M. Fuad Köprülü Azəri Bakı



Yüklə 0,59 Mb.
səhifə7/7
tarix31.01.2017
ölçüsü0,59 Mb.
#6975
1   2   3   4   5   6   7

III. Son dövr: 1920-ci il aprelin 27-də millətçi «Müsa­vat» hökumətinin süqutu ilə Azərbaycan Sovet Sosialist Res­publikasının qurulması və bu yeni dövlətin Sovet Respub­li­kaları Birliyinə girməsi Şimali Azərbaycan türklərinin bütün siyasi və ictimai müəssisələrində olduğu kimi, Azərbaycan ədəbiyyatında da yeni bir istiqamətin inkişafına amil oldu. Fəhlə və kəndli siniflərinə əsaslanan yeni idarə-üsulu məm­ləkətdə siyasi və iqtisadi nizamı yeni əsaslar üzərində qur­maq üçün çalışarkən, xüsusilə, 1922-ci ildən sonra maarif işlərində də böyük bir fəaliyyət göstərməyə başladı. Azəri türkcəsi ilə tədris olunan bir çox ibtidai, orta və ali məktəblər açıldığı kimi, müsavatçılar dövründə açılmış olan Bakı Univer­siteti də hərtərəfli olaraq qüvvətləndirildi. Şimali Azərbayca­nın və Azəri türklərinin maddi və mə’nəvi dəyərlərini tədqiq et­mək üçün rus alimlərinin geniş miqyasda yardımı ilə «Azər­baycanı Tədqiq və Tədəbbö Cəmiyyəti» kimi araşdırma mərkəzləri yaradıldı. Bir çox muzey, kitabxana, dövlət teatrı, konservatoriya, teatr məktəbi və müxtəlif ədəbi birliklər təşkil olundu. Azərbaycan arxeologiyasına, etnoqrafiyasına, tarixi­nə və ədəbiyyatına aid tədqiqatlar, monoqrafiyalar və mətnlər nəşr olundu. 1926-cı ildə Bakıda ilk dəfə olaraq bir türkoloci qurultay keçirildi.11

Bu qurultayın bir çox məsələlər üzərindəki çalışmaları haqqında təfsilatı üçün bax: Th. Menzel. Der I, turkologische Kongress in Baku, DI, XVI. Qurultayın qərarı ilə Azərbay­can­da latın hərfləri qəbul edilərkən Türkiyədəki əlifbadan çox fərqli bir əlifba tərtib edilmişdir. Azərbaycanda keçirilən bu mədəniyyət fəaliyyəti bundan ilk əldə edilən nəticələr diq­qətəlayiqdir. Ancaq, ədəbiyyat və sənət sahəsindəki əski ədə­biyyat ən’ənələri ilə mübarizə və böhran uzun illər davam etdi. Kommunist Azəri gəncləri boşevizmin Rusiyada hakimiy­yətindən sonra rus ədəbiyyatında meydana gələn cərəyan­ların tə’siri altında bir proletar ədəbiyyatı yaratmaq istəyirdilər. Buna aid bir çox nəzəriyyələr irəli sürülür, olduqca çoxlu əsərlər yaradılır, ədəbi cəmiyyətlər qurulur və məcmuələr nəşr olunurdu. Ancaq, ortaya çıxan məhsullar arasında həqi­qi bir qiymətə malik əsərlər görünmürdü. Hələ Hüseyn Cavid Əhməd Cavad kimi əski dövrün millətçiləri kimi ittiham edilən şairlərin yaratdıqları əsərlərlə müqayisə edilə biləcək zəngin əsərlər yaranmamışdı. İdeoloci mübarizələrinin hə­ra­rəti artmaqla bərabər, həqiqi sənət əsərlərinin meydana çıxması üçün cəhd edən hazırlıq dövrü hələ tamam­lan­ma­mış­dı. Latın hərflərinin qəbulundan sonra, xüsusilə, elmi və ədəbi mahiyyətə malik əsərlərin, əski tarixi və ədəbi mətnlərin nəşrində böyük bir durğunluq gözə çarpır. Latın hərflərinin qəbulu hələ indidən Azəri gəncliyini əski ədəbi ən’ənələrdən tamamilə ayırdığı üçün yeni bir proletar ədəbiyyatı istəyənlər millətçi ədəbiyyat cərəyanlarına qarşı açdıqları mübarizənin tam bir müvəffəqiyyətlə nəticələnəcəyinə əmin idilər. Hər halda Azəri ədəbiyyatının 1920-ci ildən və xüsusilə 1926-cı il əlifba inqilabından bəri həyata keçirdiyi istiqamətə görə, bu ədəbiyyatın indidən Türkiyədəki ədəbi cərəyanların tə’sirindən mütəmadi olaraq uzqlaşdığı və sovet respublikaları birliyinə daxil olan başqa millətlərin ədəbiyyatları kimi rus ədəbiy­ya­tının cazibəsindən xilas ola bilməyərək onu davam etdirdikləri açıqca görünməkdədir. Rza şah Pəhləvi dövründə türk dilinin məktəbdə, mətbuatda və teatrda işlədilməsi şiddətlə yasaq edildiyi üçün ana dillərini ancaq danışıq dili olaraq istifadə edilməsi imkanını əldə edən İran Azərbaycanındakı türklər üzərində Şimali Azərbaycandakı bu yeni ədəbiyyatın nə kimi tə’sirləri olacağını ancaq istiqbal göstərəcəkdir (Azəri ədəbiy­yatının son dövrü haqqındakı materialları ancaq 1930-cu ilə qədər izləyə bildiyimiz nəşr orqanlarına istinadən verildiyini açıq söyləmək lazımdır. Çünki, o zamandan bəri Azərbaycan mətbuatını və başqa çap olunmuş materialları müntəzəm bir surətdə əldə edə bilməmək bizdən asılı olmayan səbəblərdən irəli gəlmişdir).



Biblioqrafiya:
Azəri ədəbiyyatı tarixi haqqında ümumi mahiyyətdə ciddi bir tədqiqat əsəri hələ mövcud deyildir.

- Yusif Vəzirov. Azərbaycan ədəbiyyatına bir nəzər (İstanbul, 1337 kiçik və səthi yazılmış bir risalədir);

- İsmayıl Hikmət, Azərbaycan ədəbiyyatı tarixi (XVIII əsrə qədər), 2-ci cild, Bakı, 1928;

- Əhdi, Sam Mirzə Sadiqi təzkirələrinə əsaslanan bəsit tərcümeyi-hallardan ibarət olub bu ədəbiyyatın ümumi təkamülü haqqında heç bir fikir verilmir. Əsasən bu ədəbiy­yatın XIX əsrə qədər keçirdiyi səhifələr indiyə qədər adətən məchul qalmış və yalnız Osmanlı təzkirələrində təsbit edilən bir neçə məşhur şair ilə Rieu kataloqundakı bə’zi əsərlərdən başqası elm aləminə mə’lum olmamışdır. XVIII əsrin son­larında və XIX əsrdə Şimali Azərbaycanda şöhrət qazanmış bə’zi şairlərin əsərləri ilk olaraq Mirzə Yusif Qarabaği tə­rəfindən toplanıb 1856-cı ildə Teymurxanşurada çap olundu. Lakin, Şimali Azərbaycan şairləri haqqında elm aləminə mə’lum olan ilk əsər Adolf Bercenin yuxarıda adı çəkilən kita­bı­dır. Vaqifdən başlayaraq Şimali və Cənubi Azərbaycanda şöhrət qazanmış şairlər haqqında ən ətraflı bioqrafik mə’lu­mat və şe’r nümunələri Firudin bəy Köçərlinin (1863-1920) 1925-1926-cı illər arasında Bakıda nəşr olunan «Azərbaycan ədəbiyyatı tarixi» materialları (2 cild) adlı əsərindədir. Firudin bəyin 1903-cü ildə Tiflisdə nəşr etdirdiyi «Azərbaycan türk­lərinin ədəbiyyatı» (rus dilində) adlı kiçik risalə (kitabça) rus şərqşünası Krımskinin «Osmanlı ədəbiyyatı tarixi» (rusca, Moskva, 1916) əsərində Azəri ədəbiyyatına aid kiçik bəhs başlıca mə’xəzlərdən biri olmuşdursa da, o qədər də əhə­miyyətli deyildir.

- Bunlardan başqa, Qarabağ şairləri haqqında Mirzə Möhsün Qarabağinin «Təzkirəi nəvvab» (Bakı, 1913) adlı farsca təzkirəsi ilə qarabağlı Məhəmməd ağa Müctəhid­za­dənin yalnız ilk cildi nəşr edilən «Riyazül-aşiqin» (İstanbul) adlı təzkirələri diqqətəlayiqdir.

- XV-XIX əsr şairləri haqqında istifadə edə bildiyimiz başlıca Osmanlı və İran təzkirələri, başqa hər cür tarixi və ədə­bi əlyazma, basma mənbələr haqqında məqalə içində mə’lumat verilmişdir. XVII-XIX əsrlərə aid İran şairləri təz­kirələrindən bir çoxu əlyazma halında olub İstanbul kitab­xa­nalarında nüsxələrinə təsadüf olunmadığından bunlardan isti­fadə edə bilmədiyimizi təəssüflə söyləyirəm. Yalnız Məhəm­məd Əli Tərbiyət «Danişməndani Azərbaycan» (Tehran) ad­lı mühüm əsərində bu təzkirələrdən bir çoxuna müraciət edərək oralarda adı çəkilən Azəri Türk şairlərini əsərinə daxil etmiş olduğu üçün bu çatışmamazlığı az da olsa, aradan qaldıra bildik.

Salman Mümtaz tərəfindən «Azərbaycan ədəbiyyatı» (Bakı, 1925-1927) adı altında nəşr olunan mətnlər şairlərin tərcümeyi-halına aid müqəddimələrdəki bir çox səhvlərə və tamamilə tənqidsiz nəşr olmasına baxmayaraq12, istifadə edilə biləcək mahiyyətdədir: I. Ağa Məsih Şirvani (XII əsr), 2. Molla pənah Vaqif (XII əsr), 3. Nəşat Şirvani (XII əsr), 4. Məhəmməd Hüseyn xan Müştaq (XII əsr), 5. Qövsi (XI əsr), 6. Kərbəlayi Arif (XII əsr), 7. Nitqi Şirvani (X əsr). Bu şair tanınmış bir osmanlı şairidir, 8. Qasım bəy Zakir (XIII əsr), 9. Mirzə Şəfi Vazeh (XIII əsr), 10. Seyid Nəsimi (çox natamam və səhv bir mətnə istinadən tərtib olunmuşdur. Naşir bu divanın əvvəlcədən nəşr olunmasından da xəbər­sizdir), 11. Baba bəy Şakir (XIII əsr), 12. Aşıq Abdulla (XI əsr, lakin müqəddimədəki izahat bu aşığın bu əsrə aid oldu­ğuna dair əsla qənaət vermir), 13-14. El şairləri (müxtəlif Azəri saz şairlərinin əsərlərini əhatə edən bu iki cilddə onların dövrləri haqqında qənaətverici heç bir mə’lumat yoxdur. Hətta bunlar arasında Qəvhari kimi məşhur Anadolu saz şairlərinin əsərləri də mövcuddur).

- Son illərdə yaşayan Azəri aşıqları haqqında: 1. Vəli Xuluflu. El aşıqları (Bakı, 1927), 2. Əski aşıqlardan Aşıq Pəri haqqında: Əlabbas Müznib «Aşıq Pəri və müasirləri» (Bakı, 1928), 3. Azəri xalq hekayələri haqqında: H.Əlizadə «Azər­baycan el ədəbiyyatı (nağıllar)», 2 cild, (Bakı, 1929) kimi əsərlər vardır.

Əski və yeni Azəri şair və mütəhərrirləri və Azəri xalq ədəbiyyatı haqqında Azərbaycan, İran, Türkiyə qəzet və məcmuələrində bir çox məqalələr mövcuddursa da, burada onların təhlilinə imkan yoxdur. 1932-1934-cü illər arasında Əh­məd Cəfəroğlu tərəfindən çıxarılan «Azərbaycan Yurd Bilgisi» (1932-1934-cü illərdə 36 sayı, 1954-cü ildə isə bir sayı çıxmışdır) məcmuəsində Azərbaycana aid müxtəlif yazı­lar arasında Azəri ədəbiyyatına dair bir yazılar mövcud olduğu kimi və məcmuələrində də Azəri ədəbiyyatının inkişaf dövrünə aid bə’zi kiçik məqalələr olsa da əhəmiyyətli deyildir.

Azəri mətbuatı haqqında baxın: Mirzə Bala. «Azər­baycan türk mətbuatı» (Bakı, 1922) və «Azərbaycan mət­bua­tının əlli illiyi və «Əkinçi» (Bakı, 1926).

Azəri ədəbiyyatının yeniləşmə dövrü və ümumiyyətlə, in­qilabdan sonrakı vəziyyəti haqqında bunlardan istifadə olu­na bilər:

1. A.Nazim. Yeni Azəri ədəbiyyatı haqqında («Türk Yurdu», cild 71, sayı 31 və 32, 1927).

2. Əmin Abid. «Bolşevik inqilabının Azərbaycan ədə­biyyatına tə’siri» («Maarif işçisi», III, sayı 10/11, Bakı, 1927).

3. B.Çobanzadə. «Azəri ədəbiyyatının yeni dövrü» (Nasiona­lizm­dən internasionalizmə, Bakı, 1930). Həmçinin istər bu yazıların və istərsə də «Maarif və Mədəniyyət», «Qız­ıl qələmlər» kimi ədəbi Azəri məcmuələrində təsadüf edilən bu kimi yazıların bitərəf və elmi bir görüş məhsulu olmaqdan çox müəyyən bir ideologiyanın müdafiə və təlqini üçün yazılmış olduğu əsla unudulmamalıdır. Azəri ədəbiyyatı ilə əlaqəli ədəbi və tarixi başlıca mənbələr, nəşr olunmuş və olunmamış mətnlər və ciddi tədqiqatlar məqalə içində lazım gəldikcə göstərilmişdir.



Qeydlər və izahlar*

1. Azəri fars ləhcəsi deyildir. Eyni zamanda bu söz Azər­bay­­canda yaşayan iranlı xalqın adı kimi də başa düşül­mə­mə­li­dir. Azərbaycanda iranlı tat xalqı yaşayır. Bu xalqın adı da gö­r­ün­­düyü kimi tatdır. İranlı tat xalqı ilə azəri arasında heç bir ge­ne­tik yaxınlıq yoxdur. Bunların tarixi kökləri, dil qay­naq­la­rı bir-birindən fərqlənir. Azəri türk­ləri ilk növbədə Oğuz mən­şə­li­dir. Ona görə də azərilərin digər türk xalqları ilə tarixi kök­lə­ri bir olsa da, onların dili müstəqil bir dildir. Özü də M.Fuad Köp­­­rülünün qeyd etdiyi mə'nada ləhcə yox, məhz müstəqil dil­dir. Bu dilin özünün dialektləri və şivələri mövcuddur. Ədəbi dil kimi XIII əsrdən üzü bu yana zəngin yazılı abidələri vardır. Oğ­uz qrupuna daxil olan türk, türkmən, qaqauz dillərindən müəy­yən dərəcədə fərqli xüsusiyyətlərə də malikdir.
2. Xətib Təbrizi ilə Əbülüla Mə'ərri arasındakı bir he­ka­yə­nin məzmunu belədir: Xətib Təbrizi kor filosof şair Əbülüla Mə'ərinin dərsində əyləşmişldi. Birdən onun Təbrizli qon­şu­la­r­ın­­dan bir neçə adam içəri girir. Bu zaman Xətib Təbrizinin on­la­ra qanı qaynayır. Həmin bu adamlar Xətib Təbrizini həm­yer­li­ləri olurlar. Ona görə də Xətib Təbrizi müəllimindən icazə alır və öz həmyerliləri ilə söhbət edir. Söhbət qurtardıqdan sonra Əb­ü­lüla Mə'əri Xətib Təbrizidən həmyerliləri ilə hansı dildən da­­nışdığını soruşur. O isə cavab verir ki, azərbi dilində da­nış­ır­dım. Əbülüla Mə'əri deyir ki, mən sizin dilinizi bilməsəm də, da­nı­­şığınızı çox məmnuniy­yət­lə dinlədim. Sonra Əbülüla Mə'əri az­ərbi dilində olan danışığı olduğu kimi təkrar edir.
3. M.F.Köprülü Azəri ləhcəsinin hökmran olduğu sahələr ba­rəsində yazırdı: «Bu gün Azəri ləhcəsinin hökmran olduğu sa­­hələr şudur: əvvəla cənubi Qafqasiya (yə'ni əski Aran) türk­lə­ri­nin məskun olduqları Qafqas Azərbaycanı ilə İran Azər­bay­canı ki, Azəri türkləri burada pək mühüm bir kəsafətə (sıxlığa-B.X.) malikdirlər; saniyən dağınıq bir halda Həmədan hə­valisi, Fa­rsistan, Xorasan və Tehran vilayətləri, İraq və Şərqi Ana­tolu əha­lisinin mühüm bir qismi üçün Azəri ləhcəsi bu gün sadəcə tə­kəllüm lisani mahiyyətində (danışıq dili mahiyyətində- B.X.) qal­mış, osmanlı hakimiyyəti-siyasiyyəsi altında yaşa­dıq­la­rı cə­hət­lə mərkəziyyət tə'sirilə İstanbulun mə'nəvi və lisani nü­fu­zu ədə­­bi lisan üzərində hökmran olmuşdur». (Bax: Köp­rü­lü­za­də Mə­həmməd Fuad. Azəri ədəbiyyatına aid tədqiqlər. Bakı, 1996, s.12).
4. Azəri türklərinin dili İran qrupuna daxil olan dil deyildir. Bu dilin fars ləhcəsi ilə də heç bir genetik əlaqəsi yoxdur.
5. Səlcuq İmperiyasından çox-çox əvvəl Azərbaycan əra­zi­­sində, o cümlədən Qafqazda türk tayfaları yerli xalqlar kimi ya­­şamışdır. Sonralar türk tayfalarının bu ərazilərə axını ge­niş­lən­miş və səlcuqların dövründə bu proses daha da güc­lən­miş­dir.
6. Müasir türk dilinin dialekt­ləri belə qruplaşdırılmışdır: cənub-qərb dialekti, orta anadolu dialekti (bu dialekt Azər­bay­can dilinə bir çox hallarda uyğun gəlir), şərq dialekti, şimal- şərq və ya Qara dəniz dialekti, Rumeli dialekti, cənub- şərq di­a­lekti, Kastamonu dialekti. Vaxtilə F.Bodenştedt apardığı araş­dır­malardan sonra Cənubi Qafqaz türkcəsi ilə (Die Volker des Kaukasus und the Freiheitskampfe gegen die Russen. Berlin, s. 333) Osmanlı türkcəsi arasındakı yaxınlığı qeyd etmişdir. İran və Cənubi Qafqazda olduğu kimi Anadolu və Rumelinin türk­ləş­mə­si indi də ən mühüm ünsürün Oğuzlar olduğu və bir çox bö­yük Oğuz boylarının qismən İranda və qismən də Anadoluda yer­ləşmiş olduğu düşünüləcək olursa, bu yaxınlığın etnik sə­bəb­lə­rindən biri də ondan irəli gəlir. Əsasən İran və Şimali Azər­bay­can türk­ləri­nin etnik mənşələri, siyasi və mədəni həyatları xalq ədəbiy­yatları tarixi baxımdan və türk mədəniyyət tarixinin ümumi çevrəsi içində tədqiq edilincə bu günkü dil vəziyyətini daha açıq bir şəkildə anlamaq mümkün olacaqdır. Azəri adı al­tın­da toplamaq istədiyimiz bu müxtə­lif məhəlli türk şivələri haq­qın­­da bundan sonra meydana gətiriləcək tədqiqatların indiyə qə­dər olduğu kimi sadəcə təsviri mahiyyətdə qalmayaraq etno­loji və tarixi bir anlayışla aparılmasına ehtiyac olduğu kimi, altı əsrdən çox zəngin bir keçmişə malik azəri ədəbiyyatının əs­as­­ları və tarixi təkamülünü anlaya bilmək üçün bu mə'lumata da ehtiyac vardır.
7. Türk xalqlarının tarixində türk, altay, tatar sözləri ümu­­miləşdirici etnik termin kimi işlənilmişdir. Hal- hazırda bu ümu­­miləşdirici etnik terminlər içərisində türk sözü öz güclü möv­­qeyini qoruyub saxlayır. Türk xalqları bu gün müxtəlif coğ­ra­­fi regionlarda və müxtəlif dövlətlərdə yaşasalar da, ta qədim dövr­­lərdən bir mənbədən və mənşədən təşəkkül tapıb for­ma­laş­mış­dır. Bu cəhətə M.F.Köprülü xüsusi olaraq diqqət yetirmişdir. M.F.Köprülüyə görə, türk dilinin hicri tarixilə V əsrdə «şərqi» və «qərbi» ədəbi dilləri mövcud olmuşdur. Bun­lar­dan birincisi (yə'ni şərqi türkcə) Xəqaniyyə və cığatay türk­­cələrinin əsasını təşkil etmişdir. İkincisi isə (yə'ni qərbi türk­­cə) oğuz türkcəsidir. Oğuz türkcəsi Anadolu, Rumeli, Qaf­qaz, Azərbaycan, İraq və Əlcəzir türklərinin dilidir. M.F.Köp­rü­lü­nün fikrincə, şərq türkcəsi (yə'ni oğuz türkcəsi) Azəri və Os­man­lı ləhcələrinə ayrılmışdır. Azəri ləhcəsinin təşəkkülü bir sıra amillərlə bağlı olmuşdur. Şərqə oğuz kütlələrinin axını lap qə­dim dövrdən bu ərazidə yaşayan oğuzların dilini və bütün ənənələrini daha da canlandırmışdır. Get-gedə Azəri ləhcəsi ilə Os­manlı ləhcəsi arasında fərqlər yaranmışdır. Halbuki əski dövrlərdə bu ləhcələr arasında heç bir fərq olmamışdır. Azəri ləhcəsinin İran tə'siri altında qalması fərqləri getdikcə daha da çoxaltmışdır. Azəri, Os­manlı və cığatay ləhcələrinin yaranması və inkişafı həm də onların müstəqil dövlətlərinin tə'sis olunması ilə sıx şəkildə əlaqəlidır. Məsələn, Azəri ləhcəsinin ayrıca bir ədə­bi dil kimi fəaliyyətində Səfəvilər dövlətinin böyük rolu var­dır. Yaxud, Anadolu ləhcəsi üçün Osmanlı dövlətinin, cı­ğa­tay ləhcəsi üçün isə özbək xanlığının oynadığı xidmətlər böyük tə­sirə malikdir. Bununla belə ləhcələrin hamısı bir mənbədən tə­­ka­mül etmişlər. (Bütün bunlar barəsində bax: Köprülüzadə Mə­həmməd Fuad. Azəri ədəbiyyatına aid tədqiqlər. Bakı, 1996, s. 10-12)
8. Elat, eliyat sözlərindəki el, eli «el» mə'nasında, «at» isə tarixən türk dillərində işlənmiş cəmlik göstəricisidir. Bayat, sa­kat, övlad, bağ-bağat, yakut və s. sözlərdə də «at» cəmlik gös­­tə­ricisi kimi arxaikləşmişdir.
9. İndi Şimali Azərbaycanda yaşayan azərbaycanlıların sa­yı 7 milyondan çoxdur. Bu 7 milyon azərbaycanlı 8 mil­yonluq Azər­­baycan Respublikasının əhalisidir. Cənubi Azər­baycanda isə azərbaycanlıların sayı 21 milyon 560 min nə­fərə yaxındır. 21 milyon 560 min nəfər azərbaycanlı İran İslam Res­pub­li­ka­sın­­da yaşayır. Azərbaycanlılar dünyanın beş qit'ə­sində müxtəlif say­da yaşayırlar. Məsələn, Asiya qit'ə­sin­də yaşayan azər­bay­can­lıların sayı 35 milyon 350 min nəfərə yaxındır. Onun qeyd et­diyimiz kimi, 7 milyonu Azərbaycanda, 21 milyon 560 min nə­fər­indən çoxu İran İslam Res­pub­li­ka­sında, 2 milyon 460 min nə­­fərdən artığı Türkiyədə, 840 mini İraqda, 654 mini Pa­kis­tan­da, 424 mini Əfqanıstanda, 270 mini Türkmənistanda yaşayır. Azər­­baycanlılar Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Ta­cik­is­tan Respublikalarında da var­dır. İndiki Ermənistan Res­pub­lika­sın­­dan 1988-ci ildə 200 mindən çox azərbaycanlı öz dədə-baba yurd­­larından de­portasiya olunmuşdur. Hazırda Ermənistan Res­­publikasında bir nəfər də azərbaycanlı qalmamışdır. Bu cür de­portasiya Ermənistanda yaşayan azərbaycanlılara qarşı 1905, 1915, 1948-ci illərdə də aparılmışdır.

Azərbaycanlılar Avropada da yaşayırlar. Avropada ya­şa­yan azərbaycanlıların ümumi sayı 875 min nəfərə yaxındır. Alma­niyada 300 min, Fransada 165 min, Bolqarıstanda 64 min, Da­nimarkada 56 min, Belarusiyada 55 min, Norveçdə 50 min, İs­veç­də, o cümlədən Ukraynada 42 min azərbaycanlı vardır.

Rusiyada 1 milyon 500 min nəfərdən çox azərbaycanlı yaşayır.

Amerika qit'əsində 527 minə yaxın azərbaycanlı yaşa­yır. Ame­rikada 240 min, Kanadada 174 min, Braziliyada 74 min, Mek­­sikada 26 min, Argentinada 12 mindən çox azərbaycanlı vardır.

Afrikada 1 milyon 122 mindən çox azərbaycanlı yaşayır. Mi­sir­də 845 min, Əlcəzairdə 260 min, Sudanda 17 min azər­bay­can­lı vardır.

Avstraliyada 8 mindən çox azərbaycanlı yaşayır.

Ümumiyyətlə, dünyanın əhalisinin 40 milyonundan çoxu azər­baycanlılardır.
10. İzzəddin Həsənoğlunun ədəbi irsindən bu gün bir fars­ca, üç azərbaycanca qəzəli mə'lumdur. Farsca yazılmış qə­zə­li Azərbaycan dilinə tərcümə olunmuşdur (Bax: M.Sul­tanov. Hə­sənoğlunun daha bir şe'ri.- «Bakı» qəzeti, 1974, 29 avqust).
Şuxü birəhm ölüb işvəli canan, nə edim?

Səbrimi aldı mənim, eylədi miryan, nə edim?
Xalq mənə töhmət edir ki, bu qədər ah eləmə,

Ürəyim yandı, mənəm aşiqi- nalan, nə edim?
O ay üzlüm ki görünməz mənə heç gündüzlər,

Saymayım bəs gecələr ulduzu pünhan, nə edim?
Gözəlim aldı mənim qəlbimi heç uf demədən,

Vermədi qiymət ona, etdi pərişan, nə edim?
Yaramın dərdi məni saldı ayağdan, ölürəm,

Etmədi eşqi ilə dərdimə dərman, nə edim?
Görünür allah özü hüsnü sevir aləmdə,

Mən Həsənoğlunu sevmirsə o ceyran, nə edim?
Bu qəzəl Azərbaycan Elmlər Akademiyasının Şərq əl­yaz­maları bölməsində saxlanılır (Bax: M.Sultanov. Həsən­oğlunun daha bir şe'ri.- «Bakı» qəzeti, 1974, 29 avqust). M.Sul­tanov Şərq əlyazmaları bölməsində İzzəddin Həsən­oğlu barəsində be­lə bir mə'lumatın olduğunu da qeyd edir: «Çox arif adam olub, tə­­səv­vüfdə Şeyx Camal Əhməd Zakirin müridlərindən biridir. O, türkcə (azərbaycanca) və farsca gözəl şe'rlər yazır. Türkcə yaz­­dığı şe'rlərdə Həsənoğlu, farsca yazdığı şe'rlərdə isə Puri- Hə­sən təxəllüs edir. Onun divanı Azərbaycanda və Türkiyədə bö­yük şöhrət qazan­mış­dır» (Bax: M.Sultanov. Həsənoğlunun da­ha bir şe'ri.- «Bakı» qəzeti, 1974, 29 avqust).

Həsənoğlu barəsində M.F.Köprülü yazır: «Əsasən türk şairi olmaq etibarilə ifadəsi bir qat daha kəsbi- qiymət edən Döv­­lətşah ibn Əlaiddövlə Bəxtişah- Əlqaziyi- Səmərqəndi bu zatın (İzzəddin Həsənoğlunun- B.X.) şe'rlər yazdığını, diva­nının Azər­baycan və Rumda pək məşhur olduğunu, türkcədə Hə­s­ən­oğ­lu, farsidə eyni mənada olan pure- Həsən təxəllüs etdigini bil­­diriyor. Əski məcmuələrdə bə'zi farsi əş'arinə təsadüf edilən bu şairin bir qəzəlini Dövlət şah təzkirəsində zikr etməkdədir ki, sa­ir əsərləri haqqında da az- çox bir fikir verə biləcəyi cəhətlə ey­­nən nəql ediyoruz.
Şuxo birəhm fetadəst neqarəm, çe konəm?

Bord əndişeye-u səbro qərarəm, çe konəm?
Sərzəneş mikonədəm xəlq ke zari ta key,

Məne- delsuxte çon aşeqe- zarəm, çe konəm?
Mahruyəm ço bedidar nəyaməd ruzi,

Şəbe- tarix setare nə şomarəm, çe konəm?
Yar del bordo, nə pərdaxt be deldariye-mən,

U ze mən fariğo mən bir delo yarəm, çe konəm?
Ğəme- mə'şuq dərəfkənd ze payəm çe dəva,

Gəşt əz eşq pərişan səro karəm, çe konəm?
Çon xoda dər do cəhan ruye- niku darəd duet,

Mən ke Pure- Həsənəm, dust neqarəm, çe konəm?»
(Bax: Köprülüzadə Məhəmməd Fuad. Azəri ədə­biy­yatına aid tədqiqlər. Bakı, 1996, s.32-33).

İzzəddin Həsənoğlunun farsca yazılmış bu qəzəlinin Azər­bay­­can dilinə tərcüməsinin yuxarıda göstərilmiş tərcümədən fərq­li ikinci bir variantı vardır (Bax: Köprülüzadə Məhəmməd Fuad. Azəri ədəbiyyatına aid tədqiqlər. Bakı, 1996, səh. 33).
Şux və rəhimsizdir nigarım, nə edim?

Apardı fikri səbrü qərarım, nə edim?
Danlayır xalq məni ki, zarıyacaqsan nə qədər,

Mən bağrı yanmış çün aşiqi- zarəm, nə edim?
Ay üzlüm bir gün görüşə gəlmədi çün,

Zülmət gecədə ulduz saymayım, nə edim?
Yar ürəyim aldı, çəkməz oldu qayğımı,

O məndən ayrı, mən bidili- yarəm, nə edim?
Yarın qəmi saldı ayaqdan məni, nə dəva,

Eşqdən pərişan oldu fikrü karım, nə edim?
Tanrı iki dünyada gözəl üzü dost tutar,

Mən ki, puri- Həsənəm, dost yoxumdur, nə edim?
İzəddin Həsənoğlunun Azərbaycan dilində mə'lum olan ilk qəzəli Nizaminin qəzəllərindən birinə nəzirə yazılmışdır. Bu qə­­zəl doğma Azərbaycan dilində yazılmış ilk nümunə kimi çox dəyərlidir.
Ayırdı könlümü bir xoş qəmər yüz, canfəza dilbər,

Nə dilbər? Dilbəri- şahid. Nə şahid? Şahidi- sərvər.

Mən ölsəm sən büti- şəngül sürahi, eyləmə, qül- qül,

Nə qül- qül? Qül- qüli-badə. Nə badə? Badeyi- əhmər.
Başımdan getmədi hərgiz səninlə içdiyim badə,

Nə badə? Badeyi- məsti. Nə məsti? Məstiyi- sağər.
Şəha, şirin sözün qılır Misrdə bir zaman kasid,

Nə kasid? Kasidi- qiymət. Nə qiymət? Qiyməti- şəkkər.
Tutuşmayınca dər atəş bulunmaz xisləti- ənbər,

Nə ənbər? Ənbəri- suziş. Nə suziş? Suzişi- məcmər.
Əzəldən cam içində yazıldı surəti- mə'ni.

Nə mə'ni? Mə'niyi- surət. Nə surət? Surəti- dəftər.
Həsənoğlu sənə gərçi duaçıdır, vəli sadiq,

Nə sadiq? Sadiqi- bəndə. Nə bəndə? Bəndeyi- çakər.
Bu qəzələ XIV əsrin ikinci yarısında və XV əsrin əv­vəl­lə­r­in­də yaşamış qıpçaq şairi Seyfi Sarayi, XIV əsrin sonu, XV əsrin əv­­vəllərində yaşamış türk şairi Əhməd Da'i, XX əsrin əv­vəl­lə­r­in­­də yaşamış Əbdülxalıq Cənnəti nəzirə yazmışdır (Bax: Əzizağa Məmmədov. Həsənoğlunun bir qəzəli haqqında.- «Elm və həyat», 1981, №9, s. 36-38).

İzzəddin Həsənoğlunun azərbaycanca yazdığı ikinci qə­zə­li Hamburq universitetinin dosenti Barbara Flemminqin Ankara şə­­hərində keçirilən birinci türk dili elmi qurultayındakı mə­ru­zə­sin­də aşkarlanmışdır. Onun mə'ruzəsi «Sultan Qavrin «Di­van»ında namə'lum şe'rlər» mövzusunda olmuşdur. O, öz mə­ru­zə­­sində Həsənoğlunun yeni bir şe'rinin adını çəkmişdir. Hə­sən­oğ­­lunun bu şe'ri çox maraqlıdır.
Necəsən, gəl ey yüzi ağım bənim,

Sən əritdin odlara yağım bənim.
And içərəm, səndən artıq sevməyim,

Sənin ilə xoş keçər çağım bənim.
Hüsn içində sana manənd olmaya,

Əsli yücə, könlü alçağım bənim.
Al əlimi, irəyim maqsuduma,

Qoyma yürəkdə yana dağım bənim.
Sən rəqibə sirrini faş eylədin,

Anunilə oldu şıltağım bənim.
Qışladım qapında itlərinilə,

Oldu kuyun üsdə yaylağım bənim.
Bən ölicək yoluna gömün bəni,

Baka dursun yara, toprağım bənim.
Toprağımda bitə həsrətlə ağac,

Qıla zari cümlə, yaprağım bənim.
Bu Həsən oğlu sənin bəndən durur,

Anı rədd etmə, yüzi ağım bənim.
Həsənoğlunun bu şe'rini azərbaycan ədəbiyyatşünas­la­rı­nın və oxucularının mühakiməsinə təqdim edən prof. Fər­had Zey­­nalov olmuşdur. (Bax: Fərhad Zeynalov. Həsənoğ­lu­nun az­ər­­­baycanca yeni şe'ri.- «Ədəbiyyat və incəsənət», 1972, 25 no­yabr, s. 14).

İzzəddin Həsənoğlunun azərbaycanca yazdığı üçüncü şeri Tür­kiyə ilə bağlı bir məcmuədədir. Məcmuə XV əsr türk şairi Öm­ər bin Məzid tərəfindən 1437-ci ildə «Məcmuətü n - nəzair («Nəzirələr məcmuəsi») adı ilə tərtib olunmuşdur. Məcmuə Tür­ki­yədən İngiltərəyə aparılmışdır. İngiltərədə Oksford uni­ver­si­te­tinin kitabxanasında 27684 nömrə ilə qeyd olunaraq sax­la­nı­l­ır (Bax: Aydın Abıyev. Həsənoğlunun yeni şe'ri.- «Ədəbiyyat və in­cəsənət», 1987, 26 iyun, s.8).

1982-ci ildə iürk alimi Mustafa Canpolad məcmuənin bi­rin­ci hissəsini çap etdirmişdir. Məcmuədə İzzəddin Həsən­oğ­lu­nun Azərbaycan dilində yazılmış bir qəzəli də vardır (Bax: Ay­dın Abıyev. Həsənoğlunun yeni şe'ri.- «Ədəbiyyat və in­cə­sə­nət», 1987, 26 iyun, s.8).
Əcəb bilsəm, bəni şeyda qılan kim?

Bana bu eşq odun peyda qılan kim?
Əcəblərəm, əcəb qaldum, ilahi!

İman əhlini dutub tərsa qılan kim?
Qamışdan şəkkərü daşdan cəvahir,

Ağacdan danəyi xurma qılan kim?
Tənüm yetmiş iki dürlü damardır,

Kimin irmaq, kimin dərya qılan kim?
Qoy bu tədbiri gəl təqdiri gözlə,

Bu günki və'dəyi fərda qılan kim?
Bu nat'un fərrişi hər dəm bu fərraş,

Bu ərşin rəngini mina qılan kim?
Həsənoğlu, bu bir qətrə mənidən,

Anun xub surətin ziba qılan kim?
11. M.F.Köprülü Birinci Türkoloci qurultayda iştirak et­miş­dir. O, hələ Birinci Türkoloci qurultaya də'vət aldıqdan son­ra «Türkoloci qurultayı münasibətilə» adı ilə müsahibə ver­miş­dir. Müsahibə «Kommunist» qəzetinin 1925-ci il 21 ok­tyabr sa­y­­ında çap olunmuşdur. (Bax: Köprülüzadə M.F. Tür­ko­loci qu­rul­tayı münasibətilə.- «Kommunist», 1925, 21 ok­tya­br). M.F.Köprülünün bu müsahibəsini olduğu kimi çap edirik.

Türkoloci qurultayı münasibətilə.

- birinci türkoloci qurultayın Bakudə ictimai edəcəgini ilk xə­bər aldığım zaman pək böyük bir məmnuniyyətdə idim. Çünki bir toplanış türklərin maarif yolunda qüvvət və cə­sa­rətlə irə­li­lə­mə­gə başladıqlarını göstərən yeni və parlaq bir dəlil olacaqdır.

«Əmək»lə «elm»in əl- ələ yürüməsi lazım gəldigini təs­diq etməyin heç kimsə yoxdur; iştə bu qurultay bu böyük və əsaslı prinsipin, həyatda nə feyzli nə türlü nəticələr meydana çıxara biləcəgini bir kərə daha isbat edəcəkdir.

Qurultayın iş proqramında nəzəri və əməli bir çox mü­hüm məsələlər vardır. Bu əməli məsələlərdən bə'ziləri bu günə qa­­dar müxtəlif türk məmləkətlərində, uzun zamanlardan bəri dü­­­şünülmüş, onların həllinə çalışılmışdır. Lakin şu həqi­qəti eti­ra­­fa məcburuz ki, elmin rəhbərliginə müraciət edil­mə­di­gin­dən do­layı, heç bir zaman qüvvətli və feyzli nəticələr əl­də ed­il­mə­miş, başlanan işlər çox dəfə yarım qalmışdır. Bu də­fə o əski xə­ta­nın təkrar etmədigini və əməli məsələlərin həlli üçün də el­min yar­dımına müraciət edildigini məm­nuniy­yətlə görüyoruz.

Mədəniyyət aləminin bəlli başlı bütün türkoloqlarını top­la­yaraq, onlar arasında mübadilə əfkarı mümkün qılacaq olan bu qurultayın beynəlmiləl elm sahəsindəki əhəmiyyəti və mədəni mə­­nası da çox böyük olacaqdır. Türk məmləkətləri Kron Os­ti­nin xürafələrinə*, uyuşdurucu ən'ənələrilə cəhalət və zül­mət­lə do­­lu ikən, türkoloci tədqiqatı pək təbii olaraq digər mü­tərəqqi Av­ropa alimlərinin əlində idi; hətta şunu da əlavə edə biləriz ki, Avro­panın imperialist və müstəmləkəçi dövlət­ləri bu türlü təd­qi­qa­tı geridə qalmış məzlum şərq xəlqini istis­mar üçün bir vasitə ki­bi kullanıyorlardı. Halbuki şahidi oldu­ğumuz bir taqım böyük in­­qilablar nəticəsində bu məzlum xəl­qin bir qis­mi im­pe­ri­alistlərin əlindən qurtulmuş, kəndi bənliyini in­san­lı­ğı­nı idrak et­miş, mədəniyyət yoluna atılmışdır. Bu gün türklər iştə bu və­ziy­yət­­də bulunıyorlar. Bakudə birinci türkoloci qu­rul­ta­yı­nın top­lan­­ması türklərin mədəniyyət və elm yolunda yürüməgə baş­la­ma­­larıi ilə bütün insaniyyətin nasıl faydalan­dığını, bundan nə­lər qazandığını göstərəcəkdir. Şimdiyə qa­dar imperialistlərin müs­­­təmləkəçilərin əlində əsir olan və pək təbii olaraq ilə­ri­lə­mə­yin bir elm şö'bəsi, bundan böylə həp və sərbəst olaraq sü­r'ətlə in­kişaf edəcəkdir.

İnsaniyyətin bu günki halında «tərəqqi»nin miqyası, öl­çü­sü sadəcə «maarif» və «mədəniyyət»dir. Əsrlərdən bəri zül­mət və cəhalət içində hökmdarların aristokrat siniflərin, ru­ha­ni­lə­r­in, istibdadı altında inləyən məzlum bəşəriyyəti nura, səadətə ir­iş­­dirəcək yeganə vasitə «elm»dir.

İnsanları əsrlərcə rö'yalar, sərablar, mühüm meylə ara­sın­­­­dan qoşduran əski etiqad və ən'ənələrin mütəmad yığıl­dığını gö­­­­rüyoruz; bu naqislik arasında hər gün bir az daha yüksəlmə, in­­­­sanlara səadət, rifah və'd edən, və'dində heç bir zaman ya­lan­çı çıxmayan bir şey varsa, o da «elm»dir. Türk­oloci qu­rul­ta­yı tə­­şəbbüsünü, bu həqiqətin türklər tərəfindən pək iyi an­la­şıl­dı­ğı­nı göstərən, mə'sud ümidbəxş bir hadisə, ad ediyorum; və bun­dan dolayı mütəşəbbislərini elm və insanlıq naminə təbrik et­mə­yi kəndimə bir vəzifə biliyorum.

İstanbul darülfünunu ədəbiyyat fakültəsi rəisi: Köp­rü­lü­za­də Məhəmməd Fuad.

M.F.Köprülü Türkoloci qurultay çağırıldıqdan sonra bu bö­­yük tədbir barəsində öz təəssüratını, fikrini 1926-cı ildə «Yeni fikir» qəzetinin 9 mart sayında bildirmişdir (Bax: Pro­fes­sor Köprülüzadə ilə müsahibə (Türkoloci qurultay haqqın­dakı tə­əs­süratı və s. haqqında.- Yeni fikir, 1926, 9 mart). Onun təəs­sü­­ratını və fikirlərini olduğu kimi çap edirik.

Professor Köprülüzadə ilə müsahibə

Professor Köprülüzadə Məhəmməd Fuad bəgi «yeni Av­ro­­pa» otelindəki odasında ziyarətə getdigim zaman, şo bəni da­ima gülən yüzilə qəbul etdi. Vəxtin səhər olmasına rəğmən pro­fes­­sor tədqiqat və tətəbbat ilə məşğul idi. «Yeni fikir» na­mi­nə yap­maq istədigim mülaçatı özünə anlatdığım vəxt təkrar güldü. Bə­­na ikram etdigi bir papirosla bərabər özü də bir papiros ya­xa­raq:

- Buyurunuz, dedi.

Bən haman cibimdən dəftərimi çıxararaq əvvəldən ha­zır­la­­­mış olduğum sualları qiymətli zamanını öldürməmək üçün sor­­­mağa başladım.

- Lütfən professor, türkoloci qurultayı haqqındakı fik­ri­ni­zi ögrənə bilirmiyəm?

- Türkoloci qurultayının elmi qiyməti pək mühüm olduğu ki­bi ümum nöqtədən də şayan diqqətdir. Bilxassə türk xəl­qi­nin in­­­ti­bahını elm və mədəniyyət yolunda irəliləmək istədigini gös­tə­rir.

- Türkoloci qurultaydan nə kibi qaidələr bəklənə bilər?

- Bundan belə türkoloci sahəsində yapılacaq işlərə türk al­im­­lərinin də iştirakını, böyük və müntəzəm təşkilat vücudə gəl­­­məsini və nəticə etibarilə bu elmin sür'ətlə tərəqqi və in­ki­şa­fı­­nı intac edəcəkdir.

Bundan sonra məsələ əsl və mühüm bir nöqtəyə təmas edi­yordu. O da, ziyalılar arasında hər zaman görüşülən ümumi bir ədəbi dil vücudə gətirmək məsələsi idi.

- Lütfən professor, dedim bir ədəbi dil vücudə gətirmək müm­­kündürmü?

- Türk xəlqlərinin, ümumiyyətlə, bir- birinin dillərini an­la­­­dıqları bu qurultayda meydana çıxmışdır. Türklər arasında bir-birinə çox yaxın bir elm insani vücudə gəlməsi, eyni is­la­hat­la­­­rın qəbul edilməsi pək mümkündür.

- Hürufat həqqindəki fikriniz?

- Hürufat həqqində sərih bir fikir yoxdur. Çünki bu elmi ol­­maqdan ziyada əməli mahiyyətdə bir məsələdir.

- Şuralar ölkəsindəki türklərin tərəqqiyyatı haqqında nə di­­yorsunuz?

- Elm və mədəniyyət yolundakı bu tərəqqi pək mühüm və qüv­­­­vətlidir. Şübhəsiz get- gedə daha da qüvvət­lə­nəcək­dir. Za­tən bunu isbata hacib yoxdur. Qurultay bunun ən bö­yük və ən doğ­­ru şahidi olmuşdur.

Professoru bundan ziyada işğal edərək qiymətli zə­manını öl­­­dürmək istəməmişdim. Müsaidəsini alaraq getməgə ha­zır­la­nır­­­kən, gözüm masanın bir guşəsində duran «Yeni fikir» qə­ze­tə­si­nə iləşdi.

- Nasıl, dedim. Professor, siz «Yeni fikir» tə'qib edi­yor­mu­sunuz?

- Müntəzəmən, cavabını verdi. Və təqdir edərək əlavə etdi:

- Gündən- günə təkamülünü də məmnuniyyətlə gör­mək­də­y­im.

Artıq professoru kitablarilə baş- başa buraxaraq ya­n­ın­dan ayrıldım.

M.F.Köprülü Birinci Türkoloci Qurultayda «Türk xalq­la­rı­­nın ədəbi dilinin inkişafı haqqında» mə'ruzə etmişdir. Onun mə­­ruzəsinin məzmunu aşağıdakı kimidir:

- İslamın qəbuluna qədər türk dili əldə olunan sənəd və el­mi tədqiqata istinadən bir neçə ləhcəyə bölünmüşdür. Bu ləh­cə­­ləri indiki halda tə'yin etmək mümkün deyildir. Hətta Ban­qın Or­­xon kitabələrinin dili ilə Anadolu türklərinin dili ara­sın­da əla­­qə qurması təşəbbüsünü hələ qəti saymaq mümkün de­yil­dir.

Şübhəsiz islamı qəbul etmədən əvvəl türklərin bə'zi əlif­ba­­ları vardı; beləliklə, bu ləhcələrin bə'ziləri də göstərilən əlif­ba­dan istifadə edir və onu da ədəbi dil adlandırmaq olar. Or­xon kitabələrinin dili incəlmiş və düzəlmiş bir ədəbi dildir. Bun­dan əlavə sasanilər dövrünə yaxın zamanda türk dilində əsr­lər­in varlığına tarixi sübut vardır. Bu nöqtə mənim «Türk ədə­biy­ya­tında ilk mütəsəvviflər» və «Türk ədəbiyyatı tarixi» ad­lı əs­ər­lə­rimdə müfəssəl surətdə aydınlaşdırılmışdır.

Çin və müsəlman mə'xəzlərinin müsəlman dövründən beş əsr əvvələ qədər türk ləhcələri haqqında verdikləri parça- par­ça məlumatlardan istifadə etmək mümkün deyildir. Yalnız Mah­mud Kaşğarinin qiymətli əsərini digər tarixi və lisani mən­bə­lər­lə tutuşdurduqda və onları diqqətlə öyrəndikdə bi­ri­n­ci­dən aşa­ğı­­dakı nəticələri çıxara bilərik: bu zamanda şərqi və qərbi ol­maq üzrə iki ədəbi türk ləhcəsi varmış. Birinci ləhcə «Xa­qa­niy­yə» və ya «türk» ləhcəsidir ki, Kaşqar və dairələrində hakim ol­ub «Çıqın», «Yağma», «Arğu», «Toxsi» və «uyğur» ləhcələri ilə ya­xınmış. İkinci, qərbi adlanan «oğuz» ləhcəsidir. Bunlarda «qıp­­çaq», «omak», «peçeneq», «balkar» və xüsusən «qıpçaq- om­­aq» ləhcələri yaxın idi. Bu iki qrup arasında islamın 5-ci əs­r­in­­də istər morfologiyasında, istər fonetikasında böyük bir fərq var­dı.

Orta Asiyada «Xaqaniyyə» ləhcəsində «Kutadqubilik», «Həb­bə-tül-Həqayiq» kimi əsərlər və tərcümələr yaradılmış­dır (Kuran Mükədəmə-til-ədəb», «Əbu Müslüm haqqında və başqa xır­­da əsərlər tərcümə olunmuşdur). BU əsərlər sıra­sında «Di­va­ni-lüğət»ə toplanmış xalq şerlərini, məsələləri də ar­tır­maq olar. Buraya Əhməd Yəsəvinin və onun ardıcıllarının əs­ər­lə­­rini də artırmaq olar. Şair Əlinin 630-cu illərdə nəzmən ya­zıl­mış «Yusif və Züleyxa»sı, Monqol istilasından sonra və əv­vəl «Bədr- Əd­din-Vacib», Kanklının Cəlaləddin Xarəzmiyə it­har et­diyi lü­ğəti, 759-cu ildə «Məcalis-in-Nəfayis» kimi ya­zıl­mış əs­ərlər və çox­­­­dan bəri iqtisadi və siyasi cəhətdən Xarəzmi ilə sıx mü­na­si­bət­­də olan Altın Ordu dairəsində yazılan əsərlər bu ləh­cənin məh­suludur.

VIII əsrdən sonra bu ləhcədə yazılan və Monqol istila­sın­dan çox sonra Cığatay ləhcəsi adlanan bu ləhcələrin bü­tün əs­ər­­­ləri mənim əsərlərimdə kifayət qədər ifadə olundu­ğundan bu­ra­­­da o əsərlər haqqında təkrar bəhs etmək istəmi­rəm. Mənim məq­­­sədim qısa bir surətdə Altın Ordu dairəsində əmələ gə­ti­ri­l­ən və bu vaxta qədər qaranlıq və izahsız qalan bu parlaq ədəbi döv­­rün kiçik xülasəsini verməkdir. Bu əsərlər bunlardır: Qüt­bə­n­in əsəri, 741-ci ildə nəzm ilə yazılmış «Xos­rov və Şirin», Ha­cı Xa­­rəzminin 754-cü ildə yazdığı «Məhəb­bətnamə», Cən­cə­mə-na­mə və Hussat Kyatın-770 il, Məvla­na-İshak, İnadi-Məh­lə­vi, Əh­məd Xoca Səravi, Əbdül Məcid, Tunklu Xoca, Gülüstan Hu­ci- 793 il və Seyf-Sərayidir.

Oğuz ləhcəsi müxtəlif tarixi faktların tə'siri altında ol­ar­aq VIII hicri əsrdə iki qrupa bölündü: Bunların biri Şərqi, di­gə­ri Qərbi idi. Şərqi Oğuz ləhcəsi, yaxud «Azəri» VIII əsrdən yer tap­­­­mağa başlayır. Qərbi Oğuz ləhcəsi, yəni Anadolu ləh­cə­si­­nə gəl­­­­­dikdə o, monqolların istilasından qabaq da ədəbi əs­ərlər mey­­­­dana çıxardır və VIII əsrdə isə minlərlə ərəb və fars dil­lə­r­in­­­dən heç də geri qalmayan elmi və ədəbi əsərlər yaratdı [M.F.Köprülünün bu mə'ruzəsi barəsində bax: «Yeni yol», 1926, 8 mart, s.2, №57 (468)].

M.F.Köprülü türkoloci qurultayda türk ədəbiyyatı və ta­ri­xi haqqında da fikir söyləmişdir. Onun bu barədət əlavə mə­ru­­zəsi olmuşdur. Məruzənin məzmunu belədir: İstər Avropada, is­tər­­sə də türk ölkələrindən türk ədəbiyyatı, tarixi az və pis tədqiq ol­un­muşdur. «Təskirəyi Şüəra» adlanan qədim ədə­­biy­yat ta­rix­lə­rində tərcümeyi-hallar nəşr edilmişdir. Son za­manda çıxan əs­­ərlər də ən'ənələrdən ayrılmamışlar. Bu­nun üçün onlar ədə­biy­yat tarixi olmayıb, tərcümeyi-hal məc­mu­ə­si­dir. Bununla bə­ra­bər, ədəbiyyat tarixi mədəniyyət tarixinin bir his­səsi olmaqla, bir tərəfdən tarixə, digər tərəfdən filologiyaya is­tinad edən ob­yek­tiv elmi bir sahədir.

Mən elmi işçilərin diqqətini başlıca iki canlı nöqtəyə cəlb et­mək istəyirəm. Türk ədəbiyyatı tədqiqində vahid obyekt la­zım­dır. Hərgah ayrı-ayrı ədəbi ləhcələr alınarsa, heç bir elmi nə­ti­cə əldə edilməz. Bu nöqtə nəzərdən qaçırıldığı üçün avropa şərq­­­çilərini çıxılmaz yola salmışdır.

Bu və ya digər cəmiyyətin tarixinin tədqiqində yalnız ar­is­­­tokratlar ədəbiyyatı durmayıb, xalq ədəbiyyatından başla­ya­r­aq bütün ictimai ünsür və qruplara mənsub olan digər ədə­biy­yat­lar da nəzərdə tutulmalıdır. Əks surətdə sosial nöqteyi- nə­zər­dən böyük səhv buraxılmış olar.

Xalq ədəbiyyatımızın zəngin və original olması bizim üçün xüsusi mahiyyət daşıyır (M.F.Köprülünün bu əlavə mə­ru­zə­si barəsində bax: «Yeni yol», 1926, 9 mart, s.2).
12. Doğrudan da adları çəkilən klassiklərin yaşadığı ta­ri­xi dövr düzgün göstərilməmişdir. Halbuki Zakir XIX, Qövsi Təb­­­rizi XVII, Vaqif XVIII, Vazeh XIX, Şakir XVIII əsrlərin ədəbi si­­­malarıdır. Eləcə də digərlərinin də yaşadığı tarixi dövr də­qi­q­ləş­­­­dirilməmişdir.

Kitabın içindəkilər:

Prof. Dr. Fuad Köprülünün həyatı və elmi fəaliyyəti .............

Prof. M. F.Köprülünün əsərləri ............................................

a) kitabları ...............................................................

b) əsas məqalələri .................................................

Prof. Dr. M.Fuad Köprülünün əsərləri

haqqında biblioqrafiyalar ...............................................

Prof. Dr. M.Fuad Köprülü haqqında yazılmış

kitab və məqalələr ..........................................................

a) kitablar ..................................................................

b) məqalələr .............................................................

Mehmet Fuad Fuad Köprülünün “AZƏRİ” əsəri ...................

a) azəri- fars ləhcəsi .................................................

b) azəri- türk ləhcəsi ...............................................

I. İran və Şimali Azərbaycanda türk dili..........

II. Etnik amillər: İstila və məskunlaşma .........

III. Tarixi amillər ............................................

c) azəri ədəbiyyatının təkamülü ................................

I. İlxanlılar və Cəlayirilər dövrü: XIII-XIV əsrlər

II. Qaraqoyunlu və Ağqoyunlular dövrü:

XV əsr..........................................................

III. Səfəvilər dövrü: XVI-XVIII əsrlər ...............

IV. Əfşarlar, zəndlər və qacarlar dövrü:

XVIII-XIX əsrlər.........................................

V. Azəri ədəbiyyatında yeniləşmə dövrü:

XIX-XX əsrlər ............................................

I. Birinci dövr (1905-ci ilə qədər) ..........

II. İkinci dövr (1905-1920)....................

III. Son dövr ........................................



Biblioqrafiya ..........................................................................

Qeydlər və izahlar ..................................................................

1 Bu məqalələrin əsas mövzusunu XIII- XX əsrin əvvəllərinə qədərki Osmanlı ədəbiyyatı haqqındakı materiallar təşkil edir. Məqalə türkcə «Yeni Türk Mecmusi»ndə (1933, I, 275- 292; 375- 394; 534- 553) də çap olunmuşdur.


1 Bu məqalə fransız dilində də çap olunmuşdur.

1 Orxan Köprülünün Fuad Köprülü haqqında verdiyi müsahibə.

1 Bu məqalə Dr. Orhan F.Köprülünün 1986- cı il aprelin 17- də Türk Dil Qurumu tərəfindən Ord. Prof. Dr. Mehmet Fuad Köprülünün xatirəsinə həsr olunaraq keçirilən tədbirdəki çıxışının mətnidir.

2 Bu məqalə prof. Dr. F.Köprülünün «Bizans Müeseslerinin Osmanlı Müeseselerine tesiri hakkında bazı mülahizalar» kitabı haqqında yazılmışdır.


1 Bu məqalə sonra Ankara Unv. İlahiyat Fak. Dergisi (c.XVI (1966).- s.267- 281) və Vakiflar Dergisində (sayı 7.1968.- s.1- 11) də çap olunmuşdur.

* Qeydləri və izahları dilçi- alim Buludxan Xəlilov işləyibdir.

* Kron Ostin və onun xürafələri barəsində mə'lumat əldə edə bilmədik.


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin