Nitqin səlisliyi sözlərdə səslərin dəyişməsi, əvəzlənməsi, ixtisarı, cümlədəki sözlərin, mətndəki cümlələrin ahəngdar düzülüşü nəticəsində yaranır.
Səlistlik iki cəhətə bağlıdır. Birincisi dilimizin öz təbiəti ilə Azərbaycan dili ən ahəngdar, musiqili dillərdən biridir. Bunu ahəng qanunu sözlərdən səslərin bir-birinə uyuşması, ahəngdarlığı, çox hecalı sözlərin az işlədilməsi və s. yaradır. İkincisi, nitq üslublarının tələblərinə uyğun yaradılan səlislikdir.
Hətta başqa dillərdən alınmış bir sıra ağır tələffüz edilən sözlər sadələşdirilir, səlisləşdirilir və dilimizin qanunlarına tabe edilir. Məsələn, apparat-aparat, sosse-şose. Voqzal-vağzal, massaj-masaj və s.
Nitqin zənginliyi. Nitqin zənginliyi üçün başlıca meyar danışanın (yazanın) geniş söz ehtiyatına malik olmasıdır. Söz ehtiyatı zəngin olan, işlətdiyi hər söz və ifadənin mənasını yaxşı anlayan adam həmişə öz fikirlərini çətinlik çəkmədən sərbəst şəkildə ifadə edə bilir. Hər bir savadlı və mədəni şəxs daima öz lüğət ehtiyatının artırılması qayğısına qalmalıdır. Bunun üçün ən səmərəli vasitə radio və televiziya verilişlərini dinləmək və mütaliəni genişləndirməkdir.
Nitqin zənginliyi və emosionallığını təmin edən amillərdən biri də intonasiyadır. Bu o deməkdir ki, söylənilən fikirlər, onlara münasibət insanın keçirdiyi hissi hallar uyğun səs tərtibatı, avazla verilə bilsin, nitq rəngarəng intonasiya çalarlarına malik olsun, danışan intonasiya elementlərindən (məntiqi vurğu, nitq tonu, səsin tembri və s.) düzgün istifadə etməyi bacarsın və s.
Nitq zənginliyinin başlıca əlamətlərindən biri də onun məzmun cəhətdən dolğunluğudur. Nitq o zaman maraqla dinlənilir ki, haqqında bəhs olunan məsələ yeni olsun, sübutlarla, dəlillərlə, həyati misallarla, dinləyicini qane edəcək bir formada şərh edilsin.
Nitqin rabitəliliyi. Natiq fikrini sərbəst, aydın, ardıcıl, yığcam və təsirli ifadə edə bilmək üçün ədəbi tələffüz qaydalarını gözləmək, cümlələri düzgün qurmaq, sözləri yerli-yerində işlətməklə yanaşı, nəzərdə tutduğu məzmunu özünəmüvafiq forma ilə ifadə etməyi də bacarmalıdır. Başqa sözlə, nitq həm də rabitəli olmalıdır.
Nitqin rabitəliliyi üçün aşağıdakılara əməl edilməlidir:
1.Nitq məzmunca dolğun olmalıdır. Bunun üçün natiq nitqin predmetini -haqqında danışacağı (və ya yazacağı) əşyanı, hadisəni, əhvalatı və s.-ni yaxşı mənimsəməli, onun mahiyyətini hərtərəfli dərk etməlidir. Bir misala nəzər salaq. Əgər müəllim təhlil edəcəyi bədii əsəri oxumayıb, onun haqda başqalarının fikirləri əsasında təhlil aparır, rəy söyləyirsə, bu, lazımi effekti verə bilməz.
2.Hər hansı bir məsələ barəsində danışılarkən (və ya yazılarkən) müəyyən məntiqi ardıcıllığa riayət olunmalıdır.Başqa cür desək, fikrin izah olunması ardıcıllığı məntiqə əsaslanmalıdır.
Məsələn, tutaq ki, mühazirəçi Azərbaycan dilinin orfoepiyası barədə danışmağı (yazmağı) planlaşdırmışdır. O, fikirlərini belə bir ardıcıllıqla şərh etməlidir.
Orfoepiya haqqında məlumat, orfoepiya anlayışı
Orfoepik qaydalara əməl olunmasının vacibliyi.
Orfoepiyanın orfoqrafiya ilə əlaqəsi. Onların oxşar və fərqli cəhətləri.
Azərbaycan dili orfoepiyasının tarixi.
Müasir Azərbaycan dili orfoepiyasının əsas qaydaları:
a) saitlərin tələffüzünə aid qaydalar.
b) samitlərin tələffüzünə aid qaydalar.
c) bəzi qrammatik formaların tələffüzünə aid qaydalar.
Belə bir ardıcıllıqla şərh olunan material, söylənilən fikir yaxşı dinlənilir, asan başa düşülür.
1.Danışan (yazan) əsas və ikinci dərəcəli məsələləri bir-birindən ayırmağı bacarmalıdır.
Dostları ilə paylaş: |