Maraqlı bir qeyd: Kilsə zənglərinin səsi-sədası gurultulu və
möhtəşəm, daha xoş, daha məlahətli çıxmaq üçün tuncun tərkibinə qızıl və
gümüş qarışdırmaq lazım olur. Bu məqsədlə əhalidən qızıl-gümüş toplamağa
başlayırlar. Qadınlar kəmər, qolbaq, sırğa, üzük, həmayil, bilərzik, kişilər isə
təkbənd, qılınc və xəncər qınları, gümüş qab-qacaq «ianə» gətirirlər.
Nəticədə «ianə»nin əsas hissəsini müsəlmanlar ödəyir, birinci yeri
tuturlar. Zəngləri Ural zavodlarında tökdürüb hazırlatmışdılar. Ən iri zəng neçə
top ağırlığında idi. Onu çox çətinliklə və bir neçə aya gətirib Bakıya
çıxarmışdılar. Zəngin üstündə qədim Slavyan hərflərilə müqəddəs ayələr, bir
kənarında isə əllərində xaç, incil, məşəl və bu kimi dini şeylər olan kahinlərin -
apostolların qorelyefləri həkk edilmişdi. İçərisi güzgü tək par-par parıldayır,
bərq zurur, göz qamaşdırırdı. Orta və xırda zənglər də çox gözəl və ağırdı.
Böyüyündən tutmuş ta kiçiyinə qədər bütün zəngləri həndəsi tənasüblə
turmuşdular.
İsanın dara çəkilmə mərasimlərində zənglər səs-səsə verib elə
«fəryad» qoparırdılar ki, adam vahiməyə düşürdü. Şəhərin başqa
məhəllələrindəki irili-xırdalı kilsələrində zəngləri eyni tərzdə «fəryad» qoparır,
bu səslər bir-birinə qarışaraq mərasimi daha da təntənəli eləyirdi. Xaçpərəstlər
qışqırırdılar: «həzrət Məsih sağdır!..», «İsa qalib gəlir!..»; :Onun padşahlığı
əbədidir!..»
Pasxa münasibətilə «Qızıllı» kilsənin böyük qübbəsinin çıraqban
edilməsi: Bu mərasim vaxtı kilsənin ətrafında adam əlindən tərpənmək
olmurdu. Küçə hərəkəti dayanırdı, səkilər və küçələr tamaşaçılarla dolurdu.
Birdən irili-xırdalı bütün zənglər səs-səsə verərdilər, müqəddəs dua
havası çalmağa başlayanda, xaçpərəstlər diz çöküb xaç vura-vura dua
oxuyardılar, ancaq dodaqları tərpənərdi. Zəng çalan ipləri dartmaq və
buraxmaqla musiqini tənzim edər, zənglər həzin, ahəngdar, ürəkləri oxşayan,
insanı dərin düşüncələrə dalmağa məcbur edirdi. Adamlar bu mənalı musiqiyə
qulaq asmaqdan doymurdular.
Bütün şəhərdə bircə nəfər adam qalxıb əzəmətli, böyük qübbəni
təmizləyib elektrik çıraqları ilə bəzəyə bilirdi; ondan başqa bu çətin, ağır işi heç
kəs bacarmazdı. O, əvvəldən, bina tikildiyi vaxtdan divara möhkəm bərkidilmiş
dəmir pillələrlə yavaş-yavaş qalxırdı. Böyük qübbənin altına çatana qədər
tələsmədən, fasilə ilə tərpənirdi.
downloaded from KitabYurdu.org
25
Böyük qübbənin altına yetişəndə, aşağıda toplanmış izdiham təlatümə
gəlirdi. Elə bil matəmdi, zənglər tamamilə susurdu. Heç kəs cınqırını belə
çıxartmır, ətrafa məzar sükutu çökürdü.
Pilləkəndəki adam ağılagəlməyən çətinliklə, həm də böyük məharətlə
özünü qübbə ilə pillələr arasına salar və içəri tərəfdən tərsinə dırmaşmağa
başlardı.
Adam qübbənin altından, içəridən bayıra, qübbənin üstünə dırmaşanda
izdiham qorxudan dəhşətə gələrdi. Arvadlar, kişilər, oğlanlar, qızlar diz üstə
çöküb, qollarını geniş açardılar, gözlərini göyə dikərdilər, xaç vura-vura tez-
tez, astadan dua oxuyardılar, allaha yalvarardılar.
Elə ki, adam qübbənin üstünə qalxardı, yerdəkilər rahat nəfəs
alardılar, dua oxuyub, xaç vurmaqda davam edərdilər. Zənglər də təzədən
astadan səslənər, ahəngdar, həzin, ilahi musiqi sədaları ətrafə yayılardı.
Qübbənin tozunu silib təmizləyəndən sonra həmin adam yuxarıdan
aşağı və eninə, dövrələmə rəngarəng elektrik çıraqları taxardı.
Qayıdanbaş qübbənin altındakı məsafəni aşmaq daha çətin, daha
qorxulu olardı.
Yenidən intizarlı mərasim təkrar olunardı.
Elə ki, həmin adam yerə düşərdi, hamı sevinərdi. Üzlər gülər,
gözlərdən qeyri-ixtiyari sevinc yaşları axardı. Möcüzə olubmuş kimi, heç kəs
gözlərilə gördüyünə, o hündürlüyə çıraq taxıldığına və o çıraq taxanın təzədən
qübbənin altına aşaraq yerə düşməsinə inana bilmirdi. Bu, həzrət İsanın dar
ağacına, çarmıxa çəkiləndən sonra, təzədən dirilib göylərdə qeyb olmasına
oxşayırdı.
Göylərdən yerə enmiş müqəddəs adamın əlini tutmağa, ətəklərini
öpməyə can atırdılar, Üstünə nəzir, ianə yağdırırdılar.
Müqəddəs günlərdə dini ayinləri keçirmək üçün baş keşiş ruhanilərlə
bərabər kilsəyə gələrdi, Onlar kilsənin yaxınlığında yaşayırdılar. O binaların
darvazasından kilsə girəcəyinə, əzəmətli darvazayadək yola asfalt salınmışdı.
Bu asfalt yola xalça döşənərdi. O zaman Bakıda iki yerdə belə asfalt döşəmə
vardı - biri «Qızıllı» kilsənin, biri də Qalabəyi (Qradokaçalstvo) idarəsinin
qabağında, hərəsinin də Uzunluğu 500 metr idi.
Kilsənin tabut qayıran emalatxanası, dükanları vardı. Arvadlar və
kişilər üçün cənazə libası, ikonalar, lampaslar, ikonaüstü örtük, lampas cövhəri,
ağac yağı, fitil, şam və s. satılardı.
Kilsənin içərisində çoxlu, irili-xırdalı qızıl və gümüş ikonalar vardı.
Həzrət İsa və kahinlərin şəkilləri salınmış çərçivələr də qızıldan, gümüşdən idi.
Minbərə açılan qoşa qapı da qızıldan idi.
Dini mərasim zamanı, axşamlar elə ki, böyük qübbədəki çıraqları
alışdırardılar, göydə qeyri-adi, rəngarəng, möcüzəyə oxşayan nur peyda olardı.
Əzəmətli qübbənin şəfəqə qərq olan xaçları, əngin qaranlıqlara əfsanəvi ziyalar
downloaded from KitabYurdu.org
26
saçardı. Göylərdə, əlçatmaz hündürlükdə şairanə, həqiqətdən çox xəyala
oxşayan əsrarəngiz bir mənzərə canlanardı.
Qübbələrin çıraqları alışanda şəhərdə yaşayan bütün xristianlar
heyrətlənərdilər: zənglər bərkdən çalınardı.
Elə bir təsəvvür oyanardı ki, Məsihin özü, Məryəm oğlu İsa şəfəqlərə
bürünüb ucsuz-bucaqsız boşluqlardan yeri seyr edir.
Kilsədə qızlar və oğlanlar xor oxuyardılar. Çıraqların ziyası
pəncərələrdən qaranlıqlara süzülərdi.
Mənzərə son dərəcə əzəmətli və gözəl olardı.
Kilsənin ətrafında arxitektura cəhətdən diqqəti cəlb eləyən binalar
tikməyə icazə verilərdi. Lakin «Qızıllı» kilsədən hündür, ondan görkəmli
bina ucaltmaq olmazdı.
Kiçik bir haşiyə: Bələdiyyə idarəsi ötən əsrin səksəninci illərinin
əvvəlində müsəlmanlara təklif etmişdi ki, şəhərin mərkəzində olan köhnə
müsəlman qəbiristanlığında bir məscid tiksinlər; qərar da çıxarmışdı. İşi o
qədər uzadırlar ki, axırda yer əldən çıxıb kilsəyə qismət olur.
Nabat xanım Xocabəy qızı ərindən və atasından aldığı miras hesabına
qoşa minarəli Təzəpir məscidini tikdirir.
Nabat xanımın qəbiri həmin məscidin eyvanında, baş qapının sağ
tərəfindədir. Nabat xanım xeyriyyə işlərinə kömək edirdi. Bakı su kəmərini
çəkməyə də xeyli ianə vermişdi.
Krasnovodsk (Səməd Vurğun) küçəsindəki Göy məscidi Əjdər bəy
tikdirmişdi. Arxitektoru Zivərbəy Əhmədbəyov idi.
Persidski (Poluxin) küçəsi ilə birinci Qanlı təpə (1-ci Sverdlov)
küçəsinin tinində, Şah döngəsindən bir dalan o tərəfdə, hamamla üzbəüz
minarəsiz Axund məscidi durur.
Bakı şəhərinin mövqeyi: Limanın sahili Şərqdə Zığ burnundan
başlayıb, qərbdə Şıx burnuna qədər 24 kilometr uzanır; bu arada onlarla körpü,
bir neçə gəmi tərsanəsi və təmir zavodu vardı. Sahilin orta hissəsində şəhərdəki
körpülərdən gəmilərə cürbəcür mallar - manufaktura, dən, un, taxıl, duz, çay,
qənd, kişmiş, qaysı, səbzə, qoz, fındıq, təzə meyvələr, tərəvəz, taxta, odun,
ağac, dəmir, mis, kömür yükləyirdilər. Gömrükxana və sərnişin körpüləri də
limanın bu hissəsində idi. Dadaşov qardaşları və «Qafqaz-Merkuri» şirkətinin
gəmi tərsanələri, digər təmir emalatxanaları, gömrükxana, onun anbarları və
dəniz qırağındakı dükanlar da bu hissədə yerləşirdi.
Merkuri (Şaumyan) küçəsində Tağıyev teatrının arxasında sahil boyu
iyirmiyə qədər ağac-taxta, odun anbarı vardı; neçə ildən qalma taxta, dirək,
şəlban, tir, qapı-pəncərə çərçivələri, odun satılırdı. Körpülər sahiblərinin, ya da
şirkətin adını daşıyırdı. İmamverdi körpüsü, Adamov körpüsü və s.
Limanın ikinci hissəsi Qara şəhərdən başlayır, Ağ şəhəri əhatə
etməklə soltan burnuna, Zığa qədər uzanır. Bu arada 43 körpü vardı... Hamısı
downloaded from KitabYurdu.org
27
da şəxsi adamlara və şirkətlərə məxsus idi; bu körpülərdən duru yanacaq -
mazut, neft, benzin, maşın yağları daşınırdı. Neft emal edən, təmizləyən
zavodlar, çoxlu neft anbarları, benzin çənləri, kükürd turşusu, mis, çuqun
əridən və digər zavodlar, bir gəmi təmiri tərsanəsi də bu ərazidə idi. Bu arada
gecə-gündüz göydən his-pas yağar, qara tüstü, boz-sarı buxar göy üzünü
örtərdi; hətta buradakı qağayılar, sərçələr, it-pişik belə qapqara olardı.
Damlar, divarlar da ürək sıxan qaramat rəngdə idi. Hər addımda gecə-gündüz,
aramsız tüstü qaynayan göylərə baş qaldırar, yoğun, hündür, nəhəng bacalar
yerə kölgə salar, dəhşətli mənzərəni daha da vahiməli edərdi. Hara baxardın
yoğun, xırda ölçülü borular nəzərə çarpardı; bu borular yerdən, göydən,
hasarların üstündən, divarlar boyu uzanar, göydə tağlar əmələ gətirər, bir-birilə
çarpazlaşar, üst-üstə qalanardı. İlk günlərdə gümüşü rəngə çalan iri, xırda,
nəhəng dəyirmi çənlər bozarıb qaralardı. Limanın üçüncü, Şərq hissəsi Bayıl
burnundan başlayıb Naftalan-Bibiheybətə qədər davam edərdi; o aradakı on bir
körpüdən gəmilərə qara nöyüt, ağac-taxta, sement və mazut yüklənər, qış
aylarında gəmilər təmirə dayanardı. Bu körpülərdə hər növ gəmiyə rast gəlmək
olardı: buxar gəmiləri, yelkən gəmisi, tanker, minik gəmiləri, barkazlar, irili-
xırdalı qayıqlar...
Bakı limanında çoxlu gəmi vardı. Gəmiçilik o dərəcədə inkişaf
etmişdi ki, Xəzər dənizi ilə daşınan yükün illik miqdarı üç-dörd milyon puda
çatırdı, Bakı dənizlə yükdaşımaqda Rusiyada birincilər sırasındaydı.
Şəhərdə məişətin bütün sahələrində böyük bir canlanma vardı.
Mərkəzi məhəllələrdə Asiya ilə Avropa üz-üzə gəlib bərabər yaşayırdı. Şəhərdə
təmtəraqlı imarət və mehmanxana adları vardı: «Metropol», «Köhnə Avropa»,
«Madrid», «Yeni Avropa», «Leon», «Təbriz», «Dvorsovıe nomera», «Marsel»
və s.
Bir cəhəti də qeyd etmək oxucular üçün maraqlı olardı: tətillər elan
ediləndən sonra, fəhlə nümayəndələri neft sənayeçiləri və «Sovet siyezd»
rəhbərləri ilə əsasən «Metropol»da, ya da başqa mehmanxanalarda müzakirə
aparardılar, Səməd Vurğun küçəsindəki 43 nömrəli binaya yapışdırılmış bir
lövhədə
oxuyuruq:
«Bu
mülkdə
(sabiq
«Dvortsovıe
nomera»
mehmanxanasında) 1917-ci ildə oktyabrın 15 (2)-də proletariat sentyabr ayında
başladığı tətildə qələbə çalandan sonra Bakı neft sahibkarları fəhlələrlə
kollektiv müqavilə bağlamışdı».
«Şəms», «Mübarək», «İstambul», «İslamiyyə», «Novıy svet»,
«Çikaqo», «Çanaxqala», «Tehran», «Novbahar», «Anadolu», «Qretsiya»,
«Dardanel» və sairə qəşəng, təmtəraqlı adlarda restoranlar, aşxanalar vardı.
Hamam adları da qəribə idi: «Ermitaj», «Fantaziya»,«Ağa», «Sarxan»,
«Mironov», «Axund», «Qədir», «Malağan», «Toyuq yeyən».
Mağazalara «Cəvahir», «Şəşəə», «Fərş», «Əbrişim», «Yaqut»,
«Naznazı», «Hacı, bəri bax», «Zərxara» kimi adlar qoymuşdular.
downloaded from KitabYurdu.org
28
Rəngarəng klub adları zardı: «Edison», «Ermitaj», «Ermans».
Bazar (Hüsü Hacıyev) küçəsi adından göründüyü kimi şəhərin ən gur
ticarət mərkəzi, o tay-bu tay dükanlar və karvansaray idi. Sərrac, baqqal,
bəzzaz, çəkməçi, boyaqçı, papaqçı, şamqayıran, kababçı, cızbızçı, pitiçi, çayçı,
çörəkçi, lavaşçı, kəlləpaç dükanları gecə yarısınadək açıq olardı.
Ləziz xörəklərin ətri adamı uzaqdan vururdu; dükançılar və
xörəkpaylayanlar müştərilərinə xoş sözlər deyərdilər: «Ağa, buyur», «Ağa, xoş
gəldiz», «Ağa, qulluq», «Ağa, nuşsan»... «hər gün buyurun», «Təşrif gətirin»...
«Qulluğunuzda olaq»...
Bir neçə yerdə, xüsusən Bazar küçəsində səkiyə həsir, palaz döşəyib,
döşəkçə salmış küçə mirzələri oturub fəhlələr üçün İrana məktub yazırdılar.
Quba meydanından Sabunçu vağzalına qədər uzanan Balaxanı (Basin)
küçəsində çoxlu sənətkar, xırda alverçilər, baqqal, bəzzaz, şirniyyatçı və
çörəkçi dükanları vardı.
Doxsanıncı ildən sonra Balaxanı küçəsində bir neçə gözəçarpan mülk
tikilmişdi: Aslanovun böyük mülkü, Marinski (Karqanov) küçəsilə Balaxanı
küçəsinin tinində İsabəy Hacınskinin evi, ondan bir qədər aralı Rzayevin
nəhəng mülkü. O zamanlar Türkiyə konsulxanası bu binada idi. Balaxanı və
Krasnovodsk küçələrinin tinində, indiki Lenin sarayı ilə üzbəüz olan sabiq
gimnaziyanın (indiki Fuad Əfəndiyev adına 4 №-li şəhər klinik xəstəxanasının)
əzəmətli binası (1911-1912-ci illər)...
Şəhərdə neçə dənə pasaj vardı: Meyvə-tərəvəz pasajı, Ərzaq pasajı,
Balıq pasajı, Parça-paltar pasajı, Tağıyev pasajı, Bəzzaz pasajı, Kələntərov
pasajı və sairə.
Şəhərin mərkəzindən kənardakı məhəllələrin də öz adları vardı:
Çəmbərəkəndi (Bu məhəllədə maldarlar yaşayırdı), Dağlı məhəlləsi, Həmşəri
palanı, Sonbala açıqlığı, Məhəmmədəli məhəlləsi, Qanlı təpə, Vağzal dalı,
Malağan Slobodkası, Müsəlman Keşləsi və sairə.
Torpağın hər qarışını bir ovuc qızıla satırdılar. Tez-tez yer üstündə
dava, qan düşürdü. Məhkəmələrdə torpaq və mülk üstündə yüzlərlə şikayətə
baxırdılar.
Torpaq sahibləri torpaqlarını bankda girov qoyur, faizlə pul alır,
başlayırdılar mülk tikdirməyə. Elə ki, birinci mərtəbə hazır olurdu, onu da yenə
girova qoyurdular, möhlətlə yenə məbləğ götürür, əvvəlki kreditin faizini
ödəyir, eyni zamanda üst mərtəbələri də tikdirir, bu qayda ilə binanı başa
çatdırır, olurdular ev sahibi. Mənzilləri, dükanları kirayə verirdilər.
Dövlətlilər binalarının damında əzəmətli qübbə qoydururdular.
Bununla da sərvətlərinin tükənməzliyini nəzərə çarpdırmaq istəyirdilər. Bir
kaşanədə, bəzən hər küncdə və baş fəsadlarda birər qübbə ucaldırdılar; hər
qübbə, guya bir milyon tanxa sayılırdı, Qübbələrin ortasındakı milə ştandart
qaldırıb tanış adamlara, qohum-əqrəbaya o gün hansı salonda ailə yığıncağı,
downloaded from KitabYurdu.org
29
ziyəfət, ad günü olduğunu xəbər verirdilər, hər dövlətlinin öz bayrağı vardı.
Əzəmətli binalardakı altı-yeddi otaqlı mənzillərdə xüsusi orkestr bucağı vardı
ki, orada musiqiçilər çalar, xanəndələr oxuyar, məclisdəkiləri
öyləndirərdilər.
Qəfildən varlanan neftxudalar allaha bəndəlik etmirdilər, pulu necə
gəldi o cür xərcləyirdilər.
Balaxanı camaatı (Bakı kəndləri arasında və şəhərin özündə) dövlətli
hesab edilirdi; o həyət, o zəmi, o bostan yox idi ki, orda bir neçə nöyüt quyusu
olmasın.
Məclislərdə, xüsusən toylarda bərbəzəkli, zəngin geyinərdilər.
Arvadları, gəlinləri, hətta azyaşlı qızları qızıl, mirvari, ləl-cəvahirat içində olar,
uzaqdan diqqəti cəlb edərdilər. Nabələd adamlar onları görəndə heyrətə
gələrdilər. Kişilər zəvvar dəstəsinin qabağında yeriyən çavuş qatırı sayaq bəzək
-«zınqırov» içində olardılar. Qiymətli xəncər, beybut, tapança gəzdirər, buxara
papaqlar yarım arşın hündürlükdə... Həddindən artıq bədxərc, mənəm-mənəm
deyən, davanı pulla satın alan idilər. Meyxanaya girib keflənər, durub gedəndə
gözləri ayaqlarının altını görməz, birdən dayanardı; deyərdilər ki, qapı o
tərəfdədir, gedən ora. Harınlığına salıb ayağını dirəyərdi yerə, inad edərdi ki,
mən burdan çıxacağam, sökün divarı, yol açılsın, əskinası səpələyərdi yerə.
Bənna-fəhlə gətirdib divarı sökər, yol açardılar.
Belə harın dövlətlilərdən biri haqqında balaxanılı Cəlilov belə
danışırdı: Şəhərdə «kef» edəndən sonra küçələrdə veyllənə-veyllənə gəlir çıxır
«Qoşa-qala» qapısı olan yerə, Haşımov meydanına. Görür ki, Hacı Zeynalabdin
Tağıyevin maşını ordadır. (Bakıya ilk dəfə avtomobili Tağıyev gətirtmişdi,
ondan sonra Rotşildlər). Şoferə yaxınlaşıb deyir ki, məni apar kəndə. Şofer
cavab verir ki, gücün çatmaz, çox bahadır. Hərif hökmlə soruşur: «Axı, nə
qədərdir?»
Şofer yaxasını qurtarmaq üçün deyir: «iyirmi beş manat». (İyirmi beş
manata bir əla fayton və iki köhlən at almaq olardı). «Verrəm iyirmi beş
manatı!» deyə oturur maşına. «Sür görüm!»
Şofer yola düşür, tünlük olan mərkəzi küçələrdə dalbadal fit verir,
adamları xəbərdar edir; elə ki, seyrək küçələrə çıxır, daha fit vermir. Hərif
dilxor olub xəbər alır ki, «Ayə, niyə onun zurnasını çalmırsan?». Şofer onu
başa salır ki, o zurnanı çox çalmaq olmaz, ona da pul verməlisən.
«Eybi yoxdur, verrəm, çal!» deyə hərif harda iki-üç adam, qəşəng, kök
arvadlar görür fiti dalbadal çaldırır.
Balaxanıya çatanda kənd əhli tökülür maşının qabağına. Hərif
şoferdən soruşur: «Nə qədər verəcəyəm?» Şofer deyir: «iyirmi beş manat maşın
haqqı, otuz beş manat da zurna üçün».
downloaded from KitabYurdu.org
30
Hərif şoferin pulunu verib yola salır. Hərə bir tərəfdən xəbər alır ki,
necə gəldin, nə qədər xərcim çıxdı! hərif deyir: «Maşının qiyməti ucuzdur,
amma zurnası çox bahadır».
O vaxt ləqəb qoymaq adət idi: Ağşalvarlar, Kosalar, hoppanaram ha,
Bozbaşyeyənlər, Əliçomaxlılar, Bic Zeynəlbadin, Spasibo Zeynalabdin və
sairə...
Spasibo ləqəbinin maraqlı tarixi var. Padşahın ona-buna medal
verdiyini gördükdə içərişəhərli Zeynaləbdin də medal almaq xəyalına düşür.
Bakı qubernatorunun yanına gedib, xahiş edir ki, İçərişəhərdə olan
karvansarayımı padşahın uşaqlarına bağışlayıram. Qubernator ona acıqlanır ki,
padşahın uşaqları o günə qalmayıblar ki, sənin xəraba karvansarana göz
diksinlər. Zeynalabdin təzim edib deyir ki, cənab, mən padşahın uşaqları
dedikdə, soldatları nəzərdə tuturam. Onlar da əlahəzrətin balalarıdır.
Qubernator mətləbdən agah olduqda Zeynalabdindən ərzi-hal alıb
göndərir Peterburqa... Zeynalabdin Karaulnaya döngəsi ilə Starıy poçtovoy
(Ostrovski) küçəsinin tinində, Təzəpir məscidinin yüz otuz-yüz qırx
addımlığında yerləşən qubernatorluğa tez-tez baş çəkib, cavab gəlib-
gəlmədiyini soruşur.
Günlərin birində qubernator Zeynalabdini çağırıb, xəbər verir ki,
əlahəzrət sənin xahişini qəbul edib; get karvansaranı boşalt, təmizlə, qaydaya
sal, bir-iki günə soldatları ora köçürəcəyik. Zeynalabdin sevinə-sevinə
soruşur ki, bəs əlahəzrət mənə nə lütf edibdir, Qubernator kağıza nəzər salıb
deyir: «Sənə də spasibo yazıbdır». O gündən kişinin adı qalır «Spasibo
Zeynalabdin».
Bir nəfər də çox tədbirli, diribaş olduğuna görə Bic Zeynalabdin, Qatır
Zeynalabdin deyirdilər. İndiki Sabir bağının altındakı dalanda, Hacı Hacağanın
«Təbriz» mehmanxanası və karvansarasından azca yuxarıda Bic Zeynalabdinin
bir neçə dükanı vardı. Yer xəfə, gediş-gəliş az olduğuna görə dükanları
kirayəyə götürən yox idi. Bic Zeynalabdin bələdiyyə idarəsində mənsəbli
şəxslərə yol tapıb «Qoşa qala» qapısından yuxarıda bələdiyyə idarəsi hesabına
bir qala qapısı da açdırır, beləliklə dükanlarını kirayəyə verir.
Məşhur şirniyyatçı Eynimin Rusiyanın bütün böyük şəhərlərində
olduğu kimi Bakıda da topdan - satış kontoru vardı. Əsasən iris satardılar, Bir
dəfə bir neçə vaqon şirin qalet də gətirirlər, müştəri tapılmır. Eynimin
müvəkkili başını itirir. Axırda Bic Zeynalabdindən məsləhət istəyir. O də bir
qutu qalet götürüb kirir «Təbriz» mehmanxanasının birinci mərtəbəsində olan
kababçı Hacı Aslan Məcidovun «Şəms» aşxanasına, çay gətirtdirib başlayır
qalet yeməyə, birdən qutudan bir beş manatlıq qızıl sikkə çıxarır, qışqırır:
«Ada, qalet qutusuna beşlik qızıl qoyub-par». Aşxanadə olanlar cumur qalet
almağa. Bic Zeynalabdin çayı içib, düşür küçəbəküçə kababçı dükanlarına,
çayxanalara, aşxanalara, karvansaralara, pasajlara beş manatlıq qızılı
downloaded from KitabYurdu.org
31
göstərə-göstərə car çəkir. Axşama şəhərdə dərman üçün axtarılsaydı, qalet
tapılmazdı.
Konfet qutularında, papiros, tütün paçkalarında beş manatlıq, üç
manatlıq, qızıl üzük qoymaq müştəriləri şirnikləndirmək üçün xüsusi hiylə idi.
Şəhər küçələrinin rəsmi adları ilə yanaşı yerli adları da vardı;
«Toyuqçu bazarı» - Qarayev küçəsi «Qəssab bazarı» - Yefimov Saratovtsev
küçəsi, «Balıqçı bazarı» - Nizami küçəsi, (bir hissəsi), «Xarrat bazarı» -
Ostrovski küçəsi, «Misgər palanı» - Həzi Aslanov küçəsi, «Həmşəri palanı»
- Şors küçəsi, «Güzgüçülər palanı» - Petra Montin küçəsi, «Gön satan -
dabbaq palanı» - Bir may küçəsi, «Zərgər palanı» - Qasım İsmayılov küçəsi,
«Başmaqçı palanı» - Vidadi küçəsi, «Səbzə bazar» və sairə.
Bakıda çoxlu karvansara vardı, sahibinin adı ilə adlanırdı: Hacı
Hacağa karvansarası, Hacı Mustafa karvansarası, Köhnə karvansara, Zaxar
karvansarası, Çuxur karvansara, Dağıstanlılar karvansarası, Xanım
karvansarası və s. Tiryəkçilər karvansarası isə Quba meydanı həndəvərində idi;
qabaq tərəfində bir restoran vardı. Bu karvansara səs-küydən «uzaq» hesab
edilirdi. Hücrələr məqsədəuyğun döşənib qaydaya salınmışdı; manqal, tiryək
hoqqası, maşa, kömür və digər ləvazimat; xaricilər üçün isə taxt, stol və stul
qoyulmuşdu. Müştərilər tiryək alıb hücrə haqqını verəndən sonra - başlardılar
tiryək çəkməyə; qonşudakı restoranda yerləşən çayxanadan çaypaylayanlar
tünd çay, bufetçi isə şirniyyat, halva, xuşgəbər, səbzi, ləbləbi, qaysı, xurma,
şəkərbura, paxlava, şəkərçörəyi, miyanpur, qoz-badam ləpəsi gətirərdi. Tiryək
iyi adamı vurardı.
Tiryəkçilər karvansarasından savayı, kömür meydanında da bir
karvansara vardı, tiryək çəkərdilər, bura çox vaxt kübar adamlar gələrdilər,
hətta zənən xeylağı müştəriləri də vardı. Otaqlar təmiz, tiryək dəstgahı xudmani
idi; xırda manqallar, farfor hoqqalar, əntiqə, xırda, bəzəkli bürünc maşalar...
hoqqaların başı - tiryəkban əla növlü çinidən, müştükləri səndəl ağacından,
şirmayıdan, sədəfdəndi; tiryəkbanı gözəl miniatür nəqşlərlə bəzəyərdilər;
ingilis malı bu tiryəkbanları İngiltərədə qayırar, İrana göndərərdilər, ordan da
Bakıya və başqa ölkələrə yollayardılar. Nazik qurğuşun vərəqəyə bükülmüş
tiryək lülələri nəfis qutularda olardı; dördkünc, uzunsov tiryəklər də vardı,
onları da qurğuşun kağızlara səliqə ilə bükərdilər, üstlərini də bəzəyərdilər.
Məhəllə çayxanalarının da bəzilərini arakəsmə ilə bölər, bayır tərəfdə
samovar qoyub çay satardılar, dal tərəfi isə tiryəkxana edərdilər.
Tiryəkxana ətrafı sakitlik olmalı idi. Tiryəki hoqqaya qoyar, xırda
maşa ilə manqaldan göz çarçasını götürüb piləyə-piləyə üstünə basar, qüllab
vura-vura tüstünü döşünə çəkib, dərindən nəfəs alar, sonra da üfürərdilər,
başlardılar şirin məzə yeməyə. Şirniyyat məstliyi, nəşənin müddətini artırardı.
Vay ondan ki, qab düşəydi, bərkdən asqıraydılar, qəhqəhə çəkib
güləydilər, o dəqiqə tiryəki ayılar, xumarlıq aləmi yox olar, nəşəsi pozular,
downloaded from KitabYurdu.org
32
xərc-xuracatı puça çıxardı. Tiryəkilər axırda var-yoxdan çıxar, dilənçiyə
çevrilər, cır-cındır içində qalardılar; tiryək səmi gələndə əsim-əsim əsərdilər.
Taqətdən düşər, iş qabiliyyətini və bütün iqtidarlarını itirərdilər. Bu, dəhşətli
faciə idi.
İçərişəhərdə Şişəli karvansara vardı ki, hücrələrinin bəzilərində
pəncərə əvəzinə damda şişə fanarlar düzəltmişdilər. Ona görə də «Şişəli» ad
qoymuşdular. İçərişəhərdə başqa bir əyləncə evi də vardı - «Pilləkanlı
meyxana» deyərdilər. Girəcəyin üstündə hüsnxətlə iri ərəb hərflərilə: «Yüknən
girən taynan çıxar, taynan girən haynan çıxar» yazmışdılar.
Bu növ əyləncə evlərini nəzərə çarpdırmaq üçün damlarında uzunu-
eni bir metr, metr yarım, hündürlüyü də bir metr olan xüsusi fanarlar düzəldib
əlvan şüşələr salar və gur lampalarla işıqlandırardılar.
Meydanlara nə vaxt gəlsəydilər bir neçə yerdə yığıncaq görə
bilərdilər. Falçılar, sehrkarlar, ilan ya da meymun oynadanlar, qəsidə oxuyan
dərvişlər camaatı başlarına yığıb məşğul edər, sonra da pul yığardılar. Çoxlu
müsəlman aşxanası, pitiçi, kababçı, kəlləpaz vardı. Aşpaz Ələkbər yalnız plov
bişərərdi; səkidə dayanıb qışqırardı: «Ay camaat, plov hazırdır!.. Gəlin isti-isti
yeyin! Zəfəranlıdır, ləzzətlidir!.. Bu gün plov yeməsəz, sabah onu sizə çilov,
biri gün dovğa yedizdirəcəyəm».
Meydanlarda tez-tez it boğuşdurur, qoç döyüşdürür, xoruz
vuruşdururdular. Belə vaxtlarda mərəkə qopardı.
Milyonçuların, qoluzorbaların arasında itbaz, qol döyüşdürən, quşbaz,
xoruzbaz vardı. Bekar, harın, tüfeyli adamlar əyləncə axtarırdılar. İtlər
boğuşanda, xoruzlar, qoçlar döyüşəndə tez-tez dava düşərdi, mərəkə qopar,
savaşardılar, adam tələf olardı. Çox vaxt əvvəlcədən münsiflərə pul basırdılar
ki, yalan rəy versinlər. Kasıbın iti, ya qoçu, varlı adamınkına üstün gələndə,
tapançanı çıxarıb yazığın itini, qoçunu elə yerindəcə gəbərdirdilər. Xoruzu,
qoçu, iti uduzan məhəllə o gecə zülmətə qərq olar, çıraq yandırmazdılar. Udan
məhəllədə isə əksinə, çıraqban, şənlik, şadyanalıq olardı, çalıb oxuyardılar.
Buxara dəriləri alverçisi bir papaqçıya Türküstandan dostu və
müştərisi qəşəng bir buxara quzusu hədiyyə gətirir. O da şüşəbənddə bu quzu
üçün xüsusi yer düzəldir və orda saxlayır; amma otaqlara, salona buraxmır.
Harın bəslənən quzu böyüyür, nəhəng bir qoç olur, adı şəhərdə dillər əzbərinə
çevrilir. Günlərin birində salonun qapısı açıq qalır, qoç girir salona, birdən
tavana qədər ucalan bədənnüma daş güzgüdə əksini görür, başqa qoç hesab
edib qabağa keçir, güzgüdəki qoç da ona yaxınlaşır. Qoç qəzəblənib geri çəkilir
və hücuma keçib var qüvvəsilə güzgüyə elə bir kəllə vurur ki, bədənnüma
güzgü tikə-tikə olub cingiltiylə döşəməyə tökülür, ətrafa səpələnir. Ev sahibləri
dəhşətə gəlib hadisə yerinə, salona qaçırlar, görürlər ki, qoçun kəlləsi al qan
içindədir.
downloaded from KitabYurdu.org
33
Arvad hesabına yaşayan kişilər. Belələri bir-iki dəst yaxşı paltar,
papaq, çəkmə, palto, çox vaxt çuxa, arxalıq, qurşaq düzəldib dövlətli əri ölmüş
dul arvadı alar və onun hesabına firavan dolanardı. Arvad da camaatın ağzını
yummaq üçün deyərdi ki, evdə başı papaqlı olmalıdır, böhtançı dedi-
qoduçuların ağzını yummaq üçün dul arvadın üstündə bir mötəbər kişinin adı
lazımdır. Elə ki, kef çəkib sərvətin axırına daş atardı, pul qurtarardı, kişi xırda
bir şeyi bəhanə tutub küsər və evdən gedərdi, pusquda duran tülkü təki digər
ölən varlı kişinin arvadına müştəri düşür, evlənərdi.
Dostları ilə paylaş: |