(Ardı var)
İstifadə olunan mənbələr:
1. İradə Bağırova. “XX əsrin əvvəlində Azərbaycanda siyasi partiya və
təşkilatlar” (rus)
2. Maksim Qorki. “Leonid Krasin”
3. A.Yenukidze. “Bizim Qafqazdakı gizli mətbəələrimiz”.
4. A.Şerbakov. “1905-ci il”
5. S.Kiriçuk. “Mətbəə”.
6. “Exo Moskvı”. “Nina” – “iskraçılar”ın gizli mətbəəsi”
7. Manaf Süleymanov. “Eşitdiklərim. Oxuduqlarım. Gördüklərim”
8. Aleksandr Stopani. “Bakı neft sənayesi fəhlələrinin əməkhaqqı və iş günü”
9. Konkordiya Zaxarova-Sederbaum. “Reaksiya illəri”
10. BSE. “1903-cü il Bakı tətili”
11. Abrosimov. “Bakı ailəsinin şəxsi həyatı...”
15
Nicat Qarayev
Qlobal Kapitalizmin maliyyə böhranı
“Heç bir qanun aktı böhranın qarşısını ala
bilməz. Lakin, yanlış qanun onu tezləşdirə bilər” – K.
Marks, Kapital III cild, s. 490
2008-ci il sentyabrın 18-də ABŞ Mərkəzi
Bankının (Federal Reserve) sədri Ben Bernanke
senatorlarla görüşür və onlara məşhur “əgər biz bu addımı atmasaq, bazar ertəsi ABŞ
iqtisadiyyatı mövcud olmayacaq” sözlərini deyir. Bu addım hökümətin ən böyük
sərmaye banklarına 700 milyard ABŞ dolları məbləğində yardım etməsini nəzərdə
tuturdu. Bernanke həqiqəti söyləyirdi və ABŞ hökuməti iqtisadiyyata ümumi məbləği
bir trilyondan artıq olan maliyyə müdaxiləsi etdi və hakimiyyətdə hansı partiyanın
olmasından asılı olmayaraq bu addım mövcud iqtisadi sistemi bərba etmək üçün yeganə
qaçılmaz çıxış yolu idi. ABŞ iqtisadiyyatının yox olma təhlükəsi ilə üz-üzə qalmasının
əsas səbəbi 2007-ci ilin sonunda simptomları üzə çıxan və iqtisadiyyatın bütün sahələrini
– istehsalat və maliyyəni əhatə edən geniş miqyaslı böhran idi. Miqyasına görə 2008-ci
il maliyyə böhranı 1929-cu ilin böhranından sonra ən ağırı hesab edilirdi.
***
Çoxları maliyyə böhranını 2001-ci ildə Mərkəzi Bankın faizləri endirməsi ilə
əlaqələndirsə də, müxtəlif iqtisadçılar bunu həm də dövlət və qanunverici orqanları
tərəfindən son 30 ildə getdikcə yumşaldılan kredit şərtləri, bankların bürokratların
anlamadığı mürəkkəb riyazi modellərdən və beynəlxalq maliyyə sistemindəki
boşluqlardan istifadə etməsi, kölgə bankçılığının geniş vüsət alması, maliyyə
İQTİSADİYYAT
16
№1 Fevral 2014
spekulyasiyasının (məsələn, istiqrazların gələcəkdə indiki qiymətlərlə dəyişdirilməsinin
risklərinin reallaşıb-reallaşmayacağı üzərindən mərcə gəlmək kimi fəaliyyətlərin)
idarəolunmaz həddə çatması, eyni zamanda baş verənləri insan təbiəti, hakimiyyətin
məsuliyyətsizliyi, bankçıların istifadə etdiyi nəzəriyyələrin yanlışlığı, bütün bunların
mədəniyyətlə, məsələn Amerikalıların ev sahibi olma həvəsi ilə bağlı olması, eyni
zamanda dövlət siyasətinin yanlış olması və s. kimi müxtəlif səbəblərlə bağlayırlar.
Lakin bu səbəblər sadə bir sualın cavabında birləşirlər: 2008-ci il Qlobal Maliyyə
Böhranı öncədən görünməyən və qarşısı alınmaz faktorların birləşməsi nəticəsində baş
vermişdi, yoxsa cari iqtisadi sistemin struktural xarakterindənmi doğurdu? Əgər biz
bu sualın ikinci hissəsi ilə razılaşsaq və cari iqtisadi sistemi kapitalist sosial-iqtisadi
formasiyası kimi qəbul etsək, o zaman marksist iqtisadçıların təklif etdiyi cavaba
nəzər salmalıyıq. Bunun üçün isə, böhranın səbəblərinə keçmədən əvvəl ümumi nəzəri
müzakirəyə ehtiyac var.
Marksın böhran nəzəriyyəsi
Böhran təhlükəsinin olduğu və mövcud iqtisadi vəziyyətin idarəolunmaz
vəziyyətə gəlib çıxması barədə hələ 2000-ci illərin əvvəllərində bir çoxları məlumat
vermişdilər. Təbii ki, böhranın vaxtını, ölçüsünü və konkret səbəblərini heç kəs dəqiq
© Sergey Yolkin
17
proqnozlaşdıra bilməzdi. Amma Marksist fikir adamları hadisələrin hansı istiqamətdə
inkişaf etdiyini və bu inkişafın necə və hansı fəsadlara gətirib çıxaracağını aydın
görürdülər. Məsələn, David Harvey hələ 1982-ci ildə “Kapitalın hüdudları” kitabında
“maliyyə sistemi və onun pul bazası arasında ziddiyyətləri” haqqında yazır və iddia
edirdi ki, pul dövriyyə vasitəsi kimi fəaliyyət göstərərkən rəqabət nəticəsində sənayedə
yaradılmış əlavə dəyərlə olan bağlılıqdan qopur və yalnız bazarda (istehsalatda deyil!)
dövriyyə nəticəsində “puldan pul qazanmaq” fenomenini əmələ gətirir. Harvey bu
izahı Marksın Kapitalının 3-cü cildi, Rudolf Hilferdinqin “Maliyyə Kapitalı: Kapitalist
inkişafının son fazası haqqında araşdırma” və Leninin “İmperializm Kapitalizmin ən
yüksək səviyyəsi kimi” əsərlərinə əsaslanaraq təklif edirdi.
İlkin mərhələdə, bazarda rəqabətin aşağı olduğu şəraitdə əmək bazarında işçi
qüvvəsi çox olduğundan sahibkarlar nisbətən az xərc çəkməklə istehsal alətlərinə
sahiblənib istehsalata işçi qüvvəsi cəlb edirlər. Bir müddət sonra rəqabət nəticəsində
əmək bazarında müvafiq işçi qüvvəsi azalmağa başlayır və istehsalatı davam etdirmək
üçün sahibkar daha artıq maaş təklif etməyə məcbur olur. Eyni zamanda, bazarda rəqabət
nəticəsində istehsal üçün tələb olunan aralıq əmtəələrin qiyməti artmağa başlayır və bu
© LATUFF, 2009.
18
№1 Fevral 2014
faktorlar istehlak üçün istehsal olunan əmtəələrin qiymətinə təsir edir. İşçilər həm də
bazarda istehlakçı olduqlarından onlara təklif olunan maaşlar bazarda əmtəələrə qarşı
mövcud olan effektiv tələbin əsas hissəsini təşkil edir. İlk dövrlərdə effektiv tələb yuxarı
olsa da, maaşların nisbətən artmasına baxmayaraq işçilər davamlı olaraq əmtəələrin
istehsal surəti ilə ayaqlaşa bilmirlər. Nəticədə tələb olunandan artıq istehsal əmələ gəlir.
Bu halda sahibkarlar təklifin artması nəticəsində qiymətlərin azalması ilə üzləşirlər. Bu
isə onlara istehsalatı və nəticə etibarilə mənfəəti ən azı sabit saxlamağa mane olur. Bu
halda, əhalinin alıcılıq qabiliyyətini və effektiv tələbi artırmaq məqsədilə kredit sistemi
ortaya çıxır.
***
Kredit imkan verir ki, cəmiyyətin bütün təbəqələrinin yığımlarını istehsalat üçün
səfərbər etməklə yanaşı, adətən istehsal olunmuş əmtəələrin ümumi dəyərinə müvafiq
olan pul bazası bir neçə dəfə artırılsın. Belə artım ona görə mümkün olur ki, heç vaxt
hər kəs eyni zamanda öz vəsaitlərini banklardan geri istəmir və nəticə etibarilə banklar
əllərində olan vəsaitlərdən bir neçə dəfə artıq miqdarda vəsaiti kredit kimi alıcılara və
sahibkarlara təklif edə bilirlər. Maliyyə imkanlarının artması nəticəsində sahibkarlar
yüksək rəqabət şəraitində fəaliyyət göstərir. İstehsal ən yüksək həddə qalxır, işsizlik
ən aşağı həddə düşür. Lakin,vəsait uğrunda sahibkarlar arasında rəqabətdən dolayı
həm kredit faizləri və nəticə etibarilə həm də işçilərin maaş tələbləri artmağa başlayır.
Mərkəzi bank faiz dərəcələrini sabit saxlamaq üçün dövriyyədəki pul kütləsini artıra
bilər, lakin, bu inflyasiyaya gətirib çıxaracaq və sahibkarlar istənilən halda “mənfəət
məhdudiyyəti” ilə üzləşəcəklər. Məhdudlaşan mənfəət tələsinə düşən sahibkarlar ya
sıradan çıxır (bu halda monopoliyalaşma meyllilikləri artır), ya işçi qüvvəsi və maliyyə
kapitalının bol olduğu yerlərə köçür, yaxud da maliyyə sisteminə sərmayelər qoymağa
başlayırlar. Dövriyyədə küllü miqdarda “yalançı kapital” əmələ gəlir və yüksək rəqabət
nəticəsində maliyyə və spekulyasiya əməliyyatları, yəni, “puldan pul yaratma” kütləvi
hal alır. Marks bunu “Kapitalist istehsal formasının məhz bu istehsal forması çərçivəsində
ləğvi” adlandırırdı. İstehsal olunmuş əmtəələrin ümumi dəyəri ilə maliyyə kapitalının
dövriyyəsi arasında ciddi fərq əmələ gəlir. İstehsalatda aralıq istehsal vasitələri ticarəti
ilə əmtəə istehsalı, istehsalat və gəlirin bölüşdürülməsi arasında ziddiyyətlər ən yüksək
19
həddə çatır. İstismar, beləliklə də əlavə dəyər yaradılması ən aşağı həddə enir və
şişmiş şarın partlaması yalnız zaman məsələsinə çevrilir. Mərkəzi bank, beynəlxalq
ticarət şəraiti, qanunverici orqanların müdaxilələri isə bu prosesi biraz ləngidə, yaxud
sürətləndirə bilər. Qarşısını almaq isə mümkün deyil. Kapital bir proses kimi dəyərləri
məhv etməli və hər şeyi başlanğıca qaytarmalıdır.
2008-ci il Qlobal Maliyyə Böhranı və onun Marksist böhran nəzəriyyəsi
əsasında izahı
(Yer məhdudluğu səbəbindən böhranı əhatə edən hadisələrin təqdimatı ilə onların marksın
böhran nəzəriyyəsi çərçivəsində müzakirəsi birlikdə təqdim edilir)
Böhran 2000-ci illərdə tikinti sektorunda başlasa da, onun kökü 1970-ci illərdən
başlayan Tetçer, Reyqan, Pinoçet kimi sağ yönümlü siyasətçilərin yürütdüyü neoliberal
siyasət nəticəsində əmək bazarındakı struktural islahatlar, həmkarların sıradan
çıxarılması və maaşların nəzarətdə saxlanılması, banklara böyük hüquqi imkanların
verilməsi və kredit şərtlərinin asanlaşdırılması, maliyə sektoruna geniş imkanların
yaradılması kimi addımlardan başlayır. 1990-94-cü illərdə Latın Amerikası, 1998-cü
illərdə Cənub-Şərqi Asiya, 2001-ci ildə ABŞ-da baş vermiş böhranlar məhəlli xarakter
daşısa da, məhz sözügedən neoliberal siyasətin nəticələri idi və minlərlə insanın
taleyi bahasına həll olunurdu. 1998-ci il Asiya böhranından sonra bütün dünyanın
maliyyə kapitalı ABŞ-a axmağa başlamışdı və ABŞ sərmaye bankları həm ucuz izafi
vəsaitlərdən, həm də faiz dərəcələrinin azalması (2001-ci ildə Dot-com böhranından
sonra ABŞ Mərkəzi Bankı bazarda likvidliyi, pul dövriyyəsinin sürətini artırması
məqsədilə bank faizlərini 6.5%-dən 1%-ə endirir) səbəbindən inkişafda olan tikinti
sektoruna yatırımlar etməyə başlamışdı. Əvvəllər Mərkəzi Bankın qiymətli kağızlarını
alan sərmayeçilərə artıq qoyduqları sərmaye üzərindən cəmi 1% gəlir götürmək sərf
etmədiyindən sərmayelərini geri çəkirlər. Digər tərəfdən isə sərmaye banklarının küllü
miqdarda vəsaiti yalnız illik 1% xərclə əldə etmək imkanına sahib oldular.
Bəs bu vəsaiti haraya yatırmalı? Cavab tikinti sektorunda idi. Beləliklə,
mənzillərə artan effektiv tələbatı qarşılamaq, yaxud, marksist təbircə söyləsək, tələbdən
artıq istehsal nəticəsində mənzillərin dəyərdən düşməsinin qarşısını almaq məqsədilə
20
№1 Fevral 2014
(zatən münasibət dialektikdir) özəl ipoteka-mənzil kreditlərinin həndəsi silsilə ilə
artmağa başlayır. Tezliklə bu kredit paketləri üzərində qurulmuş qiymətli kağızların
və istiqrazıların, həmçinin onların müxtəlif kateqoriyalar üzrə sığortalanmasının cari
qiymətlərlə gələcəkdə qiymətli kağızlar bazarında ticarəti nəticəsində ABŞ-ın Leehman
Brother, GP Morgan, Sitiqrup və digər 10-a qədər sərmaye bankları həddən artıq gəlir
əldə etməyə başlamışdılar. Müxtəlif orta gəlirli amerikan ailələrinə ipoteka kreditləri
verən kommersiya bankları toplanmış kredit paketlərini qiymətli kağızlar formasında
daha geniş maliyyə imkanları olan sərmaye banklarına satırdılar. Digər sözlə, sərmaye
bankları mərkəzi bankdan (və bir-birlərindən) aşağı faizlə kredit götürüb çoxlu miqdarda
ipoteka kreditlərini kommersiya bankları vasitəsilə daha yüksək faizlərlə orta gəlirli
amerikan ailələrinə satırdılar. Sərmaye bankları öz növbəsində bu qiymətli kağızları
risk dərəcələrinə görə müxtəlif kateqoriyalara bölür, hər kateqoriyanı müxtəlif kredit
qiymətləndirici agentliklər tərəfindən təhlükəsizlik dərəcəsinə görə sertifikatlaşdırır və
istiqraz şəklində cari qiymətlərlə gələcəkdə və indi yerli və beynəlxalq, fərdi və hüquqi
şəxslərə satır və külli miqdarda mənfəət əldə edirdilər. Eyni zamanda, risk faktorları
aşağı olan, yəni təhlükəsizlik dərəcəsinə görə yüksək qiymətləndirilən ipoteka kredit
ABŞ maliyyə sənayesinin ABŞ ÜDM-də payı (illər üzrə faiz dərəcələri)
21
kateqoriyaları sığorta şirkətləri tərəfindən sığortalanır və bu sığortalar cari qiymətlərlə
gələcəkdə və indi yerli və dünya bazarında ticarətə çıxarılırdı. Qiymətli kağızlar və onun
törəmələri üzərindən ticarət (məsələn, qiymətli kağızların indiki qiymətlərlə gələcəkdə
dəyişdirilməsi və bu ticarətlə bağlı risk faktorlarından sığortalanma, eyni zamanda
müqaviləyə tərəf yaxud üçüncü tərəfin bu ticarətdə risklərin reallaşıb-reallaşmaması
üzərindən mərcə gəlməsi və s.) təkmilləşmiş riyazi modellər və kompüter proqramları
vasitəsilə aparılırdı. İlk illərdə bütün bu ticari əməliyyatlardan – hansı ki bank əməliyyatları
və bankların depozit saxlama nisbətlərinin artırılması nəticəsində ipoteka kreditlərinin
ümumi dəyərindən 100-lərlə dəfə böyük idi – sərmaye bankları külli miqdarda mənfəət
əldə etsələr də, artıq gəlir şərtlərinə görə mənzil kreditinə məqbul amerikan ailələrinin
sayları azalmağa başlamışdı. Beləliklə, mənzillərə effektiv tələbi yüksək saxlamaq
üçün bir birləri ilə rəqabətdə olan sərmaye bankları və onlara əməkdaşlıq edənlər (bank
səhmlərini alan fərdi şəxslərdən tutmuş böyük maliyyə institutları və xarici dövlətlərin
mərkəzi banklarına qədər) ipoteka kreditləri tələbatlarını aşağı salmağa başlayır. Başqa
sözlə, effektiv tələbin yaratdığı növbəti maneəni dəf etmək üçün ipoteka kreditlərini
ödəməmək riski çox olan ailələlərə kreditlər verilməsinə başlayır. Gəlirləri az olan
ailələr ipoteka kreditləri ödənişlərini kütləvi şəkildə gecikdirməyə və onlardan imtina
etməyə başlayırlar. Əvvəllər ara-sıra gecikmələr nəticəsində banklar evləri müsadirə
edib bazarda zatən yüksək olan qiymətə satıb ipoteka müqaviləsinin xərclərini ödəyə
bilirdilərsə, artıq minlərlə ev sahibi eyni zamanda kreditləri ödəməkdən imtina edir və
evləri geri qaytarırlar. Daşınmaz əmlak bazarında təklif durmadan artır və ev qiymətləri
sürətlə enməyə başlayır. Evlərini bir neçə il əvvəl xeyli baha alan nisbətən imkanlı
ailələr də evlərinin dəyərdən düşdüyünü görərək kreditlərini qaytarırlar. Beləliklə,
müxtəlif kateqoriyalı ipoteka kreditinə əsaslanan qiymətli kağızlar tezliklə dəyərdən
düşür və qısa zamanda ən az riskli aktivlərin belə dəyəri “heçə” enir. Fiziki və hüquqi
sərmayeçilər, sərmaye bankları, sığorta şirkətləri və kommersiya bankları, eyni zamanda
tikinti şirkətləri və onlarla əlaqəli bütün digər iqtisadi fəaliyyətlə məşğul olan qurumlar
cari hesab defisitinə girirlər. Bütün cəmiyyətdə inam sarsılır və bir gündə milyonlarla
insan və ABŞ banklarına sərmaye qoymuş dünya bankları sərmayelərini geri istəyir –
qlobal maliyyə böhranı başlayır.
22
№1 Fevral 2014
1970-lərdən başlayan və neoliberal siyasət nəticəsində uğurla nəticələnən de-
industrializasiya ABŞ-da real sektorun, yəni sənaye istehsalı və əlavə dəyər yaradıl-
masına əsaslanan iqtisadi fəaliyyətlərin kəskin azalmasına səbəb olmuşdu. 2009-cu
ildə ABŞ sənaye sektoru ÜDM-in 22%-dan azını, maliyyə sektoru isə 77%-dan çoxunu
təmin edirdi. Daha ucuz əmək bazarı axtarışında olan ABŞ şirkətləri ölkəni tərk etmiş,
1945-1970-ci illərdə 5% altında olan işsizlik 70-lərdən sonra 10, bəzi hallarda isə 15%-ə
qədər yüksəlmişdi. 1960-2005-ci illərdə maaşların ümumi dəyəri ÜDM-in 53%-dən
46%-a enmiş (İqtisadi Tədqiqatlar Bürosu, ABŞ – Enigma of Capital), 1998-2008-ci
illər arası maaşların infliyasiyaya nəzərən dəyəri rüblük 1.5% artımdan 0.5% azalma
qədər davam etmişdir (Milli Statistika Ofisi, ABŞ – Enigma of Capital). 2007-ci ilin
sonlarına yaxın 2 milyon amerikalı evini itirmiş, 4 milyon isə itirmək ərəfəsində idi.
(Harvey, Enigma of Capital). Bu zaman səhnəyə tikinti sektoru və effektiv tələbi artıran
kredit daxil olur...
İstifadə olunan mənbələr:
1. Karl Marks, Kapital III cild
2. David Harvey, The Limits to Capital
ABŞ ÜDM artım tempi (illər üzrə faiz dərəcələri)
23
3. David Harvey, The Enigma of Capital
4. Richard Wolf, Marx Today
5. Raya Dunayevskaya, Luxemburg’s theory of accummulation – how it differed
with Marx and Lenin
6. Rudolph Hilferding, Finance Capital: A study of the latest phase of
Capitalist Development
7. Dünya Bankı Qlobal Data Bazası
8. Murray Smithç Causes and Consequences of Global Economic Crisis
24
№1 Fevral 2014
Loğman Qasımov
İstehlak cəmiyyəti
İstehlak cəmiyyəti termin kimi ilk dəfə alman sosioloqu Erix Fromm tərəfindən
işlədilib və fərdi istehlak prinsipi əsasında formalaşmış ictimai münasibətlərin məcmusu
kimi başa düşülür. Həmçinin konsyumerizm kimi tanınan bu anlayışın əsas xarakterik
xüsusiyyəti maddi və qeyri-maddi məhsulların kütləvi istehlakı ilə yanaşı müəyyən
dəyərlər sisteminin də kütləvi mənimsənilməsidir. İstehlak cəmiyyəti Yer üzərində
mövcud olmuş ən totalitar sosial konstruksiyadır və onun totalitarizmi digərlərindən
fərqli olaraq maskalanmış haldadır. İstehlakçılıq dəyərlərinin insan varlığının əsas
məqsədi kimi qəbul olunması müasir inkişaf etmiş cəmiyyətlərin əsas şərtlərindən
biridir. Onun gücü hərbidə, maliyyə axınında, təbii ehtiyatlarında yox, kütləvi şüura
hakim kəsilmiş total istehlakçı kultundadır.
Hər şey necə başladı?
İstehlak qədim dövrlərdən mövcuddur. Amma istehlak cəmiyyəti bir az fərqli
anlayışdır və dəqiq yaranma tarixi məlum olmasa da, bu təxminən 1929-cu ilin böyük
böhranı (Böyük depressiya) vaxtlarına təsadüf edir.
Rəqabətli mübarizə şəraitində hər bir sahibkar daha çox və daha ucuz istehsal
SOSİOLOGİYA
“Biz konserv əsrində yaşayırıq. (...) Daha
fikirləşmək lazım deyil. Artıq hər şey bizim əvəzimizə
düşünülüb, başa düşülüb və hətta yaşanılıb da.
Konservlər! Sadəcə bankanı açmaq qalıb. Gündə
üç dəfə evə çatdırılma. Heç nə əkmək, becərmək,
qaynatmaq lazım deyil dalğınlıq, şübhə və kədər
ocağında”
25
etməyə çalışır. Ona görə də kapitalizmdə istehsal patoloji artımla müşahidə olunur.
Məhsullar satılmadıqda isə iqtisadiyyatda tələbdən artıq istehsal adlandırılan hal baş
verir ki, o da öz növbəsində bütün iqtisadi sistemi çökdürə biləcək böhrana səbəb olur.
Kapitalist çıxış yolunu lazımsız hesab etdiyi personalı ixtisar etməkdə görür və bununla
da bazardakı alıcılıq qabiliyyətini bir az da aşağı salaraq vəziyyəti daha da çətinləşdirir.
Zəncirvari mexanizm işə düşür.
İstehlak cəmiyyəti ad-
landırdığımız dövrə qədər bu
problemi yeni ələ keçirilmiş
koloniyaların hesabına ba-
zarları genişləndirərək və
bununla da yeni istehlakçılar
qazanaraq həll edirdilər. Mə-
lumdur ki, Birinci Dünya
Müharibəsinin başlanma sə-
bəblərindən əsası sahibsiz
koloniyaların qalmaması idi.
Böyük Depressiya vaxtı iqti-
sadçıların qarşısında duran
əsas sual bu cür idi: “istehlakı necə artırmaq olar?” Bütün koloniyalar bölünmüşdü,
hərbi münaqişələrlə bazarın genişləndirilməsi o dövr üçün siyasi cəhətdən uğurlu
variant deyildi. Çıxış yolu istehlakı stimullaşdırmaqda idi. Beləcə vəziyyət o dərəcədə
gülünc həddə çatdı ki, insanlara faydasız işlər qarşılığında real pullar verilirdi, sadəcə
ona görə ki, onların nəsə almağa pulları olsun. Misal üçün, quyu qazıb dərhal da onu
doldurmaq kimi işlər. Hər halda bu, işə yaradı və dirçəlmiş istehlak istehsalı da oyatdı.
Bunun ardınca isə iqtisadiyyat dərsliklərinə yenidən əl gəzdirildi və yeni formul ön
plana çıxdı: “tələb təklifi müəyyənləşdirir”
1
. Digər sözlərlə desək, istehlak cəmiyyəti
bu sadəcə sənə sırınan malları aldığın cəmiyyət deyil, bu elə cəmiyyətdir ki, orada
lazımsız malların sırınması iqtisadi zərurətdir, çünki əks halda istehsal artımı olmayacaq
və növbəti iqtisadi böhran baş verəcək.
26
№1 Fevral 2014
Marksdan bir neçə söz
İstehlak kultunun anlaşılmasına Karl Marksdan başlamaq lazımdır. Marks
göstərir ki, kapitalizmdə istehlak psixologiyasının obyektiv əsası yadlaşmış əmək və
əmtəə fetişizmidir. İnsanların gözləri önündə onların öz ictimai hərəkətləri əşyaların
hərəkətləri formasını alır. İnsanın idarə etməli olduğu şeylər onun özünü idarə edir. Əmtəə
dünyasının bu fetişist xarakteri əmtəəni əmələ gətirən əməyin özünəməxsus ictimai
xarakteri ilə əlaqədardır. Əşyalaşmış əməyin canlı əmək üzərindəki hakimiyyətinin
nəticəsi kimi əmtəə fetişizmi əməyin yadlaşması ilə bilavasitə əlaqəlidir. Kapitalizmdə
əşyalar insan üzərində hakimdirlər, onu istismar obyektinə çevirirlər və vampir kimi
ondan izafi dəyəri soraraq öz əmək prosesindən və əməyinin nəticəsindən yadlaşdırırlar.
Baxmayaraq ki, biz insanlar başqa planetlərə peyklər göndərməyi, öz məqsədlərimiz
üçün böyük enerjilərdən istifadə etməyi, bir sözlə təbiəti ram etməyi öyrənmişik,
bizim öz ictimai varlığımıza münasibətimiz hələ də hardasa “kollektiv şüursuzluq”
səviyyəsində qalıb. Müasir kapitalizmdəki təbiət üzərində hakim olan insan əslində öz
əşyalarının quludur.
***
Marks yazır ki, “İlk baxışdan əmtəə çox sadə və bayağı əşya kimi görünür.
Amma onun analizi göstərir ki, o necə metafizik incəliklər və teoloji hiyləgərliklərlə
zəngindir.” Aydın məsələdir ki, stul üzərində oturmaq, avtomobil bir nöqtədən digərinə
hərəkət etmək üçündür. Amma insanın ehtiyaclarından yaranan təbii xüsusiyyətlərindən
başqa, əmtəənin “mistik xüsusiyyətləri” də var. Müdirin stulu ilə işçinin stulu bir
deyil, mahiyyətcə eyni olsalar belə. Rols Roys bəzi xarakteristikalarına görə BMW-
dən üstün ola bilər, amma insanları az hallarda texniki xüsusiyyətlər maraqlandırır.
Burada məsələ prestijdədir. İnsanlar bir-birilərini malik olduqları əşyaların dəyərinə
görə qiymətləndirir, elə iş axtarırlar ki, onlara daha çox istehlak etmək imkanı versin.
Hazırdırlar xoşlarına gəlməyən işlə məşğul olsunlar, asudə vaxtlarını və sağlamlıqlarını
itirsinlər, təki istədikləri əşyalara sahib olsunlar. İnsan əməyinin məhsulları elə onların
öz nəzərlərində fövqəladə güc qazanır. Hakimiyyət vermək, zülm etmək, xoşbəxtlik və
sevgi bəxş etmək, istismar etmək və gəlir əldə etmək kimi.
27
İstehlak kultu və yadlaşma
“İnsan əmtəəyə çevrilib və öz həyatına uğurlu yatırıma ehtiyacı olan kapital
kimi baxır. Əgər bu, onda uğurlu alınsa deməli onun həyatının mənası var, alınmasa o
uğursuzdur. Onun dəyərini insani keyfiyyətləri yox tələb müəyyənləşdirir”
(Erix Fromm. “Sağlam cəmiyyət”)
Marksdan bu yana çox şey dəyişdi. İfrat istehlak problemi İkinci Dünya
Müharibəsindən sonra ciddi müzakirə mövzusuna çevrildi. Erix Fromm “Sahib olmaq,
yoxsa Mövcud olmaq” kitabında yazır ki: “Bəşəriyyət Adəmdən bu yana hələ bu cür
istehlak kultu ilə rastlaşmamışdı. Həvvanın cənnət bağında yediyi alma indi mövcud
olan daima artan və mənasız istehlakçılıqla müqayisədə məsumluqdur.” İstehlak
obyektləri təkcə qida və əşyalar deyil, mədəniyyəti, incəsənəti də istehlak etmək olar.
Beləcə guya kütlələrin ehtiyaclarını ödəyən əslində isə sadəcə kütləyə sırınan müxtəlif
istehsal istiqamətləri yarandı. İstehlak kultu reklam və manipulyasiyaların köməyi
ilə, müasir modelyerlər, tanınmış “şəxsiyyətlər”in dəstəyi ilə möhkəmləndi. Həlledici
məsələ bu idi ki, istehlak etmək üçün insanların öncə istehlak etmək istəyi olmalıdır.
Kapitalist üçün istehlak etmək istəyini dəyərə hətta həyat məqsədinə çevirmək elə də
çətin bir şey deyildi. Beləcə istehlak kultu yarandı.
Fromm “Sağlam cəmiyyət” əsərində yazır ki, biz əşyaları sahib olmaq üçün
əldə edirik. Sındırmaq qorxusu ilə heç vaxt istifadə etmədiyimiz bahalı yemək servisi,
büllur vaza yaxud çoxotaqlı boş malikanə, lazımsız maşınlar və s. bu tip istifadə
olunmayan sahib olduğumuz əşyalar. Ancaq sahib olma həzzi üçün istehlak daha çox
XIX əsrə aid idi, bizim dövrümüzdə insanlar saxlamaq üçün yox, daha çox istifadə
üçün nəzərdə tutulmuş əşyalar alırlar, baxmayaraq ki, bu hal yenə vəziyyəti dəyişmir.
Maşın, soyuducu, televizor təkcə həqiqi ehtiyac üçün lazım deyil, həm də görünüş və
prestij üçün lazımdır. Onlar öz sahiblərinə müəyyən status verirlər. Biz dadsız ve qidalı
olmayan çörəyi ağ və təzə olduğu üçün yeyirik, çünki o, bizim təsəvvürümüzdə bolluq və
üstünlüklə əlaqələnir. Biz real məhsulla əlaqəni itirib faktiki olaraq öz təxəyyülümüzün
məhsulunu yeyirik. Bizim zövqümüz, hiss üzvlərimiz istehlak aktında iştirak etmirlər.
28
№1 Fevral 2014
Biz yarlık içirik. Coca-Cola şüşəsi ilə birgə içki içən yaraşıqlı oğlan və qızın reklam
şəklini içirik. “Həyatın ləzzəti” devizini və məşhur amerikan vərdişini içirik.
***
Bizim istehlak üsulumuz mütləq olaraq ona gətirir ki, biz heç vaxt razı qalmırıq
və doymuruq, çünki istehlakçı bizim əsl özümüz deyil, real şəxsiyyətimiz deyil.
Burada çatdırılmaq istənilən o deyil ki, insanın mədəni inkişafı ilə əlaqədar onun
istehlak tələbatları arta bilməz, daha yaxşı qidalanmaq, ona estetik zövq verən əşyalara,
kitablara və s. ehtiyacı ola bilməz. Əlbəttə bunların baş verməsi təbiidir. Ancaq bizim
qarşısıalınmaz istehlak etmək həvəsimiz insanın təbii ehtiyacları ilə əlaqəni itirib.
Başlanğıcda kütləvi istehlak insanların bütün tələbatlarını ödəyəcək daha xoşbəxt həyat
vəd edirdisə, istehlak məqsədə yəni xoşbəxtliyə çatmaq üçün vasitə idisə, indi istehlak
özü məqsədə çevrilib. Bu bir növ bizi
öz təsiri altına salan asılılıq kimidir. Hər
bir insan çalışır ki, digərində hansısa
ehtiyac hissini oyatsın və onu yeni tip
asılılığa salsın.
Hazırki insan hədsiz miqdarda
əşya almaq tilsiminin altındadır,
xüsusən də yeni əşya. O istehlakçı
aclığını hiss edir. Alıcılıq və istehlak
aktı sağlam məntiqə zidd olan məcburi
məqsədə çevrilib, ən ali məqsədə.
Hər kəs bazarda ən son peyda olan
hansısa texniki yeniliyi almağı xəyal
edir və bu xəyalla müqayisədə istifadə
olunacaq əşyadan alınacaq əsl həzz
ikinci plana keçir. Fromm yazir ki,
“Əgər müasir insanın cənnət haqqında
əsl təsəvvürlərini deməyə cəsarəti çatsaydı, təsvir olunacaq mənzərə yəqin ki, içərisi
hər cür texniki yeniliklərlə dolu olan dünyanın ən böyük univermağı olardı. Həmin
Kisə üzərində reklam yazısı: “İndi al, sonra ödə”
29
adamsa içərisində bütün bunları almağa yetəcək qədər pul olan kisə ilə birgə.” Hazırki
istehlak cəmiyyətinin keçən əsrdəkindən əsas fərqi odur ki, bugünkü insan keçən əsrin
insanı kimi malik olmaqdan daha əvvəlki kimi həzz almır. O yeniliyi xoşlayır, hər
şeyin yenisini. Və aldığı əşyanı da
daha yenisi çıxan kimi dəyişməyə
hazırdır.
Yadlaşmış münasibət təkcə
əşyaların istehlakına və istifadə-
sinə aid deyil, o daha genişdir və
bizim boş vaxtımızın istifadəsinə
belə təsir edir. Yadlaşmış isteh-
lakçı insan idman oyunlarını,
filmləri, qəzetləri, jurnalları, ki-
tabları, təbiət mənzərələrini belə
əşyalarla olduğu kimi abstrakt
və yadlaşmış formada istehlak
edir. O, heç nədə aktiv iştirak et-
mir, nəyə sahib olmaq və ondan
həzz almaq mümkündürsə, onu
mənimsəmək istəyir. Faktiki ola-
raq o, öz boş vaxtının belə əsl
sahibi deyil. Sistem özü onun boş
vaxtını bölüşdürür, əşyaların istehlakında olduğu kimi. İnsanın zövqü manipulyasiya
obyektidir . Onun eşitmək istədiyi, görmək istədiyi hər şeyi istehlak sənayesi müəyyən
edir. Həzzin dəyəri bazardakı uğurundan asılıdır. Heç bir başqa insani ölçülər bunu
müəyyən etmir. Sənin üçün nəyin daha zövqlü ola biləcəyini bazar müəyyən edir.
Normada insan kitab oxuyanda, peyzajla maraqlananda, dostları ilə ünsiyyətdə olanda
və s. yaradıcı proseslərdə dəyişir. Yadlaşmış formada zövq alan insan isə dəyişmir,
onun yalnız nə etdiyi barədə xatirələri qalır.
Fromm yazır ki, “Fotoaparatlı turist dünyaya yadlaşmış münasibətin parlaq
Bar code art. Consumerism sucks.
Müəllif: Ben Heine
30
№1 Fevral 2014
nümunəsidir.” Daimi şəkil çəkmək prosesində o özü faktiki heç nə görmür, görən
fotoaparatdır. Kamera onun əvəzinə görür, turistə qalan həzz isə xatirələri və çəkdiyi
şəkillərdir. Hansılar ki, onun ala biləcəyi, ancaq almadığı həzləri əvəz edir. “Kodak”ın
reklam devizində deyildiyi kimi, “Siz düyməni sıxırsız, qalanını biz edirik.”
KİV, pop-art, seks
Kütləvi mədəniyyətin ənənəvi mədəniyyətə münasibəti dəbin əşyalara
münasibəti kimidir. Yəni necə ki, dəbin əsasında əşyaların köhnəlməsi durur, kütləvi
mədəniyyətin də əsasında ənənəvi dəyərlərin köhnəlməsi durur. Kütləvi mədəniyyət
başlanğıcda müvəqqəti istifadə üçün yaradılır. O işarələrin dəyişdiyi mühitdir. Onun
imperativi istehlakçı-insan üçün aktuallıq, müasirlik, funksional yararlılıq tələbidir.
Kommunikasiya vasitələrinin inkişafı insan ünsiyyətindəki simvolik əsasın itirilməsinə
səbəb olur. Əsl canlı mədəniyətin yerinə məzmunu olmayan mənasız işarələrin
rituallaşması gəlir. Hər bir “mədəni” insan üçün mütləq olan bu tip işarələr minimumu
formalaşır. Bu minimumu Jan Bodriyar “ən kiçik ümumi mədəniyyət” hesab edir. Və
bu minimum kütləvi şüurda “mədəni vətəndaşın şəhadətnaməsi” rolunu oynayır.
***
Pop-art ikili məna daşıyır – o, həm istehlak cəmiyyətinin məhsuludur, həm də
onun mexanizminin ifadəsi. O, görünən reallığı təsvir edərkən sistemin işarələrindən
kənara çıxa bilmir. Pop-art səmimi ola bilər, həqiqi ehtirasın, coşqunun, ilhamın
nəticəsi ola bilər, ancaq bununla yanaşı o öz yaradıcısının belə dərk etmədiyi obyektiv
statusundan xilas ola bilməz. O, başlanğıcdan kommersiya məqsədi daşıdığı üçün heç
vaxt insana tam çatmır. Həmçinin insan özü də ona münasibətdə istehlakçı kimi çıxış
etməyə məhkumdur.
Kütləvi informasiya vasitələri (KİV) – istehlak cəmiyyətinin totalitar
xarakterini əks etdirir və onu möhkəmləndirir. Bu totalitarizmin məğzi hadisələri
homogenləşdirməsində, bununla da istehlakçının nəzərində onu eynihüquqlu
etməsindədir. KİV dünyanın canlı məzmununu ondan təkcə hadisələri götürərək
məhv edir. Bodriyara görə, reallığa bu cür münasibətilə KİV doğruluq yaxud yanlışlıq
kateqoriyası olmayan “neoreallığı” formalaşdırır. Reklamların da yaranmasında
31
iştirak etdiyi “neoreallıq” “psevdohadisələrdən” ibarətdir. Reklam öz məzmununun
doğruluğunu analizə çağırmır, reklam ona inam tələb edir.
İstehlak cəmiyyəti bədən kultunu yaradır və bununla da təkcə dünyanın yox həm
də insanın fetişləşdirilməsini təmin edir. O insanı öz bədənini manipulyasiya etməyə,
ondan sosial fərqləri aradan qaldırmaq yaxud daha da qabartma aləti kimi istifadə
etməyə məcbur edir. Ənənəvi gözəllik, erotiklik anlayışları funksiyalarla əvəz olunur
və istehlak qabiliyyətinin bir maddəsi hesab olunur. Bədən ruhun sadələşmiş analoquna
çevrilir, onu “tapmaq”, “kəşf etmək”, “dərk etmək” və “xilas etmək” lazımdır. O müasir
mifologiyanın obyektinə çevrilir və məzmunca artıq material deyil. Bədən – istehlak
obyektidir. Sahibindən başqa onu dəb jurnalları və tibb istehlak edir. Onunla əlaqəli
olan seksuallıq anlayışı da verilmiş standartların çərçivəsinə salınır və kommersiyalaşır,
istehsal sisteminin elementinə çevrilir.
İstehlakçı və istehlakçılıq dərəcəsi
Hər kəs eşitmiş olar ki, müasir cəmiyyət istehlakçı yetişdirir. Amma eyni zamanda
kimlərinsə xüsusi olaraq bu işlə məşğul olduğunu görmürük: valideynlər öz övladlarına
qarşısına çıxan hər şeyi almağı öyrətmirlər, dövlət istehlaka həvəsləndirmə proqramları
həyata keçirmir, sahibkar üçün alış-verişdən uzaq vaxtında nə işlə məşğul olduğunun
ümumiyyətlə əhəmiyyəti yoxdur, onların işi satışı artırmaq üçün öz mallarının reklamıdır.
İstənilən sahibkar üçün alıcı lazımdır, dövlət üçün sahibkarlığa mane olmaq sərf etmir,
valideynlərin isə ümumiyyətlə çox da vecinə deyil. Nəticədə valideynlər övladlarını
öz nümunələrində böyüdürlər, dövlət istehlak prosesinə müdaxilə etmir, istehlakçının
yetişdirilməsi isə təbii, qarşısıalınmaz sosial-iqtisadi prosesə çevrilir.
İstehlak cəmiyyəti insandan bir şey istəyir – O, sadəcə “ye”sin. Dayanmadan,
sözün bütün mənalarında. İşləsin və qazandığı pullarla “ye”sin. Komputer oyunları
oynasın, yeni paltarlar, telefonlar, maşınlar və s. alsın. Sadəcə işləsin və alsın. Nəticədə
o baş verir ki, insan ətrafdakı hər şeyə istehlakçı gözüylə baxır. Hətta insana belə.
İstehlakçı insan ətrafdakı insanlardan ancaq istifadə edə biləcəklərini görür, digərlərini
isə ümumiyyətlə görmür. Qadın seksual tələbatları ödəmə vasitəsidir, valideynlər
maddi kömək üçün müraciət yeri. O özünə qarşı da belə münasibəti normal hesab
32
№1 Fevral 2014
edir. İstehlak cəmiyyətində insanın bütün həyatı daha çox istehlak etmək üçün özünü,
əməyini, qısa həyatının müəyyən dövrünü satmaqdan ibarət olur. Nəticədə mədəni-
insani keyfiyyətlər ümumiyyətlə formalaşmır və pulun mövcudluğundan asılı olan canlı
yaranır. O tamamilə tək və köməksiz qalır. Çarəsiz halda hansısa dini, siyasi sektalara
qoşulur, hansıların ki, yalnız adında mənəviyyat yaxud siyasət olur. Bu yadlaşmış
insanın həyatına məna qatmaq cəhdidir.
Müasir kütləvi istehlak cəmiyyətini istehlak dərəcəsinə və miqyasına görə nisbi
də olsa bir neçə istehlakçı siniflərə ayırmaq olar: Elita, Orta sinif, Marjinallar.
Elit istehlak o deməkdir ki, eksklüziv və bahalı mallar alınır. Çox vaxt bunlar
kütləvi istehsal olunmayan, nadir materiallardan hazırlanmış və əl işi sayılan mallardır.
Bu elitar istehlakçılar iri kapitalistlər və bu tip digər varlılardır.
“Orta sinif” elə dırnaqcıq arasında olan həmin “orta sinif”dir. Bu istehlak növündə
bahalı mallar və xidmətlər mütəmadi olaraq kreditlərin köməyilə istehlak olunur. Qərb
ölkələrində bu sinif kütləvi istehlak cəmiyyətinin əsasını təşkil edir və elitanın əsas
gəlir mənbəyidir.
33
Marjinallar istehlak cəmiyyətinin ən aşağı sinfidir. Bura pensionerlər, bəzi
prestijli sayılmayan peşə sahibləri və s. aiddir. Əslində marjinallar bütün kulturalarda
cəmiyyətə nəzərən özünü müəyyənləşdirməkdə çətinlik çəkən kəsim sayılır. Onlar
istənilən sinfə aid ola bilərlər və sadəcə az istehlak etmələrilə fərqlənirlər.
***
Amma bunlardan əlavə də istehlakçı qruplar var, çünki bu yuxarıdakı bölgü
nisbidir. Misal üçün özlərini elita hesab edən, bahalı klublara gedən, kütləvi istehsal
üçün nəzərdə tutulmuş dəbli paltarlar geyinib atalarının maşınlarını sürənlər. Bu
istehlakçı tiplərini qeyd etməkdə məqsədim özünün nə dərəcədə istehlakçı olduğunu
bilmək istəyənlərə kömək etməkdir. Çünki biz bu sistemin içindəyik və bu totalitar
təsirə qarşı müqavimət göstərmək elə də asan iş deyil. Amma buna hər şeydə olduğu
kimi öz yerini müəyyənləşdirməklə başlamaq olar.
İstehlak və sağlamlıq
İstehlak cəmiyyətinin tənqidi bəlkə də kiməsə hansısa mənasız fəlsəfi söhbətlər
kimi gələ bilər. Çünki içində olduğumuz problemi tam başa düşmək və ən əsası bunu
qəbul etmək hər adam üçün asan deyil. Amma yuxarıda qeyd etdiyimiz məsələlərdən
başqa istehlak cəmiyyəti birbaşa sizin sağlamlığınız üçün təhlükədir. Oniomaniya –
qarşısıalınmaz nəsə almaq istəyidir. Alınan malın lazımlılığına və sonrakı nəticəyə
əhəmiyyət vermədən. Sadə dildə bu asılılıq şopinqolizm yaxud şopoqolizm adlanır.
Psixiatriyada bu xəstəlik sarışan fikirlər hesab olunur və obsessiv-kompulsiv
pozğunluqlara aid olunur. Termin kimi tibbə ilk dəfə XIX əsrin sonları məhşur alman
psixiatrı Emil Krepelin tərəfindən daxil olunub. Alimlərin fikrincə oniomaniya heç də
alkoqolizm, narkomaniya və s. kimi problemlərdən geridə qalan xəstəlik deyil. İnkişaf
etmiş ölkələrdə əhalinin 20 faizindən çoxu bu xəstəlikdən əziyyət çəkir və bu rəqəm
getdikcə artmaqdadır. Almaniyada 2008-ci ildə aparılan elmi araşdırma nəticəsində
məlum olmuşdur ki, 800 min alman “şopinq” asılılığından əziyyət çəkir. Xəstəliyin
əsas simptomları: impulsiv daimi nəsə almaq istəyi, istədiyi əşyanı ala bilmədikdə
əhvalının korlanması, sistematik olaraq stresdən xilas olmaq üçün yeni nəsə əldə etmək
və bununla da müvəqqəti surroqat xoşbəxtlik hissi ilə rahatlıq tapmaq, daim yeni aldığı
34
№1 Fevral 2014
əşyanı müzakirə etmək və mütəmadi olaraq ticarət mərkəzlərinə baş çəkmədikdə apatiya
hissinin olmasıdır. Nəticədə isə bütün bu istəklərin yerinə yetməməsi psixi pozuntulara
xüsusən də aqressiya, autoaqressiya, depressiya, davamlı yuxu pozğunluqları və
nevrozlara səbəb olur. Psixi pozuntular isə damar distoniyası, arterial hipertenziya,
immunmüqavimətin zəifləməsi və mütəmadi baş ağrıları kimi somatik problemlərə yol
açır. Bundan başqa maqnit rezonans tomoqrafiya (MRT) ilə aparılan təcrübələr zamanı
müəyyən olunmuşdur ki, oniomaniya zamanı beynin məntiqi təfəkkürə cavabdeh
hissələrinin fəaliyyətində əhəmiyyətli dərəcədə zəifləmə müşahidə olunur. Odur ki,
özünüzü qoruyun.
Qeydlər:
Dostları ilə paylaş: |