Nitqin aydınlığı, təmizliyi, yığcamlığı düzgünlüyü,
zənginliyi və rabitəliyi.
Bilirik ki, kommunikasiya latın sözü olub, informasiya mübadiləsi, informasiyanın ötürülməsi mənalarda istifadə olunur. İnformasiya mübadiləsi prosesində insanlar bir – birlərinin fikirləri, ideyaları hissləri, istək və arzuları və s. tanış olurlar.
Başqa sözlə insanlar bu prosesdə həyat və fəaliyyətləri üçün zəruri olan informasiya mübadiləsini həyata keçirirlər.
Nitq vasitəsilə başqalarına təsir edir, onların davranış və rəftarlarında müəyyən dəyişiklik yaradır, hər hansı bir işi yerinə yetirməyə təhrik edirik.
Ona görə də aydın, səlis, zəngin, ifadəli, yerli yerində, qulaqlarda rəvan səslənən, məntiqi cəhətdən obyektiv gerçəkliyə uyğun ünsiyyət qurmalı, söz birləşmələri, cümlələr, sintaktik konstruksiyalar qrammatik cəhətdən düzgün olmalı, danışan təmkinli, soyuqqanlı, özünə, sözünə arxayın şəkildə, lakin insanlara, hadisələrə, görülən işlərə isti münasibəti ilə seçilməlidir. Əgər biz ünsiyyəti düzgün qura bilsək, o zaman iş həyatında uğur qazanmaq ehtimalımız daha böyük olacaqdır.
Belə ki Azərbaycan dilinin sözün həqiqi mənasında dövlət dili olduğu və geniş ünsiyyətə xidmət etdiyi indiki zamanda düzgün, aydın, məntiqli, yığcam, canlı, sadə, dəqiq və təsirli danışa və yaza bilmək, başqa sözlə, yüksək nitq mədəniyyətinə yiyələnmək mühüm tələb kimi qarşıya qoyulur.
Nitq mədəniyyəti insanlara məxsus ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu anlayışa danışıq mədəniyyəti ilə yanaşı, yazı mədəniyyəti də daxildir. Belə yüksək keyfiyyətə yiyələnən şəxs cəmiyyətin ictimai həyatında, onun hər hansı bir sahəsində fəal və məhsuldar iştirak etmək imkanına malik olur. Xüsusən, ziyalıların nitq mədəniyyətinə yiyələnməsi vacib sayılır.
Nitq mədəniyyəti insanın yüksək ictimai mədəniyyəti, təfəkkür mədəniyyəti, dilə şüurlu sevgisi ən yüksək keyfiyyətdir. İnsanın nitqi onun iç dünyasını aşkarlayan başlıca vasitədir. Adamları tanımaq, onlara bələd olmaq üçün, hər şeydən əvvəl, ünsiyyətə girmək, təmasda olmaq lazımdır.
Antik dövrün böyük filosofu Sokrat həmişə deyərmiş: “Ey insan danış səni tanıyım”.
H.Əli buyururdu ki, hər kəs öz dilinin altında gizlənib. Danışmayınca onun ağıllı və ya ağılsız olması məlum olmur. Tarixi inkişafın bütün dövrlərində nitqə, onun gözəlliyinə xüsusi diqqət yetirilmiş, qiymət verilmişdir.
Maraqlı və canlı danışıq aləmi səslərin deyiliş tərzi, işlənmə forması ilə sıx bağlıdır.
Yaxşı nitqi, mədəni nitqi şərtləndirən bir sıra tələblər (əslində onlar mədəni nitqin keyfiyyətləridir) vardır ki, bunlar nitqin normativliyidir. Həmin tələblər bunlardır: aydınlıq, düzgünlük, sadəlik, orijinallıq, səmimilik və s.
Nitqin əsas keyfiyyətləri haqqında yığcam bir şəkildə aşağıdakıları qeyd etmək olar:
1.Nitqin aydınlılığı. Aydınlıq dinləyici və oxucunun nitqi asanlıqla anlaması, başa düşməsidir. Aristotel nitqin aydınlığını ünsiyyət üçün başlıca şərt sayır və göstərirdi ki, nitq aydın deyilsə, demək, o öz məqsədinə çata bilməməsidir.
Natiq haqqında danışacağı materiala dərindən və yaxşı bələd olsa, həmin materialı ifadə etmək üçün müvafiq dil vasitələri də tapa bilər.
Bəhs olunan mövzular, hadisələr, əhvalat və s. barədə dərin, həm də ətraflı biliyə malik olan natiqlər daha maraqla dinlənilir. Belə adamlar sadə, aydın cümlələrlə, faktlarla, dəlillərə əsaslanaraq danışır və yazır, işlədilən hər bir sözün əhəmiyyətini, ifadə olunan fikir üçün onun nə dərəcədə yararlı olduğunu aydın təsəvvür edirlər.
Nitq zamanı aydınlığın pozulmasının bir səbəbi dili, sözlərin mənasını, işlənmə məqamını yaxşı bilməməkdir.
Kütlə qarşısında, auditoriyada çıxış edən nitqinin aydın olması üçün aşağıdakılara əməl etməlidir;
1)Danışılacaq mövzu ətrafında əvvəlcə düşünmək, lazımı material və faktlar toplamaq; 2)Həmin materialı sistemləşdirmək; 3)Mətn yazılıdırsa, dönə-dönə oxumaq, oradakı əsas fikri ifadə edən sözləri ( məntiqi vurğulu sözləri ) aydın və nəzərəçarpacaq dərəcədə tələffüz etməyə nail olmaq; 4)Məzmuna uyğun intonasiya seçə bilmək ; 5)İstinad olunan mənbəni (əsər, məqalə, radio və televiziya verilişləri və s) göstərmək; 6)Fikri çıxarılan nəticəni misallarla əsaslandırmaq;
Nitqin aydınlığını yaradan amillərdən biri də diksiyadır. Diksiya latınca dictio sözündən alınmışdır, mənası sözlərin düzgün, səslərin öz məxrəcinə uyğun şəkildə tələffüz olunması deməkdir.
Diksiyanın pozulması sözlərin, ifadələrin başa düşülməsini, fikrin anlaşılmasını bir qədər çətinləşdirir.
Belə nitqi dinləyən gərginlik keçirir, tez yorulur, söhbətin mabədi ilə az maraqlanır, diqqətini başqa istiqamətə yönəldir.
Natiqlik praktikasında nitqin diksiya baxımdan aydınlığı və düzgünlüyü böyük əhəmiyyət kəsb edir. Nəfəsi və səsi idarəetmə bacarığını təkmilləşdirmək, bu sahədə şivə qüsurlarını düzəltmək, dodaqların, dilin, çənənin süstlüyünü aradan qaldırmaq, səs, nəfəs üzərində kompleks çalışmalar aparmaqla aydın diksiyaya nail olmaq mümkündür.
Auditoriya qarşısında çıxış edən natiq (mühazirəçi) nitqin səs mədəniyyətinə yiyələnməli, danışıq cihazından düzgün istifadə etməyi bacarmalıdır ( Nitq səslərinin yaranmasında iştirak edən üzvlərin məcmusu danışıq cihazı adlanır).
Diksiyanın pozulması səbəblərindən biri danışıq və ya oxu zamanı nəfəsin düzgün tənzim olunmamasıdır. Bəzən danışanlar tələffüz zamanı nəfəslərini lazımı ölçüdə sərf etmədiklərindən cümlənin sonuna yaxın hava ehtiyatı tükənir, danışan sanki boğulur, səsin gücü aşağı düşür. Bu o deməkdir ki, danışan cümlənin mənalı hissələrində, təbii şəkildə ehtiyac olduğu yerdə nəfəsini dərmir, cümləni bir nəfəsə və ya oxuyur. Məsələn; Yaz gələndə bütün ağaclar kimi yasəmən də çiçək açardı. Onun açıq-bənövşəyi gülləri salxım-salxım olub sallanardı. Birinci cümlədə gələndə, kimi, ikinci cümlədə isə gülləri sözlərindən sonra ani fasilə edilir, nəfəs alınır ki, bu da sözlərin asan, aydın, həm də ahəngdar tələffüz olunmasını təmin edir. Dinləyici, oxucu hər bir sözün, ifadənin mənasını başa düşməlidir.
Başa düşülməyən söz və ya ifadə işləndikdə onun izahı verilməlidir, yaxud elə mühitdə işlədilməlidir ki, mənası başa düşülsün.
Nitqin yığcamlığı
Nitqin yığcamlığı geniş anlayışdır. Burada yığcamlıq dedikdə müxtəsərlik, fikrin qısa və aydın, lakonik şəkildə ifadə olunması nəzərdə tutulur. Böyük sənətkarlar yığcamlığın istedadla bağlı olduğunu göstərirlər. Kamil adamlar həmişə deyəcəklərini ölçüb-biçmiş, geniş mətləbləri yığcam şəkildə ifadə etməyə, başqalarının vaxtını almamağa, onları yormamağa çalışmışlar. Klassiklərimiz nitqin yığcamlığına yüksək səviyyədə yanaşmışlar. Hələ vaxtilə böyük Nizami yazırdı:
Sözün çoxsa çalış az olsun,
Yüz sözün yerində bir kəlmə qalsın.
Nitq həm də dəqiq olmalıdır. Bu nitqdə yığcamlığı yaradır. Dəqiqlik sözün öz istinad nöqtəsi, yəni onun ifadə etdiyi məfhumla bağlandığı zaman mümkün olur. Bunun üçün danışanın, yazanın nitqin predmetinə yaxşı bələd olması, fikrə uyğun münasib sözlər, ifadələr işlədə bilməsi, çoxmənalı sözlər, omonim, sinonim, antonimlərdən yerində istifadə etməsi əsas şərtdir.
Yığcamlıq fikrin ən zəruri sözlərlə, söz birləşmələri və cümlələrlə ifadə olunmasıdır.
Bu, nitqdə sözçülüyə, uzunçuluğa qarşı qoyulan bir anlayışdır. Sözçülük, əsasən, iki formada özünü göstərir; a) nitqdə artıq lüzumsuz sözlərin, ifadələrin işlənməsi, fikrin təkrarı, eyni bir mətləbin ayrı-ayrı cümlələrlə bir neçə dəfə ifadə olunması; b) çox danışmaq, uzunçuluq, çərənçilik. “Çox yeməkdən, çox danışmaqdan və çox yatmaqdan uzaqlaşmalıyıq “ ( İslamın prinsiplərindən ).
Belə nəticəyə gələ bilərik ki, nitqin yığcamlığı dedikdə fikrin qısa və dolğun şəkildə ifadə olunması, az sözlə geniş fikir bildirməsi nəzərdə tutulur. Yığcamlıq yalnız sözə qənaətçilik deyil. Ola bilsin ki, fikrin ifadəsi üçün az söz işlənsin, lakin fikir heç də yığcam ifadə olunmasın, bəzi cəhətlər qaranlıq qalsın. Yığcamlıq o zaman olur ki, fikir aydınlığına xələl gətirmir. Yığcam nitqdə ən zəruri söz və ifadələr işlədilməlidir, artıq, yersiz, mövzu və fikir ilə bağlı olmayan söz və ifadələrə yer verilməməlidir. Xırda cəhətlərin yersiz izahı, bir şey haqqında uzun-uzadı mühakimə yürütmək nitqin yığcamlığına xələl gətirir. Həm şifahi, həm də yazılı nitqdə eyni fikri həm uzun-uzadı, çoxlu sözlərlə, həm də az və tutarlı sözlərlə ifadə etmək olar.
Məsələn, “Yaşlı, qoca adamların fiziki qüvvəsinin, enerjisinin azaldığını və onların ömür boyu başqalarına xidmət etdiklərini, xeyirxah olduqlarını nəzərə alaraq onların yetirmələri, bütün gənclər, cavanlar onlara hörmət etməyə borcludurlar.
Bu uzun cümlədəki fikri yığcam şəkildə belə ifadə etmək olar: “Qocaların zəiflədiyini, xidmətlərini, xeyirxahlığını nəzərə alaraq gənclər onlara hörmət etməlidirlər”.
Nitqin düzgünlüyü dedikdə leksik və qrammatik normalara əməl olunması nəzərdə tutulur.
Nitqin bu keyfiyyətindən bəhs olunarkən çox zaman göstərilir ki, düzgünlük həm yazılı, həm də şifahi nitqdə qrammatik qaydalara əməl etməkdir.
Lakin nitqin düzgünlüyü üçün təkcə qrammatik qaydaları gözləmək kifayət deyildir.
Düzgün nitqə yiyələnmək üçün qrammatikanın qaydalarını bilməkdən əlavə, ədəbi dilin digər normalarına da riayət etmək lazımdır. Bunun üçün cümlələr məntiqi cəhətdən düzgün qurulmalı, oradakı fikirlər aydın olmalı, münasib sözlər seçilməli, həmin sözlər düzgün tələffüz edilməli, canlı sözün təsir gücünü artıran vasitələrdən yerində və məqsədəuyğun istifadə olunmalıdır. Sözün yerində işlədilməməsi, düzgün tələffüz edilməməsi nitqi ağırlaşdırır, fikir təhrifinə səbəb olur. Məsələn, bəzən mərhum və məhrum sözləri qarışdırılır, məqamında işlənmir. “Vaqif bu əməllərinə görə mükafatlardan mərhum oldu”. Bu cümlədə yiyələnməmək, sahib olmamaq mənasında olan məhrum sözü əvəzinə vəfat etmək, ölmək mənasında olan mərhum sözü işlənmiş və nəzərdə tutulmayan başqa bir fikir ifadə edilmiş, daha doğrusu, mənasız bir cümlə işlədilmişdir.
Nitqin təmizliyi.
Mədəni nitqə verilən əsas tələblərdən biri də onun təmizliyidir. Bu o deməkdir ki, ədəbi dilin normalarına uyğun gəlməyən dil vahidləri (sözlər, ifadələr, frazeologizmlər, cümlələr və s.) nitqdə işlədilməməlidir. Nitqin təmizliyi digər mədəni keyfiyyətlər kimi, danışanın təhsili, mədəniyyəti və tərbiyəsi ilə bilavasitə əlaqədardır.
Dilin təmizliyini qoruyub saxlamaq üçün aşağıdakılara əməl olunmalıdır:
Dostları ilə paylaş: |