Bir kişi olub, camaat o vaxtı həyətində yox, çöldə əkin əkərdi. Biri buğda, biri çəltik, biri darı əkərdi. Bir qoca kişi meşələrin qırağında bir xəlvətin yerdə darı əkir, bir hektara kimi. Oğluna deyir, mənim balam, bir get darıya bax, gör nə yerdədi vəziyyəti? Gəlir görür ki, İlahi zəmi dəniz kimi dalğa vurur burda. Darının da bitkisi, bir metrə hündürrüyündə olur. Belə də Maşalla əladı görünüş. Özü də bunun sünbülü var bu uzunnuğunda. Oğlan görür ki, adə, bizim ambar bu darını tutmiyacağ. Başılovlu qaçır evə, atasına deyir:
Ata, sən belə elə, bir ambar tik, o darı, bizim ambara yerləşməz.
Deer:
– Bala, o darıya belə getməz.
Bir həftə keçir, deyir ki, bala, bir get gör orda nətərdi abu-hava? Oğlan gəlir görür ki, İlahi, bir milyon sərçə daraşıb bu darıya. Başılovlu qaçır atasının yanına ki, ata, dayandır o ambarı, tikmə, bəs sərçələr darını batırdı.
Atasi deer:
-
Bala, o sərçələr üçün də belə getməz.
Beş-altı gün keçir atası deer:
– Hələ bala, bi get gör o sərçələr tamam aparıblarsa taxılı, heç olmasa, gedək küləşin yığağ gətirək.
Oğlan gəlir görür, adə, nə sərçə, burda bi dənə qırğı var, el alasında ona bəyi deyillər, sürətnən gedir vurur o başa, bu başa bi dənə, sərçə qalmır. Hamısını bu tutub, ya Allah, boğub öldürüb.
Sevinə-sevinə gəlib deer:
– Dədə, daha Allah işimizi düzəltdi, orda bi dənə qırğı var, düçar olub bu sərçələrin canına. Sərçə-zad yoxdu da, hamısını qırıb.
Atası deer:
– Bala, o qırğı da belə getməz.
Iki günnən sora oğlan gedir görür ki, o qırğı da bərk gedir ee, sürətnən, 180-nən. Demək necə gedibsə, orda da çəpər var imiş paya basdırıblar hamısı, üzdəri belə. Nətər gedibsə sürətnən sinəsi keçib ora, elə orda da ölüb qalıb. Gəlir, deer:
– Ata, bəs belə də, o qırğı da ölüb qalıb orda.
Atası deer:
– Bala, sənə demədim ki, bu da belə getməz.
Ona görə də heç kim deməsin ki, mənim atım yorğa gedəcək.
Dostları ilə paylaş: |