Ovuntunun qəliblənməsi və preslənməsi Ovuntunun qəliblənmə və preslənmə qabiliyyəti onun ən vacib texnoloji xassələrindən biridir. Ovuntunun sıxıla bilmə qabiliyyətinə baxdıqda, bir tərəfdən preslənmə prosesində sıxılma qabiliyyətini (preslənmə qabiliyyətini), digər tərəfdən preslənmədən sonra onun formasını saxlayabilmə qabiliyyətini (qəliblənmə qabiliyyəti) nəzərə almaq lazımdır. Yaxşı preslənən ovuntu qəliblənmə prosesini asanlaşdırır, daha az təzyiq lazım olur. Yaxşı qəliblənmə qabiliyyətli ovuntu möhkəmliyi nisbətən böyük dağılmaya qarşı davamlı presləmə verir. Preslənmə əsasən ovuntu hissəciklərinin plastikliyindən, az miqdarda isə hissəciklərin formasından asılıdir. Qəliblənmə isə, əksinə, əsasən ovuntunun forma və səthinin vəziyyətindən asılıdır: dendrit formalı, kələ-kötürlüyü böyük olan hissəciklər güclü qəliblənmə qabiliyyətinə malik olur.
Presləmənin kəmiyyətcə qiymətləndirilməsi zamanı ovuntudan lazımi sıxlıqlı briketlərin alınması üçün tətbiq olunan təzyiqi, ya da presləmənin müəyyən xüsusi təzyiqində olan ovuntunun sıxılma dərəcəsi təyin edilir.
Qəliblənmə, adətən, preslənmə təcrübəsi zamanı alınan briketlərə görə təyin edilir. Qəliblənmənin keyfiyyətcə qiymətləndirilməsi briketlərin xarici görünüşünə əsasən – çatların olub-olmaması, səthin (parlaq, hamar, kələ-kötür və s.) və kənarların vəziyyəti – təyin olunur.
Yaxşı qəliblənən ovuntular, hətta çox da böyük olmayan preslənmə təzyiqilə nisbətən möhkəm, dağılmayan briketlər əmələ gətirir. Qəliblənmənin kəmiyyətcə qiymətləndirilməsi 309 briketin möhkəmliyinin təyini ilə xarakterizə edilə bilər. Briketi yavaş-yavaş və müntəzəm yüklə sıxmaqla sınaqdan keçirirlər.
Ümumi halda qəlibləmə ovuntu məhsuluna sonrakı məmulatlaırın hazırlanması üçün lazımi forma, ölçü, sıxlıq və mexaniki möhkəmliyin verilməsindən ibarətdir. Dənavər olan materialın ilkin həcmi sıxma nəticəsində azalır və ovuntunun konsolidasiyası baş verir ki, bunun da nəticəsində ovuntu lazımi briket forması alır. Burada müşahidə olunan deformasiya zamanı dənəvər cismin ilkin həcminin dəyişməsi kompakt cismin deformasiya olunmasından tamamilə fərqlənir. Ovuntunun sıxılması metal pres-qəliblərdə yerinə yetirilir.
Ovuntu metallurgiyasında qəlibləmə bütün digər əməliyyatlardan daha çox texnoloji imkanları məhdudlaşdırır. Bu əməliyyatın yerinə yetirilməsi zamanı müəyyən çətinlik yarandığına görə sıxılmaya qədər ovuntunu xüsusi hazırlıq əməliyyatına uğradırlar.
Ovuntunun preslənməyə hazırlanmasında əsas əməliyyatlar bunlardır: 1) tabalma; 2) ələmə və ya siniflərə ayırma; 3) qatışdırma.
Tabalma ovuntunun plastiklik xassəsini yüksəltmək, presləmə və qəlibləmə qabiliyyətini yaxşılaşdırmaq məqsədilə tətbiq olunur. Tabalma zamanı qızdırma qoruyucu mühitdə (reduksiyaedici, inert və ya vakuum) metal ovuntusunun 0,4-0,6tər temperatur intervalında yerinə yetirilir. Məsələn, oksidləşmiş mis ovuntusunu 350-4000C temperaturda, oksidləşmiş dəmir ovuntusu isə 650-7500C-də tabalmaya uğradırlar.
Siniflərə ayırma dedikdə ovuntunun hissəciklərinin ölçüsünə görə fraksiyalara ayrılması başa düşülür. Çünki elə ölçüyə malik hissəciklər ola bilər ki, ondan müəyyən məqsədlər üçün istifadə etmək faydasız olardı. Odur ki, onu əlavə emal növlərinə uğradaraq lazımi xassə və xarakteristikalar yaradırlar.
Ovuntu metallurgiyasında ən çox ələk qurğusu ilə siniflərə ayırma növündən istifadə edirlər. 310 Bişmiş məmulatların hazırlanmasında ən vacib əməliyyatlardan biri də ovuntunun qarışdırılması prosesidir. Verilmiş tərkibli şixtəni xüsusi qarışdırıcı qurğularda hazırlayırlar. Qarışığın bircinsliyini təmin etmək çox vacibdir, çünki qatışığın bu xassəsindən son məhsulun xassəsi əsaslı dərəcədə asılıdır.
Presləmə - hər hansı bağlı formada ovuntuya təzyiqlə təsir etməklə kompaktr cismin formalaşdırlmasından ibarətdir. Sadə pres-qəlibin sxemi şəkil 7.1-də göstərilmişdir. Ovuntu kompakt bərk cisimdən hissəciklərin yüksək mütəhərrikliyi və formasını yalnız müəyyən şəraitdə saxlaya bilməsi ilə fərqlənir.
Presləmə prosesinin mahiyyəti ondan ibarətdir ki, müəyyən həcmə malik dənəvər ovuntu deformasiya edilərək sıxılır. İlkin həcmin azalması və verilmiş formalı, ölçülü və xassəli briketin qəliblənməsi baş verir. Bu zaman dənəvər cismin ilkin həcminin dəyişməsi – deformasiyası kompakt materialın deformasiya olunmasından kəskin surətdə fərqlənir (ikinci halda həcm sabit qalır, ancaq həndəsi ölçüləri dəyişir).
Ovuntu cisminin həcminin dəyişməsi, presləmə zamanı ayrı-ayrı hissəciklərin qarışdırılması ilə onlar arasında boşluqların tutulması nəticəsində və hissəciklərin deformasiyası hesabına baş verir