Laçın rayonunda şərq palıdı meşəlikləri. Laçın rayonunda Piçəniş çayı və onun qolu olan Nağdalıçay,
həmçinin Şəlvəçayın yuxarı axını yamaclarında dəniz səthindən 1600-2000 m yüksəklikdə kiçik sahələrdə şərq
palıdı bitir. Bu meşəliklər insanın təsərrüfat fəaliyyətinin təsirilə müxtəlif dərəcədə pozulmuş vəziyyətdə olub
cavan və orta yaşlıdır (40-80 il). Tərkibində tək-tək və qrupla yaşı 250-300-ə çatan iri gövdəli ağaclara da
təsadüf edilir. Belə nəhəng «mayak»lar keçmişdə meşə qırma zamanı kəsilməyib saxlanılan ağaclar olub döş
bərabərində yoğunluqları 60-100, bəzən 140 sm-ə çatır.
Bəzi sahələrdə palıd meşələri iki mərtəbəli olur. Birinci yarusu yetişmiş və yaşı ötmüş palıd ağacı qrupları
(150-200 il) tutur. Bu yarusun doluluğu orta hesabla 0,2, hündürlüyü 20-25 m çatır. İkinci yarusda isə doluluğu
0,4-0,5, hündürlüyü 8-10 m olan cavan yaşlı (40-60 il) vələsli-palıd meşəliyi bitir. Yamacın rütubətli yerlərində
meşəlikdə üstünlük vələsə keçir.
Yaxın keçmişdə təsvir edilən pozulmuş meşəliklərin yerini yüksək məhsuldar palıd meşələri tuturmuş. Yeri
gəlmişkən qeyd edək ki, bu meşələrdəki palıd ağaclarının oduncağı respublikamızın digər regionlarında yayılan
şərq palıdından özünün qarmızımtıl, gözəl baxımlı teksturası ilə ayrılır. Lakin bu ağacın qırmızı yaxud qızılı
palıd növü olduğu hələ təsdiq edilməmişdir.
Piçənis çayının sağ sahilində «Cidalar» adlanan dağın şimali-şərq yamacında dəniz səthindən 1600-2000 m
yüksəklikdə (26№-li meşə kvartalında) 100 hektara yaxın sahədə xarakterik palıd meşəsi qalmışdır. Yetişmiş və
yaşı ötmüş bu palıd meşəliyinin tərkibinə çoxlu miqdarda vələs və cökə qarışır.
Təsvir olunan palıdlığın mühafizəsi elmi əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |