E.ə.III - II minilliklərdə etnik tərkib və dil məsələləri
İlk tunc dövründə (e.ə.IV minilliyin ortalarından III minilliyin sonunadək) Ön Asiyada və o cümlədən Azərbaycan ərazilərində əhali daha sür’ətlə artır, yaşayış məskənləri genişlənir, ibtidai icma quruluşunun dağılması, patriarxal münasibətlərin möhkəmlənməsi sosial münasibətlərin dəyişməsinə səbəb olur. Tarixçilər mə’lumat verirlər ki, bu dövrdə yaşayış yerləri əksərən 1-2 ha sahəni tutur, məskənlər daha çox dağətəyi yerlərdə, çay vadilərində salınır. İkimərtəbəli evlər tikilir. Yaşayış yerləri ətrafında müdafiə hasarları düzəldilir. Tayfaların idarə olunmasında kişilər üstünlük qazanır, tədricən ictimai və sosial bərabərsizlik güclənir. İbtidai incəsənət inkişaf edir və bu dövr Azərbaycanda qədim incəsənətin çiçəklənmə dövrü sayılır. (2; 33-37)
E.ə.III minilliyin son rübündən Kür-Araz mədəniyyətinin süqutu ilə orta tunc dövrü başlayır. Azərbaycanda yaşayan tayfalar - kutilər, lullular, sular, turukkilər, kassilər, hurrilər və b. barədə ilkin yazılı daş sənədlər bu dövrə aiddir. Şumer-Akkad mənbələri Azərbaycan ərazisindəki əsas tayfalar haqqında xeyli mə’lumat saxlamışdır. Lakin bu tayfaların dili haqqında mə’lumat yox dərəcəsindədir, ona görə də Cənubi Azərbaycanın və ona qonşu vilayətlərin o dövrkü əhalisinin etnik tərkibi və dil mənsubiyyəti barədə ziddiyyətli fikirlər vardır. Müxtəlif mənbələrdə kuti, lullubi və kassi (kaşşu, kassit) dillərindən dövrümüzə bir qrup ad və söz gəlib çatmışdır. (2; 61-86)
Azərbaycan ərazisində adları qeyd olunan etnoslar o dövrün siyasi həyatında fəal rol oynamışlar. Ölkəmizin cənub ərazilərindəki qədim aborigenlərin və gəlmə əhalinin etnik mənsubiyyəti barədə, başlıca olaraq, yazı vasitəsilə mə’lumat ala bilirik. Yazının isə tarixi azdır. Tarixin yaddaşından əldə edilmiş mə’lumata əsasən bilirik ki, yazıdan ilk dəfə e.ə. IV-III minilliklərdə şumerlər istifadə etmiş, sonralar yazını şumerlərdən akkadlar, elamlar, hurrilər, urartlar, qədim farslar mənimsəmişlər. E.ə. III-II minilliklərə aid şumer və akkad yazılarına əsasən Cənubi Azərbaycan ərazisində əsas tayfaların kuti, lullubi, subi, turukku, kassi, hurri və s.-dən ibarət olduğu müəyyən edilmişdir.
Avropa alimləri və onların dediklərini təkrarlayan bir çox rus, Azərbaycan, gürcü və erməni tarixçiləri Azərbaycan ərazisindəki qədim tayfaların etnik mənsubiyyətini düzgün izah etməmiş, bə’zən bilərəkdən məsələni dolaşdırmağa çalışmışlar. Ona görə də Cənubi Azərbaycan ərazisində e.ə.III-II minilliklərdə müxtəlif mənbələrin qeydə aldığı tayfaların etnik mənsubiyyəti haqqında yanlış fikirlər söylənmiş, faktik olaraq, yerli tayfaların etnik mənsubiyyəti aydınlaşdırılmamış qalmışdır.
Lullubilər haqqında ilk dəfə e.ə. XXIII əsr akkad mənbələrində mə’lumat verilmişdir. Bu etnonimi hurrilər lullu, urartlar lulu şəklində işlətmişlər. Urartu dilində Lulu-in-a ‘düşmən ölkə’ kimi mə’nalandırılmışdır; ‘Lulubi’ forması akkad dilində işlənmişdir. Sondakı bi elementini elammənşəli hesab etmiş və ona görə də güman etmişlər ki, bu sözü akkadlar elamlardan almışlar. İ.M.Dyakonovun fikrincə, ‘lulu-bi’ sözü mə’nası mə’lum olmayan ‘lul’ kökündən və elam dilində cəm bildirən pi (bi) şəkilçisindən ibarətdir. Buna görə də lullubilərin dilini bə’zən elammənşəli saymış, dravid dillərinə aid etmişlər. Akademik «Azərbaycan tarixi»nin etnik tərkib və dil mövzularının müəllifi İ.Əliyev isə, yuxarıda dediyimiz kimi, Azərbaycan ərazisindəki qədim tayfaların mənşəyini Qafqaz və İran dillərində və ya mənşəyi mə’lum olmayan «qədim yerli dillər»də görməyə çalışmışdır. (1; 122-123)
Qeyd etməliyik ki, lulluların dilində işlənmiş olan, elam dilində də müşahidə edilən bi/be şəkilçisindən və onun pi variantından hurrilər və urartlar da istifadə etmişlər. Q.Qeybullayev türk dillərinə məxsus oxşar etnonimlər əsasında sübut etmişdir ki, lullubi sözündəki bi, pi elammənşəli deyildir. Bu hissəcik aqrippi, traspi, nuşibi, tatabi kimi türk tayfa adlarında da (e.ə.VII-V əsrlər) özünü göstərir. (6; 23) Lullubi, sunbi (subi), kaspi, skif və digər qədim türk etnonimlərindəki «bi», «pi», «f» komponentləri türkmənşəli şəkilçidir. Bu şəkilçi elamlara və akkadlara şumerlərdən və ya kutilərdən keçə bilərdi. (6; 56) Çünki bu şəkilçi ilk növbədə şumer dilində müşahidə olunur və sözlərə artırılaraq onları etnos adı kimi ümumiləşdirən cəm şəkilçisi kimi çıxış edir.
Lullular kim idi və Lullubi dövləti nə vaxt yaranmışdır - suallarına tarix kitablarında çoxdan cavab verilsə də, bir çox həqiqətlər hələ gizli qalmaqdadır. Aratta dövləti nə üçün birdən yox oldu və onun yox olduğu dövrdə həmin ərazidə Lullubi dövləti yarandı? Bu barədə tarixin xəsisliklə mühafizə etdiyi mə’lumat daha dərindən araşdırılmalıdır. Y.B.Yusifov yazır: «E.ə. III minilliyin ikinci yarısında İkiçayarası Şumer şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e.ə. XXIV-XXII əsrlər) altında birləşdirildi. Bu zaman Aratta bir dövlət kimi artıq siyasi səhnədən çıxmışdı. Urmiya gölünün cənubunda, keçmiş Aratta dövlətinin qərb torpaqlarında lullubi tayfalarının ittifaqı yaranmışdı. Lullubi tayfa ittifaqına, yəqin ki, nisbətən sonrakı dövrdə siyasi səhnəyə çıxmış su və turukki tayfaları daxil idi. E.ə. XXIII əsrdə Urmiya gölünün cənubunda lullubi tayfaları dövləti yarandı.» (2; 67)
Çox maraqlıdır: şumerlərin İkiçayarasında məğlubiyyəti, Akkad dövlətinin yaranması ilə Azərbaycan ərazisinin də siyasi mənzərəsi dəyişir - yeni dövlət və yeni tayfa ittifaqı görünməyə başlayır. Bir qəribə cəhət də budur ki, şumerlərdə olduğu kimi, Lullubi ölkəsi də kiçik şəhər dövlətlərindən ibarət idi. Və digər bir cəhət də budur ki, lullubilər öz yaxın qonşuları akkadlara düşmən idilər, şumerlərlə qardaşlıq və dostluq əlaqələri saxlayırdılar. Onların tarixdə adı çəkilən ilk hökmdarı Satuni (e.ə. 2230-2200) 2200-cü ildə Akkad dövlətinə müharibə e’lan etmişdi. Lullubum hökmdarı, ‘padşahlar padşahı’ İmmaşqun (e.ə. 2200-2170) Lullubi dövlətini gücləndirir və Akkad dövlətinə qarşı daha ciddi rəqabət aparır. Dövlətin qüdrəti hökmdar Anubanininin vaxtında (e.ə. 2170-2150) daha da artır. Anubanini ölkənin ərazisini genişləndirir, cənubda Fars körfəzinə qədərki ərazilərə qədər enə bilir. (2; 67-68) Lullular şumer mədəniyyətinə uyğun mədəniyyət yaratmışdılar, mixi yazıları mənimsəmişdilər və mixi yazılardan istifadə edirdilər. Çoxallahlı idilər və baş allahları Anu şumerlərin səma allahı An idi.
Bütün bünlar göstərir ki, şumerlərlə lullular qohum olmuş, bir tayfadan ayrılmışlar. Çox güman ki, akkadlar Şumerə hücum edərkən onların zərbəsi şumerlərin müttəfiqi və qohumu olan arattalılara da dəymiş, Aratta dövləti sıradan çıxsa da, yerli əhali tədricən dirçələrək Lullubi dövlətini yaratmışdır. Dünya tarixçiləri şumerlərin Azərbaycan ərazisindən - Zaqroş dağlarından İkiçayarasına endiklərini təsdiq edirlər və bu barədə əsaslı müxalif fikir yoxdur.
Lullular «...e.ə.III-II minilliklərdə və sonra qədim Azərbaycan sakinləri kimi yad edilirlər. Lullular Arattanın ərazisində yaşayırdılar. Qaynaqlarda lullu adı -bi, -mi şəkilçiləri ilə də işlədilir. Lullu ittifaqına daxil olan hər bir tayfanın öz adı varmış. Bunlardan turukki və su tayfaları mə’lumdur. Belə təəssürat yaranır ki, lullubi Azərbaycanın prototürk əhalisinə verilmiş kənar ad (fərqləndirmə bizimdir - Q.K.) olmuşdur».(2; -94,79)
Hurrilər lulluları l >n keçidi ilə nullu adlandırmış, sözə «özgə», «yadelli» mə’nası vermişlər. Bir sıra alimlərin araşdırmalarına görə, biaynlar (urartlar) lullu sözünü guya «düşmən» mə’nasında işlətmişlər. Y.Yusifov isə ‘lullu’ sözünü yerli xalqın dilində tez-tez müşahidə olunan «Lo-lo» mahnı adı, hunların türk mənşəli Luli tayfa adı, çoban sözləri və s.-lə əlaqələndirmək istəsə də, daim bu fikirdə olmuşdur ki, Lulubi sözü bu ölkəyə kənardan verilmiş addır. Müəllifin mühüm bir fərziyyəsi də budur ki, «Lullu/lulu adı bəlkə də bənzətmə, yaxud əhalinin dilində tez-tez işlənən bir sözü yamsılama nəticəsində yaranmışdı».(2; 94,?9) Bu fikir daha ağlabatandır, lakin bizim fikrimizcə, tamamilə başqa istiqamətdə izah olunmalıdır.
Lullular Urmiya gölünün cənubunda Zamua vilayəti ərazisində məskunlaşmışdılar. Qeyd olunanlarda mühüm bir rabitə hiss olunmaqdadır. Dediyimiz kimi, akkadlar Şumeri işğal etdikdən sonra Aratta həyat səhnəsindən çıxır, Lullubi dövləti yaranır. Lullular bütün mədəni xüsusiyyətlərinə görə şumerləri xatırladır. İkiçayarası Zamua ərazisinə son dərəcə yaxındır və akkadlarla düşmən münasibətdə olan lullular İkiçayarasını işğal edə bilməsələr də, Fars körfəzinə qədər enə bilmişdilər. Akkad işğalı zamanı şumerlərin məhv olmadığı, böyük bir qisminin İkiçayarasını tərk etməli olduqları da mə’lumdur. Şumer dastanlarından aydın olur ki, arattalılarla şumerlər arasında yaxınlıq, dostluq, sıx əlaqə olmuşdur. Onların varisləri də bu əlaqələri davam etdirmişlər. Bunu tarixçilər də təsdiq edirlər: «Artıq e.ə. III minilliyin II yarısında lullubilər nəinki Azərbaycan və İranın, habelə Mesopotamiyanın tarixində əhəmiyyətli rol oynayırdılar. Güman etmək olar ki, lullubilər ən qədim dövrlərdən e’tibarən Mesopotamiya ilə sıx əlaqədə olmuşlar». (1; 1,121) Aydın olur ki, hələ Şumerin yaxşı günlərində, Aratta hakiminin onunla qohumluq əlaqələri, dostluq, qardaşlıq münasibətləri olmuş, çox inkişaf etmiş, irəliləmiş şumerlər Arattanı öz tabeliklərində saxlamışlar (2-ci fəslə bax). Belə xoş münasibətin olduğu zamanda İkiçayarasını tərk etməli olan şumerlər hara getməli idilər? Madam ki, qonşu Aratta torpaqlarını öz torpaqları sayırdılar və vaxtilə İkiçayarasına bu ərazidən - Zaqroş dağlarından enmişdilər, akkadlarla mübarizə üçün bundan əlverişli bir yer, bir mövqe ola bilməzdi və bütün məntiq göstərir ki, mənbələrin mə’lumatları düzgün üzə çıxarılmasa da, şumerlərin bir qismi Aratta - Zamua ərazisində məskunlaşmış, yerli su, turukki və adını bilmədiyimiz digər tayfalarla ittifaqda Lullubi dövlətini yaratmış, dəfələrlə Akkad dövləti ilə vuruşmalı olmuşlar. Bu halda ölkənin adı da müəyyənləşir: lullular lu, lulu sözlərini (‘adam’, ‘adamlar’) çox işlədirdilər və bu söz onlara məxsusdur. «Lullu» ölkə adı isə, aramsız olaraq tarixçilərin verdiyi mə’lumatdan aydın olur ki, kənardan verilən, bə’zən kinayə ilə işlədilən bir söz olmuşdur. Biaynların (urartların) lullulara düşmən kimi baxmasının səbəbi vardı. Lullubi hökmdarları əksərən assurlarla ittifaqda olmuş, urartların ölkəni işğalına imkan verməmişlər. Urartu hökmdarı I Rusa (e.ə.730-714) birləşmiş Assur-Manna qoşunları qarşısında dayana bilməmiş (Mannanın əsas əhalisi lullular idi), e.ə.714-cü ildə özünü öldürmüşdü. Ona görə də Urartu mənbələrində lullulara düşmən münasibət vardır. Bu barədə İ.İ.Meşşaninovun qeydləri də nəzəri cəlb edir. Biayn yazılarında MATU determinativi ilə ölkə adı kimi verilən Lullu sözünün işlənə bilən müxtəlif formalarını qeyd edərək İ.İ.Meşşaninov yazır: «MATU luluina (lu-lu-e, lu-lu-i-na-u-e, lu-lu-i-na-u-i, lu-lu-i-ni-li, lu-lu-i-na-şi, lu-lu-i-na-şe) Naimenovanie stranı Lulu, ispolğzuemoe v bolee şirokom znaçenii «vrajeskaə strana». Otsöda - proizvodnaə forma MATU Lu-luinişe «jitelğ stranı Lulu». İmeetsə v vidu «çujezemeü, vraq».(8; 190) MATU - ÖLKƏ determinativi ilə işlənən Lulu(ina) sözü, təbii olaraq, ölkə adı kimi izah edilir. Lakin bə’zən bu söz determinativ olmadan işlənmiş, bə’zən də NAKARU (düşməncəsinə, düşmən) ideoqramı ilə işlədilmişdir. Bu son iki halı nəzərə alaraq, Biayn mətnlərinin tədqiqatçıları Lulu sözünün Biayn-Urartu dilində ‘düşmən’ mə’nasında işləndiyini qeyd etmişlər. Lakin faktlar göstərir ki, Lu-lu - ‘adamlar’, Lulu-ina - ‘lullu ölkəsi’ mə’nasında olmuş, Urartu işğalına qarşı assurlarla birlikdə uzun müddət mübarizə apardıqları və I Rusanın özünü öldürməsi ilə nəticələnən ağır döyüşlərə görə biaynlar lullulara düşmən münasibətdə olmuş, lulluları özlərinə düşmən saymışlar. Lullulara düşmən münasibətlə lulu sözünün semantikası qarışdırılmışdır. Mətndə aydın şəkildə MATU Lu-lu-i-na - ‘Lulu ölkəsi’ yazıldığı halda, ifadə «düşmən ölkəsi» kimi tərcümə edilmişdir: pa-ru-bi SAL iutu-ni MATU Lu-lu-ina-ni MATU-ni-i-ni «ə uqnal jenşin iz vrajeskoy stranı»(?) (8; 375) Başa düşmək olmur ki, nə üçün eyni quruluşlu iki sözdən birini ölkə adı, digərini ‘düşmən’ kimi tərcümə və izah edirlər: «...kto imə eqo (üarə. - Q.K.) uniçtojit, svoe imə postavit, budğ to MATU Biainişe, budğ to MATU Luluinişe» - çarın şərəfinə qoyulmuş abidədən çarın adını silib, öz adına yazan lə’nətlənir, lakin ‘istər biaynlıdır, istər lulu ölkəsindəndir’ əvəzinə, ifadə «budğ to biayneü, budğ to vraq» şəklində tərcümə edilir.(8; 377)
İlkin olaraq şumerlərdə rast gəldiyimiz lu sözü dünya dillərinə məxsus saysız sözlərdə öz əsasını saxlamışdır (2-ci fəslə bax), türk dillərində isə el, ulu, ulus sözlərində özünü mühafizə etmişdir. Bu söz Azərbaycan tarixinin qaranlıq səhifələrindən birini işıqlandırmaq üçün bir açar rolunu oynayır. Beləliklə, lullu adının özü lulluların şumer-türk tayfası olduğunu bildirir.
Lullubilərdən qalan tək-tək sözlər (şəxs adları və apelyativ leksika) türkcə izah olunur. Lullubi hökmdar adı Anubanini (e.ə. XXIII əsr) üç komponentə ayrılır: Anu - şumer göy allahının adı, ba - qədim türkcə ‘bağlamaq’ və ‘allah’, ni - mənsubluq bildirən şəkilçidir - ‘allah Anu’. İ.M.Dyakonov da Anubanini sözünü ‘allah Anu’ kimi izah etmişdir. Qayaüstü rəsmlərdə lullu kişiləri uzunsaçlı təsvir edilmişdir, bu cəhətin türklərə və monqollara aid olduğu qəbul edilmişdir. Lullubi dilindəki king, kin ‘qala’ sözü Altay-türk dillərindəki gang, kang (g=q) ‘sıldırım qaya, dik qalxmış dağ’ sözü ilə eyniköklüdür. Sözün sonundakı burunlaşma da (ng) türk dil xüsusiyyətidir. «Yazıda adları çəkilən tanrıların adlarından görünür ki, lullubilər şumer-akkad allahlar panteonuna sitayiş etmişlər».(9; 32) Fikrimizcə, şumerlərin yaşıdı və dostu, qohumu olan lullular başdan-binadan həmin allahlara sitayiş etmişlər və bir kökdən olduqları kimi, allahları da bir olmuşdur. Lulluların allah adlarından Kiur erkən orta əsrlərdə Şimali Qafqazda türklərə məxsus ildırım allahı Kuar ilə eyni sayılır.
Elamların dilində də bir sıra türk mənşəli sözlər vardır ki, bunları, tədqiqatçıların fikrincə, onlar öz qonşuluğundakı lullulardan mənimsəmişlər: ikə - ‘qardaş’ (türkcə əkə, ike - ‘böyük qardaş’), kuti - ‘güdmək, gözləmək’ (türkcə və azərbaycanca «güd» fe’li), kik - ‘göy’, ‘səma’ (türkcə və azərbaycanca «göy» sözü), şak - ‘uşaq’ (azərbaycanca «uşaq» sözü) və s. Bir sıra tədqiqatçılar türk sözlərinin elam dilinə türklərdən alınmış olduğunu söyləmişlər. Lakin bizim fikrimizcə, elamlar da türklərin uzaq qollarındandır. Farslar elamlara ‘yuvca’ demişlər. Bu, türkcə ‘uca’ sözüdür. İltisaqi quruluşuna və bir çox leksik paralellərə malik olduğuna görə elam dilinin türk mənşəli olduğunu qeyd edənlər vardır. Lakin bu sahədə az tədqiqat aparılmışdır. Bu qohumluq sübut olunarsa, lullularla elamların da mənşə birliyinə şübhə qalmaz, sübut edilmədikcə elamların türklərlə qonşuluqda yaşadığına sübutdur.
Q.A.Melikişvili «Zaqroş-elam qrupu» dillərini müasir Qafqaz dillərinə yaxın hesab edərək, lullubi və elam dillərinin qohumluğu mülahizəsinin xeyrinə əlavə dəlillər söyləmişdir. (9; 32) Lullubi və elam dillərinin qohumluğu xeyrinə misallar elam dilinin türkmənşəli olması xeyrinədir. Lullubi dilinin Qafqaz dillərinə yaxınlığı isə heç bir faktla sübut olunmur. Az-çox mümkün olan bütün faktlar lulluların türkmənşəli olduğunu göstərir.
E.ə. III minilliyə aid şumer və akkad mənbələrində haqqında mə’lumat verilən güclü Azərbaycan tayfalarından biri də kutilərdir. Kutilər Urmiya gölü ətrafında (cənub və qərb ərazilərində) dağlıq rayonlarda yaşamışlar. Onlar şumer və akkadlardan mixi yazını mənimsəmiş və yüksək mədəniyyətə malik olmuşlar. İ.M.Dyakonov göstərir ki, kutilərin şəxs adları qədim İran və Qafqaz dilləri (o cümlədən hurri və Urartu dilləri) ilə izah olunmur. (10; 109) Lullular kimi, kutilər də elammənşəli (bə’zən də hurri mənşəli) hesab olunmuşdur. Y.B.Yusifov, Q.Ə.Qeybullayev və başqalarının son tədqiq və araşdırmaları sübut etdi ki, kutilər də türk mənşəli olmuşlar. Kuti hökmdar və şəxs adlarının çoxu türk dilləri ilə izah olunur. Kutilərin e.ə.III-I minilliklər arası sonralar Manna adı ilə tanınan Azərbaycan ərazilərində, bir qisminin isə Şərqi Anadoluda - urartların (biaynların) qonşuluğunda yaşamaları da onların türkdilli olduğunu sübut edir. Manna və əksər Mada toponim və şəxs adları türk dili bazasında izah olunur. Kutilərin qonşuluğunda olan urartların - biaynların dilində çoxlu türk mənşəli sözlər işlənmişdir. Tədqiqatçılar göstərirlər ki, urartlar bunları kutilərdən mənimsəyə bilərdilər: ate - ‘ata’ (azərbaycanca ata), tiau - ‘demək’ (azərbaycanca demək), töran - ‘qayda, qanun’ (qədim türklərdə töri), sue - ‘göl’ (azərbaycanca, türkcə su), surə - ‘silah’ (türkcə sur - ‘cida’), ərşə - ‘cavan’ (azərbaycanca - ərsə - ‘cavan’), e - ‘ev’ (azərbaycanca, türkcə ev), tar(a) - ‘dərə’ (azərbaycanca dərə) və s. Urartların dili az qala şimal-şərqi Qafqaz dillərindən biri kimi təsdiq olunmaqdadır. Amma, fikrimizcə, iltisaqi urartu dili yaxşı öyrənilməyib, yaxşı öyrənilərsə, başqa nəticəyə də gəlmək olar.
«Urartu» adının özünü də urartlara türk qonşuları vermişlər. Onlar özlərinə ‘Biaini’ deyirdilər. Urartu sözü asur dili ilə izah olunmur. Sami tayfaları isə bu ölkəyə «Nahariya» demişlər ki, bu da İran dillərində «nəhr» (çay) sözündəndir (ermənilər bu sözü «Nairi» şəklində saxlamışlar). «Urartu» sözü ilk dəfə e.ə. 1304-1243-cü illərdə yaşamış Assur çarı I Salmanasarın yazılarında «Uruatri» şəklində işlənmiş və «yuxarı (yüksək) ölkə» kimi mə’nalandırılmışdır. Ur - türk dillərində hündür, yuxarı, art - dağlıq ərazi mə’nasındadır. Q.Qeybullayev «Biaini» sözünün kökündəki «bia» sözünün də türk mənşəli olduğunu sübut etmişdir, b>m keçidi ilə mua, mia türk dillərində ‘su’ sözündən ibarətdir, Van gölünün və Van şəhərinin adının da bu sözdən törədiyi müəyyən edilmişdir. (11; 21) Bunlar ağlabatandır, lakin b>v keçidi ilə hind-Avropa dillərindəki voda (rus), water (ing.) sözləri də bu sözlə bağlıdır, ona görə də bu sözlərin ulu dildən gəldiyini, lakin b>m keçidi ilə daha çox türk şivəsi istiqamətində inkişaf yolu keçdiyini də unutmaq olmaz.
E.ə. III-I minilliklər arasında Urmiya gölünün cənubunda və Zaqroş dağlarında yaşayan türkdilli əhali içərisində Su tayfası xüsusi fərqlənmişdir. Tayfanın adının ilkin forması sub/suv şəklində olmuşdur. Söz aydın şəkildə türk dillərindəki «su» sözüdür.
Qədim türk xaqanlığının əsasını qoymuş Aşina tayfasının iki mühüm əcdad əfsanəsindən biri So adlanır. Əfsanədə deyilir ki, So nəslinin bütün nümayəndələri «öz səfehlikləri ucbatından» məhv olmuş, yalnız dişi canavarın dörd nəvəsi öz canını qurtara bilmişdir. Oğlanlardan üçüncü və dördüncüsü Cənubi Altayda məskən salmış, artıb-çoxalmışlar. N.A.Aristov So nəslini Cənubi Altaydakı So tayfası ilə, kumanlarla, qırğızlarla əlaqələndirmişdir.(64; 33) Əfsanədən aydın olur ki, öz keçmişini unudaraq uzaq Ön Asiyadan gəlib bu yerlərə çıxmış So tayfası hətta öz nəslinin nədən məhv olduğunu da xatırlaya bilmir.
Y.Yusifov yazır: «Qədim qaynaqlarda sular ilə əlaqədar (su tayfası ilə - Q.K.) bir sıra ifadələr işlədilmişdir. Məsələn, »Su ölkəsinə mənsub lullu», «Şubar (Subar) ölkəsinə mənsub lulu». Deməli, lullular və sular qarışıq yaşayırmışlar. Bə’zi hallarda Aratta ölkəsinin adı «Su ölkəsi» mixi işarələri ilə göstərilmişdir. Deməli, Aratta, Lullubum və Su ölkəsi Urmiya gölü hövzəsindəki geniş bir ərazinin müxtəlif adları olmuşlar. Sular da turukki və lullu tayfa birləşmələrinə daxil idilər». (2; 80-81) Bunlar Aratta, Su, Lullubum ölkələrinin müxtəlif adlarla tanınan eyni ölkə olduğunu və türk tayfalarının ölkəsi olduğunu yəqin etmək üçün heç bir şübhə yeri qoymur.
Fərat çayının sol orta axarına yaxın ərazilərdə yerləşən Mari çarlığının arxivindən e.ə.XVIII əsrin birinci yarısına aid zəngin gil lövhə-məktublar tapılmışdır. Babil hökmdarı Hammurapinin zamanına (1792-1750) aid olan bu məktublarda turukkilər haqqında maraqlı mə’lumat mühafizə olunmuşdur. Yasim-el adlı bir hökmdarın Mari hökmdarı Zimrilimə məktubundan ibarət olan gil lövhədə deyilir: «Ağama de ki, Yasim-el danışır, sənin qulun. Mən öz vilayətimdə bax belə sözlər eşitmişəm: «İşme-Daqan turukkilərlə sülh bağlayıb. Zazinin qızını o öz oğlu Mutaskura alır. İşme-Daqan (artıq) (gəlinin) alınması üçün Zaziyə gümüş və qızıl göndərib. Bundan əlavə, eşnunnalılar İşme-Daqana hərbçilər də göndərib. Əlbəttə, (artıq) mənim ağam bu xəbəri eşidib. (Ancaq) bu mə’lumatı bilən kimi mən öz ağama yazdım».(17; 196) Assur hökmdarı İşme-Daqan (e.ə.1781-1757), göründüyü kimi, turukkiləri sakitləşdirmək üçün qohumluq əlaqəsinə girməyə məcbur olub. Qonşu ölkələr turukkilərlə əlaqədar xüsusi agentlər saxlayırmışlar. Eşnunna dövləti Diyala çayının üst tərəfində, İkiçayarasının şimal-şərqində, turukkilərin alt yanında yerləşmişdi. Turukkilər bu ərazini daim qorxu altında saxlayırdılar. Bu misal göstərir ki, turukkilər zamanının çox güclü tayfalarından olmuşlar. Əksər alimlər «turukki» sözünü türk sözünün ilkin forması hesab etmişdir və türk sözündən qorxan bir sıra mühafizəkar alimlərdən başqa, buna heç kim şübhə etmir.
Qədim Azərbaycan aborigen əhalisi arasında kassi (kaşşu) tayfası tarixdə daha dərin iz buraxıb. Vaxtilə əsasən onomastik materiallar zəminində kassi dilini Zaqros-Elam, Qafqaz, Hind-Avropa dilləri qrupuna aid etmiş, Elam-Kassit qohumluğu haqqında fikirlər söyləmişlər. Y.Yusifov göstərir ki, bu baxış ən yeni tədqiqatlarda inkar olunur. Vaxtilə kassiləri «ari tə’sirinə mə’ruz qalmış» tayfalar, yaxud «protohindavropa nitqinin ən qədim daşıyıcıları« saymış və onların dilini Hind-Avropa dilləri ailəsinə daxil etmişlər. Lakin bu fikirlər əsaslandırılmamışdır. Kassi dilini hett, kaşk, habelə Qafqaz dilləri ilə bağlamaq cəhdləri də olmuşdur.
Kaşşu/kassi/kas/kassit şəklində qeyd olunan bu sözün kökündə *k səsi durur - ilkin mərhələdə söz ku/ko (kissi və kosey formalarını yada sal) və tədricən ka şəklinə düşmüşdür; 1-ci -ş cəm şəkilçisidir; 2-ci ş səsi akkad dilində birincinin qoşalaşması nəticəsidir. Kassit variantında -it ikinci cəm şəkilçisidir. Müasir tarix kitablarındakı kassitlər sözündə üç müxtəlif cəm şəkilçisi üst-üstə işlənmişdir.
Kasların türk mənşəli olduğu bir sıra dəlillərlə sübut edilmişdir. Hər şeydən əvvəl, kas hökmdar adları şumer və türk dilləri ilə izah olunur. Kassit-Akkad qlossarilərində 50-yə yaxın kas sözü mühafizə olunmuşdur. Ən mühüm dəlillərdən biri akkad yazısı ilə yazılmış kas sözlərinin türkcə olmasıdır: yanzi - ‘hakim, hökmdar’ (türkcə anq, azərbaycanca ön - ‘qabaqda dayanan’, ‘öndə duran’ və -si,-çi şəkilçisi), aşrak - ‘müdrik’, ‘ağıllı’ (türkcə as - ‘ağıl’); İ.M.Dyakonov göstərir ki, kaslarda bir tayfa Karzi-yabku adlanır. Buradakı yabku sözü türk yabğuları (‘elin, tayfanın başçısı, hökmdar’) ilə əsaslı şəkildə səsləşməkdədir: Dib-Yabku, Tokuz-Yabku və s.(Rəşid əd-Dinin «Oğuznamə»sində oğuz şəcərəsində adlar). Kas dilindəki dakaş (ulduz) sözü danq (dan) və yaşu - ‘parıltı’, ‘şəfəq’ sözləri ilə müqayisə edilir, ‘dan parıltısı’ mə’nasını ifadə edir; kas dilindəki haşmar (şahin, qartal) sözü də təmiz türkcə sayılır; ş - s keçidi və h səsinin düşümü ilə as - ‘dişləyib, didib qoparmaq’, umar - ‘ummaq’, ‘arzu etmək’ mə’nasında olub, ‘dimdikləyib (dişləyib) qoparmaq istəyən’ deməkdir və M.Kaşğarinin ‘kərkəs’ (leş yeyən quş) mə’nasında verdiyi us sözünün fonetik variantı hesab olunur. (6; 63,64) (Haşmar/asmar sözünün ikinci komponenti mar ‘ilan’ sözü də ola bilər - ‘ilan yeyən’ mə’nasında).
Kasların allah adları da (Şukamuna, Şimaliya, Kaşşu, Harbe, Şixu, Sax, yaxud Şuriaş, Qidar, Dur, Kamulda, İmmiriya, Mirizir) əksərən şumer və türk dilləri ilə izah olunur. Kaşşu sözü kasların öz qəbilə allahının adıdır və qəbilənin adının əsasında bu ad durur.
Allah adı Harbe türk dillərində ‘cadu’, ‘sehr’, ‘tilsim’ mə’nalarında arba sözü ilə eyniköklü sayılır, ona görə də kas allahı Harbenin cadu, sehr, tilsim allahı olduğu güman edilir. Kas dilindəki Suriyaş (Günəş allahı) sözü düzgün olaraq eyni mə’nada başqırd dilindəki Koyaş (Günəş) sözü ilə müqayisə edilir. Allah adı Şimaliya türkcə işım - ‘ildırım’ (və işıq, işıldamaq), al - qırmızı və akkadca iya şəkilçisi ilə ‘qırmızı parıltı’, ‘şəfəq’ mə’nasında izah edilmişdir. (6; 62-63)
Kasların Mərkəzi Asiyadan gəlmə olması barədə yanlış fikri təkrar etməsinə baxmayaraq, Q.Qeybullayev onların Mərkəzi Asiyaya vaxtı bilinməyən erkən miqrasiyasının qədim izlərini ortaya çıxarmışdır: erkən orta əsrlərdə uyğurlara məxsus 6 kas qəbiləsi olmuşdur; «qırğız» (qədim forması «kırkas») və «xakas» sözlərində «kas» etnonimi mühafizə olunmuşdur; qədim türk runi yazılarında Kaşqar şəhərinin adının Kaş yazılması bu sözün kas sözü ilə bir kökdən olduğunu göstərir; XVII əsrdə Sibirdə Udin mahalında Kara-kas, Sarı(q)-kas və Kaş adlı tayfaların yaşadığı mə’lumdur; kasların bir qismi Qazaxıstan çöllərinə yayılaraq qazax - kasax adlı yeni etnos yaratmışlar (ak hissəciyi başqa türk tayfa adlarında da var: kaymak, qıpçak və s.); xəzər etnonimi (kasar/kəsər), Xəzər dənizinin adı, Qazan şəhərinin (Kasan) adı bu etnosun adı ilə bağlıdır və nəhayət, kasların bir hissəsi e.ə. birinci minilliyin ortalarında kaspi adı ilə tanınmışdır. (6; 27-28) Kasların Mərkəzi Asiya əlaqələri Xəzərin cənub-qərb hissəsində yerləşmiş məşhur kaspilərin də türk mənşəli olduğunu üzə çıxarır. Bu araşdırmalar kasların tarixdə nə qədər böyük iz qoyduğunu aydın göstərir. Kaspilər Azərbaycanın həm şimal, həm də cənub hissəsində - Dərbənd ətrafında, Mildə, Kürün Arazla birləşdiyi yerdən Xəzərə qədərki ərazilərdə yaşamışlar.
Kassilərlə kaspiləri düzgün olaraq qohum hesab edən İ.M.Dyakonov yanlış olaraq onları elamdilli hesab etmişdir. Kaspi sözündəki pi şəkilçisi elam dilindəki -pi cəm şəkilçisi ilə eynimənşəli olduğu üçün kaspiləri elammənşəli saymışlar (p>b keçidi ilə sonu bi ilə qurtaran türk tayfa adlarını yuxarıda qeyd etmişik). E.ə. V əsrdə artıq siyasi arenada olan kaspilər, onların təsərrüfatı, mədəniyyəti barədə geniş mə’lumat verən İ.Əliyev də onları kassitlərlə qohum hesab etmiş, lakin hələ antik dövrlərdən onların iranlılaşdırıldığını güman etmişdir: «Ola bilər ki, antik dövrdə kaspilər artıq iranlılaşdırılmışdı». (12; 89,11) Türklərin getdikcə Ön Asiyada artıb çoxaldığı və gücləndiyi bir dövrdə türk mənşəli böyük tayfanın iranlılaşdırılması ağlabatan deyildir. «Maraqlıdır ki, Kaspi hökmdarının titulu (yanzi) həm Urmiyayanı bölgədə, həm də Van gölü ətrafında yayılmışdı».(1; 126) Bu hal kas tayfasının müxtəlif adlar altında Azərbaycan ərazisində çox geniş yayıldığını göstərir. İ.Əliyev kasları avtoxton saymaqda tam haqlıdır: «Şübhə yoxdur ki, Kaspi dil ailəsi İran yaylası ərazisində avtoxton idi» (1; 126) Kaslar Mərkəzi Asiyadan gəlməmiş, onların böyük bölümləri tarixini dəqiq bilmədiyimiz qədim dövrdə bir tərəfdən qərbə - İtaliya ərazilərinə, bir tərəfdən də Mərkəzi Asiyaya yayılmaqla həmin ərazilərdə zəngin izlər qoymuşlar.
Lullubilərin dilindəki Kiur ‘allah’ sözü kaslarda Kuri şəklində olmuşdur. Bu sözlər qədim türklərin ‘ildırım allahı’ mə’nasında Kuar sözü ilə bir kökdəndir. Bu da özlüyündə lullularla kasların və şumerlərin qohumluğuna işarədir. Kaslar Ön Asiyanın ən qədim etnoslarındandır.
Kas adlarının bir qismi akkad mənşəli sayılır, bir qismi isə teofor adlar olub, Şumer-Akkad allah adlarından ibarətdir. Çox güman ki, akkad mənşəli sayılanlar akkad tələffüzü ilə qeydə alınmış kas sözləridir.
Türklərin Azərbaycan ərazisinin ən qədim sakinləri olması barədə tarixdə maraqlı faktlar mühafizə olunmuşdur. Tarixçi və etnoqraflar e.ə. X minilliyə və daha əvvəlki dövrlərə aid olan Qobustan rəsm-yazılarını türk mədəniyyəti ilə əlaqələndirirlər: «Ən aydın əlamətlərdən biri budur ki, Qobustan rəsmlərinin içərisində Orxon runik yazısının işarələrinə təsadüf olunur. Məsələn, Qobustan qayalarındakı ZZ işarələri Orxon yazısında ‘Z’ hərfidir». (13; 16) T.Hacıyevin fikrincə, Qobustan şəkillərində d, k, l, n, ç, t hərfləri də mövcuddur və bunların Qazaxıstan, Tuva, Cənubi Sibir və Monqolustan ərazilərində aşkarlanmış analoqları vardır. (13; 16-17) Azərbaycanın ən qədim əhalisi olan kaspilərin e.ə. IX-IV minilliklər arasında Xəzərin cənubunda və cənub-şərqində müəyyən edilmiş Anau mədəniyyətinin yaradıcıları olduqları sübut edilmişdir. Kasların irandilli olmadıqları mə’lumdur. Türklərə məxsus olan ikihürgüclü dəvə skeletinin Anauda tapılması da bu mədəniyyətin türklərə məxsus olduğunu göstərir. (13; 17)
Y.B.Yusifov e.ə. III-II minilliklərə aid bir sıra etnonim və toponimləri, xüsusilə Aratta, turukki, kuti, lullu, su sözlərini türk dili bazasında izah edərək belə bir qənaətə gəlmişdir ki, «...e.ə. III-II minilliklərdə Azərbaycan ərazisində türk etnosları yaşayırdılar və o dövrün siyasi hadisələrində yaxından iştirak edirdilər». (2; 78) Böyük zəhmət əsasında saysız toponim, etnonim və antroponimlərin türk mənşəli olduğunu üzə çıxarmaqla Q.Qeybullayev də eyni fikirdə olduğunu göstərmişdir: «Cəfəngiyyata qarşı qoyduğumuz konsepsiya qısaca belədir: Miladdan qabaqkı minilliklərdə Cənubi Azərbaycan ərazisində yaşamış kutilər, lullubilər və kaslar türk mənşəli etnoslar idilər. Onların birbaşa varisləri miladdan qabaq birinci minilliyin əvvəllərində Manna və Maday adları ilə tarix səhnəsinə çıxmışlar. Manna və Midiya ərazilərindən mə’lum olan toponimlərin və şəxs adlarının əksəriyyətinin türkcə olması mannaların və madayların türkmənşəli olmalarına şübhə yeri qoymur. Midiya ərazisində iranlaşma prosesi yox, türkmənşəli Atropatena xalqının təşəkkülü prosesi getmişdir». (6; 40)
Türk alimi prof. Osman Nədim Tuna da təqribən eyni qənaətdə olmuş, Şumer və türk dillərinin müqayisəli tədqiqinə həsr etdiyi əsərində xeyli miqdarda şumer-türk leksik uyğunluqları müəyyənləşdirərək belə bir nəticəyə gəlmişdir ki, «...qədim türk etnosları e.ə. IV minilliyin ortalarında Ön Asiyada (Şərqi Anadoluda) yaşayırdılar və o zaman türk dilləri şərq və qərb qollarına ayrılmışdı. Çox güman ki, bu hal prototürklərin şərqə doğru hərəkəti ilə bağlı olmuşdur.»(14; 78)
Türk etnoslarının eramızdan bir neçə min il əvvəl bütün qərbə yayıldığını, onların yunan-latın mədəniyyətinin inkişafında böyük rol oynadığını başqa tədqiqatçılar da göstərmişlər. Türk alimi Adile Aydanın fikrincə, eradan əvvəl III minillikdən II minilliyin sonlarına qədər İtaliyanın şimalında, indiki Yunanıstan və Qərbi Anadolu ərazilərində məskən salmış, böyük incəsənət abidələri qoyub getmiş, yunanların və latınların sonrakı mədəni yüksəlişinə güclü tə’sir etmiş etrusklar - tursakalar türk sakaları olub, iki türk tayfasının (turlar və sakaların) qovuşması əsasında təşəkkül tapmış, tarixdə böyük iz qoymuş türk etnosları idilər. (5; 1-11) Etrusk dilinin Hind-Avropa dilləri ilə qohumluğunun elm aləmində qəbul edilməməsi və etruskların şərqdən gəlmə olduqları barədə fikirlər (15; 113) də uzun araşdırmalardan sonra yuxarıdakı qənaətə gəlmiş Aydanın fikirlərini təsdiq edir.
Tədqiqatçıların ortaya çıxardıqları faktlar Altay nəzəriyyəsi ilə bağlı bə’zi müddəaların, xüsusilə Altay dil ailəsinin parçalanması dövrü haqqında fikirlərin düzgün olmadığını üzə çıxarır. Əhalinin etnik tərkibi aydın göstərir ki, e.ə. IV minilliyin azı ortalarından Azərbaycan ərazisində lullu, kuti, su, turukki, kas və s. kimi güclü tayfalar yaşayırdı və bunlar türkdilli idilər. Bu cür faktlar sübut edir ki, «Altay dil ailəsi» deyilən ailə Altay və türk dillərinə, bə’zi alimlərin dediyi kimi, e.ə. I minillikdə deyil, 7-8 min il əvvəl parçalanmışdır.
Kök e’tibarilə Ön Asiyada, Azərbaycan və Şərqi Anadolu ərazilərində təşəkkül tapmış, mezolitdən başlayaraq şərqə, qərbə, şimala yayılmış türk tayfalarının Ön Asiyada qalan hissələri bir-biri ilə yaxın əlaqədə olmuşlar.
Tədqiqatlardan aldığımız təəssürat əsasında bu qənaətə gəlirik ki, Aşağı Azərbaycan ərazilərindəki qədim tayfalar bir-biri ilə qohum olan bir və ya bir neçə tayfanın parçalanması əsasında yaranmışlar. Tayfa adlarındakı yaxınlıq da bu gümanı gücləndirir.
Kutilər qədim dünyanın və qədim Azərbaycanın ən qədim tayfalarından olmaqla bir sıra başqa tayfaların da etnik başlanğıcını təşkil edir.
Y.Yusifov mixi yazılarda kuti sözünün ku şəklində yazıldığını, ku sözünün türk dillərində ‘ağbəniz’, ‘ağımtıl’ mə’nasında işləndiyini, -ti şəkilçisinin qədim türk dillərində cəm şəkilçisi olduğunu qeyd etmişdir.(2; 82)
Ku və ka kökləri güman etməyə əsas verir ki, kutilərlə kaslar kök e’tibarilə bir olmuş, bir tayfanın parçalanması əsasında yaranmışlar. Onların parçalanma dövrünü mezolitin əvvəllərinə aid etmək olar. Ku-t(i) və ka-s(i) sözlərinin sonundakı t və s səsləri yaxın məxrəcli səslər olduğundan nitq prosesində t və s səslərinə diferensiasiya asan olmuşdur (müqayisə et: slavyan dillərində «tı», türk dillərində «sən» sözü). T səsi cingiltiləşərək d səsinə keçdiyi kimi, s səsi də asanlıqla yaxın məxrəcli ş səsinə keçə bilmişdir: kassi - kaşşu. Qədim ilkin söz köklərinin əsasən CV quruluşunda olduğunu da bilirik (1-ci fəslə bax). B.A.Serebrennikov tərtib etdiyi şəkilçilər cədvəlində təkhecalı sözlərin sonundakı -ş haqqında yazır: «Bu şəkilçilər toplusu mənşəcə cəm şəkilçisi ilə bağlıdır ki, bir vaxtlar türk dillərində geniş yayılmışdı». (65; 3) Deməli, sözün əsli ka-lar mə’nasında ka-si sözüdür və eyni zamanda ku-lar mə’nasında ku-t(i) sözüdür (-it/-ti və -is/-si şəkilçilərinin sinonim cəm şəkilçiləri olması göstərir ki, bunlar vaxtilə bir şəkilçi olmuş və şivə fərqi ilə ayrılmışlar); -ş/-s-nin cəm şəkilçisi olduğunu onun diz, üz, göz... sözlərində daşlaşmış z binarlıq variantı da sübut edir. Qapalı saitlərin ilkin olduğunu nəzərə aldıqda kutilərin daha qədim olduğunu və əslində, ilk dövrlərdə kutilərlə kasların bir tayfa daxilində şivə fərqi ilə (t və s şivələri) fərqləndiklərini güman etmək olur.
Aydın olur ki, kas sözünün İ.Əliyevin qeyd etdiyi yunan mənşəli kassiteros - ‘qalay’ sözü ilə (1; 126) heç bir əlaqəsi yoxdur. Kaslar olanda yunanlar hələ tarix səhnəsinə gəlməmişdi.
Kasların törəmələri böyük tayfalardır. Kaspilər aydın şəkildə kasların bir qoludur (e.ə. IX-IV minilliklərə aid Anau mədəniyyətinin yaradıcıları hesab olunurlar, 13;17). K>x səs keçidi və cəm şəkilçilərinin müxtəlifliyi ilə (kas-pi sözündə -pi, xəz-ər sözündə -ər) xəzərlər də kaslardan ayrılmışlar. Bunlar kasların necə nəhəng bir tayfa olduğunu təsəvvür etməyə imkan verir və heç kəsdə şübhə doğurmur. E.ə.III minillikdə Şimali İtaliya ərazilərində dövlət yaratmış etrusklar - tursakalar da kaslar nəslindəndir və adlarındakı fərq metateza ilə yaranmışdır.
Biz ilk dəfə olaraq belə bir qəti və mühüm inamımızı da qeyd edirik ki, kas sözü eyni zamanda sak sözünün ilkin formasıdır və sak sözü bu sözdən metateza ilə əmələ gəlmişdir. Hələ tursakaların tərkibindəki saklar eradan üç min il əvvəl İtaliya ərazisinə keçməmiş, bu iki addan biri şivə fərqi ilə o birindən fərqlənirmiş. Skif, skolot, işquz, aşquz sözləri isə sak sözünün tələffüz variantları və yəqin ki, sakların tayfa bölümləridir.
Kuti tayfa adından isə sonralar metateza ilə Tuk-(r)i tayfa adı yaranmışdır - Tukriş vilayət və şəhər adları da buradandır. Tuk-ri sözündə kr səslərinin rk yerdəyişməsi ilə türk sözü (Turuk, Turukki) təşəkkül tapmışdır.
V.Henninqin mülahizəsinə görə, kutilər Mərkəzi Asiyaya hərəkət edərkən bu etnonimdə t>ç əvəzlənməsi baş vermiş, kuti sözü kuçi şəklinə düşmüşdür. Kuçilər eyni zamanda toxar adlanırdılar. Toxar sözü tükər/tukər şəklində də oxunmuşdur. Kuçi/toxar/tükər eyni etnonim sayılır. Tox-ar, tük-ər sözlərinin kökü metateza ilə kut-i sözüdür. Y.Yusifov qeyd edir ki, «Eyni zamanda tükər/toxar adı qədim oğuz etnik bölümlərini də bildirirdi» və «...quz/oğuz türk tayfa adı kuti adının dəyişilmiş fonetik forması kimi» izah edilmişdir. (2;82) Və yenə yazır: «Adı çəkilən tədqiqatçılar (T.Qamkrelidze, V.İvanov - Q.K.) toxarlara şamil edilmiş türk mənşəli tukri adını Diyala çayının yuxarı axarında yerləşdirilən Tukriş ölkə adı ilə eyniləşdirirlər. Buna oxşar Tikriş şəhər adı Mannanın ərazisində də yad edilmişdir. E.ə.III minilliyin sonunda Tukrişdə Arisen adlı hökmdar hakimiyyətdə olmuşdur. Türk dilləri baxımından Arisen «cəsur adam», yaxud «nəcib adam» mə’nasını verir».(2; 82)
Ulu dilə doğru aparılan araşdırmalar göstərir ki, arxa sıra samitləri daha qədimdir. Bu cəhəti əsas götürdükdə də kutilərin qədimliyi və ilkinliyi güman edilə bilər. Ona görə də tuk’rilərin kutilərdən ayrılmış olduğunu daha məntiqi hesab edirik.
Qədim tayfalardan olan sular, subirlər, sabirlər eyniköklü tayfalardır. Şumer - Suber sözlərindəki ş - s keçidindən aydın görünür ki, bunlar (şumerlər və suberlər) eyni tayfanın bölümləri olmuşlar. Suberlər tarixən kutilərdən ayrılmışlar - kutilərin sulu ərazilərdə yaşayan hissəsi belə adlanmışdır. Lullular isə suların ‘lu-lu’ sözünü çox işlədən bir bölümüdür. Elamların, hurrilərin şərqdə, qərbdə, şimalda analoqları müşahidə olunmamışdır.
Xüsusi qeyd etməyi lazım bilirik ki, sonralar tarix səhnəsində görünən, 1-ci minilliyin ortalarında Azərbaycana gələn suvarlar/sabirlər/savarlar subirlərin nəslindəndir. Aydın olur ki, savarlar hunların tərkibində qərbə hərəkət edərək Azərbaycana gəlməzdən 3 min il əvvəl Azərbaycanda onların əcdadları yaşamışdır. Bu, miqrasiyanın ilkin istiqamətini müəyyənləşdirmək baxımından da faydalıdır.
Qeyd etdiklərimizdən bir daha belə bir nəticəyə gəlirik ki, türklərin «Altaydan çıxma» olması barədə fikirlər tam yanlışdır. Türklərin ilkin miqrasiya mərkəzi Ön Asiya olmuşdur, yə’ni miqrasiyalar buradan başlamış, türklər gündoğana, günbatana buradan yayılmışlar; tarixini bildiyimiz Şərqdən Qərbə miqrasiyalar sonrakı əks miqrasiyalardır. Bizim bütün mövcud fikirlərimiz bu möhkəm və inamlı ideya üzərində köklənmişdir.
-------------------------
*Türk xaqanlığının təqdirəlayiq tədqiqi ilə məşğul olmuş Lev Qumilyovun bu məqamda bir sıra başqa müddəaları ilə razılaşmaq qeyri-mümkündür. “Çinlilər Aşina xanlarının təbəələrini Tu-kyu adlandırırdılar. Bu söz Pelyo tərəfindən “türküt”- yə’ni “türklər” kimi uğurlu şəkildə açılmışdır. Lakin sözün sonundakı çoxluq bildirən şəkilçi türk deyil, monqol mənşəlidir. Qədim türk dilində bütün siyasi terminlər monqol cəm şəkilçisi ilə yaranırdı. Bu isə güman etməyə əsas verir ki, həmin sözlər türk dil mühitinə kənardan gətirilirdi”.(64; 31) “Həmin tayfa birləşməsi ilkin dilinin necəliyindən asılı olmayaraq V əsrdə o, tarix səhnəsinə qədəm qoyanda dövrün tayfalararası ünsiyyət vasitəsi olan syanbi - yə’ni qədim monqol dili tayfaların hamısı üçün anlaşıqlı idi. Bu dildə Aşina nəsli 439-cu ildə Qobinin şimal həndəvərinə köçmüşdü”.(64;31) Türküt sözünün sonundakı şəkilçinin (-üt) monqol dilinə məxsus olması barədə müəllifin fikri doğru deyil. Bu şəkilçi ulu dildən gələn, türk, monqol, sami dillərində eyni hüquqla işlənən şəkilçi olmuşdur (“Qrammatik xüsusiyyətlər”ə bax). Monqol dilinin türklər üçün ümumanlaşma vasitəsi olması barədə fikir heç ağlabatan deyil. Türklər monqollardan deyil, monqollar türklərdən təcrid olunmuşlar. Həm də Ön Asiyadan ayrılıb gedən türklərdən təcrid olunmuşlar. Ona görə də Ön Asiyada monqol tayfa izinə təsadüf edilmir. Monqolların azsaylı olması da bunu təsdiq edir. O başqa məsələdir ki, o dövrlərdə türklər və monqollar bir-birini daha asan başa düşə bilirdilər. Müəllif Aşina tayfasının ilkin türk dilinə də şübhə ilə baxır. Lakin onların abidələri göstərir ki, bu dil qonşulardan mənimsənilmiş dil deyil, minilliklər ərzində təşəkkül tapmış, cilalanmış köklü bir dildir. Bu cəhətdən aşağıdakı fikir daha əsassızdır: “Aşinanın adı ilə birləşən həmin “beş yüz ailə” mənşəyindən asılı olmayaraq hərbi müvəffəqiyyətin dəyişkənliyi onları Çindən Altaya atana qədər öz aralarında monqol dilində danışırdılar. Lakin türkdilli mühitdə yüz il qalmaları, təbiidir ki, danışıq dilinin tezliklə dəyişməsinə gətirib çıxarmalı idi... Güman ki, VI əsrin ortalarına doğru Aşina nəslinin üzvləri tamamilə türkləşmiş, monqoldilliliyinin əlamətlərini yalnız özləri ilə gətirdikləri titullar sistemində saxlamışdılar”.(64; 34) Altay türkün ilkin beşiyi sayılmaqla alimləri elə tilsimləmişdir ki, az qala Altaya düşən yəhudinin də dərhal türkləşdiyini güman edirlər. Müəllif bu sözləri deyərkən düşünmür ki, Aşina nəslinin tabe olduğu, Muğan titulunu daşıyan knyazın camaatı kim idi və bu titulu haradan qazanmışlar. Müəllifin türk dil mühitinin Altaydan qərbə yayılmaqda olduğunu iddia etməsi uzaq keçmişi nəzərə almamağın nəticəsidir. Qeyd etməliyik ki, Qumilyov V-VIII əsr türklərini tədqiq etməklə türk tarixinə böyük xidmət göstərmiş olsa da, onun bir çox mülahizələrini qətiyyən olduğu kimi qəbul etmək olmaz.
------------------------
Başlanğıcdan türklərin qərbdən şərqə hərəkətini əsaslı hesab etməklə yanaşı, mühüm bir mülahizənin də üzərində dururuq. Türklər şərqə hərəkət edərkən əksərən öz sevimli toponim və etnonimlərini də aparmışlar. Çox maraqlıdır ki, Amur çayının bir qolu Kür, digər qolu Urmu adlanır. Keçmiş Meğri rayonu ərazisindəki Nüvədi kəndi yaxınlığında Sələnc çayı, Orta Asiyada Selenqa çayı vardır. Deməli, bir vaxtlar Urmiya gölündən Kürün sağ və sol sahillərinə qədər yayılmış türklər neçə min il əvvəl parçalanıb uzaq gündoğana yollanarkən öz əziz çaylarının, göllərinin, dağlarının, yaşayış yerlərinin adlarını da aparmışlar. Kaşğar sözünün əsasında kas (kaşşu) tayfa adı durur. Mannanın Allabria vilayətində dağ adı kimi işlənmiş Kaşyar sözü y>ğ keçidi ilə Kaşğar dağ adının etimon formasıdır.(7; 343) Bu dağ da kasların adı ilə bağlıdır. Kaslar Ön Asiyada azı on min il əvvəldən mövcud olmuşlar. Deməli, Kaşğar türklərinin kökündə kas tayfası durur. Kaşğarın böyük adamı, nəhəng türkoloq Mahmud Kaşğari Kaşğarın Azıx kəndində doğulmuşdur. (61; 35) 10 böyük arxeoloji təbəqədən ibarət olan Azıx mağarası - qədim insan məskəni burada, Azıx kəndi oradadır. Heç şübhəsiz, mağaranın adı ilkindir. Deməli, Kaşğarın əsas əhalisi geniş mə’nada bizim Azıxdan çıxmışdır. Belə deməyə tam əsas vardır ki, Altay sözünün özünü də türklər buradan aparmışlar. Şumer zamanında işlədilən Aratta sözü bir qədər sonra Ön Asiya mənbələrində Alateye şəklində xatırlanır. (2; 67) Bu əsasla demək olar ki, Ön Asiyadan türklərin Altay adlandırdıqları əraziyə köçü e.ə. IV-III minilliklərdən gec olmamışdır.
Aşina tayfası haqqında başqa bir maraqlı əfsanə də vardır: «Beləliklə, bu əfsanəyə görə, Altay türkləri-tukyular (türkütlər) mənşəcə Qərb hunlarından törəmişlər, lakin mənşə birliyi birbaşa deyil, mistik xarakterdədir, ana qurdun iştirakı ilə baş verib». (64; 32) «Qərb hunları» dedikdə kimlər nəzərdə tutulur? L.Qumilyov bu «qərb hunları»nın 468-ci ildə məhv edildiyini göstərir.(64; 32) Lakin bizim fikrimizcə, «qərb» Qumilyovun düşündüyü qədər yaxın qərb deyil, bütövlükdə Asiyanın qərbidir - Ön Asiya əraziləridir və bu əfsanə Aşina tayfasının mənsub olduğu əhalinin çox uzaq keçmişdə qərbdən ayrılmış olduğuna işarədir.
L.Qumilyov göstərir ki, azlıq təşkil edən «beş yüz Aşina ailəsi» Şimali Çində Xuanxe və Nanşan çayları arasında yerləşən Xesi hakiminə, Hun knyazı Muğana tabe idilər.(64; 31) Muğan titul bildirən söz idi və qeyd edilən hun knyazları daim bu titulu daşıyırdılar. Xesi hakimi Qara İssık xan öldükdə, onun kiçik qardaşı Kuşu yenə Muğan xan titulu ilə hakimiyyətə çıxır*.(64; 38) Bunlar VI əsrin ortalarına aid hadisələrdir. Oxucu bilir ki, mağlar və bizim Muğan bundan azı 2000 il əvvəldən tarix səhnəsindədir. Deməli, hun adı ilə tanınan bu tayfa da öz adını Mərkəzi Asiyada deyil, Ön Asiyada qazanmış, öz titullarını da oradan gətirmişlər.
Biz Ön Asiyada türkün qədimliyindən danışarkən türk sözünün qədimliyini deyil, sonralar ümumi şəkildə «türk» adlandırılan tayfaların qədimliyini nəzərdə tuturuq. Qədim qaynaqlar türk tayfalarını turukki, su, lullu, kuti, mannalı və s. kimi müxtəlif adlarla tarixə həkk etmişdir. Əslində, ‘türk’ etnoniminin özü də az tarixə malik deyil. Lev Qumilyov bu sözü Aşina tayfası ilə bağlayaraq yazmışdır: «Türk» sözünün taleyi tədqiqatımız üçün o qədər əhəmiyyətli və vacibdir ki, onunla bağlı süjetə xüsusi diqqət yetirmək lazımdır. 1500 il ərzində «türk» sözü bir neçə dəfə mə’nasını dəyişib. Göründüyü kimi, türk adı altında V əsrdə knyaz Aşinanın ətrafında birləşən, VI-VIII əsrlərdə isə xalq kimi formalaşan və türk dilində danışan orda nəzərdə tutulurdu. Lakin eyni dildə danışan qonşu xalqlar qətiyyən türk hesab olunmurdu. Ərəblər dillərini nəzərə almadan Orta və Mərkəzi Asiyanın bütün köçəri tayfalarını türk adlandırırdılar.»(64; 33)
Bu cür fikirlərə baxmayaraq, türk sözü birdən-birə 1500 il əvvəl meydana çıxmamışdır. Y.B.Yusifovun fikrincə, e.ə.III minilliyə dair hadisələrdə qeydə alınmış turukki sözü «türk» etnoniminin qədim forması idi, «...lullubi, kuti, mannalı və s. isə onlara verilmiş kənar adlar olmuşlar. Kənar adların özü də eyni dilli tayfalar arasında yarana bilərdi.»(2;238)
Turukkilərin e.ə.III minillikdən ictimai arenada olduğu mə’lumdur. Mərkəzi Asiyada bu sözün V əsrdə meydana çıxmasının türklərin tarix e’tibarilə qədimliyinə dəxli yoxdur. «Türk sözünün V əsrdə kütləviləşməsi heç də bu adı daşıyan xalqın qədimliyini, yə’ni qədim bir tarixə, mədəniyyətə malik olduğunu inkar etmir. Əksinə, hələ tarixdə «türk» sözü və onu özündə ehtiva edən digər etnonimlər olmadığı vaxtda belə türk mənşəli xalqlar yaşamış və bəşər sivilizasiyasına öz töhfələrini vermişlər». (4; 49) Türk sözünün bir də üç min il sonra Orta Asiyada meydana çıxması bir daha göstərir ki, Xəzərin şərq sahillərinə türklər Ön Asiyadan yayılmışlar. Lakin uzun müddət yazı əlaqələri kəsilmiş olduğundan türk etnonimi sanki qəflətən meydana çıxmışdır və sanki bunun turukki sözü ilə heç bir əlaqəsi yox imiş. Əslində isə bizim birinci minilliyin ortalarında daha böyük siyasi arenaya çıxan türk sözü həmin qədim ‘turukki’nin səlisləşmiş sonrakı formasıdır. Əgər e.ə.V əsrə aid Alma-Ata yaxınlığındakı Esik qəsəbəsində aşkar edilmiş (16; 47) kurqanda altun geyimli türkün iki sətir yox, bir qədər geniş yazısı tapılsa idi, bu əlaqə heç bir şübhə doğurmazdı.
Alimlər türk sözünün etimoloji izahı ilə əlaqədar da fərqli fikirlər söyləmişlər. R.Özdək yazır: «Türk kəlməsi ən qədim zamanlarda «Tərük» şəklində söylənirdi. Bir zamanlar «Türük», ən sonda isə «Türk» şəklini almışdır... güc-qüvvət anlamına deyilirdi».(16; 25) Türk sözünü qəbilə başçısının adı ilə bağlayan F.Zeynalov isə bu sözü etimoloji cəhətdən ‘güclü’, ‘qüvvətli’, ‘yürümək’ mə’nalarında izah etmişdir. B.Atalayın fikrincə də bu söz ‘igid’, ‘gənc’, ‘dəliqanlı’ mə’nasındadır. V.Tomsen və V.Bartold da eyni fikirdə olmuşlar (türk, yaxud turuk şəkillərində, ‘güc’, ‘qüvvət’, ‘qala’ mə’nasında); Lev Qumilyov da ‘möhkəm’, ‘güclü’, ‘qüvvətli’ mə’nasında izah etmişdir; bə’zən Nuhun oğlanlarından birinin adı ilə bağlı olduğu göstərilmişdir (M.Kaşğari). B.Atalay bu fikri rədd edərək yazmışdır: «Bu deyilənlər (Nuhun oğlunun adı ilə bağlı olması - Q.K.) əsassızdır, heç bir elmi əhəmiyyəti yoxdur, büsbütün uydurmadır. Əfsanə də deyil, yalandır. Çünki şərqlilərin hər bir millətinin kökünü Nuha və Nuhun oğlanlarına aparıb çıxarmaları əsassızdır». Çin mənbələrinə görə, teu-kiue - ‘dəbilqə’ deməkdir. Ə.Fərzəli türk sözünü dəmirçilik peşəsi ilə əlaqələndirmişdir. Vamberi və Munikaçsuya bu kəlməni ‘törəmək’ fe’li ilə bağlamışdır. Altay Məmmədovun fikrincə, turuk - ‘duranlar’ deməkdir. (bax:4; 42-49)
Belə bir fikir də söyləmək olar ki, türk sözü to, do sözü ilə bağlı olub, ‘törəmək’, ‘doğmaq’, ‘yayılmaq’ mə’nasındadır; ulu dilin daşıyıcıları do, to sözlərini konkret ‘doğmaq’, ‘törəmək’ mə’nasında deyil (bu mə’na ilə yanaşı), ‘ayrılmaq’, ‘yayılmaq’, ‘əvvəlki yerini tərk etmək’ mə’nasında da işlətmişlər və bu cəhətdən türk sözü ilə tərk (tərik - tərk etmək, tərik düşmək) sözləri bir kökdəndir. Türklərin sür’ətlə doğub-törəməsi, sür’ətlə çoxalması və öz yurdlarını tərk edərək ekvator boyunca yayılması bu adın onların xarakterinə uyğun olduğunu və qonşu tayfalar tərəfindən verildiyini güman etməyə əsas verir. Ç.Qaraşarlı etrusk dilindəki «bağatur» sözündən danışarkən yazır: «Etrusk dil faktı qədim türk dilindəki «bağatur» titulunun qaranlıq və mübahisəli mənşəyini açmağa imkan verir. Belə ki «bağatur» titulu da qədim türk dilindəki «bağa» və türk dillərində də «nəsil», «doğmaq» mə’nalarını ifadə edən «tur» sözündən ibarət olub, eynilə «bağa övladı», «bağa nəsli» kimi mə’na ifadə edir («tur» sözü «turun» - nəsl, törəmə şəklində Azərbaycan dialektlərində işlənməkdədir)». (56; 91)
Faktlar göstərir ki, türklər hələ ibtidai-icma quruluşunun dağılmadığı zamanlardan Yer üzünə yayılmağa başlamışlar. Lakin onlar heç vaxt bütövlükdə öz ilkin vətənlərini (Ön Asiyanı, Azərbaycan ərazilərini) tərk etməmişlər. Müasir dövrdə hansı ərazilərdə yerləşmişlərsə, 4 min, 5 min il əvvəl də əsasən həmin ərazilərdə yaşamış, öz dövlətlərini yaratmış, öz ərazilərini qorumuşlar. İkiçayarasına da Azərbaycan dağlarından enmişlər. Çaylar arasında sıxışdırıldıqda bir qismi yenidən öz vətənlərinə (Azərbaycan ərazilərinə) dönmüşdür. Kərkük azəriləri, ərbillilər onların nəsli davamıdır. Ana yurdlarında onlar gah başqalarını öz imperiyalarına qatmış, gah da başqa imperiyalar tərkibində yaşamalı olmuşlar. Bir sıra tarixçilərin iddia etdiklərinin əksinə olaraq, heç vaxt etnik simalarını, öz dillərini itirməmiş, öz yurdlarında əbədi qərar tutmuş, daim artıb-çoxalmışlar.
Əgər qeyd edilən tayfalar müəyyən sabit ərazilərdə yaşamış, müəyyən dövlət sərhədləri daxilində mövcud olmuşlarsa (buna şübhə yoxdur), deməli, e.ə.III-II minilliklərdə tədricən bir xalq kimi birləşməyə, xüsusiləşməyə başlamışlar. Ona görə də bu tayfaların dillərini e.ə.III minillikdən prototürk yox, protoazərbaycan dili hesab etmək daha doğru olar.
Beləliklə, e.ə. IV minilliyin ortalarından protoazərbaycan dili dövrü başlanır. Azərbaycan ərazisində yaşayan türk tayfalarının dili yerli keyfiyyətlər qazanır, yerli toponim, etnonim və antroponimlər yaranır, dil (tayfa dilləri) tədricən şərqə hərəkət edən türk tayfa dillərindən ayrılma, gələcək vahid Azərbaycan dilinin əcdadı kimi təşəkkül tapma istiqamətində inkişaf edir. Bu dövr e.ə. I minilliyin ortalarına qədər davam etmişdir.
Dostları ilə paylaş: |