5.1. Ekosistemin enerjisi
Yer üzərində həyat günəş enerjisi hesabına mövcuddur. İşıq yer üzərində yeganə qida resursu olub, enerjisi
karbon qazı və su ilə birləşərək fotosintez prosesini yaradır. Fotosintezdən bitkilər üzvi maddələr yaradır, onunla
otyeyən və ətyeyən heyvanlar və s. qidalanır, nəticədə bitkilər canlı aləmi «qidalandırır», yəni günəş enerjisi
bitki vasitəsilə sanki bütün orqanizmlərə çatdırılır.
Enerji orqanizmdən orqanizmə ötürülərək qida və ya trofik zənciri yaradır. Heterotroflar enerjini qida ilə
birlikdə alır. Bütün canlı orqanizmlər digərinin qida obyekti sayılır, yəni bir-birləri ilə energetik əlaqədədirlər.
Hər bir qruplaşmada qida əlaqələri bir orqanizmdən digərinə enerji ötürücüsü mexanizmidir. Beləliklə,
biosenozların trofik zənciri olduqca mürəkkəbdir, onlara daxil olan enerji bir orqanizmdən digərinə uzun
müddət miqrasiya edə bilər: avtotroflardan, produsentlərdən heterotroflara, konsumentlərə və beləliklə, bir trofik
səviyyədən digərinə dörd-altı dəfə ötürülərək trofik zənciri təşkil edir.
Qida zəncirində hər bir həlqənin yeri trofik səviyyə adlanır. Birinci trofik səviyyə – produsentlər – üzvi
kütlənin yaradıcıları, qalanları isə konsumentlərdir. İkinci trofik səviyyə bitkiyeyən konsumentlər; üçüncü
trofik səviyyə – bitkiyeyən formalarla qidalanan ətyeyən konsumentlər; dördüncü trofik səviyyə digər
ətyeyənlərlə qidalanan konsumentlər və s. Beləliklə, konsumentləri də səviyyəyə görə ayırmaq olar: birinci,
ikinci, üçüncü və s. konsumentlər sırasına (ardıcıllığa) bölmək olar. Təbiidir ki, burada qida ixtisaslaşması əsas
rol oynayır. Geniş qida spektrinə aid olan növlər (konsumentlər) müxtəlif trofik səviyyələrdə qida zəncirinə
daxil ola bilər. İnsanın rasionuna həm bitki qidaları, həm də otyeyən və ətyeyən heyvanların əti daxil olduğu
üçün müxtəlif qida zəncirlərində birinci, ikinci və üçüncü konsumentlər sırasında iştirak edir.
Yalnız bitki qidasına ixtisaslaşan növlər (dovşan, dırnaqlılar, mənənə) həmişə qida zəncirində ikinci
həlqədə olur.
Konsumentlərin enerji balansı aşağıdakı kimi formalaşır. Qəbul olunmuş qida adətən tam mənimsənilmir.
Mənimsənilməyən hissə yenidən xarici mühitə qayıdır (ifrazat, nəcis halında) və sonradan digər qida zəncirinə
cəlb olunur. Mənimsənilmə faizi qidanın tərkibindən və orqanizmin qida həzmedən fermentlərinin yığımından
asılıdır. Konsumentlərin qəbul etdikləri qida tam mənimsənilmir. Bitkiyeyən heyvanlarda mənimsənilən qida
12...20%, ətyeyənlərdə isə 75%-ə qədər təşkil edir. Enerji sərfi hər şeydən əvvəl metabolistik prosesləri saxla-
maqla əlaqədardır, buna tənəffüs sərfi deyilir, o, orqanizmin ayırdığı CO
2
-nin ümumi miqdarı ilə
qiymətləndirilir. Enerjinin xeyli az hissəsi toxumaların əmələ gəlməsinə, bir qədəri qida maddələrinin
ehtiyatına, yəni böyüməyə sərf olunur. Qidanın qalan hissəsi ifrazat, nəcis halında ayrılır. Bununla yanaşı, ener-
jinin xeyli hissəsi orqanizmdə kimyəvi reaksiyalar zamanı istilik şəklində, xüsusilə aktiv əzələ işi vaxtı dağılır
(səpələnir). Nəticədə metabolizmə istifadə olunan enerjinin hamısı istilik enerjisinə çevrilir və ətraf mühitdə
yayılır.
|