Qarmon Metal dilçəkli, körüklü musiqi alətidir. XIX əsrin sonlarından etibarən Azərbaycan xalqının məişətinə daxil
olmuş və milli musiqi mədəniyyətinin bir hissəsinə çevrilmişdir. Digər xalq çalğı alətləri ilə bir yerdə
ansambllarda, o cümlədən el şənliklərində milli rəqs musiqisinin ifası zamanı geniş istifadə edilir. Təsadüfi
deyildir ki, təkmilləşdirilmiş müasir qarmon bir çox hallarda xalq musiqi aləti
kimi qarşılanır.
Azərbaycanda istifadə olunan xromatik növlü qarmonun texniki ifa
xüsusiyyətləri və səs quruluşu rus qarmonlarından tamamilə fərqlidir. Qarmon
cazibədar səs tembrinə malikdir. Onun yan tərəfləri taxtadan, orta hissəsi dəri
körüklü dördkünc qutudan ibarətdir. Qarmonun hündürlüyü 360 mm, eni 268
mm, qalınlığı 195 mm-dir. Qutunun içərisində ağac lövhələr üzərində xüsusi
qayda ilə düzülmüş nazik metal dilçəklər (lövhələr) yerləşdirilir.
Alət sağ və sol əlin köməyi ilə körüyü açıb-bağlamaqla səsləndirilir. Bu
zaman sağ əlin şəhadət, orta, adsız, çeçələ barmaqları ilə melodiya, sol əlin
barmaqları ilə isə melodiyanın ahənginə uyğun dəm (tonika) saxlanılır. Körük
açılıb-bağlandıqda barmaqların təzyiqi ilə sıxılmış hava dillərin açdığı
boşluqdan keçərək həmin metal lövhələri ehtizaza gətirir. Bu zaman, vibrasiya
olunmuş lövhələrin ölçülərindən asılı olaraq, müxtəlif səs ucalıqları alınır.
Diapazonu kiçik oktavanın “do” səsindən ikinci oktavanın “fa” səsinə qədərdir. Solo və ansambl aləti kimi
geniş istifadə edilir.
Azərbaycanda bu alətin yığılması ilə məşğul olan sənətkarlar onun səs sistemini milli səs düzümünə tam
uyğunlaşdırdıqları üçün alətin səs çalarlığı, ifa texnikasının rahatlığı xalq musiqisinin və muğamların ifasına
geniş imkan yaratmışdır.