çox qərb səyahətnamələrində və Osmanlı səfirlərinin raportlarında hökmdarların və saray xalqının türk dilində danışdıqları təsbit olunur (Məsələn: M.de Kotzebue Voyage en Perse a la Suite de L‘amabassade russe, en 1817, Paris, 1819, s. 213; A.Saltykoff‘un səyahətnaməsi, Macalla-i mihr, 1, 599). İran ədəbiyyatını himayə edən Qacar hökmdarları ana dilləri olan Azəri türkcəsi ilə əsərlər yazılmasını daima təbliğ edirdilər. İstər ədəbi ən‘ənə, istər şərqdə Xivə və Buxara xanlıqları və Qərbdə Osmanlı imperiyası ilə mövcud olan siyasi və mədəni münasibətlər, Osmanlı və Cığatay ədə­biyyatları haqqındakı əlaqəni qüvvətləndirmişdi. XVIII əsrdən bəri hərbi texnikada, me‘marlıqda və incəsənətdə Qərb tə‘si­rinə düşməyə başlayan Osmanlı cəmiyyətinin hələ Səfəvi­lərin son dövrlərində İran sənəti üzərində tə‘siri olduğu düşü­nülərsə, Qacarlar dövründə qərbləşən Türkiyənin İran üçün müxtəlif sahələrdə bir örnək olmasının səbəblərini daha yaxşı anlayarıq. Qacarlar dövrünün məşhur müəlliflərindən olub Məftun təxəllüsü ilə yazdığı əsərlərdən başqa, tarixi əsərləri ilə də şöhrət qazanan Əbdülrəzzaq bəy Dünbüli Səfəvilərin süquta uğrama illərinə aid olaraq yazılmış əsəri latın dilindən türkcəyə və İbrahim Mütəfərrikə tərəfindən çap edilən «Ta­rixi səyyah»ı türkcədən farscaya çevirmişdir (Bax: Danişmən­dani Azərbaycan, s. 353-357).

Qərb elmlərini İranda tanıtmaq üçün Tehranda 1852-ci ildə bir darülfunun açılması və ona ilk müdir olaraq XIX əsr İranının böyük alimi və yazarı Hidayət təxəllüslü Rzaqulu xa­nın tə‘yin edilməsi və Avropa elminə və texnikasına aid ol­duq­ca zəngin bir tərcümə ədəbiyyatına malik olan osmanlı­canın cəmiyyətin yuxarı təbəqəli insanlarının arasında daha böyük bir əhəmiyyət qazanmasına səbəb oldu. Əsasən Qa­carların hərbi və idarəetmə təşkilatlarında və saray adətlə­rində də Osmanlı imperiyasının tə‘siri çox aydındır.

İran ziyalılarının Cığatay ədəbiyyatına və Nəvainin əsər­lərinə qarşı əskidən bəri duyduqları böyük maraq XIX əsrdə də davam etdi. Ancaq, Osmanlı əsərlərini asanca anlayan Azəri türkləri Cığatay ədəbiyyatını oxuyub anlamaq üçün bu ədəbi dilin qrammatikasını və lüğətini öyrənməyə möhtac­dırlar. Elə bu məqsədlə də XVIII əsrdə başlamış olan filoloci çalışmalar bu əsrdə də davm edildi. Məhəmməd Xoyinin və­liəhd Abbas Mirzəyə təqdim etdiyi «Xülasa-i Abbasi»si və Məhəmməd Salih İsfahaninin Nəsrəddin şaha ittihaf etdiyi «Əl damğan Nəsiri»si bu cərəyanın məhsullarıdır (Thury Josef, A.Kozep-Azsiaai Török Nyelv ismertetesel, Budapest, 1906, türk dilində tərcüməsi üçün bax: MTM, II, 207-233). Həmçinin bu əsrdə Cığatay dilinə aid yazılan ən mühüm əsər qəzvinli Fətəli Qacar adlı bir müəllifin uzun çalışmadan sonra 1841-ci ildə tamamlayıb Nəsrəddin şaha ittihaf etdiyi «Behcət əl-lüğət», yaxud «Lüğəti ətrakiya» adlı böyük lüğət kitabıdır. Əvvəl T.Cozef elm aləminə tanıtdığı bu əsərin yeni və daha mükəmməl bir nüsxəsini əldə edən A.Romaskeviç buna dair «Yeni bir cığatay – fars lüğəti» adı ilə məqalə də nəşr etmiş­dir (Əlişir Nəvai, Leninqrad, 1928, s. 83-100; türkcə tərc., TM, IV, s. 281-293). Bu əsər vasitəsilə Qacarlar dövründə Cığatay dilinə qarşı göstərilən böyük maraq haqqında mühüm mə‘lumat əldə edə bilərik. Əvvəla anlayaq ki, Şərqi İranda Cığatay dil və ədəbiyyatını yaxşı bilənlər mövcuddur. Cığatay dil və ədəbiyyatını yaxşı bilənlər mövcuddur. Həmçinin İranın müxtəlif yerlərindəki şairlər və ziyalılar arasında Nəsrəddin şah başda olmaqla, bu xüsusda böyük bir əlaqə vardır. Hüccət təxəllüsü ilə farsca şe‘rlər yazan irəvanlı şair və alim Mirzə Məhəmməd bu dövrdə cığatayca şe‘rlər yazdığı kimi məşhur şair Ka‘ani də cığatayca mükəmməl bilirdi. Bu dövrün məşhur şairi Naşat da yetmiş yaşında olduğu halda cığa­tayca biliyini artırmaq üçün çalışmış və bu ləhcə ilə mənzum və mənsur bə‘zi parçalar yazmışdır (Gəncinə-i Naşat adlı məcmuəsində: bu xüsusda bax: Rieu). Qacarlar dövründə İran türk şair və münəvvərləri yalnız Azəri ədəbiyyatına deyil, Osmanlı və Cığatay dilinə və ədəbiyyatına güclü maraq gös­tərməkdə idilər.



Bü ümumi izahatdan sonra Qacarlar dövründə yetişən Azəri şairləri haqqında ətraflı bir xülasə yaza bilərik. Bu əsrə aid olaraq Əbdülrəzzaq Dümbülinin «Nigaristan-i Dara»sı, Əsrarın «Hadiqat əl-şü‘əra» sı kimi bir neçə şüara təzkirələri və daha sonralar yazılmış bə‘zi təzkirələr, tərcümeyi-hallar və müxtəlif dövrlərdə bir neçə şairin çap olunmuş divanları Qacar dövrünə aid müəyyən xülasə yazmağa kifayət edir. Yalnız türkcə deyil, farsca da yazan bu ikidilli şairlər arasında mənbələrdə türkcə yazdıqları dəqiqləşdirilməyənlərdən bir çoxlarının türkcə əsərlərinə təsadüf edildiyini də unutmamaq lazımdır. Həmçinin biz hələ də çox türkcə yazmaqla şöhrət qazanmış olanların ən əsaslarını göstərəcəyik. Qacar sarayı mənsubları arasında atası Nadir şah dövründə Azərbaycanın vəziri olmuş Bəndə təxəllüslü Mirzə Məhəmməd Razi xüsusilə məşhurdur. O üç dildə şe‘r və kitab yazmışdır. Fətəli şahın Napaleona göndərdiyi məşhur məktubu yazan, tarixi və ədəbi məzmunlu müxtəlif əsərlərin müəllifi olan və türkcə bə‘zi risalələri farscaya tərcümə edən bu təbrizli ədibdən başqa, Çakər təxəllüslü Hüseynqulu xanı, Abbas Mirzənin saray şairlərindən olub çap olunmuş divan sahibi Aciz tə­xəl­lüslü Xəlifə Məhəmmədi və xüsusilə Məhəmməd şahın mə­dhiyyəçisi və çap olunmuş divan sahibi olan Əbdülqasım Nəbatini unutmamaq lazımdır. Məcnun şah Xan Çobani təxəllüslərindən də istifadə edən bu sufi şair Hafiz Şirazini çox sevmişdir. O, klassik şe‘rlərdən başqa, məhəlli bəstələrlə oxunan kərəmi, gəraylı kimi xalq şe‘rləri tərzində mənzumələr də yazmışdır. Fətəli şah dövründə Marağa şeyxülislamı olub müxtəlif əsərlərindən başqa, türkcə bir çox şe‘rləri olan Atəşi, Məbhut Divanə, Abbas Mirzə dövründə ictimai yerlərdə «Rovzət ül-şühəda» oxumaqla və bədahətən şe‘rlər söy­lə­məklə şöhrə qazanan Çərtab (Çərx-tab) təxəllüslü Sadiq, Arif (Qarabağ), Məhəmməd şah dövründə Əfsar təxəllüslü Mirzə Abdullah Ordubadi, xoylu Molla Mehrəli tanınmış şairlərdən idilər. Dünbüllü tayfasına mənsub təbrizli Heyran xanım Abbas Mirzənin anasına və bacısına yazdığı mədhiy­yələri də əhatə edən 4500 beytlik farsca-türkcə divanı ilə şöhrət qazanmışdır (Bax: Məcəllə-i ərmağan, IX, s. 307). XIX əsrdə çoxu farsca və türkcə, bir hissəsi isə yalnız türkcə şe‘rlər yazmış, bə‘ziləri də divan tərtib etmiş bir çox adlara təsadüf olunur ki, bunların da ən məşhurları imamlar üçün mədhiyyə və mərsiyyələr tərtib etmiş olanlardır. Bunlardan «Kənzül-məsaib» adlı nəşr olunmuş əsəri ilə tanınan Qumri təxəllüslü dərbəndli Mirzə Məhəmmədtağı, çap olunmuş divan sahibi Raci, mərsiyəçi Pürqəm, Kərbəla faciəsinə aid altı cildlik əsəri Təbrizdə müxtəlif illərdə nəşr olunmuş olan Dəxil təxəllüslü marağalı Molla Hüseyn, farsca-türkcə divanı Təbrizdə müxtəlif vaxtlarda çap olunan Dilsuz təxəllüslü Məhəmməd Əmin Təbrizi və türkcə-farsca divanı Təbrizdə 2 dəfə nəşr olunan və lətifələri ilə məşhur olan Lə‘li təxəllüslü Mirzə Əli xan kimilərini göstərmək olar. Qumri «Kənzül-məsaib»ində ondan əvvəl mənzum və mənsur olaraq Kər­bəla faciəsinə dair əsərlər yazmış Mirfəttah Maraği, Müqbil, Məhzui, Aka Bəkir, Cəvhəri, Xaki, Sərbaz kimi nasir və şairləri göstərir ki, bünlar XVIII-XIX əsrlərdə şöhrət qazanan mərsiyəçilərdir (yaxud növhəçi). Bunlardan bə‘ziləri bu əsər­ləri tə‘ziyə məclislərində oxumaqla məşhur olduqları üçün on­lara rövzəxan adı da verilir. Bunlardan başqa, lətifə və həcv canrında şe‘rlər yazmaqla şöhrət qazanmış bir neçə şair­­lər də vardır ki, Cani təxəllüslü Mirzə Ağacan Qaraca­daği, Molla Cabbar Təbrizi, Şükuhi təxəllüslü Hacı Mehdi Təbrizi və xüsusilə Nəsrəddin şah dövründə çox şöhrət qa­za­naraq çox­lu sayda nəşr olunan Sə‘ləbiyə adlı həzl-amiz məs­nəvi sa­hi­bi Məhəmməd Bəkir Xalxali bunlardandır. Bir tülkünün ma­cərasını təsvir edən bu təmsilli mənzumədə tülkü axundlar sin­finin yalançı dindarlığını təmsil etməkdədir. Odur ki, İran döv­ləti ərazisində yaşayan Azəri türkləri son za­man­lara qə­dər bir ədəbi yenilik yaratmayaraq bu əsərlərlə ki­fa­yətləndilər. XX əsrdə İrandakı ilk məşrutiyyət hərəkatla­rında bə‘zi şairlər bu yeni ideologiyanı tərənnüm edən bə‘zi şe‘rlər yaz­mışdılarsa da, bu cərəyan yayıla bilməyib məhdud qalmış­dır.

Azəri ədəbiyyatında yeniləşmə ancaq rus hakimiyyəti altına keçdikdən sonra Qərb mədəniyyəti ilə əlaqə saxlaya bi­lən və Osmanlı türkləri ilə sıx mədəni münasibətlərdə olan Qaf­qaz türkləri arasında Azəri ləhcəsinin ədəbi bir dil olaraq məktəblərdə, teatrlarda və mətbuatda özünə yer tutduğu ki­mi, mühüm bir hissəsi türk olan bə‘zi ifrat əcəm millətçiləri də «İran türklərinin əsasən əcəm əslindən olub monqol isti­la­sın­dan sonra zorla türkləşdirildikləri» kimi tarixi həqiqətlərə ta­ma­milə zidd bir iddiada da olmaqdadırlar (Ancaq Mirzə Mə­həm­məd Qəzvini kimi bu cür əsilsiz iddiaları müdafiə etmə­yən bir neçə ciddi alimlərin olmasını da unutmamaq lazımdır).



XIX əsr Azəri şairlərindən bir hissəsi Nadir şahın ölü­mündən sonra adətən müstəqil bir həyat sürən kiçik Qafqaz xanlıqlarında yaşamaqda idilər. Həmçinin Cənubi Azərbay­can­da olduğu kimi, yerli xalqın əsarətdə olanlarının əksəriy­yəti türklərdən ibarət olduğu üçün burada türk ədəbiyyatının, xüsusilə, xalq arasında böyük bir əhəmiyyəti vardır. Burada yetişən Azəri şairləri ilə İranın başqa ərazilərindəki şairlər arasında nə dil, nə nəzm formaları, nə də ideologiya e‘tibarilə heç bir fərq yoxdur. Dərbənddən başlayaraq Təbrizə qədər bütün Azərilər yaşayan ərazilərdə türk ədəbiyyatı XIX əsrin ortalarına qədər eyni vəsfləri göstərmişdilər. Yə‘ni müştərək və ümumi bir təkamül yolu keçmişdir. 1813-cü il Gülüstan və xüsusilə, 1828-ci il Türkmənçay müqavilələri ilə Qafqaz türkləri rus hakimiyyəti altına girdikdən sonra da maddi və mə‘nəvi kültür baxımından İran və rus hakimiyyətləri altındakı bu türk torpaqlarının vəhdəti uzunmüddət davam etmişdir. Hətta daha sonraları da İran və Qafqaz türkləri arasındakı mə‘nəvi münasibətlər davam etmişdir. Bu dövr Qafqaz şair­ləri arasında Molla Pənah İran türkləri arasında az-çox unu­dulmuş olmasına baxmayaraq, Qafqaz türklərinin ən məşhur şairidi. Molla Pənah müasirləri olan Vidadi, Arif kimi şairlər­dən başqa, XIX əsrdə yetişən bir çox Qafqaz şairləri üzərin­də də tə‘siri olmuşdur. İran türklərinə məxsus şairlərin yazdığı əsərlərdən o qədər də fərqlənməyən əsərlərin müəllifi olan bu yüzlərlə şair arasında Salik, «Gülüstani İrəm» adlı farsca mühüm bir tarixi və başqa əsərləri olan Qüdsi təxəllüslü Abbasqulu ağa (təfsilatı üçün bax: Fuad Köprülü. Türk halk edebiyatı ansiklopedisi, I, İstanbul, 1935, JA, CCVII, c. 149-157), Kərbəlayi Abdulla və müasirlərindən Valih qeyd oluna bilər. Ancaq, Vaqifin ən mühüm və ən oricinal ardıcılı olaraq Zakir təxəllüslü Qasım bəyi göstərmək lazımdır. Zakirin ardıcılları arasında isə, xüsusilə, Seyid Əzim Şirvani daha böyük şöhrət qazanmışdır. Onun küliyyatı (divan və məsnə­vilər) Təbrizdə iki cild olaraq nəşr olunmuşdur. Biz bu zaman Qafqazda ədəbi həyatın qüvvətli bir inkişaf yoluna qədəm qoyduğunu görürük. O, dövrdən bəri Qarabağda «Məclisi xamuşan» adlı, digəri də Şamaxıda «Beytül səfa» adı altında iki ədəbi məclis var idi. Bu məclislərdə toplaşan şairlər (Seyid Əzim, Asi, Navras, Qüdsi, Şəfa, Salik və sairə) bir-birləri ilə görüşür və məktublaşırdılar. Bu dövr Şirvan şairlərindən Bahar təxəllüslü Mirzə Nəsrullah yazdığı farsca-türkcə di­vanı və farsca məsnəviləri ilə İranda şöhrət qazanmışdı (Bax: Hidayət, Məcmə ül-füsəha). F.Bodenştedtin Die Lieder des Mirza Schaffy (1881) adlı əsəri ilə Qərbdə şöhrət qazanan Mirzə Şəfinin (təxminən 1792-1852) Vazeh təxəllüsü ilə yazdığı bə‘zi şe‘rləri çap olunmuşdusa da, XIX əsr Azəri ədəbiyyatında bu şairin mühüm rolu olmadığı görünür (Ahmed Caferoğlu, Mirza Safi, TM, II, s. 261).

Altı əsrlik bir dövrə malik olan Azəri ədəbiyyatının tarixi təkamülünü ən ümumi xətləri ilə xülasə etdikdən sonra bunun ümumi xarakterlərini də qısaca izah edə bilərik. İran mədəniyyətinin və fars ədəbiyyatının tə‘sirli və hakim olduğu coğrafi-etnik bir mühitdə meydana gələn və ilk əsrlərdə Anadolu türk ədəbiyyatı ilə adətən müştərək və çətin bir təkamül yolu keçmişdir. XVI əsrdən başlayaraq müstəqil bir həyat keçirən bu ədəbiyyat fars ədəbiyyatı ilə rəqabət apara bilməklə bərabər, onun əski hakimiyyətini qıra bilməmiş və onun yanında daima ikinci yerdə qalmışdır. Bundan başqa, bu ədəbiyyatda nəsr növlərinin – məsələ Osmanlılarda oldu­ğu kimi inkişaf etdiyini görürük. Bə‘zi didaktik əsərlər, tərcü­mələr və inşa parçaları, Füzulinin «Hədliqətül şü‘əda»sı tər­zin­də Kərbəla müsibətinə aid şiə türk xalqının təziyə məclis­lərində oxumağa məxsus əsərlər də yox deyildir. Lakin bunlar yalnız məhdud qalmış türkcə qədər farscanı da bilən ikidilli Azəri şair və yazıçıları geniş xalq kütlələrini marqalandıran dini mövzulardan başqa olan əsərlərini daima farsca yaz­mışdılar. Bax bu vəziyyət Cığatay və xüsusilə Osmanlı ədə­biyyatlarına nisbətdə Azəri ədəbiyyatını daha çox bir nəzm ədəbiyyatı mahiyyətində buraxmış və s. nəsr növlərini də əhatə edən geniş bir ədəbiyyat formasına girməsinə mane olmuşdur. İran ədəbiyyatının yalnız Azəri deyil, hələ ondan əvvəl Cığatay və Osmanlı ədəbiyyatlarının təşəkkülü üzərində icra etdiyi böyük və ümumi tə‘sir türk ədəbiyyatının bu üç böyük şö‘bəsinin də eyni kadr içində inkişaflarına səbəb olmuşdur. Lakin, digər iki ləhcə ədəbiyyatından fərqli olaraq Azəri ədəbiyyatında İran tə‘siri altında meydana gəlmiş bə‘zi xüsusiyyətlər vardır ki, bunlar qismən dilə, qismən də ideo­lo­g­i­yaya aiddir. Dil baxımından hələ Həbibidən- hələ daha əvvəlkilərdən başlayaraq farscanın Azəri ləhcəsi üzərində pozucu tə‘sirlər etdiyini fars dilinin quruluşuna məxsus bir neçə formaların Azəri şairləri tərəfindən olduğu kimi işlədil­diyini görürük. XVI əsrə qədər Qərbi Oğuz ləhcəsi ilə müş­tərək bir çox xüsusiyyətlərə malik ədəbi Azəri ləhcəsi son­radan getdikcə ondan ayrılaraq iranlı ünsür ilə qaynayıb-qarışmışdır. Azəri ləhcəsinin bu qaynayıb qarışması nəti­cə­sində xalqın danışıq dilində də çoxalan fars tə‘siri yazı dili üzə­rində özünü daha çox göstərmişdir. Şah İsmayılın işlət­diyi ədəbi dil, məsələn, XIX əsr mərsiyəçilərinin dillərinə nis­bətdə Osmanlı ləhcəsinə daha yaxın olmaqla bərabər, əcəm tə‘sirinə daha az mə‘ruz qalmışdır. İdeoloci baxımdan Azəri ədəbiyyatı şiə İran mühitinin dini hisslərini get-gedə daha qüvvətli bir şəkildə əks etdirmiş və Qacarlar dövründə İran şe‘rinin o dövrdə davam edən cərəyana uyğun olaraq ümumi mənzərəsi ilə təziyə məclislərinə məxsus dini bir ədəbiyyat forması göstərmişdir. Bax bununla sünni türkmənlərin, öz­bək­lərin və osmanlıların ədəbiyyatı ilə Azəri ədəbiyyatı arasında böyük fərqlər olduğunu görürük. Bu ədəbiyyatda dini möv­zular, həzl və həcv növləri eşq və şərab şe‘rləri, hətta Bəkir Xalxalinin «Sələbiyyə»sində olduğu kimi ruhanilər sinfinin ikiüzlüyü ilə əylənən, ictimai tənqid mahiyyətində olan əsərlər də yox deyildir. Lakin, dini mövzulara nisbətdə bunlar çox məhdud qalır. Azəri sahəsindəki sünni azlıqlar içərisindən çıxmış şairlər də ədəbiyyatın bu mənzərəsini dəyişdirmirlər. Bir tərəfdən bu ideoloci ayrılığı, digər tərəfdən Cığatay və Osmanlı ədəbi ləhcələrinin təzyiqi və nəhayət əcəm ədəbiy­yatının getdikcə artan hakimliyi Azəri ədəbiyyatının nüfuzunu getdikcə azaltmışdılar. Bu səbəbdən də Azəri ədəbiyyatı XVIII və XIX əsrlərdə Cənubi və Şimali Azərbaycanda adətən məhəlli bir mahiyyət almışdır. Son əsrlərdə yetişən şairlərdən bir çoxu yalnız yetişdikləri mühitdə qısa bir zaman şöhrət qazanmışdılarsa, ancaq Osmanlı, yaxud Cığatay sahələrinə nüfuz etmək belə dursun, heç əsərlərini bütün Azəri sahəsinə yaymağa da müvəffəq ola bilməmişdilər.

Azəri ədəbiyyatının başlıca xüsusiyyəti hələ XV əsrdən başlayaraq Türk xalq ədəbiyyatı ən‘ənələrinin güclü tə‘siri altında qalmasıdır. Azəri sahəsində Oğuz ən‘ənələrinin nə üçün güclü və əsaslı qaldığını yuxarıda tarixi və etnik səbə­b­lərlə izah etmişdik. Bir tərəfdən şiə İran mədəniyyətinin və digər tərəfdən klassik ədəbiyyatın yuxarı təbəqələrindən ge­niş xalq kütlələri arasına qədər enməsi bu ən‘ənələrə yeni bir forma verməklə onun gücünü azaltmadı. Ozanları əvəz etmiş aşıqlar (saz şairləri) yarı köçəri qəbilələrdən bəylərin və xan­ların saraylarına qədər hər yerdə sevilirdi. İranın hər tərəfində olduğu kimi türklər yaşayan ərazisində də feodal müəs­sisə­lərinin davamı və bunun doğurduğu həyat şərtləri tə‘siredici amillərdən hesab olunurdu. Bu vəziyyət səbəbi ilə klassik İran şe‘rini təqlid edərək əruz vəzni ilə qəsidələr, qəzəllər və məsnəvilər yazan Azəri şairləri də xalq aşıqları tərzində yə‘ni heca vəznini və xalq nəzm formalarını işlədərək türkü, türk­məni, varsaqı, bayatı, avşarı, kərəmi, şikəstə, gəraylı, heydəri kimi yerli bəstələr ilə söylənən mənzumələr yazırdılar. XVI əsr şairlərindən bayburtlu Məhəmməd bəy varsaqılar yaz­maqla şöhrət qazanmış olduğu kimi yenə bu əsrin ikinci yarı­sında Rey və Şəhriyar ətrafındakı Varsaq qəbiləsinə mənsub Təhmasibqulu Qulun əvvəl Qəndəharda və sonra da Hin­distan türk saraylarında varsaqı və türkü oxumaqla şöhrət qazandığını və başqa türkçülərə üstünlük verdiyini bilirik (Bax: Mə‘əsir-i Rəhimi, III, 1696). Yenə bu əsrdə Aka Məhəmməd Naminin İraq ahənginə və türkü üsulundakı təsniflərinin İran və Hindistanda böyük rəğbət qazandığını eyni mənbədən öyrənməkdəyik (III, 1689). Bir neçə Azəri şairlərinin və xü­susilə Nəbatinin divanlarında təsadüf etdiyimiz gəraylılardan bir nümunəni də Nəsrəddin şahın Tus səfərnaməsində (s. 112) görməkdəyik. Xülasə, Osmanlı və Azəri saz şairlərinin işlətdikləri qoşma, dastan, təcnis, deyişmə kimi heca vəzni ilə yazılan hər cür forma və növlər əruz vəznini və klassik formaları uğurla işlədən Azəri şairləri tərəfindən əskidən bəri diqqəti cəlb etməmişdir. Halbuki, Cığatay və Osmanlı şairləri xalq ədəbiyyatına və aşıq şe‘rlərinə məxsus olan heca və­zninə və nəzm formalarına daima laqeyd olmuş və klassik şe‘ri xalq ədəbiyyatı ən‘ənələrindən mümkün olduğu qədər uzaq tutmağa çalışmışdılar.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin