www.elmler.net
-
Virtual İnternet R
esurs M
ərkəzi
Faiq Ələkbərov Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış (II hissə)
61
mahiyyətinə dərindən nüfuz etsək görərik ki, İslam dini bir
ölkədə yaşayan müxtəlif etnosları birləşdirən amil təsiri bağışlasa
da, o son nəticə olaraq dövlətin işlərinə qarışanda vəziyyət
tamamilə başqa rəng ala bilər. Necə ki, əsrlər boyu dinin dövlət
üzərində nüfuz etdiyi dövrlərdə həmişə ciddi problemlər
yaşanmışdı. Yəni bu zaman istər-istəməz din xadimləri İslam
dininin nüfuzundan istifadə edərək dövlətin siyasi-ideoloji
həyatında aparıcı mövqeyə sahib olmuşlar. Hətta, orta əsr bir sıra
müsəlman və xristian dövlətlərində hakimiyyət başçıları istəmə-
dikləri halda, din xadimlərinin təzyiqi ilə bir sıra ağılasığmaz
qərarlar qəbul etməyə məcbur olmuşlar. Özəlliklə də, bu,
dünyəvi elmləri təbliğ və müdafiə edən alimlər üçün faciəli
aqibətlə nəticələnmişdir.
Ona görə də əvvəlcə xristian, daha sonra bir çox
müsəlman ölkələri dini dövlət siyasətindən ayırmaq qərarı
vermişlər. Bu mərhələ Avropa da daha uğurla və sürətlə həyata
keçdiyi halda, müsəlman dünyasında bu proses həm uğursuz,
həm də ləng şəkildə getmişdir. Çox təəssüf ki, bu gün də
müsəlman dünyası həmin məsələlərdə böhran yaşamaqdadır.
Hətta, işin maraqlı tərəfi odur ki, dini dövlətdən ayırmış bəzi
müsəlman ölkələrində əks proses getməkdədir. Yəni bəzi
müsəlman ölkələrində dinlə dövlətin bir araya gəlməsi istisna
olunmur.
Hər halda, bu bir faktdır ki, müsəlman-türk dünyasında
ilk dəfə dini dövlətdən ayıran Azərbaycan Cümhuriyyəti (1918-
1920) olmuşdur. Özü də həmin dövrdə Azərbaycan
Cümhuriyyətinin başçıları bu siyasəti çox uğurla həyata
keçirmişlər. Yəni onlar milli ideya kimi bir tərəfdən türkçülüyə
öncüllük vermiş, digər tərəfdən islamçılığı dini-əxlaqi dəyər kimi
gənc dövlətin əsas sütunlarından biri olaraq qəbul etmişlər.
|