3) Simli alətlər
Çeşidinə və geniş yayılmasına görə simli alətlərin Azərbaycan musiqi mədəniyyətində müstəsna yeri var.
Yazılı mənbələrdə simli çalğı alətlərinin yaranmasına dair bir çox əfsanələr mövcuddur. Rəvayətə görə qartalın
ağac başında parçaladığı bir heyvanın bağırsaqları dağılaraq ağacın budaqlarına dolaşır. Sonradan quruyub
tarıma çəkilmiş quru bağırsaq külək əsdikcə titrəyərək müxtəlif musiqi səsləri verməyə başlayır. Bu səsləri
eşidən qədim insanlar ilk simli çalğı alətlərini icad edirlər. Bu əfsanədə həqiqətə uyğun bir fakt var. Doğrudan
da tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış
pərdələri isə müəyyən üsullarla heyvan bağırsağından hazırlanmışdır. Azərbaycan musiqi mədəniyyətinin
inkişafında əvəzsiz tarixi əhəmiyyəti olmuş çoxsaylı simli musiqi alətləri zaman-zaman formalaşaraq, müasir
musiqi alətlərinin yaranmasına öz təsirini göstərmiş və bu günümüzə gəlib çatmışdır.
Azərbaycan simli çalğı alətləri ifa tərzinə görə dörd qrupa bölünür:
Mizrabla çalınanlar - tar, saz, ud, qanun, bərbət, rud, rübab, qopuz, çoğur
Kamanla ifa edilənlər - kamança, çəqanə
Barmaqla ifa edilənlər (dartımlı) - çəng, Şirvan tənburu
Zərblə çalınanlar - səntur