Dialoji nitq Bu nitq növündə iki və daha artıq şəxs arasında aparılan danışıqdır. Monoloji nitq zamanı biri danışır, qalanları qulaq asırsa, dialoji nitq danışıqda iştirak edənlər arasında baş verir. Qeyd edək ki, dialoji nitqin ünsürləri monoloqda, monoloji nitqin ünsürləri isə dialoji nitqdə öz əksini tapır. Dialoji nitqin əsas xüsusiyyəti ondan ibarətdir ki, belə nitqin mövzusu çox konkret və yığcam olur, nitq çox zaman “Bəli!” “Xeyr!” kimi cümlə əvəzləri ilə müşayiət olunur, dioloji nitqdə yarımçıq cümlələrə geniş yer verilir, intonasiya, mimika və jestlərdən lazımı qədər istifadə olunur. Belə nitqlər daha təbii səslənir. Dioloji nitqdən bədii əsərlərdə də geniş istifadə olunur.
Dialoq dram əsərlərində süjetin inkişafına, surətlərin xarakterinin açılmasına xidmət edir. Dioloq, əsasən söylənilən məzmundan asılı olaraq, qısa və ya uzun ola bilər. Azərbaycan yazıçılarından H.Cavid, C.Cabbarlı, S.Vurğun və digər sənətkarların əsərlərində dialoqun ən gözəl nümunələri yaradılmışdır. S.Vurğunun “Vaqif” dramı bu baxımdan xüsusilə təqdirəlayiqdir:
Qacar:- Bəs, baş əymədiniz...
Vaqif: - Əymədim, bəli
Əyilməz vicdanın böyük heykəli!
Bu nümunədən göründüyü kimi, dialoji nitqdə ümumi danışıq başlıca rol oynayır.
Dialoji nitqin sual-cavab, müsahibə, müzakirə və.s. kimi növləri vardır.
Dialoq zamanı leksik təkrarlara, suala-sualla cavabvermə, cümlədə söz düzümünün pozulması, fikrin elliptik qurulması, pauzalar və.s özünü göstərə bilir. Əlbəttə belə ünsiyyət prosesində anlaşmanın təmin olunması üçün dilin bütün normalarına riayət edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi vacib sayılmalıdır. Nitqin dialoji forması mükalimə də adlanır. O, danışıq dili üçün səciyyəvi, yığcam və ixtisar olunmuş nitqdir. Orada ifadələr bir qədər qısa, sintaktik quruluşlar sadədir. Yarımçıq cümlələrdən daha çox işlədilir. Nitqin bu növündə digər vasitələrdən də jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur. Dialoji nitqdə intonasiya mühüm rol oynayır.
Dialoqun mikrodialoq və makrodialoq formaları da vardır. Mikrodialoq bir neçə şəxsin qısa mükalimələrindən ibarət olur.
Mikrodialoqlara bədii əsərlərdə-epik növə daxil olan şifahi ədəbiyyat nümunələrində: təmsil, nağıl, əfsanə, lətifə və dastanlarda, eləcə də yazılı ədəbiyyat nümunələrində-xatirə, oçerk, hekayə, novella, povest, romanlarda rast gəlirik.
Makrodialoq bədii əsərlərin quruluşunu əhatə edir. Dram əsərləri makrodialoq əsasında yaradılır.
Dialoji nitqin beş dialoq forması qeyd edilir: 1) monoloji dialoq; 2) söhbət və ya danışıq dialoqu 3) sual-cavab dialoqu; 4) müsahibə dialoqu; 5) müzakirə dialoqu.
Monoloji dialoqun iştirakçıları haqqında söhbət gedən hadisəni, şəxsi və ya hər hansı əşyanı bütün təfərrüatı ilə söyləyir, onlara öz mənfi və ya müsbət münasibətini bildirir, haqqında danışılan şəxsi, əşya və ya hadisəni öz müsahibinə, qulaq asanlara müxtəlif sübut və dəlillərlə çatdırırlar.
Dialoji dialoqda intonasiyanın tez-tez dəyişməsi bədii vasitə kimi əlavə sözlərə müraciət olunmadan danışığın emosionallığını, təsir gücünü artırır.
Dialoji nitqin sual-cavab dialoqunda fikrin dinləyiciyə aydın çatmasında danışanın zəngin söz ehtiyatına malik olması və dilimizin qayda-qanunlarına mükəmməl yiyələnməsi başlıca şərtdir.