Manaf süleymanov



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə11/17
tarix06.06.2020
ölçüsü2,43 Mb.
#31627
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
KY0000435

Türklər Bakıda. Avqust ayının axırına yaxın, türk qoşunları Lökbatan 
ətrafında  ingilis  əsgərlərinə  hər  tərəfdən  hücum  edir,  eyni  vaxtda  Binəqədi 
cəbhəsinə də irəliləyirdilər. 
İngilislər  eser-daşnak  hissələrinə  yardım  məqsədilə  Şimali  Stafford 
alayının bir bölüyünü Binəqədiyə göndərirlər. Lakin bu bölük cəbhədə bir nəfər 
də olsa eser-daşnak soldatı tapmır, təpələri tutmaqda olan iki yüz nəfərlik türk 
əsgərlərilə qanlı vuruşa başlayır və məğlub olur. Lökbatan ətrafındakı şiddətli, 
qanlı vuruşda türklər ingilislərə qalib gəlirlər. İngilis əsgərləri cəbhəni tərk edib 
zor-bəla ilə özlərini şəhər kənarına çatdırırlar, Məğlubiyyəti əhalidən gizlədib, 
ört-basdır  etmək  məqsədilə  ehtiyatdakı      bir     dəstə      ingilis      əsgərini      şəhər 
küçələrində qələbə şərqiləri  oxutdura-oxutdura  gəzdirirlər. 
İngilislərin  vuruşu  uduzduqlarını,  eser-daşnakların  cəbhədən 
qaçdıqlarını  türk  qoşunlarının  Bakının  kənarına  çatıb  onu  üzük  qaşı  təki 
mühasirəyə aldıqlarını şəhərdə bilməyən yox idi. 
Təkcə  hərbi  mütəxəssislər  yox,  az-çox  ağlı  kəsən  hər  adam  Osmanlı 
ordusunun  artıq  şəhəri  tutduğunu  başa  düşür,  «Sentrokaspi  diktaturası»nın 
saatlarının sayıldığını anlayırdı. 
Vəziyyəti  müəyyənləşdirmək  üçün  ingilis  generalı  Lyu  Bağdaddan 
təcili  Bakıya  gəlir.  Deyilənlərə  görə  o,  xəritədə  bir  yeri  göstərib  soruşur:  «Bu 
məntəqə  kimin  əlindədir?»  Qərargah  zabiti  göstərilən  nöqtəyə  baxıb  deyir: 
downloaded from KitabYurdu.org

156 
 
«Maştağa, cənab general, türklərin əlindədir»: «Müharibə uduzulub» deyə Lyu 
qaş-qabağını tökür. 
Avqustun  31-də  türklər  təzədən  hücuma  keçib  ingilis  qoşunlarını 
darmadağın edirlər. 
Birinci  dünya  müharibəsində  fərqlənmiş  hər  iki  ingilis  generalı 
Denstervil və Lyu zabitlərlə bərabər toz, tüstü içərisində, türklərin atəşi altında 
şəhər kənarını bir də gəzib qərara gəldilər ki, döyüş uduzulub. 
General  Denstervilin  süngüləri  üzərində  qurulmuş  «Sentrokaspi 
diktaturası»  qırx  dörd  gün  və  qırx  beş  gecə  ömür  sürəndən  sonra  siyasət 
səhnəsini biabırçılıqla tərk edir. 
Nuru  paşanın  komandası  altındakı  Türk  islam  Qafqaz  ordusu  şəhəri 
bombardman edirdi. 
İngilislər hələ neçə gün əvvəl bankları, şəhərin var-sərvətini qarət edib 
gəmilərə  daşıyaraq  İrana  göndərmişdilər.  İndi  mədən,  zavod  cihazlarını  və 
avadanlığı  aparırdılar.  Hündür,  yekə  şotland  qatırlarını  və  atları  yükləməyə 
gəmilərdə yer yox idi. Düşmənə qənimət qalmasın deyə İmamverdi körpüsünün 
yaxınlığında,  Bəhriyyə  məktəbi  qabağındakı  meydanda  ingilis  zabitləri 
heyvanları güllələməyə başlayırlar. Adamlar kənarda dayanıb, ürək ağrısı ilə bu 
vəhşiliyə  baxırdı.  Dəhşətə  gəlib  ağlayanlar  da  vardı.  Ölümü  sövqi-təbii  duyan 
qatır  və  atların  da  gözlərindən  yaş  axırdı,  aman,  imdad  istəyirmiş  kimi  elə 
kişnəyir, elə  əsirdilər ki,  adam dəhşətə  gəlirdi.  Atların arasında  üç-dörd  yaşar 
bir  kürən  diqqəti  xüsusilə  cəlb  edirdi.  Cavan  bir  oğlan  qabağa  cumub  ingilis 
zabitinə yalvarmağa başladı ki, bu atı öldürmə, ver mənə. Zabit yanındakı daha 
yüksək  rütbəli  zabitlə  öz  dillərində  xə  danışdısa,  ikisi  də  birdən  güldü  və 
yalınqat kürən atın yüyənini oğlana uzatdı. O da hoppanıb atın belinə mindi. At 
götürüldü. Zabitlər bir-birinə təəccüblə baxıb, nə isə danışdılar... 
Oğlan  atı  hər  gün  dəniz  kənarına  aparıb  yuyurdu.  Türklər  şəhəri 
tutandan  sonra  bir  dəfə  dənizdən  qayıdanda,  türk  zabiti  qabağını  kəsib  deyir: 
«Yavrum,  en  görəyim!  Bakalım,  şu  yabı  nə  biçim  şey.  Yarın  öylə  vaxtı, 
babanla bərabər komendantlığa gələrsiz». 
Nə komendantlığa getdilər, nə də oğlan o atı, sevdiyi kürəni bir daha 
görə bildi. 
Nuru  paşa  və  Mürsəl  paşa  son  hücum  planı  əsasında  qoşuna  «irəli!» 
əmrini  vermişdilər.  Sentyabrın  14-də  səhər  toranlığında  topların  atəşindən 
bütün şəhər lərzəyə gəlmişdi. 
İngilislərin  Şimali  Stafford  bölmələri  geri  çəkilməyə  məcbur 
olduğundan  cəbhənin  mərkəzi  xətti  də  artıq  türklərin  əlində  idi.  Türklərin 
atdıqları  top  güllələrindən  dəniz  qaynayır,  ləpələr  şahə  qalxırdı.  «Prezident 
Kryuqer» gəmisi tez-tez yerini dəyişirdi. 
Küçələrdə dolaşmaq xata idi. Heç kəs çölə çıxmırdı. 
downloaded from KitabYurdu.org

157 
 
İrana  və  Türküstana  qaçan  dövlətli  erməni  ailələrinin  sayı  axırıncı 
həftədə  qat-qat  artmışdı,  adambaşı  biletin  də  dəyəri  ağla  gəlməyən  dərəcədə 
bahalanmışdı. 
«Sentrokaspi  diktaturası»nın  menşevik,  eser,  daşnak  qüvvələri 
Qaraşəhər  və  Ağşəhər  körpülərinə  doluşub,  canlarını  götürüb  qaçmaq  üçün 
gəmilərə, barjlara,  katerlərə,  barkazlara  və  hətta  xırda  qayıqlara minməyə 
tələsirdilər. 
Matroslar  gəmilərin  göyərtəsində  pulemyot  qurub,  ancaq  çoxlu  qızıl 
pul  verənləri  gəmiyə  buraxırdılar.  İnad  göstərənləri  tüfəng  qundağı  ilə  vurub 
dənizə salırdılar... 
İngilislər  gecə  qaranlığında  gəmilərdə  işıqları  söndürüb  şəhərdən 
uzaqlaşmışdılar. Durbinlə baş verən hadisələrə tamaşa edirdilər. İxtiyarlarında 
olan iki hidroplanı hücuma göndərmişdilər. 
Türklər  hər  iki  təyyarəni  (hidroplan)  vurub  şəhərin  kənarına, 
qəbiristanlığa saldılar. 
İngilis generalı Denstervilin sonralar xatirələrində  yazdığına  görə, üç 
minlik  türk  ordusu  hücumə  keçəndə,  şəhərdə  və  cəbhədə  30  mindən  çox 
menşevik, eser, daşnak əsgəri varmış. 
Bu  qoşunlar  Bakını  tərk  edəndən  əvvəl  bankları,  mağazaları, 
müsəlman 
dövlətlilərinin 
evlərini, 
anbarlarını  qarət  edib  gəmilərə 
yükləmişdilər.  Sentyabrın  14-də  küçələrdə  xüsusi  silahlı  gözətçilər 
qoymuşdular  ki,  «şübhəli»  adamları  güllələsinlər.  Küçəyə,  dama,  balkona 
çıxmağı, pəncərələri açmağı qadağan etmişdilər. 
Bir  qrup  silahlı  fəhlə  çətinliklə  komissarları  «Bayıl»  həbsxanasından 
azad edir və şəhərdən köçürmək üçün əvvəldən hazırlanmış «Sevan» gəmisinə 
aparırlar. 
«Sevan» gəmisi isə dayandığı yerdən yoxa çıxır; nə qədər axtarırlarsa 
o  həndəvərdə  tapa  bilmirlər.  Öyrənirlər  ki,  «Sentrokaspi»  «Sevan»ı  zəbt  edib 
aparıb. 
Yeganə ümid ona qalır ki, şəhərə gəlib hardasa gizlənsinlər. 
Yola  düşürlər.  Türklər  Bayıl  küçələrində  atışırdılar,  pulemyotdan  və 
tüfənglərdən  açılan  atəşdən  qulaq  batırdı.  Güllələr  qaçanların  başları  üstündə 
uçurdu;  binaların,  hasarların  dalında  gizlənə-gizlənə,  yıxıla-yıxıla  qorunub 
qaçırdılar. Şəhərin sahil küçəsinə çatanda gəmilərə tələsən bir dəstə adama rast 
gəlirlər.  Tatevos  Əmirov  da  atın  üstündə  onların  arasında  olur.  O,  Şaumyanı 
görəndə  bərk  sevinir  və  deyir:  «Türkmən»  gəmisi  mənim  sərəncamımdadır. 
Minin bizimlə gəmiyə. 
Göydən  yağan  top,  pulemyot  güllələri  və  mərmilər  dənizi  hədəf 
götürür, barkaz və gəmilərdə yanğın başlayırdı. Bulvarda çoxlu qaçqın vardı... 
downloaded from KitabYurdu.org

158 
 
Komissarlar  qaçqın  və  soldatla  dolu  «Türkmən»  gəmisinə  minirlər. 
Əmirovun  göstərişilə  komissarları  üst  göyərtə  və  kayut  kampaniyada 
yerləşdirirlər. 
«Sevan»  gəmisinin  yoxa  çıxmasında  və  «Türkmən»  gəmisinin 
«təsadüfən  xilas»  kəmərinə  dönməsində  şübhəsiz  ki,  ingilis  barmağı  olmamış 
deyildi;  bu  barmaq  da  komissarları  aparıb  Qızılqum  səhrasına  çıxarmışdı. 
Bütün bunlar bir-birinə möhkəm bənd olmuş, uzun zəncirin ayrı-ayrı halqaları 
idi. 
Bu  nəticəni  Anastas  Mikoyan  1971-ci  ildə  Moskvada  «Siyasi   
ədəbiyyat»   nəşriyyatı     tərəfindən   buraxılan Xatirələrim»   əsərində   təsdiq   
edirdi:          «Mindiyimiz  «Türkmən»  gəmisini  Mahaç  Qalaya  gedən 
«Sentrokaspi» karvanından  yayındırıb  Həştərxan     istiqamətinə   yönəltdik; 
lakin  nə  soldatlar,  nə  gəminin  matrosları  və  nə  də  qaçqınlar  ora  getmək 
istəmədilər,  bəhanə  gətirdilər  ki,  Həştərxanda  bərk  aclıqdır.  Sonra  bildik  ki, 
gəlir Denstervil dəstəsindən gəmidə olan iki ingilis zabiti daşnak komandirlərlə 
dilbir  olub  samaatı  bərk  qorxudubdur.  İngilis  zabitlərindən  başqa  gəmidə 
döşünə  «Georgi  xaçı»  taxmış  bir  erməni  də    vardı.  Krasnovodskiyə  çatanda 
yalnız iki ingilis zabiti (onların nə üçün gəmidə olmalarını  başa düşə bilmədik) 
və bir də döşündə «Georgi xaçı» olan erməniyə gəmidən sahilə düşməyə icazə 
verildi;  həmin  erməni  deyirdi  ki,  «Yerli  hökumətə  vasib  məlumat 
çatdırmalıyam». 
...Komissarları həbs edəndə həmən o iki nəfər ingilis zabiti və «Georgi 
xaçı» taxmış erməni yerli məmurlar arasında idilər. 
Türklər günortaya qədər şəhəri top atəşinə tutub, bombardman etdilər. 
Küçələr  artıq  bomboş  idi.  Tək-tək  adam  görünür,  divar  dibi  ilə  qorxa-qorxa 
yeriyir,  tez  də  yoxa  çıxırdı.  Yeri-göyü  titrədən  top  gurultu-partıltıları  şəhərin 
üstündən bir an belə əksilmirdi, əksinə get-gedə şiddətlənirdi. 
Bir müəllim deyirdi ki, bu qanlı faciəyə baxmaq üçün üç yoldaş gedib 
İsabəy Hacınskinin dəniz kənarındakı uca mülkünün damına qalxdıq. Bura hər 
cəhətdən təhlükəsiz idi. Vuruşma gedən yer, bomba tökülən dəniz ovuc içi kimi 
görünürdü.  Müharibə  gözlərimizin  qabağında  gedirdi.  «Sentrokaspi»  əsgərləri 
əllərində  tüfəng  səngərləri  bir-bir  tərk  edir,  yeganə  ümid  yeri  olan  dəniz 
qırağına  qəçırdılar.  Gəmilərin  çoxu  tez-tələsik  körpülərdən  ayrılır,  tüstü 
buraxa-buraxa uzaqlaşırdı. 
Çox  keçmədi  ki,  Çəmbərəkəndinin  üstündəki  qəbiristanlıqda  olan 
səngərlər də boşaldı. Çaxnaşma düşdü. Hərə öz hayında idi. 
...Bəkı  tüstü  və  alov  içindəydi.  Durbinlə  baxdıqda  Qaraşəhər  və 
Ağşəhərdəki  körpülərdə  adamlar  qaynaşırdı.  Dəhşətə      gəlmiş      adamların     
özlərini  suya  atıb  üzə-üzə  barjlara,  qayıqlara  çatmağa  can    atdıqları  aydın 
görünürdü. 
downloaded from KitabYurdu.org

159 
 
Dağın  üstündən  gələn  mərmilər  artıq  körpülərə,  gəmi,  qayıq,  barj  və 
sahil  küçəsinə  düşürdü.  Bir  neçə  gəmidə  yanğın  qopmuşdu,  qara  tüstü  sütun 
təki ucalır, hər tərəfdən alov qalxırdı. 
Sentyabrın  15-də  səhər  saat  9-da  Nuru  Paşanın  Qafqaz  islam  ordusu 
şəhərə daxil oldu. Məscid minarələrindən azan səsi ucalırdı. 
Nuru Paşa «İsmailiyyə» ilə üzbəüz iki mərtəbəli binaya, Mürsəl Paşa 
isə  yenə  həmən  küçədə  vaxtilə  Müzəffərəddin  şah  qonaq  qalmış  mülkə 
düşmüşdülər. 
Quba  (Füzuli)  meydanında,  Quru  bağda  -  Parapetdə,  Vağzal 
qarşısındakı  meydanda,  bulvarda,  Qaraşəhər  körpüsü  qabağında  dar  ağacları 
quruldu.  Hərəsindən  bir  cənazə  sallanırdı.  Cənazənin  taxsırını  iri  hərflərlə 
taxtada  yazıb  dar  ağacına  söykəmişdilər.  Bir  cənazənin  boynuna  qarət  etdiyi 
şalı sarımışdılar. Başqa birisinin zorla aldığı şeyləri dar ağacının yanında yerə 
qoymuşdular.  Hər  kəsin  cəzasını  sübut  edən  əşyayi-dəlil  gəz  qabağında  idi. 
Xəzri  əsdikcə  cənazələr  yellənirdi.  Dar  ağacından  asılanların  arasında  qanunu 
pozmuş türk əsgəri də vardı. Heç kəsə mərhəmət, aman yox idi. 
Əzəmətli şəhər elə bil şahidi olduğu şiddətdən nəfəs almağa qorxurdu. 
Dələduz adamlar, qoçular qaçıb gizlənmişdilər. 
Çörək  baha  idi.  İngilislər  nə  qədər  əmr  verib,  qərar  çıxardıb,  hədə-
qorxu gəldilərsə çörəyin kirvəngəsini 5 manata endirə bilmədilər... 
Türklər  ərzaq  mallarına  nırx  qoydular.  Nırxı  pozanlara  şiddətli  cəza 
verilirdi.  Divarlarda  xüsusi  elan  -  xəbərdarlıq  asılmışdı.  Qanunu  pozanlar 
edamla hədələnirdi. Bir günlük ehtiyacından artıq evində ərzaq tapılan adamlar, 
özünə  aid  olmayan  əşyanı  yerdən  götürənlər,  qarət  edənlər,  zor  işlədənlər  dar 
ağacından  asılacaqdı.  Dükanlarda,  həyət-bacada,  küçələrdə  bir  kəsin  malına, 
var-sərvətinə  əyri  baxan  yox  idi.  Oğurluğun  kökü  kəsilmişdi.  Əliəyrilər, 
peşəkar  oğrular  belə  cürət  edib  başlı-başına  qalmış  qiymətli  şeyləri 
götürmürdülər;  gözucu belə baxmırdılar. İsabəy Hacınskinin evinin qabağında 
içi  bahalı  xəz  palto,  güzgülü,  qədim  bir  şifoner,  ipək  və  yun  paltarla  dolu, 
qapısı azca açıq, səkidə  qalmışdı,  qorxudan  heç  kəs cürət  edib  yaxınlaşmırdı, 
görünür  qarətçilər  macal  tapıb  apara  bilməmişdilər.  İki  gündən  sonra  həmin 
şeyləri  komendaturadan  gəlib  apardılar.  Var-dövlətə  gözucu  belə  baxmırdılar. 
Qonum-qonşu,  ağsaqqallar  gedib  komendantlığa  xəbər  verirdilər  ki, 
küçəmizdəki parça ilə dolu çamadan, qiymətli əşya olan sandıqça, xalça, gəbə, 
xalını  gəlin  aparın,  düşmənçiliklə  bizi  şərə  salarlar,  Bir  çörək  satanın 
müştərilərdən  bir  şahı  artıq  aldığına  görə  qulağını  dükan  qapısına 
mıxlamışdılar.  Şərab  satmaq,  içmək,  tiryək  çəkmək  qadağan  edildi, 
tiryəkxanaları  bağladılar,  sərxoş  və  tiryək  çəkmiş  adamı  tutduqda 
zopalayırdılar. Ən yüngül cəza qırx zopa idi. 
Əliabbas  Müznib  nəql  edirdi  ki,  türklər  Maştağaya  daxil  olan  kimi, 
məni  hərbi  komendantlığa  çağırdılar  və  minbaşı  Tofiqbəyə  katib  təyin  etdilər. 
downloaded from KitabYurdu.org

160 
 
Mənə tapşırdı ki, ona xəbər verməmiş heç kimi kabinetə buraxmayam. Xunxar 
məhəlləli  məşhur  qoçu,  başkəsən  Malbaş  Dadaş  komendantlığa  gəlib,  birbaşa 
zabitin  kabinetinə  yönəldi.  Mən  qabağına  yeriyib  xahiş  etdim  ki,  qoy  özünə 
xəbər  verim,  sonra  gir  içəri.  Malbaş  qışqıra-qışqıra  məni  söydü:  «Görçə...  kəs 
səsini». Bu vaxt Tofiqbəy özü biz olan otağa keçdi: «Yahu, şu nə qeylü-qal?!» 
deyə Malbaşa acıqlandı. Mən fikirləşdim ki, türk zabiti gəldi-gedərdir, Malbaş 
isə  kənddə  qalacaq,  sonra  mənə  divan  tutar.  Vəziyyəti  yüngülləşdirmək 
məqsədilə astadan dedim: «Tofiqbəy, şu zat qoçudur». Tofiqbəy tünd-tünd ona 
baxdı,  dönüb  məndən  təəccüblə  xəbər  aldı:  «Qoçu?  Yahu,  o  nə  biçim  şey?». 
Başa saldım ki, qoçu güclü, qolu zorba adama deyirlər, kimi istəsə, haqq-nahaq 
döyər,  cəza  verər...  Tofiqbəy  əlini  döşünə  vurub  dedi:  «O  bən.  Qoçu  bən». 
Qapıdakı növbətçini çağırdı: «Çavuş əfəndi, ikişər subay səslə». Çavuş bir anda 
iki əsgər çağırdı. Tofiqbəy barmağı ilə Malbaşı onlara göstərib,  əmr etdi:  «Şu 
pəzəvəng  hərifin  sırtına  hərəniz  qırx  zopa  endirərsiniz,  bən  gediyorum, 
varmasam,  bən  qayıdana  qədər  davam  edərsiz».  Çavuş  arxadan  Malbaşı 
qucaqlayaraq quş kimi qaldırdı, otaqdan çıxardı. Malbaş ha vurnuxdu, ha qol-
qıç  atdı,  heç  nə  hasil  olmadı.  Naxır  bulağı  meydanının  ortasında  Malbaşın 
paltarını soyundurub üzüqoylu yerə sərdilər, əsgərlər növbə ilə onu zopalamağa 
başladılar.  Malbaşın      bağırtısı,  yalan  olmasın,  Nardaranda  eşidilirdi.  Huşunu 
itirdi,  qanı  axa-axa  cecimə  uzadıb  evinə  apardılar. Türklər Bakıdan  gedəndən 
bir il sonra da yaralarına təpitmə, məlhəm qoyurdular, yenə sağalmırdı. 
Olqa  Şatunovskaya  yazırdı:  «Xəbər  çıxanda  ki,  Bakı  -  Tiflis  dəmir 
yolu  qaydaya  salınıb  işə  düşəcək.  Lovan  Qoqoberidze  dedi  ki,  birinci  qatarla 
Tiflisə yola düşməliyik, yoxsa burda qalmaq xatadır. 
Getmək  məgər  asan  idi?!  Vağzalda  jandarmlar  və  polis  qarışqa  kimi 
qaynaşırdı. Qoqoberidze sənəd düzəldib gürcü zabiti libası geydi, aradan  çıxdı. 
Suren Ağamirov, mən və Baranov bilet alıb, saxta sənəd düzəltdik ki, 
tələbəyik,  gəldik  vağzala;  çuğullayıb  bizi  ələ  verdilər.  Jandarmlar  bir  anda 
araya  alıb  bizi  tutdular  və  sabiq  qubernator  bağındakı  jandarma  idarəsinə 
gətirib  zirzəmiyə  saldılar.  (İndiki  həkimlər  evi  -  M.  S.)  «Sarı  türk»  ləqəbi 
qoyulmuş  Bəhayəddin  bəy  özü  və  adamları  bizə  olmazın  işgəncə  verib 
Şaumyanın  yerini  öyrənmək  istəyirdilər.  Nə  qədər  dedik  ki,  gəmiyə  oturub 
gedib, inanmadılar. Bizə xəbər çatdı ki, bizi Parapetdə dar ağacından asıb edam 
edəcəklər,  hökm  hazırdır.  Türk  ordusu  baş  komandanı  Nuru  paşa  hökmü 
imzalayıb təsdiq edib. 
Gözlənilmədən  kameraya  bir  neçə  mühafiz  girdi  və  bir  nəfər  mənə 
əmr  etdi  ki,  dur  gedək!  Hara  apardıqları  məlum  deyildi.  Qubernator  bağı  ilə 
üzüyuxarı gedib Nikolayski küçəsindən keçdik və Quberniski küçəsinə çatdıq. 
Mahal  məhkəməsi  bu  küçədə  olduğundan  elə  bildim  ki,  məni  mühakimə 
edəcəklər.  Lakin  belə  olmadı.  Məni  məhkəmə  binası  ilə  üzbəüz  olan  neft 
maqnatı Rotşildin əzəmətli mülkünə saldılar. 
downloaded from KitabYurdu.org

161 
 
Böyük  bir  salona  girəndə  heç  gözləmədiyim  halda  Beybut  Cavanşiri 
gördüm. Təəccüb və heyrətdən özümü itirdim. 
Bu  adam  Stepan  Şaumyanın  uşaqlıq  və  gənclik  dostu  idi.  Bir  yerdə 
böyüyüb,  təlim-tərbiyə  almışdılar.  Təhsili  davam  etdirmək  üçün  bir  yerdə 
Almaniyaya  getmişdilər.  Stepan  fəlsəfə  fakültəsini  bitirib  professional 
inqilabçı,  Cavanşir  isə  mühəndis,  sonra  da  zavod  sahibi,  kapitalist  olmuşdu. 
Lakin  yenə  də  dost  idilər.  Cavanşir  dəfələrlə  Stepanı  həbsdən  buraxdırmışdı, 
ehtiyac  vaxtı  maddi  yardım  göstərmişdi,  inqilabçılara  aid  vacib  sənədləri 
gizlətmişdi. 
Cavanşiri  birinci  dəfə  1918-ci  il  mart  hadisələri  zamanı  görmüşdüm. 
Bizim dəstələr Cavanşir yaşayan mülkü atəşə tutmuşdular. Cavanşir nə yollasa 
Stepana xəbər çatdırmışdı ki, ona kömək etsin. Şaumyan Suren Ağamirovu və 
öz oğlu Sureni köməyə göndərib Cavanşirlə arvadını öz evinə gətizdirmişdi və 
iki  həftə  mənzilində  saxlamışdı.  Mən  və  Suren  Ağamirov  o  vaxtdan  onu 
tanıyırdıq. 
Türklər  Azərbaycanda  «hökumət»  təşkil  edəndə  Beybut  Cavanşiri 
daxili  işlər  naziri  təyin  etmişdilər.  Sabah  bizi  -  məni,  Suren  Ağamirovu  və 
Aleksandr  Baranovu  dar  ağacından  asacaqlarını  daxili  işlər  nazirinə  xəbər 
vermişdilər. O da məni gətizdirmişdi. 
Cavanşiri  görəndə  özümü itirib mat-məəttəl qalmışdım. Məni gətirən 
adamlar otaqdan çıxdılar, kabinetdə ikimiz qaldıq. 
Cavanşir  dedi:  «Oliya,  yaxın  gəl.  Mən  daxili  işlər  naziriyəm.  Mənə 
xəbər  veriblər  ki,  Şaumyan  şəhərdədir,  siz  yerini  demək  istəmirsiz.  Mən  səni 
gətizdirdim  ki, onun adresini  mənə deyəsən. Mən Stepanın dostuyam. O  məni 
ölümdən  xilas  edibdir.  İndi  də  mən  əvəzini  çıxmaq  istəyirəm.  Onu  harda 
tapsalar elə oradaca öldürəcəklər. Ver onun adresini». 
Dedim ki, Şaumyan şəhərdə yoxdur. Səhv eləyirlər. Cavanşir sözümə 
inanmadı, başladı xahiş etməyə, sonra da  yalvarmağa, and içməyə  ki,  Stepanı 
ölümdən  qurtarmaq  istəyir.  Mən  nə  qədər  and  içib,  qəsəm  elədimsə, 
inandırmağa  cəhd  etdimsə  ki,  doğrudan  da  Stepan  gedib,  Bakıda  deyil, 
inanmadı. 
İnad  etdiyimi  görəndə  qəzəblə  qışqırdı:  «Siz  allah  lənətinə  gəlmiş 
fanatiksiz. Stepanı məhv edəcəksiz...» Axırda əlacsız qalıb mühafizi çağırdı və 
qeyzlə bağırdı: «Aparın! Qaytarın həbsxanaya!» 
Özümü elə itirmişdim ki, sabah Nuru paşanın hökmü ilə asılacağımızı 
da ona deyə bilməmişdim. Məni həbsxanaya qaytardılar. 
Axşamüstü  baş  mühafiz  kameraya  girdi.  Bakıdakı  türk  əsgərlərindən 
idi, azmaz rusca öyrənmişdi.  Mənə baxıb təəssüflə dedi:  «Yazıq qızcığaz, heç 
bilirsən ki, sabah...» əlinin işarəsi ilə boynunun dövrəsində ilmək cızdı. Dedim 
ki, bilirəm. Mənə bir salxım üzüm verib getdi. 
downloaded from KitabYurdu.org

162 
 
Bir saatdan sonra  qayıdıb dedi:  «Ey-vah! Yazıq, sabah...» (yenə işarə 
ilə boynunun dövrəsində ilmək cızdı). «Al, bir stəkan şərab iç». 
Üçüncü  dəfə  gələndə  bir  balınc  da  gətirdi:  «Axırıncı  gecədə  heç 
olmasa başının altına balınc qoy, yat» - dedi. 
Dedim  ki,  qardaşlarım  aşağıdadırlar,  onlarla  vidalaşmaq  istəyirəm, 
məni  apar onların yanına. 
Xahişimi  rədd  etdi.  Görünür  çox  bərk  qorxurdu.  Mən  də  balınc  və 
üzüm salxımını üstünə tullayıb qışqırdım: «Rədd ol, çıx get! Mən qardaşlarımı 
görmək istəyirəm!». 
«Yumşaldı», dedi ki, «axşam rəis gedəndən sonra apararam». 
Doğrudan  da  axşam  məni  həyətdən  keçirib  Suren  və  Saşanın  olduğu 
zirzəmiyə apardı. Hər ikisi məni qucaqladı. Sabah asılacağımızı bilirdilər. 
Baş mühafiz bərk qorxduğundan məni tez geri qaytardı. Yoldaşlarımla 
şərtləşdik ki, edama gedəndə «internasional» oxuyaq. 
Kamerada oturub qapının şüşəsindən bayıra baxırdım ki,  həyata  vida 
edəcəyim, ömrümün son səhəri necə açılacaq. 
Birdən səs-küy qopdu. Kameranın lap yaxınlığında jandarmların ayaq 
səsləri,  qılınclarının  taqqıltısı  eşidildi.  Düşündüm  ki,  yəqin  edama  aparmaq 
üçün  dalımca  gəliblər.  Lakin  hələ  gecəyarısı  idi.  «Sarı  türk»,  dilmanc  və 
mühafizlər  kameraya  girdilər.  Bəhaəddin  bəy  mənə  fransızca  müraciət  etdi: 
«Daxili  işlər  naziri  Cavanşirin  sərəncamı  ilə  siz  azad  edilirsiz.  Ölüm  cəzası 
Azərbaycandan sürgün edilməklə əvəz olunub». 
Əvvəl  inanmadım.  Güman  etdim  ki,  məni  aldadır,  qorxur  ki, 
müqavimət  göstərib,  inad  edib  edama  getmərəm.  Soruşdum  ki,  «niyə  məni 
aldadırsız? Aparın, edam edin, mən hazıram». 
Bəhaəddin bəy  fransızca təkrar etdi:  «Siz azadsız». Dilmanc da onun 
dediklərini rusca təsdiq etdi. 
Birdən başa düşdüm; mənə çatdı ki, Cavanşir işə qarışıb. Bu əmrin tək 
mənə  aid  ola  biləcəyini  fikirləşəndə  dəhşətə  gəldim  və  qeyri-ixtiyari  xəbər 
aldım ki, «Bəs mənim dostlarım?..» 
Jandarm  rəisi  qəhqəhə  ilə  güldü:  «İndi  dost  oldunuz?  Sorğu  zamanı 
hər dəfə ayağınızı yerə dirəyib demirdiniz ki, bir-birimizi tanımırıq?» - dedi və 
sakit bir tərzdə əlavə etdi: - «Onları da indi buraxacaqlar, Azad edəcəklər». 
Kontorda  iltizam  aldılar  ki,  üç  gündən  sonra  sürgün  olunmaq  üçün 
polis idarəsinə gələcəyik. 
Həbsxanadan mən birinci çıxdım. On-on beş dəqiqədən sonra Surenlə 
Saşanı da darvazadan küçəyə buraxdılar. 
Sabahı gün qərara gəldik ki, polis idarəsinə gəlməyək, bizi, şübhəsiz, 
Mahaç-Qalaya sürgün edəcəklər, orda isə hələ ağqvardiyaçılar ağalıq edirdilər, 
o  dəqiqə  bizi  bolşevik  deyə  güllələyəcəklər.  Gürcüstana  yollandıq, 
Qoqoberidze ilə Rumyantsovu Tiflisdə tapdıq. 
downloaded from KitabYurdu.org

163 
 
Qocaman  əməkdar  müəllim  Mirzə  Məmməd  Zeynallı  nəql  edir: 
«Salyandan  qaçırdıq...  Daşnaklar  təhdid  etmişdilər  ki,  Salyanı  tutub  viranəyə 
döndərəcəklər, bir nəfər müsəlman sağ qalmayacaq. Qaçırdıq. Yolda, Kür çayı 
qırağında bir dəstə türk əsgərinə rast gəldik, su içir, əl-üzlərini yuyur, bir-birilə 
zarafatlaşırdılar.  Ramazan  paşanın  qoşunundan  idilər.  Salyanlı  bir  ağsaqqal 
onlara dedi ki, siz burada zarafat edib gülürsüz, orda daşnaklar arvad-uşaqları 
qırmağa,  şəhəri  də,  ətrafdakı  kəndləri  də  yandırıb  yerlə  yeksan  etməyə 
hazırlaşırlar.  Çavuş  dilləndi:  «Bacarmazlar!  Eləməzlər.  Şimdi  irəli  qoşub 
həpsinin annasını yapaceyik». 
Düşdülər yola. Adamlar dallarınca baxa-baxa qaldı. 
İki gündən sonra xəbər gətirdilər ki, Ramazan paşa Salyandadır... 
Başqa bir qəsəbəyə bir zabit, bir çavuş və beş nəfər türk əsgəri gəlir. 
Camaatı təngə gətirmiş, yaxın kənddə yaşayan çar dövrünün baş strajnikindən 
şikayət  edirlər  ki,  adamları  incidir,  dükanlardan  istədiyi  şeyləri  götürür,  pul 
vermir, danışanı da döyür, tüfənglə hədələyir. 
Türk  zabiti  soruşur:  «Yahu,  xırsız  hərifin  ismi  nə?»  Ağsaqqallardan 
biri  cavab  verir  ki,  «Telli  Hüseyn...»  Zabit  təəccüblə  xəbər  alır:  «Yahu,  zina 
zadəmi?»  Ağsaqqallar  dinmir.  Zabit  onların  sualı  başa  düşmədiyini  anlayıb 
əlavə  edir:  «Haramzadəmi?»  Ağsaqqallar birdən:  «Bəli,  bəli,  Haramzadə, özü 
də lap yamanından. Sən allah, dərdimizə çarə elə». 
Zabit  deyir:  «Pək  eyi,  nə  zaman  göyə  varsa,  bana  haber  verərsiz, 
xırsızı yakalatdırıb cəzalandırarım. Bir girvənkə də bal gətirərsiz!». 
«Ağa, bir girvənkə balın maliyyəti nədir, lap bir pud (16 kiloqram) bal 
gətirərik,  -  deyə  ağsaqqal  balın  nə  üçün  istənildiyini  başa  düşmür,  -  bir 
girvənkə...» 
Zabit  onu  sözünü  qurtarmağa  qoymur:  «Bir  girvənkə  kafi.  İzafəyə 
hacət yox. Haydı bakalım!» 
İki gündən sonra Telli Hüseyn gəlir, aşxanada oturur plov yeməyə. Bir 
nəfər  özünü  çatdırıb  türk  zabitinə  xəbər  verir  ki,  hərif  qəsəbədədir.  Zabit 
çavuşa tapşırır: «Yürü, pəzəvəng xırsızı yakala!». Çavuş bazara tərəf gedəndə 
xəbər  gətirən  adam  deyir:  «Silahsız  hara  gedirsiz,  onun  tüfəngi  var,  qılıncı 
var...» Çavuş  əhəmiyyət  vermir:  «fərq etməz,  yavrum,  -  deyə  əlavə  edir,  -sən 
tək  yürü.  Bənimlə  bərabər  görsə  hərif  duyuq  düşüb,  fərar  edər».  Aşxanaya 
çatanda Telli Hüseyn naharı qurtarıb səkiyə çıxır. Çavuşa him edirlər. O da dal 
tərəfdən  yaxınlaşıb,  strajnikin  əllərini  qamarlayır,  tüfəngli-şaşkalı  yük  təki 
qaldırıb  yola  düşür.  Hərif  ha  əlləşir,  ha  vurnuxur,  güc  vurur,  bir  şey  çıxmır. 
Tərksilah edib salırlar tövləyə. Zabit üç gündən sonra, meydanda adamboyu bir 
dirək  basdırtdırıb  altına  bir  qutu  qoydurur,  Telli  Hüseyni  gətirdib  oturdur 
qutunun  üstündə.  Zabit  ağsaqqallara  əmr  edir:  «Yahu,  bir  bərbər  səsləyin!». 
Dəllək  çağırırlar.  Hüseynin  başını,  saqqalını  ülgüclə  qırxdırır,  qurşağa  qədər 
downloaded from KitabYurdu.org

164 
 
soyundururlar.  Kəndirlə  qollarını,  əllərini  və  ayaqlarını  kənara,  özünü  dirəyə 
bənd edirlər. 
Çavuş qabdakı balı başlayır Telli Hüseynin bədəninə, belindən yuxarı, 
başına, boynuna, üzünə, qollarına sürtməyə, elə bil suvaq çəkirdi... Özləri gedib 
kölgədə, çinar ağacı altında oturub, başlayırlar nahar edib, çay içməyə, 
Nə qədər ətrafda cücü, arı, mığmığa, milçək, it arısı, eşşək arısı varsa 
hamısı  bal  iyinə  axışıb  gəlir,  daraşırlar  Telli  Hüseynin  canına.  Çox  keçmir 
başlayır üzü, başı, qolları, kürəyi, döşü, qarnı, bir sözlə qurşaqdan yuxarı bütün 
əzaları  şişməyə.  Gözləri  görünmür,  burun  pərələrindən,  dodaqlarından  qan 
sızılır.  Axşam  düşəndə  kəndə  adam  göndərib  araba  gətizdirir,  yarımcan  Telli 
Hüseyni saman üstünə uzadıb, yola salırlar. 
Bakının  meydan  və  küçələrində  üç  nəfərdən  ibarət 
çavuş 
və  iki  əsgər  gəzirdi;  şuluq  salan,  qayda-qanunu  azca  pozan  adamı  görəndə 
çavuş  əsgərlərdən  birinə  əmr  edirdi:  «Al  kafasın!»  (Başından  yapış  -  M.  S). 
Əsgər cəld hoppanıb hərifin əllərindən yapışıb, peysərinə qoyar, başını əyərdi. 
Zabit  ikinci  əsgərə:  «Zopala  pəzəvəngi!»  deyirdi.  İkinci  əsgər  günahkarın 
şalvarını cəld aşağı salar, başlardı zopalamağa. Bu əməliyyatı o qədər tez icra 
edərdilər ki, adam məəttəl qalardı. 
Əliabbas  Müznib  deyirdi  ki,  Tofiqbəy  belə  bir  əhvalat  nəql  edirdi: 
«Kəndisini,  özbaşına  «Cümhuriyyət»  elan  etmiş  bir  ailayəti  zəbt  etdik.  Vəzir-
vükəla  kəndi  məiyyətilə  hüzuruma  varıb,  vükəlanı  birər-birər  bana  təqdim 
etməyə başladı: «Şu xariciyyə naziri, şu daxiliyyə naziri, digəri ticarət naziri və 
sairə...»  tam  on  yeddi  nazir.  Abdal  həriflərin  ərazisi  başdan-başa  heyvərə 
dağlar, sıldırım qayalar, heç bir dəniz hüdudları olmadığı halda, hətta bəhriyyə 
naziri  belə  təyin  etmişdilər.  Qəzəblə  sordum:  «Yahu,  şu  nə?!  Oturan  yerim 
boyda bir məmləkətiniz var, şu kadar nazirə nə hacət?! Bir vali kifayətdir!» Hər 
gün  səhər,  öylə  və  şam  süfrələri  açıyordular,  nərdə  bir  eybəcər,  ifritə,  kaftar 
karı  var  başlayırdı  xidmətə.  Nəhayət  bıkdım,  usandım  və  sordum:  «Yahu,  şu 
kaftar  karılar  nə?!  Bakdıqda  insanın  mədəsi  bulanıyor,  əcəba  daha  müsaid 
xidmətçi kadınlar bulamadızmı?» 
Türklər Bakıda başlayırlar dövlətlilərdən varına görə rüsum yığmağa. 
Rüsumun  miqdarını  türklər  yox,  məhəllə  ağsaqqalları  müəyyən  edib,  siyahını 
komandanlığa  təqdim  edirlər.  Kim  boyun  qaçırdırdı,  onlardan  rüsumu  güclə 
alırdılar. Rüsum vermək istəməyənlərdən biri də qoçu Teymurbəy olur; faytona 
minib  gedir  bağa.  Türklər  əsgər  göndərib  onu  yenə  gətizdirirlər  Maştağada 
Naxır bulağı meydanına. Başa salırlar ki, müqavimət əbəsdir. Qoçu Teymurbəy 
inad  göstərib,  təklifdən  boyun  qaçırır.  Zabit  əmr  edir:  «Çavuş  əfəndi,  şu 
pəzəvəng hərifi üzüqoylu seri, sırtını zopalayın! Haydı bakalım». Əsgərlər əmri 
bir anda icraya başlayırlar. 
İlk  zopa  zərbələrinə  Teymurbəy  dözə  bilməyib  canını  dişinə  yığıb 
fəryad edir: «Ya həzrət Abbas, kömək elə!» 
downloaded from KitabYurdu.org

165 
 
Zabit təəccüblə soruşur: «Yahu, bu nə laf?! Bu nə laqqırtı?! Nə həzrət, 
nə də Abbas  yardıma qoşamaz. Paranı ödə! Nə tohaf herif, nə əcayib  məxluq, 
para ödəmək əvəzinə Abbasla həzrəti yardıma çağırıyor». 
Beşinci  zopadan  sonra  qoçu  Teymurbəy  dözə  bilməyib  aman  istəyir 
və 20.000 manat gətizdirib rüsumu ödəyərək canını xilas edir. 
Bakıda səfərbərlik elan edirlər. Bir zabit çağırılanların siyahısını tutur, 
adamlardan  bir-bir  «ismin  ne?»  soruşur.  Hər  kəs  adını  deyir:  «Həsən», 
«Məmməd», «Hüseyn» və s. Bir nəfərdən yenə «İsmin nə?» xəbər alanda, o da 
«Soltan»  deyə  cavab  verdikdə  zabit  tərs-tərs  ona  baxıb  acıqla  deyir:  «Yava-
yava  laqqırtı  vurma,  Soltan  bir  tana,  o  da  İstambulda.  İsmin  Məmməd,  haydı 
bakalım...» 
Məhərrəm ayı düşür. Müsəlmanlar küçələrdə dəstə ilə gəzir, sinələrinə 
döyə-döyə,  zəncir  vura-vura,  baş  yara-yara:  «Şah  Hüseyn,  ya  Hüseyn»  çığıra-
çığıra başlayırlar əzadarlığa. 
Şəhərin  polis  rəisi  bu  əcayib,  qeyri-adi  səhnəni  gördükdə  məəttəl 
qalıb, yanındakı adamdan xəbər alır: «Yahu, şu nə  vəhşət. Şu zavallılar neçin 
ulaşıyorlar.  Kim  onlara  işgəncə  yapmış?  Neçin  kəndiləri  kəndilərinə  şöylə 
işgəncə  veriyorlar».  Onu  başa  salırlar  ki,  imam  Hüseynin  qətli  ilə  əlaqədar 
matəm tuturlar. Polis rəisi içini çəkib,  heyfsilənir:  «Yahu!  Şu  havadis  hicrətin 
ilk yüz illiyində, altmış-yetmişinci sənələrində vuqu bulmuş. O zamandan tam 
on üç yüz əlli il keçmiş. Şu habar, şu zavallılara nə gec gəlib çatmış». 
Rəis əzadar dəstələrinin başçılarını polis müfəttişliyinə gətizdirir, sadə 
bir  dillə  onları  başa  salır  ki,  müharibə  vəziyyətində  olan  şəhərdə  yığıncaq  və 
nümayiş  qadağan  edilib.  Gedin,  məscidə  toplaşın,  ədəb  dairəsində  həzrəti 
Hüseynə matəm saxlayın. Zaman keçib, əsr dəyişib... 
Əzadarlar rəisin sözlərini qulaqardına vurub, sabahı gün yenə düşürlər 
küçələrə... 
Polis  rəisi  dörd  əsgər  göndərib,  dəstəni  birbaşa  apartdırır  vağzala. 
Ağsaqqallar  polis  rəisinin  yanına  iltimaca  gəlirlər.  Cavab  verir  ki:  «kavur 
ingilislər  Kərbəlanı  istila  edib,  həzrəti  imam  Hüseynin  müqəddəs  türbəsini 
murdarlayırlar.  Şu  əzadarları  göndərəcəyəm  Batuma,  orda  gəmilərə  doldurub, 
birbaşa  aparacaqlar      Ərəbistana.  Toy      gedib,      həzrəti      Hüseynin  türbəsini 
kafir ingilislərdən azad etsinlər, şəhid olanlar behiştə gedər. Şurda boş-boşuna 
bağırmakdan,  kadın  təki  göz  yaşı  axıdıb,  ağlamakdan  fayda  yok.  Nə  tühaf 
həriflərsiniz, yahu, kişi də ağlarmı? Göz yaşı axıdarmı?» 
Camaatın  arasına  vəlvələ  düşür,  başlayırlar  ağlaşmağa,  yalvarmağa. 
Əzadarları bir gecə vağzalda saxlayırlar. Şəhərin bir neçə hörmətli şəxsi polis 
rəisinin  yanına  minnətə  gedir. Nəhayət, polis rəisi deyir:  «Pək eyi, Kərbəlaya, 
Ərəbistana  yollamam,  hala  Dərbənddə  kavur  Denikinlə  vuruşuruq,  ora 
yollarım, qoy orda rəşadət göstərib, din, islam yolunda cihad etsinlər». 
downloaded from KitabYurdu.org

166 
 
Çox  yalvarışdan  sonra  dəstə  gəzdirənləri  azad  edirlər.  O  adamlar, 
nəinki  küçə-bazarda,  türklər  Bakıdan  gedənə  qədər  heç  məscidlərə  də  qədəm 
basmayıb, bir daha heç yerdə görünmədilər. 
Dəllək  qonşumuz  Akopyan  on  səkkizinci  ildə  başına  gələn  qəzanı 
danışırdı:  «İngilislər,  daşnaklar  gəmilərdə  qaçdılar,  pağır-püqaranı  qoydular 
allah  amanında.  Dükanı  bağlayıb,  iki  zənbilə  yemək  şeyləri  doldurub,  getdim 
çıxdım yeddi mərtəbənin damına. Gördüm məndən savay başqa adamlar da var. 
Üç gün-dörd gecə gözümüzü yummadıq. Dördüncü gün dözə bilmədim, fikrim 
qalmışdı dəlləkxananın yanında, allaha pənah deyib, düşdüm küçəyə, adam az 
idi, öz adamlarımız idi, türklər görünmürdü. Divar dibilə qorxa-qorxa, birtəhər 
özümü  çatdırdım  dükana.  Qapıya  əl  vurmamışdılar.  Açdım  qapını,  aralayıb 
girdim  içəri,  elektrik  çırağını  yandırdım,  başladım  şeyləri  yerbəyer  etməyə. 
Birdən  ayaq  səsləri  eşitdim,  mənə  elə  gəldi  ki,  aralı  qapının  qabağında  kimsə 
dayandı,  dönüb  baxmaq  istəyirdim  ki,  qapıda  dayanan  dedi:  «Berber!»  Cəld 
çevrildim. Bir türk çavuşu ilə iki əsgər dükana girdilər. Məni soyuq tər basdı, 
dilim söz tutmadı, yerimdən tərpənməyə taqətim qalmadı. Çavuş dedi: «Berber, 
hərif, haydı, hacatlarını topla, gedəlim! Paşanı təraş yapmağa!» İri əlini üzünə 
ülgüc  sayağı  çəkəndə  əhvalatı  başa  düşdüm.  Balaca  çamadana  lazımi  şeyləri 
qoyub,  əlimə  alıb  dükandan  çıxdım.  Qapını  qıfıllamaq  istəyəndə  çavuş 
qoymadı; «Hacət yox, kimsə toxunmaz, haydı gedəlim». Düzəldik yola. Gətirib 
məni saldılar bağınan üzbəüz olan mülkə. Dəhlizdən iri, bəzəkli otağa keçdim. 
Baş  qapıdan  ucaboy,  qəzəbli,  zəhmli  türk  paşası  girdi,  keçib  bədənnüma 
güzgünün qabağında, kresloda oturdu. Cəld xalatı geyib, işə girişdim, paşanın 
üzünü  sabunladım,  ülgücü  yoxladım,  ürəyimdə  isə  bütün  cəddi-əqrabamı 
söyürdüm ki, niyə damdan düşüb, dükana gəldim. Paşanın üzünü qırxanda əlim 
əsir,  qorxuram,  birdən  ülgüc  cızıb  qanadar...  Boyum  da  balacadır,  paşa  isə 
hündür,  zorla,  ayaq  barmaqlarım  üstə  boylanıb  işləyirəm...  Üz-gözümdən  tər 
axır...  Nə  isə...  Birtəhər  üzünü  qırxıb  odekalonladım...  Peysərini,  gicgahlarını 
düzəldib,  daradım...  Paşa  ayağa  qalxdı.  Mən  də  şeyləri  çamadana  yığıb  cəld 
çıxdım  dəhlizə,  bayır  qapını  açmaq  istədim,  gördüm  bağlıdır.  O  vaxtacan 
ingilis  qıfılı  görməmişdim.  Qayıdıb,  məsələni  paşaya  deməyə  sürətim  çatmır, 
qorxuram.  Siçan  tələyə  düşən  kimi  qalmışam.  Birdən  laşa  dəhlizə  çıxdı,  məni 
gördükdə təəccüblə soruşdu: «Şurda boş-boşuna nə yapıyorsan?». Qapıya işarə 
edib,  dedim  ki,  ağa,  qapını  aça  bilmirəm.  «Ah!  -  deyə  paşa  səsini  istehza  ilə 
ucaltdı,  -  abdal  kavur,  tüfəng  atıb,  günahsız  islam  yavrularını  qıra  bilirsən. 
Dostlarınız  ingilislərin  qıfılını  açamazsan,  -  yaxınlaşıb  qapını  açıb  dedi,  - 
haydı, pırlan dişarıya!» 
Gəmi  kapitanlarından  biri  -  Fyodor  Kiriloviç  Lankov  nəql  edirdi  ki, 
1908-ci ildən Xəzər dənizində işləyirəm. Gəmilər körpüyə yan alıb dayananda, 
adətən, matroslar sahilə düşüb meyxanələrə gedib o ki var içər, sərxoş olardılar, 
sonra  da  tökülüşərdilər  bulvara,  başlayardılar  adamlara  sataşmağa,  əziyyət 
downloaded from KitabYurdu.org

167 
 
verməyə,  dava  salmağa.  Mərəkə  qopardı.  Dükançılar  qapıları  bağlayıb, 
gizlənərdilər,  hamı  qaçardı.  Qorodovoylar  aradan  çıxardılar...  1918-ci  ildə 
türklər  Bakıda  ikən  qəribə  bir  hadisənin  şahidi  oldum.  Oktyabrın  ortalarında 
Bakıya  varid  olmuş  üç  gəminin  matrosları  sahilə  çıxıb,  girirlər  meyxanalara, 
restoranlara, qadağan edilmiş araq və şərabı zorla çıxartdırıb içirlər, lül-qənbər 
gəlirlər  bulvara.  Əvvəllər  elədikləri  sayaq  başlayırlar  şuluqluq  salmağa, 
adamlara sataşmağa. 
Türk  səhra  polis  şöbəsi  xəbər  tutan  təki  hadisə  yerinə  əsgərlər 
göndərir. 
Vuruşma başladı. Mən, dostum kapitan Əlibala Rəcəbovla bir kənarda 
dayanıb  tamaşa  edirdik.  Əsgərlər  ayıq,  matroslar  sərxoş.  Əsgərlər  matrosların 
biləklərindən      necə      qamarlayırdılarsa,      o      saat  matros  kəlləsi  üstə  gəlib 
sərilirdi  yerə,  əsgərlər  başlayırdılar  çəkmənin  nal  vurulmuş  ucu  və  dabanı  ilə 
matrosların  lülə  sümüklərinə  döyməyə.  Matros  dönürdü  meyitə,  uzandığı 
yerdən tərpənə bilmirdi. Bulvarda yerə sərilmiş xeyli sərxoş matros vardı. 
İki-üç  saatdan sonra  zor-bəla ilə  birtəhər qalxıb yollandılar gəmilərə. 
Türklər gedənə qədər bir daha şəhərdə görünmədilər... 
Müharibədən  sonra,  1947-ci  ildə  Mərəzə  ətrafında  geoloji  kəşfiyyat 
işləri apardıqda  bir neçə  günlüyə  Cəmcəmli kəndində, Qadir dayı adlı  kişinin 
evində  qaldıq.  O,  həm  də  bələdçimiz  idi.  Türklərdən  danışırdı:  «Kəndimizə 
xəbər  gəldi  ki,  türklər  Mərəzədədir.  Beş  nəfər  cavan  oğlan  getdik  tamaşa 
etməyə. O vaxta qədər heç türk görməmişdik. Malağan Mərəzəsinə girən yerdə 
türk  zabitləri  və  əsgərləri  dayanmışdılar.  Arabalar,  top-topxana,  atlar...  Bizi 
gördükdə  yanımıza  əsgər  göndərdilər.  Yoldaşlarım  qaçıb  aradan  çıxdılar, 
qabaqda idim, məni yaxalayıb apardılar. Bir əfsər başladı sorğu-suala; «kimsən, 
peşən  nədir...»  Yaxamı  qurtarmaq  üçün  dedim  ki,  dəvəçiyəm.  Əfsər  sevindi: 
«Ah! - dedi. - Bizə elə dəvəçi lazımdır, dəvəçi bölüyü düzəldəcəyik». Sözümün 
heç  dalına  qulaq  asmayıb  məni  ötürdülər  qabağa.  Qırx  beş  dəvəni  tapşırdılar 
mənə. Allah şeytana lənət eləsin, yaman yerdə axşamladım. Vallah, bir qanun-
qayda, bir nizam-intizam vardı ki, deməklə başa gələn deyil. Balaca səhv üçün 
elə  cəza  verirdilər  ki,  ömür  uzunu  yaddan  çıxmazdı.  Bir  dəfə  dəvələrdən  biri 
yoxa çıxmışdı. Komandirim, gözləmədiyim halda sağ üzümə elə bir şillə vurdu 
ki,  gözümdən  od  çıxdı,  sol  böyrüm  üstünə  yıxılanda,  sol  üzümə,  sol  əlilə 
vurduğu ikinci şillə məni yıxılmağa qoymadı, ayaq üstə saxladı, sol gözümdən 
qopan  od  parçası  havaya  qalxdı,  elə  bil  sağ  gözümdən  azca  əvvəl  çıxmış  od 
parçasına  bitişib  ulduza  dönüb  göyə  uçdu.  Üç  saat  keçmədi  ki,  dəvəni  tapıb 
gətirdim.  Komandirim  dedi:  «Qədir  əfəndi,  sən  subay  (əsgər),  bənim  əlimdə 
yabasan.  Dikanı  yalın  əllə  götürmək  imkansız,  yaba  lazım.  Mən  də,  kəndi 
növbəmdə, bəndən yüksəkdə olanın əlində yabayam. Unutma, yahu, get!» 
Bir  dəfə  daha  böyük  komandirin  acığı  tutmuşdu,  stolun  dalından 
dikəlib üzbəüz oturmuş bizim komandirin  iki  tərəfdən  bığlarından  yapışaraq  
downloaded from KitabYurdu.org

168 
 
göyə    qaldırdı,  zərblə  yerə  çırpdı:  «Yahu,  islam  övladlarını  kavura  hədəfə 
çevirmək  istəyirsənmi?»  qışqırdı.  Mənə  elə  gəlir  ki,  o  əzazillik  dünyada  heç 
yerdə  yoxdur.  Gözünüzlə  görməsəniz  başa  düşməzsiz».  Qədir  dayı  başını 
bulayıb sözünə davam etdi: «Heç nəyə, böyüyə, bəyə, ağaya baxmırdılar. Kim 
mənəm-mənəm  deyirdi,  burnuna  döyürdülər.  Dikbaş,  dələduzlara  pəzəvəng 
deyib arabaya qoşurdular, bir gəl, ya da tay öküz, bir də cəzalandırdıqları adam 
arabanı  çəkirdi.  Balaca  gecikdi,  nəm-nüm  etdi,  o  dəqiqə  zopalayırdılar.  Neçə 
nəfər  boşboğazı  arabaya  qoşub  muma  döndərdiklərini  özüm  gördüm.  Bir 
kənddə  əsgər  yığanda,  molla  minbaşıya  rüşvət  vermək  istəyirdi  ki,  cavan 
oğlana  güzəşt  etsin.  Minbaşı  tüfəng  qapıb  mollanı  atəşə  tutmuşdu,  molla 
üzüqoylu  sərilməsəydi,  birtəhər  olacaqdı...  Ayrı  əzazil  idilər...  Rəhm  deyilən 
şey yox idi ürəklərində». 
Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin