1
MANAF SÜLEYMANOV
EŞİTDİKLƏRİM
OXUTDUQLARIM
GÖRDÜKLƏRİM
AZƏRBAYCAN DÖVLƏT NƏŞRİYYATI
BAKI - 1987
downloaded from KitabYurdu.org
2
S (AZ) 2
S 97
İxtisas redaktoru
tarix elmləri namizədi
Məsid Katibli
Süleymanov M. F.
S 97
Eşitdiklərim, oxuduqlarım, gördüklərim:
B.: Azərnəşr, 1987. - 320 səh.
Azərbaycan Sovet yazıçısı M. Süleymanovun «Eşitdiklərim,
oxuduqlarım, gördüklərim» kitabı Bakının qədim keçmişindən, inqilab
dövründə «neft səltənətində» baş verən hadisələrdən, Bakının keşməkeşli
günlərindən bəhs edir.
S 4202060200-23 179-86
M-651- 87
S (Az) 2
© Azərnəşr, 1987
downloaded from KitabYurdu.org
3
BİR NEÇƏ SÖZ
Elə yazıçılar var ki, bütün ömürləri boyu ancaq bir mövzuya müraciət
edirlər. Manaf Süleymanovun da qələminə ən çox yatan mövzu fəhlə həyatıdır,
qurub-yaradan əmək adamlarının ömür-günüdür.
Bu mövzu qocaman yazıçının bütün yaradıcılığının əriş-arğasını,
mayasını təşkil edir. O, ədəbiyyata əllinci illərdə neft kəşfiyyatçılarının
həyatından bəhs edən «Yerin sirri» romanı ilə gəldi. Bir az sonra dəniz
neftçilərinin qəhrəmanlıq mübarizəsindən, fədakarlığından bəhs edən «Dalğalar
qoynunda», «Fırtına», Daşkəsən filizçilərinin həyatını işıqlandıran «Zirvələr»
romanlarının müəllifi kimi tanındı. Bu əsərlərlə Ümumittifaq oxucuları da tanış
oldular - «Yerin sirri» romanı alınan, çex, slavak, rumın və dünyanın bir çox
başqa dillərinə tərcümə olundu. Manaf Süleymanovun oxucuların ixtiyarına
verilən bu növbəti kitabı da Bakının qədim keçmişindən, inqilab dövründə
«neft səltənətində» baş verən hadisələrdən, neft böhranından, XIX əsrin sonu,
XX əsrin başlanğıcında Bakının son dərəcə mürəkkəb, ziddiyyətli, keşməkeşli
günlərindən bəhs edir.
Əsərdə təsvir olunan hadisələrin əksəri müasir oxucu üçün xüsusi
maraq təşkil edir; o, bir tərəfdən gəmisi əlindən çıxdığı üçün havalanmış
kapitalistlə, digər tərəfdən güllə yağışı altında Bakıdan Həştərxana qayıqla neft
daşıyan inqilabçılarla, beynəlxalq neft inhisarçılarına «yarınan», fəhlələrin
beynəlmiləl birliyini zəiflətməkçün milli qırğın törədən ikiüzlü millətçilərin
çürük mənəviyyatları ilə qarşılaşır.
Manaf Süleymanovun əsərində kapitalizmə xas olan mənəvi
eybəcərliklər, o cümlədən neft qatlarının vəhşicəsinə istismarı özünün dolğun
əksini tapmışdır. Burada sinfi təbəqələşmənin incəliyi də obrazlı şəkildə təqdim
edilmişdir. Onun əsəri nə tarixi oçerkdir, nə də publisistik esse. Bu, hər şeydən
əvvəl, həyat həqiqətidir. Bakıda kapitalizmin yaranmasından başlamış, onun
süqutuna qədər bədii salnamə şəklində verilmiş bu əsərdə biz o dövrün
əlamətdar hadisələri, müxtəlif taleli adamları ilə görüşürük. Çoxdan həyatdan
köçmüş bu adamlarla biz əsərin köməyi ilə yenidən qarşılaşırıq. Kitabı
oxuyarkən bu adamların taleləri səni təkrar-təkrar düşündürür, adama elə gəlir
ki, onların hamısı - atadan miras qalmış mülkü qumarda uduzub «işlər
şuluqdur, gərək özümü yığışdıram» deyək vecsiz övlad da, «imzasını qoymuş
miləl övraqi-həyat, yox millətimin xətti bu imzalar içində» deyən böyük şair
də, faciəvi şəkildə öldürülmüş görkəmli aktyor da səninlə həmsöhbətdir. O
dövrün möhtəşəm sarayları, imarətlər, qumarxanalar, gecə klubları, neft
fontanları, havayı yerə axıb tökülən «qara qızıl» çayları, bazarlar,
karvansaralar, yanğınlar, tətillər, nümayişlər, qanlı toqquşmalar - əsrin təzadlı
hökmü, zəmanənin siması idi.
Kitab «Eşitdiklərim, oxuduqlarım, gördüklərim» adlanır.
downloaded from KitabYurdu.org
4
Əsərin jurnal variantı («Azərbaycan», 1984-cü il, № 3-4) rəğbətlə
qarşılanmışdı. səbəbi aydındır. Bugünkü böyük sosial tərəqqinin qaydaları
qədim və ulu keçmişimizdən axıb gəlir. Gələcək nəsillər istiqbala dünənin və
bu günün maddi və mənəvi körpüsü üstündən keçib gedəcəklər, bunların
hamısı birlikdə böyük vətəndaşlıq məktəbidir.
BAYRAM TAHİRBƏYOV,
professor
downloaded from KitabYurdu.org
5
BAKININ KÖHNƏ MƏHƏLLƏLƏRİ
VƏ TİCARƏT MƏRKƏZLƏRİ
İmzasını qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar içində.
Məhəmməd hadi
Var millətimin xətti bu imzalar içində.
M. S.
Bakı şəhərinin tarixi çox qədimdir, onun adına hələ miladdan qabaq
yazılmış əsərlərdə rast gəlinir, burda əl quyuları vasitəsilə neft çıxarmaq,
şoranlıqlardan duz istehsal etmək, zəfəran becərmək barədə qədim sənədlərdə
də qeydlər var. Yunan, ərəb, fars, rus və Avropa səyyahları və alimləri Bakıdan
dəvə karvanları ilə tuluqlarda başqa ölkələrə neft daşınmasını öz əsərlərində
göstərirlər. Şəhəri araya alan qala hasarları istilahlar vaxtı dəfələrlə dağıdılmış,
sonralar yenidən bərpa edilmişdir. Bakının gah bir-birindən aralı üç, gah iki, ən
axırda XIV əsrdən indiyə qalan hissəsini hasara alıblar. Bəzən qalanın iç
tərəfində enli, dərin xəndəklər qazılar və dənizlə birləşdirilərdi, gündüzlər
gediş-gəliş asma körpülərlə olardı. Axşam qaranlıq düşəndə körpünü
qaldırardılar. Qala divarları üstündə gözətçilər gəzərdi. Dəniz tərəfdə də, eynilə
hündür hasar ucalardı. Bir sözlə, şəhər üzük qaşı kimi araya alınmışdı.
Bakı əsrlər boyu şərq, cənub və şimal qonşuları ilə ticarət etmişdir. Bu
əlaqə həm karvan yolları, həm də dəniz vasitəsilə olmuşdur. Bizim dövrümüzə
qədər İçərişəhərdə qalmış «Buxaralılar karvansarası» və «Hindistanlılar
karvansarası» sübut edir ki, Bakı XIV-XVI əsrlərdə Orta Asiya və Hindistanla
geniş ticarət etmişdir. Bakının hərtərəfli inkişafı, onun adının bütün dünyada
məşhur olması, əlbəttə, XIX əsrin ikinci yarısından, 70-ci illərdən başlayır. Bu
da neft sənayesinin inkişafı ilə bağlıdır.
Bakı quberniya mərkəzinə (1859) çevriləndə əhalisi təxminən yeddi
minə yaxın idi. Şəhər Qala divarları içərisindəydi. Küçələr darısqal, əyri, evlər
bir-iki mərtəbəli... Diqqəti cəlb edəcək üç böyük bina vardı. Təpədə
«Şirvanşalılar sarayı», «Qoşa qala» qapısı, yaxud «Şamaxı darvazaları»
yanında Bakı xanlığının sarayı, bir də əfsanəvi Qız qalası. Onun tikilməsi
barədə müxtəlif rəvayət və ehtimallar var. Deyilənlərə görə, Qız qalası çox
qədim zamanlarda ulu babalarımız tərəfindən tikilib. İlk adı «Gözətçi qülləsi»
imiş, damda gecə-gündüz növbətçilər dənizə baxır, düşmən gəmilərinin
hərəkətini izləyirmişlər. Pis havalarda ticarət və sərnişin gəmilərinə istiqamət
vermək üçün damda tonqal qalayarmışlar. Get-gedə adını qısaldıb eləyirlər
downloaded from KitabYurdu.org
6
«Göz qüllə», sonra da gah amansız düşmənə qarşı sarsılmaz, qorxunc müdafiə
bürcünə, nəhayət, bütün maneələrə qələbə çalan sevgi, məhəbbət abidəsinə -
«Qız qalası»na çevirirlər. Deyilənlərə görə, Qız qalasından yerin altı ilə üç
istiqamətə - Ramana qalasına, Bibiheybət məscidinə, Yasamal dərəsinə - Qurt
qapıya yol gedirmiş.
Bakı öz odu, öz alovu ilə atəşpərəstlərin ən müqəddəs ziyarətgahına
çevrilir. Dünyanın hər yerindən öz-özünə alışan, yanan ocağa ziyarətə
gəlirdilər. Şübhəsiz, bütün bunlar, Bakının o dövrdə mədəniyyət ocağı
olduğunu sübut edir. Bakıda üç atəşgahın olması təsadüfi deyil. Atəşgahlardan
biri Suraxanıda, digəri «Pirallahı»da (indiki Artyom adası), üçüncüsü isə
Şubanı dağında idi.
Şubanı dağındakı Atəşgah məbədi atəşpərəstlərin ən böyük, ən
müqəddəs ziyarətgahı hesab edilirmiş. O aradakı torpaqlar Abdal dərviş adlı bir
şəxsin imiş. Abdal dərviş dayaz quyular qazdırar, oradan çıxardığı nefti satıb
ehtiyac içində olan kasıblara, xəstələrə, yiyəsiz uşaqlara və dul arvadlara
kömək edərmiş. Şubanı Atəşgahını ötən əsrin axırlarında dağıdırlar.
On doqquzuncu əsrin əllinci illərinin axırında Bakıya səyahətə gələn
məşhur fransız yazıçısı Aleksandr Düma (rəssam Mone ilə bərabər) «Qafqaz
səfəri» adlı əsərində Suraxanıdakı Atəşgahı gördüyünü belə təsvir edir:
«...Bakıdan atəşpərəstlərin müqəddəs məbədi Atəşgaha gedəndə yolun
yarıdan çoxu dəniz qırağı ilə uzanır. Sola burulub alçaq çökəklik və təpələrdən
keçir. Mənzil başına çatmağımız iki saat çəkdi. Təpəliyə qalxdıqda qarşıda
təsəvvürə gəlməyən qəribə bir mənzərə açıldı. Atəşgah dövrəsindəki binalar,
tüstü və alov sovuran yüzlərlə irili-xırdalı ocaqlar ovuc içi kimi görünürdü.
Onlar bir kvadrat liyalu
*
sahədə yerləşirdi. Külək əsdikcə alov zolaqları, dilləri
sanki qəribə rəqslər edir, gah bulaq təki qaynayır, gah dalğa təki yan-yörəyə
hücum edib şahə qalxır, gah da gözlənilmədən ucalırdı. Elə bir təsəvvür
oyanırdı ki, külək alovla oynayır, onlar bir-birinə sarılır, sonra qəfildən
«əlbəyaxa» olurlar. Külək nə qədər cəhd edirdisə odu, alovu söndürə bilmirdi.
Havaya qalxan alov əhənglənmiş binanı, onun divarlarını işıqlandırır, daha da
nəzərə çarpdırırdı. Elə təsəvvür oyanırdı ki, bina özü də tərpənir. Binanın içəri
tərəfində dövrələmə düzəldilmiş ocaqlardan şölələnən qaz iri məşələ oxşayırdı.
Bu ocaqların hər birisinin yan tərəfində dördkünc günbəz vardı. Hər küncdə də
alov püskürürdü. Binanın sağ tərəfindəki ocaq daha gur yanırdı, daha çox alov
sovururdu. Günbəzlərin künclərindəki ocaqların alovu nisbətən zəif idi.
Atəşgaha
günbatan
tərəfdən
yaxınlaşdıq. Qapı gün-çıxana
açıldığından binanın dövrəsində hərlənməli olduq.
*
Liyalu - fransızlarda məsafə ölçüsü - 4,5 kilometr.
downloaded from KitabYurdu.org
7
Birdən gözlərimiz qarşısında qeyri-adi, olduqca gözəl bir mənzərə
canlandı, ətraf çıraqban oldu.
Dedilər ki, bu aralar yalnız bayram günlərində, bir də müqəddəs
ayinlar vaxtı belə çıraqban olur. M. Piqulevski bizim xatirimizə əvvəldən
kahinlərə xəbər göndərib mərasim hazırlatdırıb.
Atəşpərəstlər iki min ildən çoxdur ki, təqib edilirlər. Onların bu
axırıncı yazıq, müti nümayəndələri (mərasimi bizə göstərmək üçün) əllərindən
gələni əsirgəməyib, indi də əmrə müntəzir durmuşdular.
Bu mənzərəni görmək istəyən həmvətənlərim bir qədər tələsməlidirlər.
Çünki atəşpərəstlərin ibadətgahında var-yox üç nəfər adam qalmışdır, onların
da biri qoca, ikisi isə otuz-otuz beş yaşındadır.
Biz yan-yörəsindən alov sovurulan qapıdan dördkünc həyətə girdik.
Ortadakı günbəzli səcdəgah və onun hər dörd küncündən əbədi alov ucalırdı.
Səcdəgah hündürdədir, beş-altı pillə qalxmaq lazım gəlir. Səcdəgahın
dövrəsində, bayır divarlar boyu iyirmiyə qədər hücrə var, qapıları içəriyə tərəf
açılır. Bu hücrələrdə vaxtilə Zərdüştməzhəb tələbələr yaşayırmış. hücrələrdən
birində taxçada iki büt durur.
Atəşpərəstin biri kahin paltarını geydi, digəri əyninə köynək sayağı bir
şəlpə keçirtdi. Başladılar ibadət etməyə. İbadət dedikdə, bu səslərin qeyri-adi
dəyişməsindən ibarət dörd-beş xromatik qamma notasından başqa bir şey
deyildi. Sol və mi arasında təkrarlanır, tez-tez də Brahmanın adı çəkilən
nəğmədir. Kahin arabir əyilib səcdəyə getdikdə o birisi əlindəki cinsləri bir-
birinə vururdu. Cins cingilti ilə bərkdən səslənirdi.
Mərasim tamam olandan sonra kahin hərəmizə bir parça nabat uzatdı,
biz də ona bir manat pul verdik.
Neft quyularına baxmağa getdik. Ən dərini 18 metr idi. Su quyusu
imiş; birdən quruyur. Dibinə baxmaq üçün cındır parçasını alışdırıb quyuya
atırlar. Birdən alov ucalır; o vaxtdan yanmaqdadır. Yaxınlaşıb quyuya baxmaq
qorxuludur. Qaz iyindən baş gicəllənə bilər. Vay gicəllənmiş başın halına, daha
ayaqlar sözə qulaq asmayıb yerdən üzüləcək, düşəcək alov püskürən quyuya.
Hər ehtimala qarşı quyunu çəpərə alıblar. Başqa quyuları dəmir
şəbəkə ilə örtüb üstünə də daş qoyublar. İstinin nəticəsində daşlar on-on iki
saatda dönüb olur gips. Daşın alovdan gipsə çevrilməsinə tamaşa edirdik ki,
Atəşgahın bir kilometrliyindəki Suraxanı kəndinin böyüyü yanımıza gəlib bizi
çaya dəvət etdi.
Dəvəti qəbul etdik, faytona minib yola düşdük.
Əcəb çaydır. Belə təmtəraqlı məclisi təkcə çay mərasimi adlandırmaq
ən azı insafsızlıqdır.
Səliqəylə döşənib bəzədilmiş otaqda bizi ləzzətli Azərbaycan
xörəklərinə qonaq etdilər. Burada dincəlib yatmaq da olardı.
downloaded from KitabYurdu.org
8
Ev sahibi gecələməyimizi xahiş etdi. Mən məmnuniyyətlə qalardım,
amma M. Piqulevski səhər tezdən şəhərdə olmalı idi, vacib qulluq işi vardı. O,
Bakıya tək qayıtmaq istəsə də vicdanım qəbul etmədi. Ev sahibinə təşəkkür
edib gecə saat 11 -də yola düşdük.
Neapol solfatorundan da üstün olan Bakı solfatoru Atəşgahının
yanından keçib Bakıya qayıdırdıq.»
Bakı quberniya mərkəzinə çevriləndən sonra əhalinin sayı gündən-
günə artır, kənarda, qalanın ətrafında, pərakəndə halda olan xırda məhəllələrin
arasına yeni məhəllələr, Fortştat salınır. Qalanın dənizə baxan hasarını dağıdıb
daşlarını isə salınmaqda olan sahil küçəsinə döşəyirlər. Hasarın qalan hissəsini
dağıtmaq istəyəndə bundan Tiflisdə Qafqaz canişini xəbər tutur, qədim şəhərin
daş zirehi alayarımçıq qalır.
Bakının ilk memarlarından biri - Qasımbəy Hacıbababəyov olub. O,
şəhəri böyük ustalıqla planlaşdırıb, məhəllələri elə layihələşdirib ki, rus və
Avropa şəhər salan memarları heyran qalıblar. Relyefi, yerin topoqrafiyasını,
dərə-təpə olmasını nəzərə alıb, küçələri pilləvari şəkildə planlaşdırıb. Məşədi
Mirzə Qafar adında başqa bir memar da binaları ilhamla, ustalıqla
layihələşdiribdir. O, ömrünün otuz ilini bu nəcib sənətə həsr edib.
Qara qızıl diyarı Bakının şöhrəti bütün dünyaya yayılır. Varlanmaq
üçün dünyanın bir çox sənət, peşə sahibləri buraya axışırlar. Məşhur
mühəndislər, memarlar, alimlər, kimyagərlər, texnoloqlar, inşaatçılar Bakıda
mənsəb və dövlət sahibi olurlar.
Bakı nefti təkcə Azərbaycanın yox, bütün Qafqazın dirçəlməsinə
güclü təkan verir. Neftlə əlaqədar əyalətin siması dəyişir, iqtisadiyyatı yüksəlir.
Uzunluğu 520 kilometr olan Tiflis-Bakı dəmir yolu az bir müddətdə çəkilir və
1883-cü ildə işə salınır. Şəhərdən Sabunçu və Suraxanı mədənlərinə 26
kilometr uzunluğunda dəmir yolu il yarıma (1878-ci ilin axırı 1880-ci ilin
əvvəli) çəkilib qurtarır.
1870-ci ildən başlayaraq şəhərdə inzibati və ictimai müəssisələrin sayı
artır. Quberniya və münsiflər məhkəməsi təsis edilir.
İyirminci əsrin ilk illərindən başlayaraq Bakıya varlılar və ziyalılar
gələrdilər, məşhur vəkillərin çıxışlarına, sual-cavablarına qulaq asardılar. Tez-
tez Peterburqdan, Moskvadan, Tiflisdən, Kiyevdən məşhur vəkillər, böyük
qazanc məqsədilə Bakıya köçərdilər. Vəkillərdən Makinski, Bek, Qarabəy,
Şatunovski, Əlimərdanbəy Topçıbaşev, Fətəli xan Xoyski, Maklakov,
Zamaslovski və bu kimi vəkillərin çıxış etdikləri salona girmək mümkün
deyildi.
Ən maraqlı məhkəmə prosesi vəkil Qarabəyin iştirak etdiyi
mühakimələr olurmuş. Bakılılar ona «Ayını ağladan Qarabəy» ləqəbi
qoymuşdu. O, arıq, ucaboydu, geyimi də adi idi: şalvar, arxalıq, üstündən nazik
toqqa -təkbənd, çuxa, başında karton üstə mahud çəkilmiş drabi, ya da ki, adi
downloaded from KitabYurdu.org
9
buxara dərisindən papaq olardı. Qıvrım saçları üz-gözünə tökülərdi. Ağıllı
gözləri vardı. Olduqca sakit, xoşrəftar... Yumorla danışardı. Tiflisin və
Bakının vəkilləri biləndə ki, tərəf müqabilləri Qarabəy olacaq, həmin işdən
boyun qaçırardılar. Bütün dövlət qanunlarını, maddələrini bir-bir, senat
qərarlarını, nazirlər sovetinin, ədliyyə nazirliyinin, prokurorluğun, müqəddəs
senod prokurorluğunun hökm, təklif və sərəncamlarının il və ayını,
nömrələrini əzbərdən bilirdi.
Adlı-sanlı vəkillərin hərarətli, emosional, patetik, insani hisslərə güclü
təsir edən gurultulu çıxışlarından sonra Qarabəy xitabət kürsüsünə qalxar,
çuxasının yaxalığını düzəldər, papağını götürüb sağ əlinin arıq, uzun
barmaqları ilə kürsünün kənarına vurub sözə başlarmış: «Cənablar,
dediklərinizin hamısını eşitdik, nitq atəşin idi, soşğun idi, lakin mülki kodeksin
filan maddəsi, ona əlavə senatın filan tarixli (ayı, ili və hətta gününü qeyd
etməklə) qərarına, ədliyyə nazirliyinin filan tarixli sərəncamına əsasən bu iş
belə həll edilməlidir.
Qarabəy danışdıqca müqabil tərəfin vəkili, vəzifə sahibləri kodeksləri,
sərəncam, qərar, tapşırıq və göstərişləri axtarıb tapmaq üçün tələsə-tələsə
cildləri vərəqləyirdilər.
Salonda olanlar bu sadəgeyimli, təvazökar vəkilə hörmət dolu
nəzərlərlə baxar, məsələnin necə həll ediləcəyini maraqla gözləyərdilər; hamı
onun hafizəsinə, məntiqinə heyran qalardı; xeyirxahlar da, bədxahlar da.
Qarabəyin, Qafqaz canişini Voronsov-Daşkovun Balaxanıda öz
mədəni ilə qonşuluqdakı Yetim Hacı Yusifin «Baba bostanı» sahəsini zəbt edib
hasara alandan sonra, yeri necə məharətlə dala almağını, yağlı tikəni sərdarın
boğazından bağırda-bağırda çıxarmağını uzun-uzadı tərifləyib öyünürdülər:
«Zarafat deyil, Qarabəy ayını ağladan mığmığdır».
Əhvalat belə olmuşdu: «Baba bostanı»nı hasara alandan sonra yerin
sahibi Yetim Hacı Yusif vəkil tutub işi məhkəməyə verməyi qərara alır və
şəhərdə vəkil qalmır ki, müraciət etməsin. Elə ki, vəkil müqabil tərəfin Qafqaz
sərdarı olduğunu eşidirdi, o saat bu işdən boyun qaçırırdı; hələ bəziləri
eyhamla, zarafatla deyirmiş ki, bu ayı ilə bir çuvala girmək kimi bir şeydir,
adamın üz-gözünü cırmaqlayar, qarnını yırtar, boğar, çətin işdir, arxası Nikolay
padşaha bağlıdır.
Axırda mülk sahibi Yetim Hacı Yusif gedir Qarabəyin yanına, yalvarır
ki, əl mənim, ətək sənin, əlimi kəs, amma ətəyini üzmə.
Qarabəy razılaşır, birbaşa Peterburqa (indiki Leninqrad) yollanır, üç-
dörd ay əlləşəndən sonra Bakıya senat komissiyası ilə qayıdır. Komissiya
üzvlərini mindirir iki faytona, aparır düz Balaxanıya - hasara alınmış yerin
qabağına. Komissiya üzvləri yoldan ötən müsəlman, rus, erməni və
yəhudilərdən soruşurlar ki, bu yerin adı nədir? hamı cavab verir ki, Yetim Hacı
downloaded from KitabYurdu.org
10
Yusifin «Baba bostanı». Həmin adamların adını kağıza yazıb qol çəkdirirlər,
savadsızlar isə barmaq basırlar.
Oradan da komissiya üzvlərini aparır məscidə, orucluğa görə adamlar
müqabilədə imiş, Quran oxuyurlarmış. Müqabilə qurtaranda, komissiya üzvləri
başlayır sorğu-suala, yüzdən çox ağzı oruclu adam qəsəm edib Qurana əl
basaraq şəhadət verirlər ki, o yerin adı Yetim Hacı Yusifin «Baba bostanı»dır,
ulu babalarından qalma yurdudur, nə satıb, nə də bir kəsə bağışlayıb.
Komissiya deyilənləri qeyd edir, savadlılara qol çəkdirir, qalanları isə
barmaqlarını basır.
Qarabəy sabahı gün komissiyanı aparır Sabunçuya, sonra da ətraf
kəndlərə və bu qayda ilə arayış yazdırıb imza atdırır və komissiya ilə bərabər
dönür Peterburqa, Voronsov-Daşkov işi uduzur. Qarabəy Peterburqdan Bakıya
«Baba bostanı»nın sahibinə qaytarılması barədə qərarla qayıdır və qanunsuz
çəkilmiş hasarı Voronsov-Daşkovun öz işlər rəisinə də sökdürtdürür.
Bu hadisədən sonra Qarabəyin hörməti, nüfuzu birə min artır, hər
yerdə deyirlər ki, Qarabəy Qafqaz sərdarına qalib gəlib, zarafat deyil,
Fitilbörkdə də hörməti var.
İki ildən sonra Yetim Hacı Yusifin «Baba bostanı» yerində qazılan
quyu elə gurultulu fontan vurur ki, səsi Bakıda eşidilir, sədası Tiflisə və
Peterburqa çatır.
Yaşı doxsanı aşmış və bu əhvalatdan xəbərdar, qocaman bir
mühəndisdən xəbər aldım ki, bəs «Ayını ağladan» ləqəbi hardan çıxıb; cavab
verdi ki, bir dəfə mığmığ görür ki, ayı özünü günə verir, uçub ona yaxınlaşır.
Ayı ona acıqlanır: Rədd ol burdan, başımı ağrıtma. Mığmığ deyir: Ağladaram
səni ha, yalvararsan mənə. Rədd ol! - deyə ayı ona təpinir - sən nə zibilsən ki,
məni ağlada biləsən? Mığmığ qəzəblənir, soxulur ayının burnuna. Ayı ha
asqırır, ha fınxırır ki, mığmığı burnundan çıxarsın, mümkün olmur, əksinə,
mığmığ daha da yuxarılara dırmaşır... Ayı elə əziyyət çəkir ki, bağırtısı
meşəni, dağı-daşı başına alır, başını daşdan-daşa, qayadan-qayaya döyür.
Mığmığ isə başlayır ayının beynini gəmirməyə.
Heyvanlar tamaşaya gəlir. Tülkü əhvalatdan agah olanda ayıya deyir
ki, işin şuluqdur, yalvar mığmığa, başqa çarə yoxdur. Yalvar, diz çök! Yoxsa
ölərsən...
Ayı diz çökür, başlayır mığmığa yalvarıb-yaxarmağa. Mığmığ bayıra
çıxıb qürurla öyünür: Ayı mənə yalvardı, ayını ağlatdım, ayı mənə yalvardı.
Şəhər böyüyür, idarələr artır. Bakı dövlət palatası qurulur. Duma
nəzdində «Şəhər qərardad idarəsi» - «uprava» yaradılır. Həsənbəy Zərdabi
bələdiyyə seçkiləri barədə 1878-ci ildə «Əkinçi» qəzetində camaata belə bir
məsləhət verir: «Siz allah, intixab edən zaman, intixab elədiyiniz adamların
uzun saqqalına, böyük qurşağına, dəmir sandığının doluluğuna baxmayın.
Şəhər divanxanalarında danışıq və yazı-pozu rus dilində olacaq. Ona binaən
downloaded from KitabYurdu.org
11
gərək rus dili bilən, doğru adamlar intixab edəsiniz ki, xaçpərəstlər intixab edən
calislərin (onlar üçdən iki hissə intixab edəcəklər) arasında bizim adımızı dəxi
ziyadə batırmasınlar. Güman etməyin ki, bu məsləhəti biz özümüzdən ötrü
deyirik. Xeyr, biz buğda yeyib cənnətdan çıxmışıq. Bizi intixab edilənlərin
siyahısına yazmayıblar. Ona binaən ki...
«Nə bə şütür səvarəm,
Nə çü xər, bəziri barəm,
Nə xudavəndi-rəiyyət,
Nə qulam şəhriyarəm.»
Gündən-günə böyüyən şəhərdə ufunətdən nəfəs almaq olmurdu.
Evlərdə saxlanan mal-qara, qoşqu atlarının çoxalması, bir yandan havanı
korlayır, digər tərəfdən isə yoluxucu xəstəliklərin yayılmasına səbəb olurdu.
Bunları nəzərə alıb 1878-ci ildə ümumi kanalizasiyanı çəkməyə başlayırlar.
Şəhərdə polis şöbələrinin sayı artırılır.
Biri baş dəllal, doqquzu adi dəllal olmaqla Bakı pul birjası qurulur.
Dəllallar xaçpərəst, özləri də rus rəiyyəti olmalı idi. Şəhər ünvanlar stolu təşkil
edilir. Bələdiyyə idarəsi küçə fanarlarının sayını artırmaq və keyfiyyətini
yaxşılaşdırmaq barədə qərar çıxardır; bu boyda şəhərin küçələrində vur-tut 86
fanar varmış, onların da 72-si əyri-üyrü dirək, 14-ü köhnə çuqun sütun üstündə
dururmuş. Çuqun sütunları zavod sahibi Kokorev Bakı qubernatoruna bəxşiş
vermişdi. Fanarların hamısı ağ nöyütlə yanırdı. Bələdiyyə idarəsinin təzə
qərarına görə fanarların sayı 698-ə çatdırılır: 35 qəndil, 162 çuqun sütun, 241
dirək, 232 çuqun və 28 divar kronşteyni olmalı idi.
Dərə-təpəlikdən ibarət olan şəhər küçələrini tarazlamağa, səki və
küçələri düzəltməyə icazə verilir. Məhəllələrdə süpürgəçilər qoyulur. 1886-cı
ildə Hacı Zeynalabdin Tağıyev öz xərci ilə şəhərdə yanğın deposu düzəltdirir.
Yarmarka meydanında axşam bazarı salınır. 1886-1887-ci illərdə
telefon stansiyası tikilir. «Həftə bazarı» 1884-cü ilə qədər keçmiş müsəlman
qəbiristanı ətrafında yerləşirdi, onun yerində «Qızıllı» kilsəsini tikməyə
hazırlıq görüldüyündən, həftə bazarını Bolşoy Morskoyla (Kirov prospekti)
Telefonnı (28 Aprel) küçəsinin kəsişdiyi Səfərəlinin torpağı deyilən yerə
köçürürlər. Malağan bağı (9 Yanvar) ilə Birja (26 Bakı komissarı) meydanı
arasında da bir həftə bazarı vardı; konka, fayton və arabaların hərəkətinə mane
olduğundan, bir də bu tərəflərin mənzərəsini korladığına görə başqa yerə
köçürdürlər. Küçələrə daş döşəməyə başlayırlar. Biləcəri kəndi yaxınlığındakı
daş karxanasından qənbər, Krasnovodskdan porfrit daşı gətirtdirirlər.
Şəhərdə çoxlu bank yaradılır: «İctimai bank», «Volqa-Kama bankı»,
«Rus-Asiya bankı», «Tiflis zadəgan torpağı bankı», «Tiflis ticarət bankı»,
downloaded from KitabYurdu.org
12
«Şimal bankı», «İran bankı», «Rus sənaye ticarəti bankı», «Dövlət bankı»,
«Tacirlər bankı» və s. çoxlu maliyyə-kredit şirkətləri qurulur.
Maliyyə, iqtisadi və ticarətlə əlaqədar olan və təbəələri Bakıda işləyən
dövlətlər - İngiltərə, Almaniya, Fransa, İran, Türkiyə, İsveç, Norveç və
başqaları şəhərdə konsulxana açırlar.
1884-cü ildə neft sənayeçiləri «Sovet siezd» təsis edirlər. Bu,
Rusiyada iri burjuaziyanın ilk təşkilatlarından biri idi. Bu təşkilat sahibkarın
haqqını hökumət qarşısında qoruyur, müdafiə edir və hökumətlə bir yerdə
fəhlələrə, əməkçilərə divan tuturdu. «Sovet siezd» neftə aid bütün məsələləri
müzakirə edib qərarlar çıxardır, «Neftyanoe delo» jurnalını nəşr edir, öz
xoşuna yox, fəhlələrin tələbi ilə çox məhdud miqdarda kitabxana, məktəb və
xəstəxana, şəfaxana açırdı. «Sovet siezd» nəhəng şirkətlərin, inhisarçıların
əlində güclü təzyiq aləti idi. «Sovet siezd»ə altı il Nobel, ondan sonra 1890-cı
ildən 1916-cı ilə qədər, 26 il «Kaspiyskoe tovarişestvo» şirkətinin sədri
Kukasov qardaşları başçılıq edir.
Hacı Zeynalabdin Tağıyev beş nəfər kənardan gələn sərmayədarla
1887-ci ildə şirkət yaradır, şəhərdə konka yolu çəkməyə başlayırlar.
Bu yol 1892-ci ildə işə düşür, nəqliyyat aləminə böyük yenilik gətirir.
Səhmdarlar şirkəti konkanı işlətmək üçün Hacı Mustafa Rəsulova icarəyə verir.
Konkaya adətən, iki at, yoxuş olan küçələrdə isə üçüncü atı da qoşurdular.
Konkanın şəhər içindəki marşrutu bu qayda ilə: Seyid Mirbabayev (Azneft)
meydanından başlayıb sahil (Neftçilər) küçəsilə, İran tacirlərinin dükanları
qabağından ötüb, Mixaylovskiyə (Zevin), oradan da Merkuri (Şaumyan)
küçəsinə dönərdi. Əzəmətli, çoxmərtəbəli binalar, təmtəraqlı adlar daşıyan
bəzəkli mağazalar, pasajlar, restoran, lokanta və mehmanxanalar yerləşən
kübar məhəllələrinin dad tərəfindən keçib Marinski (Karqanov) küçəsinə
burulur, Malağan (Xaqani) küçəsinə qədər gedib həmin küçə ilə Bolşoy
Morskoya (Kirov prospekti) keçir. İki məhəllə ötüb Telefonnı (28 Aprel)
küçəsinə girib, Vağzal (Puşkin) küçəsilə davam edib, sonra da Balaxanı
(Basin) küçəsilə Quba (Füzuli) meydanına çatır, Bazar (Hüsü Hacıyev)
küçəsilə davam edib Qəssabbazarla (Yefimov Saratovtsev küçəsi ilə) üzüaşağı
enir, Voronsov (Əzizbəyov) küçəsinə dönür, coğrafiyaşünas, «Məktəb»
jurnalının sahibi və redaktoru Qafur Rəşad Mirzəzadənin mətbəəsi qarşısından
ötüb Qurubağ qabağından Vrankel (Əliheydər Qarayev) küçəsinə, oradan da
Olkinski (Caparidze) küçəsinə keçib, Mixaylovski (Zevin) küçəsi, oradan sahil
(Neftçilər) küçəsilə gedib Mirbabayev (Azneft) meydanına çatır və dövrəni
tamamlayırdı.
Vağzaldan əks istiqamətə konka yolu yenə Telefonnı (28 Aprel),
Bolşoy Morskoy (Kirov prospekti) və Malağan küçələrilə uzanır. Sonra sağ
tərəfə burulub Marinski (Karqanov) küçəsilə Qəssabbazara dönür, Bazar (Hüsü
Hacıyev) küçəsinə qədər gedir (o aradakı dik yoxuşda konkaya üçüncü at
downloaded from KitabYurdu.org
13
qoşardılar), ordan da Quba (Füzuli) meydanı, sonra da Balaxanı (Basin)
küçəsilə vağzala, Puşkin küçəsinə çatıb dairəni tamamlayırdı.
İki cür - həm yay konkası, həm də qış konkası vardı. Qış konkası
şüşələrlə bağlı, yayınkı isə açıq olardı.
Konkanı icarə edən Hacı Mustafa Rəsulovun şəhərdə bir neçə
karvansaray, mülk, mehmanxana və ticarət kontoru vardı. Karantini (Həzi
Aslanov) küçəsindəki dağılmaqda olan Qasımbəy məscidini o, təzədən tikdirib
bərpa etdirmişdi.
Qara şəhər və Ağ şəhərə, bir də Bayıla da konka işləyirdi.
Bakıda konka ilə bərabər digər nəqliyyat vasitələri vardı. Minlərlə at,
araba, qazalaq, fayton, kübarların karetaları, bir də tək-tək avtomobil...
...Bakı təzadlar şəhəri idi, bir yandan qızıl sel kimi axıb varlı
adamların seyflərinə, sandıqlarına, banklara dolur, xaricə göndərilir, digər
tərəfdən də bir loxma çörək üçün özünü oda, gözə atan adamlar gündə on-on
dörd saat işləyirdilər.
Şəhərdə sənətkarlar ordusu yaranırdı: quyuqazanlar, dartayçılar, neft
təmizləyənlər, arabaçılar, qırçılar, tuluqçular, neft daşıyanlar, nöyüt
mədənlərindəki çalalarda yığılmış nefti və dəniz qırağında su üstündəki nefti
şəlpəynən yığanlar - cındırçılar, gəmiqayıranlar, kapitanlar, mexaniklər,
çəlləkqayıranlar, bənnalar, şamtökənlər... Fanar və şamdan qayıranlar, suvaqçı,
xarrat, faytonçu, furqonçu, dəmirçi, çilingər, rəngsaz, dülgər, tornaçı, daşkəsən,
daşyonan, dəmiryolçu və onlarsa digər sənət sahibləri...
Əvvəllər nefti mədənlərdən çəlləklərdə daşıyırdılar, eyni zamanda
tuluqlara doldurub, dəvələrə yükləyib, qəzalara, kəndlərə və hətta uzaq
ölkələrə də yollayırdılar.
Arabaçılar gecə-gündüz mədənlərdən zavodlara, şəhərə neft daşıyırdı.
Bakı dönüb olmuşdu çəllək emalatxanası. Məhəllələrdə, döngələrdə, küçələrdə,
həyətlərdə minlərlə çəlləkqayıran emalatxana, çirkli su çalaları vardı. Üfunət
aləmi bürüyürdü. Mığmığ və qara milçək əlindən tərpənmək olmurdu. Sabunçu
vağzalının qabağından başlayıb Quba (Füzuli) meydanına qədər Bondarnı
(Dmitrov) küçəsi uzanırdı. Küçənin o tay-bu tayı emalatxana və çirkli su
çalaları ilə dolu idi. İş axırda o yerə çatdı ki, bələdiyyə idarəsi çəlləkxanaları
şəhərdən çıxarmaq barədə qərar qəbul etdi. Həmin qərara əsasən, on beş gün
ərzində şəhərdə bir dənə də olsun çəlləkçi emalatxanası qalmamalı idi.
XIX əsrin axırında Hacı Zeynalabdin Tağıyevin məsləhətilə neft
daşıyan gəmilərin sahibləri birləşib şirkət yaratdılar. Tağıyevin özünün də
ticarət, yük və sərnişin gəmiləri vardı.
1900-1902-ci illərdə Mərkəzi Rusiyada quraqlıq üzündən aclıq düşür,
minlərlə acyalavac Bakıya axışır; işsizlər ordusu yaranır, cinayət, macəraçılıq
həddini aşır, hökumət orqanları 15.000 ac sərgərdanı zorla gəmilərə doldurub
geri qaytarır.
downloaded from KitabYurdu.org
14
Zülm
gündən-günə
artır, ehtiyac, yarıtox, yarıac güzəran,
sahibkarların, məmurların özbaşınalığı, hüquqsuzluq fəhlələri zara gətirirdi,
onların səbr kasaları aşıb-daşırdı.
1903-cü ilin iyul ayında Bakı proletariatının məşhur, əzəmətli tətili
başlayır. 50 minə yaxın tətilçi «Məhv olsun mütləqiyyət», «Yaşasın sosializm»,
«Yaşasın hürriyyət», «8 saatlıq iş günü», «Məvaciblər artırılsın», «həbsə
salınmış nümayişçilər azad edilsin!» şüarları ilə küçələrə çıxıb çarizmə və
kapitala qarşı çıxış edir. İzdihamdan küçə və mədənlər titrəyirdi.
Fəhlələrin bu əzəmətli çıxışına RSDFP-nin Bakı Komitəsi rəhbərlik
edirdi.
Mədənlərin anbarlarında, zavodlardakı çənlərdə neft aşıb-daşır, heç
kim neft daşımır, dənizçilər gəmilərə neft doldurmurdu.
Şəhər bağına toplaşan tətilçi dənizçiləri polis qovur. Onlar da gedib
şəhər kənarında, sallaqxanada yığışırlar. Üstlərinə atlı kazak göndərib oradan
da qovurlar. Hərbi gəmilərdə çalışan fəhlə, matros, kapitan və mexanikləri
gəmilərə yük vurmağa vadar edirlər. Tətil üç həftəyə qədər sürür. Bu tətilin
təsiri nəticəsində bütün Zaqafqaziyada və Rusiyanın cənub şəhərlərində fəhlə
çıxışları başlayır.
Bakı şəhəri tətil hərəkatında fəal iştirakına görə başqa yerlərdən
fərqlənir, hərbi düşərgəyə oxşayır. Hökumət ağır cəza tədbirləri görüb tətillərə
son qoymaq istəyir. Fəhlə hərəkatı getdikcə genişlənir.
Çar hökuməti, əksinqilabi ünsürlər 1905-ci ildə erməni-müsəlman
qırğını salmaqla inqilabi hərəkatın səmtini dəyişdirməyə cəhd edirlər. Qardaş
qırğınını törədən qubernator Nakaşidzeni öldürürlər. Vəziyyət daha da
gərginləşir. Peterburqdan daxili işlər nazirinin müavini, məşhur cəllad Fon
Vanı təcili Bakıya göndərirlər. O, stansiyada vaqondan düşəndə platformalar,
meydan və küçələr jandarm və atlı kazaklar tərəfindən tutulmuşdu. Addımbaşı
mühafizə dəstəsi dayanmışdı. Kənar adamları yaxına qoymurdular. Binaların
damlarında belə soldatlar növbə çəkirdi. O ətrafda və Fon Vanın keçəcəyi
küçələrdə gediş-gəliş və bütün nəqliyyatın hərəkəti dayandırılmışdı.
Fon Vanı mühafizə dəstəsi araya alıb karetaya qədər müşayiət edir.
Atlar küçələrdən dördnala çapırdı, daş döşəmədən yan-yörəyə qığılcım
sıçrayırdı, Voronsov (Əzizbəyov) küçəsindəki 4 nömrəli mülkün qabağında
dayanırlar, Fon Van karetadan cəld düşüb binaya girir. Onu qubernator və
bələdiyyə rəisi müşayiət edirlər.
Evin dövrəsindəki küçələr polis və jandarmlar tərəfindən tutulmuşdu,
O həndəvərdə də gediş-gəliş qadağan edilmişdi.
Fon Vanın Bakıya gəlməyilə kütləvi həbslər başlanır.
Tətilçilər zora zorla cavab verirlər. Elektrik stansiyasının fəhlələri və
qulluqçuları işə çıxmırlar. Şəhərə işıq verilmir. Səhəri gün su daşıyanlar su
daşımırlar, süpürgəçilər küçələri süpürmürlər. Faytonçular, arabaçılar, konka
downloaded from KitabYurdu.org
15
sürənlər, konduktorlar işə çıxmırlar, ağ neft, şam satanlar dükanları açmırlar,
alver eləmirlər. Dalandarlar tətilə qoşulur, küçələri zibil basır.
Soldatları səfərbər edib konkanı işə salırlarsa da sərnişin tapılmır.
Fon Van hər gün səhər saat 9-da karetada güclü kazak və jandarmların
mühafizəsilə qubernatorluğa gəlir, axşama qədər tətilləri dayandırmağa
sərəncam verir. Nəhayət, silah və şallaq, zorakılıq, zülm, həbs və sürgün
gücünə tətilləri qismən boğurlar.
İnqilab hərəkatını boğmaq üçün, tətillər bir daha təkrar olunmasın
deyə 1906-cı ildə Nikolayın fərmanı ilə bir neçə şəhərdə - Peterburqda,
Moskvada, Kiyevdə, Tiflisdə və Bakıda şəhər rəisliyi (qradonaçalstvo) yaranır.
Martınov adında bir cəllad (qradonaçalnik) Bakı rəisi təyin edilir. Bu
qəvi cüssəli, zəhmli, əzazil adamın rəngsiz, bozumtul, xırda gözlərindən qəzəb
yağırdı. seyrək, kürən saçları vardı. Polkovnik libası geyər, çiynindən asılmış
enli baftadan sallanan şaşkanın ucu yerlə sürünər, tez-tez çəkmələrinə məhmiz
taxardı. Boynundan asdığı zağlı polad xaç par-par parıldayardı, polad xaçın
çox böyük imtiyazları vardı. Martınov özü üçün xüsusi fayton düzəltdirmişdi.
Bu fayton iri və içi dərin idi. Arxa tərəfdə üç nəfər otura bilirdi. Çox vaxt
faytonla yanaşı, piyada yeriyirdi. Qoçular Martınovun adı gələndə zağ-zağ
əsər, uzaqdan görəndə gizlənərdilər. Küçədə təsadüfən rast gələndə isə yerə
qədər əyilib təzim edər, sonra da qabağında quruyub, dirək kimi dik
dayanardılar. Qoçular buxara dərisindən hündür papaq qoyardılar. Martınov
başladı qoçu papaqlarını qısaltmağa. Hündür papaqlı qoçunu görəndə yavərə
him edərdi; o da, qoçunun papağını götürüb qəmə ilə ikiyə bölər, aşağı
hissəsini qoçunun başına keçirdər, üst hissəsini isə üstünə tullayar, ya da ki,
yerə atardı. Qradonaçalnik qubernatora yox, birbaşa Peterburqa tabe idi.
Böyük səlahiyyəti vardı. Martınov «tətil» və «tətilçi» sözünü eşidəndə
qəzəblənib özündən çıxar, dövlətə və hökumətə ağ olanları huşunu itirənə
qədər şallaqladar, al-qan içində əl-ayağına buxov taxıb elə itirdərdi ki, nə
yerini bilən, nə də sorağını verən olardı.
Tez-tez faytonda ayaq üstə dayanar və atları dördnala çapdırardı.
Adamlar bir-birini Martınovla qorxudardılar. Şəhər rəisliyinin idarəsi Mixaylov
- sahil (Neftçilər) küçəsi ilə Bağ (Çkalov) küçəsinin tinində (həkimlər evi) idi.
Bir eyvanı qubernator bağına, ikincisi isə dənizə baxırdı. Özü də o binada
yaşayırdı. Gecə-gündüz qapısında gözətçi qaradovoy dururdu. Baş qapının
üstündə, bir də tində iri qaz fanarı asılmışdı, axşamlar məhəllə elə çıraqban
olurdu ki, göz qamaşırdı...
Tətilə yol verməmək, «özbaşınalığın» qabağını almaq üçün iri neft
sahibkarlarının «Sovet siezd»i polis xərcləri üçün ildə 535 min manat pul
verərdi.
Şəhər rəisliyi inqilab və tətil sözü eşidəndə bütün məsələlərə qarışır və
tez də tədbir görürdü. Hətta İrandakı Səttarxan hərəkatı ilə əlaqədar Tiflisdən
downloaded from KitabYurdu.org
16
1908-ci ilin sentyabr ayında Bakı şəhər rəisliyinə aşağıdakı məzmunda məktub
gəlir: «Qafqaz canişinliyinin aldığı məlumatlara görə, Bakı sakini Hacı
Zeynalabdin Tağıyev İrandakı inqilab hərəkatına maddi yardım göndərir.
Yardımı kəsmək üçün müvafiq tədbirlər görülsün».
Həmin ilin oktyabr ayında Bakı şəhər rəisliyinə bir sərəncam da gəlir:
«Qafqazda inqilaba hüsn-rəğbət bəsləyən bir sıra müsəlmanlar İran
inqilabçılarına pul və silahla kömək edirlər. Böyük vəsait sahibləri olan Bakı
sakinləri Muxtarov və Tağıyev də həmin şəxslərdəndirlər. Canişinin tapşırığını
nəzərinizə çatdırmağı özümə şərəf hesab edib, bu şəxslərin fəaliyyətinə gizli
nəzarət təyin edilməsini xahiş edirəm».
Qalabəyi yuxarıdakı tapşırıqlar əsasında Tağıyev və Muxtarovla
danışıb onları başa salır ki, Rusiya çar hökuməti İran şah hökuməti ilə dostdur.
Belə hərəkət dost İran hökumətini narazı salar və aradakı münasibət pozula
bilər. İrana yardım göstərməyi kəsmək lazımdır.
Hacı Zeynalabdin Tağıyev qalabəyinə cavab verir ki, biz inqilabçılara
heç bir kömək etmirik. İranda qarışıqlıq nəticəsində qırılanların çoxlu yetim
uşaqları, dul arvadları, qoca ata-anaları qalıb. Acından ölürlər. Xəstəlik
gündən-günə artır. Biz əlsiz-ayaqsızlara kömək edirik. İslam şəriətinə görə o
zəlillərə maddi yardım göstəririk. Etməsək kafir olarıq.
Bakı böyüyür, inkişaf edirdi. 1906-cı ildə ağ neft fanarlarını elektrik
çıraqları ilə əvəz edirlər. Hacıbaba Aşurov Kaspi (leytenant Şmidt) küçəsində
elektrik stansiyası tikdirib, küçələrə dirəklər basdırmaq üçün bələdiyyə idarəsi
ilə müqavilə bağlayır. 1907-ci ildə şəhərdə avtomobil hərəkatı haqda bələdiyyə
idarəsi qərar çıxardır.
...Bakı əzəmətli inşaat meydanlarına oxşayırdı, hər yerdə bina, mülk
tikilir, vışka qurulur və bunların hamısına da çoxlu tir, dirək, taxta, şalban tələb
edilirdi. Gəmilər Rusiyadan ardı-arası kəsilmədən ağac daşıyırdı.
Şəhərdə bir neçə taxta-şalban şirkəti vardı: Adamov qardaşları,
Ələsgər Hacıyevin kompaniyası, Mirzəyev firması, Makarov və Sərkisov
şirkəti və s. 1900-cü ildə şəhərdə 14 nəhəng odun anbarı, 106 neft şirkəti, 16
neft kəməri, 56 mexaniki emalatxana vardı.
Əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyevin toxuculuq fabriki işə
düşür. O burada fəhlələr üçün məscid və onların uşaqları üçün xüsusi məktəb
tikdirir və iki növbədə dərs deməyə öz xərcinə müxtəlif yerlərdən müəllimlər
dəvət edir, eyni vaxtda fəhlələrin savadlanması üçün axşam kursları,
dərmanxana və tibb məntəqəsi açır. Dəyirman tikdirir.
Fabriki işə salmaq o qədər də asan başa gəlməmişdi. Altı il ağır əmək
sərf edilmişdi, 5.000.000 manat qızıl pul... Təkcə fabriki tikdirməyə icazə
almaq üçün ətək-ətək pul xərclənmişdi. Rus toxuculuq sənayesinin kralı hesab
edilən Morozov başda olmaqla nəhəng fabrikantla üz-üzə gəlib mübarizə
aparılmışdı. Onlar pambıq tarlalarının Bakıya yaxın olmasını nəzərə alıb
downloaded from KitabYurdu.org
17
məhsulun ucuz tamam olmasından, İran, Türkiyə, Türküstan bazarının əldən
çıxmasından qorxur, rəqabətdən narahat idilər. Qafqazın özündə bezin
qiyməti birdən-birə neçə dəfə ucuzlaşırdı. Bu hesabdan Yaxın Şərq və Orta
Şərq, müsəlman aləmi bazarlarında da eyni vəziyyət təkrar olacaqdı. Fabrikin
dəzgahları İngiltərədən gətirilmişdi.
Buxara əmiri əhvalatdan xəbərdar olanda Tağıyevə təklif etmişdi ki,
gəl fabriki Buxarada, ya da Səmərqənddə, Xivədə tik, nə qədər pambıq lazım
olsa təmin edərəm. Hacı Zeynalabdin onun təklifini rədd edib demişdi ki, bizə
fabrikin məhz Bakıda olması sərfəlidir. Peterburqda Yermolov adında ali
rütbəli bir əyan fabrikin tikilməsinə icazə verilməsinə çox kömək etmişdi.
Fabrik işə düşəndən sonra təxribatçılar gecə vaxtı yanğın törətmişdilər. Fəhlələr
əl-ələ verib çox çətinliklə yanğını söndürə bilmişdilər, mal və avadanlıq
xəsarəti olmuşdu. Bu fabrik Rusiyada dövrünün ən müasir texnikası ilə təchiz
edilmiş müəssisələrdən biri idi. Buraya Avropadan 2.500 maşın və dəzgah
gətirilmişdi. Fabrik ildə otuz milyon arşın bez buraxacaqdı. Bu əmtəəni o
zamankı pula çevirdikdə qızılla 1.700.000 manata bərabər idi. Fabrikin inşasına
1.600.000 manat xərc qoyulmuşdu. Bu fabrik o zaman Rusiyada mövcud olan
29 toxuculuq fabrikindən biri, Azərbaycan sənayesi üçün isə yeni sahə idi.
Təkcə Bakıda yox, o, ümumiyyətlə Qafqazda yeganə və ilk parça toxuculuq
fabriki idi. Çox təəssüf ki, bu fabrikə yalnız bez buraxmağa icazə verilmişdi.
Mərkəzi Rusiyadakı toxuculuq fabrikasının sahibləri qoymamışdılar ki,
çit və digər parçalar buraxılsın. İstehsal olunan parça ilk illərdə Qafqazda,
Türküstan da və İranda satılırdı. Lakin üç-dörd il keçəndən sonra müsəlman
məmləkətlərində ölülərin dəfni üçün, Ərəfə libası üçün Məkkəyə, həcc
ziyarətinə gedən zəvvarlar, Kərbəla və Xorasan ziyarətinə yollananlar Tağıyev
fabrikinin bezini alırdılar ki, onu müsəlman fəhlə və ustaları toxuyur, pakdır.
XX əsrin əvvəlində Bakıda 200-dən çox irili-xırdalı zavod və fabrik
vardı.
Çox dövlətli olmasına baxmayaraq bu şəhərin küçələrində hələ də,
neft fanarları yandırılırdı. Bir neçə mərkəz küçəsində elektrik işığı vardı:
Nikolayev (Kommunist)
*
; Velikoknyaz (Zevin), Olkinski (Caparidze),
Torqovıy (Nizami), Telefonnı (28 Aprel)... Bir də bulvarda.
Elektrik stansiyası fəhlələri, küçə fanarlarını alışdıranlar tətilə
qoşulanda şamqayıranların, şam satanların bir də ağ neft satan dükançıların
bazarı gur olurdu, yaman pul qazanırdılar.
Bakı bələdiyyə idarəsinin keçmiş baş memarlarından Zivərbəy
Əhmədbəyov deyirmiş ki, Bakı öz inkişaf sürətinə görə dünyada yeganə
şəhərdir.
*
Mötərizələrdə küçələrin indiki adı göstərilir. (Red.)
downloaded from KitabYurdu.org
18
Bu illərdə Dövlət senatı Bakı üçün gerb təsdiq edir. 1900-cü ilin may
ayında Bakı bələdiyyə idarəsinin yeni binasının (indiki Bakı şəhər İcraiyyə
Komitəsinin binası) bünövrəsi qoyulur. Bu bina öz əzəməti və gözəlliyinə görə
şəhəri bir daha məşhurlaşdırmalı idi. Memar Qoslavski layihə üzərində
sənətkarlığını, ilhamını əsirgəmədiyi kimi, şəhər bələdiyyə idarəsi də pul
əsirgəməmişdi. Qafqaz canişini layihəni təsdiq etmişdi. Bina 400.000 manata
başa gəlmişdi. Binanın fasadını bəzəmək üçün İtaliyadan qırmızı kərpic, əlvan,
güllü-çiçəkli mərmər və digər əşya gətirmişdilər. 1870-ci ildə təsis edilmiş
Şəhər İdarəsi «Qoşa qala» qapısının yanındakı iki-mərtəbəli mülkdən 1904-cü
ildə Şirvan darvazası yanındakı təzə əzəmətli binaya köçdü.
Qoslavskinin vəfatı (1904-cü ildə) münasibətilə yazılan nekroloqda
deyilirdi ki, şəhərin bələdiyyə idarəsi nəhəng memarın tükənməz ilhamının,
parlaq istedadının məhsuludur. Bakı müsəlman qız məktəbinin və bir neçə
gözədəyimli mülkün, binanın da layihəsini o işləmişdi.
Bakı bələdiyyə idarəsi Rusiyada ən dövlətli bələdiyyə idarəsi idi.
Qafqaz canişini oturan Tiflis şəhərinin bələdiyyə rəisi ildə 4.000 manat maaş
aldığı halda, Bakı milyonçuları lovğalıqla Kursk şəhərindən ildə 20.000 manat
maaşla Rayevi bələdiyyə rəisliyinə dəvət etmişdilər. Halbuki Rusiya
imperiyasının nazirləri ildə 15.000 manat maaş alırdılar. Bakı milyonçularının
bu avam «Səxavəti» dəfələrlə qəzet felyetonlarında lağa qoyulmuşdu.
Rayev də öz həmyerlilərini Kurskdan Bakıya gətirib yüksək maaşla
işlədirdi. Şəhərə lazım olan bütün mayəhtac və avadanlığı Kursk zavodlarına
sifariş verirdi. Bir dəfə Dumanın iclasında, Bakıdakı ictimai ayaq yollarında
aftafa qoymağı qərara aldıqda kimə və hara sifariş verməyi müzakirə edəndə,
bələdiyyə üzvlərindən Əngüştər Kərbəla İsrafil Hacıyev söz alıb deyir ki,
«Cənab Rayev, aftafaları, yaxşı olardı, Kursk zavoduna sifariş verəsiz. Bir də,
dörd aydır müsəlmanların Şeyxülislamı vəfat edib, yeri boşdur, mümkünsə
Kurskdan bir Şeyxülislam da gətizdirəsiz...» Kərbəla İsrafilin Şamaxı
yolunda (C. Cabbarlı küçəsindəki) mülkü (Oktyabr Rayon Xalq Deputatları
Soveti yerləşən bina) şəhərin ən gözəl memarlıq nümunələrindəndir. Binanın
xarici görünüşü lakonik ve fövqəladə olduğu qədər daxili bəzəkləri də diqqətə
layiqdir. Əsl modern memarlıq üslubunda tikilib.
Əngüştar ləqəbini Kərbəla İsrafilə qubernatorun arvadına brilyant
üzük bağışladığına görə vermişdilər... Bakı Duma seçkiləri barədə yazılmış
felyetonda da adı çəkilmişdi:
Fəryad o zamandan ki,
Dum seçkisi başlandı,
Kim oldu şahid əvvəl,
İsrafil Ənküştər...
downloaded from KitabYurdu.org
19
Bələdiyyə idarəsi ilə üzbəüz mülkdə, müqəddəs Nina rus qız məktəbi
yerləşirdi. Qubernator bağının qabağındakı Mirzəbəyovun yeddimərtəbəli evi
dörd-beş ilə tikilmişdi. Bu mülkün yerində əvvəllər xırda daxmalar vardı.
sahibkar camaatın hamısına pul verib başqa yerə köçürtdürür. Tək bircə nəfər
Hacı Qarabala uşaqlarından Hacı Zülfüqar Manafov yerin dəyərindən neçə qat
artıq təklif edilən pulu rədd edir, mülkünü satmır. Mirzəbəyov nə qədər fənd
işlədir, minnətçi salır, çoxlu pulla şirnikdirirsə səyləri boşa çıxır. Yurd yiyəsi
deyir ki, kişi olan kəs ata-baba mülkünü yad adama, yersiz-yurdsuz biganəyə
satmaz. Pul əl çirkidir. Hacı Zülfüqar Manafov deyir ki, o yerdə elə bina
tikdirəcəyəm ki, yeddimərtəbə gözdən düşsün. Üçmərtəbə bir mülk tikdirir, O
balaca mülk yeddi mərtəbədən daha çox diqqəti cəlb edir. Küçə tərəfdən xırda
görünsə də həyət tərəfdən çox iridir. İndi həyət olan yerdə Hacı Zülfüqarın
hamamı vardı.
Küçəyə baxan balaca mülkün birinci mərtəbəsindəki kiçik dükanda
alma, armud, cərco qovunu, üzüm, limon, portağal, narıngi satırdılar.
Yeddimərtəbəli mülk renesans - təsəddüd üslubunda olmaqla, klassik
elementlərdən geniş istifadə edilmişdir, özülü 1911-ci ildə qoyulmuşdu və
1915-ci ildə tikilib qurtarmışdı. Mirzəbəyov birinci dünya müharibəsinin
uzandığını, işlərin get-gedə qarışdığını görüb mülkü Musa Nağıyevə 1.200.000
manat qızıl pula satıb, pulları köçürdür Amerika banklarına. Özü də çıxıb gedir
Nyu-Yorka.
Dalanın o tayındakı ev bir ilə (1893-1894) tikilib. İran şahı
Müzəffərəddin Avropa səyahəti zamanı Bakıya gələndə bu binada qalmışdı. Bu
bina klassik memarlıq üslubunda olmaqla müəyyən dərəcədə müasirlikdən də
istifadə edilib. Sadovıy (Çkalov) küçəsindən dəniz sahilinə enən yerdə, keçmiş
qəbiristanlığın qabağında Sadıqovun dillər əzbəri olan mülkü durur, xarici
bəzəyinə, naxışlarına görə o, memarlıq nümunəsidir. Deyilənə görə camaat
Sadıqova zarafatla deyib ki, ay Kərbəlayı, bu qədər pulu havaya sovurdun, bura
nə yerdi ki, mülk tikdirmisən. Sadıqov da cavab verib ki, «avam danışmayın,
görün bura nə qədər yaxşı yerdir ki, goburnat mənim üçün evimin qabağındaca
bağ-bağça saldırıb». Bu mülkdə Şərq və Azərbaycan milli memarlığından
istifadə edilib.
Qazıyev bir az yuxarıda, Çəmbərəkəndindəki qayalıqda, gəmiyə
oxşayan üçmərtəbəli imarət tikdirdi. Binaya köçən günün sabahı, nökər xəbər
verir ki, gecə darvazanı açıb, faytonun təkərlərini çıxarıb aparıblar. Qazıyev
bunu eşidən kimi birbaş birjaya yollanır, dəllal tapıb mülkü satdırır.
Külfətini elə o günü başqa mülkə köçürtdürür... Soruşurlar ki, o həvəslə
imarəti tikdirdin, bəs niyə satdın. Cavab verir ki, fikirləşdim ki, o tərəfləri
abadlaşdırarıq, pəyələrin, tövlələrin yerində əməlli-başlı bazar-dükan
düzəldərik. Qonum-qonşuya əl tutaram, əlləri işə-gücə çatar. Elə bir dəyəri
olmayan fayton təkərini oğurlayan məhəllədə yaşamaq düzgün deyil.
downloaded from KitabYurdu.org
20
«Səfa» məktəbinin mərtəbəyarımlıq, səkili mülkü Çəmbərə kəndində
Qazıyev mülki yaxınlığında tikilmişdi.
Şəhərdə mal daşıyan qoşaçarx arabaların, yalak olmasın, otuz faizi
Çəmbərəkənddə idi. Məhəllənin o həyəti yox idi ki, iki, üç, hətta beş qoşaçarx
araba olmasın. Axşam düşəndə küçələrdə qoşaçarx arabalar yan-yana
düzülərdi. Aləm peyin içərisində olardı. Çoxlu mal-qara, qoyun-quzu da
saxlanardı. Məhəllədən kənarda buğda, arpa zəmiləri vardı.
Böyük Çəmbərəkənd (Lermontov) küçəsinin başlanğıcında Ağa
Qədirovun üçmərtəbəli mülkü və hamamı yerləşir. Binanın birinci
mərtəbəsində doktor Məhəmməd Rza Vəkilovun müalicəxanası yerləşir. Cümə
axşamları kasıblara havayı baxır, dərman da verirdi. O mülkə bitişik
ikimərtəbəli binada «Səadət» məktəbini açmışdılar; sonra başqa yerə
köçürtdülər. Bu məhəllədə və bütün şəhər üçün böyük əhəmiyyəti olai iki küçə
- Vodovoznaya (Şirşov) və Kolodezna (Ağamalıoğlu) küçələri vardı. Çoxlu su
quyusu qazmışdılar, arabaçılar su daşıyıb əhalini içməli su ilə təmin edirdilər.
Bu iki küçənin yaxınlığında iki məşhur mülk diqqəti uzaqdan cəlb edirdi: biri
doktor Əbdülxalıq Axundovun sərdar Bünyadov küçəsilə Mehdi Hüseyn
küçəsinin kəsişdiyi tində ucalan mülkü, ikincisi Mirzə Fətəli bağına baxan
Mironovun əzəmətli imarəti. Hər biri gözəl memarlıq nümunəsidir.
Əylənmək üçün Şirvan darvazası qabağında ağac və taxtadan bina
tikdirmişdilər, üstdən də suvaqlatdırıb ağartmışdılar, adını da qoymuşdular «Ağ
klub». Güclü xəzri əsən gecələrin birində yanğın düşür, bina yanır. Güman
edirdilər ki, qərəzlə, qəsdən yandırıblar. «Ağ klub»da yaman qumar
oynayırdılar. Dövlətli adamlar, qoçular kələkbazlar burda yığılıb səhərə kimi
əylənərdilər, tez-tez dava-dalaş düşərdi.
«Ağ klub» yanandan sonra sərvət sahibləri bələdiyyə idarəsini vadar
edirlər ki, şəhər bağından bir parça ayırıb yay klubuna versin. Binanın
layihəsini mahir arxitektor Ter-Mikelova tapşırırlar. O, Monte-Karlo şəhərinə
ezam edilir ki, oradakı filarmoniyaya baxsın, onun layihəsi ilə tanış olsun. Bakı
üçün də eynilə belə bir imarətin layihəsini işləsin. Deyilənlərə görə, Monte-
Karlo filarmoniyasının binası gözəllikdə Avropada birinci yerlərdən birini
tutur. Binanın meydanından dəniz sahilinə doqquz terras -meydan enir. Ter-
Mikelov səfərdən qayıdandan sonra filarmoniyanın layihəsini hazırlamağa
başlayır və bu işin öhdəsindən bacarıqla gəlir.
Sadovıy (Çkalov) küçəsinin Nikolayev (Kommunist) küçəsilə
kəsişdiyi yerdə dörd mülk - Yay klubu (filarmoniya), Sadıqovun evi, Hacı
Zeynalabdin Tağıyevin tikdirdiyi Marinski rus qız gimnaziyasının binası, bir də
ondan azca aşağıda Rotşildin işlər rəisi Deburinin order memarlıq üslubunda
tikdirdiyi, sonra da «Kavkazskoe tovarişestvo» şirkətinə satdığı bina (R.
Mustafayev adına İncəsənət muzeyi) gözəllikdə, lakoniklikdə bir-birilə bəhs
edir.
downloaded from KitabYurdu.org
21
Deyilənlərə görə, «Kavkazskoe tovarişestvo» neft şirkətinin başçısı
filarmoniyanın layihəsini işləyən memardan xahiş edib ki, yay səhnəsini onun
yaşadığı mülk ilə üzbəüz tikdirsin ki, balkonda oturub çalıb-çağıranlara tamaşa
edə bilsin. Bir də istəmirmiş ki, evin qabağında lal divar ucalsın. Memarlıq
qanununa görə səhnə həmişə giriş qapısı ilə üzbəüz olmalıdır, yay klubunda
(filarmoniyada) isə əksinədir.
Bakı proletariatının izdihamlı və uzun sürən tətillərindən biri qələbə
çalanda, neft sənayeçiləri fəhlələrlə kollektiv müqavilə bağlamağa, onların
tələblərinin çoxunu qəbul etməyə məcbur olmuşdular.
Milyonçular bir-birinin bəhsinə çoxlu möhtəşəm binalar
tikdirirdilər. Bu mülklər bir-birinə oxşamadığı kimi, hər birinin özünə xas
gözəlliyi var.
Az müddətdə Bakıda bir neçə əzəmətli məbəd-məscid və kilsə
tikilmişdi: «Qızıllı», yaxud «Aleksandro-Nevski» kilsəsi, «Təzəpir məscidi»,
«Əjdər-bəy» və yaxud «Göy məscid», «Budaqov» kilsəsi, iki «Kirx» və s.
«Qızıllı» yaxud «Aleksandro-Nevski» kilsəsi şəhərin mərkəzində
ucaldılmışdı. Onun qızıl rənginə çalan, par-par parıldayan qübbələri on
kilometrlərlə uzaqdan görünür, səfərdən qayıdan gəmilərin kapitanları səmti
o qübbələrlə müəyyənləşdirirdilər. III Aleksandr Bakıda möhtəşəm kilsə
tikmək üçün pul buraxır və şərt qoyur ki, əzəmətli və yaraşıqlı olmalıdır.
Memarlar məsləhətləşib qərara gəlirlər ki, Novı Afon kilsəsinə oxşar,
lakin ondan daha üstük bir məbəd tiksinlər. Akademik Marfeld baş memar
təyin edilir. Novı Afondan çertyojların surətini gətizdirirlər. Layihə tamam
olanda görürlər ki, buraxılan məbləğ azdır. Başlayırlar «ianə» toplamağa.
Bakıda toplanan 200.000 manat ianənin 150.000 manatını əhalinin
əksəriyyətini təşkil edən müsəlmanlar ödəyir.
1888-ci ilin payızında, oktyabr ayının əvvəllərində imperator III
Aleksandr Tiflisdən ailəsiylə - arvadı, iki oğlu, bir də böyük məiyyəti ilə
Bakıya gəlir. Vağzal başdan-başa təntənəli mərasim üçün xalı-xalça,
bayraqlarla bəzədilmiş, hasarların üstündə və birmərtəbəli binaların
kəlləbəndlərində bir-birindən bir arşın aralı qoyulmuş qara çıraqlar yanırdı.
Milyonçular, tacir və əyanlar bir tərəfdə, yüksək rütbəli mülki və hərbi
məmurlar digər tərəfdə, silahlı soldatlar divar kimi amadə durmuşdular. Şahanə
qatar stansiyaya girir. Az sonra çar III Aleksandr şahanə vaqonundan hərbi
libasda düşür. Hamı papağını götürür, Tağıyevdən başqa, Qubernator təkid
edirsə, o qulaq ardına vurur. Hacı Zeynalabdin Tağıyev ortada, qubernator bir
tərəfində, şəhər bələdiyyə rəisi digər tərəfində III Aleksandra yaxınlaşırlar.
Hacı xoşamədi deyir. Çar ona papağını çıxarmadığı üçün tünd-tünd baxır və
soruşur: «Çey vı podannıy?» (sən kimin rəiyyətisən?). Qubernator Hacıya
pıçıldayır de ki: «ya podannıy vaşeqo veliçestva» (siz əlahəzrətin
təbəəsiyəm).
downloaded from KitabYurdu.org
22
Hacı Zeynalabdin öz bildiyini deyir: «Ya podannıy Russkoy imperii».
III Aleksandr vağzaldan keçib meydana enir və şahanə karetaya
oturur.
III Aleksandrın şəhərdən keçmə mərasimini şəxsən görmüş bakılı
dülgər Mütəllib kişi maraqla nəql edirdi:
Padşahın gəlməyinə üç gün qalmış carçılar küçələrə düşüb car çəkə-
çəkə şəhər əhlinə xəbər verdilər ki, əlahəzrət şəhərimizə varid olacaq.
Vaxt çatanda, camaat səhər tezdən çarın keçəcəyi Balaxanı (Basin)
küçəsinə, Quba (Füzuli) meydanına və Bazar (Hüsü Hacıyev) küçəsinə gəlir. O
vaxt həmin küçələr birmərtəbəli binalarla əhatə olunmuşdu. Vağzaldan, ta
keçmiş müsəlman qəbiristanına qədər yolboyu küçələrə, meydana xalı-xalçalar
döşəmişdilər. O tay, bu taydakı alçaq binaların damlarında qara çıraqlar
qoymuşdular, hamısı da yanırdı. Hər iki tərəfdə səkilərin qırağında soldatlar
durmuşdular; tüfəngləri hazır saxlamışdılar. Camaat isə soldatların arxasında,
qabaqda ruslar, dal tərəfdə başqa millətlər dayanıb həyəcanla, maraqla çarın
gəlməyini gözləyirdilər. Bir də gördük ki, uzaqdan padşahın qızıl-gümüş
bəzəkli karetası gəlir. Quba meydanına səmt götürmüşdü; karetanı daldan atlı
kazaklar, yanlardan jandarmlar müşayiət edirdilər. Camaat da arxada yeriyirdi
Birdən bir nəfər qoca müsəlman kişi, əlində də məşəl, mühafizə dəstələrinə
baxmayaraq, karetanın qabağına atılıb başladı meydana tərəf qaçmağa,
İmperatoru müşayiət edən kazaklar atlarını məhmizləyib, bir anda məşəlli qoca
müsəlmanı araya alıb tutdular.
Bu mənzərəni karetadan görən imperator, atları saxlatdırdı, əmr etdi
ki, məşəlli qosanı yanına gətirsinlər.
Qoca diz çöküb təzim edir, əlindəki ərzi-halı çar uzadır. O da kağızı
dilmanca verib nə yazıldığını xəbər alır. Mətləbdən hali olanda, çarın
dodaqları qaçır, gülümsəyir, yavərinə nə isə tapşırır. Qocanı buraxırlar. Sonra
məlum olur ki, qocanın oğlu sözünə baxmır, onu incidir, xərclik vermir. Oğlan
şəhər dumasında qulluq sahibi idi. Rəvayətə görə çar əmr edir ki, kişiyə
oğlunun rütbəsindən bir pillə yüksək çin - ad verilsin ki, oğlan onun sözünə
qulaq assın, üzünə qayıda bilməsin, sözündən çıxanda atası qanunla onu
cəzalandıra bilsin.
Kareta köhnə qəbiristan tərəfə yönəldi.
Qəbiristanı təmizləyib, kilsə binası üçün özül qazmışdılar. Ətrafdakı
alçaq binaların üstü tamaşaçılarla dolu idi.
Kareta yaxınlaşanda əhali əl çaldı. III Aleksandr qabaqda, dalınca iki
keşiş karetadan düşüb özülə endilər. Keşişlərin hər biri çara qızıldan balaca bir
kərpic verdi. Eyni zamanda başladılar mərasim duası oxumağa, Çar qızıl
kərpicləri şahanə sincab mantosunun ətəyilə silib öz əlilə özülə qoydu. Bakı
milyonçuları da, hərə öz adına layiq qızıl doldurulmuş mücrünü, qapaqlı mis
qabı və taxta qutunu imperatora verdilər ki, özül dəfinəsinə qoysun. III
downloaded from KitabYurdu.org
23
Aleksandr verilən hədiyyələri və inşaat tarixi yazılmış sicili də bünövrəyə
qoydu. Keşişlər avazla ucadan dua oxudular. Bənnalar özül divarını hörməyə
başladılar.
Səhəri gün carçılar bəziləri piyada, bəziləri dəvə üstündə, küçə və
bazarlarda gəzib car çəkdilər ki, camaat, eşidin və agah olun, eşitməyənlərə də
xəbər verin, padşah dustaqlara mərhəmət edib, bağışlayıb. Özü Kömürçü
meydanı ilə Quba meydanı arasındakı mərkəzi həbsxanaya gedib dustaqları
azad edəcək. Tamaşa etmək istəyənlər dustaqxana qabağına gələ bilərlər.
Camaat səhər tezdən qazamat qabağında idi. Mən də getmişdim.
Cavan vaxtım idi, kənarda dayanıb tamaşa edirdik. Atlı kazakların araya
aldıqları çarın karetası gəlib qazamatın dəmir darvazası qabağında dayandı.
Padşah düşdü, zəhmli, yekəpər və kürən adam idi. Pişik gözü kimi parıldayan
gözlərindən od yağırdı. Yanındakılara əlilə nə isə işarə etdi. Nəhəng dəmir
darvazanı açdılar. Dustaqları bir-bir Qanlı təpə (I Sverdlov) küçəsinə
buraxmağa başladılar. Qorxa-qorxa yeriyən dustaqlar ikiqat əyilib özlərini
mümkün qədər divar tərəfə verirdilər. Görünür, padşahın qəzəbli görkəmi,
zəhmi onları lərzəyə salmışdı.
O gün mollalar böyük mərhəmətinə görə camaatı məscidlərə yığıb dua
oxuya-oxuya çara təşəkkür edir, özünə və ailəsinə cansağlığı, taxt-tacının yüz
illərlə bərqərar olmasını diləyirdilər. Bu əhvalatdan bir ay keçməmiş,
jandarmlar evbəev düşüb çar tərəfindən buraxılmış dustaqları asi adlandıraraq
təzədən tutub qazamata saldılar.
Üçüncü gün çar ailəsiylə neft mədənlərinə tamaşaya gedir.
Milyonçular çarı Sabunçu stansiyasında duz-çörəklə qarşılayırlar. Bir neçə
yerdə bəzəkli, tağlı darvazalar qurulmuşdu. Darvazalardan birini mədən
avadanlıqlarından qayırmışdılar. Möhtərəm qonaqlar Nobel qardaşlarının neft
anbarlarına, sonra Şəmsi Əsədullayevin neft vuran stansiyasına və güclü neft
verən üç buruğa tamaşa edirlər. Bir buruğun qabağında fontan zamanı quyudan
çıxan daşları üst-üstə qalamışdılar. Daşların yer altından qaz gücünə çıxmasına
adam inana bilmirdi. Əlahəzrət kanat üsulu ilə qazılan bir quyuya da baxır.
Camaat və fəhlələr qonaqların qabağına çıxır.
Neft milyonçuları imperatoru və onun ailəsini qəbul etmək üçün iki
yerdə xüsusi çadır - pavilyon qurmuşdular.
İmperator onu müşayiət edənlərlə əvvəldən iki yerdə - Avropa və Şərq
üslubunda düzəldilmiş çadırların birincisinə girir. Oturandan sonra çadırın
ətəklərini qaldırıb, fontan vuran quyunu nümayiş etdirirlər. Çay içib, şirniyyat
yeyə-yeyə fontana maraqla tamaşa edirlər. Sonra da İransayağı bəzədilmiş
ikinci çadıra gedirlər. Qiymətli xalı və xalçalardan tağlı girəcək qurulmuşdu.
Darvazadan çadıra qədər yerə bahalı, nadir xalı, kəbə və xalça döşəmişdilər.
Çadırın içərisi ipək zər-ziba parçaları ilə bəzədilmişdi.
downloaded from KitabYurdu.org
24
Şəhərə qayıdandan sonra çarın şərəfinə ziyafət verilir. III Aleksandr
razılığını bildirib «Qızıllı» kilsəni ləyaqətlə başa çatdırmağı xüsusi tapşırır.
Sabahı gün Bakını tərk edirlər.
Kilsənin iş icraçısı arxitektor Qoslavski gecə-gündüz çalışır, bu işdə
bacarıq və istedadını əsirgəmir. Bina on ildən sonra, çar III Aleksandr öləndən
sonra hazır oldu.
Dostları ilə paylaş: |